Yəmən husiləri; 3 aprel 2026 (foto:AP)

 

 

İranın dəstəklədiyi Yəmən husiləri çərşənbə axşamı Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərə və enerji obyektlərinə zərbələr endirib. Azı 73 nəfər yaralanıb, bəzi enerji müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb (“Reuters”).

Baş verənlər İranla müharibənin bütün regiona yayılması təhlükəsini artırıb. Neftin qiyməti altı həftədən çox müddətdə ən yüksək həddə çatıb.

ABŞ və İsrailin İrana zərbələri ilə başlayan müharibə altı aydır davam edir. Vaşinqton və Təl-Əviv əməliyyatların məqsədinin İranın nüvə proqramına son qoymaq, qonşu ölkələrə zərbə endirmək imkanlarını məhdudlaşdırmaq və bölgədəki silahlı tərəfdaşlarına dəstəyini azaltmaq olduğunu açıqlayıb.

Bu müddətdə ara-ara sakitlik yaransa da, qarşılıqlı zərbələr vaxtaşırı yenidən şiddətlənib.
Husilərin son zərbələri İranın Körfəzdəki enerji infrastrukturunun, o cümlədən ABŞ-nin regiondakı neft və qaz obyektlərinin asan hədəfə çevrilə biləcəyi barədə xəbərdarlığından sonra endirilib. Tehran bu xəbərdarlığı ötən həftəsonu Körfəzdə gəmilərə qarşılıqlı zərbələr endirilməsinin ardınca səsləndirmişdi.

Enerji obyektlərinin fəaliyyəti dayanıb

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bəzi obyektlərdə yanğın baş verdiyini bildirib. Yanğınsöndürənlər və digər fövqəladə xidmətlər alovu söndürmək və dəymiş ziyanı müəyyənləşdirmək üçün əraziyə cəlb olunub. Hadisələr zamanı bir neçə nəfər yaralanıb, bəzi müəssisələrdə iş müvəqqəti dayandırılıb.

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Turki əl-Maliki Əbha Xamis-Muşeyt, Cizan və Nəcrana endirilən zərbələr nəticəsində azı 73 nəfərin yaralandığını açıqlayıb. O, koalisiyanın husilərin qarşısını almaq və təhlükə mənbələrini zərərsizləşdirmək üçün bütün zəruri tədbirləri görəcəyini bildirib.

Yəmənin şimalının və əhalinin sıx yaşadığı bölgələrin böyük hissəsinə nəzarət edən husilər iyulda Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdikdən sonra bu ölkəyə zərbələr endirir, Qırmızı dənizdə ona məxsus gəmiləri hədəfə alırlar.

Qırmızı dənizdə daşımaların pozulması qlobal neft və qaz tədarükü ilə bağlı narahatlığı daha da artırıb. İran eyni zamanda Hörmüz boğazından keçən gəmilərin hərəkətini məhdudlaşdırır. Bu həftə boğazdan keçən yük gəmilərinin sayı yenidən azalıb.

İran Körfəzdə yeni məhdudiyyət zonası yaratmaq istəyir

Tehran yaxın günlərdə Körfəzdə gəmilərin girişinə məhdudiyyət qoyulacaq yeni zona elan edəcəyini bildirib. İran həmçinin Hörmüz boğazından keçid üçün yeni dəniz yolunun xəritələrini açıqlamağa hazırlaşır. Planın nə vaxt və necə həyata keçiriləcəyi hələ məlum deyil.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi dövlət televiziyasına bildirib ki, yeni zona ABŞ-nin İrana qarşı dəniz blokadası tətbiq etdiyi xətdən başlayaraq Körfəzin bəzi hissələrini əhatə edəcək. Onun sözlərinə görə, həmin əraziyə daxil olan gəmilər İranın sanksiya siyahısına salınacaq.

Rezayi daha sonra sosial şəbəkədə yazıb ki, İranın yeni raketləri Vaşinqtona açıq xəbərdarlıq olub və iqtisadi təzyiqə dənizdə qadağa zonası yaratmaqla cavab veriləcək:
“ABŞ-nin hərbi gəmiləri və bazaları ilə bağlı hərəkət qaydalarımız kökündən dəyişib”.
Daha əvvəl İran mediası ABŞ hərbi gəmilərinə “Qasım Bəsir” ballistik raketləri atdığını yazmışdı. Rezajinin məhz bu raketdən istifadəni nəzərdə tutduğu güman edilir. ABŞ ordusu raketlərin gəmilərinə dəymədiyini açıqlayıb.

Hörmüz boğazı Tehranın əsas təzyiq vasitəsi olaraq qalır

ABŞ-nin genişmiqyaslı zərbələri İranın hərbi gücünü zəiflədib və onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatına əlavə təzyiq yaradıb. Buna baxmayaraqTehran tankerləri, ABŞ hərbi gəmilərini və Körfəzdə Amerika bazalarının yerləşdiyi ölkələri hədəfə almağa imkan verən raket və dron imkanlarını qoruyub saxlayıb.

Müharibədən əvvəl dünya üzrə daşınan neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Hörmüz boğazından daşınırdı. Bu coğrafi üstünlük İrana Körfəz ölkələrinin enerji ixracına təzyiq göstərmək imkanı verir.

Enerjinin bahalaşması AB, Prezidenti Donald Tramp və Respublikaçılar Partiyası üçün siyasi riskləri artırır. Rəy sorğuları amerikalıların müharibəyə müsbət yanaşmadığını göstərir. Konqresə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində yanacağın bahalaşması hakim partiyanın vəziyyətini daha da çətinləşdirə bilər.

Tramp sosial şəbəkədə yazıb ki, ABŞ müharibədə qalib gəldikdən sonra neftin kəskin ucuzlaşacaq. Onun sözlərinə görə, benzinin qiyməti əvvəlcə bir qallon üçün üç dollara, sonra isə iki dollardan aşağı düşəcək. Tramp İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini bildirib.

“Politfm”