Almaniya Rusiya “kölgə donanması”na aid tankeri 40 milyon avro dəyərindəki neftlə birlikdə müsadirə etdi

Almaniya gömrük orqanları yanvar ayının ortalarından bəri Baltik dənizində, Rügen adası sahillərində lövbərdə dayanan “İventin” adlı tankeri həbs edib. Bu barədə Der Spiegel məlumat yayıb.

Nəşrin yazdığına görə, tanker martın 14-də təxminən 100 min ton neftlə birlikdə müsadirə olunub. Neftin dəyəri təxminən 40 milyon avro təşkil edir. Hazırda Almaniya hakimiyyəti neftin “İventin”dən təhlükəsiz şəkildə necə və harada çıxarılacağını, eləcə də tankerin taleyinin necə olacağını araşdırır.

Fevral ayının sonunda Avropa İttifaqı “İventin”i Rusiyanın “kölgə donanması”na aid gəmi kimi sanksiya siyahısına daxil edib. Der Spiegel qeyd edir ki, Almaniya bu müsadirə ilə Rusiyanın Baltik dənizi vasitəsilə neft tranzitinə göz yummayacağını nümayiş etdirir.