Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin dünənki iclasında “Daşnaksütyun” partiyasını “cinayətkar” adlandırıb.

Bu partiyadan olan deputatın məktəblərdəki zorakılıq halları və əsgərlər arasında intiharlarla bağlı sualına Paşinyan belə cavab verib:

“Ermənistanda belə partiya mövcud olduqca bu problem mövcud olacaq və bizim siyasi öhdəliklərimizdən biri Ermənistanda sizin kimi partiyaların mövcudluğuna imkan verməməkdir. Ermənistanda insanların silaha and içib üzv olduqları, üzvlərinin güllələnməsini adi hal sayıldığı partiya mövcuddur”.

3 ay sonra keçiriləcək parlament seçkiləri fonunda Paşinyanın “Daşnaksütyun”a (Erməni İnqilab Federasiyası – EİF) qarşı bu kəskin ittihamları həm ölkə daxilindəki güc balansına, həm də ölkənin gələcək siyasi arxitekturasına təsir edə bilər.

Yenilər-revanşistlər çəkişməsi

“Daşnaksütyun”a cinayətkar demək və onun mövcudluğuna son qoymaq vədi hakim partiya üçün əlverişli mövqe sayıla bilər.
Bununla Paşinyan ordudakı intiharları və sistemli zorakılıq hallarını köhnə sistemin “qalığı” olan EİF-lə əlaqələndirərək problemlərin əsas səbəbkarlarıyla mübarizə apardığını vurğulamış olur.

Bir tərəfdə onun təmsil etdiyi “yeni və suveren Ermənistan”, digər tərəfdəsə “qanlı keçmişə malik revanşistlər” – əhaliyə təqdim olunan bu seçim variantı müxalifətin manevr imkanlarını məhdudlaşdıra bilər.

Seçki öncəsi qüvvələr nisbəti

Ermənistandakı siyasi partiyaların qələbə şansları və qarşılaşdıqları maneələr fərqli trayektoriyalar üzrə inkişaf edir.

Vətəndaş Müqaviləsi Partiyası 

İqtidar partiyası hələ də ən güclü tərəf kimi görünür. Bunun əsas səbəbi Paşinyanın geniş administrativ resurslara sahib olması və rəqiblərinin parçalanmış vəziyyətdə qalmasıdır. Cəmiyyətin əhəmiyyətli hissəsi “köhnələrin qayıdışı” qorxusundan hələ də Paşinyana səs verməyə meyllidir. Bu onu alternativsiz lider statusunda saxlayır.

“Daşnaksütyun”

Paşinyanın “hücumunu” EİF üçün həm təhlükə, həm də fürsət hesab etmək olar. Bu partiyanın gücü köklü ideoloji bazasında və dünyadakı erməni diaspor təşkilatlarıyla yaxın əlaqələrindədir.

Amma Paşinyanın “Daşnaksütyun”a “cinayətkar” damğası vurması partiyanın müasirləşən seçici kütləsi, o cümlədən gənclər arasındakı populyarlığını sarsıdır. Qarşıdakı seçkilərdə EİF-in  təkbaşına qələbə şansı azdır, genişmiqyaslı koalisiyanın mərkəzində olması ona orta səviyyədə siyasi çəki qazandırır.

“Ermənistan” bloku (köhnə elita)

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ətrafında yaranmış bu blok seçicilərə maddi rifah və təhlükəsizlik vəd edir. Amma keçmiş məmurların cəmiyyətdəki yüksək antireytinqi və “keçmişin korrupsioner elitası” imici onların təkbaşına qələbə şansını azaldır. Blok Paşinyandan narazı, amma radikal millətçi olmayan kəsimə xitab etməyə çalışır.

Digər bir reallıq bundan ibarətdir ki, Ermənistan siyasətində yeni qüvvələr formalaşmaqdadır. Bu qruplar təmiz reputasiyaya sahibdirlər, amma tanınma və resurs çatışmazlıqları var. Hərçənd Paşinyan və daşnaklar arasındakı kəskin qarşıdurma seçki ərəfəfsində yeni qüvvələri önə çıxara bilər.

