Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov aclıq aksiyası keçirir

AXCP sədri Əli Kərimli ictimai əsaslarla ona mühafizəçilik etmiş və şərlənərək 13 il azadlıqdan məhrum edilən Niyaməddin Əhmədovun fevralın 26-dan etibarən cərimə kamerasına (kars) salındığını və həmin gündən aclıq aksiyası keçirdiyini bildirib.

Kərimlinin sözlərinə görə, Əhmədov uzun müddətdir ailəsi ilə əlaqədən məhrum edilib. Yalnız atası Arif Əhmədov bayram münasibətilə oğlunu ziyarət edə bilib və aclıq aksiyası barədə məlumat əldə olunub.

Əli Kərimli qeyd edib ki, Əhmədovun tez-tez karsa salınması və psixoloji-fiziki təzyiqlərə məruz qalması onu qapalı rejimli həbsxanaya köçürmək üçün əsas yaratmaq məqsədi daşıyır. Artıq məhkəmə qərarı ilə o, bir il müddətinə belə müəssisəyə keçiriləcək.

AXCP sədri bu addımları hakimiyyətin siyasi qisasçılığı kimi dəyərləndirib və cəmiyyəti Niyaməddin Əhmədova və digər siyasi məhbuslara azadlıq tələb etməyə çağırıb.