Foto: “baku.ws”
Bu gün – martın 5-də, günorta saatlarında İran Naxçıvana dron zərbələri endirib.
Azərbaycan XİN dronlardan birinin muxtar respublikanın hava limanının terminal binasına, digərinisə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşdüyünü, hava limanına ziyan dəydiyini, 4 nəfərin xəsarət aldığını açıqlayıb.
APA-nın məlumatına görə, yaralanan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Xəstəxananın təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov deyib ki, dron hücumu nəticəsində xəsarət alanlardan 2 nəfərə barotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Onların vəziyyətinin stabil olduğu bildirilir.
XİN-in məlumatında həmçinin qeyd olunub ki, “İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik”.
“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək” – XİN-in açıqlamasında belə deyilir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Naxçıvana dron hücumuna görə məsuliyyət İranın üzərinə düşür. Nazirlik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırladığını və bu hücum aktlarının cavabsız qalmayacağını bildirib.
Siyasi icmalçı Rauf Mirqədirov “AzadlıqRadiosu”na deyib ki, “Naxçıvan Muxtar Respublikasının beynəlxalq aeroportuna dron hücumu təsadüf də ola bilər, vəziyyətin kəskin şəkildə ağırlaşdırılmasıyla bağlı da. Bu gün Azərbaycanda çoxları İran rejimi üçün yas tutur. Yas tutmaq lazım deyil. Mövcud təhdidləri nəzərə almaq lazımdır. Rejimin gec-tez dağılacağının qaçılmaz olduğunu nəzərə alaraq hadisələrin inkişafına çoxdan hazır olmaq lazım idi. Baş verənlər İranın parçalanmasına və ya konfederasiyaya çevrilməsinə start verə biləcək hadisədir”.
R.Mirqədirova görə, baş verənlər Azərbaycan və Türkiyədən birlikdə hadisələrin təhlükəli gedişinə hazırlaşmaq tələb edir.
“Politfm”



