Foto: “kavkaz-uzel.eu”

 

“Ermənistan” bloku iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edəcək.

Bu barədə blokun lideri, ölkənin ikinci prezidenti Robert Koçaryan məlumat verib.

Keçmiş ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi “Birlik qanadları” partiyası isə səslərin yenidən sayılması prosesinə başlayıb.

Biznesmen Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,996 faiz səs qazanıb və beləliklə də parlamentə düşmək üçün tələb olunan 4 faizlik baryeri keçə bilməyib.

Hakim “Vətəndaş müqaviləsi” partiyası 49,825 faiz səs toplayıb. Müxalifət qüvvələri ümumilikdə 37,23 faiz səs qazanıb.

“Güclü Ermənistan” bloku 23,281 faiz, “Ermənistan” bloku isə 9,934 faiz səs toplayıb.

“Bu seçkilər hakimiyyətin genişmiqyaslı təzyiqləri, müxalifət nümayəndələrinin həbsləri, inzibati resursdan misilsiz istifadə və səsvermə zamanı baş verən pozuntular şəraitində keçirilib” – “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan belə deyib.

Həmçinin bildirib ki, onun partiyası seçkilərin nəticələrinə etiraz etməzdən əvvəl “müxalifət düşərgəsindəki həmkarlarıyla növbəti addımları müzakirə edir”.

“Biz geri çəkilməyəcəyik və mübarizə səngərimizi tərk etməyəcəyik” deyə, o əlavə edib.

“Birlik qanadları” partiyasının lideri, keçmiş ombudsman Arman Tatoyan da hakimiyyətin “inzibati resursdan görünməmiş şəkildə sui-istifadə etdiyini” bəyan edib. O, səslərin yenidən sayılması təşəbbüsüylə çıxış edib və seçkilərin nəticələrinə etiraz edəcəyini mümkün sayıb.

Tatoyanın sözlərinə görə, partiyası seçicilərə təzyiq göstərilməsiylə bağlı “çoxsaylı hallar” qeydə alıb. Onun iddiasına görə, vətəndaşlardan seçki bülleteninin şəklini çəkmək və daha sonra hakim partiyanın lehinə səs verdiklərini sübut etmək tələb olunub.

“Biz əminik ki, hakim partiya rəsmi nəticələrdə özünə yazdığı dəstəyi qazanmayıb. Biz inanırıq ki, vətəndaşların ‘Birlik qanadları’na verdiyi səslər saxtalaşdırılıb” — “Birlik qanadları”nın bəyanatından belə deyilir.

Rəsmi nəticələr iyunun 14-də açıqlanacaq

“Güclü Ermənistan” bloku hələlik seçkilərin nəticələrinə etiraz edib-etməyəcəyini açıqlamayıb. Təşkilatın üzvü Narek Karapetyan bildirib ki, birlik “real sayımlar və hesabatlar başa çatdıqdan sonra daha ətraflı bəyanatla çıxış edəcək”. Bu barədə “Arminfo” məlumat yayıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan seçkilərin yekun nəticələrinin iyunun 14-də dərc olunacağını bildirib. O qeyd edib ki, əgər müxalifət parlamentin işini boykot etmək və ya mandatlardan imtina etmək qərarına gəlsə, həmin mandatlar başqa siyasi qüvvələrə verilməyəcək.

Nikol Paşinyanın səs sayımı başa çatmamış partiyasının qalib gəldiyini açıqlamasıyla bağlı müxalifətin iradlarına münasibət bildirən Ovakimyan deyib ki, siyasi qüvvələr seçkilərin nəticələrini seçki komissiyasından “təxminən üç saat əvvəl” yekunlaşdırırlar. Onun sözlərinə görə, etibarlı nümayəndələr məntəqələrdə sayım bitən kimi məlumatları partiya qərargahlarına ötürürlər və ümumilikdə siyasətçilər “istədikləri bəyanatı verməkdə azaddırlar”.

“Azadlıq” meydanına toplaşmaq çağırışı cavabsız qalıb

Son illərdə Ermənistana köçmüş “çoxsaylı rusiyalılar” da seçkilərdə müstəqil müşahidəçi kimi siştirak ediblər. Onların qiymətləndirməsinə görə, “səsvermə şəffaf keçib, ciddi pozuntular qeydə alınmayıb”.

İ “Njhar” konstitusiya hərəkatı yunun 8-i səhər saatlarında sosial şəbəkələrdə “bütün sağlam qüvvələri” adından saat 19:00-da Yerevandakı “Azadlıq” meydanına toplaşmağa çağırıb. Polis əməkdaşları günortadan etibarən meydanda növbə çəksələr də, “sağlam qüvvələr” meydana gəlməyiblər. “Njhar”çıların özləri isə meydana 20 nəfərdən çox olmayan kiçik qrup şəklində gəliblər.

Onlardan biri deiyb ki, Nikol Paşinyanın səs sayımı başa çatmadan qələbə elan etməsi onları “narahat edib”. Həmin şəxsin sözlərinə görə, meydana toplanmaq çağırışı “seçkilərlə bağlı hər hansı problemin olub-olmadığını anlamaq” üçün edilmişdi. Fəal etiraf edib ki, siyasi qüvvələrin əksəriyyətində səsvermənin nəticələrilə bağlı ciddi etiraz yaranmayıb.



“Politfm”

(“Kavkazski uzel”in materialı əsasında)