İqtisadçı Rövşən Ağayev neft bazarında yaranmış vəziyyətin qlobal iqtisadiyyata mümkün təsirləri barədə sosial mediada paylaşım edib. 

Yazını olduğu kimi təqdim edirik:

Son 50 ildə dünya neft bazarlarındakı böhranın tarixini analiz edəndə ortaya 2 vacib məqam çıxır:

1. neftin maksimum qiymət həddi var və dünya iqtisadiyyatı ondan yuxarısına dözmür;

2. maksimum qiymətlər uzun müddət davam edəndə qlobal iqtisadi resessiya qaçılmaz olur, bunun ardınca isə qiymət çöküşü baş verir.

1973-74-cü illərdə ərəb ölkələrinin ABŞ və Qərb ölkələrinə embarqosu nefti 4 dəfə bahalaşdırdı. Pik hədd 5 ay davam etsə də, yüksək qiymətlər 4 ilə qədər qaldı. Nəticə çox ağır oldu, aparıcı iqtidsadiyyatlarda yüksək staqflyasiya neft bazarını çökdürdü. Hətta bəzi təhlilçilər SSRİ-nin iflasının sürətlənməsində də bu amilin rolu olduğunu düşünür.

İraqın Küveytə hərbi müdaxiləsinin səbəb olduğu neft böhranı (1990-91-ci illər) qısa çəkdi (təxminən 9 ay) və qlobal iqtisadi nəricələri sarsıdıcı olmadı.

2008-ci ilin qiymət şoku təxminən 6-7 ay davam etdi. Lakin neftin kəskin bahalanması (147 dollara qədər artdı) qlobal maliyyə bazarlarında başlayan böhranı daha da dərunləşdirdiyi üçün ağır nəticələr doğurdu. Bəzi qiymətləndirmələrə görə, həmin böhranın yaratdığı qlobal itkilər təxminən 10 trilyon dollar oldu. Qlobal ÜDM 3%-ə yaxın, dünya tucarəti 10% azaldı.

Ərəb coğrafiyasında başlayan inqilablar və İrana sanksiyalar nəticəsində 2011-2014-cü illərdə yaranan qiymət şoku (125 dollara qədər artdı) ən uzun davam edən neft bazarı böhranıdır.

Lakin həmin mərhələdə qlobal iqtisadi artm xeyli zəifləsə də, ABŞ 2008-ci il böhranından sonrakı dövrün yüksəlişini yaşayırdı, Çin ən sürətli iqtisadi artım mərhələsinin ortasında idi deyə, dünya iqtisadiyyatı böhran mərhələsinə keçmədi. Həllecidi səbəblərdən biri də ABŞ-də şist neft hasilatı sahəsində inqilabi dəyişikliyin baş verməsi oldu. Bunun sayəsində ABŞ 3-4 ilin içərisində hasilatı az qala 2 dəfə artırmağa nail oldu.

2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində yaranan qiymət şokunun nəticələri ağırdır. Qlobal inflyasiyanın sürətlənməsi (ABŞ-də 9%-ə, Avrozonada 10%-ə yaxın) və iqtisadi artımın mənfi zonaya keçməsi pandemiyayla yanaşı, ardınca yüksələn enerji qiymətlərindən qaynaqlanırdı.

İndiki qiymət şoku nə qədər davam edə bilər? Bu sualın cavabını iqtisadçılardan daha çox geopolitika mütəxəssisləri verə bilər. Çünki əsas sual budur ki, İrana müdaxilənin nəticəsi necə olacaq və hərbi qarşıdurma nə zaman yekunlşacaq?

Sadəcə ehtimallara baxaq:

– əgər yaxın 1 ayda razışlaşma olsa, qiymət şoku qlobal iqtisadiyyat üçün cidi itkilər olmadan aradan qalxacaq. 1990-91-ci il hadisələrində də qiymətlər təxminən 3 ay ərzində əvvəlki səviyyəsinə qayıtmışdı;

– əgər müharibə 1 ildən çox uzansa, qarşıdakı dövrdə alternativ mənbələr hesabına istehsalın və nəql marşurutlarının təmin edilməsi qiymətlərdə müəyyən sabitlik yarada bilər, lakin artıq Trampın hakimiyətə gəlişindən sonrakı ucuz qiymətə sürətli qayıdış çətin olar. Amma uzunmüddətli yüksək qiymətlər qlobal iqtisadi resessiya riskini artırmış olacaq;

– əgər proses daha uzun dövrə (məsələn, 2-3 ilə) yayılsa, qlobal qarşıdurma riski ciddi şəkildə artacaq. Bunun nəticəsi isə 1973-1979-cu illərdə olduğu kimi, enerji bazarında ciddi struktur və institusional dəyişikliklər ola bilər.

1970-ci illərin böhranında nüvə enerjisindən və kömürdən istifadənin sürətlə artması, qaz infrastrukturnun genişlənməsi, OPEC-in bazarın əsas oyunçusuna çevrilməsi dəyişikliyin əsas əlamətləri idi.

İndi isə alternariv enerji sektorunun daha sürətlə böyüdülməsi, enerji səmərəliyi və enerji saxlayıcı texnogiyalara sərmayələrin artırlması, LNG və atom enerjisinə böyük investisiyalar, Afrikanın və Amerika qitəsinin timsalında təchizat coğrafiyasının daha da şaxələndirilməsi struktur dəyişikliyin əsas amilləri ola bilər.