“Luming” komandasının insanabənzər robotu uşu yarışında çıxış edir (foto: “Xinhua”)

 

 

Avqustda Çində keçirilən Ümumdünya İnsanabənzər Robotlar Oyunlarında robotlar tullanır, boks oynayır və rəqs edirdilər. Onların arasında 100 metr məsafəni dünya çempionu Useyn Boltdan daha tez qət edənlər də vardı. Tamaşaçılar robotların məharətini alqışlayır, yıxılıb-qalxmalarına isə gülürdülər.

Yarış bitəndən iki gün sonra Çin Xalq Azadlıq Ordusunun rəsmi qəzeti “PLA Daily” alimlərə çağırış etdi. Nəşr laboratoriyalarda yaradılan yeni texnologiyaların hərbi poliqonlarda sınaqdan keçirilməsini və robot “döyüşçülərin” hazırlanmasını sürətləndirməyi təklif edirdi.
Əyləncəli yarışın arxasında daha ciddi planların olduğu üzə çıxırdı.

“Reuters” agentliyi Çinə aid 100-dən çox hərbi satınalma elanını, elmi araşdırmanı, patenti, dövlət sənədini, rəsmi nəşri və müdafiə şirkətlərinin materiallarını araşdırıb. Bu sənədlər göstərir ki, Çin ordusu insanabənzər robotların döyüşdə istifadəsi üçün hazırlıq görür.

Hərbi qurumlar robotların döyüş şəraitində nə dərəcədə yararlı olduğunu sınayır, yeni modellər və onları öyrətmək üçün texnologiyalar almağa çalışırlar. Robotların əsgərlərlə birlikdə necə hərəkət edə biləcəyi də araşdırılır. Bu işlər xüsusilə 2025 və 2026-cı illərdə sürətlənib. Əsas diqqət robotların ətrafı tanımasına, əşyalardan istifadə etməsinə və onların öyrədilməsi üçün məlumat bazasının yaradılmasına yönəlib.

Amma agentlik Çin ordusunun hər hansı döyüş hissəsinə silahlı insanabənzər robot verildiyini göstərən fakt tapmayıb.

Çinin istehsal gücü ordunun imkanlaerını artırır 

“BofA Global Research” şirkətinin hesablamasına görə, 2025-ci ildə dünyada alıcılara göndərilən insanabənzər robotların təxminən 95 faizi Çində istehsal olunub. Ölkənin bu sahədə böyük istehsal imkanlarına malik olması ordunun işini asanlaşdırır. Hərbçilər yeni texnologiyalara, sınaq modellərinə və geniş mühəndis bazasına daha rahat çıxış əldə edirlər.

Ukraynadakı müharibə də hərbi robotlara marağı artırıb. Süni intellektin köməyi ilə istiqamətini və hədəfini müəyyənləşdirən dronlar həm kəşfiyyatın, həm də hücumların gedişini dəyişib. Yerüstü robotlardan döyüş bölgəsinə yük daşımaq və yaralıları çıxarmaq üçün istifadə olunur. “Reuters” daha əvvəl yazmışdı ki, Çin ordusu Ukraynadakı döyüş təcrübəsini diqqətlə öyrənir.

Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Dennis Honqun sözlərinə görə, robot hazırlamağın ən əsas səbəblərindən biri onları insan üçün həddən artıq təhlükəli olan yerlərə göndərməkdir. Robotun məhv edilməsi insan həyatının xilasına imkan verirsə, hərbçilər belə texnikanı riskə atmaqdan çəkinmirlər.

İndiki robotlar isə döyüş meydanına çıxmağa tam hazır deyil. Onlar çox enerji sərf edir və əvvəlcədən qurulmuş sınaq şəraitindən kənarda yaxşı işləmirlər. Karnegi Mellon Universitetinin professoru Aaron Conson bildirir ki, döyüş meydanında şərait daim dəyişir, robotun əvvəlcədən öyrədilmədiyi vəziyyətlə qarşılaşması onun işini poza bilər.
Çin Müdafiə Nazirliyi və ordunun əsas elmi mərkəzlərindən sayılan Milli Müdafiə Texnologiyaları Universiteti “Reuters”-in suallarına cavab verməyib.

