Ukraynanın “Xıjak” (“Yırtıcı”) xüsusi polis briqadasının hərbçiləri cəbhə xətti yaxınlığındakı mövqedən Rusiya qoşunlarına “Blıskavka” (“İldırım”) zərbə PUA-sı buraxmağa hazırlaşırlar; Donetsk vilayəti, Ukrayna, 10 sentyabr 2026 (foto: Anatolii Stepanov/”Reuters”)

 

 

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi yeni silah sistemlərinin sınaq meydanına çevrilməklə yanaşı, NATO-nun gələcək münaqişələrə nə dərəcədə hazır olduğu barədə müzakirələri də gücləndirib.

Ukraynanın və Qərbin “Reuters”-ə danışan beş rəsmisinin fikrincə, döyüş meydanındakı texnologiya və taktika o qədər sürətlə dəyişir ki, NATO-nun bəzi silahları və əməliyyat üsulları istifadəyə verildiyi vaxtadək köhnələ bilər. Ukrayna yeni təhlükələrə həftələr ərzində uyğunlaşdığı halda, alyansda silahların alınması və yeni sistemlərin hazırlanması illər, bəzən isə onilliklər çəkir.

Ukrayna müharibəsi və ABŞ Prezidenti Donald Trampın Avropa müttəfiqlərinə müdafiə xərclərini artırmaq üçün göstərdiyi təzyiq NATO ölkələrini hərbi büdcələrini əhəmiyyətli dərəcədə yüksəltməyə sövq edib. Bununla yanaşı, Pentaqon ABŞ qüvvələrinin Avropadakı mövcudluğunu yenidən nəzərdən keçirir. Tramp Avropa ölkələrini uzun müddət Amerikanın təhlükəsizlik təminatından faydalanmaqda, lakin ortaq müdafiəyə kifayət qədər töhfə verməməkdə ittiham edir.

Ucuz dronlar tankların döyüş meydanındakı rolunu dəyişir

Ukraynanın aparıcı raket və dron istehsalçılarından olan “Fire Point” şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman bildirib ki, təxminən 5 min dollara başa gələn PUA-nın bahalı tankı məhv edə bilməsi zirehli texnikanın döyüş meydanındakı üstünlüyünü ciddi şəkildə azaldıb.

Bununla belə, “Reuters”-in müraciət etdiyi hərbi ekspertlərin əksəriyyəti tankların əhəmiyyətini tam itirmədiyini düşünür. Onların fikrincə, tanklar qorunan hərəkət, yüksək atəş gücü və möhkəmləndirilmiş mövqelərə hücum zamanı hələ də vacib rol oynayır. Problem tankların dron, radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələrindən ibarət ümumi sistemə inteqrasiya edilmədən istifadə olunmasıdır.

Ucuz dronların geniş yayılması qoşunların böyük qruplar şəklində toplaşmasını və iri avtomobil karvanlarının hərəkətini də son dərəcə təhlükəli hala gətirib. Ukrayna Milli Qvardiyasının komandanı Oleksandr Pivnenko NATO ölkələrinin hərbçilərinin mövqelərə hücum üzrə yaxşı hazırlaşdığını, lakin bəzən havadakı dron təhlükəsinə lazımi diqqət yetirmədiyini deyib.

NATO təlimlərində hələ də hava üstünlüyü əsas götürülür

“Reuters” iyunda Estoniyanın Paldiski şəhəri yaxınlığında keçirilən NATO təlimlərini izləyib. Təlim zamanı ABŞ və Avropa hərbçiləri şərti yaralıların səhra hospitallarında qəbulunu məşq ediblər.
Ssenari NATO-nun həmin ərazinin hava məkanına nəzarət edəcəyi fərziyyəsinə əsaslanıb. Ukrayna müharibəsi isə ucuz, uzaqmənzilli və aşkarlanması çətin olan dronların geniş istifadə edildiyi şəraitdə hava üstünlüyünün əvvəlcədən təmin edilmiş saymağın mümkün olmadığını göstərib.

Ukrayna rəsmilərinin sözlərinə görə, Kiyev artıq sadəcə NATO-dan təlim və silah alan tərəf deyil. Ukrayna ordusu dronlardan istifadə, radioelektron mübarizə və döyüş meydanında sürətli texnoloji uyğunlaşma sahəsində əldə etdiyi təcrübəni alyans ölkələri ilə bölüşür.

Amma “Reuters”-ə danışan rəsmilər NATO-nun hərbi bürokratiyasının bu təcrübəni ləng mənimsədiyini bildiriblər. Rumıniyada NATO-nun psixoloji əməliyyatlar kursunda iştirak etmiş ukraynalı zabit bəzi tədris materiallarında hələ də İkinci dünya müharibəsinə aid nümunələrdən istifadə olunduğunu deyib. NATO bu tənqidlərlə bağlı “Reuters”-in suallarını cavablandırmayıb.

Əsas problem hava hücumundan müdafiədir

Məqalədə NATO qarşısındakı ən ağır problemlərdən birinin hava və raket hücumundan müdafiə olduğu bildirilir. Rusiyanın Ukrayna şəhərlərinə davamlı zərbələri Avropanın ABŞ istehsalı olan “Patriot” sistemlərindən asılılığını üzə çıxarıb. Ukraynada isə hava hədəflərinin vurulması üçün istifadə edilən “Patriot” raketlərinin ciddi çatışmazlığı yaranıb.

Avropa bu asılılığı azaltmaq üçün alternativ sistemlərin hazırlanmasını sürətləndirir. Ukrayna ballistik raketləri vurmaq üçün nəzərdə tutulmuş Fransa–İtaliya istehsalı SAMP/T-NG sisteminin təhvil verilməsini gözləyir. Fransa sistemin Ukraynaya yerləşdirilməsini sürətləndirəcəyini bildirib. Avropalı diplomatların “Reuters”-ə daha əvvəl verdiyi məlumata görə, sistemin gələn ilin yazınadək çatdırılması gözlənilir.

Ukrayna Müdafiə Nazirliyi həm Ukrayna, həm də NATO hərbçilərinin bir-birindən öyrənməli olduğunu bildirib. Nazirlik Ukraynanın dron və radioelektron mübarizə sahəsindəki təcrübəsini dünyada bənzəri olmayan səviyyə kimi qiymətləndirib, Avropa ölkələrinin Rusiya raketləri və PUA-larına qarşı müdafiənin gücləndirilməsi istiqamətində fəaliyyətini müsbət dəyərləndirib.

“Freyja” adlı yeni Avropa sistemi hazırlanır

İyulda Ukrayna və doqquz Avropa ölkəsi hava hücumundan müdafiə koalisiyası yaradıb. Koalisiyanın planlarına yeni ballistik raket əleyhinə sistemin birgə hazırlanması da daxildir.

“Freyja” adlandırılan layihədə təxminən 12 şirkət iştirak edir. Özəl sektor üzrə əsas tərəfdaş Ukraynanın “Fire Point” şirkətidir. Məqsəd “Patriot”dan daha ucuz, daha sürətlə istehsal edilə bilən və istehsalına ABŞ-nin yox, Avropanın nəzarət edəcəyi sistem yaratmaqdır.

Ştilermanın fikrincə, bir ölkə hava hücumundan müdafiəyə on milyardlarla dollar xərcləyirsə, həmin sistemin istehsalı və təchizatında başqa dövlətdən asılı qalmamalıdır.

“Politfm”