“Doroni Aerospace” şirkətinin H1-X modeli, konsept dizaynı (foto: “Doroni Aerospace”)
Ötən il təqdim edilən və 880 min dollara satılan “Volonaut Airbike” sanki “Ulduz müharibələri” filmindən çıxmışdı. Lakin cəmi bir il ərzində şəxsi uçuş bazarında ondan xeyli ucuz rəqiblər peyda olub.
Bu barədə “Forbes” məlumat verib.
Nəşr yazır ki, bu aparatların bəzisi motosikleti, bəzisi böyük dronu, digərləri isə uçan avtomobili xatırladır. Məqsəd fərdi uçuşu sadələşdirmək, böyük hava limanlarından və xüsusi infrastrukturdan asılılığı azaltmaqdır.
Bununla belə, sertifikatlaşdırma, batareyaların imkanları, təhlükəsizlik, hava şəraiti, pilot hazırlığı və kütləvi istehsal kimi problemlər hələ qalmaqdadır. Bəzi modellər insanla sınaqdan keçirilib, şirkətlər sifariş və ilkin ödəniş qəbul etməyə başlayıblar. Bir neçə istehsalçı isə ilk aparatları müştərilərə çatdırıb.
99 900 dollarlıq “JetBike”
ABŞ-nin “LEO Flight” şirkətinin hazırladığı “JetBike” uçan motosiklet təsəvvürünə ən yaxın modellərdən biridir. Şirkət 2021-ci ildə mühəndis Pit Bitar və avtomobil dizayneri Karlos Salaff tərəfindən yaradılıb.
Aparatda iri və açıq pərlər yoxdur. Elektrik dartı qurğuları gövdənin qapalı hissələrində yerləşdirilib. Təxminən 2 x 2 metr ölçüsündə olan “JetBike”-da sürücünü qoruyan karkas da var. Aparatı evdəki elektrik şəbəkəsinə qoşaraq şarj etmək mümkündür.
“JetBike” saatda təxminən 96 kilometr sürət yığa və 10–15 dəqiqə havada qala biləcək. Uçuş hündürlüyünün elektron sistem vasitəsilə təxminən 4,6 metrlə məhdudlaşdırılması planlaşdırılır.
Aparat ABŞ Federal Aviasiya Administrasiyasının ultrayüngül uçuş vasitələrinə aid “Part 103” qaydalarına uyğun hazırlanır. Tələblərə cavab verdiyi halda onu ənənəvi pilot sertifikatı olmadan idarə etmək mümkün olacaq. Ancaq bu, istənilən yerdə uçmağa icazə verilməsi demək deyil. Uçuş yeri, hava məkanı və günün vaxtı ilə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.
“JetBike”-ın hədəf qiyməti 99.900 dollardır. Hazırda şirkət 999 dollarlıq geri qaytarılan ödəniş şərtilə rezervasiya qəbul edir. Beş müştəri ilkin istehsal növbəsində yer götürüb.
Sınaqlar plan üzrə gedərsə, istehsal və ilk çatdırılmalar 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində başlaya bilər. “LEO Flight” şirkəti qapalı kabinəsi olan daha böyük “LEO Coupe” konsepti üzərində də işləyir.
Pikapın yük yerinə yerləşən CY-X4
Çinin “Kuickwheel Technology” şirkətinə məxsus “RICTOR” markası şəxsi uçuşa daha praktik yanaşır. “CES 2026” sərgisində nümayiş etdirilən CY-X4 birnəfərlik eVTOL-dur (elektriklə işləyən, şaquli qalxıb-enən uçuş aparatı).
CY-X4 39.900 dollara təklif olunur. Sifariş üçün 5 min dollar ilkin ödəniş tələb edilir. Aparatda dörd ox üzərində yerləşdirilmiş səkkiz qatlanan karbon lifli pər var. İstehsalçının məlumatına görə, model 100 kiloqrama qədər yük götürə bilir. Avtomatik idarəetmə sistemi küləkli havada və digər uçuş şərtlərində mühərriklərin gücünü tənzimləyərək tarazlığı qoruyur.
CY-X4 qatlananda təxminən 1,2 kubmetr yer tutur. Bu onu standart pikapın yük yerində daşımağa və ayrıca anqar olmadan evdə saxlamağa imkan verir.
