Foto: “The Moscow Times”


Vladimir Putinin Ukraynada müharibə başlayandan bəri Çinə beşinci, bütün prezidentliyi dövründə isə 25-ci səfərində “Sibirin gücü-2” qaz kəmərinin tikintisiylə bağlı razılaşma əldə edilməyib (“The Moscow Times”).

10 ildən artıqdır müzakirə olunan və Çinə qaz tədarükünün illik 100 milyard kubmetrə çatdırılmasını nəzərdə tutan bu layihəylə bağlı hələ də razılaşdırılmamış detallar var – Kremlin sözçüsü Dmitri Peskov bunu Çin Xalq Respublikasının sədri Si Tzinpinlə Putin arasında keçirilən danışıqlardan sonra deyib.

O, əlavə edib ki, qaz kəmərinin marşrutu və “anlaşmanın əsas parametrləri” razılaşdırılıb, amma layihənin həyata keçirilmə müddətiylə bağlı hələ də konkret razılaşma yoxdur.

“Hazırda dəqiq tarix yoxdur. Əslində bu, kommersiya xarakterli məlumatdır. Amma kifayət qədər böyük nailiyyətdir” – Peskov TASS-a açıqlamasında belə deiyb.

Putin Pekinə böyük nümayəndə heyətiylə gedib. Onların arasında baş nazirin 5 müavini, 8 nazir və böyük dövlət şirkətlərinin, o cümlədən “Qazprom” və “Rosneft”in rəhbərləri də olub.

Səfər zamanı Putin Rusiya-Çin əməkdaşlığının “sərhədsiz perspektivlərindən” danışıb və Çinə neft, kömür və qaz ixracını fasiləsiz davam etdirməyə söz verib.
Danışıqların yekununda Moskva və Pekin 40 sənəd imzalayıb. Amma Kremlin dərc etdiyi siyahıdan məlum olur ki, bu sənədlərdə nə “Sibirin gücü-2” layihəsindən, nə də neft-qaz sahəsində əməkdaşlıq nəzərdə tutulub.

“Financial Times” qəzetinə danışan mənbənin sözlərinə görə, qaz kəməriylə razılaşmaya  əsas maneə yenə də qazın qiymətidir – Çin qiymətin Rusiyadakı daxili tariflər səviyyəsinə (min kubmetr üçün təxminən 50 dollar) yaxınlaşdırılmasını tələb edir.

Bu rəqəm Pekinin hazırda ödədiyi qiymətdən (258 dollar) təxminən 5 dəfə, “Qazprom”un uzaq xaricdəki digər müştərilərinə tətbiq etdiyi qiymətdən (420 dollar) 8,5 dəfə azdır.
Ekspertlər qeyd edirlər ki, Putinin Çinə səfərinin əsas məqsədlərindən biri məhz qaz kəməri məsələsində irəliləyişə nail olmaq idi.

Moskva bu layihəni Ukraynaya genişmiqyaslı müdaxilədən sonra itirdiyi Avropa qaz bazarlarının bərpası üçün həlledici hesab edir. Analitiklərin fikrincə, böhran Moskvanın arqumentlərini gücləndirib: Rusiyadan yerüstü marşrutlarla enerji tədarükü Çinə həssas dəniz yollarından asılılığı azaltmağa kömək edə bilər. Amma Pekin təkcə qiymətlərə yox, enerji sahəsində Rusiyadan hədsiz asılılıq məsələsinə də ehtiyatla yanaşır.

Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, səfər zamanı energetika sahəsində “birgə layihələr” və daha bir sahədə “vacib bir şey üzrə” razılaşmalar əldə olunub.

 

“Politfm”