Leninqrad vilayətinin Krasnıy Bor qəsəbəsindəki “Wildberries” anbarı (foto:“Exilenova+”)

 

 

Ukrayna Silahlı Qüvvələri bu gün səhər saatlarında Leninqrad, Moskva və Tver vilayətlərindəki “Wildberries” mərkəzlərinə dron zərbələri endirib.

Leninqrad vilayətinin Krasnıy Bor qəsəbəsindəki anbarda yanğın baş verib.

Vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, hücum zamanı 17 pilotsuz uçuş aparatı vurulub. Onun sözlərinə görə, anbar zonasında ziyan qeydə alınıb, bir nəfər xəsarət alıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, PUA hücumu nəticəsində beş nəfər həlak olub, daha altı nəfər yaralanıb. Onun sözlərinə görə, hücumun əsas fəsadları Çexov bələdiyyə dairəsində qeydə alınıb.

Qubernator yazıb ki, Novosyolki qəsəbəsinin sənaye zonasında PUA zərbələri nəticəsində bir neçə yerdə yanğın baş verib. Ən böyük yanğın anbarda qeydə alınıb, açıq alov artıq söndürülüb.

O əlavə edib ki, Solnışkovo kəndində pilotsuz uçuş aparatının qalıqları fərdi yaşayış evinə və minik avtomobilinə ziyan vurub.

Novosyolkidə “Wildberries” şirkətinin iki çeşidləmə mərkəzi yerləşir. Ukrayna və Rusiya “Telegram” kanalları hücumun nəticələrini əks etdirən foto və videogörüntülər yayıblar.

Tver vilayətində isə Ukrayna PUA-ları şirkətin 77 min kvadratmetr sahəsi olan anbara hücum ediblər. Bu barədə vilayətin qubernatoru Vitali Korolyov məlumat verib.

Onun sözlərinə görə, hücum dəf edilən zaman dronların qalıqları anbar binasının divarını qismən zədələyib. Yerli sakinlərin bildirdiyinə görə, həmin ərazidə səhər saat 03:00-dan etibarən güclü partlayış səsləri eşidilib.

Qubernatorun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. “Ostorojno, Tver” “Telegram” kanalı insanların anbar ərazisindən sürətlə uzaqlaşdığını əks etdirən videogörüntülər yayıb.

Bildirilir ki, 2025-ci ilin dekabrında istismara verilən anbarın fəaliyyəti dayandırılıb, bütün əməkdaşlar təxliyə olunub.

Əvvəlki iki gündə bu marketpleysinin daha iki anbarı vurulub. Avqustun 2-də Samara vilayətində, avqustun 3-də isə Vladimir vilayətində yerləşən anbarlara zərbələr endirilib. Hər iki halda güclü yanğın baş verib.

Ukraynanın monitorinq layihəsi “Exilenova+” iddia edir ki, hava hücumları nəticəsində “Wildberries” şirkətinin bütün anbarlarının 50 faizdən çoxu fəaliyyət qabiliyyətini itirib.

USQ dronları bu gün səhər saatlarında Samara vilayətindəki Sızran Neft Emalı Zavodunu (NEZ) da vurublar. Bu barədə Ukraynanın “Supernova” və “Exilenova+” monitorinq resursları məlumat yayıb. Ukrayna PUA-ları Sızran NEZ-ə daha əvvəl də zərbələr endirmişdilər.  

Bildirilir ki, ildə təxminən 800 min ton benzin və 1,5 milyon ton dizel yanacağı istehsal edən zavodda yanğın baş verib. Monitorinq kanalları zavodun üzərindəki tüstü sütununu əks etdirən fotolar yayıblar.

Hələ ki Rusiya rəsmiləri hüzum faktını rəsmən təsdiqləməyiblər. Rusiya Müdafiə Nazirliyinin səhər açıqlamasında Samara vilayətindəki hadisə  barədə məlumat verilməyib. Amma gecə saatlarında bölgədə hava həyəcanı elan olunub.

İyulun 12-də baş vermiş əvvəlki hücumda Sızran NEZ-in qurğularından biri zədələnmiş, zavod fəaliyyətini müvəqqəti dayandırmışdı.

Dünən, avqustun 3-də USQ Gelencik yaxınlığındakı Arxipo-Osipovka kəndinə də zərbələr endirib. Dronlar insanların sıx olduğu çimərlik ərazisinə düşüb, azı yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.

Bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.

Şahidlər bildiriblər ki, hadisədən əvvəl hava həyəcanı elan olunmayıb, hakimiyyət orqanları əhaliyə xəbərdarlıq etməyiblər, çimərlikdəki insanların təxliyəsi üçün heç bir iş görməyiblər.

Rusiyanın ordusunun zərbələri 

Rusiya ordusu avqustun 4-nə keçən gecə Ukraynaya “İsgəndər-M” ballistik raketi və 136 zərbə tipli PUA ilə zərbələr endirib.

Bu barədə USQ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, Ukrayna hərbçiləri onlardan 117-ni vurublar.

Sumı şəhərinə hava hücumu nəticəsində iki azyaşlı qız (5 və 10 yaşlarında) və yaşlı bir qadın həlak olub.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya ordusu şəhərin mülki infrastrukturuna altı idarəolunan aviasiya bombası atıb.

“Politfm”