Foto: AFP

 

 

Sərhədləri onsuz da bağlı olan Şimali Koreya pandemiya illərində dünyadan daha çox təcrid edilmişdi. İndi mənzərə dəyişib. Ölkə özünü nüvə silahına sahib dövlət kimi qəbul etdirə bilib, üç ildir ki, iqtisadiyyatı böyüyür, Kim Çen In isə həm Moskvanın, həm Pekinin, həm də Vaşinqtonun hesablaşmalı olduğu siyasi fiqura çevrilib.

Cənubi Koreya Mərkəzi Bankının hesablamalarına görə, Şimali Koreya iqtisadiyyatı 2023-cü ildə 3,1, 2024-cü ildə 3,7, 2025-ci ildə isə 3,5 faiz böyüyüb. Bu, pandemiya dövründəki böyük geriləmədən sonra nəzərəçarpacaq artımdır.

Ancaq dövlətin varlanması insanların həyatını yaxşılaşdırmayıb. Əksinə, rejim maliyyənin mühüm hissəsini insanları ölkədə, xaricdə və həbs düşərgələrində istismar etməklə; kiberhücumlar vasitəsilə və hərbçiləri Ukrayna müharibəsinə göndərməklə əldə edir.
“The New York Times” Şimali Koreyadan qaçmış onlarla insanla danışaraq Kim Çen Inın son illərdə gücünü hansı vasitələrlə artırdığını araşdırıb.

Rusiya ilə yaxınlığın faydaları

Pxenyan mərmi, raket və hərbçi göndərməklə Ukrayna müharibəsində Rusiyaya dəstək verir. Bunun müqabilində Rusiyadan hərbi texnologiyalar, neft, un, ət və Şimali Koreyada çatışmayan başqa məhsullar alır. Həmin malların bir hissəsi ölkə daxilində baha qiymətə satılır və rejim bundan da gəlir götürür.
Bu əməkdaşlıq Kim Çen In hakimiyyətinə milyardlarla dollar qazandırır. Amma Şimali Koreya Rusiyaya təkcə döyüşçülər yox, minlərlə mülki şəxs də göndərir. Onlar hərbi zavodlarda, tikintilərdə işləyirlər, dağıdılmış şəhərlərin bərpasına cəlb edilirlər.
Bu adamların çoxu sənədlərdə tələbə kimi göstərilir. Əslində isə universitet üzü görmür, gündə 14 saata qədər işləyir və yük konteynerlərində yaşayırlar.

Çinlə parik və süni kirpik ticarəti

Parik, kirpik və təbii saçdan düzəldilən digər məhsullar Şimali Koreyaya ən çox gəlir gətirən rəsmi ixrac mallarındandır. Çin gömrüyünün məlumatına görə, ölkə 2024-cü ildə bu məhsulların satışından təxminən 188 milyon dollar qazanıb.
BMT-nin sanksiyaları həmin malları əhatə etmir, ona görə də Çin şirkətləri xammalı Şimali Koreyaya göndərir və ordakı ucuz işçi qüvvəsinin hesabına hazırlanan məhsulları geri alaraq dünya bazarlarına çıxarırlar.

İşçi qüvvəsinin bir hissəsini həbs düşərgələrində saxlanılan qadınlar təşkil edir.
Şimali Koreyadan qaçmış Bek Hye Ok ölkənin şimal-şərqindəki Çonqori düşərgəsində parik və süni kirpik hazırlayıb. Onun sözlərinə görə, iki avtomobillik qaraj boyda kamerada yüzdən çox qadın saxlanırmış. Kameradakı üfunətə hətta nəzarətçilər də dözə bilmirmiş. Məhbusları çağıranda onlardan tələb olunurmuş ki, aralıda və diz üstə gözləsinlər.

İş dan yeri söküləndə başlayırmış. Parik və kirpikləri görmə qabiliyyəti yaxşı olan gənc qadınlar tikirlərmiş. Xammalın üzərindəki yazılar Çin dilindəymiş. Hazır məhsulu daşıyan yük maşınları Çinlə sərhəddəki Rason şəhərinə yollanırmış. Gündəlik normanı yerinə yetirməyən qadınlar döyülür, yemək payından məhrum edilirlərmiş. Bu, ölüm hökmünə bərabər cəzaymış.

