Üllüstrasiya: Sİ

 

 

Rusiyada Dövlət Dumasına və regional parlamentlərə seçkilər yaxınlaşdıqca, hakimiyyətin namizədlərinə real rəqib sayıla biləcək şəxslərin kampaniyadan kənarlaşdırılması kütləvi xarakter alır.

“Vyorstka”nın hesablamasına görə, sentyabrın 4-dək ən azı 36 birmandatlı namizəd qeydiyyata alınmayıb və ya seçkidən çıxarılıb. Onların 19-u “Yabloko”nun, səkkizi Kommunist Partiyasının namizədi, qalanları isə başqa partiyaların nümayəndələri və müstəqil siyasətçilərdir.

Bu gün “Yabloko”nun daha iki namizədi haqqında siyahıdan çıxarılma qərarı verildi. Beləliklə, hələ apellyasiya mərhələsində olan işlər də nəzərə alınmaqla, belə qərarların sənədləşdirilmiş sayı ən azı 38-ə çatıb.

Son qərarlar bu kampaniyada tətbiq olunan hüquqi mexanizmlərin xarakterini çox aydın göstərir. Çelyabinskdə “Yabloko”nun namizədi Yaroslav Şerbakov seçki videosunda Andrey Saxarovun portret və sitatlarından, eləcə də Andrey Qromıkoya aid edilən “On il danışıqlar aparmaq bir gün müharibə etməkdən yaxşıdır” fikrindən istifadə etdiyinə görə müəllif hüquqlarını pozmaqda ittiham olunaraq qeydiyyatdan çıxarılıb. Nijni Novqorodda isə Dmitri Smirnovun namizədliyinin ləğvinə 2015-ci ildə paylaşdığı foto səbəb olub: şəkildə “Motörhead” qrupunun solisti Lemmy-nin boynunda dəmir xaç görünürdü. Hər iki qərar birinci instansiyada verilib, apellyasiya mərhələsi qabaqdadır.

Namizədlərə qarşı ən çox istifadə olunan vasitə İnzibati Xətalar Məcəlləsinin “ekstremist simvolların nümayişi” ilə bağlı 20.3-cü maddəsidir. “Vyorstka”nın araşdırdığı 36 işin 27-də məhz bu maddə tətbiq olunub. On yeddi halda səbəb köhnə sosial media paylaşımlarında Aleksey Navalnının adının, şəklinin və ya onun təşkilatlarının simvollarının görünməsi, yeddi halda isə “Facebook” və ya “Instagram” loqoları və onlara aid keçidlər olub. Bu maddə üzrə cəzanın qüvvəyə minməsi şəxsin bir il müddətinə seçilmək hüququnu avtomatik itirməsi ilə nəticələnir. Beləliklə, min və ya iki min rublluq inzibati cərimə siyasi müstəvidə namizədliyin ləğvinə çevrilir.

Kommunist Partiyasının ən tanınmış namizədlərindən Nikolay Bondarenko da bu mexanizmlə seçkidən çıxarılıb. Məhkəmə onu 2024-cü ildə Navalnının fotosunun yerləşdirildiyi “Telegram” paylaşımına görə min rubl cərimələmişdi. Bondarenko həmin kanalın ona aid olmadığını bildirsə də, apellyasiya instansiyası qərarı qüvvədə saxlayıb. Sentyabrın 7-də isə Mərkəzi Seçki Komissiyası 12 nəfər lehinə, bir nəfər əleyhinə olmaqla, onun qeydiyyatını ləğv edib. Bondarenko KPRF-nin Udmurtiya və Perm diyarını əhatə edən regional qrupuna rəhbərlik edir.

KPRF-in digər namizədləri İvan Apostolevski 2018-ci il tarixli paylaşımında “Facebook” və “Instagram” keçidlərinə, Vladimir Qudomarov isə köhnə fotolarda qadağan edilmiş simvolların görünməsinə görə kampaniyadan kənarlaşdırılıb. Hakimiyyətin rəqib gördüyü namizədlərə qarşı xarici qiymətli kağızlar, sənədlərdəki texniki səhvlər və müəllif hüquqlarından da istifadə olunur. Bununla belə, bütün qərarlar dəyişməz qalmır. Məsələn, indiki Dumanın deputatı Mixail Matveyev fotolardan və “Microsoft” şriftlərindən qanunsuz istifadə iddiası ilə əvvəlcə seçkidən çıxarılsa da, apellyasiya məhkəməsi onun qeydiyyatını bərpa edib.

