Foto: “Reuters”
Bir neçə ərəb ölkəsi və Avropa İttifaqı (Aİ) İsrail hökumətinin İordan çayının qərb sahiliylə bağlı yeni siyasətini – həmin ərazinin bir hissəsindəki torpaqları öz dövlət reyestrinə salmaq barədə qərarını pisləyiblər.
Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Qətər İsrail hökumətini kəskin tənqid edərək bildiriblər ki, bu, bölgədə yeni gərginliyə səbəb olacaq.
Aİ isə İsraili bazar günü qəbul edilmiş qərarı ləğv etməyə çağırıb.
“Bu, son vaxtlar İsrailin nəzarətini genişləndirməyə yönəlmiş tədbirlərdən sonra yeni eskalasiyadır. Biz vurğulayırıq ki, bu anneksiya beynəlxalq hüquqa zidddir” – Aİ-nin mətbuat katibi Anuar El-Anuni belə deyib.
Ramallahdakı Fələstin Muxtariyyəti rəsmiləri İsrailin bu addımlarının anneksiya prosesinin de-fakto başlanğıcı olduğunu və “Fələstin dövlətinin əsaslarını sarsıtdığını” bildirərək beynəlxalq birliyi vəziyyətə müdaxilə etməyə çağırıblar.
İsrail hökumətisə bəyan edib ki, bu qərar həmin torpaqlarda “məhkəmə mübahisələrinə son qoyacaq, infrastrukturun inkişafına və torpaqların nizamlı şəkildə satılmasına imkan verəcək” (BBC). Söhbət Qərb sahili ərazisinin təxminən 60%-ni təşkil edən və İsrailin nəzarətində olan “C zonası”ndan gedir.
1993-cü il Oslo Sazişlərinə əsasən, İordan çayının qərb sahili üç inzibati zonaya bölünüb. “C zonası” bu ərazilərin ən strateji hissəsidir, Qərb sahilinin təxminən 60%-ni əhatə edir. Zonada həm mülki, həm də təhlükəsizlik məsələlərinə tam olaraq İsrail nəzarət edir. Bu zona İsrailin bütün yaşayış məntəqələrini və geniş kənd təsərrüfatı torpaqlarını əhatə edir. Fələstin dövlətinin qurulması üçün bu zonanın bir hissəsinin Fələstinə verilməsi nəzərdə tutulurdu, ancaq hazırkı qeydiyyat prosesi bu ehtimalı hüquqi olaraq çətinləşdirir.
İsrail Xarici İşlər Nazirliyi ərəb ölkələrinin və Aİ-nin reaksiyasına etiraz edib, qeyd edib ki, hökumətin qərarı texniki, inzibati tədbirdir.
Amma Netanyahunun hökumətindəki sağçı radikal nazirlərdən biri – maliyyə naziri Bezalel Smotriç açıq şəkildə bildirib ki, “Biz məskunlaşma inqilabını və torpağımızın bütün hissələri üzərində nəzarətimizin gücləndirilməsini davam etdiririk” (“Reuters”).
“Məskunlaşma inqilabı”nın memarı elə Smotriç özüdür. O, uzun illərdir ki, “Həlledici plan” adlı bir strategiyanı müdafiə edir. Bu plana görə, fələstinlilər ya İsrail hakimiyyətini tam qəbul etməli, ya köçməli, ya da (müqavimət göstərərlərsə) hərbi yolla məğlub edilməlidirlər.
İsrailin müdafiə naziri İsrael Kats da oxşar məzmunda açıqlama verib. Hökumətin hərbi kabineti də bir həftə əvvəl sağçı radikal nazirlər tərəfindən dəstəklənən tədbirlər paketini qəbul edib. Bu tədbirlər xüsusən də yəhudi israillilərə Qərb sahilində torpaq almağa, İsrail hakimiyyətinə isə Fələstin Muxtariyyətinin nəzarəti altındakı ərazilərdə bəzi dini obyektləri idarə etməyə imkan verəcək.
Sürüşən anneksiya
Qərb sahilindən olan fələstinlilərin və hüquq müdafiə təşkilatlarının dediyinə görə, son illərdə israillilər fələstinliləri öz torpaqlarından aktiv və zorakı üsullarla qovurlar.
BMT-nin Fələstin əraziləri hesab etdiyi yerlərdə İsrail yaşayış məntəqələrinin yaradılması praktikasına qarşı mübarizə aparan “Peace Now” ictimai təşkilatı (İsrail) da hökumətin bu qərarlarını pisləyib, prosesi torpaqların “meqa-zəbti” adlandırıb.
“Bu torpaqlarla bağlı ciddi ölçüdə qeyri-müəyyənlik vardı və indi İsrail onlarla məşğul olmağa qərar verib. Fələstinlilər görəcəklər ki, özlərinin hesab etdikləri torpaqlar yeni qeydiyyat prosesindən sonra artıq onların olmayacaq” – təşkilatın rəhbərlərindən olan Yonatan Mizrahi AFP agentliyinə belə deyib.
Yonatan Mizrahinin qeyd etdiyi “qeyri-müəyyənlik” fələstinli fermerlər üçün ciddi təhlükə yaradır. Bir çox fələstinli ailənin torpağı bir neçə nəsildir ki, onlara məxsus olsa da, mülkiyyət hüququ İsrail standartlarına uyğun rəsmiləşdirilməyib. Əgər torpaq sahəsi “sahibsiz” və ya “dövlət torpağı” kimi qeydə alınarsa, İsrail hökuməti həmin əraziləri yaşayış binaları tikmək və ya hərbi zonalar yaratmaq üçün ayıra bilər.
