HAKİMİYYƏTİ DARMADAĞIN EDƏN ÇIXIŞDA NƏLƏR VAR?

Bu son sözümü qəhrəman Ukrayna xalqına, onun silahlı qüvvələrinə və prezidenti Volodimir Zelenskiyə ithaf   edirəm. İndi deyəcəyim bu son sözümdə mənə qarşı irəli sürülmüş bu saxta ittihamı bir daha, amma bu dəfə daha da parlaq şəkildə darmadağın edəcəm. Bu cinayət işinin hər detalını incələyərək onun absurd, ziddiyətli və hətta uşaq ağlının da qəbul edə bilməyəcəyi həyasız yalanlardan ibarət cızma-qara olduğunu sizə elə şəkildə sübut edəcəm ki, heç nəyə don geyindirə, malalaya bilməyəcəksiniz. Sizi məni məhkum etməmişdən əvvəl yalan danışdığınızı, şərə qulluq etdiyinizi etiraf etməyə məhkum edəcəm. İndi edəcəyim ifşalar məhkəmədə ifadə verərkən etdiyim ifşalardan xeyli genişdir və çoxlu sayda faktlarla, alibilərlə doludur. Onların bir çoxunu məhkəmədə ifadəmdə səsləndirmədim ki, dediklərimi nəzərə alıb bu işdəki ştatlı üzəduranlara həmin məqamlara uyğun yeni yalanlar uydurmaq göstərişi verməyəsiniz.

Bu çıxışım mətbuatda, sosial şəbəkələrdə yayılacaq, ayrıca kitab şəklində nəşr ediləcək, həmçinin ingilis dilinə tərcümə edilərək, beynəlxalq  təşkilatlara göndəriləcək. Bəri başdan deyim ki, onsuz da məhkəmə istintaqı zamanı bu saxta cinayət işi tamamilə ifşa edildi. Ancaq bu sənədin yayılmasından sonra bütün aləm qeyri-legitim Əliyev rejiminin nə qədər cinayətkar, repressiv, şərçi və həm də əxlaqsız olduğunu aydınca görəcək.

Hüquq-mühafizə orqanlarının suçsuz insanları şərləməsinə el arasında “torba tikmək” deyilir. İndi sizə son sözümün girişində mənə qarşı bu torbatikmə əməliyyatının necə kütbeyincəsinə və şərəfsizcəsinə hazırlandığı haqda xırda və ilkin məlumat verim. Təbii ki, çıxışım boyu bu və digər rüsvayçı hallar haqqında daha ətraflı danışıb, ittihamı darmadağın edəcəm və mənə qarşı tikdikləri torbanı onların başına keçirəcəm. Mənə qarşı rəsmi ittiham ondan ibarətdir ki, guya mən Elşən Hüseynov adlı birisinə sadəcə olaraq onun şəxsiyyət vəsiqəsinin və vaxtı bitmiş ümumvətəndaşlıq pasportunun əsasında bir gün ərzində Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzəldəcəyimə söz verərək, onun 25 min avrosunu və 10 min manatını mənimsəmişəm. Elşən Hüseynov ilk dəfə şikayət ərizəsində yazıb ki, mən onun 60 min manatını mənimsəmişəm. Bu işdə də Elnur Məmmədov adlı birisi vasitəçi olubmuş. Elnur Məmmədov da istintaqa verdiyi ifadələrində mənim Elşən Hüseynovdan 60 min manat tələb etdiyimi deyib. Cinayət işi materiallarında göstərilir ki, Elşən Hüseynovun verdiyi 25 min avro 200 ədəd 100 avroluq və 100 ədəd 50 avroluq əskinaslardan ibarət olub. Elşən Hüseynov məhkəmədə ifadə verəndə bildirdi ki, guya mənə çatdırılmaq üçün verdiyi pulların içində 100 ədəd də 200 avroluq əskinaslar olub. Bu halda məlum olur ki, guya onun mənə çatdırılmaq üçün verdiyi avroların məbləği 25 min yox, 45 min olub. Elnur Məmmədov psixiatrik ekspertiza zamanı verdiyi ifadəsində deyib ki, onun Elşəndən alıb mənə verdiyi manatların məbləği 10 min yox, cəmi min olub. Şahid Maya xanım Yaqublu ifadə verərkən qətiyyətlə bildirdi ki, bizim evdə axtarış aparılarkən, polislərin özlərinin döşəyin altına qoyduqları pul bağlamasını çıxardıb açanda, həmin pulların üstündə çoxlu ABŞ dolları da var idi, amma onları protokola daxil etmədilər. Görürsünüzmü, necə əcaib mənzərə yaranır, məni şərləmək üçün uydurduqları məbləği özləri qatıb-qarışdırıblar və belə bir rüsvayçı torbatikmə əsasında məni məhkum edəcəksiniz. Məni şərləyib həbs etmək tapşırığı almış müstəntiq, polis polkovnik-leytenantı Abdulla Cəlilli bu cinayət işində ancaq bağça uşağının fantaziyasının çatacağı səviyyədə səfeh və gülünc bir cinayət senarisi yazıb. O, bunun üçün polisin ştatlı üzəduranları – Elnur Məmmədovla Eşlən Hüseynov arasında bir saxta Whatsapp dialoqu təşkil edib və onları özünün verdiyi tezis və mövzularda danışdırıb. Sonra da həmin danışığa əsasən gətirib bizim evə – yatdığım döşəyin altına müəyyən məbləğdə pul qoyub, sonra da onu “tapıb”. Bundan sonra Elşən Hüseynovun arvadı Sədaqət Hüseynovadan və onun dostu Amil Dadaşovdan mətnini özü yazdığı ifadələri də alıb işə tikib. Vəssalam! Bu, girişdə etdiyim xırda bir xatırlatma idi. İndisə səbrlə və diqqətlə son sözümü axıradək dinləyin, görün, necə dəhşətli ifşalar olacaq.

