Foto: “Reuters”

 

 

“Microsoft”-un həmtəsisçisi Bill Geyts süni intellektin nəzarətsiz inkişafına qarşı məcburi qaydalar tətbiq edilməsini istəyir. O bildirir ki, şirkətlərin öz fəaliyyətlərinə nəzarət etməsi kifayət deyil; prosesə ABŞ Konqresi və dövlət qurumları da qoşulmalıdır (“The Guardian”).

Geyts bu barədə NBC-nin “Meet the Press” proqramında Kristen Velkerə müsahibəsində danışıb. Onun sözlərinə görə, əsas təhlükə Sİ-nin özbaşına insanlığa qarşı müharibəyə başlaması deyil. Hazırda daha yaxın təhlükə bu texnologiyanın zərər vermək istəyən insanların əlinə keçməsidir.

“Sİ bir milyard insanın ölümünə gətirib çıxara biləcək hadisələrə təkan vermək gücündədir. Pis niyyətli insanların ən yeni Sİ vasitələrindən istifadə etməsi qədər güclü silah indiyədək olmayıb” – Geyts belə deyib.

O, xüsusilə bioloji silahların hazırlanması və irimiqyaslı kiberhücumlar barədə xəbərdarlıq edib. Geytsin fikrincə, Sİ elmi bilikləri və texniki hazırlığı az olan şəxslərin belə təhlükəli imkanlara yiyələnməsini asanlaşdıra bilər. Eyni vasitələr xəstəliklərə qarşı dərman hazırlanmasına kömək etdiyi kimi, ölümcül virus yaratmaq istəyən şəxsin də işini asanlaşdıra bilər.

“Şirkətlərin nəzarəti yetərli deyil”

Geyts hesab edir ki, dövlət qurumları Sİ modelləri üçün məcburi təhlükəsizlik qaydaları hazırlamalı, onların imkanlarını və fəaliyyətini daim izləməlidir:
“Qanunvericilər və hüquq-mühafizə qurumları təhlükəsizlik tədbirlərinin və nəzarət sisteminin necə qurulacağını müzakirə etməlidirlər. Bu tələblərə əməl etmək məcburi olmalıdır”.

Geyts etiraf edib ki, belə qaydalar şirkətlərin xərclərini bir qədər artıracaq, amma təhlükəsizlik tədbirləri texnologiyanın inkişafını ciddi şəkildə ləngitməyəcək.
Bununla Geyts ABŞ Prezidenti Donald Trampın mövqeyinə qarşı çıxmış olub. Tramp yeni qaydaların Amerikanı Çinlə texnoloji rəqabətdə geri sala biləcəyini düşünür və Sİ ilə bağlı təhlükə xəbərdarlıqlarını “uydurma” adlandırır. Geyts bu narahatlıqların əsassız olmadığını vurğulayıb.

Sİ-ni söndürəcək bir düymənin olması problemi həll etmir

Müsahibədə güclü Sİ sistemlərini fövqəladə vəziyyətdə dayandırmağa imkan verəcək xüsusi mexanizm də müzakirə olunub. Geyts belə bir vasitənin faydalı ola biləcəyini, lakin təkcə bunun kifayət etməyəcəyini deyib:
“Sadəcə sistemi söndürəcək bir düymənin olması yetərli deyil. Biz hələ Sİ-nin müstəqil şəkildə başqa kompüterləri ələ keçirməsi və söndürülməsi mümkün olmayan mərhələyə gedib çatmamışıq”.

Onun fikrincə, bütün diqqəti Sİ-nin gələcəkdə insan nəzarətindən çıxması ehtimalına yönəltmək daha yaxın təhlükələri kölgədə qoyur. Kiberhücum, dələduzluq, dezinformasiya və bioloji terror üçün Sİ-dən artıq bu gün istifadə oluna bilər.

Geyts avqustda dərc etdiyi geniş məqaləsində də eyni məsələyə toxunmuşdu. O yazırdı ki, Sİ insanların bilik və düşünmə imkanlarını ilk dəfə bu miqyasda əvəz edə, hətta bəzi sahələrdə üstələyə bilər. Texnologiya bir tərəfdən xəstəliklərlə mübarizəyə, təmiz enerji istehsalına və ərzaq təhlükəsizliyinə kömək edə bilərsə, digər tərəfdən milyonlarla iş yerini sıradan çıxara, bərabərsizliyi dərinləşdirə və təhlükəli vasitələri daha geniş insan qrupları üçün əlçatan edə bilər.

Geyts Sİ-nin inkişafını qeyd-şərtsiz dayandırmağı tələb etmir. Həmin məqaləsində o yazmışdı ki, bütün ölkələrin əməl edəcəyi inandırıcı plan olarsa, inkişaf sürətinin azaldılmasını dəstəkləyər. Amma Geyts etiraf edib ki, dövlətlər və şirkətlər arasındakı rəqabət belə razılaşmanı çətinləşdirir.

ABŞ Konqresində ilk sərt qanun layihəsi

Geytsin müsahibəsi ABŞ-də Sİ ilə bağlı qaydaların sərtləşdirilməsi tələblərinin çoxaldığı vaxta təsadüf edib. Senator Berni Sanders və Nümayəndələr Palatasının üzvü Qreq Kasar sentyabrın 23-də “Süni superintellektin qadağan edilməsi haqqında” qanun layihəsini təqdim ediblər.

Layihə insandan daha güclü və nəzarətdən çıxa biləcək Sİ sistemlərinin hazırlanmasını birdəfəlik qadağan etməyi nəzərdə tutur. Digər qabaqcıl sistemlərin hazırlanması isə dövlətin təhlükəsizlik qaydaları və sınaq mexanizmləri hazır olanadək müvəqqəti dayandırılmalıdır. Layihədə Sİ sahəsinə nəzarət edəcək ayrıca federal qurumun yaradılması da təklif olunur.

“Politfm”