İsrail, Azərbaycanla strateji ittifaqını gücləndirmək və ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə nail olmaq məqsədilə Vaşinqtonla danışıqlar aparır. The Jerusalem Post qəzetinin məlumatına görə, İsrailin Baş nazirin ofisi bildirib ki, Azərbaycan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir və iki ölkə arasında münasibətlər təhlükəsizlik, ticarət, texnologiya və enerji sahələrində əməkdaşlığı əhatə edir.
Knesset plenumunda Şas partiyasından olan millət vəkili Simon Moşiashvili Azərbaycanın Abraham Sazişləri çərçivəsinə daxil edilməsinin mümkünlüyünü vurğulayıb və Azərbaycanın regional təhlükəsizlik arxitekturasındakı əhəmiyyətini qeyd edib.
Siyasi ekspert Nəsimi Məmmədlinin şərhi
Siyasi şərhçi Nəsimi Məmmədli Politfm-ə məsələnin şərhində bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının xarici siyasətində demokratiya və insan haqları öncəlik təşkil etmir.
Onun sözlərinə görə, ölkələrlə münasibətlərdə bu ideoloji amillərin həlledici rolu olmayacaq və hazırda dünyanın daha qlobal problemlərlə məşğul olduğu bir vaxtda, qarşıdakı illərdə insan haqları və demokratiya məsələləri beynəlxalq müzakirələrdə arxa planda qalacaq: “Dərin təhlil etsək, son on illiklərdə Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı ABŞ-ın hər hansı təsirli addımlarını müşahidə etməmişik. Sadəcə bəyanatlar səviyyəsində olan reaksiyalar ölkəmizdə insan haqlarının durumunu daha da ağırlaşdırıb. Odur ki, insan haqları məsələlərində xüsusi dəyişikliklərin olacağını zənn etmirəm,” – deyə Nəsimi Məmmədli əlavə edib.
Nəsimi Məmmədlinin fikrincə, ilk növbədə ABŞ-ın ənənəvi Cənubi Qafqaz siyasətinin Tramp administrasiyası tərəfindən davam etdirilib-etdirilməyəcəyi hələ dəqiq deyil.
“Tramp administrasiyası Azərbaycanla münasibətlərində bir neçə önəmli məqamları mütləq nəzərə alacaq. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin nəticələri, Rusiya-Azərbaycan münasibətləri, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əlaqələri, Çin və İranla münasibətlər, həmçinin Rusiya, Çin və İranın daxil olduğu iqtisadi-siyasi birliklərlə Azərbaycanın münasibətləri diqqət mərkəzində olacaq,” – deyə o bildirib.
Ekspert əlavə edib ki, Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində Avropanın maraqlarını nəzərə alacağı ehtimal olunmur. Azərbaycanla bağlı siyasətdə daha çox Türkiyə, İsrail və Britaniya ilə sinxron hərəkət etməsi mümkündür.
“Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olmasını nəzərə alsaq, demək olar ki, Tramp administrasiyasının rəsmi Bakı ilə münasibətləri çox yaxşı səviyyədə olacaq. Lakin İran-ABŞ, Çin-ABŞ, Rusiya-ABŞ münasibətləri və qlobal enerji bazarında ABŞ-ın artan təsirləri Azərbaycan iqtisadiyyatına mənfi təsirlər edə bilər. Siyasi baxımdan ABŞ-la münasibətlər normal olsa da, iqtisadi baxımdan risklər istisna deyil,” – deyə siyasi ekspert qeyd edib.





