Gürcüstan və Ermənistan turizm sektorunu ciddi gəlir mənbəyinə çevirməkdəykən niyə Azərbaycan öz potensialından yararlana bilmir?
Uzun illərdir ki, ölkənin iqtisadiyyatı neft-qaz asılılığındadır. Büdcədə vəsait çatışmazlığı yarananda isə dərhal qiymət və cərimə-vergi artımına üz tutulur. Hökumət real islahatlar aparmağa, iqtisadiyyatı şaxələndirməyə çalışmır.
Halbuki Azərbaycanın böyük turizm potensialı var və təkcə bu sahəni canladırmaqla büdcəyə əhəmiyyətli töhfə vermək olar. Amma rəqəmlər göstərir ki, yarıtmaz idarəçilik turizmi şikəst vəziyyətə salıb və biz bu sahədə hətta kasıb qonşularımıza da uduzuruq.
Məsələn, ötən il Türkiyə turizmdən 65 milyard dollar, Rusiya 8.8 milyard dollar, İran 7.7 milyard dollar, Gürcüstan 4.6 milyard dollar, Erməmistan 3.6 milyard dollar, Azərbaycan isə cəmi 1.9 milyard dollar gəlir əldə edib.
Əslində bu statistika ölkədə siyasi sistemin və idarəçilik təfəkkürünün nə qədər geriçi olduğunu, bu fürsətlərin necə məhv edildiyini göstərir.
Azərbaycanda inhisarçılıq, məmur özbaşınalığı bütün sahələri iflic etdiyi kimi, turizmə də ağır zərbə vurub. Bu sektor həm xidmət standartlara uyğun deyil, həm də qiymətlər həddən artıq yüksəkdir.
Daha pis məqam bundan ibarətdir ki, quru sərhədlərinin bağlı olmağı da turizmin kürəyinə vurulan bıçaq effekti verib. Hələ 2024-cü ildə hesablanmışdı ki, sərhədlərin bağlı qaldığı 4 il ərzində bu sahədə 2 milyard manat vəsait itirilib. İndi isə artıq 6 ildir sərhədlər qapalıdır. Üstəlik, daxili turizm də gücləndirilməyib. Əksinə, bu saha üzrə gəlir də azalmağa doğru gedir.
Qeyd edək ki, quru sərhədlərinin bağlı olmağı dövlətin imicinə də mənfi təsir göstərən amildir. Bütün dünya pandemiyanı bitirib yeni mərhələyə qədəm qoyduğu halda, Azərbaycan hökuməti avtoritar mahiyyətinə, əsassız bəhanələrə sadiqlik nümayiş etdirir.
Turizm sahəsini inkişaf etdirmək üçün ilk növbədə sərhədlər açılmalı, daha sonra ölkələrlə viza rejimi ləğv edilməlidir. Eyni zamanda, azad olunmuş bölgələrin potensialı da düzgün qiymətləndirilməlidir. Xarici turistləri ölkəyə cəlb etmək üçün cəlbedici reklam siyasəti, təkliflər paketi, kreativ yanaşmalar hazırlanmalıdır. Dövlətin bu sahəylə bağlı ayrıca konsepsiyası olmalı və iş adamlarına stimulverici fürsətlər təqdim edilməlidir.
Yeri gəlmişkən, Azərbaycanın dövlət büdcəsində builki artım cəmi 0,6 faizdir. Müqayisə üçün deyək ki, Ermənistan büdcəsində artım 2,5% nəzərdə tutulur.
Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 171 min 600 nəfər, Ermənistana 2,1 milyondan çox, Gürcüstana isə yalnız ilin üçüncü rübündə 3 milyon adam səfər edib.
Potensialı Azərbaycandan dəfələrlə aşağı olan qonşu ölkələrin bu sahədəki uğurları rəqəmlərdə də özünü göstərir. Rəqəmlər həm də Azərbaycanda qeyri-neft sektoruna diqqətin nə qədər aşağı olduğunu təsdiqləyir.
2024-cü ilin rəsmi statistikasına görə, Azərbaycanda 859 mehmanxana və otel tipli obyekt var.
