Böyük Britaniyanın Baş naziri Kir Starmer istefanın bir addımlığındadır.

Bu haqda artıq komandasının nazirləri və ən yaxın silahdaşları da danışmağa başlayıblar. Böhranın katalizatoru Böyük Britaniyanın ABŞ-dəki səfiri lord Piter Mandelsondur. Daha doğrusu, onun Ceffri Epşteynlə əlaqələrinin üzə çıxması.

Ötən bazar Baş nazirin aparat rəhbəri və baş müşaviri Morqan Maksvini vəzifəsindən istefa verib. O, Mandelsonun ABŞ-yə səfiri təyin olunmasını məsləhət görüdüyü üçün bu addımı atıb. Leyboristlər Partiyasının strateji proqramını məhz Maksvini hazırlayıb və partiyanın seçkilərdə qələbəsində mühüm rol oynayıb.

Bazar ertəsi isə aparatın kommunikasiya rəhbəri Tim Allen vəzifəsindən ayrılıb. Bu istefalar Baş nazirin postunu qoruyub-qoruya bilməyəcəyilə bağlı müzakirələri gücləndirib.

Həmin gün Starmer Böyük Britaniyanın baş naziri olaraq qalmaq niyyətində olduğunu bəyan edib. Amma partiya daxilində ona təzyiqlər artmaqdadır. Dauninq-stritdə etiraf ediblər ki, qalmaqalın siyasi nəticələrilə bağlı partiya daxilində çox ağır müzakirələr gedir.

Uğurlu start


Starmer baş nazir vəzifəsini iki ilə yaxındır ki, icra edir.

Başlanğıcda hər şey yaxşıydı.

2024-cü ilin iyulunda Böyük Britaniyada keçirilən parlament seçkiləri ölkənin siyasi tarixində dönüş nöqtəsi olmuş, Leyboristlər Partiyası inamlı qələbə qazanaraq mühafizəkarların 14 il davam edən hakimiyyətinə son qoymuşdu. Baş nazir postuna yüksələn, “sabitlik və praqmatizm” tərəfdarı olan partiya lideri Kir Starmer Britaniyanın idarəçiliyində yeni bir mərhələnin başlandığını demiş; ölkəni siyasi xaosdan çıxarmağı, institusional etimadı bərpa etməyi və iqtisadi sabitliyi təmin etməyi vəd etmişdi.

Mühafizəkar hökumətin uzunmüddətli idarəçiliyi ölkədə ciddi ölçüdə ictimai narazılığa, iqtisadi durğunluğa, həyat səviyyəsinin bahalaşmasına gətirib çıxarmışdı deyə, britaniyalılar onun vədlərini məmnunluqla qarşılamışdılr. Boris Consonun özü və sələfləri dövründə yaşanan siyasi qalmaqallarsa leyboristlərin qələbəsini daha da asanlaşdırmışdı.

Bu günə qədər Starmer ciddi ölçüdə tənqidlərlə üzləşsə də, indiki qalmaqal onun siyasi karyerasının ən böyük böhranıdır.

Starmer Epşteynin “ən yaxın dostunu” niyə səfir təyin edib?

Keçən həftə – Epşteynin yeni faylları dərc olunandan sonra Piter Mandelsonun pedofiliya və insan alverinə görə məhkum edilmiş bu şəxslə münasibətlərinə dair indiyədək məlum olmayan detallar üzə çıxıb.
Mandelson Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsində bir ildən az müddətdə qalıb.

Kulis intriqaları qurmaq bacarığına görə “Qaranlıq işlərin şahzadəsi” ləqəbini alan Mandelson 1980-ci illərdən etibarən Britaniya siyasətində önəmli fiqur olub. Onilliklər ərzində Britaniya siyasi elitasının müxtəlif səviyyələrində çox geniş əlaqələr qurub. Mandelson həm leyboristlərin, həm də mühafizəkarların dövründə təsirli fiqur sayılıb.

Böyük qalmaqalın ilk siqnalı ötən ilin sentyabrında — Epşteyn fayllarının bir hissəsi açıqlananda səslənmişdi.

Lord Mandelson elektron yazışmalarda Epşteynin yetkinlik yaşına çatmayan qızı fahişəliyə cəlb etməyə görə aldığı hökmün ədalətli olub-olmadığını sual altına qoyurdu. O zaman Mandelson hökmü səhv adlandırmış və onun yenidən nəzərdən keçirilməli olduğunu düşünmüşdü. İndi isə Mandelson bu iddianı mübahisələndirir və deyir ki, o, dostunu sadəcə şəxsi müstəvidə dəstəkləyib.

Həmin vaxt məlum olmuşdu ki, maliyyəçinin dostlarının 2003-cü ildə ona hədiyyə etdiyi albomda Mandelson Epşteyni “ən yaxın dostum” adlandırıb.

Bundan sonra Mandelson Böyük Britaniyanın ABŞ-dəki səfiri vəzifəsindən azad edilib. Sonradan məlum oldu ki, bu, qalmaqalın yalnız başlanğıcı imiş.

Yanvarın sonunda dərc olunmuş Epşteyn fayllarının yeni hissəsindən bəlli olub ki, 2003–2004-cü illərdə Epşteyn Mandelsonun hesabına toplam 75 min dollar (təxminən 55 min funt sterlinq) vəsait köçürüb. Mandelson özü bu köçürmələri xatırlamadığını və vəsaitin alınmasına dair heç bir qeydinin qalmadığını bildirir.