Məhkəmə prosesi başlayanda hakim mənə hüquq və vəzifələrimi elan edəndə, ona etiraz etdim. Dedim ki, 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev hakimiyyəti qəsb edəndən bəri mənin heç bir hüququm yoxdur. Əgər mənim cuzi də olsa hüquqlarım olsaydı, bu qədər qızıl-qırmızı şərlənib həbsə atılmazdım. Bu illər ərzində barəmdə 4 dəfə cinayət işi qaldırılıb. Bundan əvvəlki 3 məhkəmə məni təqsirli bilib və barəmdə cəza hökmü çıxarıb. Bu dəfə də belə olacağına zərrə qədər şübhə etmirəm. Bundan əlavə, bu illər ərzində sayını itirdiyim qədər inzibati həbslərə və digər inzibati cəzalara məhkum edilmişəm. Qətiyyətlə deyirəm, bütün bu cinayət və inzibati hüquqpozma ittihamlarının şəxsən İlham Əliyevə, burada özünü hakim kimi elan edənlərə, guya ki, dövlət ittihamçısı kimi çıxış edən adama, məhkəmə katibinə və bu zalda əyləşənlərə nə qədər aidiyyatı varsa, mənə də o qədər aiddir. İstisnasız olaraq bütün ittihamlar havadan götürülüb və bütün bunlar mənim müxalifətçi siyasətçi olmağımla bağlıdır. Məqsədləri çox aydın və sadədir. Mən siyasi fəaliyyətimdən əl çəkməliyəm və bu oğru, dələduz, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmalıyam. Dayandırmayacam! Onsuz da siyasi partiyalar, QHT-lər, KİV-lər və s. haqqındakı qanunlarınız dünyada qəbul edilmiş demokratik standartlara uyğun deyil, üstəlik də AŞPA-nın Venesiya Komissiyasından mənfi rəy alıb. Amma bütün bunlar belə mürtəce qanunları qəbul etmənizə mane olmayıb. Elə isə siyasətlə və müxalifətçiliklə məşğul olmağın qadağan edilməsi haqda da qanun qəbul edin və bununla da hər şey bitsin. Bununla da bütün qanunsuzluqlara və haqsızlıqlara son qoyulsun. Bundan sonra bizləri tutanda, daha saxtakarlıq edib cibimizdən silah, narkotik, evimizdən pullar, avtomobillərimizdən qadağan edilmiş ədəbiyyat və s. “tapmağa” ehtiyac qalmayacaq. “Küçədə ünvansız söyüş söydüyümüz”, “polisə müqavimət göstərdiyimiz”, “ictimai yerdə xuliqanlıq etdiyimiz” və s. görə həbs etməli olmayacaqsınız və bununla da sifətinizi qoruyacaqsınız. Baxın, bu illər ərzində təkcə mənə qarşı qaldırılmış cinayət və inzibati hüquqpozma ittihamlarını “sübut” etmək üçün bu hakimiyyət yüzlərlə Azərbaycan vətəndaşını hakim, prokuror, müstəntiq, zərərçəkmiş və şahid qismində hüquqi baxımdan cinayətkara, mənəviyyat baxımından isə şərəfsizə və fahişəyə çevirib. O cümlədən “Azərbaycanda siyasi məhbus yoxdur və məhkəmə müstəqildir” deyən hər kəsi. Onsuz da sizin ittihamlara və hökmlərə nə ölkədə, nə də dünyada  heç kim inanmır.

Azərbaycanda məhkəmə sistemi və hüquq mühafizə orqanlarının qanunauyğun fəaliyyəti 1993-cü ilin iyun ayının 15-dən ləğv edilib və bu dövlət təsissatları cinayətkar rejimin cəza dəstələri funksiyasını yerinə yetirirlər. Onlar hakimiyyətdən gəlmiş istənilən cinayətkar və şərəfsiz tapşırıqları göydəcə qapırlar, canla-başla yerinə yetirirlər. Baxın, Reyxstaqın yandırılmasında ittiham edilən bolqar kommunist Dmitrov faşistlərin hakimiyyətdə olduğu dönəmdə məhkəmədə bəraət aldı, baxmayaraq ki, bu ittihamın arxasında faşist hakimiyyəti dururdu. Ancaq mən bu 32 il ərzində üzərimdə qurulmuş saysız-hesabsız  məhkəmə prosesinin birini də uda bilməmişəm. Bu günədək AİHM-də ikisi bu məhkəmənin gedişində olmaqla 7  məhkəməni udmuşam və halhazırda 20-dən çox şikayətim də bu instansiyada baxılmaqdadır. Onlardan da dördü kommunikasiya mərhələsindədir. Azərbaycanda siyasi işlərə baxan hakimlər əklilqoyan vəzifəsini yerinə yetirirlər. Mərasimlərdə əklil qoyan prezidentləri xatırlayın. Onlar güllərin alınmasında, onların əklilə düzülməsində, mərasim yerinə gətirilməsində, hətta abidənin önünə qoyulmasında belə iştirak etmirlər. Əklili əsgərlər abidənin önünə qoyduqdan sonra onlar ona yaxınlaşıb, guya ki, düzəldirmişlər kimi əllərini bir-iki dəfə ora-burasına toxundururlar. Siyasi işlərə baxan hakimlərə də eləcə hər şey yuxarıdan hazır gəlir. Onlar da sanki əklili düzəldirmişlər kimi CPM-ə uyğun bir-iki mənasız hərəkət edərək, əsasən də zalda oturanların yerdən danışmalarının qarşısını almaqla məşğul olaraq, artıq çoxdan PA-da hazırlanmış hökmü oxuyurlar. Bu dəfə də belə olacaq. Əgər indi mənə bəraət versəniz belə, bu, sizin qərarınız olmayacaq. Hakimiyyətin siyasi həbslərlə bağlı sifariş verməkdə heç bir tərəddüdü və narahatlığı yoxdur. Əmindir ki, tamamilə sındırıb özünə ram etdirdiyi məhkəmə sistemində və hüquq mühafizə orqanlarında bir nəfər də olsun ləyaqətli, şərəfli, dürüst adam tapılmayacaq ki, verilmiş qanunsuz, həm də cinayətkar tapşırığı yerinə yetirməkdən imtina etsin. Hər halda indiyədək belə bir fakta rast gəlinməyib. Əgər göydə uçan “Boeing” sərnişin təyyarəsini yerdən əlimi uzadaraq tutub yerə saldığım və buna görə cinayət məsuliyyətinə cəlb olunmağımla bağlı siyasi sifariş gələrsə, dediyim təsisatlardan kimsə “belə şey mümkün deyil” deyib, bu sərsəm tapşırığı icra etməkdən imtina etməz, əksinə qollarını çırmayıb çoxlu “zərərçəkmiş”pilot, stüardessa, sərnişin, “zədələnmiş təyyarə” və s. tapacaqlar. Müvafiq aviasiya qurumlarından aktlar və ekspertiza rəyləri alıb, qalın-qalın cinayət işi cildləri yaradacaqlar.

