Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hər il büdcədən müxtəlif dövlət qurumlarına maliyyə vəsaiti ayrılır və bu məbləğlər kifayət qədər yüksək olur.

Amma normal ölkələrdən fərqli olaraq Azərbaycanda qurumlar öz missiyalarını yerinə yetirmir. Bu, dövlət vəsaitin israfı deməkdir və cəmiyyətdə aqressiyayla qarşlanır.

Belə qurumlardan biri də Milli Məclisdir. Hər il ölkə parlamentinin fəaliyyətinin tənzimlənməsinə onmilyonlarla manat vəsait ayrılır. 2026-cı ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 52 milyon 74 min 310 manat vəsait nəzərdə tutulub.

Millətə vəkillik etmək missiyasını yerinə yetirməli olan adamların toplaşdığı bu qurum bir qayda olaraq vətəndaşın həyatını çətinləşdirən qərarlar qəbul etməklə məşğuldur. Yaxud yüzüncü dərəcəli məsələlərin müzakirə edib qərarlar qəbul edirlər ki, bunun da vətəndaşa heç bir aidiyyatı yoxdur.

Hələ bu vaxta qədər Milli Məclisdə ədalətsiz məhkəmə qərarları, süni qiymət artımları, səhiyyədəki neqativ hallar, təhsildəki bərbad vəziyyət müzakirə olunmayıb, vətəndaşın həyatını normallaşdırmağa xidmət edən qərar qəbul edilməyib.
Əsasən cərimələrin, vergilərin artırılması, söz azadlığına qarşı qadağaların gücləndirilməsi, deputatların maaşının yüksəldilməsi kimi məsələlər həll edilir.

Əlbəttə, seçkili orqana təyinatla daxil olan adamlardan həqiqəti deməyi, xalqın dərdlərini dilə gətirməyi gözləmək sadəlövhlük olradı.

Amma yuxarıda da qeyd etdiyimiz kimi, bu qurumun saxlanmasına onmilyonlarla vəsait ayrılır və bu, “havaya sovrulmuş vəsait” deməkdir.

Azərbaycan xalqının Milli Məclisdən faktiki olaraq heç bir gözləntisi yoxdur. Bu qədər əhəmiyyətli bir qurum ən dişsiz, ən lazımsız təsisata çevrilib.

Prezident Aparatından gələn göstərişləri təsdiqləmək və hökumətə mədhiyyə deməkdən başqa səlahiyyəti olmayan bir qurumun büdcəni zədələməsi özlüyündə böyük ədalətsizlikdir.
Bir sözlə, bu 52 milyon manatla dövlət və xalq üçün daha səmərəli işlər görmək olardı. Reallıq budur ki, ölkədə müstəqil məhkəmə, şəffaf seçki olmadığı kimi, həqiqi parlament də yoxdur.

Təəssüf ki, bu dəbdəbəli binanın içində səfil xalqın səsi eşidilmir. Hansıki Milli Məclis hökumət üçün də, vətəndaş üçün də əzəməti və hökmü olan bir qurum səviyyəsində fəaliyyət göstərməlidir.

“Politfm”