“Reuters”-in yeni faylları araşdıran jurnalistləri müəyyən ediblər ki, 2009-cu ildə Mandelson Böyük Britaniyanın ozamankı baş naziri Qordon Braun üçün hazırlanmış sənədi – Böyük Britaniyada aktivlərin mümkün satışı və vergi dəyişikliklərilə bağlı xidməti qeydləri Epşteynə göndərib. 2010-cu ildə isə Mandelson onu Avropa İttifaqının 500 milyard avro (590 milyard dollar) həcmində maliyyə yardımı ayıracağı barədə məlumatlandırıb.

Epşteyn arxivindən olan şəkillərdən birində Mandelson alt paltarında naməlum bir qadının yanında dayanıb.

“Guardian” və “Irish Times” qəzetləri dərc olunmuş milyonlarla sənəd arasında Mandelsonla Epşteynin seksual məzmunlu zarafatlarla dolu çoxsaylı yazışmalarını tapıblar. Nəşrlər qeyd edir ki, Mandelsonun pedofiliyaya görə məhkum edilmiş maliyyəçiylə “dostyana” ünsiyyəti Epşteyn haqqında hökm çıxarılandan sonra da davam edib.

Diplomatla maliyyəçinin yazışmalarında məişət məsələləri haqqında ədəbsiz ifadələr və eyhamlarla danışılıb, ardınca onlar sərfəli biznes görüşlərini və sövdələşmələri müzakirə ediblər. “Guardian” yazır ki, Epşteyn tez-tez Mandelsona maliyyə mənbələri tapmaqda vasitəçi və “köməkçi” rolunu oynayıb.

Bu sənədlərin dərci Mandelsonun Leyborist Partiyasını və Lordlar Palatasını tərk etməsinə, həmçinin onun barəsində cinayət araşdırmasının başlanmasına səbəb olub. Amma indi suallar artıq baş nazirə də ünvanlanır: Starmer Mandelsonun Epşteynlə əlaqələrini bilə-bilə onu ABŞ səfiri kimi son dərəcə mühüm və nüfuzlu vəzifəyə necə təyin edib?

Siyasi qohumbazlıq?

Qalmaqal başlayandan az sonra baş nazir Kir Starmer deyib ki, “İndi bildiklərimi o vaxt bilsəydim, Mandelsonu təyin etməzdim”. Ancaq tezliklə məlum olub ki, vəziyyət o qədər də birmənalı deyil.

İcmalar Palatasında deputatların suallarını cavablandıran Starmer etiraf edib ki, təyinatdan əvvəl aparılan məcburi xidməti yoxlama Mandelsonun Epşteynlə əlaqələrini üzə çıxarıb. Bundan sonra Baş nazir Mandelsondan yazılı cavab tələb edib: hökm çıxarıldıqdan sonra Epşteynin evində olub-olmadığını, o cümlədən gecələyib-gecələmədiyini; Epşteynin xeyriyyə qurumuyla əlaqələrinin qalıb-qalmadığını, məhkumluqdan sonra maliyyəçiylə əlaqəni niyə davam etdirdiyini açıqlamasını istəyib. Açıq mənbələrdəki məlumatlardan belə anlaşılır ki, Mandelson verdiyi cavablar yalan ola bilərdi.

“Economist” jurnalı qeyd edir ki, lord Mandelson vəzifəyə əsasən şəxsi tanışlıqları və təmsil etdiyi partiya sayəsində təyin edilib. O, Starmerin ən nüfuzlu müşaviri Morqan Maksviniylə yaxın olub. Görünür, Mandelsonun Vaşinqtonda yüksək vəzifə almasına məhz Maksvini nail olub.

Nəşr yazır ki, Starmer özü Mandelsonla dost olmayıb. Onu səfir təyin edənə qədər bu iki siyasətçi arasındakı münasibət Mandelsonun bəzən kulisdə Baş nazirə məsləhətlər verməsi və bir dəfə də müsahibəsində Starmerin bir az kökəldiyini deməsilə məhdudlaşıb. “Baş nazirin yaxın dostları yoxdur, buna baxmayaraq o, qohumbazlıq ittihamına tuş gəlməyi bacardı” – “Economist” məqaləni belə yekunlaşdırır.

Boris Consonun eksentrik baş nazirliyi dönəmindən sonra (Onun üç illik hakimiyyəti çoxsaylı qalmaqallar və xaotik qərarlarla yadda qalmışdı) Starmer sakit, nəticəyə fokuslanan və qərarları ardıcıl olan Baş nazir obrazı formalaşdırmağa çalışırdı. Bu praqmatik komandanın bir üzvü də lord Mandelson olmalıydı.

Bir çox nüfuzlu leyborist siyasətçi Starmeri sadəlövh, iki-üç addım irəlini düşünə bilməyən biri kimi xarakterizə edib. Leyboristlər Partiyasının dirçəlişindən bəhs edən “Get In” kitabında Starmerin müşavirləri bir neçə dəfə onun ünvanına alçaldıcı ifadələr işlədiblər.

“Kir qatarı idarə etmir. O, idarə etdiyini düşünür, amma biz onu DLR-in kabinəsinə oturtmuşuq” – Starmerin silahdaşı anonimlik şərtilə kitabın müəlliflərinə belə deyib.

Epşteyn faylları Britaniyanın təkcə siyasi sistemini yox, kral ailəsini də sarsıdıb. Kral Çarlzın qardaşı Endryu Epşteynlə əlaqələrinə görə bütün titullarını, o cümlədən York hersoqu titulundan məhrum edilib və Vindzordakı “Kral lojası” malikanəsini tərk etməli olub.

Məqalə BBC-nin materialı əsasən hazırlanıb.