Binaları robotların köməyilə ələ keçirmək planı

Çin alimləri robotların şəhər döyüşlərində istifadəsi imkanlarını da araşdırırlar. Hazırlanan ssenarilərdən birində altı robot iki hücum qrupuna bölünür. Dəstəyə insanabənzər robotlar, robot itlər və pilotsuz nəqliyyat vasitələri daxil edilə bilər.
Robotlar əsgərlərlə birlikdə düşmənin tutduğu binaya girməli, onu mərtəbə-mərtəbə və otaq-otaq ələ keçirməlidirlər.

Bu plan Milli Müdafiə Texnologiyaları Universitetinin Siandakı sınaq mərkəzində hazırlanıb. Araşdırma 2025-ci ilin avqustunda dərc edilib. Müəlliflərin fikrincə, belə əməliyyat üçün lazım olan texnika beş-on il ərzində yaradıla bilər.

Sənəddə robotların hansı silahları daşıyacağı göstərilməyib. Onların nə vaxt atəş aça biləcəyi və mülki şəxslə qarşılaşdıqda necə davranacağı da açıqlanmayıb.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Cuo-Min Çou hesab edir ki, insanabənzər robotlar binalarda, tunellərdə və gəmilərin daxilində daha çox işə yaraya bilər. Əlləri ilə müxtəlif əşyalardan istifadə edə, ayaqları ilə maneələri keçə və pilləkənlərlə qalxa bilərlər.

Sadə kəşfiyyat və yükdaşıma işlərində isə robot itlərdən, eləcə də tırtıllı və ya təkərli modellərdən istifadə daha ucuz başa gəlir.
“PLA Daily” 2025-ci ilin iyulunda yazmışdı ki, insanabənzər robotlar gələcəkdə yalnız əsgərlərə kömək etməyəcək, hücumlarda da birbaşa iştirak edəcəklər. Qəzet hədəfi insan müəyyənləşdirdikdən sonra robota atəş açmaq icazəsinin verilməsi ehtimalını da nəzərdən keçirirdi.

Həmin ilin dekabrında Çin ordusunun Şərq Döyüş Bölgəsi Komandanlığı süni intellektlə hazırlanmış video yaydı. Videoda insanabənzər robotların və robot itlərin gələcək müharibədə Tayvanın müdafiəsini yarıb keçməsi göstərilirdi.

Robotlar “düşmən arxasına” göndərilir

Çində insanabənzər robotların hərbi məqsədlərlə istifadəsinə maraq 2024-cü ildən daha aydın görünməyə başlayıb. Həmin il Milli Müdafiə Texnologiyaları Universiteti və Çin Hərbi Elmlər Akademiyası hərbi texnologiyalarla bağlı forum keçiriblər. Tədbirdə insanabənzər robotların orduda istifadəsi ayrıca müzakirə olunub.

Universitetin 2025-ci ilin iyununda keçirdiyi yarışda robotlar “düşmən arxasına keçmək” tapşırığını yerinə yetiriblər. Onlar müəyyən əraziyə daxil olmalı, ərazinin xəritəsini hazırlamalı və hədəfləri tapmalı idilər.

Başqa tapşırıqlarda robotlardan hərbi bazaya gələnlərin şəxsiyyətini yoxlamaq, nizam-intizama nəzarət etmək və keşik çəkmək tələb olunurdu. Universitet yarışın gələcəkdə robotların döyüş meydanına göndərilməsinə hazırlıq olduğunu gizlətmirdi.

Elə satınalma sənədləri də bu planların yalnız nəzəri araşdırma olmadığını göstərir. Çin ordusu 2025-ci ilin mayında bir insanabənzər robot almaq üçün tender elan edib. Tenderə robotun quraşdırılması və ondan istifadə edəcək mütəxəssislərin hazırlanması da daxil idi.
Dörd ay sonra yayılan başqa bir elanda robotun ətrafı tanımasını və əşyalardan istifadəsini təmin edən sistemin satin alınacağı bildirilirdi. Əlaqə ünvanı kimi Milli Müdafiə Texnologiyaları Universitetinə məxsus elektron poçt göstərilmişdi.