Bek Hye Ok və həmin düşərgədə saxlanılmış Li Yonq Cu nəşrə verdikləri müsahibələrində bildiriblər ki, il ərzində təxminən hər on məhbusdan biri ölürmüş. Ölənlərin yerinə dərhal yenilərini gətirirlərmiş.

Onların arasında ailəsinə yemək ala bilmək üçün Çinə keçənlər, gizli şəkildə Cənubi Koreya seriallarına baxdıqları üçün tutulanlar da varmış. Bəziləri o qədər çox ac qalırmışlar ki, ölmüş məhbusların cəsədlərində yaranan sürfələri yeməyə məcbur olurmuşlar.

Şimali Koreya həbsxanalarında qadınların parik, süni kirpik, geyim və ixrac üçün nəzərdə tutulan başqa mallar hazırladığı BMT hesabatlarında da göstərilir. Məhbusların ağır və əvəzi ödənilməyən əməyə məcbur edilməsi bəzi hallarda kölələşdirmə cinayəti sayılır.

Dövlət hamıdan pay tələb edir

Harda işləməsindən və hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq Şimali Koreyada, demək olar ki, hamının dövlət qarşısında pul və ya məhsul öhdəliyi var.
Çinə satılan giləmeyvələri dağlardan kəndlilər yığır. Məktəblilərdən əsgərlərə əlcək tikilməsi üçün dovşan dərisi tələb olunur. Bəzi zavodların bir xəttində traktor, digərində tank hazırlanır.

Dünyanın sayca ən böyük ordularından biri olan 1,3 milyonluq Şimali Koreya ordusu həm də pulsuz işçi qüvvəsidir. Əsgərləri inşaat meydançalarına, mədənlərə və digər ağır işlərə göndərirlər.

Yüksək çinli məmurlarsa vəzifələrini qorumaq üçün pul verməlidirlər – Kim Çen Inın atası və babasının heykəlləri üçün, onların cəsədlərinin saxlandığı Pxenyan məqbərəsi üçün.

Bir müddət Küveytdə Şimali Koreyanın səfirini əvəz etmiş Ryu Hyon U rejimin qazanc üsullarını bilənlərdəndir. Onun sözlərinə görə, diplomatlar Kubadan siqar, Afrikadan isə kərgədan buynuzu qaçaqmalçılığı ilə məşğul olur, qazancı rəhbərliyə göndərirlər.
Bu pullar Kim ailəsinin gizli fondlarına, dəbdəbəli süfrələrə, zirehli avtomobillərə, yaxtalara, kurortlara və silah proqramlarına sərf olunur.

Rəsmi təbliğatda Şimali Koreya vergi tutulmayan, təhsil və səhiyyənin pulsuz olduğu ölkə kimi təqdim edilir. Əslində isə hakimiyyət insanların qazancından, əməyindən və hətta ailələrinin topladığı ərzaqdan da pay götürür.

Hakerlər də dövlət üçün pul qazanırlar

Şimali Koreyanın xaricdə pul qazananlar şəbəkəsində proqramçılar və hakerlər ayrıca yer tutur.
Riyaziyyat və təbiət elmlərində fərqlənən uşaqları erkən yaşlarından seçib proqramlaşdırma və kiberəməliyyatlar üzrə hazırlayırlar, sonra da Çinə, Rusiyaya və Yaxın Şərq ölkələrinə göndərirlər.
Onların bir qismi oğurlanmış kimlik sənədlərindən istifadə edərək xarici şirkətlərdə məsafədən işləyir. Digərləri isə kriptovalyuta birjalarına, rəqəmsal pul kisələrinə və maliyyə sistemlərinə hücum edir. Xaricdə yaşayan bu şəxslər eyni yataqxanalarda saxlanılır və Şimali Koreya təhlükəsizlik əməkdaşlarının nəzarəti altında olurlar.

“TRM Labs”ın hesablamasına görə, 2026-cı ilin ilk dörd ayında haker hücumlarında oğurlanan kriptovalyutanın 76 faizi Şimali Koreya ilə əlaqəli qrupların payına düşüb. Cəmi iki haker hücumunda təxminən 577 milyon dollar oğurlanıb.