Mən heç bir cinayət törətməmişəm, buna görə də saxta cinayət işində mənim cinayət törətdiyim haqda heç bir sübut yoxdur. Müstəntiq Abdulla Cəlillinin “cinayət işi” adlandırdığı bu qalaq-qalaq kağız-kuğuzun içində bir saxta Whatsapp dialoqu var. Həbsim barədə siyasi sifariş almış müstəntiq Abdulla Cəlilli polisin ştatlı üzəduranları olan Elnur Məmmədovla Elşən Hüseynovu guya ki, mənim cinayət törətdiyim haqda danışdırır. Hərif elə zənn edir ki, bununla əleyhimə sübutlar yaratmış olur. Bir az səbr edin, bu saxta sübutları necə darmadağın etdiyimi görəcəksiniz. İndisə həmin saxta Whatsapp dialoqundakı bir məqama münasibət bildirəcəm. Orada deyilir ki, Tofiq Yaqublu qanunsuz miqrant alverində nömrə birdir. Bəli, mən nömrə birəm, amma müstəntiq Abdulla Cəlillinin özündən uydurduğu məsələdə yox. Mən bu ölkədə qanunsuz təqibolunmağa, döyülməyə, işgəncələrə məruz qalmağa, saxlanılmağa, həbs olunmağa, saxta cinayət və inzibati hüquqpozma ittihamları ilə azadlıqdan məhrumolunmalara görə nömrə birəm! Abdulla bu ölkədə nömrə bir cinayətkar tutmaq istəyirsə, getsin korrupsiya, hakimiyyəti qəsbetmə, seçkiləri saxtalaşdırma, ailə hakimiyyəti qurmaq, ölkənin sərvətini talamaq və s. cinayətlərdə nömrə bir olanın yaxasından yapışsın. Haqqında danışılan Whatsapp dialoqunun saxta olduğunu hakim Elnur Nuruyev də təsdiqlədi. CPM-yə görə həmin səsli mesajlar cinayət işinin materialları arasında olmalı idi və məhkəmə istintaqı zamanı səsləndirilməliydi. Mən haqlı olaraq həmin səs yazılarının məhkəməyə təqdim edilməsi haqda vəsatət verdim. Hakim Elnur Nuruyev vəsatəti rədd etdi. Niyə? Məgər məhkəmə doğrudan da belə bir səsli mesaajlaşmanın olduğuna və tərəflərin məhz müstəntiqin yazdığı kimi danışdıqlarına əmin olmalı deyildimi? Səbəb çox sadə və aydındır. Hakim qanunla rədd edilməsi mümkün olmayan bu vəsatəti rədd etməklə saxta ittihamın ifşa olunmasının qarşısını almağa çalışdı. Lakin bu cəhdin özü daha bir ifşanın təntənəsi oldu. Xeyri yoxdur. Onsuz da bu uzun və qanunsuz məhkəmə prosesi ərzində hamınızı ifşa etdik və kim olduğunuzu ortaya qoyduq və bu son sözümdə də həmin ifşaları davam etdirirəm.

2021-ci ilin dekabrında məni Fəvvarələr Meydanında keçirilən razılaşdırılmamış kütləvi aksiyadan tutub 39-cu PB-nə gətirdilər. Orada məni amansızca döydülər, ağır işgəncə verdilər. Sonra da arxa qapıdan çıxarıb Ələt qəsəbəsinin yaxınlığındakı çölə gətirib yenidən amansızca döydülər və yolun kənarına atıb getdilər. Qarabağda döyüşəndə düşmən gülləsindən yüngülcə yaralanmışdım, yaramdan axan qan torpağa damcılayırdı. Ona baxanda qürurlanırdım ki, qanım Vətən torpağına tökülür. Ələt düzündə də qanım Vətən torpağına damcılayırdı, amma bu dəfə düşmən gülləsindən yox, canımdan artıq sevdiyim dövlətin əlindən. Mənim işgəncələrdən sonra sifətim tanınmaz hala düşmüşdü, gözlərim görmürdü. Bu haldakı fotolarım ölkə mətbuatını və sosial şəbəkələri başına götürdü. Bu cinayət haqqında Səbayıl Rayon Prokurorluğuna şikayət etdim. Guya ki, araşdırdılar və belə qərar verdilər ki, mən polis bölməsində özüm-özümə xəsarət yetirmişəm. Prokurorluğun qərarından məhkməyə şikayət etdim, məhkəmə də prokurorluğun qərarını müdafiə etdi. Mənim zərrə qədər şübhəm yoxdur ki, buradakı hakimlərin və prokurorun həmin şikayətimə baxmış prokuror və hakimlərdən heç biri fərqləri yoxdur, olsun ki, daha betərdilər.

