İllüstrasiya: “ChatGpt”

 

 

2027-ci il yanvarın 1-dən qeyri-neft-qaz sahəsində fəaliyyət göstərən özəl müəssisələrdə çalışanların gəlir vergisi artırılacaq. Hazırda 2.500 manatadək vergi tutulan aylıq gəlirə 3 faiz tətbiq edilir, 2027-ci ildə bu dərəcə 5 faizə, 2028-ci ildə isə 7 faizə qaldırılacaq (“fed.az”).

 

Vergi tutulan aylıq gəlir 2026 2027 2028
2.500 manatadək 3% 5% 7%
2.500–8.000 manat 75 manat + artıq hissənin 10%-i 125 manat + artıq hissənin 10%-i 175 manat + artıq hissənin 10%-i
8.000 manatdan çox 625 manat + artıq hissənin 14%-i 675 manat + artıq hissənin 14%-i 725 manat + artıq hissənin 14%-i

Əsas iş yerində aylıq gəliri 2.500 manatadək olan şəxslər üçün 200 manatlıq vergidən azadolma qüvvədə qalır. Ona görə də vergi ümumi əməkhaqqından yox, 200 manat çıxıldıqdan sonra qalan məbləğdən hesablanır. İkinci iş yerində bu güzəşt tətbiq olunmur. Dərəcələr Vergi Məcəlləsində və Dövlət Vergi Xidmətinin izahında təsbit edilib.

Maaşdan nə qədər vergi tutulacaq?

Artan faizlə tutulacaq vergilərin məbləği aşağıdakı cədvəldə əks etdirilib. Hesablamalar yalnız gəlir vergisini əhatə edir. Sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları nəzərə alınmayıb.

 Aylıq əməkhaqqı 2026-cı ildə 2027-ci ildən 2028-ci ildən
1.000 manat 24 manat 40 manat 56 manat
1.500 manat 39 manat 65 manat 91 manat
2.000 manat 54 manat 90 manat 126 manat
2.500 manat 69 manat 115 manat 161 manat
3.000 manat 125 manat 175 manat 225 manat
5.000 manat 325 manat 375 manat 425 manat
10.000 manat 905 manat 955 manat 1 005 manat

Beləliklə, aylıq gəliri 2.500 manatadək olan işçilərin əlavə vergi yükü vergiyə cəlb olunan məbləğin 2 faizi qədər artacaq – məsələn, 1.000 manat aylıq əmək haqqı üçün əlavə 16 manat, 1.500 manat üçün 26 manat, 2.000 manat üçün 36 manat, 2.500 manat üçün  isə 46 manat. Gəliri 2.500 manatdan çox olanların aylıq gəlir vergisi 50 manat, illik vergi yükü isə 600 manat artacaq.

“Politfm”