Germany Election

AfD-nin namizədi Ulrix Ziqmund (ortada) partiya rəhbərləri Alice Vaydel (solda) və Tino Krupalla; Maqdeburq, Saksoniya-Anhalt, Almaniya, 6 sentyabr 2026 (foto:AP)

 

 

Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” Partiyası (AfD) Saksoniya-Anhalt əyalətində keçirilən seçkidə səslərin 43,8 faizini toplayaraq tarixi nəticə əldə edib. Partiya beş il əvvəlki göstəricisini iki dəfədən çox artırıb və Almaniyada indiyədək keçirilmiş əyalət seçkilərində ən böyük uğuruna imza atıb.

AfD 83 yerlik əyalət parlamentində 39 mandat qazanıb. Partiyaya təkbaşına hökumət qurmaq üçün daha üç deputatın dəstəyi lazımdır. Buna görə AfD-nin qələbəsi hələ hakimiyyətə gəlməsi demək deyil. Bununla belə, nəticə Almaniyanın İkinci dünya müharibəsindən sonra formalaşmış siyasi sistemini ciddi sınaq qarşısında qoyub.

Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) cəmi 17,2 faiz səs və 15 mandat qazanıb. Bu, uzun illər Saksoniya-Anhalt siyasətinə hakim olmuş partiya üçün ağır məğlubiyyətdir. Sosial Demokrat Partiyası 9,3, Yaşıllar 8,9, Sol Partiya isə 8,6 faiz səs toplayıb. Sara Vaqenknext İttifaqı 5,3 faizlə parlamentə düşüb. Seçici fəallığı 77,8 faiz olub.

Merts tənqidlərin mərkəzində 

“Reuters”-in təhlilinə görə, Saksoniya-Anhaltdakı nəticə yalnız yerli hakimiyyət uğrunda mübarizənin yekunu deyil. Bu, eyni zamanda Mertsin iqtisadi və sosial siyasətinə verilmiş qiymətdir.

ARD telekanalının sifarişi ilə keçirilən sorğuda seçicilərin 87 faizi federal hökumətin fəaliyyətindən narazı olduğunu bildirib. ZDF-nin sorğusunda iştirak edənlərin dörddə üçü, o cümlədən CDU tərəfdarlarının təxminən yarısı Mertsin partiyanın seçki nəticəsinə mənfi təsir göstərdiyini düşünür.

Kansler məğlubiyyətin CDU-nu “təməlinədək sarsıtdığını” etiraf edib. Lakin istefa vermək fikrində olmadığını və iqtisadi islahatları davam etdirəcəyini bildirib:
“Geri çəkilmək mənim üçün çıxış yolu deyil”.

Merts AfD ilə əməkdaşlığı da qəti şəkildə rədd edib. Almaniyanın əsas siyasi partiyalarının AfD ilə koalisiyaya girməmək barədə mövqeyi ölkədə “siyasi sədd” adlandırılır. AfD isə bu siyasətin milyonlarla seçicinin iradəsini görməzliyə vurduğunu bildirir.
Partiyanın əyalət üzrə əsas namizədi, 35 yaşlı Ulrix Ziqmund hökumət qurmaq üçün xalqdan mandat aldıqlarını deyib. AfD CDU deputatlarını partiyalararası səddi aşmağa və sağçı çoxluğun yaradılmasına kömək etməyə çağırır. Lakin CDU rəhbərliyi belə əməkdaşlığın mümkün olmadığını bildirir.

Parlamentə düşən Sara Vaqenknext İttifaqının mövqeyi də həlledici ola bilər. AfD kimi, bu partiya da kütləvi miqrasiyaya qarşı çıxır, Ukraynaya yardımın dayandırılmasını və Moskva ilə münasibətlərin bərpasını istəyir. Bununla belə, BSW rəhbərliyi indiki mərhələdə nə AfD-nin, nə də CDU-nun hökumət başçısı namizədini dəstəkləyəcəyini açıqlayıb.

Şərqlə qərb arasındakı dəyişməz fərq

Saksoniya-Anhalt seçkilərinin nəticəsi yalnız miqrasiya məsələsindən qaynaqlanmır. Əyalətdəki narazılığın kökləri Almaniyanın birləşməsindən sonrakı iqtisadi və sosial dəyişikliklərə gedib çıxır.

Keçmiş Şərqi Almaniyada yerləşən və təxminən 2,1 milyon nəfərin yaşadığı Saksoniya-Anhalt 1990-cı ildən bəri əhalisinin təxminən dörddə birini itirib. Birləşmədən sonra bölgədə sənaye müəssisələrinin böyük hissəsi bağlanıb, yüz minlərlə insan işsiz qalıb və çox sayda gənc qərb əyalətlərinə köçüb.

Orda işsizlik 2003-cü ildə 22 faizə çatmışdı. İndi bu göstərici 8 faizə enib. Kimya sənayesi qismən bərpa olunub, logistika və yaşıl enerji sahələrində yeni müəssisələr yaradılıb. Lakin iqtisadi göstəricilərin yaxşılaşması cəmiyyətdəki “geridə qalmışıq” düşüncəsini aradan qaldırmayıb. “Reuters”-in istinad etdiyi 2026-cı il hesabatına görə, Almaniyanın şərqində yaşayanların sərvəti qərb əyalətlərindəki göstəricinin təxminən dörddə biri qədərdir.

AfD məhz bu narazılığı siyasi alətə çevirə bilib. Partiya özünü Berlinin həll etmədiyi problemlərdən danışan və köhnə siyasi qüvvələrə qarşı çıxan hərəkat kimi təqdim edir. Seçki kampaniyasında Ziqmund “əvvəlki təhlükəsiz Almaniyanı geri qaytarmaq” vədi ilə çıxış edib. Sosial şəbəkələrdən, xüsusilə də “TikTok”dan fəal istifadə etməsi ona gənc seçicilər arasında da böyük auditoriya qazandırıb.

