Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünənki iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib. Layihədə elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanılmasına görə cərimələrin məbləği əks olunub.

Aprelin 1-dən etibarən:

1. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərdən istifadə edənlər 30 manat məbləğində cərimə olunacaq;

2. elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2200 manatadək, hüquqi şəxslərsə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Müstəqil ekspertlər bunu büdcəyə əlavə vəsait cəlb etməyin qeyri-effektiv üsulu kimi qiymətləndirirlər.

Azərbaycan hökumətinin son illərdəki cərimə siyasəti daha çox fiskal diversifikasiya (büdcə gəlirlərinin şaxələndirilməsi) kimi xarakterizə edilsə də, strateji hədəf neft gəlirlərindən asılılığı azaltmaqdır. Amma qeyri-neft sektorunda real istehsalın artımı ləng getməsi dövlət büdcəsinin “sair gəlirlər” və “büdcədənkənar daxilolmalar” bölməsini ön plana çıxarır.

Vergi və gömrükdən daxilolmalarla yanaşı, inzibati cərimələrin (xüsusilə yol hərəkəti, ekologiya və tikinti sahəsində) artırılması da büdcə defisitini aradan qaldırmada hökumətin “çevik alət”inə çevrilib.

Büdcə dolsun, ciblər boşalsın?

2025-2026-cı illər üçün qəbul edilən dəyişikliklərdə cərimə məbləğlərinin inflyasiya dərəcəsini dəfələrlə üstələməsi (məsələn, vergi hesabatlarının gecikdirilməsi üzrə 50 manatdan 300 manata qədər kəskin artım) göstərir ki, məqsəd sosial davranışları nizamlamaqdan daha çox, büdcə daxilolmalarını stimullaşdırmaqdır.

Hökumət cərimə siyasətində prioritet sahələr də müəyyənləşdirib.
Məsələn, parklanma cərimələrinin sərtləşdirilməsi və yeni ödəniş zonalarının yaradılmasıyla şəhər mobilliyini idarə etmək adı altında yeni bir gəlir mənbəyi formalaşdırıb.
Daha bir “hədəf” biznesdir. Qrantların qeydiyyatı, hesabatlılıq və kargüzarlıq qaydalarının pozulmasına görə tətbiq edilən yüksək cərimələr (2500 – 8000 manat aralığında) kiçik və orta sahibkarlıq üçün ciddi maliyyə riskinə çevrilir.
Bu, həm də dövlətin bütün maliyyə axınları üzərində mütləq nəzarət strategiyasının tərkib hissəsidir.

Cərimələrin artması vətəndaların gəlirlərinin azalmasıyla nəticələnir. Ekspertlər bunu “dolayı vergi” yükü kimi qiymətləndirirlər.

İnzibati cərimələrin minimum əməkhaqqıyla müqayisədə xeyli yüksək olması (məsələn, avtobus zolağına görə 100 manat) sosial gərginlik mənbəyidir və cərimə siyasətinin ən həssas və mübahisəli tərəfi budur.

Azərbaycan hökumətinin cərimə strategiyasında ən böyük asimmetriya cərimə məbləğlərinin artım sürətilə orta aylıq əməkhaqqının (və ya median gəlirin) artım sürəti arasındakı kəskin fərqdir.

Avropa ölkələrində, məsələn, Almaniya və ya Estoniyada cərimə məbləğləri, adətən, gəlirə mütənasib və ya gəlirin kiçik bir hissəsi səviyyəsində müəyyən edilir orta aylıq əməkhaqqının 1-3%-i qədər).

Azərbaycanda isə vəziyyət fərqlidir.
Ölkədə orta aylıq nominal əməkhaqqı təxminən 900-1000 manat civarında olsa da, əhalinin böyük hissəsinin aldığı median maaş təxminən 500-600 manatdır.

Avtobus zolağına daxil olmağa görə tətbiq edilən 100 manatlıq cərimə median əməkhaqqı alan bvətəndaşın aylıq qazancının təxminən 16-20%-ni təşkil edir. Bu, inkişaf etmiş ölkələrlə müqayisədə anomal dərəcədə yüksək “cəza yükü”dür.

Cərimələrin bütün əhali təbəqələri üçün eyni məbləğdə (sabit tarif) olması da iqtisadi baxımdan reqressiv xarakter daşıyır. Ayda 3000 manat qazanan şəxs üçün 100 manat cərimə sadəcə “xoşagəlməz xərc”dirsə, 400 manat qazanan şəxs üçün bu, ailənin ərzaq büdcəsinin azalması deməkdir.

Cərimələrin bu dərəcədə yüksək olması aşağı gəlirli təbəqəni daha tez borclanmağa və ya davamlı olaraq banklarda kredit götürməyə sövq edir, bu isə dolayısıyla yoxsulluq riskini artırır.
Əslində, cərimələndirmənin əsas hədəfi əhalini qaydaları pozmaqdan çəkindirmək olmalıdır. Amma məbləğlər vətəndaşların real alıcılıq qabiliyyətindən çox yüksək olduqda, cərimə “məhrumedici” xarakter daşımağa başlayır: vətəndaş cəriməni ödəmək üçün digər zəruri ehtiyaclarından (səhiyyə, təhsil) vaz keçməli olur.

Bu disbalans cəmiyyətdə qaydalara hörmətdən çox “iqtisadi təzyiq hissi” yaradır. Əslində də belədir – cərimə məbləğləri daha çox dövlətin xərc ehtiyaclarına (büdcə boşluqlarına) görə indeksasiya olunur, nəinki vətəndaşın ödəniş qabiliyyətinə görə.
Üstəlik, cərimə məbləğlələrin adekvat olmaması həm də kölgə iqtisadiyyatına (məsələn, rüşvətə) stimul verir. Çünki rəsmi cərimə məbləği vətəndaşın aylıq dolanışığına ciddi təhlükə yaradanda, o, bu yükdən qeyri-qanuni yollarla yayınmağa can atır.