Bakı otellərində xidmət səviyyəsindən asılı olaraq bir nəfərin bir sutka qalması üçün 100 manatdan 300 manatadək və daha baha qiymətlər müəyyən edilib, regionlarda isə bu məbləğ 40-150 manat aralığında dəyişir.
Ölkədaxili turizmə bu istiqamətdən baxsaq, görərik ki, mehmanxana qiymətləri vətəndaşların gəlirləriylə ziddiyyət təşkil edir və nəticədə daxili turizmə töhfə verənlərin sayı çox az olur. Azərbaycanın bu sahə üzrə böyük potensialı var. Sadəcə dövlət səviyyəsində məqsəd, niyyət olmalıdır ki, bu böyük potensial mənfəətə çevrilsin.
Azərbaycanın turizm üzrə Strateji Yol Xəritəsində qeyd olunur ki, ölkədə mədəni, sağlamlıq, dağ, qış, idman, çimərlik, işgüzar, ekoloji və ov turizm məhsul və xidmətləri üçün geniş imkanlar var.
Mədəni turizm potensialına incəsənət qalereyaları, milli və dünya musiqisi, milli və xarici rəqslər, zəngin mətbəx, fərqli dini və dünyəvi görüşlər aiddir. Tarixi marşrutlar (Böyük İpək Yolu, Şimal-Cənub dəhlizi, məşhur hərbi yürüşlər, tarixi döyüş yerləri, qalalar, dini abidələr və s.) mədəni turizmin bir hissəsi olmaqla, müxtəlif əraziləri əhatə edir.
Sağlamlıq turizmi sahəsində Azərbaycanda ənənəvi və müasir müalicə imkanları mövcuddur. Bunlardan İstisu, Turşsu, Badamlı, Qalaaltı ən tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. Eyni zamanda, Naxçıvanda nadir duz dağıyla təbii müalicə üsulları var. Dağ və qış turizmi növləri də Azərbaycanda perspektivli sahələrdəndir.
Abşeron yarımadasından başlamaqla, Xəzər dənizinin şimal və cənub sahillərindəki çimərlikləri də böyük turizm potensialına malikdir.
Ermənistandan daha bir nümunə:
“İlin ilk yeddi ayında turistlərin sayı görünməmiş dərəcədə çox olub. Bu, müstəqillikdən bəri görünməmiş tarixi rekorddur. Keçən il 2,2 milyon turistimiz olub, bu il noyabr ayının sonuna qədərsə 2,1 milyona çatıb. İlin sonunu səbirsizliklə gözləyirik və əminliklə deyə bilərik ki, dekabr ayının rəqəmlərini də əlavə etməklə ötən ilin rəqəmlərini keçəcəyik. Turistlər ölkəmizdə ən azı bir gecə qalanlar hesab edilir və ziyarətçilərin ümumi sayı 5 milyona çatıb” – keçən ilin dekabr ayında Ermənistan İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin sədri Lusine Gevorkyan belə deyib.
Yeri gəlmişkən, Avropa İttifaqının «Avropa Turizm Gündəliyi – 2030» sənədinə görə, Avropa İttifaqı ölkələri turizmi daha yaşıl, daha rəqəmsal və dayanıqlı etmək öhdəliyi götürüb.
Prioritetlər bunlardır: yaşıl keçid, rəqəmsal keçid, dayanıqlıq və inklüzivlik, bacarıqlar və dəstək, imkan yaradan siyasət çərçivəsi və idarəetmə, turizm xidmətlərinin iqtisadiyyat prinsiplərinə uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi, onlayn xidmətlərin rəqəmsallaşdırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, turizm zonalarının daha səmərəli idarə edilməsi üçün vahid siyasət çərçivəsinin yaradılması.
Bu istiqamətdə məqsədyönlü fəaliyyət Azərbaycan üçün də prioritet olmalıdır. Sadalanan öhdəliklərə əməl edilməsə, ölkə müasir standartlara cavab verə bilməyəcək.
Ekspertlərin hesablamalarına görə, Azərbaycanın 7 milyard barel neft ehtiyatı qalıb və neft bitəndən sonra bütün sahələrin “lüt” olduğu daha qabarıq görünəcək. Onda – maliyyə imkanlarının xeyli azaldığı günlərdə turizm sahəsini dirçəltmək, infrastruktur yaratmaq gec olacaq.
“Politfm”