Şirkət “Joby” və “Archer” kimi hava taksisi istehsalçıları ilə rəqabət aparmadığını, fərdi istifadə üçün yüngül hava nəqliyyatı yaratmaq istədiyini bildirir. Lakin CY-X4-ün açıqlanan göstəriciləri hələlik istehsalçının hədəfləridir. Geniş sınaqların nəticələri və çatdırılma vaxtı barədə geniş məlumat yoxdur.
Şirkət rəhbərinin şəxsən sınaqdan keçirdiyi “LightSport”
Türkiyənin “AirCar” şirkəti 2017-ci ildən etibarən şəxsi elektrik təyyarələri hazırlayır. Şirkətin rəhbəri, mühəndis Eray Altunbozar prototiplərin sınaq uçuşlarını şəxsən həyata keçirir.
Altunbozar 2025-ci ilin aprelində “Bilişim Vadisi” texnologiya mərkəzində bir və ikinəfərlik modelləri ardıcıl sınaqdan keçirib. Şirkət ikinəfərlik “LightSport”-u hazırlayanda mindən çox sınaq uçuşu həyata keçirildiyini bildirir.
Bu sınaqlar idarəetmənin həssaslığını, kabinədən görünüşü, titrəyişə və batareyaya nəzarəti, eləcə də ehtiyat sistemlərini təkmilləşdirməyə imkan verib. Açıqlanan göstəricilərə əsasən, ikinəfərlik model bir uçuşda təxminən 80 kilometr məsafə qət edəcək. Maksimal sürət saatda 130 kilometr, faydalı yük isə təxminən 227 kiloqram olacaq.
“AirCar” ABŞ-nin Federal Aviasiya Administrasiyasından (FAA) yüngül idman təyyarəsi sertifikatı almağa çalışır. Müraciət yeni MOSAIC qaydalarına əsaslanır. Bu qaydalar elektriklə işləyən, şaquli qalxıb-enən bəzi aparatların yüngül idman təyyarələri kateqoriyasına daxil edilməsinə imkan verir.
Altunbozar xəbərdarlıq edir ki, idarəetmənin sadələşdirilməsi təlim ehtiyacını aradan qaldırmır: “Biz elə aparat yaratmırıq ki, təlim keçməmiş biri cümə günü onu alıb şənbə günü uçursun”.
İlk müştərilərin pilotlar, aviasiya həvəskarları və texniki hazırlığı olan şəxslər olacağı gözlənilir. Çatdırılmalar 2027-ci ilin sonuna planlaşdırılsa da, bu tarix 2028-ci ilin əvvəlinə keçə bilər. Şirkətin saytı hazırda 2028-ci il üçün rezervasiya qəbul edir.
İki avtomobillik qaraja yerləşən H1-X
“Doroni Aerospace” şirkətinin təsisçisi Doron Merdinger avtomobil idarə etməyə öyrəşmiş insanların rahat başa düşəcəyi uçuş aparatı yaratmaq istəyib. O, 2023-cü ilin iyulunda H1 prototipinin ilk insanlı sınaq uçuşunu şəxsən özü həyata keçirib.
Yeni H1-X ikinəfərlik eVTOL-dur. Aparatda qoruyucu örtüyə alınmış pərlər, iki qanad və geniş panoram şüşəsi var. Şirkət onun saatda 193 kilometr sürət yığacağını, bir uçuşda təxminən 161 kilometr məsafə qət edəcəyini və 227 kiloqram faydalı yük götürəcəyini bildirir.
H1-X-in bir qanadının ucundan digərinin ucunadək olan eni təxminən 5,5 metrdir. Onu iki avtomobillik qarajda saxlamaq və elektromobillər üçün nəzərdə tutulan ikinci səviyyəli şarj qurğusu ilə doldurmaq planlaşdırılır.
Lakin H1-X ictimai yollarda sürülə bilən avtomobil deyil. Təkərləri yalnız qısa məsafəli hərəkət üçündür. Aparatın qarajda saxlanması da onun istənilən vaxt havaya qalxa biləcəyi mənasına gəlmir. Qalxma və enmə yerləri uyğun tikinti, torpaqdan istifadə və aviasiya qaydalarından asılı olacaq.
İlk sahiblərin aparatdan şəxsi torpaqlarda, uçuş zolağı olan yaşayış komplekslərində və kiçik mülki aerodromlarda istifadə edəcəyi gözlənilir.
“Doroni” şirkəti H1-X-i FAA-nın MOSAIC qaydalarına uyğun hazırlayır. Şirkət hələ təhlükəsizlik sınaqlarını tamamlamalı, istehsal xətti və təlim proqramı qurmalıdır. İlk satışlar 2028-ci ilə planlaşdırılır. Aparatın gözlənilən qiyməti 400 min dollar, rezervasiya ödənişi isə 1 000 dollardır.
