İllüstrasiya: Sİ

 

 

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyat real ifadədə 1,2% böyüyüb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin eyni dövründə ÜDM 83 milyard 37,8 milyon manat, real iqtisadi artım isə 1% təşkil etmişdi. Beləliklə, artım tempi illik müqayisədə 0,2 faiz bəndi sürətlənib. ÜDM-in nominal həcmi 4 milyard 671,7 milyon manat və ya 5,6% artıb.

Neft-qaz sektorunda 26 milyard 181,9 milyon manatlıq ÜDM formalaşıb, əlavə dəyər real ifadədə 0,8% azalıb. 2025-ci ilin eyni dövründə sektorda 2,1%-lik geriləmə qeydə alınmışdı. Bununla da neft-qaz sektorundakı azalmanın tempi 1,3 faiz bəndi səngiyib.

Qeyri-neft-qaz sektorunda ÜDM 57 milyard 648,3 milyon manatdan 61 milyard 527,6 milyon manata yüksəlib. Nominal artım 3 milyard 879,3 milyon manat və ya 6,7% təşkil edib.

Bununla belə, sektorda real artım ötənilki 2,6%-dən 2,1%-ə enərək 0,5 faiz bəndi zəifləyib. Qeyri-neft-qaz sektorunun ümumi ÜDM-də payı isə 69,4%-dən 70,1%-ə yüksəlib.

Beləliklə, ümumi iqtisadi artım cüzi sürətlənsə də, qeyri-neft-qaz sektorunda real dinamika zəifləyib. Ümumi göstəricinin yaxşılaşması neft-qaz sektorundakı azalmanın səngiməsi fonunda baş verib.

“Politfm”