Foto: AFP

 

 

Rusiya Prezidenti Vladimir Putin dünən – mayın 19-u axşam saatlarında Çinə səfər edib. Bu gün o, Çin lideri Si Tzinpinlə görüşüb, daha sonra tərəflər arasında geniş tərkibdə danışıqlar aparılıb. Hər iki lider münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.

Si Tzinpin bildirib ki, “Çin və Rusiya münasibətləri daim yeni zirvələrə yüksəlir” və qlobal nizamın transformasiyası şəraitində bu münasibətlər “əsas sabitlik amili” rolunu oynayır.
Putinsə deyib ki, Rusiya və Çin “daha ədalətli və demokratik dünya düzəni qurmağa çalışırlar” və beynəlxalq arenadakı gərgin vəziyyətdə onların “sıx əməkdaşlığı” xüsusilə vacibdir (“Radio Svoboda”).

Rusiya prezidentinin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər “misilsiz yüksək səviyyəyə” çatıb. O bildirib ki, Rusiyayla Çin arasında iqtisadi əməkdaşlığın lokomotivi energetika sahəsindəki qarşılıqlı fəaliyyətdir:
“Yaxın Şərqdəki böhran fonunda Rusiya hələ də etibarlı resurs təchizatçısı, Çin isə bu resursların məsuliyyətli istehlakçısı olaraq qalır”.

Putin və Tzinpin “Çoxqütblü dünyanın və yeni tip beynəlxalq münasibətlərin formalaşması haqqında” Bəyannamə imzalayıblar.
Bundan başqa, Rusiyayla Çin arasında “hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı fəaliyyətin gücləndirilməsi” və sair mövzularda sənədlər imzalanıb. Putin və Tzinpin dostluq və əməkdaşlıq haqqında mövcud müqavilənin uzadılması barədə də razılığa gəliblər.
Putinin Pekinə səfəri bu müqavilənin 25 illiyinə təsadüf edir.

Tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyanatda Ukrayna müharibəsinə də toxunulub, qeyd edilib ki, “Tərəflər BMT nizamnaməsinin prinsiplərinə tam, kompleks və qarşılıqlı əlaqəli şəkildə riayət olunması əsasında Ukrayna böhranının ilkin səbəblərinin tam aradan qaldırılmasının zəruri olduğuna inanırlar”, “dialoq və danışıqlar vasitəsilə həll yolları axtarışını davam etdirməyin tərəfdarıdırlar”.

Rusiya rəsmiləri Ukraynaya qarşı müharibənin dayandırılması üçün müxtəlif “ilkin səbəblərin” aradan qaldırılmalı olduğunu bildirirlər. Bu səbəblər sırasında NATO-nun genişlənməsindən tutmuş Ukraynanın dövlət dili məsələsinə qədər müxtəlif məsələlər göstərilir.

“Çoxqütblü dünyanın və yeni tip beynəlxalq münasibətlərin formalaşması haqqında” bəyanatda isə ABŞ və digər Qərb ölkələrinə ünvanlanmış tənqid var – qeyd olunur ki, “digər dövlətlərin daxili işlərinə müdaxilə üçün insan hüquqlarından bəhanə kimi istifadə edilməsinə, həmçinin insan hüquqları məsələlərinin siyasiləşdirilməsinə və alətə çevrilməsinə qarşı qəti şəkildə çıxış etmək lazımdır”. Həmçinin vurğulanır ki, “Fikir ayrılıqları və mübahisələr münaqişələrin köklü səbəbləri aradan qaldırılmaqla, sülh yoluyla həll edilməlidir”.

Danışıqlarda tərəflər iki ölkə arasındakı vizasız rejimin 2027-ci il dekabrın 31-dək uzadılması barədə razılığa gəliblər. Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat verib.

Putindən bir neçə gün əvvəl Çinə ABŞ Prezidenti Donald Tramp səfər etmişdi. Hər iki tərəf danışıqlardan məmnunluq ifadə etsə də, konkret razılaşmalar barədə məlumat verilmir.

 

“Politfm”