XƏQANİ CƏFƏRLİ: «« TƏHLİLÇİLƏR DƏ SİYASƏTÇİLƏR DƏ DİQQƏTLİ OLMALIDIRLAR««
Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” televiziyasına verdiyi müsahibədə Tehranın Yaxın Şərq regionunda yarı-hərbi qruplara dəstək siyasətini tənqid edərkən belə bir fikir səsləndirib: “Əgər siz başqa bir ölkədəki qrupa dəstək verməklə orada iğtişaşlar yaratmağa çalışsanız, başqa bir ölkə də bir qrupa dəstək verməklə sizin ölkədə iğtişaşlar yaratmağa cəhd edə bilər”.
Nazir Hakan Fidan İran daxilində hansı qrupu nəzərdə tutduğunu açıq ifadə etmədiyi halda, türkiyəli təhlilçilər xarici işlər nazirinin Güney Azərbaycan türklərinə işarə etdiyini söyləyirlər.
Azərbaycanlı siyasi təhlilçi Xəqani Cəfərli isə hesab edir ki, regiona dair nəinki bir kitab, hətta ən azı bir samballı məqalə oxuyan şəxs də bilir ki, Azərbaycan türkləri İranda qrup deyil, tarixi Azərbaycan torpaqlarında yaşayan yerli xalqlardır və indiki İran inzibati bölgüsündə də onların yaşadığı bölgənin adı Azərbaycandır. ‘’ Mən hesab edirəm ki, bölgədə uzun müddət xüsusi xidmət orqanına başçılıq etmiş Fidan bu həqiqətləri yaxşı bilir və belə ifadəni Azərbaycan türklərini nəzərdə tutub deməz. Çünki Azərbaycan türklərinin hazırki mübarizəsi BMT-nin iki əsas prinsipindən birinə- xalqların öz müqəddaratını təyin etmə prinsipinə əsaslanır’’.
Xəqani Cəfərli onu da deyib ki, istər siyasətçilər, istərsə, təhlilçilər bu cür məsələlərdə həssas olmalıdırlar. Ona görə ki, belə yanlış şərhlər yerli və beynəlxalq ictimaiyyətdə yanlış təəssüratlar yarada bilər.
POLİTFM.COM