Mənə qarşı dələduzluq və saxta sənəd düzəltmək ittihamı irəli sürülüb. Guya ki, 25 min avro və 10 min manat qarşılığında Elşən Hüseynov adlı polisin bir ştatlı üzəduranına şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurəti əsasında bir gün ərizndə Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzəltməyə söz vermişəm. O qədər sarsaq bir versiya uydurublar ki, buna kimisə inandırmaq şansları yoxdur. Bu, təxminən ona bənzəyir ki, biri avtomobil usatasından şikayət edir ki, ona bir bolt və qayka vermişdim ki, mənə bir gün ərzində onlardan son model bir “Ferrari” düzəldib versin. Özü də ustaya boltu və qaykanı vermədiyi, ustanın da onu tanımadığı və bu işdən xəbərsiz olduğu halda. Çox saxta, absurd və tərbiyəsiz ittihamdır. Bu ölkənin ən böyük dələduzu müxtəlif fırıldaqlarla xalqın pullarını büdcədən oğurlayıb və ya büdcədən yayındıraraq oğurlayıb Dubayda, Londonda, Parisdə, Moskvada, Vaşinqtonda və bir sıra böyük şəhərlərdə imarətlər alan, ofşorlara daşıyandır. Bu ölkədə ən böyük sənəd saxtalaşdıran ölkədə keçirilən seçkiləri saxtalaşdırandır. Artıq həyatda olmayan atasının adından saxta sərəncam verib özünü baş nazir təyin etdirəndir. Yəqin ki, onun kim olduğunu müəyyənləşdirməkdə heç bir çətinlik çəkməzsiniz.

Məni həbs etməyə xeyli vaxt əvvəl hazırlaşırdılar. Əvvəlcə ortaya birini saldılar. Adam mənə iri məbləğdə pul verməliydi, amma alınmadı. Mənimlə əlaqə quran kimi ünvanıma təriflər, rejimin ünvanına isə təhqir və  tənqidlər yağdırmağa başladı. Deyirdi ki, cinayətkar və korrupsioner Əliyev rejiminə qarşı ən qətiyyətli mübarizə aparan müxalifət lideri mənəm. Bununla belə işsiz və pulsuz olduğum üçün bu mübarizəni daha da yüksək səviyyədə apara bilmirəm. Guya ki, ətrafında ölkədəki vəziyyətdən narahat olan və müxalifətin mübarizəsini diqqətlə izləyən çox vətənpərvər və imkanlı dostları var. Onlar da mənə daha inamlı və rahat mübarizə apara bilməyim üçün kifayət qədər iri məbləğdə yardım etmək istəyirlər. Bunun üçün də şəhər kənarında sakit və gizlin bir yerdə görüşməyimiz lazımdır. Təbii ki, təklifi rədd etdim və bir də bu haqda mənə heç nə deməməyi tələb etdim. Lakin hakimiyyətin bu adamı sakitləşmək bilmirdi. Aradan bir neçə gün keçəndən sonra bir də əlaqə qurub dedi ki, o şəkildə pul təklif etməkdə düz etməyib, mən isə çox təcrübəli bir siyasətçi kimi o pulları götürməməkdə doğru hərəkət etmişəm. Arqumenti də belə oldu ki, sən tanınmış siyasətçisən, həmişə hədəfdəsən və izlənilirsən. Buna görə də bizim görüşməyimiz çox təhlükəli olardı. Bundan sonra o, mənə təklif etdi ki, ona bank kartımın nömrəsini verim. O da diqqət çəkməmək üçün hissə-hissə olmaqla sanballı – təxminən 60 min manat məbləğ köçürəcək. Görürsünüzmü, bu saxta cinayət işindəki 60 min manatın kökü hara gedib çıxır?  Yenə də sərt və qəti şəkildə etiraz etdim  və bu haqda bəzi dostlarıma xəbər verdim. Həmin adam bundan sonra da əl çəkmədi. İndi də qohumlarımdan və ya dostlarımdan birinin bank kartını istəməyə başladı. Üzrxahlıq etdi ki, sadəlövhlük edib və başa düşməyib ki, müxalifət liderinin bank kartına birbaşa və özü də sanballı məbləğdə pul köçürməyin özü də riskli imiş. Bu dəfə daha sərt şəkildə rədd etdikdən sonra həmin adam ortadan çəkildi. Bundan sonra dövriyyəyə Elnur Məmmədovu soxdular. Təbii ki, mən onu tanımırdım. Onun cəmiyyətin tullantısı, peşəkar dələduz, çoxlu cinayətlər törətmiş və polisin ştatlı üzəduranı olduğunu həbs olunandan sonra öyrəndim. Amma onun öyrədilmiş və hakimiyyət tərəfindən mənə qarşı təxribat törətməklə görəvləndirilmiş birisi olduğunu anlamışdım. Şahid Hüseyn Məlik də burada təsdiqlədi ki, heç tanımadığım, hər fürsətdə mənə yaxınlaşan və ünsiyyət qurmağa çalışan bu adamın hakimiyyətin  casusu olduğunu ona demişəm.