Ölkənin əsas kəşfiyyat idarəsi isə bir vaxtlar Birləşmiş Ərəb Əmirliklərində restoranlar, hakerlər və xarici şirkətlər üçün gizli işləyən proqramçılardan ibarət şəbəkəsi qurub.

Mədənlərdə keçən ömürlər

Şimali Koreyadakı mədən işi hakimiyyətin etibarsız saydığı ailələr üçün çox vaxt ömürlük cəzaya çevrilir. Koreya müharibəsində əsir düşmüş cənublu hərbçilər və onların övladları da nəsillər boyu mədənlərdə işlədiliblər.
Son Myonq Hvanın atası dəmir filizi mədənində çalışıb və 59 yaşında ağciyər xəstəliyindən ölüb. İstehsal norması artırılanda şaxtaçılar günlərlə yerin altında qalırlar.
Hvan atasına yemək aparanda şaxtaçıların üzündə qalın toz qatı görürmüş, onların yalnız gözləri və dişləri seçilirmiş.

Conq Sun Namın atası isə üç mədən partlayışından sağ çıxıb. Tunel uçanda şaxtaçıların həyat yoldaşları dağıntıları yalın əlləri ilə qazır, barmaqları qanasa da, ərlərini xilas etməyə çalışırlarmış.
BMT Şimali Koreyadan kömür və dəmir filizi almağı qadağan etsə də, bu ticarət davam edir. Daşıma zamanı bəzi gəmilər izləmə cihazlarını söndürür, açıq dənizdə yüklər başqa gəmilərə keçirilir.

Son vaxtlar bu alveri gizlətməyə əvvəlki qədər səy göstərmirlər. İnsan Hüquqları Uğrunda Vətəndaş Alyansının araşdırmasına əsasən, 2019-cu ildə Şimali Koreyanın beş böyük limanında iri ticarət gəmilərinin hərəkəti ilə bağlı 783 fakt qeydə alındığı halda, 2025-ci ildə isə bu say 3.756-ya yüksəlib. Onların 3 mindən çoxu Nampo limanının payına düşüb.
Nəzarətin zəifləməsində Moskvanın da rolu var. Rusiya 2024-cü ildə Şimali Koreyaya qarşı sanksiyaların icrasını izləyən BMT ekspert qrupunun fəaliyyət müddətinin uzadılmasına veto qoyub. Çin isə səsvermədə bitərəf qalıb. Beləliklə, 14 il işləyən nəzarət mexanizmi fəaliyyətini dayandırıb.

Universitetin yerini bilməyən tələbələr

Li In Pyonq Şimali Koreyanın nüvə proqramı üçün tikinti, mühafizə və uran hasilatı ilə məşğul olan 131-ci idarədə çavuş olub. 2017-ci ildə o və 33 xidmət yoldaşı Rusiyaya göndərilib.
Rəsmi sənədlərdə Li Moskvadakı universitetlərdən birinin tələbəsi sayılırmış, amma həmin universitetin yerini belə bilmirmiş.
Onun iş günü səhər saat 7-də başlayır, gecə yarısından sonra bitirmiş. Li kərpic divarlar hörür və onları suvayır, beton plitələr düzəldirmiş. Hər fəhlə ayda ən azı 600 dollar qazanıb dövlətə verməliymiş. Onlar yarımçıq tikililərin döşəməsində və yük konteynerlərində yatırmışlar.

Kim Çen Inın hakimiyyəti dövründə xaricə fəhlə göndərmək dövlət qurumları üçün əsas pul mənbələrindən birinə çevrilib. Təxminlərə görə, hazırda Çində 100 minə yaxın Şimali Koreya vətəndaşı işləyir.

Rusiya isə 2025-ci ildə Şimali Koreya vətəndaşlarına 36.413 viza verib. Bu, əvvəlki ildəkindən təxminən dörd dəfə çoxdur. Vizaların 35.839-u təhsil üçün rəsmiləşdirilib.
Hüquq müdafiəçiləri bildirirlər ki, həmin “tələbələrin” çoxu tikintilərdə, tikiş sexlərində və ət emalı müəssisələrində işləyir. Əmək müqaviləsi istehsalat təcrübəsi, maaş isə təqaüd kimi göstərilir.