“Reuters” bu tenderlərin necə nəticələndiyini müəyyənləşdirə bilməyib. Hansı şirkətlərin qalib gəldiyi və orduya hansı robotların verildiyi də məlum deyil.
2026-cı ilin iyununda Çin ordusu insanabənzər robotları öyrədəcək yeni sistemə təxminən 300 min dollar ayırıb. Sistem kameradan, radardan və hərəkət cihazlarından gələn məlumatları toplamalı və təsnif etməlidir. Robotların hansı ərazilərdən keçə bilməsi barədə məlumatlar da bu bazaya daxil ediləcək.

Beləliklə, Çin ordusu yalnız robotların özünü almaqla kifayətlənmir. Hərbçilər onların ətrafı tanıması, düzgün hərəkət etməsi və müxtəlif şəraitə uyğunlaşması üçün lazım olan proqram və məlumat sistemlərinə də pul xərcləyirlər.

“Fuxi” robotunu insan idarə edəcək

Bu il hərbi robotların hazırlanmasına açıq şəkildə Çinin müdafiə şirkətləri də qoşulub. Nümunə kimi dövlətə məxsus “Norinco” konserninin “Fuxi” robotunu göstərmək olar.
Şirkətin məlumatına görə, insan boyda olan “Fuxi” keşik çəkə, istənilən hava şəraitində kəşfiyyat apara, ərazidə patrul xidməti göstərə və təhlükəli tapşırıqları yerinə yetirə bilər.

Bu robotu uzaqdan idarə etmək mümkündür. Təhlükəsiz yerdə olan operator “Fuxi”-nin hərəkətlərinə nəzarət edir və onun əvəzinə qərar verir. Bununla da dəyişən şəraitdə robotun hər şeyi özü düşünüb həll etməsinə ehtiyac qalmır. Hazırda insanabənzər robotların ən zəif cəhətlərindən biri də məhz müstəqil qərar vermək bacarığının axsamasıdır.

Avstraliya Strateji Siyasət İnstitutunun baş analitiki Malkolm Deyvis insanabənzər robotları indiki vəziyyətdə döyüşə yararlı saymır. Onun fikrincə, beş-on ildən sonra bu mənzərə dəyişə bilər.

Atəş açmaq qərarını kim verəcək?

Robotların uzaqdan idarə olunması texniki problemlərin bir hissəsini həll edir. Onlara müstəqil qərar vermək səlahiyyəti verildikdə isə daha mürəkkəb suallar meydana çıxır.
Robot döyüşçü ilə mülki şəxsi necə ayıracaq? Yaralı və ya təslim olmaq istəyən adama atəş açmamalı olduğunu anlayacaqmı?

Müharibə qaydaları ordudan mülki şəxsləri döyüşçülərdən ayırmağı, yaralı və təslim olanlara hücum etməməyi tələb edir. Beynəlxalq Qızıl Xaç Komitəsi xəbərdarlıq edir ki, avtonomlaşdırılmış silah sistemi insanın təslim olmaq istədiyini göstərən hərəkətləri düzgün başa düşməyə bilər. Çünki belə qərar yalnız insanın əl-qol hərəkətlərindən yox, hadisənin baş verdiyi şəraitdən və onun niyyətindən də asılıdır.

ABŞ ordusunda avtonom silahlar istifadəyə verilməzdən əvvəl hüquqşünasların yoxlamasından və gerçək döyüş şəraitinə yaxın sınaqlardan keçməlidir. Silah işlədilib-işlədilməməsi barədə son qərara komandir və operator cavabdehdir.
Çin Müdafiə Nazirliyi də 2026-cı ilin martında süni intellektlə işləyən silahların insan nəzarətində qalmalı olduğunu bildirib. Buna baxmayaraq robotların döyüşdə istifadəsi ilə bağlı araşdırmalar davam edir.

Çin Hərbi Elmlər Akademiyasının tədqiqatçısı Van Yunxua yazır ki, insanabənzər robotlar hələ yaxşı hərəkət edə, ətrafı tam anlaya və mürəkkəb vəziyyətdə düzgün qərar verə bilmirlər. Onların orduda geniş yayılması üçün texnologiya təkmilləşməli, qiymətlər aşağı düşməli və kütləvi istehsal başlamalıdır.
Van Yunxuanın fikrincə, bunlar baş verərsə, döyüş meydanı insanabənzər robotlarla dolacaq.

“Politfm”