Foto: “9 kanal İsrail”

 

 

“Flydubai” şirkətinin Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi pilot kabinəsində baş verən qanlı insidentdən sonra Səudiyyə Ərəbistanına təcili eniş edib. İlkin məlumatlara görə, pilotlar arasında qarşıdurma yaranıb, kapitan bıçaqlanıb və təyyarə qısa müddətə idarəetmədən çıxıb.

FZ1073 reysini yerinə yetirən “Boeing 737 MAX 8” sentyabrın 30-da Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Təbuk şəhərindəki Şahzadə Sultan bin Əbdüləziz hava limanına enib. Təyyarədə təxminən 180 sərnişin olub. İsrail mediası onlardan 150-yə yaxınının İsrail vətəndaşı olduğunu yazır.

Sərnişinlər arasında ağır yaralanan olmayıb. Təbuk hava limanının Səudiyyə Ərəbistanının dövlət televiziyası vasitəsilə yaydığı açıqlamada isə kapitanın və ikinci pilotun yaralandığı, hər ikisinin xəstəxanaya aparıldığı bildirilib (AP).

Təyyarə bir dəqiqədə təxminən beş kilometr aşağı enib

Uçuşların hərəkətini izləyən “Flightradar24” platformasınını məlumatına görə, təyyarə Dubaydan havaya qalxdıqdan təxminən iki saat yarım sonra fövqəladə vəziyyət siqnalı ötürüb.

Layner təxminən bir dəqiqə ərzində 10 min metr hündürlükdən 5,1 min metrədək aşağı enib. Ardınca İordaniya sərhədi yaxınlığında istiqamətini dəyişərək Təbuka üz tutub.
Təyyarənin transponderindən əvvəl ümumi fövqəladə vəziyyəti bildirən 7700, bir neçə dəqiqə sonra isə qanunsuz müdaxilə və ya qaçırılma təhlükəsi zamanı istifadə edilən 7500 kodu ötürülüb. Təbuk hava limanının məlumatına əsasən, qəza siqnalı yerli vaxtla saat 08:44-də alınıb, təyyarə saat 09:45-də enib.

7500 kodunun ötürülməsi İsraildə təyyarənin qaçırılması ehtimalını gündəmə gətirib. İsrail qırıcıları havaya qaldırılıb, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats təcili məsləhətləşmə toplantısı keçiriblər.

İsrail insidentin terror cəhdi ola biləcəyini düşünür

“Flydubai” təyyarəsində baş verən hadisə terror cəhdi ola bilər. Bu barədə iki İsrail rəsmisi “Reuters”-ə məlumat verib.

Onların sözlərinə görə, ikinci pilot uçuş zamanı kapitana bıçaqla hücum edərək ona bir neçə zərbə endirib. Ardınca təyyarəni kəskin şəkildə aşağı yönəldib. Layner, demək olar ki, şaquli enməyə başlayıb. Təyyarədəki digər pilotlar kabinəyə daxil olaraq hücum edən şəxsi zərərsizləşdirərək təyyarənin idarəetməsini ələ alıblar.

“Israel Hayom” qəzetinin məlumatına görə, hücum edən ikinci pilot Oman, yaralanan kapitan isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır.

İsrailin “Channel 12” telekanalı daha əvvəl insidentin Rusiya və Ukrayna mənşəli pilotlar arasındakı münaqişə nəticəsində baş verdiyini bildirmişdi. “Israel Hayom” isə bu məlumatı dəqiqləşdirərək həmin iki pilotun təyyarədə sərnişin olduğunu yazıb. Rusiya və Ukrayna mənşəli pilotlar “Boeing 737”-nin vəziyyətini sabitləşdirərək onu təcili olaraq Səudiyyə Ərəbistanının Təbuk şəhərinə endiriblər.

Kəskin şəkildə alçalması nəticəsində təyyarənin quyruq hissəsi zədələnib. Sərnişinlər arasında xəsarət alan olmadığı bildirilir.

Pilot kabinəsində nə baş verib?

AP-yə danışan İsrail rəsmisi bildirib ki, iki pilot arasında mübahisə yaranıb, onlardan birinin əlində bıçaq olub. Hadisə barədə məlumatlandırılmış başqa bir rəsmi şəxs də pilot kabinəsində qarşıdurma yarandığını təsdiqləyib.

İsrail mediasının sərnişin ifadələrinə əsaslanan versiyasına görə, ikinci pilot kapitana bıçaqla hücum edib, sonra təyyarəni özü idarə etmək istəyib. Laynerin kəskin şəkildə aşağı enməsi həmin vaxt baş verib.

Bu məlumatlar “Flydubai” və ya Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən hələ tam təsdiqlənməyib. İkinci pilotun layneri qəsdən qəzaya uğratmağa çalışdığı, yaxud terror hadisəsi planlaşdırdığı və ya psixoloji sarsıntı keçirib-keçirmədiyi araşdırılır.
Sərnişinlərin çəkdikləri görüntülərdə paltarlarında qan izləri olan insanlar və əlləri bağlanmış bir şəxs görünür. Videolardan birində sərnişinlər kapitanın ağır yaralandığını və hücum edən şəxsi zərərsizləşdirdiklərini bildirirlər.

Başqa bir sərnişin hadisə zamanı yaşanan qorxunu belə təsvir edib:
“Biz ‘Şema İsrael’ duasını oxuduq. Sağ çıxacağımıza əmin deyildik”.

Sərnişinlərin iddialarına görə, üç-dörd nəfərin müdaxiləsi təxminən 180 insanın həyatını xilas edib (“The Times of Israel”).

Şirkət hadisəni “insident” adlandırmaqla kifayətlənib

“Flydubai” hadisənin səbəbi barədə ətraflı məlumat verməyib. Şirkət yalnız FZ1073 reysində uçuş zamanı “insident” baş verdiyini, təyyarənin Təbuka salamat endiyini və bütün sərnişinlərin yerində olduğunu açıqlayıb:

“Əməkdaşlarımız aidiyyəti qurumlarla sıx əlaqədə işləyirlər. Təsdiqlənmiş əlavə məlumat əldə olunduqca yeni açıqlama veriləcək”.

Aviaşirkət sərnişinləri Təbukdan götürmək üçün ikinci təyyarə göndərəcəyini bildirib. Netanyahu administrasiyası İsrail vətəndaşlarının ölkəyə qaytarılması üçün Səudiyyə Ərəbistanı ilə əlaqə saxlandığını açıqlayıb.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər yoxdur. Bununla belə, Ər-Riyad İsrailə uçan təyyarələr üçün 2022-ci ildə öz hava məkanını açıb və sonrakı dövrdə israilli sərnişinləri daşıyan bir neçə təyyarənin fövqəladə enişinə icazə verib.

Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin və İsrailin əlaqədər qurumlarının hadisəni araşdırdığı bildirilir.

“Politfm”