Foto: “yerevan.today”


Ermənistanda seçki kampaniyası rəsmən başlamamış siyasi partiyalar reklamlara artıq minlərlə dollar vəsait xərcləyiblər.

Bu barədə yerli “Factor TV” nəşri məlumat yayıb.
Bildirilir ki, “cəmi üç ay ərzində – 8 fevraldan 8 maya qədər “Facebook” və “Instagram”-da siyasi reklamlara 309 min dollardan çox vəsait xərclənib”.

Bu məbləğin təxminən üçdə ikisi – 210 322 dolları rusiyalı milyarder Samvel Karapetyanın Güclü Ermənistan Partiyasına aiddir.

İkinci yerdə hakim Vətəndaş Müqaviləsi Partiyasıdır. Amma Baş nazir Nikol Paşinyanın partiyası Karapetyanın təşkilatından təxminən üç dəfə az – 47 882 dollar vəsait xərcləyib.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın səhifəsi üçüncü yerdədir – 86 reklama 27 958 dollar ödənib.

Dördüncü yeri keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi Birlik Qanadları Partiyasının səhifəsi tutub. Fevraldan maya qədər səhifədə 54 reklam yerləşdirilib, onlara toplam 15 043 dollar ödənib.

Yaşamaq üçün Ölkə Partiyası öz səhifəsində, eləcə də nümayəndələri Mesrop Arakelyan və Mane Tandilyanın səhifələrində ümumilikdə 540 ödənişli reklam elanı yayımlayıb. Partiyanın reklamlar üçün ödədiyi ümumi məbləğ 9 923 dollar olub.

“Politfm”