Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri Məkkə Birgə Müdafiə Sazişi üzrə ilk toplantıda; İstanbul, 31 avqust 2026 (foto: Türkiyə Milli Müdafiə Nazirliyi)

 

 

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın baş qərargah rəisləri Yəmən husilərinin hücumları fonunda Ər-Riyada göstərilə biləcək hərbi dəstəyi müzakirə etmək üçün təcili görüş keçirəcəklər.

Görüş avqustda imzalanmış Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində təşkil olunur. Saziş tərəflərdən birinə silahlı hücumun hər üç ölkəyə hücum sayılmasını nəzərdə tutur. Lakin mümkün yardımın miqyası və forması hələ açıqlanmayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Baş Qərargah rəisi general Selçuk Bayraktaroğlu sentyabrın 25-də səudiyyəli və pakistanlı həmkarları ilə görüşmək üçün Səudiyyə Ərəbistanına yola düşməlidir. “Reuters”-in məlumatına görə, danışıqların əsas mövzusu krallığın müdafiəsinə veriləcək dəstək olacaq.

Təcili görüşü husilərin raket hücumları şərtləndirib

Husilər sentyabrın 24-də Səudiyyə Ərəbistanındakı hədəflərə onlarla raket və pilotsuz uçuş aparatı atdıqlarını açıqlayıblar. Səudiyyənin rəhbərlik etdiyi koalisiya isə Taif şəhərinə və Qırmızı dəniz sahilindəki Yanbu limanına yönəlmiş altı ballistik raketin vurulduğunu açıqlayıb.

Bundan əvvəl Məkkə, Ciddə və Yanbu daxil olmaqla, bir sıra bölgələrdə fövqəladə xəbərdarlıq elan edilmişdi. Səudiyyə hakimiyyəti husilərin Məkkəyə pilotsuz uçuş aparatı göndərdiyini də bildirmiş, qruplaşma isə müqəddəs şəhəri vurmaq niyyətində olmadığını bildirmişdi.

Səudiyyə Ərəbistanının baş müftisi Saleh bin Fövzan nadir açıqlama ilə çıxış edərək sərhəddə xidmət edən hərbçiləri daim hazırlıqlı və ayıq olmağa çağırıb. O, ölkə ərazisinin qorunmasını hərbçilərin ən mühüm vəzifələrindən biri adlandırıb.

Ər-Riyada hava hücumundan müdafiə vasitələri lazımdır

“Associated Press”-ə danışan iki rəsminin sözlərinə görə, davamlı raket və dron hücumları Səudiyyə Ərəbistanının raket əleyhinə sursat ehtiyatını azaldıb. Ər-Riyad bu səbəbdən Fransa, Böyük Britaniya, Pakistan və Misirdən hava hücumundan müdafiə vasitələri göndərməyi xahiş edib.

Krallıq eyni vaxtda hərbi bazaları, şəhərləri, dövlət obyektlərini, neft emalı müəssisələrini, boru kəmərlərini və ixrac terminallarını qorumağa çalışır. Müdafiə sistemlərinin belə geniş əraziyə paylanması raket tutucularına və texniki heyətə tələbatı artırır.

Bu baxımdan Səudiyyəyə ən real yardım istiqamətləri bunlar ola bilər:

• əlavə hava hücumundan müdafiə sistemləri və raket tutucuları;
• radarlar və erkən xəbərdarlıq vasitələri;
• pilotsuz uçuş aparatlarına qarşı sistemlər;
• kəşfiyyat məlumatlarının paylaşılması;
• texniki heyət və hərbi məsləhətçilər;
• Səudiyyə təyyarələrinin havada yanacaqla təmin edilməsi;
• neft terminallarının və Qırmızı dəniz sahilinin qorunması.

Bununla belə, Türkiyə və Pakistanın Yəməndə birbaşa döyüş əməliyyatına qoşulacağına dair qərar yoxdur.

Türkiyə texniki dəstək və müdafiə sənayesi məhsulları verə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da bildirib ki, Ankara Səudiyyənin hərbi ehtiyaclarını qarşılamağa hazırdır:
“Onların xüsusilə bəzi texniki məsələlərdə hərbi ehtiyacları ola bilər. Bunları təmin etməkdə çətinlik çəkmərik”.

Türkiyə pilotsuz uçuş aparatları, elektron mübarizə sistemləri, radarlar, sursat və digər müdafiə texnologiyaları istehsal edir. Ona görə də Ankaranın ilkin mərhələdə iri hərbi birliklər yox, texniki heyət, avadanlıq, məlumat mübadiləsi və müdafiə sənayesi məhsulları göndərməsi daha real görünür.

Lakin Məkkə sazişi Türkiyə parlamentində hələ ratifikasiya edilməyib. “Reuters”-in məlumatına görə, bu səbəbdən yaxın vaxtlarda göstərilə biləcək yardım üçtərəfli mexanizmdən daha çox, Türkiyə–Səudiyyə əməkdaşlığı çərçivəsində rəsmiləşdirilə bilər.