Türkiyə nümunəsi

Azərbaycan və Türkiyənin cərimə siyasəti arasındakı müqayisə həm iqtisadi model, həm də vətəndaşın ödəmə qabiliyyəti baxımından maraqlı fərqləri ortaya qoyur. Hər iki ölkə cərimələri büdcə gəlirlərinin artırılması və intizamın təmini üçün istifadə etsə də, yanaşma üsulları fərqlidir.

Türkiyədə cərimələr hər il rəsmi “yenidən dəyərləndirmə nisbəti” əsasında inflyasiyaya uyğun olaraq avtomatik indeksasiya edilir. Bu, sistemin proqnozlaşdırıla bilən olmasını təmin edir.

Azərbaycanda isə cərimələrin artırılması daha çox qanunvericilik təşəbbüsləriylə, kəskin sıçrayışlarla baş verir. Məsələn, bir qayda pozuntusu üzrə cərimə birdən-birə 2 və ya 3 dəfə artırılır və bu, vətəndaşın büdcəsi üçün “şok effekt” yaradır.

Türkiyə və Azrəbaycanın cərimə siyasəti arasındakı ən ciddi fərq cərimələrin aylıq gəlirdəki payında özünü göstərir.
Buna yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilən cərimə məbləğlərinin timsalında nəzər salaq.

Türkiyədə ən geniş yayılmış yol cərimələri (məsələn, qırmızı işıqda keçmək — təxminən 1500 TL) minimal əməkhaqqının (17,002 TL) təxminən 8-9%-ni təşkil edir;

Azərbaycanda isə yol cərimələri (kəmər taxmamaq, sükan arxasında telefonla danışmaq, qırmızı işıqda keçmək: 40-100 manat) minimum əməkhaqqının (345 m) 12-29%-i aralığında dəyişir. Bu, Azərbaycan vətəndaşının cərimə yükünün iqtisadi baxımdan daha ağır olduğunu göstərir.

Hər iki ölkədə erkən ödəmə təşviq edilir, amma metodlar fərqlidir:

– Türkiydə cərimə yazılan gündən sonrakı 15 gün ərzində ödənildikdə 25% endirim tətbiq edilir;

– Azərbaycanda 30 gün ərzində ödənişə görə 10% endirim tətbiq edilir, amma ödəmənin gecikdirilməsinə görə hesablanan dəbbə pulları (faizlər) daha sərt və daha sürətlidir, bu isə vətəndaşı daha tez borc “spiralına” salır;

– Türkiyədə tez-tez “əfv” və ya borcların yenidən strukturlaşdırılması kampaniyaları keçirilir və bu, fiskal təzyiqi müvəqqəti azaldır;

– Azərbaycanda cərimə ödənilmədikdə sürücülük hüququnun məhdudlaşdırılması, ölkədən çıxışa qadağa və bank hesablarına həbs qoyulması kimi mexanizmlər daha operativ və daha qaçılmaz şəkildə icra olunur.

Beləliklə, Türkiyənin cərimə siyasəti yüksək inflyasiya şəraitində məbləğləri qorumağa yönəlib, Azərbaycanda isə bu siyasət daha çox “fiskal cəzalandırma” xarakteri daşıyır və vətəndaşın gəlirlərinə nisbətdə daha aqressivdir.

Gürcüstan nümunəsi

Gürcüstanda tətbiq olunan qaydalar həm Azərbaycandakından, həm də Türkiyədəkindən köklü şəkildə fərqlənir. Bu fərq özünü yalnız məbləğlərdə yox, həm də dövlətin vətəndaşla ünsiyyət fəlsəfəsində göstərir. Ölkənin cərimə siyasəti post-sovet məkanında ən radikal islahat keçirmiş modellərdən biridir.

Azərbaycanda cərimə siyasətinin əsas ağırlığı maliyyə sanksiyaları üzərindədirsə, Gürcüstanda əsas yük bal sisteminin (100 bal limiti) üzərinə düşür.

Bu ölkədə bəzi qayda pozuntuları üçün nəzərdə tutulan cərimələr (20-50 lari, təxminən 13-32 m) Azərbaycanla müqayisədə kifayət qədər aşağıdır. Ancaq bal limitinin dolması sürücülük hüququndan birbaşa məhrum edilməylə nəticələnir. Başqa sözlə, Azərbaycan vətəndaşın cibini, Gürcüstansa vətəndaşın hüququnu hədəf alır.

Amma Gürcüstanda cərimə yazılandan snrakı 10 gün ərzində ödəniş edildikdə 20% endirim tətbiq olunur. Bu, Azərbaycandakı 10%-lik endirimlə müqayisədə daha yüksək stimuldur.
Gürcüstanda cərimələrin məhkəmə qərarlarıyla ləğv olunması faizi Azərbaycanla müqayisədə daha yüksəkdir və bu, sistemdə vətəndaş hüquqlarına da yer qaldığını göstərir.

Gürcüstanda orta aylıq əməkhaqqı (təxminən 1800-2000 lari) və minimal əməkhaqqı (rəsmi olaraq çox aşağı olsa da, real sektorda 400-600 lari) fonunda cərimələr əhalinin büdcəsi üçün “dağıdıcı” deyil.

Azərbaycanda cəmi yol cəriməsi aylıq gəlirin 15-20%-i qədər ola bilirsə, Gürcüstanda, adətən, 2-5% civarında olur. Bu, Gürcüstan modelinin daha “vətəndaş mərkəzli” və daha az fiskal (büdcəyə yönəlmiş) olduğunu göstərir.

“Politfm”