Kimdir bu Elnur Məmmədov? 2005-ci ildə müxalif mövqedə olan “Yeni fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin şərlənərək məhkum olunduğu məhkəmədə onun üzünə durub. 2011-ci ildə AR CM-nın 311.1 (rüşvətalma) maddəsi ilə 4 il həbs cəzası alıb. 2014-cü ildən MTN ilə əməkdaşlığa cəlb edilib. İstintaq təcridxanasında özünü asmış MTN-nin keçmiş polkovniki, antiterror idarəsinin rəis müavini İlqar Əliyevin “TT” ləqəbli agenti kimi Taleh Bağırzadə və  “Müsəlman Birliyi Hərəkatı” barədə MTN-ə məlumat verdiyi üçün birdəfəlik 10 min manat mükafat alıb.  2018-ci ildə qohumunun 10 min manatını dələduzluqla ələ keçirdiyi üçün 3 il 6 ay azadlıqdan məhrum edilib. Elə həmin ilin fevralında digər cinayət əməli üzə çıxıb. Məlum olub ki, Elnur Məmmədov bir qrup şəxslə Ağdam rayonunun Birinci Yüzbaşılı kənd məktəbinin direktoru Polad Zeynalovu şərləmək üçün onun həyətində silah-sursat gizlədib və bu barədə tanıdığı polis işçisinə məlumat verib ki, guya Polad Zeynalov qanunsuz silah saxlayır. İstintaq zamanı isə silahı Elnur Məmmədovun basdırdığı ortaya çııxb. Hələ bunlar onun kimliyi ilə bağlı bizim üzə çıxardığımız faktlardır, təbii ki, onu bu tip əməlləri daha çox olub. Bundan sonra bu tipin polisin ştatlı üzəduranı olduğunu qəbul etməyəcəksinizmi? Görün kimin əli ilə məni məhv etməyə hazırlaşırlar?! Tfu!

