foto: internet


Azərbaycanda küçə təmizlikçiliyi ağır fiziki əmək tələb edən peşələrdən biridir. Amma maaşları, adətən, 400 – 600 manat civarında olur. Rəsmi olaraq 8 saatlıq iş günü nəzərdə tutulsa da, hava şəraitindən (qar, güclü yağış) və ya xüsusi tədbirlərdən asılı olaraq iş saatları uzana bilir. 

Son illərin Azərbaycan reallığında küçə təmizlikçiliyi artıq həm də təhlükəli peşəyə çevrilib – sürət həddi yüksək olan yollarda süpürgəçiləri maşın vura bilir.

Məsələn, 2018-ci ilin aprel ayında Sumqayıtda, 2024-cü ilin may ayında Bakının Ziya Bünyadov prospektində, noyabr ayında Nərimanov rayonunda, sentyabrda Yevlaxda, oktyabr ayında Xaçmazda süpürgəçi qadınlar belə qəzalar nəticəsində həyatını itirib.
Statistikaya görə, yol qəzaların təxminən 40%-i piyadalarla əlaqəlidir və bu baxımdan süpürgəçilər əsas risq qrupuna daxildirlər.

Azərbaycanda süpürgəçilklə məşğul olanlar arasında yaşlılar, xüsusilə də yaşlı qadınlar üstünlük təşkil edir. Üstəlik, zəruri və müasir avadanlıqlarla təmin olunmamaları gördükləri işin fiziki yükünü daha da artır.

Son illər Bakıya müəyyən sayda vaakumlu təmizləyici maşınlar, işıqqaytaran geyimlər, rezinləşdirilmiş alətlər gətirilib. Amma ümumi qiymətləndirmədə vəziyyət kafi deyil.

Süpürgəçilərə niyə yüksək maaş verilməlidir?

İqtisadiyyatdakı “kompensasiya edici əmək haqqı fərqləri” anlayışına görə, iş nə qədər kirli, çətin və ya təhlükəlidirsə, maaş bir o qədər yüksək olmalıdır. Yüksək maaş həm bu işin prestijini artırar, həm də işçinin özünə hörmət hissini və motivasiyasını qoruyar.

İnkişaf etmiş ölkələrin təcrübəsində bununla bağlı kifayət qədər effektli nümunələr var. Əvvəla bu ölkələrdə süpürgəçilərə “sanitariya işçisi” deyilir. İkincisi, Avropanın bir çox şəhərlərində süpürgəçilik tədricən “texnika operatorluğu”na çevrilir, küçələr elektron tozsoranlarla təmizlənir.

Zibillər birnəfərlik maşınlar vasitəsilə toplanır. İşçi qışın soyuğunda və yayın istisində kondisionerli maşında oturur. Bəzi ölkələrdə süpürgəçilərə elektrikli skuterlər verilir. Məqsəd vaxt itkisini və fiziki yorğunluğu azaltmaqdır.

Bundan əlavə, həmin ölkələrdə “ağıllı zibilqabı”lar var – bu qutulara quraşdırılmış sensorlar işçinin planşetinə məlumat göndərir. Bunun sayəsində işçi boş qutuları yoxlamağa vaxt sərf etmir, yalnız dolmuş qabların olduğu istiqamətə gedir.

Bəzi ölkələrdə işçinin belinə və ayağına “geyilə bilən robotlar” quraşdırılır. Bu cihazlar sayəsində işçinin qaldırdığı yükün ağırlığı cihazın karkasına ötürülür.
Bu texnologiyalar təkcə rahatlıq deyil, həm də əməyə verilən yüksək qiymətdir.


Yaponiya nümunəsi

Yaponiyada zibilyığanlara və təmizlik işçilərinə “sağlamlıq mühəndisləri” deyilir. Cəmiyyətin ən hörmətli üzvlərindən sayılan bu şəxslərin əməkhaqqısı bir çox ofis işçisinin maaşından daha yüksəkdir (illik 35.000-55.000 dollar civarında. Onlar dövlət qulluqçusu statusuna malikdilər və sosial sığorta paketindən yararlanırlar.

