Türkiyənin “Altrua” gəmisi (Foto: Yoruk Isik/”Reuters”)



Qara dənizdə Rusiyadan xam neft daşıyan tanker hücuma məruz qalıb. Hadisə Bosfor boğazından təxminən 14 mil məsafədə baş verib.

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, zərbə, böyük ehtimal, hava dronuyla yox, suüstü pilotsuz aparatla endirilib. Onun sözlərinə görə, hədəf tankerin maşın bölməsi olub və hücum edənlər, görünür, gəmini tamamilə sıradan çıxarmağa çalışıblar.

Söhbət “Altura” tankerindən gedir. Medianın yazdığına görə, təxminən 140 min ton neft yüklənmiş gəmi xarici bayraq altında üzsə də, Türkiyə şirkətinə məxsusdur. 27 nəfərdən ibarət heyət xəsarət almayıb.

Gəmi Novorossiyskdən yola düşüb.

“Altrua” daha əvvəl bir neçə dəfə sahibini və adını dəyişib. 2025–2026-cı illərdə Aİ, Böyük Britaniya, İsveçrə və Ukraynanın sanksiyalarına məruz qalıb.

“Kölgə donanması” üçün “təhlükəsiz liman” mifinin sonu

Tez-tez dəyişən adlar, xarici bayraqlar və qeyri-şəffaf mülkiyyət strukturu bəlli edir ki, “Altura” tankeri sanksiyalardan yayınmaq üçün istifadə edilən gəmilərin klassik nümunəsidir.

Bu hücum göstərir ki, sanksiyalardan hüquqi yollarla yayınmaq mümkün olsa da, hərbi risklərdən (xüsusən suüstü dronlardan) yayınmaq artıq qeyri-mümkündür.

Gəminin maşın bölməsinin hədəf alınması həm də Bosfor boğazı kimi kritik keçid nöqtələrində logistik xaos yaratmaq məqsədindən xəbər verir. Bu, Rusiyanın Novorossiysk limanından həyata keçirdiyi ixracın maya dəyərini artırır.

Bosforun cəmi 14 milliyində baş verən hücum Türkiyə sularına yaxın əraziləri “yüksək riskli zona”ya çevirir. Bu isə bütün növ daşımalar üçün sığorta mükafatlarının (premiumların) artması deməkdir.

Rusiya neftini daşıyan “kölgə” gəmiləri, adətən, Qərb sığorta klublarından kənarda qalır. Bu cür gəmilərin zədələnməsi zamanı yaranacaq ekoloji fəlakətin (məsələn, 140 min ton neftin sızmasının) xərclərini heç bir sığorta şirkəti qarşılamaz. Bu, başda Türkiyə olmaqla, bütün sahilyanı dövlətləri belə gəmilərin keçidinə daha sərt məhdudiyyətlər qoymağa məcbur edə bilər.

Türkiyə üçün çətin seçim

Hadisənin Bosfor yaxınlığında olması rəsmi Ankarı ciddi sınaq qarşısında qoyur.

Bir tərəfdən, Montrö konvensiyasının tələbinə görə Türkiyə boğazlardan keçən gəmilərin təhlükəsizliyinə zəmanət verməlidir.

Digər tərəfdən, sanksiyalı gəmilərin yaratdığı ekoloji və hərbi risklər Türkiyəni bu gəmilərə qarşı filtirləmə mexanizmini işə salmağa vadar edir.

“Politfm”