AP-yə danışan analitiklər də Türkiyə və Pakistanın böyük sayda hərbçi göndərməsinə az ehtimal verirlər. Onların fikrincə, məhdud hərbi yerləşdirmə mümkün olsa da, əməkdaşlığın əsas hissəsi texnologiya transferi, müdafiə istehsalı, təlim və diplomatik koordinasiyadan ibarət ola bilər.

Pakistan artıq Səudiyyədə hərbi qüvvə saxlayır

Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri Türkiyənin münasibətlərindən daha qədim və əhatəlidir. Bu iki ölkə 2025-ci ilin sentyabrında qarşılıqlı müdafiə sazişi imzalayıb.
“Reuters”-in daha əvvəl yaydığı təhlilə görə, bu razılaşma əsasında Səudiyyə Ərəbistanında artıq minlərlə pakistanlı hərbçi və bir qırıcı eskadrilya yerləşdirilib. Ona görə də İslamabad hava müdafiəsi, təlim, kəşfiyyat və mühüm obyektlərin qorunmasına daha tez qoşula bilər.

Ancaq Pakistan üçün belə bir qərarın siyasi riski böyükdür. İslamabad bir tərəfdən Səudiyyə Ərəbistanının təhlükəsizliyini qorumağı öhdəsinə götürüb digər tərəfdən İranla münasibətlərini və vasitəçi rolunu itirmək istəmir.

Pakistan üzrə ekspert Kamran Bokharinin fikrincə, Səudiyyəyə hava hücumundan müdafiə və kəşfiyyat dəstəyi vermək Pakistanı faktiki olaraq münaqişə iştirakçısına çevirə bilər. Pakistan ordusunun Hindistanla sərhəddə və ölkənin qərbindəki silahlı qruplara qarşı da qüvvə saxlaması yeni öhdəlikləri çətinləşdirir.

Fransa və Britaniya yardım barədə artıq qərar veriblər

Artıq Fransa və Böyük Britaniya Səudiyyəyə məhdud hərbi dəstək verəcəklərini açıqlayıblar.
Fransa Prezidenti Emmanuel Makron Yanbu limanını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbçilər, radarlar və müdafiə sistemləri göndəriləcəyini bildirib. Makron həmin qüvvələrin münaqişəyə qoşulmayacağını, yalnız mühüm enerji obyektinin müdafiəsi ilə məşğul olacaqlarını deyib. “The National bu qərarın husilərin Yanbuya raket hücumlarından sonra verildiyini yazır.

Böyük Britaniya isə döyüş təyyarələrini havada yanacaqla təmin etmək üçün Səudiyyə “Voyager” təyyarəsi ayırıb. Yardımın bir neçə həftə davam etməsi və yalnız müdafiə əməliyyatlarında istifadə olunması nəzərdə tutulur. AP-nin məlumatına görə, məqsəd Səudiyyə təyyarələrinin havada daha uzun müddət qalmasına imkan yaratmaqdır.

ABŞ isə hələlik hərbi müdaxiləyə qoşulmayıb. Bununla belə, ABŞ Mərkəzi Komandanlığı Səudiyyə qüvvələri ilə kəşfiyyat məlumatlarının paylaşılması və əməliyyatların planlaşdırılması üçün xüsusi qrup yaradıb.

Məkkə İttifaqının ilk ciddi sınağı

Məkkə Birgə Müdafiə Sazişi (Məkkə İttifaqı) avqustun 7-də Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Bu yeni ittifaq kollektiv çəkindirməni gücləndirməli və tərəflərdən birinə hücumu bütün üzvlərə hücum kimi qiymətləndirməlidir. Səudiyyə hakimiyyəti sənədin yeni hərbi blok və ya dini ittifaq yaratmadığını, nüvə silahı və silahlanma yarışı ilə bağlı olmadığını bildirib.
AP sazişin konkret hərbi cavab mexanizmlərinin ictimaiyyətə tam açıqlanmadığını qeyd edib.

İttifaq yaranandan cəmi bir neçə həftə sonra baş vermis husi hücumları onun ilk real sınağına çevrilib. Qarşıdakı görüşlə bağlı əsas sual budur: Türkiyə və Pakistan siyasi həmrəyliklə kifayətlənəcək, yoxsa Səudiyyənin hava hücumundan müdafiəsinə konkret yardım göstərəcəklər?

İran Prezidenti Məsud Pezeşkian “Fox News”-a müsahibəsində Tehranı husilərin hücumlarından kənarda saxlamağa çalışıb: “Husilər öz hərəkətlərinə görə özləri məsuliyyət daşıyırlar”.

Qərb və region ölkələri İranı qruplaşmaya illərdir silah, texnologiya və təlim dəstəyi verməkdə ittiham edirlər.

“Politfm”