“Yabloko”ya qarşı təzyiq isə daha sistemli və dağıdıcı xarakter daşıyır. Partiyanın 269 nəfərlik federal namizəd siyahısını Mərkəzi Seçki Komissiyası iyulun 29-da yekdilliklə qeydiyyata alsa da, hakimiyyətə loyal və açıq militarist mövqeli “Rodina” partiyasının 7 avqustda Ali Məhkəməyə müraciəti 3 gün sonra həmin qeydiyyat ləğv edildi, avqustun 17-də apellyasiya bu qərarı qüvvədə saxladı, ertəsi gün isə MSK “Yabloko”nu federal bülletendən çıxardı.

Formal ittihamlar müəllif hüquqlarının pozulması, partiyaya ianə verən bəzi Rusiya vətəndaşlarının daha əvvəl xaricdən pul alması və partiyanı dəstəkləyən seçki materiallarının xarici platformalarda yayılması ilə bağlı idi. “Rodina” nümayəndələri “Sülh və azadlıq” şüarında “ekstremizm əlamətləri” də axtarırdılar, lakin məhkəmə həmin iddianın ayrıca araşdırma tələb etdiyini bildirdi. Buna baxmayaraq iddianın siyasi mahiyyəti gizlədilmədi: “Rodina” rəhbəri “Yabloko”nu “milli xəyanətkarlar” adlandırmışdı. Kalininqradda “Yabloko” siyahısına qarşı iddia qaldıran “Kommunistı Rossii” təşkilatının yerli rəhbəri də məhkəməyə müraciət etmələrinin səbəblərindən birinin partiyanın antimüharibə mövqeyi olduğunu açıq söyləmişdi.

Federal siyahının ləğvi “Yabloko”nun birmandatlı namizədlərini avtomatik olaraq seçkidən çıxarmadı. Lakin bundan sonra həmin namizədlərə qarşı ayrı-ayrılıqda məhkəmə iddiaları və inzibati protokollar dalğası başladı. Sentyabrın 7-si vəziyyətinə partiyanın irəli sürdüyü 137 namizədindən 119-u qeydiyyatda qalıb. Dörd namizəd barəsində “ekstremist simvol” protokolu tərtib edilib, yeddisinin çıxarılması üçün məhkəməyə müraciət olunub. Partiya seçki gününə yalnız təxminən 108 namizədin qala biləcəyini düşünür. “Yabloko”nun regional siyahılarından isə yalnız Novqorod və Tomsk vilayətlərindəkilər qalıb.

Bu hadisələri Rusiyadakı antimüharibə ovqatından ayrı təhlil etmək mümkün deyil. “Levada” sorğu mərkəzinin avqust sorğusunda respondentlərin 59 faizi sülh danışıqlarına başlamağı, 31 faizi hərbi əməliyyatları davam etdirməyi seçib. Eyni zamanda, 68 faiz Rusiya ordusunun hərəkətlərini dəstəklədiyini deyib. Gənclər arasında danışıq tərəfdarlarının payı 71 faizə çatıb, respondentlərin 61 faizi isə müharibənin özlərinin və ya ailələrinin həyatına təsir göstərdiyini bildirib.

Amma bu rəqəmlər Rusiyada vahid, liberal və prinsipial antimüharibə çoxluğunun formalaşdığı anlamına gəlmir. Eyni respondet həm ordunu dəstəklədiyini, həm də döyüşlərin dayandırılmasını istəyə bilir. Hakimiyyətin müharibənin zəruriliyi barədə arqumentlərini qəbul edənlər yeni səfərbərlikdən, itkilərdən, bahalaşmadan və müharibənin sonsuz davam etməsindən qorxurlar. Ona görə də mövcud vəziyyəti “antimüharibə çoxluğu”ndan daha çox, genişmiqyaslı sülh tələbi və müharibə yorğunluğu kimi qiymətləndirmək daha doğru olar.

