Foto: Margo Martin / Ağ Ev

 

 

Çinin rəhbəri Si Szinpinin Vaşinqtona rəsmi səfəri ABŞ–Çin münasibətlərində dönüş yaratmadı. Ancaq bu görüş hər iki liderə ölkə daxilində istifadə edə biləcəkləri siyasi dividentlər qazandırdı: Donald Tramp Çinlə münasibətləri nəzarətdə saxlaya bildiyini, Si isə Vaşinqtonun Çinlə artıq bərabər güc səviyyəsində hesablaşdığını göstərməyə çalışdı.

Ağ Ev Çin liderini qarşılamağa xüsusi əhəmiyyət versə də, görüşdən sonra Tayvan, ticarət, süni intellekt və texnologiya məhdudiyyətləri ilə bağlı ciddi irəliləyiş elan olunmadı.

Bol mərasim, az nəticə

Tramp və xanımı Melaniya Çin liderini hərbi aerodromda qarşıladılar. Ağ Evdə fəxri qarovulun iştirakı ilə mərasim keçirildi, döyüş təyyarələrin havaya qaldırıldı, günün sonunda isə Si Szinpinin şərəfinə dövlət ziyafəti verildi.

Lakin mərasimlər nə qədər təmtəraqlı idisə, açıqlanan nəticələr bir o qədər məhdud oldu. Ağ Ev danışıqların məzmunu barədə ətraflı məlumat yaymadı. Tramp yalnız görüşün çox yaxşı keçdiyini bildirdi, Si isə tərəflərin bir sıra məsələlər üzrə ortaq qənaətə gəldiyini dedi, amma həmin məsələləri sadalamadı.

Əldə olunan ən mühüm razılıq ABŞ ilə Çin arasında ticarət qarşıdurmasına verilmiş fasilənin daha iki ay uzadılmasıdır. Tariflər, Çinin Amerika mallarını alması, nadir torpaq elementlərinin tədarükü və qabaqcıl texnologiyaların Çinə satışına qoyulan məhdudiyyətlərsə növbəti danışıqlara qaldı.

Səfərin digər nəticələri daha çox rəmzi xarakter daşıyır. Çin qarşıdakı beş ildə 100 min amerikalı gənci təhsil və mübadilə proqramları ilə ölkəyə dəvət edəcəyini, Atlanta zooparkına isə iki panda göndərəcəyini açıqladı.

Əsas hədəf – daxili auditoriyalar

Tayvanın Milli Çençji Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Hsin-Hsien Vanqın fikrincə, görüşü yalnız xarici siyasətlə izah etmək düzgün olmaz. Həm Trampın, həm də Sinin daxili siyasi hesabları vardı.

Tramp noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində seçicilərə Çinlə münasibətləri idarə edə bildiyini göstərmək istəyir. Ağ Ev Pekinin Amerikadan kənd təsərrüfatı məhsullarının alışını artırması və “Boeing” şirkətinə yeni sifarişlər verməsi kimi nəticələr əldə etməyə çalışırdı. Tramp bunları fermerlər və sənaye müəssisələri üçün qazanc kimi təqdim edə bilərdi.

Ancaq səfər zamanı bu istiqamətdə yeni öhdəliklər elan olunmadı. Çin nə əlavə kənd təsərrüfatı məhsulları almağa, nə də “Boeing” təyyarələri sifariş etməyə söz verdi.
Si Szinpin üçünsə Vaşinqtonda böyük dövlətin rəhbəri kimi qarşılanmaq özlüyündə mühüm nəticədir. Ağ Evdəki mərasimlər Çinin ABŞ ilə eyni səviyyəli güc olması barədə Pekinin yaratdığı təsəvvürü möhkəmləndirir.

Bu səfər Si üçün Çin Kommunist Partiyasının növbəti qurultayı ərəfəsində xarici münasibətlərdə sabitlik yaratmaq baxımından da əhəmiyyətlidir. Çin rəhbərliyi ölkə daxilində belə bir fikir formalaşdırır ki, ABŞ-nin təzyiqinin öhdəsindən yalnız Si Szinpin gələ bilər, Vaşinqtonla bərabər səviyyədə ancaq o danışa bilər.

Beləliklə, tərəflər böyük razılaşma əldə etməsələr də, hər iki lider görüşdən özünə lazım olan siyasi nəticəni əldə etmiş oldu.

Ticarət mübahisələri həll olunmadı

Ticarət qarşıdurmasına verilmiş fasilənin cəmi iki ay müddətinə uzadılması tərəflərin uzunmüddətli razılaşmadan hələ uzaq olduğunu göstərir.

Pekin ABŞ tariflərinin azaldılmasını və Çin şirkətlərinin qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdıran qaydaların yumşaldılmasını istəyir. Vaşinqton isə Çinlə danışıqlarda həm tariflərdən, həm də texnologiya ixracına nəzarətdən təzyiq vasitəsi kimi istifadə edir.

