Seçki, xalq və 30 günlük həbs…
Daha bir “seçki” başa çatdı. Daha doğrusu başa çata bilmədi, ayaqaltında qalıb öldü. Bəli, bizim biganəliyimiz və rejimin “qətl əməliyyatı” nəticəsində növbəti seçim hüququmuz ayaqaltı edildi. Biz seçkiyə, seçmək hüququna qürur məsələsi, tale məsələsi, özünəhörmət məsələsi kimi baxmadığımız üçün, hökumət seçkiyə şəxsi məsələsi kimi baxır. Son bələdiyyə seçkiləri vətəndaşı növbəti dəfə aşağılamağın nümayişi idi. Topa bülletenləri, karuselləri, sabahın şəxsiyyətini yetişdirməli olan müəllimin şəxsiyyətini sındırmağı “seçki kampaniyası” kimi bizə sıradılar. Biz heç bir namizədi tanımadıq, biz yenə də özümüzü tanıtmadıq və bizi nə hökumət, nə də namizədlər tanımaq istəmədi.
Bu seçkidə bir “yenilik” də oldu. Seçki qutusuna şərlənmiş jurnalistlərin şəklini atan gənc fəal 30 sutka həbs cəzası aldı. Əslində o qutuya şəkli atılan jurnalistlər seçki günü məntəqələrdə peşə fəaliyyətlərini yerinə yetirməliydi. Amma onları zindana salıb, səslərini batırdılar. Cəlal Cavadov da onların səsinə belə səs vermək qərarına gəldi və heç bir pozuntuya yol vermədi.
Amma seçki qutusuna topa bülleten atanlar yox, şəkil atan gənc cəzalandı. Hökumət bir daha mesaj verdi ki, şəffaflıq istəyənlərin deyil, saxtakarlığa nəfəs verənlərin tərəfindədir. O gənc seçki qutusuna şəkil atmaqla heç kimin səsini oğurlamadı, amma o qutuya topa bülleten atanlar milyonların səsini oğurladı. Nəticədə, səs oğurluğuna etiraz edənin azadlığı oğurlandı.
Bir daha xatırladıram ki, başverənlərə təkcə siyasi proses, hüquq pozuntusu kimi yox, qürurumuzun tapdanması kimi baxmalıyıq. Seçki günü müşahidə etdiklərimiz bizim taleyimizdi, bizə biçilən dəyərdi, bizi necə görmək istədiklərinin nümayişidir.
Hər seçki təkcə bir siyasi təyinetmənin yox, həm də bizim yoxa çıxmağımızın əməliyyatıdır. Bəli, 100 faizlik seçki saxtakarlığı, bizim vətəndaş olaraq 100 faiz yoxa çıxmağımızı ifadə edir.
Özləri təyin edirlər və bizə “siz seçdiniz” deyirlər. Avtoritarizmin ələsalması, ağlamalı lətifəsi belə olur.
Əgər səsimizin bu qədər oğurlanmasından sonra içimizdə nələrsə sızıldamırsa, əsəblərimiz gərilmirsə, deməli, bizə daha ağır cəza verilib, biz daha ağır cəzanın lənətini daşıyırıq.
Təsəvvür edin ki, axşam belə bir rəsmi elan verilir: “Sabah hamı öləcək”. Bizim buna reaksiyamız necə olar? Hansı hissləri keçirərik?
Əslində rahatlıqla ədalətsizlik, saxtakarlıq, talançılıq başverə bilirsə, deməli, hamını ölmüş sayırlar. Hər dəfə milyonlarla insanın səsinin oğurlanması, hamının hüququnun, sabahının, taleyinin öldürülməsidir.
“Hamı sağdır” hayqırtısına ehtiyac var.
İLHAM HÜSEYN