Seçici bölgüsü göstərir ki, AfD kişilər, fəhlələr, gənclər və maddi vəziyyəti daha qeyri-sabit olan təbəqələr arasında xüsusilə yüksək nəticə əldə edib. Kişilərin 50, qadınların isə 39 faizi bu partiyaya səs verib.

AfD-nin əsas silahı – iqtisadi narazılıqlar

Almaniya iqtisadiyyatı bir neçə illik durğunluqdan çıxmağa çalışır. “Reuters Breakingviews” bu il 0,6 faizlik artım gözlənildiyini yazır. Belə zəif canlanma hələ seçicilərin gündəlik həyatında hiss olunmur.

Yüksək enerji qiymətləri, artan yaşayış xərcləri, pensiya islahatları və sənayedə iş yerlərinin azalması AfD-nin kampaniyasına əlverişli zəmin yaradıb. “Volkswagen”-in dünya üzrə 50 minədək iş yerini ixtisar edəcəyi və Almaniyadakı bəzi böyük müəssisələrini bağlaya biləcəyi barədə açıqlaması ölkə sənayesindəki böhranın miqyasını bir daha nümayiş etditib.

Merts 2025-ci ildə kansler seçiləndə iqtisadiyyatı canlandıracağını vəd etmişdi. Onun hökuməti borclanmanı məhdudlaşdıran ənənəvi büdcə siyasətini yumşaldıb, infrastrukturun yenilənməsinə və ordunun gücləndirilməsinə yüz milyardlarla avro ayırmağı planlaşdırıb. Lakin bu vəsaitlərin təsiri insanların həyat səviyyəsində hələ hiss edilmir.

AfD isə Almaniyanın iqtisadi problemlərini Ukraynaya verilən dəstək, Rusiya ilə enerji əlaqələrinin kəsilməsi və miqrasiya siyasəti ilə əlaqələndirir. Partiya Moskvaya qarşı sanksiyaların ləğvini, Rusiya ilə neft-qaz ticarətinin bərpasını və Ukraynaya ayrılan vəsaitin ölkə daxilində xərclənməsini istəyir.

Bu çağırışlar keçmiş Şərqi Almaniyada daha çox tərəfdar tapır. Orda Sovet İttifaqı və Rusiya ilə münasibətlərə qərb əyalətlərindən fərqli yanaşılır. ARD-nin sorğusuna görə, “Avropada sülh” vədi seçicilərin qərarına təsir edən ikinci mühüm məsələ olub.
Merts seçkidən sonra Ukraynaya dəstək siyasətini dəyişməyəcəyini bildirib:
“Azadlığımızı Rusiyadan qorumaq barədə mövqeyimdən bir millimetr belə geri çəkilməyəcəyəm”.

Əsas təhlükə uzunmüddətli iqtisadi problemlərdədir

AfD-nin Saksoniya-Anhaltdakı qələbəsi Almaniya iqtisadiyyatının qısamüddətli inkişafını dərhal dayandırmaya bilər. Əsas risk daha uzun müddətdə üzə çıxa bilər.
Almaniya əhalisi sürətlə qocalır və ölkə artıq ixtisaslı işçi çatışmazlığı ilə üzləşir. Federal hökumətin 2026-cı il iqtisadi hesabatında göstərilir ki, 2035-ci ilədək əmək qabiliyyətli əhalinin sayı hər il 290–445 min nəfər azala bilər. İmmiqrasiyanın sərt şəkildə məhdudlaşdırılması sənaye, tikinti, nəqliyyat, səhiyyə və sosial xidmətlərdə işçi çatışmazlığını daha da ağırlaşdıra bilər.

Saksoniya-Anhaltın özü də xarici sərmayəyə və başqa ölkələrdən gələn ixtisaslı işçilərə ehtiyac duyur. Sahibkarlar xəbərdarlıq edirlər ki, AfD-nin sərt miqrasiya siyasəti və əyalət təşkilatının radikal imici yeni şirkətlərin bölgəyə gəlməsinə mane ola bilər.

Bölgənin təhlükəsizlik orqanı AfD-nin yerli təşkilatını “təsdiqlənmiş sağçı ekstremist qurum” olaraq təsnif edib. Partiya bu qərarı siyasi təzyiq sayır və ittihamları qəbul etmir.
AfD əyalətdə hökumət qursa belə, Rusiyaya qarşı sanksiyaları və ya Ukraynaya yardımı təkbaşına dayandıra bilməz. Bunlar federal hökumətin və Avropa İttifaqının səlahiyyətinə daxildir. Saksoniya-Anhalt Almaniya parlamentinin yuxarı palatasında 69 səsdən yalnız dördünə sahibdir. Buna baxmayaraq AfD-nin ilk dəfə əyalət hökumətinə rəhbərlik etməsi partiyanın ölkə miqyasında qəbul edilməsinə və 2029-cu ildə keçiriləcək federal seçkilərdə uğurlu iştirakına böyük təkan verə bilər.

AfD-nin qələbəsi Fransa və digər Avropa ölkələrində də narahatlıq yaradıb. Fransanın maliyyə naziri Roland Leskür bunu bütün Avropa üçün “çox ciddi xəbərdarlıq” adlandırıb. Fransa 2027-ci ildə prezident seçkisinə gedir və sorğular göstərir ki, ifrat sağçı Milli Birlik Partiyası hakimiyyət uğrunda əsas namizədlərdən birinə çevrilib.

“Politfm”