“Sənəddəki tövsiyələr heyrətamiz dərəcədə sərtdir və əgər “Gürcü Arzusu” onları yerinə yetirməsə, digər dövlətlər Gürcüstanı məhkəməyə verə biləcəklər” – konfliktoloq Paata Zakareişvili ATƏT-in “Moskva mexanizmi” adlı hesabatını şərh edərkən belə deyib (”JAMnews”).

O hesab edir ki, hesabat “həqiqətən də vacib və prinsipial bir sənəddir”:
“Hesabatda “Gürcü Arzusu” tövsiyələri yerinə yetirmədiyi təqdirdə tətbiq olunacaq alətlər də əks etdirilib. Sənəd çox həcmlidir, orada bir neçə növ tövsiyə var və mən hər kəsə onları oxumağı məsləhət görürəm. Tövsiyələr heyrətamiz dərəcədə sərtdir. “Gürcü Arzusu” onları yerinə yetirməsə, digər dövlətlər Gürcüstanı məhkəməyə verə biləcəklər.

ATƏT ölkələrinin reaksiyası da təqdirəlayiqdir: onlar geri çəkilmək niyyətində deyillər, bu sənədi qəbul edəcəklər və ondan təlimat kimi istifadə edəcəklər. Hələlik bütün tənqidlər yalnız “Gürcü Arzusu”na qarşı yönəlib. Hətta sanksiyalar bölməsində aydın şəkildə qeyd olunub ki, onlar ancaq cinayət törədən şəxslərə tətbiq edilməlidir”.

Hesabat açıqlanan gün Litvanın Haaqa Məhkəməsində Belarusa qarşı iddia qaldırdığını bildirən, ən çox bu təsadüfə təəccübləndiyini deyən Zakareişvili həmçinin bunları qeyd edib:

““Gürcü Arzusu” üçün risklər o qədər yüksəkdir ki, artıq Konstitusiya Məhkəməsinin müxalif partiyaları qadağan etməyəcəyini düşünürəm. Onlar bunun ATƏT-ə və Avropa İttifaqına görə olduğunu deməyəcəklər, sadəcə bəyan edəcəklər ki, “Biz məhkəməyik, müstəqilik, suverenliyimiz var”. Əgər Konstitusiya Məhkəməsi paprtiyaları “Gürcü Arzusu”nun iddiası əsasında qapatmaqdan imtina etsə, bu, məhz “Moskva mexanizmi”’nin təsiri olacaq. Və bu, onların dialoqa nə dərəcədə hazır olduqlarını göstərəcək”.

ATƏT-in “Moskva mexanizmi” təşkilatın ən sərt alətlərindən biri hesab olunur, bu alətdən iştirakçı ölkələrdə insan hüquqları və demokratik təsisatlarla bağlı ciddi problemlər yarandıqda istifadə edilir. 

Onun Gürcüstanda işə salınması ölkədəki siyasi siyasi böhranın kəskinləşməsi və Qərb tərəfdaşlarıyla hakimiyyət arasında münasibətlərin gərginləşməsi dövrünə təsadüf edir. Tənqidçilərin qənaətinə görə, bir neçə qanunvericilik təşəbbüsü, o cümlədən “Xarici təsirin tənzimlənməsi haqqında” qanun və digər dəyişikliklər vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını məhdudlaşdırır.

Hesabat məhz bu proseslərin fonunda (martın 12-də) dərc edilib və son dövrlər ərzində Gürcüstanda demokratik institutların və insan hüquqlarının vəziyyətinə dair ən ətraflı beynəlxalq qiymətləndirmələrdən biridir.

Təxminən 217 səhifəlik sənəddə Gürcüstanda 2024-cü ilin əvvəlindən etibarən yaranmış vəziyyət – demokratiyadan geri addım atılması, insan hüquqlarının pozulması, mediaya təzyiq, etirazçıların və müxalifətin təqibi, repressiv qanunlar ətraflı şəkildə təsvir olunub.

ATƏT Gürcüstan hökumətindən beynəlxalq öhdəliklərə uyğun gəlməyən və demokratik tənəzzülə səbəb olan qanunların ləğv edilməsini və ya onlara əsaslı şəkildə yenidən baxılmasını tələb edir.

Gürcüstanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandre Maisuradze hesabatda qeyri-dəqiqliklər, seçmə təfsirlər və siyasi cəhətdən qərəzli nəticələr olduğunu deyib.

Martın 13-də ATƏT-in üzvü olan 24 ölkə Gürcüstan hakimiyyətini “Moskva mexanizmi”nin tövsiyələrini reallaşdırmağa çağırıb.

“Politfm”