İsveçrədə neytrallıq qaydalarını gücləndirmək kampaniyasında Con Lennonun “Sülhə şans ver” mahnısından istifadə edilib (foto: EPA)
İsveçrədə seçicilərin böyük əksəriyyəti ölkənin neytrallıq siyasətini daha sərt qaydalara bağlamaq təklifinin əleyhinə səs verib.
Federal Statistika İdarəsinin sentyabrın 27-də açıqladığı ilkin yekun nəticələrə görə, seçicilərin 70,15 faizi təşəbbüsü rədd edib, 29,85 faizi dəstəkləyib. Təklif 26 kantonun heç birində üstünlük qazanmayıb. Referendumda iştirak səviyyəsi 47,06 faiz olub (“votations.admin.ch”).
Səsvermə neytrallığın hansı qaydalarla tətbiq olunması barədə idi. Hökumət və parlament mövcud qaydanın saxlanmasını, təşəbbüs müəllifləri isə Konstitusiyaya neytrallığın daha sərt tərifinin daxil edilməsini istəyirdilər (“The Guardian”).
Nə təklif olunurdu?
“İsveçrə neytrallığının qorunması” adlı təşəbbüs Konstitusiyada ölkənin “daimi və silahlı neytrallığının” ayrıca təsbit olunmasını nəzərdə tuturdu.
Təklif qəbul edilsəydi, İsveçrə:
– heç bir hərbi və müdafiə ittifaqına qoşula bilməzdi;
– hücum təhlükəsi yaranan anadək belə ittifaqlarla hərbi əməkdaşlıq edə bilməzdi;
– başqa dövlətlər arasındakı müharibələrə qarışa bilməzdi;
– müharibə tərəflərinə öz qərarı ilə iqtisadi sanksiya tətbiq edə bilməzdi.
Yalnız BMT Təhlükəsizlik Şurasının qərar verdiyi sanksiyalara və mövcud məhdudiyyətlərdən yayınmanın qarşısını alan tədbirlərə icazə veriləcəkdi.
İsveçrə NATO-nun üzvü deyil. Ölkənin mövcud neytrallıq şərtləri onsuz da bu ittifaqa qoşulmasına imkan vermir. Dəyişikliklər NATO ilə əməkdaşlığı və Börnün müstəqil sanksiya tətbiq etmək imkanını məhdudlaşdıracaqdı.
İsveçrə 1996-cı ildən etibarən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edir. Bu əməkdaşlıq hərbi təlim, təhlükəsizlik sahəsində məlumat mübadiləsi və ordunun müdafiə imkanlarının artırılmasını əhatə edir. Yeni qaydalar həmin əlaqələri yalnız İsveçrəyə hücum edildiyi və ya hücum hazırlığı aşkarlandığı hallarla məhdudlaşdıracaqdı.
Təklif Rusiyaya qarşı sanksiyalara da birbaşa təsir göstərəcəkdi. İsveçrə 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumdan sonra Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərin böyük hissəsinə qoşulub. Yeni qayda Börnə gələcəkdə belə qərarları müstəqil şəkildə qəbul etməyə imkan verməyəcəkdi.
Təşəbbüsün arxasında kim dayanırdı?
Təklif suverenlik tərəfdarı olan “Pro Suisse” təşkilatı tərəfindən irəli sürülmüşdü. Sağçı populist İsveçrə Xalq Partiyası isə təşəbbüsün əsas siyasi tərəfdaşı idi.
Təşəbbüsün müəllifi və kampaniyanın ən tanınmış siması keçmiş hökumət üzvü, milyarder Kristof Bloxer olub. O iddia edir ki, İsveçrə Avropa İttifaqının sanksiyalarına qoşulmaqla neytrallıqdan uzaqlaşıb . “Bloomberg”-in məlumatına görə, Bloxer təbliğat kampaniyasına təxminən 2 milyon frank, yəni 2,1 milyon avro xərcləyib.
Təşəbbüsü pasifist və qloballaşma əleyhdarı bəzi solçu qruplar da dəstəkləyirdi. Bununla belə, hökumət, parlament və hakimiyyətdə təmsil olunan digər əsas partiyalar təklifin əleyhinə çıxmışdılar.
Hökumət sərt qaydaların təhlükəli olduğunu bildirirdi
İsveçrə hökuməti bildirirdi ki, neytrallıq dəyişməz qadağalar toplusuna çevrilərsə, ölkənin yeni təhlükələrə uyğun qərar vermək imkanı azalacaq.
