Foto: internet

 

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda ət istehsalının artırılması, yerli toxumçuluğun inkişafı və əkin subsidiyalarının yeni mexanizm əsasında verilməsi ilə bağlı planlardan danışıb.

Nazirin sözlərinə görə, 2026–2030-cu illəri üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlər həyata keçirildikcə kənd təsərrüfatı məhsullarının, o cümlədən ətin yerli istehsalının artırılmasına çalışılacaq (“İqtisadiyyat.az”).

Məmmədov hesab edir ki, daxili istehsalın genişlənməsi ət bazarında qiymətlərin daha sabit olmasına şərait yarada bilər.

Əkin subsidiyalarına limit tətbiq oluna bilər

Nazir fermerlərin əkin qərarlarının bazardakı tələb və təklifə uyğunlaşdırılması üçün rəqəmsal tövsiyə mexanizminin hazırlandığını da açıqlayıb.

İlkin mərhələdə fermer əkinə başlamazdan əvvəl müvafiq məhsul üzrə nə qədər sahənin bəyan edildiyi barədə məlumatlandırılacaq və həmin məhsulu əkib-əkməmək barədə qərarı özü verəcək.

Fermerlər sistemə uyğunlaşdıqdan sonra, təxminən bir-iki il ərzində bəzi məhsullar üzrə subsidiya limitinin tətbiqi nəzərdə tutulur. Bu halda dövlət müəyyən edilmiş həddə qədər əkin sahəsini subsidiyalaşdıracaq, limiti aşan hissəyə isə subsidiya verməyəcək. Bununla belə, fermerin həmin məhsulu əkməsinə inzibati məhdudiyyət qoyulmayacaq.

Ət istehsalı artır, amma daxili tələbat tam ödənmir

Daxili ət istehsalının artırılması ilə bağlı nazirin proqnozu tam əsassız deyil. Lakin mövcud göstəricilər bunun qısa müddətdə və yalnız subsidiya hesabına baş verməyəcəyini göstərir.

2026-cı ilin mayında açıqlanan məlumatlara görə, Azərbaycan özünü mal əti ilə 84 faiz, quş əti ilə 82 faiz, qoyun və keçi əti ilə isə 94 faiz təmin edir. İllik daxili istehsal mal əti üzrə 150 min, quş əti üzrə 147 min, qoyun və keçi əti üzrə 88 min ton göstərilib. İdxal müvafiq olaraq 30 min, 32 min və 5 min ton təşkil edir. Beləliklə, əsas istehsal boşluğu mal və quş ətində qalır. (“Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi”)

Cari ildə istehsalda artım müşahidə olunur. 2026-cı ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla, diri çəkidə 396,1 min ton ət istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Bununla belə, həmin göstərici bütün ət növlərini və diri çəkini əhatə etdiyinə görə, mal, qoyun və quş əti üzrə illik, kəsilmiş çəkidə müəyyən edilmiş hədəflərlə birbaşa müqayisə edilə bilməz.

Nazir may ayında keçirilən müşavirədə son beş ildə ölkədə heyvanların sayının azaldığını, ət istehlakı və idxalının isə artdığını bildirmişdi. Onun sözlərinə görə, yüksək məhsuldar cins heyvanların ümumi sürüdəki payı cəmi 2,5 faizdir.

Dövlət Proqramında istehsalı artırmağın hansı üsulları nəzərdə tutulub?

2026–2030-cu illər üzrə Dövlət Proqramında heyvandarlığın intensivləşdirilməsi üçün bir sıra konkret hədəflər müəyyənləşdirilib:

  • yüksək məhsuldar cins iribuynuzlu heyvanların ümumi sürüdəki payının 2,5 faizdən minimum 10 faizə çatdırılması;
  • mal əti istehsalının ən azı 20 faiz artırılması;
  • qoyun əti istehsalının ən azı 9 faiz artırılması;
  • quş əti istehsalının 30 faiz artırılması;
  • damazlıq heyvanlarla təminatın yaxşılaşdırılması və süni mayalanmaya dəstəyin yenilənməsi;
  • müasir heyvandarlıq təsərrüfatları, quşçuluq damları və kəsimxanaların yaradılması;
  • ümumilikdə 480 min hektar örüş və otlaq sahəsinin münbitliyinin yaxşılaşdırılması.

