PROBLEMƏRİ KİM, NECƏ HƏLL ETMƏLİDİR?
Beyin axını, cinayətkarlıq, kütləvi boşanmalar. Azərbaycan gənclərinin qarşılaşdığı sosial və iqtisadi problemlər acınacaqlı hal alıb. Ölkənin düşdüyü vəziyyəti və gələcəyini təhlil edərkən diqqət yetirilməli olan ən önəmli məsələlərin başında gəncliyin dərin problemləri və onların inkişaf yolunda qalaqlanmış həlli məsələsi dayanır. Əslində bu gün gənclərin qarşılaşdıqları problemlər təkcə onların problemi deyil. Çünki bu suallar və məsələlər dünən də var idi. Təbii olaraq gənclər cəmmiyyətimizin təməl sütunlarını təşkil edir. Bu mənada qarşıda duran çətinliklər təkcə gənclərin yox, bütün cəmiyyətin gələcəyi və rifahı üçün real təhlükədir.
Öncə Azərbaycan gənclərinin üzləşdiyi əsas problemlərə diqqət yetirək və daha sonra dünyada tətbiq edilən uğurlu gənclər siyasətləri ilə müqayisələr aparaq.
Təhsil keyfiyyətsiz, iş yox
Gənclər işszlikdən və təhsillərini bitirdikdən sonra karyera imkanlarının məhdudluğundan əziyyət çəkir. Azərbaycan gənclərinin ən əsas problemi işsizlikdir. Yüksək təhsil alan da, normal təhsil alan da uyğun iş tapmaqda çətinlik çəkir. Səbəblər çoxdur. Ölkədə hər şey monopoliyadır, iqtisadi rəqabət yoxdur. Digər səbəblərdən biri də odur ki, təhsil sistemi iş bazarının tələblərini ödəmir. Təhsil sistemi gənclərin öz potensiallarını tam şəkildə inkişaf etdirmələrinə mane olur. Öz tələbəliyimi düşünürəm. Yadımdadır ki, hansısa mövzu ilə bağlı Azərbaycan dilində ədəbiyyat tapmaqda çətinlik çəkirdik. Olanlar da kiril əlifbası ilə yazılmış olanlar idi. Köhnəlmiş tədris metodları daha çox imtahanları yola vermək məqsədi daşıyırdı. Praktik bacarıqların yetərsizliyindən isə danışmağa dəyməz. Belə deyək ki, diplom verilir, amma təhsil verilmir.
Karyeranın inkişaf imkanları ümumiyyətlə məhduddur və təklif olunan işlər demək olar ki, ən aşağı əmək haqqı ilə təklif edilir. Bu hal özü perspektivsizlik üçün ciddi zəmin yaradır. Rayonlardan, kəndlərdən min bir əziyyətlə gəlib təhsil alan tələbələr üçün ümumiyyətlə çıxış yolu yox dərəcəsindədir. Xüsusilə kənd yerlərində iş imkanları demək olar ki, sıfırdır. Bu və digər səbəblərdəndir ki, gənclər iş tapmaq üçün xarici ölkələrə getmək haqqında düşünürlər və bu istiqamətdə ciddi axın var. Son illər ökədən çox ciddi beyin axını var və davam etməkdədir.
Sistemsiz idarəçiliyin gənclərə vurduğu ziyan
Ölkədə sərt idarəçilik hakimdir. Bu idarəçilik nəinki gənclər üçün, bütün sahələrdə ciddi problemlər yaradır və ölkədə hər sahəni basqı altında saxlayır. Ona görə də gənclərin siyasi proseslərdə iştirakı aşağı səviyyədədir. Bu minvalla da siyasi proseslərdə iştirak etməyən gənclərin problemləri çox vaxt gündəmə gəlmir. Bu da onların cəmiyyətin inkişafında rolunun azalmasına ya da yoxa çlxmasına gətirib çıxardır.