Xarici işlər naziri İnyatsio Kassis kampaniya zamanı demişdi ki, İsveçrənin neytrallığı sərt olduğuna görə yox, mövcud şəraitə ağılla və məsuliyyətlə uyğunlaşdırıldığı üçün 180 ildən çox ölkəni qoruya bilib.
Hökumətin mövqeyinə görə, İsveçrə təhlükəsizlik sahəsində əməkdaşlığa yalnız müharibə təhlükəsi yaranandan sonra başlamamalıdır. Belə əlaqələr əvvəlcədən qurulmalı, orduların qarşılıqlı əməkdaşlığı və müdafiə imkanları sülh dövründə hazırlanmalıdır.
Federal Şura həmçinin bildirirdi ki, sanksiyalara qoşulmaq neytrallığın pozulması demək deyil. Börn hər bir halı ayrıca qiymətləndirir və beynəlxalq hüququn ağır şəkildə pozulduğu hallarda məhdudiyyətlərə qoşulur.
Hökumət xəbərdarlıq edirdi ki, təklif qəbul olunarsa, İsveçrənin müdafiə imkanları zəifləyə, Avropa ölkələri onun təhlükəsizlik və müdafiə sahəsində etibarlı tərəfdaş olmasına şübhə ilə yanaşa bilər. ## Şəhərlərlə kəndlər arasında fərq
Təklif heç bir kantonda qalib gəlməsə də, səsvermənin nəticələri bölgələr arasındakı müəyyən fərqləri göstərib.
Böyük şəhərlərdə seçicilərin yalnız 22,57 faizi sərt neytrallığı dəstəkləyib. Kəndlərdə bu göstərici 37,35 faizə çatıb.
Almandilli bölgələrdə təklifə verilən dəstək 28,93, fransızdilli hissədə 29,45 faiz olub. İtalyandilli seçicilər isə iki yerə bölünüblər: 48,39 faiz təşəbbüsü dəstəkləyib, 51,61 faiz əleyhinə çıxıb.
Kantonlar arasında ən yüksək dəstək Tiçinoda qeydə alınıb: seçicilərin 48,25 faizi “hə” deyib. Təklifə ən kəskin etiraz Bazel şəhər-kantonunda olub; burada seçicilərin 79,91 faizi təşəbbüsü rədd edib.
Ukrayna müharibəsi neytrallıq məsələsini yenidən aktuallaşdırıb
İsveçrənin neytrallığı beynəlxalq səviyyədə 1815-ci ildə, Napoleon müharibələrindən sonra tanınıb. Bu prinsip 1848-ci ildən ölkənin Konstitusiyasında da yer alır.
Lakin Ukrayna müharibəsi neytrallığın necə başa düşülməsi barədə mübahisəni yenidən gücləndirib. Təşəbbüs tərəfdarları Rusiyaya qarşı sanksiyalara qoşulmağın İsveçrənin vasitəçi kimi nüfuzuna zərər vurduğunu deyirdilər.
Rusiya Xarici İşlər Nazirliyi sözügedən təşəbbüsü tənqid etməmiş, əksinə, müsbət qyanaşmışdı. Moskva Börnün Avropa İttifaqı sanksiyalarına qoşulmasını neytrallıqdan uzaqlaşma kimi qiymətləndirirdi.
Əleyhdarlar isə bu qənaətdətdilər ki, təşəbbüs Rusiyanın maraqlarına xidmət edir və İsveçrəni beynəlxalq hüququn pozulmasına münasibət bildirmək imkanından məhrum edə bilər.
Yaşıllar Partiyasından deputat Sibel Arslanın fikrincə, seçicilər təklifin ölkəni beynəlxalq aləmdən təcrid edəcəyini və hüquq pozuntuları qarşısında İsveçrənin məsuliyyətdən yayınmasına şərait yaradacağını anlayıblar.
“SWI swissinfo.ch” portalının müxbiri Keti Romi nəticəni belə qiymətləndirib: seçicilər neytrallığın dəyişməz qayda yox, şəraitə uyğun tətbiq oluna bilən siyasi vasitə olduğunu qəbul ediblər. Bununla da hökumətə qərarları beynəlxalq vəziyyətə uyğunlaşdırmaq imkanı saxlanılıb.
İsveçrə Xalq Partiyası məğlubiyyəti qəbul edib və hələlik bu məsələ ilə bağlı yeni təşəbbüs irəli sürmək niyyətində olmadığını açıqlayıb.
“Politfm”



