Çox istərdim ki, bu yazım dövlətin rəhbər şəxslərinə çatdırılsın. Onlara bu səsi çatdırmaq imkanı olan hər kəsdən bunu xüsusilə xahiş edirəm.
ABŞ-ın ən böyük ikinci nazirliyi hansıdır, bilirsinizmi? Veteranlarla İş üzrə Nazirlik. Bu qurumda təxminən 300 min insan çalışır. Təsəvvür edin – 300 min dövlət qulluqçusu ABŞ ordusunun veteranlarına, qazilərinə və onların ailələrinə xidmət edir. Bu xidmət istisnasız olaraq bütün sahələri əhatə edir.
Niyə? Nə üçün 300 min amerikalı, keçmiş hərbçilərə və onların yaxınlarına xidmət göstərir? Bu suala sonda cavab verəcəyik.
İndi isə məsələnin ən vacib – insani tərəfinə toxunaq.
Hər bir insanın – o cümlədən müharibədən qayıdan qazilərin – yaşamaq, sevmək və sevilmək, həyatın gözəlliklərini görmək və duymaq hüququ var.
Müharibə – fərqli bir reallıqdır. Orada gözəllik yoxdur. Orada qan var, ömür boyu insanı izləyən psixoloji travmalar, itirilmiş ayaqlar, qollar, gözlər, ölüm var…
Müharibədən dönən insanlar da fərqli olurlar. Həssas, daxildən sarsılmış və tez-tez laqeyd münasibətin qurbanı…
Axı niyə bir insan ömrünün sonuna qədər əlsiz, ayaqsız, gözsüz və ağır psixoloji travma ilə yaşamalıdır? Niyə? Bunun cavabı var: bizim dinc və firavan yaşamağımız üçün. Dövlətin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün.
Sizcə, hər kəs bu fədakarlığa hazırdırmı? Mən düşünmürəm. Amma bu fədakarlığı edən insanlar var.
Niyə dövlət məmurlarının və imkanlı şəxslərin övladları müharibəyə getmirlər? Cavab çox sadədir: onların “vətən/dövlət” anlayışı bizimkindən fərqlidir. Onlar üçün dövlət – bu ölkənin sərvətlərindən bəhrələnmək, komfortlu həyat yaşamaq deməkdir. Onların dünyagörüşündə “ölmək” və ya “şikəst olmaq” anlayışı yoxdur. Bu yalnız bizlər üçün nəzərdə tutulub.
Amma hakimiyyətin məhz “qara adamlar” kimi baxdığı insanlar ölüb və şikəst olaraq bu dövlətin varlığını təmin edib. Məhz bu insanların qanı, canı sayəsində Azərbaycan 21-ci əsrdə hərbi yolla ərazi bütövlüyünü bərpa edən yeganə ölkə oldu. Məhz onların sayəsində bu gün rəhbər şəxslər yumruq qaldırıb dövlətçilikdən danışırlar.
Mən inanıram ki, ölkə uğrunda sağlamlığını itirən insanlara diqqət və qayğı göstərmək hər bir dövlətin əxlaq və ləyaqət məsələsidir. ABŞ-da 300 min insanın məhz veteranlara xidmət etməsi də, ABŞ dövlətinin öz dövlət əxlaqına münasibətidir.
Azərbaycanda isə…
Bu gün 1-ci Qarabağ müharibəsinin qazisi Tofiq Yaqublunun və 2-ci Qarabağ müharibəsinin qazisi Hacı Vəliyevin günahsız yerə, qanunsuz və siyasi motivlərlə həbs olunması, çox böyük biabırçılıqdır. Bu hal, dövlətin mənəvi sütunlarını sarsıdır və dövlət əxlaqını ciddi şəkildə sual altına qoyur.
Kamran Cəfərov



