Onilliklər boyu Almaniya iqtisadiyyatı dünyanın ən etibarlı və sarsılmaz “mühərriki” hesab olunurdu. “Made in Germany” etiketi yüksək keyfiyyətli mühəndislik, ucuz Rusiya enerjisi və Çinin doyumsuz bazarı üzərində qurulmuş mükəmməl bir triadanın simvoluydu. Amma 2026-cı ilin fevral ayına olan mənzərə göstərir ki, bu triadadan geriyə yalnız xatirələr qalıb. Bu gün Berlin təkcə iqtisadi tənəzzüllə yox, həm də öz mövcudluğunu sual altına qoyan strateji çıxılmazlıqla üz-üzədir.

Strateji sütunların çöküşü

Almaniyanın uğur formulası üç əsas sütun üzərində dayanmışdı:

1. ucuz enerji: Rusiya qazı Almaniya sənayesinin rəqabət qabiliyyətini təmin edən “qan” idi. Bu axın kəsildikdən sonra istehsal xərcləri kəskin artdı;

2. Çin bazarı: Çin Almaniya maşınlarının ən böyük alıcıydı. İndi isə özünün süni intellektli elektromobilləriylə Almaniyanı öz daxili bazarından sıxışdırıb çıxarır;

3. ABŞ-ın təhlükəsizlik çətiri: Vaşinqton hərbi təhlükəsizliyi təmin edirdi deyə, Berlin diqqətini yalnız iqtisadiyyata yönəldirdi. Trampın “tarif müharibələri” planı isə bu komfort zonasını darmadağın edir.

Sənaye nəhəngləri arasında ölüm-qalım mübarizəsi

Almaniyanın simvolları olan “Volkswagen”, BASF və “Siemens” kimi nəhənglər bu gün dramatik seçim qarşısındadırlar. “Volkswagen”in son hesabatları göstərir ki, proqram təminatı və süni intellektə (Sİ) inteqrasiya baxımından çinli rəqiblərindən (məsələn, BYD və Xiaomi) ən azı 3-4 il geri qalırlar.

Məsələ artıq təkcə “yaxşı maşın düzəltmək” deyil. 2026-cı ilin istehlakçısı təkərlər üzərində hərəkət edən “mexaniki cihaz” yox, “smartfon” tələb edir. Almaniya mühəndisliyi mexanikada mükəmməl olsa da, rəqəmsal beyin və Sİ sahəsində ciddi adaptasiya problemi yaşayır. Bu boşluq Almaniyanın qlobal bazardakı payının sürətlə əriməsinə səbəb olur.

Bu ölkə onilliklər boyu “fiziki mükəmməllik” (porşenlərin dəqiqliyi, asqı sistemlərinin dözümlülüyü) baxımından bütün dünyanı fəth etmişdi. Amma son illərin texnoloji reallığı göstərir ki, aparat təminatı dövrü bitib, proqram təminatı hegemonluğu başlayıb.
Almaniyanın rəqəmsal çöküşünü üç əsas faktor sürətləndirir:

1. Mexaniki zehniyyət tələsi
Bu ölkədə mühəndislik “sıfır səhv” prinsipi üzərində qurulub. Süni İntellektsə (xüsusilə də “DeepSeek” kimi generativ modellər) “müvəffəqiyyətli sınaq və yanılma” (“trial and error”) metoduyla inkişaf edir. Almaniya şirkətləri öz maşınlarına Sİ-beyin inteqrasiya edəndə proqram təminatının sərbəstliyilə mexanikanın sərtliyi arasında konflikt yaranır. Nəticədə Çinin “Xiaomi” və ya BYD kimi şirkətləri avtomobili “təkərli smartfon” kimi sıfırdan dizayn etdiyi halda, Almaniya hələ də köhnə mühərrik strukturuna Sİ “yamağı” vurmağa çalışır.

2. Data suverenliyi və bürokratik qorxu
Almaniya Avropada məlumatların qorunması (GDPR) sahəsindaə ən sərt ölkədir. Bu, insan haqları üçün yaxşı olsa da, Sİ-nin öyrədilməsi (“training”) üçün lazım olan “böyük data” (“big data”) toplamaq imkanlarını məhdudlaşdırır. Almaniya startapları yerli qanunvericiliyin yaratdığı maneələr ucbatından öz modellərini kifayət qədər çevik inkişaf etdirə bilmirlər. Bu boşluğu isə ya ABŞ-ın nəhəng bulud sistemləri, ya da Çinin məlumat toplamaqda sərhəd tanımayan aqressiv modelləri doldurur.

3. Sİ-nin sənayeyə inteqrasiyasında Almaniya geri galırmı?
2026-cı ilin əvvəlinə olan statistikaya görə, Çin sənayesi istehsalatda Sİ əsaslı avtomatlaşdırmanı 65% səviyyəsinə çatdırıb, Almaniyada isə bu göstərici hələ də 30-35% civarındadır.
Sİ əsaslı optimallaşdırma Çin zavodlarına istehsal xərclərini 20-25% aşağı salmağa imkan verir. Almaniya isə hələ də yüksək əməkhaqqı və bahalı enerji xərcləriylə mübarizə aparır. Bu, rəqabətdə “nokaut” deməkdir.

Almaniya üçün Sİ artıq sadəcə bir trend deyil, onun sənaye varlığını qorumaq üçün son şansıdır. Berlin ya özünün “Rəqəmsal Almaniya” strategiyasını sürətləndirib çevik modellərə keçməli, ya da qlobal təchizat zəncirində sadəcə “detal istehsalçısı” səviyyəsinə enmək təhlükəsiylə barışmalıdır.

Vaşinqton və Pekin arasında sıxışmış Berlin

Almaniya üçün ən böyük kabus Donald Trampın məxfi (artıq sızdırılmış) “qarşılıqlı vergi” planıdır. Əgər ABŞ Allmaniya avtomobillərinə ağır tariflər tətbiq etsə, Berlin üçün yeganə çıxış yolu Çinlə strateji yaxınlaşma ola bilər. Ancaq bu yaxınlaşma Almaniyanın Vaşinqtonla hərbi-siyasi müttəfiqliyini riskə atır. Faktiki olaraq Berlin iki nəhəng iqtisadi blokun arasında geosiyasi poliqona çevrilib.

Azərbaycan üçün fürsət, yoxsa risk?

Almaniyanın bu istiqamətdə zəifləməsi Azərbaycan kimi enerji və tranzit ölkələrinə ikili təsiri var.
Risklər: Avropa iqtisadiyyatının lokomotivinin zəifləməsi ümumi tələbatın azalmasına və neft-qaz qiymətlərində volatilliyə səbəb ola bilər.
Fürsətlər: Almaniya sənayesi istehsal xərclərini azaltmaq üçün istehsal sahələrini daha stabil və enerji baxımından daha sərfəli regionlara köçürməyə məcbur olacaq. Azərbaycan özünün loqistika mərkəzi statusuyla Almaniya investisiyaları üçün cəlbedici alternativə çevrilə bilər.

Hazırda Almaniyada fırtınaqabağı sükut hökm sürür.
Əgər Berlin yaxın 2 il ərzində enerji qiymətlərini stabilləşdirə bilməsə və süni intellekt yarışında sıçrayış etməsə, “Avropanın mühərriki” statusunu itirib “Avropanın muzeyi”nə çevriləcək.

“Politfm”