Buşehr Atom Elektrik Stansiyasının reaktoru, 21 Avqust 2010 (foto: AP)

 


BMT-nin nüvə nəzarəti üzrə qurumu olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarəçilər Şurası dünən – iyunun 10-da İrandan agentliklə tam əməkdaşlıq etməyi, nüvə silahı səviyyəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatları barədə “tam məlumat” verməyi və müfəttişlərin nüvə obyektlərinə girişinə imkan yaratmağı tələb edən qətnamə qəbul edib.

Sənəddə vurğulanır ki, MAQATE nüvə materiallarının təyinatından kənar məqsədlər üçün istifadə edilmədiyinə əmin olmaq üçün İranın ona məlumat və çıxış imkanı təmin etməsi “prinsipial və təxirəsalınmaz əhəmiyyət” daşıyır (“ru.euronews.com”).

Qapalı səsvermənin nəticələri barədə anonimlik şərtilə danışan diplomatların sözlərinə görə, MAQATE-nin Vyanadakı mənzil-qərargahında keçirilən səsvermədə İdarəçilər Şurasının 35 üzvündən 21-i qətnamənin lehinə səs verib.

Rusiya, Çin və Niger sənədin əleyhinə çıxıb. On ölkə bitərəf qalıb, bir ölkə isə üzvlük haqları üzrə borcuna görə səsvermədə iştirak etməyib.

Qətnamənin təşəbbüskarları Fransa, Böyük Britaniya, Almaniya və ABŞ olub.
Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən yüksək rütbəli Qərb diplomatı bildirib ki, qətnamə “İran üzərində diplomatik təzyiqi saxlamaq və onu təminatlarla bağlı hüquqi öhdəliklərini yerinə yetirməyə sövq etmək” məqsədi daşıyır.

Sənəd Yaxın Şərqdə vəziyyətin kəskin gərginləşdiyi bir vaxtda qəbul edilib. Dünən səhər ABŞ İrana hava zərbələri endirib, Tehran isə buna cavab olaraq region ölkələrinə raketlər atıb.

Artan qarşıdurma müharibənin dayandırılması istiqamətindəki səyləri təhlükə altına qoyur. ABŞ Prezidenti Donald Tramp deyib ki, Tehran sülh razılaşmasını ləngitdiyinə görə “bədəl ödəyəcək”.

2025-ci ilin iyununda İsrail və ABŞ 12 günlük hərbi kampaniya zamanı İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra Tehran həmin obyektlərə MAQATE müfəttişlərinin girişinə icazə vermir. Halbuki Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində İran agentliklə əməkdaşlıq etməyə hüquqi cəhətdən borcludur.

İyun bombardmanlarından bəri MAQATE silah səviyyəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatlarının hazırkı vəziyyətini də təsdiqləyə bilmir.

Agentliyin məlumatına görə, İranın 60 faizədək zənginləşdirilmiş 440,9 kiloqram uran ehtiyatı var. Bu göstərici nüvə silahı üçün tələb olunan təxminən 90 faizlik zənginləşdirmə səviyyəsindən cəmi bir texniki mərhələ uzaqdır.

MAQATE-nin baş direktoru Rafael Qrossi bu yaxınlarda verdiyi müsahibədə xəbərdarlıq edib ki, İran uran proqramına hərbi xarakter vermək qərarına gələrsə, mövcud ehtiyatlar nəzəri olaraq 10-a qədər nüvə bombasının hazırlanmasına imkan verə bilər. Amma Qrossi vurğulayıb ki, bu, İranın artıq nüvə silahına malik olması demək deyil.

İran isə nüvə silahı yaratmaq niyyətində olmadığını və proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir.

Ötən ilin iyununda MAQATE İdarəçilər Şurası İranı təminatlar sazişini pozan tərəf kimi rəsmən tanımışdı. Bu, son 20 ildə ilk belə qərar idi və ABŞ ilə İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən əvvəl qəbul edilmişdi.

Problemin əsas elementlərindən biri MAQATE-nin İranda bəyan edilməmiş bir sıra obyektlərdə aşkarladığı uran izləriylə bağlı uzun illərdir davam edən araşdırmadır.

Agentliyin məlumatına görə, İran 2019-cu ildən bəri həmin nüvə materialının mənşəyi və hazırkı yeri barədə “texniki baxımdan inandırıcı izahatlar” təqdim etməyib.
Qərb rəsmiləri hesab edirlər ki, bu izlər İranın 2003-cü ilə qədər gizli nüvə silahı proqramına malik olması barədə əlavə sübut kimi qiymətləndirilə bilər.

Çərşənbə günü qəbul edilən qətnamə İran məsələsinin əlavə sanksiyaların müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasına göndərilməsini nəzərdə tutmur. Sonuncu dəfə belə addım 2006-cı ilin fevralında atılmışdı.

Bununla belə, sənəd bu ehtimalı açıq saxlayır. Qətnamədə bildirilir ki, MAQATE İdarəçilər Şurası “əlavə tədbirlər görməyə hazırdır” və bu tədbirlər sırasında İranın öhdəlikləri yerinə yetirməməsinə dair agentliyin BMT Təhlükəsizlik Şurasına təqdim edə biləcəyi rəsmi hesabatın müddəti və məzmununun müzakirəsi də yer alır.

“Politfm”