Foto: AP Photo/Itay Cohen
İsrail parlamenti (Knesset) israilliləri qətlə yetirməkdə təqsirli bilinən fələstinlilər üçün ölüm cəzasını nəzərdə tutan qanunu qəbul edib. Qanun layihəsinin lehinə 62, əleyhinə 48 deputat səs verib.
“The Associated Press” agentliyi xəbər verir ki, bu qanunun qəbulu beynəlxalq birlik və insan haqları qrupları tərəfindən kəskin pislənilib.
İsraillilərə qarşı millətçilik zəminində törədilən cinayətlərə görə daha ağır cəzaların verilməsini nəzərdə tutan bu qanunun qəbuluna ifrat sağçılar bir ildir, nail olmağa çalışırdılar.
Səsvermədə iştirak etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu da Knessetə gedib.
İsrail qanunvericiliyində ölüm cəzası mövcuddur, amma ölkı tarixində edam cəzası cəmi iki dəfə tətbiq edilib. Sonuncu dəfə İsraildə “Holokostun memarı” kimi tanınan nasist, hərbi cinayətkar Adolf Eyxman edam edilib (1962-ci ildə).
Dünənə qədər İsraildə terrorizmdə təqsirli bilinənlərə, adətən, ömürlük həbs cəzası verilirdi.
Müxalifətin mövqeyi
Müxalifətçi deputatlar qanunun qəbuluna sərt reaksiya veriblər.
Keçmiş Baş nazir və hazırkı müxalifət lideri Yair Lapid bunu “məsuliyyətsiz addım” adlandırıb. O vurğulayıb ki, qanun təhlükəsizliyi təmin etmək üçün yox, hökumətin ifrat sağçı koalisiya tərəfdaşlarını məmnun etmək üçün qəbul edilib.
Lapid əlavə edib ki, bu, İsrailin beynəlxalq nüfuzuna və xüsusilə də strateji müttəfiqi olan ABŞ ilə münasibətlərinə ciddi zərbə vuracaq.
Müxalifətçi deputatlar bu qanunu həm də Netanyahunun məhkəmə islahatları və demokratik institutları zəiflətmə cəhdlərinin bir hissəsi kimi qiymətləndirirlər. Onların fikrincə, ölüm cəzasının tətbiqi dövlətin hüquq prinsiplərini təməlindən sarsıdır.
“Mossad” və “Şabak”ın müxalifətə yaxın olan bir çox keçmiş rəhbəri də qanunun əleyhinə çıxış edərək bildirib ki, ölüm cəzası terrorçuları çəkindirməyəcək, əksinə, onların girov götürməyə və daha qanlı aksiyalar keçirməyə motivasiyasını artıracaq. Onlar qanunun “təhlükəsizlik yox, populist” xarakterli olduğunu qeyd ediblər.
İsraildəki bəzi hüquqşünaslar və təhlükəsizlik ekspertləri (məsələn, keçmiş “Şabak” rəsmiləri) xəbərdarlıq edirlər ki, ölüm cəzası terror aktlarının qarşısını almaq üçün çəkindirici faktor olmayacaq, əksinə, məhkumların “şəhid” statusu qazanmasına və radikallaşmanın artmasına gətirib çıxaracaq.
Beynəlxalq reaksiyalar və hüquq
Belə bir qanunun qəbul edilməsi beynəlxalq arenada da ciddi müzakirələrə səbəb olub.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqı rəsmiləri bəyanat yayaraq biliriblər ki, ölüm cəzasının tətbiqi yaşamaq hüququna və beynəlxalq humanitar hüquq normalarına ziddir. Qeyd olunur ki, bu addım regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandıra bilər.
“Amnesty International” və “Human Rights Watch” bu qanunun “ayrı-seçkilik” xarakteri daşıdığını və ədalətli mühakimə prinsiplərini zədələdiyini vurğulayıblar. Onların rəyinə görə, qanun daha çox siyasi motivlidir və təhlükəsizlik probleminin həllinə xidmət etmir.
“Politfm”