Elnur ifadəsində deyir ki, guya biz onunla dostuq, 2000-ci ildən bəri bir-birimizi tanıyırıq və yaxşı ünsiyyətimiz var. Təbii ki, bunlar hamısı müstəntiq Abdulla Cəlillinin uydurmasıdır. Məhkəmədə Elnurdan soruşdum ki, ilkin ifadəndə deyirsən ki, Tofiq Yaqublunu 2000-ci ildən tanıyırsan, bununla bağlı bir sübut təqdim edə bilərsənmi? Çox qətiyyətlə bildirdi ki, 2000-ci il çox uzaqdır, tanışlığımızın və dostluğumuzun tarixi xeyli yaxındır və 3-4 il olar. Nə vaxt və harada tanış olduğumuzu soruşanda dedi ki, “Qələbə” kinoteatrının qabağındakı mitinqlərin birində mənə yaxınlaşıb və tanış olmuşuq. Xatırladım ki, “Qələbə” kinoteatrının qabağında müxalifətin sonuncu mitinqi 2005-ci ilin noyabr ayının 26-da olub.  Elnurla həyatda ilk dəfə Qubad İbadoğlunun məhkəmələri zamanı rastlaşmışıq və o da ora Abdulla Cəlilinin tapşırığı ilə gəlib. Bu saxta cinayət işində mənim Elnur Məmmədovla Qubad bəyin məhkəmələrində 3 dəfə görüşdüyüm yazılır. İddia edilən həmin görüşlərlə bağlı bu saxta cinayət işində həyasızcasına uydurulmuş versiyaları çıxışımın sonrakı hissəsində elə darmadağın edəcəm ki, şərləmə komandasının üzvlərini onun dağıntıları altından heç kim çıxara bilməyəcək. Təbii ki, belə bir keyfiyyətdə adamla mənim dostluğum mümkün deyil. Eləsi ancaq mənəviyyatca onun tayı olan Abdullanın və onun kimilərinin dostu ola bilər. Hələliksə Qubad İbadoğlunun məhkəmələrində mənim Elnurla nə vaxt və hansı şəraitdə rastlaşdığımı cinayət işindəki “Kanal11 Azerbaijan”, “TV8 Azerbaijan” internet televiziyalarının və özümün məhkəməyə təqdim etdiyim videomateriallar əsasında təqdim edirəm. Həmin materiallara vəsatətim əsasında vəkilimlə burada baxdıq, yəqin ki, siz də baxmısınız və buna görə də təqdim edəcəyim sübutları danmaq şansınız yoxdur. Abdullanın uydurduğu senariyə görə mən Elnurla 03.11.2023  tarixində Bakı Apelliyasiya Məhkəməsi (BAM), 16.11.2023 və 05.12.2023 tarixlərində Nərimanov Rayon Məhkəməsinin (NRM) qarşısında görüşmüşəm. Əslində isə Elnur ilk dəfə mənə daha əvvəl – 26.10.2023 tarixində Qubad bəyin NRM-də keçiriləm məhkəmə prosesində yaxınlaşıb, özünü hüquq müdafiəçisi kimi təqdim edib və Facebook dostluğu göndərəcəyini, onu qəbul etməymi xahiş edib. Sonra da Gürcüstanın həbsdə olan keçmiş prezidenti Saakaşvilini birgə müdafiə etməyi təklif edib. O, mənə növbəti dəfə – 03.11.2023 tarixində BAM-da Qubad bəyin məhkəməsi keçirilərkən yaxınlaşıb və yenə də Saakaşvilinin müdafiəsi üçün birgə fəaliyyət göstərməyi, elə buradanca bir çayxanaya gedib orada müzakirə aparmağı təklif edib. Bax, onda mən ondan birmənalı şəkildə şübhələndim və yanımda dayanmış Hüseyn Məliyə bu adamın hökumətin casusu olduğunu dedim. Yeri gəlmişkən, Hüseyn Məlik məhkəmədə şahid kimi dindirilərkən Elnur bildirdi ki, heç vaxt BAM-ın qarşısına gəlməyib və mənimlə orada görüşməyib. Baxdığımız video və foto sübutlarla təsdiqləndi ki, o, həqiqətən də 03.11.2023 tarixində BAM-ın qarşısında olub və mənimlə görüşüb. Mən bunu ilkin istintaqda dindirilərkən də, məhkəmədə ifadə verərkən də  təsdiqləmişəm. Bizim məhkəməyə təqdim etdiyimiz videomaterialda 14.11.2023 tarixində də Qubad bəyin NRM-də məhkəmə prosesi keçirildiyi və Elnurun da orada olduğu görünür. Təbii ki, o, ora Qubad bəyə dəstək üçün yox, müstəntiq Abdulla Cəlillinin tapşırığına əsasən gəlib. Başqa məhkəmə prosesinə getdiyimə görə mən həmin gün Qubad bəyin məhkəməsinə gedə bilməmişdim. Ona görə də Elnur həmin gün boşuna vaxt itirməli, Abdulla da həmin məhkəmə prosesinin üstündən keçməli olub. O videoya baxanda Elnurun ora Qubad bəyin tərəfdarı kimi yox, kimisə axtarmağa gəldiyi aydınca görünür. Adam ora-bura boylanaraq adamların içində məni axtarır. Anten məlumatlarına baxanda görünür ki, o, orada cəmi bir neçə dəqiqə olub. Məni tapmayıb və çıxıb gedib. Anten məlumatlarına görə o, NRM-nin qarşısında saat 11:10-da olub, amma artıq saat 11:41-də oradan çox uzaqdan yerləşən Bakı Beynəlxalq Avtovağzalına yaxın bir yerdədir. Əgər həmin gün mən Qubad bəyin məhkəməsinə getmiş olsaydım, onda Abdulla bu tarixi də mənim Elnurla cinayət kontaktım kimi cinayət işinə əlavə edəcəkdi. Elnur məhkəmədə ifadə verərkən bildirdi ki, guya görüşmək üçün onu məhkəmə qarşısına dəvət edirəmmiş. Əgər onu Qubad bəyin məhkəməsinə dəvət etmişdimsə, 14.11.2023 tarixində özüm də NRM qarşısında olmalıydım. Ya da onu həmin gün getdiyim digər məhkəmə prosesinə dəvət etməliydim. Saxta cinayət işinə görə bizim növbəti görüşümüz 16.11.2023 tarixində NRM qarşısında olub. Bəli, həmin gün mən Qubad bəyə dəstək üçün ora getmişdim. Amma təqdim edilən video və fotomateriallarda həmin gün mənim Elnurla görüşdüyümü əks etdirən bircə dənə də məqam yoxdur. Və nəhayət, 05.12.2023 tarixli NRM-dakı məhkəmə prosesinə keçək. Qubad bəyin həmin məhkəməsində Elnur da olub, mən də. Oradakı görüntülərdə də mənim Elnurla yan-yana durduğum, danışdığımla bağlı heç bir görüntü yoxdur. Baxdığımız video və fotomateriallarda Elnurun mənə yaxınlaşmasını və danışmasını göstərəcək bircə dənə də görüntü yoxdur. Halbuki Abdulla bu video və fotomaterialları saxta cinayət işinə bizim görüşümüzün sübutu kimi daxil edib. Bununla belə, mən bu məqamdan istifadə edərək Elnurun heç vaxt mənə yaxınlaşmadığını və danışmadığını iddia etmirəm, əksinə, onun bu məhkəmə prosesləri zamanı mənə yaxınlaşdığını və Saakaşvilinin müdafiəsi ilə bağlı təkliflər verdiyini deyirəm. Abdullanın 05.12.2023 tarixinə aid yazdığı təfərrüatlar həyasız yalanlardan başqa bir şey deyil. Elşən isə həmin gün ümumiyyətlə orada olmayıb. Bu da sizə əlahəzrət fakt! Yeri gəlmişkən, hərçənd ki, saxta cinayət işi materialları arasında istinad edilən videomateriallara aid hər hansı bir CD diski və ya internet linki yoxdur. CPM-in tələblərinə görə ibtidai istintaqın istinad etdiyi həmin videomateriallar bu səbəbdən sübutlar sıyahısından çıxarılmalıdır. Belə sübut təqdim etmək yolverilməzdir. Əgər müəllif Youtube-a yerləşdirdiyi videomaterialı silsə, necə olar? Bəlkə də onlar artıq orada yoxdur. Hakimiyyətin müstəqil mediaya total hücumunun davam etdiyi bu günlərdə onlardan bir çoxu artıq özlərinin sosial şəbəkə hesablarını bağlayıblar və ya bağlamağa məcbur edilirlər. Eyni zamanda,  həmin materiallar haker hücumu nəticəsində də itə bilər. Mənim müdafiəçilərim həmin reportajları hazırlamış müxbirləri şəxsən tanıdıqları üçün qeyd edilən videomaterialları onlardan alaraq baxıb və araşdırıblar.

Məhkəməyə Elnurla mənim Facebook-un Messenger vasitəsi ilə yazışmanı təqdim etdim. O, Qubad bəyin oktyabr ayının sonlarında keçirilən bir məhkəməsində mənə yaxınlaşıb özünü hüquq müdafiəçisi kimi təqdim etdi və  onun facebook dostluğunu qəbul etməyimi xahiş etdi. Mən razılıq verdim, amma normal adam olduğuna əmin olmadığım üçün qəbul etmədim. O, sonralar facebook-un dostluq göndərisini xatırlatma funksiyası ilə hələ də onun dostluğunu qəbul etmədiyimi xatırlatdı. İlk dəfə mənə yaxınlaşanda, ondan şübhələnməyə başlasm da, bu “hüquq müdafiəçisi”nin dostluğunda demokratik düşərgəyə aid və yaxından tanıdığım bəzi adamların da olduğunu görüb onu dostluğuma qəbul etdim. Yazışmanın tarixinə baxın: 02.11.2023. Bir də onu Facebook-da nə vaxt dostluğuma qəbul etdiyim tarixə baxın:  Yenə də  02.11.2023. Deməli, onun məni 2000-ci illərdən tanıdığı və yaxın ünsiyyətdə olduğu haqda Abdullanın uydurmaları cəfəngiyyatdır.