İsrail İordan çayının qərb sahilini və Şərqi Qüdsu 1967-ci ildə – Altıgünlük müharibə zamanı işğal edib. BMT və fələstinlilərin qanundankənar hesab etdiyi yaşayış məntəqələrində hazırda yarım milyondan çox israilli yaşayır.
Daha əvvəl Qərb sahili yalnız hərbi komandanlıq tərəfindən idarə olunurdu. Sağçı radikalların təzyiqilə Müdafiə Nazirliyinin daxilində Smotriçə mülki məsələlər (tikinti icazələri, torpaq qeydiyyatı, infrastruktur) üzərində geniş səlahiyyətlər verildi. Bu dəyişiklik ərazinin hərbi işğal rejimindən çıxarılmasına və sanki İsrailin bir quberniyasıymış kimi mülki nazirlik tərəfindən idarə olunmasına şərait yaradır.
Əvvəllər İsrail icazəsiz yaradılan kiçik məskunlaşma yerlərini qanunsuz hesab edirdi. Amma sağçı radikallar bu yanaşmanı dəyişdilər – 2005-ci ildə boşaldılmış bəzi yaşayış məntəqələrinə yəhudilərin qayıtmasına icazə verən qanunvericilik aktları qəbul etdirdilər. İndi hökumət belə “forpost”lara su, elektrik və yol çəkir, halbuki əvvəllər bu, qanunla qadağan idi.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İsrail hökumətinin yeni qərarına belə münasibət bildirib: “Biz işğal olunmuş Fələstin ərazisində əhalinin tərkibinin sürətlə dəyişdirilməsi, yerli sakinlərin onlara məxsus torpaqlardan qovulması hallarını müşahidə edirik”.
İsrailin yaxın müttəfiqi olan ABŞ prezidenti Donald Tramp da Qərb sahilinin bir hissəsinin anneksiysına etiraz edib və bildirib ki, bu ərazidəki vəziyyətin sabitliyi İsrailin təhlükəsizliyini təmin etməyə kömək edir (AFP). Amma o, İsrail hökumətinin son qərarlarını birbaşa tənqid etməyib. Çünki bu qərarlar Trampın birinci prezidentlik müddətində elan etdiyi “Əsrin müqaviləsi” planıyla üst-üstə düşür. Həmin plan bəzi yaşayış məntəqələrinin İsrailin tərkibində qalmasını nəzərdə tuturdu.
“Faktiki suverenlik” naminə “milli terrorizm”?
Sağçı radikallar ABŞ-nin və ya Aİ-nin xəbərdarlıqlarını daxili siyasətdəki zəiflik kimi qiymətləndirirlər. Onların arqumenti budur: “Bu torpaqlar tarixi və dini olaraq bizə məxsusdur, ona görə də beynəlxalq hüquq bizim suverenlik hüququmuzan üstün ola bilməz”.
Baş nazir olaraq qala bilməsi üçün Benyamin Netanyahunun sağçı radikal partiyaların (“Dini sionizm” və “Otzma yehudit”) dəstəyinə ehtiyacı var. Bu asılılıq onlara imkan verir ki, hökumətin hər hansı sülh və ya güzəşt qərarını bloklasınlar.
Sağçı radikallar Qərb sahilində “faktiki suverenlik” modelini qururlar. Onlar hesab edirlər ki, torpaqlar sürətlə qeydiyyata alınsa və həmin ərazidə yəhudi əhalinin sayı artsa, gələcəkdə orada Fələstin dövlətinin qurulması qeyri-mümkün olacaq.
Amma İsrail Müdafiə Ordusunda (SAXAL) məskunlaşdırma siyasətinə münasibət birmənalı deyil. Ordu komandirləri tez-tez bəyan edirlər ki, yeni məskunlaşan yəhudilərin fələstinlilərə hücumları regionda böyük bir partlayışa səbəb ola bilər. Bəzi hərbçilər bu hücumları “milli terrorizm” adlandırırlar.
Sağçı nazirlərsə ordunu məskunlaşanlara qarşı “həddindən artıq sərt”, fələstinlilərə qarşı isə yumşaq davranmaqda ittiham edirlər. Onların qanunsuz forpostları sökməsinə mane olmağa çalışırlar.
Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar da dəfələrlə xəbərdarlıq edib ki, sağçı nazirlərin fəaliyyəti (məsələn, Qərb sahilindəki mülki idarəetməyə dəyişiklikləri) Fələstin Muxtariyyətinin süqutuna və üçüncü intifadanın (kütləvi üsyanın) başlamasına yol aça bilər.
“Otzma yehudit” partiyasının lideti Ben-Qvir onu “solçu düşüncə tərzi”ndə olmaqda günahlandırır və istefasını tələb edir.
Göründüyü kimi, SAXAL “təhlükəsizlik və sabitlik” tərəfdarıdır, sağçı radikallarsa “ideoloji zəfər və torpaq sahibi olmaq” istəyirlər.
Netanyahunun məskunlaşmayla bağlı yeni qərarları dəstəkləməsi göstərir ki, hazırda radikallar ordunun xəbərdarlıqlarını arxa plana keçirməyi bacarıblar.
“Politfm”



