İrandan atılan raket NATO-nun HHM sistemi tərəfindən tutulandan və mərmi Türkiyənin Diyarbəkir bölgəsinə düşəndən sonra Türkiyə hərbçiləri ərazidə axtarış aparırlar. 9 mart 2026-cı il. (foto: “Reuters”/Sertac Kayar)

 

İrandan buraxıldığı və Türkiyənin hava məkanına daxil olduğu müəyyən edilən ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilir ki, ballistik sursatın trayektoriyası daxil olduğu andan nəzarətə götürülüb və mülki əhalinin yaşadığı ərazilərə hər hansı zərər dəyməməsi üçün zərərsizləşdirmə əməliyyatı dəniz üzərində həyata keçirilib.

“Ərazilərimizə yönələn hər cür təhdidə qarşı zəruri tədbirlər görülür. Regiondakı hadisələr milli təhlükəsizliyimiz əsas götürülərək diqqətlə izlənilir” – nazirliyin açıqlamasında belə deyilir.

AKP-nin sözçüsü Ömər Çəlik  sərhədlərinin pozulmasının Türkiyə üçün  “qırmızı xətt” olduğunu deyib:

“Türkiyənin hava məkanını pozan hər hansı bir ünsür mənşəyindən asılı olmayaraq dərhal məhv ediləcək. NATO daxilindəki radarlarımız və müdafiə sistemlərimiz tam koordinasiyalı işləyir”.

Diplomatik mənbələrdən sızan məlumatlara görə, Ankara Tehranla əlaqə saxlayaraq raketin trayektoriyasının Türkiyə sərhədlərinə daxil olmasıyla bağlı ciddi narahatlığını çatdırıb və izahat tələb edib.

Türkiyənin bu hadisəni İranla birbaşa hərbi qarşıdurma kimi yox, “texniki müdafiə uğuru” kimi təqdim etməsi regional gərginliyi daha da alovlandırmamaq taktikası kimi qiymətləndirilir.

Bəzi müxalif media orqanlarında (məsələn, “Cumhuriyet” qəzetində) Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinin bu prosesdə niyə iştirak etmədiyi və ya NATO sistemlərinə niyə inteqrasiya olunmadığı mövzusu yenidən gündəmə gətirilib.
NATO mənbələri qeyd edirlər ki, raketin trayektoriyası ilk olaraq Türkiyənin Malatya şəhərindəki “Kürecik” radar stansiyası müəyyən edib.

Bu radar AN/TPY-2 sistemləri ilə təchiz olunub və NATO-nun “EPAA” (Avropa Mərhələli Adaptiv Yaxınlaşma) proqramının əsas həlqəsidir. Raketin hədəf və sürət məlumatları Şərqi Aralıq dənizindəki hərbi gəmilərə ötürülüb.

Böyük ehtimal, raket ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin  “Aegis” sistemiylə təchiz edilmiş freqat və ya esminetslər vasitəsilə zərərsizləşdirilib. Əməliyyat Türkiyə Hava Qüvvələriylə (Hava Hərəkat Mərkəzi) koordinasiyalı şəkildə icra edilib.

Hərbi ekspertlər bildirirlər ki, sözügedən sursatın Türkiyə hava məkanına daxil olması ya bir texniki xəta (raketin hədəfdən yayınması), ya da NATO-nun reaksiyasını yoxlamaq üçün bir test ola bilər. Türkiyənin şərq sərhədlərindən daxil olan raketin dəniz üzərində vurulması onun atmosferin yuxarı qatlarında uzun məsafə qət etdiyini göstərir.

ABŞ-nin dövlət katibi Marko Rubio hadisəni şərh edərək bildirib ki, “NATO-nun müdafiə qalxanı Türkiyənin və digər müttəfiqlərin təhlükəsizliyini qorumağa tam hazırdır”.

NATO-nun Brüsseldəki qərargahı isə hücuma müdaxilənin sırf müdafiə xarakterli olduğunu və müttəfiq dövlətin suverenliyini qorumaq məqsədi daşıdığını vurğulayıb.

Bu, İranın Türkiyə istiqamətinə atdığı 4-cü raketdir.

1-ci raket 9 martda – Van-Hakkari sərhəd xətti istiqamətində atılıb, Türkiyənin sınaq mərhələsində olan HİSAR-U (SİPER) sistemləri və radar şəbəkəsi tərəfindən izlənilib, boş əraziyə düşəcəyi hesablandığı üçün aktiv müdaxilə edilməyib.
Diplomatik kanallarla İrana “naviqasiya xətası” barədə xəbərdarlıq edilib.

2-ci raket 13 martda atılıb – Aralıq dənizi istiqamətində hərəkət edən naməlum mənşəli (ehtimallara görə, uzaqmənzilli PUA və ya qanadlı raket) hədəf Adana yaxınlığındakı hava məkanını təhdid edib.
İncirlik hərbi bazasında ABŞ-yə məxsus “Patriot” raket sistemi vasitəsilə hələ Türkiyə sərhədinə daxil olmamış, Suriya səmasında zərərsizləşdirilib.

3-cü raket 25 martda Türkiyənin Qara dəniz trayektoriyasına atılıb. Rusiyanın Ukraynada istifadə etdiklərinin eynisi olan raketlərdən birinin qəlpələri Sinop ərazisinə daxil olub.

NATO-nun Rumıniyadakı erkən xəbərdarlıq sistemləri və Türkiyənin dəniz patrul təyyarələri tərəfindən koordinasiya edilib.
Raket dənizə düşüb, bu hadisə Türkiyənin Qara dənizdəki qazma platformalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

4-cü (bugünkü) raket Şərqi Aralıq dənizində vurulub. Bu son hadisənin əvvəlkilərdən fərqi onun NATO-nun ballistik raket qalxanı vasitəsilə, real döyüş şəraitində və dənizin üzərində məhv edilməsidir.

Türkiyə mətbuatı “Polad qübbə” layihəsinin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını vurğulayır.

“Politfm”