Ölkəni bərbad edib, dünyanı abadlaşdırmaq siyasəti
Azərbaycanda vəziyyət elədir ki, ilk baxışdan normal görünən, təbii olan hadisələr, xəbərlər də anormal təsir bağışlayır. Məsələn, “Azərbaycan 141 ölkəyə yardım göstərib”, “Azərbaycan nümayəndə heyəti filan ölkədəki seçki prosesini müşahidə edəcək”, “Azərbaycan Afrikada təhsilin inkişafına 100 milyon dollar vəsaiti ayırıb” kimi xəbərlər tirajlanır və bunu uğurlu idarəçiliyin töhfəsi kimi təqdim edirlər.
Amma diqqət edəndə görürük ki, öz ölkəmizdə məqsədli şəkildə bərbad vəziyyətə saldıqları sahələri, başqa ölkələrdə dirçəltmək üçün səy göstərirlər. Ölkədə təhsil haqqını ödəyə bilmədiyi üçün yezlərlə tələbə təhsilini yarımçıq qoyur, amma “humanist” hökumətimiz dünyanın o biri başında təhsilə qayğı göstərir. Yaxud öz ölkəmizdə yaşıllıqları məhv edib, dünyanın ekoloji problemlərinin qarşısını almaq üçün tədbir təşkil edirlər. Öz ölkəmizdə məktəblər, yollar bərbad vəziyyətdədir, Vatikanda, Serbiyada, Fransada xarabalıq abadlaşdırırlar. Ölkədə siyasi məhbusların sayı 400-ə yaxınlaşır, Fransadan insan hüquqlarına hörmət tələb edirlər. Yəni bütün addımları, fəaliyyətləri qeyri-səmimiliyin, imitasiyanın göstəricisi kimi təzahür edir.

İndi də hər yerə səs salıblar ki, Azərbaycan Pakistana 2 milyard dollar investisiya yatıracaq. İndi nə edək, sevinəkmi? Bu 2 milyardın Azərbaycan iqtisadiyyatına müsbət təsiri nədən ibarət olacaq?
Pakistanın 220 milyondan artıq əhalisi var. Əhali sayına görə dünyada 6-cı, əraziyə görə 33-cü yerdədir. Dövlət büdcəsi 400 milyard dollara yaxındır.
Məlum olur ki, bu investisiyanın əsas istiqamətinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir. Yəni neft-qaz dairəsindən çıxa bilmirik, hansı ölkəyə qədəm qoyuruqsa, iqtisadiyyatımızın asılı qaldığı sahədən yapışırıq. Hələ eşitməmişik ki, hansısa Qərb ölkəsinə təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişaf etdirilməsi səbəbindən sərmayə yatırıb. Bugünə qədər hansı ölkədə xeyriyyə işi həyata keçirilibsə, qarşılığnda hökumət maraqları dayanıb. Dövlətin hansısa müşkülünü həll etmək üçün pul xərcləmək istəməyiblər.
Əslində bugün başqa ölkələrdən sərmayə cəlb etməyə ehtiyac var. İqtisadi siyasətin uğuru bu ola bilərdi ki, dünyanın nəhəng şirkətləri ölkənin müxtəlif bölgələrinə cəlb edilərdi, müxtəlif sahələrin dirçəldilməsi prioritet seçilərdi.
Xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra çevik xarici siyasətlə onmilyardlarla dollar vəsait Qarabağa cəlb edilməli, xarici şirkətlərə şirnikləndirici təkliflər olunmalı, nəhəng bankların diqqəti Azərbaycana yönəldilməliydi. Amma Qarabağda quruculuq işlərinin rəqəmlərlə ifadəsi bunu deməyə əsas verir ki, ən böyük qeyri-şəffaflıq azad olunmuş ərazilərdə həyata keçirilir.
Qısası, ölkəyə gələn 200 milyarddan artıq neft puluyla real iqtisadiyyat yaradılmayıbsa, Pakistana 2 milyard sərmayə qoyulması “mühüm əməkdaşlıq” qəlibinə girmir. Bugünə qədər olan “investisiyayatırma əməliyyatları” onu deməyə əsas verir ki, qarşıya qoyulan məqsəd şəxsidir. Monteneqrodan turmuş, İtaliyaya qədər bütün “imza mərasimləri” siyasi hakimiyyətin maraqlarını ifadə edib.
İndiki halda isə süni qiymət artımları vətəndaşın cibini boşaldıb, maaş və təqaüdlər minimum ehtiyacı ödəmir, büdcə kəsirini cərimələr hesabına qapatmaq qərarı verilib. Və belə bir acınacaqlı şəraitdə daxilə sərmayə qoymaq zərurətə çevrilib. “Pakistana sərmayə qoyuruq” xəbəriylə, soyuducusuna ət qoya bilməyən vətəndaşa təsəlli vermək olmaz.
İLHAM HÜSEYN