Eyni zamanda ABŞ Çindən əvvəlki alış öhdəliklərini tam yerinə yetirməsini tələb edir. Pekin razılaşdırılmış 25 milyon ton soyanı almağa davam etsə də, başqa kənd təsərrüfatı məhsulları üzrə 17 milyard dollarlıq öhdəlikdən geri qalır. ABŞ-yə nadir torpaq elementləri göndərilməsi də Vaşinqtonu qane edəcək səviyyəyə çatmayıb.

İki aylıq möhlət bu mübahisələri həll etmir. Sadəcə, tərəflərə danışıqları davam etdirmək və yeni tarif savaşının dərhal başlanmasının qarşısını almaq üçün vaxt verir.

Tayvan məsələsində tərəflər əvvəlki mövqelərində qaldılar

Si Szinpin Trampdan ABŞ-nin publik şəkildə Tayvanın müstəqilliyinə qarşı çıxmasını istəyib. Pekinin tələb etdiyi mövqe Vaşinqtonun indiyədək işlətdiyi “Tayvanın müstəqilliyini dəstəkləmirik” ifadəsindən daha sərtdir.

Müstəqilliyi dəstəkləməmək ABŞ-yə Tayvan məsələsində müəyyən hərəkət sərbəstliyi verir. Müstəqilliyə qarşı çıxmaq isə Vaşinqtonu Pekinin mövqeyinə yaxınlaşdırar və Tayvanın müdafiəsi ilə bağlı öhdəlikləri barədə suallar yaradar.

Ağ Ev Sinin tələbinə konkret cavab verməyib. Tramp administrasiyasının indiki mövqeyini dəyişməyə hazırlaşdığını göstərən hər hansı açıqlama da yoxdur.

Bununla belə, Konqresin təsdiqlədiyi 14 milyard dollarlıq silah paketi hələ də Tayvana göndərilməyib. Tramp daha əvvəl bu paketdən Çinlə danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə edə biləcəyini demişdi. Bu yanaşma həm Tayvanda, həm də ABŞ-nin Asiyadakı müttəfiqlərində narahatlıq yaradıb.

Süni intellekt üzrə ortaq qaydalar razılaşdırılmadı

Süni intellekt hər iki ölkənin gündəliyində olsa da, Vaşinqtonla Pekinin yanaşmaları fərqlidir.
Si Szinpin süni intellektin insan nəzarətindən çıxmamalı olduğunu və texnologiyanın təhlükəli məqsədlərlə istifadəsinin qarşısını almaq üçün ABŞ və Çinin bunu müzakirə etməli olduğunu bildirib.

Tramp isə yeni qaydaların ABŞ şirkətlərinin fəaliyyətini məhdudlaşdırmasını və Çinə rəqabət üstünlüyü verməsini istəmir. Vaşinqton qabaqcıl çiplərin və süni intellekt texnologiyalarının Çin ordusunun əlinə keçməsindən narahatdır. Pekinsə həmin məhdudiyyətlərin Çinin texnoloji inkişafını ləngitmək üçün tətbiq edildiyini düşünür.

Tərəflər danışıqları davam etdirməyə razı olsalar da, hər hansı ortaq qayda, daimi məsləhətləşmə mexanizmi və ya böhran zamanı istifadə ediləcək rabitə xətti barədə yekun qərar açıqlanmayıb.

Eyni tarixi hadisəyə iki fərqli baxış

Görüş zamanı Tramp və Si İkinci Dünya müharibəsində ABŞ ilə Çinin eyni cəbhədə döyüşdyünü xatırladıblar. Ancaq onlar bu tarixi nümunədən fərqli məqsədlə istifadə ediblər.

Tramp keçmiş əməkdaşlığı iki ölkənin yenidən ortaq maraqlar ətrafında çalışa biləcəyinin sübutu kimi təqdim edib.
Si isə müharibədən sonrakı beynəlxalq düzənin qorunmasını vurğulayıb. Pekinin siyasi dilində bu o deməkdir ki, Tayvan Çinin bir hissəsi kimi qəbul olunmalıdır və Yaponiyanın bölgədəki roluna münasibət dəyişməməlidir.

Bu fərq görüşün ümumi mənzərəsini də əks etdirir: tərəflər əməkdaşlıqdan danışsalar da, eyni anlayışlara müxtəlif məna verirlər.

Münasibətlər sabitləşdi, amma yaxşılaşmadı

Tramp–Si görüşü iki ölkə arasında gərginliyin yaxın vaxtlarda açıq qarşıdurmaya çevrilməsi ehtimalını azaltdı. Liderlər dialoqu davam etdirmək və münasibətləri nəzarətdən çıxmağa qoymamaq niyyəti nümayiş etdirdilər.
Ancaq ticarət, Tayvan, süni intellekt və texnologiya uğrunda rəqabətlə bağlı əsas mübahisələrin heç biri həll olunmadı.

Ona görə də görüşün nəticəsini böyük razılaşma yox, vaxt qazanmaq cəhdi kimi qiymətləndirmək daha doğru olar. Tramp seçicilərinə Çinlə danışa bildiyini göstərdi, Si isə Vaşinqtonda eyni gücə sahib tərəf kimi qarşılandı. Hər ikisi istədiyini aldı, ABŞ ilə Çin arasındakı əsas ziddiyyətlər isə olduğu kimi qaldı.

“Politfm”