Azərbaycan gəncinin iş problemi, ev problemi getdikcə daha da dərinləşir. Bütün bu gərgin tələblər psixoloji problemlərin artmasına səbəb olur. Xüsusilə, gənclər arasında narkomaniyanın artması sistemsiz idarəetmənin nəticəsidir. Həbsxanaların da böyük faizi təəssüf ki, gənc nəsilin payına düşür.
İndi isə uğurlu gənclər siyasəti ilə fərqlənən ölkələrdən qısa nümunələrə baxaq.
Skandinaviya Ölkələrində (İsveç, Norveç, Danimarka, Finlandiya) təhsil pulsuzdur və dövlət tələbələrə maliyyə dəstəyi verir. Regionlarda və mərkəzi idarəetmədə gənclər üçün kvotalar qoyulub və gənclər parlamentləri yaradılıb. Gənclərin siyasi iştirakları artırılıb. Gənclər, həm sosial, həm də siyasi proseslərdə fəal iştirak edirlər.
Almaniyada tətbiq edilən dual təhsil sistemi, gənclərə həm təhsil, həm də iş təcrübəsi qazandırır. Şirkətlər və dövlət bu sistemə ciddi investisiya qoyur və nəticədə gənclər iş bazarına daha hazırlıqlı və təcrübəli daxil olurlar. Gənclər üçün siyasi fəallıq və təmsilçilik də yüksək səviyyədədir. Siyasi partiyalar gənclər üçün xüsusi qanadlar yaradır və gənclər təşkilatları gücləndirilir. Azərbaycanda isə 300-dən artıq siyasi məhbus var və onlarpn çox böyük faizini gənclər təşkil edir. Siyasi fəaliyyət isə demək olar ki, qadağan edilib, media təmsilçisi olan gənc jurnalistlər həbsə atılıb.
Kanada da gənclərin siyasətə cəlb edilməsi məqsədi ilə 2015-ci ildə “Gənclər Şurası” yaradılıb. Uğurlu layihə kimi hələ də davam edir.
Cənubi Koreya ona görə uğurlu ölkələrdəndir ki, onlar innovativ ideyalar təklif edən gəncləri dəstəkləmək üçün startap layihələrinə ciddi maliyyə dəstəyi verirlər. Hətta ABŞ və bir çox başqa ölkələr nəinki öz ölkələrində, başqa ölkələrdə də uğurlu ideyaları maliyələşdirir, həmin gəncləri öz ölkələrinə dəvət edirlər.
Təklif və nəticə
Əslində yaxşı nümunələr, yaxşı təkliflər çoxdur. Sadəcə onları dəyərləndirəcək idarəçilik yoxdur. Korrupsiyalaşmış rejimlər üçün əsas siyasət talamaqdır. Normalda tələbələr və məktəblilər üçün gediş haqqı pulsuz olmalıdır. Universitetlər modernləşməli, tələbələr yataqxanalarla təmin olunmalıdır. Təhsilin keyfiyyəti artırılmalı, təhsil haqları heç olmasa minimuma endirilməlidir. İstedadlı tələbələr və onların ideyaları dövlət tərəfindən dəstəklənməlidir. Gənclər üçün simvolik sayılacaq ipoteka faizləri müəyyən edilməlidir.
Ölkədə kifayət qədər istedadlı gənclər var. Ölkədən gedə bilən gedir, qala bilənlər isə günlərini necə keçirmək haqqında qara-qara düşünürlər. Fəqət, nə etməli? Gənclər özləri qollarını çirmələməli, öz problemlərini kütləvi qaydada dilə gətirməlidir. Elə ölkəni bu yarıtmaz korrupsioner idarəçilikdən xilas etmək üçün işin böyük hissəsi də gənc nəslin üzərinə düşür. Aparıcı qüvvə gənclikdir, dinamika gənclikdir.
Aqil Əli Məhərrəm


