ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşüb.

Tramp Mertslə aralarında yaxın münasibət olduğunu deyərək onu tərifləyib, İrana qarşı hücuma dəstək vermək istəməyən İspaniya və İngiltərəni isə sərt tənqid edib.

Tramp və Merts iki ölkə arasındakı münasibətlər, eləcə də ABŞ və İsrailin İrana hücumu barədə açıqlamalar veriblər.

Mertsə tərif, Merkelə tənqid

Tramp “işini çox yaxşı görür” və “çox uğurludur” dediyi Mertslə dost olduqlarını, Almaniya ilə münasibətlərin çox yaxşı və dərin olduğunu bildirib.

Almaniyanın keçmiş kansleri Angela Merkeli tənqid edən Tramp ilk prezidentlik dövründə onunla anlaşa bilmədiyini deyib. O, Merkelə “Miqrasiya və enerji siyasətinizlə ölkənizə zərər verirsiniz” dediyini xatırladıb və Merkelin əksinə olaraq Mertsin “mükəmməl lider” olduğunu vurğulayıb.

“İranın hücum edəcəyini hiss etdim”

ABŞ-nin İrana beynəlxalq hüquq baxımından mübahisəli hesab olunan hərbi müdaxiləsilə bağlı suala Tramp belə cavab verib:

“Məncə, əvvəl onlar hücum edəcəkdilər”.

İrana İsrailin təzyiqiylə hücum əmri verdiyi iddialarına cavab olaraqsa bunları deyib:

“Əvvəl İranın hücum edəcəyini düşünürdüm və bunun baş verməsini istəmirdim. Ona görə də İsraili bu istiqamətdə addım atmağa, bəlkə də, mən məcbur etmiş ola bilərəm”.

Tramp əlavə edib ki, İranın ABŞ-yə hücum edəcəyi hissinə qapıldığı üçün hücum əmri verib. O, İranın hələ də raket
zərbələri endirdiyini, amma əməliyyatlar nəticəsində bu qabiliyyətini də itirəcəyini iddia edib:
“Onların çoxu artıq atılıb və biz də çoxunu məhv edirik”.

Tramp həmçinin ABŞ ordusunun İranın dəniz və hava hədəflərini vurduğunu bildirərək “demək olar ki, hər şeyin məhv edildiyini” iddia edib.

ABŞ Prezidenti “İranda baş verə biləcək ən pis ssenari Əli Xamenei kimi bir liderin ortaya çıxmasıdır” deyərək bunun baş verməsini istəmədiklərini vurğulayıb.

İspaniyayla ticarəti dayandırmaq təhdidi

İspaniyanın İrana hücumlarla bağlı ABŞ-nin bazalarından istifadə etməsinə icazə vermədiyini açıqlayan Tramp bu ölkəylə ticarəti dayandıracaqlarını bəyan edib.

“İspaniya bərbad davrandı” deyən Tramp Maliyyə naziri Skott Bessentə bütün əlaqələri kəsməyi tapşırdığını bildirib, “İspaniya ilə heç bir münasibətimiz olmasını istəmirik” deyib.

“İngiltərədən razı deyiləm”

Tramp ABŞ-nin yaxın müttəfiqi olan İngiltərəni də hədəf alıb. ABŞ və İsrailin İrana hücumuna qoşulmayan və Kiprdəki Britaniya hava bazalarından istifadə edilməsinə icazə verməyən Baş nazir Kir Starmerə qəzəbli olduğunu bildirən Tramp
“İngiltərədən razı deyiləm” deyib.

Starmer ABŞ-yə biri İngiltərədə, digəri Hind okeanında yerləşən iki Britaniya bazasından “məhdud və müdafiə məqsədli” istifadəyə icazə verib.

İrana hərbi əməliyyat zamanı çətinlik yaşadıqlarını da etiraf edən Tramp “Haraya enə biləcəyimizi tapmaq üç-dörd günümüzü aldı” deyib və Starmerə eyham vuraraq “Qarşımızdakı şəxs Uinston Çörçil deyil” ifadəsini işlədib.

Almaniya kansleri Merts isə “İranın qorxunc rejiminin devrilməsinin zəruri olduğu” məsələsində Trampla eyni mövqedə olduqlarını bildirib. Bu çətin dövrdə onunla görüşmək fürsəti əldə etməsindən məmnun olduğunu deyən Merts İran rejiminin devrilməsindən sonrakı prosesi və Ukrayna məsələsini də onunla müzakirə etmək istədiyini bildirib.

“Politfm