Paşinyanın ritorikası hüquqi müstəviyə keçsə və “Daşnaksütyun”un fəaliyyəti məhdudlaşdırılsa, bu, daxili sabitlik üçün təhdid ola bilər.

Artıq indidən konstatasiya etmək olar ki, qarşıdakı seçki sadəcə hakimiyyət uğrunda mübarizə yox, Ermənistanın “milli ideologiya” və “praqmatik dövlətçilik” arasında edəcəyi həlledici seçim olacaq.

Rəy sorğuları nə deyir?

Vətəndaş Müqaviləsi Partiyası: reytinqi stabilləşib, ötən ilin dekabr ayında 16,5% olub. 2021-ci il seçkilərində fərli olaraq bu dəfə  mütləq üstünlüyünü itirmək təhlükəsi var.

“Daşnaksütyun” və “Ermənistan” bloku: hər ikisinin reytinqi 10-15% civarındadır.

“Heç kimə səs verməyəcəyəm” deyənlər rekord həddə – 40%-ə çatıb. Yəqin ki, Paşinyanın “Daşnaksütyun”a qarşı aqressiv ritorikası məhz bu böyük seçici kütləsini öz tərəfinə çəkməyə hesablanıb.

Müxalifətin əks-hücum strategiyası

“Daşnaksütyun” və müttəfiqləri Paşinyana qarşı üç istiqamətdən hücum edirlər.

Birincisi, onu ölkənin konstitusion quruluşunu sarsıtmaqda və diktatura qurmaqda ittiham edirlər; bildirirlər ki, hansısa partiyanın fəaliyyətini qadağan etmək çağırışı Avropanın demokratiya standartlarına ziddir.

İkincisi, “Daşnaksütyun” xaricdəki diaspor strukturlarını hərəkətə gətirərək Ermənistan hökumətinə qarşı beynəlxalq təzyiq və maliyyə rıçaqlarından istifadə etməyə çalışır.

Üçüncüsü, müxlifətçilər Paşinyanı Ermənistanın ordu, kilsə, tarixi ənənələr kimi milli dəyərlərini məhv etməkdə günahlandıraraq qarşıdakı seçkini “milli mövcudluq mübarizəsi” kimi təqdim edirlər.

Seçki nəticələrinə təsir

Qarşıdakı seçkilərdə siyasi qüvvələrin taleyinə aşağıdakı amillər də təsir edəcək:

– sülh müqaviləsi: seçkiyə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması Paşinyanın “sülh gətirən lider” imicini gücləndirə bilər;

– Rusiya və Qərb faktoru: Rusiyanın müxalifətə, Qərbinsə Paşinyana verəcəyi açıq və ya gizli dəstəyin miqyası tərəflər arasındakı güc balansını dəyişə bilər;

– yeni lider ehtiyacı: Keçmiş elitadan və Paşinyandan fərqlənən, texnokrat bir lider (məsələn, keçmiş ombudsmanlardan və ya müstəqil siyasətçilərdən biri) önə çıxarsa, “qərarsız” 40%-in səsini alaraq bütün mənzərəni dəyişə bilər.

Sülh prosesinə təsir

Əslində, Paşinyanın “Daşnaksütyun”la bağlı sərt ittihamlarını Ermənistanın xarici siyasətindəki “böyük dönüşü” tamamlamaq cəhdi kimi də qiymətləndirmək olar. Çünki “Daşnaksütyun”un zəifləməsi sülh müqaviləsinin qarşısındakı ən böyük ideoloji səddi uçurmağı asanlaşdırar.

Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasındakı ərazi iddialarının (preambuladakı Müstəqillik Bəyannaməsinə istinadən) sənəddən çıxarılmasını istəyir. EİF bu islahata qarşı çıxan əsas qüvvədir. Paşinyansa, böyük ehtimal, partiyanı “cinayətkar” elan etməklə “miatsum” ideologiyasını daha çox marjinallaşdırmağa və referenduma gedən yolu hamarlamağa çalışır. 

“Real Ermənistan” konsepsiyasını təbliğ edən Paşinyanın daşnakları zəiflətməsi həm də sərhədlərin delimitasiyası prosesinə  müqaviməti zəiflətmiş olar.

“Politfm”