Bu tədbirlər istehsalın artırılması baxımından düzgün istiqamətlərdir. Lakin nəticə yalnız subsidiya məbləğindən yox, yem bazasının, su təminatının, baytarlıq xidmətlərinin, damazlıq işinin və özəl investisiyaların faktiki genişlənməsindən asılı olacaq.

Dövlət Proqramının icrası üçün tələb olunan investisiya 5,9 milyard manat qiymətləndirilir. Bunun 2,2 milyard manatının dövlət dəstəyi, 3,7 milyard manatının isə özəl sektorun investisiyaları hesabına təmin olunması nəzərdə tutulur. Bu isə hökumətin müəyyən etdiyi hədəflərin reallaşmasında özəl kapitalın iştirakını əsas şərtlərdən birinə çevirir.

İstehsaldakı 3,2%-lik artım ətin qiymətini sabitləşdirməyib

“İstehsal artdıqca qiymətlər stabilləşəcək” iddiası tam olaraq doğru deyil. Yerli istehsalın artması təklif çatışmazlığını və idxaldan asılılığı azalda bilər, ancaq qiymət sabitliyinə avtomatik zəmanət vermir.

Ətin maya dəyərinə yem, yanacaq, elektrik enerjisi, baytarlıq preparatları, əmək, logistika və pərakəndə satış xərcləri də təsir göstərir. İstehsal artsa belə, bu xərclərin yüksəlməsi qiymətlərin bahalaşmasını davam etdirə bilər.

Dövlət Statistika Komitəsi 2026-cı ilin həm iyul, həm də avqust aylarında mal və qoyun ətinin əvvəlki aya nisbətən bahalaşdığını bildirib. Deməli, ilin ilk səkkiz ayında ət istehsalının 3,2 faiz artması hələlik pərakəndə qiymətlərdə sabitlik yaratmayıb.

Toxum istehsalı 100 min tona çata bilər

Məcnun Məmmədov toxumçuluq sahəsində də yeni təşviq mexanizmlərinin tətbiq olunacağını bildirib. Onun sözlərinə görə, yeni qanunvericilik özəl sektorun yüksək reproduksiyalı toxum istehsalında iştirak imkanlarını genişləndirir.

Nazir bildirib ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə 81 min ton buğda və arpa toxumu istehsal edilib. 2026-cı ildə istehsalın 100 min tona yaxınlaşacağı gözlənilir. Digər hədəf isə 2030-cu ilədək ölkənin buğda toxumu ilə təminatının 100 faizə çatdırılmasıdır.

2027-ci il üzrə dəstək mexanizminə əsasən, yerli super-elit buğda və arpa toxumu istehsalçılarına mövcud əkin subsidiyasından əlavə hektara 470 manat, xarici mənşəli super-elit toxum istehsalına isə əlavə 300 manat ödənilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı texnikasının alınmasına tətbiq edilən güzəştin də 50 faizədək artırılması planlaşdırılır.

Elit toxum subsidiyasının benefisiarları kimlər olacaq?

Super-elit və elit toxum istehsalının dəstəklənməsi aktualdır, ancaq bu subsidiyanın birbaşa faydalananı bütün fermerlər deyil.

Yeni “Toxumçuluq haqqında” Qanunda toxumlar artırılma mərhələsinə görə orijinal, elit və sertifikatlı toxum kateqoriyalarına bölünür. Elit toxum orijinal toxumun çoxaldılmasından, fermerlərin kütləvi istehsalda istifadə etdiyi C1 və C2 kateqoriyalı sertifikatlı toxumlar isə elit toxumun sonrakı çoxaldılmasından alınır.

Qanunun 20.2-ci maddəsinə əsasən, orijinal və elit toxumların istehsalı elmi tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarında, həmçinin müvafiq tələblərə cavab verən ixtisaslaşmış təsərrüfatlarda həyata keçirilir. Sertifikatlı toxumların istehsalı isə bu fəaliyyətlə məşğul olan toxumçuluq təsərrüfatlarına aid edilir.