“ExtremeScan” təşkilatının iyul sorğusu da bunu göstərir. Yeni səfərbərliklə müharibənin dayandırılması arasında seçimdə respondentlərin 56 faizi döyüşlərin dayandırılmasını, 21 faizi səfərbərliyi seçib. KPRF seçicilərində bu nisbət 59-un 21-ə, “Yabloko” seçicilərində isə 89-un 6-ya olub. “Yabloko” tərəfdarlarının 75 faizi müharibəni dəstəkləmədiyini deyib. KPRF elektoratında isə sosial ədalətsizlik, yoxsulluq və hakimiyyətdən ümumi narazılıq daha böyük rol oynayır.

KPRF özü antimüharibə partiyası deyil. Təşklatın sədri Gennadi Züqanovun seçki platforması “Qələbə proqramı” adlanır və partiya rəhbərliyi müharibənin davam etdirilməsini, ölkənin “qələbə üçün səfərbər olunmasını” müdafiə edir. Lakin kommunistlərin seçiciləri partiya rəhbərliyindən daha müxalif, ayrı-ayrı yerli namizədlər isə daha müstəqil ola bilirlər.

“Yabloko”nun MSK-dakı federal qeydiyyatı ləğv edilməsi hakimiyyətdən narazı olan və sülh istəyən seçicilərin bir hissəsini KPRF-in namizədlərinə yönəldə bilər. Ona görə kommunistlərə qarşı kampaniya partiyanı bütövlükdə qadağan etməkdən çox, onun daxilindəki məşhur və idarəolunmayan fiqurları təmizləmək planı kimi görünür.

“Yabloko” ilə bağlı risk daha fundamental idi. Partiya seçkidə böyük qələbəyə yaxın görünməsə də, bəzi sorğularda 5 faizlik baryerə yaxınlaşdığı görünürdü və gənclər arasında sürətlə tanınmağa başlamışdı. Kreml administrasiyasına yaxın anonim mənbələr “Meduza”ya bildiriblər ki, “Yabloko”nun qeydiyyatı əvvəlcə bir növ eksperiment kimi qəbul olunub, sosial mediada dəstək artdıqdan və sorğularda yüksəliş göründükdən sonra isə onun seçkidə iştirakı riskli hesab olunub. Onların sözlərinə görə, hakimiyyət üçün problem təkcə bir neçə mandate itirmək olmayıd: “müharibəni bitirmək” mövzusu bütün seçki kampaniyasının mərkəzinə çevrilə bilərdi.

Duma seçkilərində 225 mandat partiya siyahıları, digər 225 mandat isə birmandatlı dairələr üzrə bölüşdürülür. Bu baxımdan “Yabloko”nun federal siyahısının çıxarılması ölkə üzrə antimüharibə səslərinin vahid nəticəyə çevrilməsinin qarşısını alır. Birmandatlı namizədlər yalnız öz dairələrində birinci yeri tutmaqla mandat qazana bilərlər. Onların seçki kampaniyası ümumi antimüharibə faizini göstərmir, vahid kampaniya yarada bilmir və inzibati və məhkəmə təzyiqinə daha açıq olur.

Başqa sözlə, hakimiyyətin məqsədi yalnız “Vahid Rusiya”ya daha çox mandat qazandırmaq deyil. Məqsəd seçkini müharibənin davam edib-etməməsi haqqında dolayı referenduma çevrilməkdən qorumaqdır. “Yabloko”nun federal siyahısının seçkidən çıxarılması sülh istəyən vətəndaşları həm Dumada mümkün nümayəndəlikdən məhrum edir; həm də onların ümumi sayının siyasi baxımdan hesablanmasına əngəl yaradır. KPRF-in güclü namizədlərinin “budanması” isə sosial narazılığın idarə olunmayan parlament təmsilçiliyinə çevrilməsinin qarşısını alır.

“Dumaya yalnız müharibə tərəfdarlarını buraxırlar” iddiası məhz buna görə doğrudur. “Yabloko” seçki marafonundan çıxarıldıqdan sonra müharibənin dayandırılmasını proqramının mərkəzinə qoyan heç bir siyasi qüvvə qalmayıb. Bununla belə, ayrı-ayrı namizədlərə münasibətdə müharibəyə loyallıq faktoru da kifayət etmir: namizəd eyni zamanda idarəolunan olmalı və hakimiyyətin əvvəlcədən planlaşdırdığı nəticəyə ciddi təhlükə yaratmamalıdır.

Beləliklə, 2026-cı il seçkisində hakimiyyətin əsas hədəfi sülh arzusunun parlamentə keşməsinə imkan verməməkdir.

“Politfm”