Foto: “Shutterstock”

 

Vəkil Zibeydə Sadıqova 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda başvermiş qadın qətllərinin statistikanı paylaşıb. Bu siyahı göstərir ki, qadınlar üçün ən təhlükəli yer öz evləri, ən təhlükəli insanlarsa öz yaxınlarıdır. Cəmi 5 ay ərzində çox sayda qadın qətlə yetirilib, həm də ən qəddar üsullarla – bıçaqla, baltayla, ov tüfəngiylə.

Zibeydə Sadıqovanın təqdim etdiyi siyahı belədir:

– 14 yanvarda Bakı şəhərində 40 yaşlı S.Kazımova bıçaqlanıb;
– 15 yanvarda Gəncə şəhərində 37 yaşlı K.Əsgərova bıçaqlanıb;
– 16 yanvarda Tovuz rayonunda 44 yaşlı Ş.Abdullayevanı keçmiş əri bıçaqlayıb;
– 24 yanvarda Bakı şəhərində 67 yaşlı Həyat Ağayevanı oğlu öldürüb;
– 26 yanvarda Bakı şəhərində əri Ş.Ələkbərovanı bıçaqlayıb, sonra da özünü binadan atıb (ölüb);
– 31 yanvarda Goranboy rayonunda 63 yaşlı Zoya Əhmədovanı oğlu öldürüb;
– 31 yanvarda Ağdam rayonunda G.Salahovanı əri bıçaqlayıb
– 31 yanvarda Goranboy rayonunda 31 yaşlı J.Yolçuyevanı əri bıçaqlayıb;
– 1 fevralda Cəlilabad rayonunda 14 yaşlı Həqiqət Nağıyevanı əmisi öldürüb;
– 23 fevralda Mingəçevir şəhərində 23 yaşlı T.Kərimovanı əri bıçaqlayıb;
– 23 fevralda Lənkəran şəhərində 61 yaşlı Balaqız Məmmədovanı əri ov tüfəngindən atəş açaraq öldürüb;
– 26 fevralda Şamaxıda 47 yaşlı Könül Eminovanı ögey oğlu öldürüb;
– 6 martda Sumqayıt şəhərində 31 yaşlı Mehriban Ağabalazadəni əri öldürüb;
– 20 martda Bakı şəhərində 35 yaşlı Pərvanə Abbasovanı əri öldürüb;
– 23 martda Sabirabad rayonunda 43 yaşlı Zahirə Şükürova öldürülüb;
– 23 martda Ağdaş rayonunda 68 yaşlı Anaxanım Əbilovanı oğlu öldürüb;
– 30 martda Şəmkir rayonunda 66 yaşlı Çiçək Sərdarovanı oğlu öldürüb;
– 11 apreldə Abşeron rayonunda 30 yaşlı Nuranə İskəndərlini sevgilisi öldürüb;
– 11 apreldə Abşeron rayonunda 39 yaşlı Pərişan Süleymanovanı qohumunun sevgilisi öldürüb;
– 17 apreldə Bakı şəhərində 58 yaşlı Ceyran Həsənovanı keçmiş əri öldürüb;
– 2 mayda Ağcabədi rayonunda 48 yaşlı Nəzakət Səlimovanı əri balta ilə öldürüb;
– 12 mayda Göyçay rayonunda 31 yaşlı Vəfa Ağakərimovanı əri öldürüb;
– 24 mayda Kürdəmir rayonunda 21 yaşlı Lamiyə Bəşirovanı əri öldürüb.

Qurbanlar arasında hələ həyatın astanasında olan 14 yaşlı yeniyetmə də var (Cəlilabad), ömrünün ahıl çağını yaşayan 68 yaşlı ana da (Ağdaş).
Qətllərin mütləq əksəriyyəti qadınların doğmaları tərəfindən törədilib. Qadınları qorumalı olan ərlər, keçmiş ərlər, oğullar, sevgililər və hətta əmi onların qatilinə çevrilib. 21 yaşlı Lamiyə Bəşirovadan tutmuş, 66 yaşlı Çiçək Sərdarovaya qədər hər biri etibar etdikləri şəxslərin qurbanı olublar.

Hüquqşünasların və vəkillərin də vurğuladığı kimi, qadın qətlləri birdən-birə baş vermir. Hər bir qətlin arxasında illərlə davam edən psixoloji, iqtisadi və fiziki zorakılıq dayanır. Siyahıdakı bəzi qadınların keçmiş ərləri tərəfindən öldürülməsi (məsələn, Bakıda Ceyran Həsənova, Tovuzda Ş. Abdullayeva) boşanmanın da qadını xilas etmədiyini göstərir.

Ekspertlər bildirirlər ki, qadınların hüquq-mühafizə orqanlarına müraciətlərindən sonra da onların təhlükəsizliyinin təmin olunmasında ciddi boşluqlar qalmaqdadır.

Qorxulu statistika

Rəsmi və açıq mənbələrdə yer alan məlumatlara görə, 2021-ci ildə 66, 2022-ci ildə 82, 2023-cü ildə 73 qadın öldürülüb (Aşıq mənbələrdə bu illər üzrə detallı təsnifat yoxdur).

2024-cü ildə 1451 məişət zorakılığı cinayəti baş verib, zərərçəkənlərin böyük əksəriyyəti qadınlar olub – 1228 nəfər. Həmin ildə ailə münaqişələri və məişət zəminində 42 ölüm faktı qeydə alınıb, qətlə yetirilənlərin 27-si – təxminən 65%-i qadın olub. Digər kateqoriyalara da daxil olmaqla, 2024-cü ildə toplam 65 qadın öldürülüb.

2025-ci ildə məişət zorakılığıyla bağlı 1396 cinayət hadisəsi baş verib. Həmin il üzrə statistika cinayətlərin strukturunu daha detallı şəkildə təqdim edir: 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd, 30 ağır bədən xəsarəti, 1202 yüngül xəsarət hadisəsi baş verib, zərərçəkənlərin 1176 nəfəri qadın olub. Bu, məişət zorakılığının əsasən qadınlara qarşı yönələn zorakılıq forması kimi davam etdiyini göstərir.

Əslində, qadınlara qarşı cinayətlərin miqyası daha genişdir və yalnız məişət zorakılığıyla məhdudlaşmır. Məsələn, 2025-ci ildə qadınlara qarşı 6 min 541 cinayət hadisəsi törədilib. Bu göstərici müxtəlif cinayət növlərini, o cümlədən zorakılıq, mülkiyyət cinayətləri və digər hüquq pozuntularını əhatə edir.

Statistika göstərir ki, Azərbaycanda ildə 1500-ə yaxın məişət zorakılığı cinayəti baş verir, zərərçəkənlərin böyük hissəsini qadınlar təşkil edir (təxminən 1100-1200 nəfər), ildə orta hesabla 60–80 qadın öldürülür.

Mövcud statistik göstəricilər məişət zorakılığının sistemli xarakter daşıdığını, əsas zərərçəkən qrupun qadınlar olduğunu və ölüm hallarının artan risk səviyyəsində davam etdiyini göstərir.

Bu dinamika həm hüquqi mexanizmlərin daha ardıcıl tətbiqini, həm də sosial müdafiə siyasətinin və profilaktik tətbirlərin ciddi ölçüdə artırılmasını zəruri edir.


“Politfm”