Foto: “Newscom”
Tramp administrasiyası ABŞ və İran arasında davam edən müharibəyə baxmayaraq İran prezidenti və xarici işlər naziri də daxil olmaqla, bu ölkənin yüksəkrütbəli rəsmilərinə BMT Baş Assambleyasının gələn həftə Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli iclasında iştirak üçün viza verib.
Dövlət Departamentinin cümə axşamı verdiyi bəyanata əsasən, İranın “əsas nümayəndə heyəti” və onların fəaliyyəti üçün zəruri olan heyət üzvlərinin BMT sammitində iştirakı üçün vizalar təsdiqlənib. Viza məxfiliyi qanunlarına görə adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, bu heyətə İran Prezidenti Məsud Pezeşkiyan və Xarici İşlər Naziri Abbas Əraqçı da daxildir.
Hüquqi baxımdan ABŞ BMT-nin tədbirlərinə xarici qonaqların gəlişinə mane ola bilməz. Lakin keçmişdə Vaşinqton birbaşa münaqişədə olduğu ölkələrin rəhbərlərinə viza verməkdən imtina edib və ya onları dəvət etməməyi tövsiyə edib.
Dövlət Departamentinin açıqlamasında deyilir:
“Ev sahibi olaraq öhdəliklərimizə uyğun şəkildə İran rejiminin əsas nümayəndə heyətinə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak icazəsi verilib. Bununla belə, nümayəndə heyətinin hərəkətinə ciddi səyahət məhdudiyyətləri tətbiq olunacaq və mövcud siyasətimizə əsasən lüks malların və digər əşyaların satın alınması qadağan ediləcək. Bu il nümayəndə heyətinin tərkibi keçən illə müqayisədə daha azdır”.
Keçən il BMT-nin Nyu-Yorkda keçirilən tədbirlərində də məhdud sayda İran diplomatlarına viza verilmiş və onların şəhərdəki hərəkət marşrutlarına sərt nəzarət tətbiq olunmuşdu. İranlı rəsmilərə Nyu-York şəhərində yalnız BMT-dəki daimi missiyalarından müəyyən olunmuş məsafə həddində hərəkət etməyə icazə verilmişdi. Diplomatların “Costco” və “Sam’s Club” kimi böyük topdansatış mərkəzlərindən alış-veriş etməsi də qadağan edilmişdi.
İran rəsmilərinə viza verilməsi qərarı iki ölkə arasında gərginliyin ən yüksək həddə çatdığı dövrə təsadüf edir. Altı aydan çoxdur ki, ABŞ və İran arasında müharibə gedir. Hörmüz boğazının yenidən açılması və ya İranın nüvə proqramı üzrə danışıqların bərpası ilə bağlı hələ ki heç bir razılıq əldə olunmayıb. Yəməndə İranın dəstəklədiyi husi üsyançıları
Səudiyyə Ərəbistanının infrastruktur obyektlərinə və Qırmızı dənizdəki ticarət gəmilərinə hücumları intensivləşdirib. Bu gəmiçilik böhranı qlobal neft qiymətlərinin kəskin artmasına səbəb olub. ABŞ İranı beynəlxalq terrorizmin əsas dövlət sponsoru hesab edir. Vaşinqton Tehranın “mühüm maliyyə resurslarını” kəsmək məqsədilə son həftələrdə yeni sanksiya dalğasına start verib.
Dövlət Departamenti Fələstin Prezidenti Mahmud Abbasa və onun heyətinə viza verməkdən imtina edib. Dövlət Departamenti İordan çayının qərb sahilini idarə edən Fələstin Muxtariyyətini Qəzzadakı müharibəni Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinə çıxarmaqla “məsələni beynəlxalq müstəviyə daşımaqda” və israillilərə hücum edən məhbuslara ödənişlər etməkdə təqsirləndirib.
Fələstin Muxtariyyəti bu addımı pisləyərək İsrailin fəaliyyətinin “iki dövlətli həll variantına və sülh perspektivlərinə ciddi təhdid” təşkil etdiyini vurğulayıb:
“Fələstin rəsmilərinə qarşı tətbiq edilən cəza tədbirləri və məhdudiyyətlər sülhün bərqərar olunmasına və ya zorakılığın qarşısının alınmasına xidmət etmir. Əksinə, bu addımlar siyasi həll tərəfdarı olan Fələstin rəhbərliyini zəiflədir, işğal və məskunlaşma vasitəsilə zorakı ilhaq həyata keçirməyə çalışan qüvvələri həvəsləndirir”
ABŞ-dən frəqli olaraq BMT Baş Assambleyası və onun nəzdindəki qurumlar Fələstin Muxtariyyətini müstəqil dövlət kimi tanıyırlar.
“Politfm”