Sınaq uçuşu aparatın artıq satışa hazır olması demək deyil
Uçan avtomobil layihələrinin çoxu prototip mərhələsini keçə bilməyib. Aparatı bir dəfə havaya qaldırmaqla onu davamlı istehsal etmək, təhlükəsizliyini təmin etmək və müştəriyə çatdırmaq arasında böyük fərq var.
Bununla belə, bir neçə şirkət bu mərhələni adlamağa başlayıb. “Google”-un həmtəsisçisi Larri Peycin dəstəklədiyi “Pivotal” şirkətinin “BlackFly” modeli 2023-cü ildə müştərilərə çatdırılıb. Onu əvəz edən “Helix” isə 2024-cü ildə 190 min dollardan başlayan qiymətlə satışa çıxarılıb.
“Helix”-i ABŞ-də ənənəvi pilot sertifikatı olmadan da idarə etmək mümkündür. Buna baxmayaraq hər bir alıcı nəzəri dərs, simulyator və sınaq uçuşlarından ibarət hazırlıq proqramını keçməlidir. Müştərilərin çoxu təlimi təxminən beş günə tamamlayır. Şirkətin yanaşmasına görə, texnologiya idarəetməni sadələşdirə bilər, amma pilotun düzgün qərar vermək məsuliyyətini aradan qaldırmır.
“Alef Aeronautics” şirkəti həm yolda hərəkət edə, həm də şaquli qalxa bilən avtomobil hazırlayır. Şirkət ümumi dəyəri təxminən 1 milyard dollar, sayı 3.500-dən çox olan ilkin sifariş aldığını bildirir. İlk müştəri nümunələrinin əllə yığılmasına başlanıb, lakin geniş seriyalı istehsal hələ qurulmayıb.
İsrailin AIR şirkəti isə ikinəfərlik “AIR ONE” modeli üzərində işləyir. Şirkətin məlumatına görə, şəxsi və yükdaşıma modelləri üzrə 3.700-dən çox sifariş qeydə alınıb. İki pilotsuz yük aparatı artıq təhvil verilib, daha 20-si üçün müqavilə bağlanıb. Şəxsi istifadə modelinin sertifikatlaşdırılması davam edir.
Çin daha böyük istehsala hazırlaşır
Bazarda ən çox irəliləyən layihələrdən biri birnəfərlik “Jetson ONE” modelidir. Şirkət aparatın ABŞ və Avropada ilk müştərilərə çatdırıldığını bildirir. 2026 və 2027-ci illərin istehsal növbəsi dolub. Hazırda 148 min dollara 2028-ci il üçün sifariş qəbul olunur.
“Jetson ONE” təxminən 20 dəqiqə havada qala bilir. Maksimal sürəti proqram vasitəsilə saatda 102 kilometrlə məhdudlaşdırılıb. Aparatın idarə edəcək pilotun çəkisi 95 kiloqramı keçməməlidir.
Çinin XPENG şirkətinə məxsus ARIDGE modeli isə bazara daha böyük istehsal gücü ilə çıxmağa hazırlaşır. Onun “Land Aircraft Carrier” modeli altıtəkərli quru nəqliyyat vasitəsi və arxa hissədə daşınan ikinəfərlik elektrik təyyarəsindən ibarətdir.
Şirkət sifarişlərin 7 mini keçdiyini və Quançjoudakı zavodda sınaq istehsalına başlandığını açıqlayıb. Zavodun tam güclə ildə 10 min aparat istehsal edə biləcəyi bildirilir. Lakin bunlar hələ şirkətin sifariş və istehsal planlarıdır. Layihənin kütləvi istifadədə necə nəticə verəcəyi məlum deyil.
Elektriklə işləyən fərdi uçuş aparatlarının bir qismi artıq layihə və laboratoriya sınağı mərhələsini keçib. İnsanla uçan prototiplər, ilk çatdırılmalar və qurulan zavodlar yeni sənayenin yarandığını göstərir. Bununla belə, “JetBike”, CY-X4, “AirCar” və H1-X hələ sınaq, sertifikatlaşdırma və istehsala hazırlıq mərhələsindədir. Əsas məsələ onların havaya qalxması yox, minlərlə alıcının təhlükəsiz istifadə edə biləcəyi etibarlı vasitəyə çevrilməsidir.
“Politfm”