Rusiyada fəhlə təklif edən bəzi şirkətlər Şimali Koreya vətəndaşlarını açıq şəkildə reklam edirlər. Elanlarda onların intizamlı olduqları, siqaret fasiləsi istəmədikləri və işə çıxmamaq kimi “problemlər yaratmadıqları” vurğulanır.

Moskva yaxınlığındakı elanlardan birində 40 işçi qadın təklif olunub. Gələcək işəgötürəndən onların hamısını bir yerdə yerləşdirmək tələb edilib. Bu, qadınların qaçmasına imkan verməmək üçün Şimali Koreyadan gəlmiş nəzarətçilərin şərti olub.
Araşdırmalara görə, Rusiyada işləyən Şimali Koreya vətəndaşları gündə orta hesabla 14 saat çalışırlar. Bəzilərinə il ərzində cəmi iki gün istirahət verilir.

Onlar ailələri ilə sərbəst danışa bilmirlər. Keçmiş fəhlələrdən birinin sözlərinə görə, beş il ərzində tikinti sahəsindən yalnız bir dəfə çıxarılıbmış – ölkəsinə qayıtmazdan bir gün əvvəl ailəsinə hədiyyə alması üçün.

Şimali Koreyaya qayıdan olanda digərləri ailələrinə yazdıqları məktubları ona verirmişlər. Onlar həmin məktublara güclə yığdıqları pulu – əksər hallarda 20 dollarlıq bir əskinas qoyurmuşlar.

Han soyadlı keçmiş fəhlə Rusiyadakı həyatını belə təsvir edib:
“Biz yük heyvanından fərqlənmirdik”.

Ukrayna müharibəsinə göndərilənlər

Kim Çen In Rusiyaya təxminən 16 min hərbçi göndərib. Cənubi Koreya kəşfiyyatının hesablamasına görə, onların 2 minə qədəri həlak olub. Yaralananların sayı daha çoxdur.
Ukrayna hərbçiləri Kursk vilayətində öldürülmüş Şimali Koreya zabitinin üzərindən hərbi sənədlər və şəxsi gündəlik tapıblar.

Sənədlərdə Şimali Koreya bölmələrinin artilleriya atəşində və dron-kamikadze hücumlarında ağır itkilər verdiyi göstərilir. Əsgərlər yaralı yoldaşlarını döyüş meydanından çıxarmaq üçün atəş altına girir və yeni itkilər verirmişlər. Rusiya qüvvələrinin təxliyə maşınlarının ora gəlməsi bəzən on saatdan çox çəkirmiş. Bir çox yaralı yardım çatana qədər ölürmüş.

Pxenyan ölən hərbçiləri qəhrəman kimi təqdim edir. Rəsmi təbliğatda bəzi əsgərlərin əsir düşməmək üçün əl qumbarasını öz üzərlərində partlatdığı bildirilir.
Amma ölmüş taqım komandirinin gündəliyi bu qəhrəmanlıq hekayəsinin arxasında qorxu olduğunu göstərir. Partiya qarşısında igidliyini sübut etməyə çalışan zabit şöhrət arzusunun əsgərlərini ölümə sürükləyəcəyindən narahat imiş.
2024-cü ilin dekabrında o, həlak olmuş yoldaşları üçün dua yazıbmış. Şimali Koreyada yaşayan və “şahzadəm” deyə müraciət etdiyi qadına son vədini də zabit gündəliyinə elə həmin ay qeyd edibmiş:

“Ölsəm, kəpənək olub səni tapacam”.

Şimali Koreya iqtisadiyyatı böyüyür, Kim Çen Inın xaricdəki nüfuzu artır, ölkənin silah və nüvə proqramları genişlənir. Ancaq bu qazanc cəmiyyətin həyat səviyyəsinin yüksəlməsi demək deyil.
Dövlət daha çox silah satır, daha çox fəhləni xaricə göndərir, daha çox insanı ağır işə və döyüşə məcbur edir. Əldə olunan pul isə əhalinin ərzağına və yaşayış şəraitinin yaxşılaşdırılmasına yox, orduya, nüvə proqramına və hakim ailənin dəbdəbəli həyatına sərf olunur.
Kim Çen Inın gücü artıb. Şimali Koreya xalqınınsa yükü ağırlaşıb.

“Politfm”