AKİA-nın açıqlamasında subsidiyadan yararlanacaq toxum istehsalçılarının hüquqi statusu ayrıca göstərilmir. Lakin qanunun tələbləri nəzərə alındıqda super-elit toxum istehsalına görə əlavə subsidiyaların birbaşa benefisiarlarının əsasən ixtisaslaşmış toxumçuluq təsərrüfatları olacağı qənaətinə gəlmək mümkündür.

Adi fermer bu ödənişi birbaşa almayacaq. Onun mümkün qazancı sertifikatlı toxum təklifinin artması, toxuma çıxışın yaxşılaşması və qiymətin ucuzlaşması vasitəsilə yarana bilər.

Sertifikatlı toxum əkinlərin hansı hissəsini əhatə edir?

Azərbaycanda sertifikatlı toxumla faktiki əkilmiş sahələrin yekun faizini göstərən açıq və aktual rəsmi statistika yoxdur.

Aqrar Tədqiqatlar Mərkəzi 2024-cü ildə 2.122 fermer arasında istifadə olunan toxumların sertifikatlı olub-olmaması və fermerlərin bu sahədə məlumatlılığı ilə bağlı sorğu aparıb. Lakin Mərkəzin açıq illik hesabatında sorğunun nəticələri yox, yalnız keçirilməsi barədə məlumat verilib.

Mövcud göstəricilərdən biri sertifikatlı toxuma tələbatın yerli istehsal hesabına ödənilmə səviyyəsidir. Aqrar Tədqiqatlar Mərkəzinin araşdırmasına görə, 2023-cü ildə yerli istehsal:

  • buğdanın sertifikatlı toxuma tələbatının 78,6 faizini;
  • arpanın sertifikatlı toxuma tələbatının isə cəmi 24 faizini qarşılayıb.

Həmin araşdırmada 2023-cü ildə toxum istehsalı ilə 293 təsərrüfat subyektinin məşğul olduğu, onların 255-nin taxıl toxumu istehsalı üzrə ixtisaslaşdığı göstərilir. Bu, toxum istehsalına verilən subsidiyanın birbaşa benefisiarlarının nisbətən məhdud təsərrüfat qrupu olduğunu göstərir.

Rəsmi toxum dövriyyəsi əkin sahələrinin yarısından da azını təmin edə bilir

Dövlət Statistika Komitəsinin toxum dövriyyəsi, əkin sahələri və AKİA-nın səpin normaları haqda məlumatına əsasən sertifikatlı toxumun mümkün əhatə səviyyəsini təxmini hesablamaq mümkündür.

 

Göstərici Buğda Arpa
2026-cı ilin məhsulu üçün əkin sahəsi 460,5 min ha 504,6 min ha
2025-ci ildə satılan və təsərrüfatların öz ehtiyacı üçün istifadə etdiyi rəsmi toxum 64,4 min ton 20,6 min ton
Hektara səpin norması 220 kq 170 kq
Toxumun çata biləcəyi maksimum sahə 292,6 min ha 121,3 min ha
Ümumi əkin sahəsinə nisbəti 63,5% 24,0%

 

Buğda və arpa birlikdə götürüldükdə 965,1 min hektar əkin sahəsinin təxminən 413,9 min hektarı, yaxud 42,9 faizi həmin toxum həcmi ilə təmin edilə bilərdi.

Lakin bu, sertifikatlı toxumla faktiki əkilmiş sahənin rəsmi göstəricisi yox, şərti hesablamadır. Hesablamada rəsmi dövriyyədə göstərilən toxumun hamısının sertifikatlı olduğu və tam həcmdə 2026-cı ilin məhsulu üçün əkildiyi fərz edilir. Toxumun ehtiyatda saxlanılması, başqa dövrdə istifadə edilməsi, birbaşa idxal və digər dövriyyə kanalları nəticəni dəyişə bilər.

Ona görə 42,9 faizi dəqiq faktiki istifadə payı kimi yox, mövcud rəsmi toxum həcminin əkin sahələrini təmin etmək imkanını göstərən təxmini göstərici kimi təqdim etmək daha doğrudur (Hesablama Dövlət Statistika Komitəsinin toxum dövriyyəsi, 2026-cı ilin əkin sahələri və AKİA-nın səpin normaları əsasında aparılıb).