Sinqapur nümunəsi

Sinqapurda işçinin bacarıları artdıqca, maaşı yüksəlir. Fiziki yükü azaltmaq üçün işçilərə robosüpürgələr və ekoskeletlər (fiziki gücü artıran geyim) verilir. İlkin aylış maaş 2400 SGD (3100 manat) olur.

Skandinaviya nümunəsi

Skandinaviya ölkələrində süpürgəçinin aldığı maaş ev kirayəsini ödəməyə, xaricə istirahətə getməyə, keyfiyyətli qidalanmağa tam kifayət edir. Əlavə iş saatlarına görə yüksək məbləğdə ödəniş edilir. İlkin orta aylıq maaş 3500-4000 dolardan başlayır.

ABŞ nümunəsi

Nyu-Yorkda yeni işə başlayan süpürgəçinin aylıq maaşı 2.500-3.000 dollar aralığında olur. 5-6 il iş təcrübəsi olanların illik maaşı 50.000-60.000 dollara çata bilir. Süpürgəçilər üçün hesablanan pensiya və tibbi sığorta paketi ən nüfuzlu şirkətlərdəki məbləğlərlə rəqabət aparacaq səviyyədədir.

Azərbaycan nümunəsi

Azərbaycanda isə süpürgəçilər qanunvericiliklə müəyyən edilmiş bu sığorta növlərindən istifadə edə bilərlər:
1) istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta;
2) İcbari Tibbi Sığorta;
3) Sosial Sığorta (pensiya təminatı)

Bədbəxt hadisələrdən sığortanın məbləği əməkhaqqına bağlıdır. Yuxarıda da qeyd etdiyimiz ki, Azərbaycanda süpürgəçilər az maaş alırlar və deməli, onlara aid sığorta məbləği də azdır.

Kompensasiya isə əmək qabiliyyətinin itirilməsi faizinə görə hesablanır. Amma bunlar qeyri-rəsmi əmək bazarına aid deyil, rəsmi əmək müqaviləsi olmadan çalışdırılan süpürgəçilər hətta bu çox olmayan məbləğlərə də iffia edə bilməzlər.

İcbari Tibbi Sığorta vasitəsilə müalicə imkanları da əməkhaqqının məbləğindən asılıdır. Üstəlik, əhatə dairəsi də məhduddur – bəzi bahalı prosedurlar üçün ödəniş edilmir.

Başqa sözlə, Azərbaycanda bununla bağlı sistem problemləri mövcuddur.

– inflyasiya indeksasiyası yoxdur: məbləğlər uzun müddət dəyişmir, ödənişin real dəyəri getdikcə azalır;
– minimalist yanaşma: sistem daha çox “minimum qoruma” təmin edir, real risklərin tam kompensasiyası nəzərdə tutulmur.

Bu isə o deməkdir ki, Azərbaycanda icbari sığorta sisteminin məbləğləri hüquqi baxımdan funksional olsa da, iqtisadi baxımdan köhnəlmiş və natamamdır.
Ekspertlər hesab edirlər ki, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün limitlər inflyasiyaya uyğunlaşdırılmalı (indeksasiya edilməli) və risk əsaslı diferensial modellər yaradılmalıdır.

Bundan başqa, icbari və könüllü sığorta növlərinin inteqrasiyası da zəruridir – dövlətin müəyyən etdiyi minimum qoruma səviyyəsinin (icbari sığorta) üzərinə fərdi risklərə uyğun təminat (könüllü sığorta) əlavə edilməlidir .
Bu yanaşma həm baza risklərini, həm də real bazar xərclərini əhatə edən daha tam maliyyə qoruması yaradar.

“Politfm”