Elnur mənə yazmışdı ki, insan haqlarının müdafiəsi ilə məşğul olur və bu istiqamətdə fəaliyyət göstərən QHT rəhbəridir. Mən burada 02.11.2023-cü il tarixində facebook dostluğunu qəbul edən kimi Messenger-də yazdıqlarını təqdim etdim. Adam yazıb özünü və nəçi olduğunu təqdim edir. Həmin mətni bir daha xatırladıram: “Tofiq bəy, salam. Necəsiniz? Sizə həmişə böyük rəğbətim olub, yəqin ki, bilirsiniz. Mən Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə hüquq müdafiə təşkilatının sədriyəm. Təşkilat olaraq hüququ pozulmuş vətəndaşların, siyasi baxışına görə təzyiqlərə, təqiblərə məruz qalan insanların hər zaman yanında, müdafiəsindəyik”. Mənim cavabım: “Salam, Elnur bəy. İşinizdə uğurlar arzulayıram”. Cavab verdiyimi görüb, dərhal daha bir mesaj yazır. Mətn belədir: “Tədbirləriniz, məhkəmə prosesləri olanda desəniz şad olardım və nə gərəkirsə, etməyə hazıram”.  Baxın, ertəsi gün Qubad bəyin məhkəməsi təyin edilib. Məlumat mətbuatda və sosial şəbəkələrdə yayılıb və təbii ki, Elnur da bilirdi. Abdullanın tapşırığı ilə yazılmış bu mesajın xüsusi məqsədi varıydı. Əgər mən ona yazsaydım ki, sabah məhkəmədir və həm də digər siyasi məhkəmə prosesləri haqqında nə vaxtsa məlumat vermiş olsaydım, bunu cinayət əməlimiz üçün görüşə dəvət kimi təqdim edəcəkdilər. Mən nə etdim? Heç cavab da yazmadım. Növbəti dəfə Elnur 07.11.2023 tarixində yazıb. Olduğu kimi təqdim edirəm: “ Tofiq bəy, necəsiniz? Biz Saakaşvilinin hüquqlarının müdafiə komitəsi yaratmaq istəyirik. Adam rusiyayönümlü deyil deyə, müdafiəsiz qalıb. Adam bölgəyə demokratiyanı gətirmiş, həqiqi demokratik prezident kimi digərlərinə nümunə göstərmişdi. Ancaq bu gün yalnız və müdafiəsiz qalıbdır. Onu bu ən çətin anında tək buraxmaq rəvadırmı və ədalətlidirmi? Mənim cavabım: “Salam, bəy. Saakaşvili müdafiə olunmalıdır, amma onu Gürcüstan vətəndaşları təşkil etməlidir”. O dərhal yazır: ”Etmirlər də bəy”. Bundan sonra daha ona cavab yazmıram. O isə dayanmır və yenə də yazır: “Qubad bəyin apelliyasiya məhkəməsində çox gözəl çıxış etdiniz, qısa, yerində və tutarlı!” Mən yenə cavab vermirəm. Yeri gəlmişkən, mən həmin gün Bakı Apelliyasi Məhkəməsi qarşısında Qubad bəyin təqsirsiz olduğunu, bu ölkədə 1 nömrəli cinayətkarın İlham Əliyev olduğunu demişdim. Görürsünüzmü, məni tovlamaq üçün, hətta İlham Əliyevin cinayətkar olması haqqındakı fikirlərimi də təqdir etməli olublar. Bundan sonra Elnur Facebook  Messenger-indən yazmağı dayandırır və bir də 28.11.2023 tarixində Saakaşvilinin müdafiəsi ilə bağlı mətbuat konfransı keçirdiyi haqda linki göndərib. Mən o linki açıb baxmadm, yalnız məhkəmə prosesi zamanı sübutlar toplayanda evdəkilərə dedim ki, tıklayıb baxsınlar.  Yəni, nə göndərdiyini sonradan bilmişəm. Yazır ki, mən hüquq-müdafiə təşkilatının sədriyəm. Məgər mən “dostumun” QHT rəhbəri olduğunu bilməzdimmi? Təsəvvür edin ki, dostum Rüfət Səfərov mənə nəsə yazır və qeyd edir ki, o, QHT rəhbəridir. Gülməli deyilmi? Çünki onun QHT rəhbəri olduğunu bildiyimi o bilir və belə yaza bilməzdi. Bu mesajda da çox ciddi ifşa materialı yatır. Baxın, Elnura mesaj mətnlərini verən Abdulla unudub ki, hələ 26 gün əvvəl – 02.11.2023 tarixində yazdığı mesajda onu artıq hüquq medafiəçisi kimi təqdim edib. Amma burada adam söhbətə sıfırdan başlayaraq, yenidən özünün hüquq müdafiəçisi olduğunu deyir. Digər tərəfdən, mənə cəmi 2 dəfə yazmış və hər dəfə də kim olduğunu təqdim edən adam dostum ola bilər? Yeri gəlmişkən, Rüfət Səfərov Azərbaycan prokurorluğunun rüşvət, şərləmə, qeyri-peşəkarlıq yuvası və hakimiyyətin əlində siyasi sifarişləri yerinə yetirən cəza aparatı olmasına etiraz edərək, müstəntiq kimi işlədiyi prokurorluqdan istefa vermiş yeganə şərəfli və vicdanlı insandır. Təəssüf ki, başqa belə bir nümunə yoxdur. Prokuror Tural Yaqubovun bu məqama xüsusi diqqət yetirməsini istərdim. Yox, əgər Elnur həmin QHT-ni təzəcə yaratmışdısa və buna görə də mənim xəbərim olmaya biləcəyini düşünəcəkdi, yazacaqdı ki, təzə bir QHT yaratmışam. Yəni, bu Messenger yazısı da sübut edir ki, mənim Elnurla əvvəllər nə bir tanışlığım, nə də ki, əlaqəm olmayıb. Yeri gəlmişkən, 2024-cü ildə dekabrın 3-də eynən məni şərləyib həbsə atdıqları kimi Rüfət Səfərovu da həbsə atdılar. İndi o da mənim kimi Kürdəxanı təcridxanasında vicdan məhbusu həyatı yaşayır. O şərəfli insana və bütün siyasi məhbuslara azadlıq azadlıq tələb edirəm! O cümlədən, bu hakimlərin və dövlət ittihamçısının paralel olaraq başqa bir siyasi məhkəmə prosesində mühakimə etdikləri Bəhruz Səmədova da azadlıq tələb edirəm, hərçənd ki, onun da belə bir məhkəmə heyəti qarşısında heç bir şansının olmadığını da bilirəm.