Taxıl sahələrinin 78 faizi fərdi təsərrüfatların payına düşür

Təsərrüfatların strukturu subsidiyanın kimə və necə təsir göstərəcəyini anlamaq baxımından da əhəmiyyətlidir.

2026-cı ilin məhsulu üçün buğda və arpa sahələrinin 751,1 min hektarı, yaxud 77,8 faizi fərdi sahibkarların, ailə-kəndli və ev təsərrüfatlarının payına düşür. Kənd təsərrüfatı müəssisələrinin payı isə 22,2 faizdir.

Bu bölgü fərdi təsərrüfatların hamısının kiçik və ya maliyyə imkanları məhdud olduğunu göstərmir. Bununla belə, taxılçılığın əsas hissəsinin hüquqi şəxs formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin əlində olmadığını təsdiqləyir.

Toxum tələbi sərtləşir, bəs maliyyə əlçatanlığı təmin ediləcəkmi?

Sertifikatlı toxum istehsalçılarına dəstək artırıldığı halda, adi fermerlər üçün toxumdan istifadə tələbləri sərtləşdirilir.

2025–2026-cı əkin ilində sertifikatlı toxum tələbi buğda üzrə minimum 10 hektar, arpa üzrə isə 100 hektar sahəsi olan fermerlərə şamil edilirdi. Növbəti əkin mövsümündə hədd hər iki bitki üzrə 5 hektara endirilir.

2026–2027-ci əkin mövsümündə sertifikatlı toxumdan istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq. 2027–2028-ci əkin mövsümündə isə həmin təsərrüfatlar üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.

Fermer əkin subsidiyasının 25 faizini nağdlaşdıra, 75 faizini isə sertifikatlı toxum, gübrə, pestisid və digər istehsal vasitələrinin alınmasına, həmçinin aqrotexniki xidmətlərə sərf edə bilər (AKİA).

Bundan əlavə, sertifikatlı toxum, gübrə və aqrotexniki xidmətlər üçün birillik kreditlərin faizlərinin dövlət tərəfindən ödənilməsi mexanizmi yaradılıb. Ancaq fermer kreditin əsas məbləğini yenə özü qaytarmalıdır. Nazirlik bu mexanizmin yaradılmasını fermerlərin xərcə əkin mövsümünün əvvəlində ehtiyac duyması, subsidiyanın isə bəyan və yoxlama mərhələsindən sonra ödənilməsi ilə əsaslandırır.

2027-ci il üçün müəyyən tələblərə cavab verən 5–100 hektarlıq əkin sahəsinə və 30-dan yuxarı fermer reytinqinə malik təsərrüfatlara əkin subsidiyasının 30 faizinin avans şəklində verilməsi də nəzərdə tutulur. Bu mexanizm ilkin xərc problemini qismən yüngülləşdirə bilər, lakin bütün fermerlərə şamil olunmayacaq.

Yeni mexanizm fermerə dəstək olacaq, yoxsa əlavə xərc yaradacaq?

Super-elit və elit toxum istehsalının subsidiyalaşdırılması yerli toxum bazasının genişlənməsi üçün vacibdir. Ancaq adi fermerin bu siyasətdən real faydası sertifikatlı toxumun bazarda kifayət qədər çox olması, münasib qiymətə satılması və regionlarda əlçatanlığı ilə müəyyənləşəcək.

Mövcud toxum həcmi buğda və arpa sahələrinin təxminən 43 faizini təmin edə bildiyi halda, sertifikatlı toxum tələbinin 5 hektardan başlayan təsərrüfatlara şamil edilməsi bazardakı tələbi kəskin artıra bilər.

Toxum istehsalı tələbə uyğun sürətlə artmasa, qiymət və regional təminat problemi yarana bilər. Belə vəziyyətdə yeni tələb kiçik və orta fermer üçün dəstəkdən daha çox, subsidiya itkisi riskinə çevrilə bilər.

“Politfm”