Foto: internet




Azərbaycanda minlərlə şagird səhər məktəbə, axşamsa repetitor yanına gedir. Valideynlər aylıq gəlirlərinin xeyli hissəsini əlavə hazırlığa xərcləməli olurlar. Rəsmi sistemə paralel fəaliyyət göstərən bu alternativ təhsil “bazarını” yaradan əsas səbəblər hansılardır?

Şagirdlər gileylənirlər ki, məktəbdə keçilən dərslər ali məktəbə qəbul üçün kifayət etmir. Nəticədə repetitor əsas bilik mənbəyinə çevrilir.

Amma başqa problemlər də var.
Əvvəla, siniflərin böyük əksəriyyətində şagird sayı çoxdur və bu, təhsilin keyfiyyətini aşağı salır. Müəllimlər 45 dəqiqə ərzində 35–40 şagirdlə eyni səviyyətdə ünsiyyətdə ola bilmirlər və şagird dərsdə ala bilmədiyi biliyi repetitordan öyrənmək məcburiyyətində qalır.

İkincisi, maaşların az olması müəllimlərin şagirdləri məktəbdə öyrətmək həvəsini azaldır, onları yaxşı repetitor kimi tanınmağa – əlavə dərslərdə səy göstərməyə yönəldir.

Bəs “müəllim yanına getmək” yüksək nəticə təmin edirmi?

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatlarına əsasən, hər il təxminən 50-55 min şagirdin içtirak etdiyi buraxılış imtahanlarında 300 bal toplayanların sayı illər üzrə belə olub:
2019 – 4 nəfər;
2020 – 5 nəfər;
2021 – 2 nəfər;
2022 – 2 nəfər;
2023 – 0 nəfər;
2025 – 45 nəfər;
2026 – 11 nəfər.

Bu statistika göstərir ki, orta məktəblərdə təhsilinin keyfiyyəti aşağıdır və hətta müəllimlərin repetitorluq etməsi də bu reallığı dəyişə bilmir. Şagirdlərin böyük hissəsinin hələ də 300 baldan aşağı nəticə toplaması məktəblərdə baza biliklərinin mənimsənilməsi, analitik düşüncə və fənn hazırlığı sahəsində sistemli problemlərin qaldığını göstərir.

Ali məktəblərə qəbul imtahanlarında da vəziyyət təxminən eynidir.
DİM-in “Abituriyent” jurnalında dərc olunan statistikaya görə 2023-cü ildə abituriyentlərin 46,27%-i 200-dən az, 21,1%-i isə 200–300 aralığında bal toplayıb.
Bu o deməkdir ki, abituriyentlərin təxminən üçdəikisi 300 baldan aşağı nəticə göstərib.

Aşağı və orta bal seqmentindəki yüksək pay tendensiyası 2024-cü ildə də davam edib. İmtahan verənlərin 41,4%-i 200-dən az, 20,9%-I isə 200–300 aralığında bal toplayıb.
Doğrudur, ümumi nəticələrdə nisbi yaxşılaşma müşahidə olunub, aşağı bal toplayanların sayı azalıb. Amma sistemdə ən böyük pay yenə də 300 baldan aşağı nəticə göstərən abituriyentlərə aid olub – təxminən 62%.

2025-ci ildə isə 0–100 bal toplayanlar 13,47%; 100–200 bal aralığında olanlar 27,97%; 200–300 bal aralığında olanlar 29,37% təşkil edib. Bu statistika gıstərir ki, çox aşağı nəticə göstərənlərin payı əvvəlki illə müqayisədə ciddi artmayıb, amma 200–300 bal intervalında olanların payı əhəmiyyətli dərəcədə yüksələrək təxminən 71%-ə çatıb. Yuxarı bal seqmentində (500+) müəyyən artım olsa da, sistemdə əsas pay yenə də orta və aşağı bal diapazonunda cəmlənib.

Rəqəmlərdən də göründüyü kimi, təhsilin tamamilə repetitorlardan asılı vəziyyətə düşməsi problemi həll etmir. Çünki onlar şagirdləri test sistemi üzrə hazırlaşdırırlar, bu isə sistemli bilik deyil. İmtahan modelində kiçik dəyişikliklər nəticəsində balların kəskin düşməsi göstərir ki, repetitor yanındakı “əzbərçilik” real savadı əvəz edə bilmir.

Eyni zamanda, ali təhsilin kütləviləşməsi – qəbul yerlərinin ildən ilə artırılması da keyfiyyəti arxa plana keçirir. 2015-ci ildə ali məktəblərə qəbul olanların sayı təxminən 35 min, 2023-cü ildə 53 min, 2024-cü ildə isə təxminən 58 min nəfər olub. Üstəlik, bəzi ixtisaslar üzrə keçid balları aşağı salınıb. Orta təhsilin keyfiyyətini artırmaq zərurətini arxa plana keçirən səbəblərdən biri də budur.

“Politfm”