Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif vilayətlərinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında xəsarət alanlar və həlak olanlar var. Avropa İttifaqı (Aİ) Kiyevə 3,3 milyard evro həcmində yeni hərbi yardım paketinin ayrıldığını bəyan edib.
Zaporojyeyə zərbələr
Sentyabrın 17-si axşam saatlarında Rusiya ordusu Zaporojye şəhərində yerləşən “Amstor” ticarət mərkəzinə zərbə endirib. Zaporojye Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Mixail Semikin və Zaporojye Vilayəti Müdafiə Şurasının sədri İvan Fedorovun verdiyi məlumata görə, şəhərin sağ sahil hissəsində yerləşən supermarketə endirilən zərbədən sonra ərazidə genişmiqyaslı yanğın başlayıb.
Semikin bildirib ki, qarşı tərəfin əsas hədəfləri mülki müəssisələr, ticarət mərkəzləri, avtobus dayanacaqları və sərnişin avtobusları olub. Hücum nəticəsində qeydə alınan itkilər barədə hələlik rəsmi məlumat verilməyib.
Bununla yanaşı, sentyabrın 17-si günorta saatlarında Rusiya PUA-sının Zaporojyedə sərnişin avtobusunu hədəf alması nəticəsində 8 nəfər yaralanıb. Şəhərdə həmçinin FPV-dron vasitəsilə təcili tibbi yardım avtomobilinə də zərbə endirilib. Hadisə zamanı feldşer və sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Kiyev vilayətində bir ailənin üzvləri xəsarət alıb
Sentyabrın 18-i səhər saatlarında Rusiya dronlarının Kiyev vilayətinin Fastov rayonuna hücumu nəticəsində 3-ü uşaq olmaqla, eyni ailənin 5 üzvü yaralanıb. Kiyev VHA rəhbəri Timur Tkaçenko və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) yaydığı məlumata əsasən, xəsarət alanların hamısı bir ailənin üzvləridir.
Uşaqlara akubaratravma (kontuziya) və kəskin stress reaksiyası diaqnozu qoyularaq hər üçü xəstəxanaya yerləşdirilib. Ailə başçısı termik yanıqlar, qəlpə yarası və ayaq nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya qaldırılıb, qadında isə kəskin stress reaksiyası qeydə alınıb.
Hücum nəticəsində bir fərdi yaşayış evi tamamilə dağılıb, digər ev və bir minik avtomobili ciddi zədələnib. Baş verən yanğınlar FHDX qüvvələri tərəfindən söndürülüb.
Jitomir vilayətində sənaye parkına zərbə: ölənlər və yaralananlar var
Sentyabrın 17-si axşam saatlarında Jitomir vilayətinin Korosten rayonundakı sənaye parkına endirilən zərbələr nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Jitomir VHA rəhbəri Vitali Bunekonun və FHDX-nin məlumatına görə, yaralılar orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücum anbar və istehsalat binalarında yanğınlara səbəb olub. Səhər saatlarına olan məlumata görə, yanğınlar tam söndürülüb. Ərazidə FHDX-nin 56 xilasedicisi, 17 texnikası, eləcə də Ukrayna Qırmızı Xaç Cəmiyyətinin könüllüləri cəlb olunub.
Konotopda kritik infrastruktur və dəmir yolu zədələnib
Sumı vilayətinin Konotop şəhərinə Rusiya PUA-larının kütləvi hücumu nəticəsində sosial və kritik infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Şəhər merı Artem Semenixinin sözlərinə görə, zərbələr nəticəsində uşaq bağçası, 11 nömrəli məktəb, tibb müəssisələri, çoxlu sayda fərdi evlər, elektrik ötürücü xətləri, qazpaylayıcı şəbəkə və dəmir yolu infrastrukturu zədələnib.
Qaz nəqli şəbəkəsinin zədələnməsi səbəbindən şəhərin böyük hissəsi qazsız qalıb. İlkin məlumatlara görə, hücum zamanı 2 qadın xəsarət alıb.
Aİ Ukraynaya 3,3 milyard avro yardım ayırır və “Freya” layihəsini işə salır
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra bəyan edib ki, Avropa İttifaqı Ukraynaya raket və PUA alışı üçün əlavə 3,3 milyard avro ayıracaq. Hərbi yardım üçün nəzərdə tutulan vəsait sentyabrın 18-də Ukrayna tərəfinə köçürüləcək.
Bundan əlavə, Aİ Ukraynanın döyüş təcrübəsini Avropanın sənaye potensialı ilə inteqrasiya edəcək yeni birgə müdafiə layihələri proqramını işə salmağa hazırlaşır.
“Keçən həftə Ukraynaya Dəstək Krediti çərçivəsində ‘Patriot’ sistemləri üçün Aİ maliyyəşməsini təsdiqlədik. Lakin aydındır ki, daha çox tədbirlərin görülməsinə ehtiyac var. Biz birgə ‘Freya’ əleyhinə balistik sistemimizə əsaslanaraq vahid Avropa hava və raketdən müdafiə sistemini formalaşdırmaq niyyətindəyik” deyə, Ursula fon der Lyayen vurğulayıb.
Avropa Komissiyasının rəhbəri Avropa Parlamentindəki çıxışında Ukraynanın da təmsil olunacağı Avropa Təhlükəsizlik Şurasının yaradılacağını anons edib.
“Politfm”