Bu mesajda Abdullanı ifşa edən daha bir neçə məqam var. Tanınmış müxalifətçilərin, o cümlədən Qubad İbadoğlunun məhkəmə prosesinin vaxtı bəlli olan kimi bu məlumat mətbuatda və sosial şəbəkələrdə geniş yayılır. Bir qayda olaraq cəmiyyət siyasi məhbusların məhkəmə prosesləri haqqında məlumatları hüquq müdafiəçilərindən alır. Ona görə də “insan hüquqlarının müdafiəsi ilə məşğul olan” Elnurun bunu məhz məndən öyrənmək istəməsi məntiqsizdir. Bayaq dediyim kimi mənim ona növbəti bir məhkəmə prosesinin  yeri və vaxtı haqqında yazmağıma nail olmaq  düşünülmüş bir hiylə idi. Digər tərəfdən biz, o cümlədən mən belə tədbirlərə insanların, xüsusən də jurnalistlərin və hüquq müdafiəçilərinin  mümkün qədər çox gəlməsinə çalışırıq, bunun üçün də çağırışlar edirik. Amma mən guya dostum və QHT rəhbəri olan Elnura, hətta özünün xahiş etməsinə baxmayaraq məlumat vermək istəmirəm. Bununla bir daha sübut olunur ki, mən onu casus hesab etmişəm.

O, 09.11.2023 tarixində Whatsappda mənə Zəfər Günü bayramı münasibəti ilə təbrik yazıb və bu, onun mənə Whatsapp-da yazdığı yeganə mesajdır. Bundan başqa onun Whatsapp üzərindən mənə nə başqa bir mesajı olub, nə də ki, zəngi. Həmin yazıdan görünür ki, o, məni AXCP üzvü hesab edir. Mənimlə dost olan, özü də QHT rəhbəri məgər, bilməzdimi ki, mən Müsavat Partiyasının üzvüyəm. Təbii ki, bu səhvlər Abdullanın səhvləridir. Hər şeyi o yazıb və düzüb-qoşub. Elnurla mənim Facebook dostluğumu təşkil etmiş Abdulla heç profilimə diqqət də yetirməyib, yoxsa orada mənim müsavatçı olduğumun yazıldığını görərdi.

Məhkəmədə çıxışım zamanı sizə mobil rabitə operatorunun təqdim etdiyi cədvələ əsasən, həm də öz telefonumun zənglər bölümünün skrini ilə sübut etdim ki, Elnur özünün istifadəsində olduğu və mənimlə əlaqə saxladığı 0-70-292-24-02 nömrəsindən mənə cəmi 2 dəfə zəng edib. Birinci zəng 29.11.2023 tarixində saat 11:03-də olub. Həmin danışıq 155 saniyə sürüb. Telefon kitabçasında adı olmadığından kimin zəng etdiyini bilməmişəm və dəstəyi qaldırmışam. Özünü “məhkəmənin qarşısında sizə yaxınlaşan hüquq müdafiəçisiyəm” deyə, təqdim edib. Sonra da dünən Saakaşvilinin müdafiəsi üçün mətbuat konfransı keçirdiyini bildirib və Tiflisdə də bu missiyasını davam etdirə bilməsi üçün oradakı qohumlarımın 3-4 günlüyə onu orada qarşılayıb qonaq saxlamalarını xahiş edib. Təbii ki, rədd cavabı vermişəm. Onda onun adını telefonuma qeyd etdim. Biləsiniz ki, adamların kim olduğunu bilmək üçün adlarına onları xarakterizə edən, haradan tanıdığmı bildirən bir qeyd əlavə edirəm. Adam mənə ilk yaxınlaşmasında Facebook dostluğunu qəbul etməyimi xahiş etdiyi üçün onun adına bir “fb” qeydi əlavə  etdim. Bundan sonra o, mənə 30.11.2023 tarixində zəng edib. Dörd dəfə zəng edib, heç birini də açmamışam. Çünki artıq onun adını telefonuma qeyd etdiyimdən kimin zəng etdiyini bilirdim. Yalnız 5-ci dəfəsində zəhləmi tökdüyü üçün məcbur qalıb zəngə cavab vermişəm. Əgər mən onunla 25 min avro və 10 min manatlıq bir sövdələşmə etmişdimsə, dəstəyi dərhal qaldırmazdımmı? Həmin cavabsız zənglərin sübutunu məhkəməyə təqdim etmişəm. Söhbətimiz cəmi 26 saniyə çəkib. Yenə Saakaşvilinin müdafiəsi haqda nələrsə danışmağa başlayanda, sözünü kəsib telefonu bağlamışam. Sizə telefonumun kontaktlar bölümündə Elnurun adını necə qeyd etdiyimin  skrinini göstərdim. Orada onun adının altında həm də “hüquq müdafiəçisi?” yazılıb. “Hüquq müdafiəçisi” sözünün qabağında sual işarəsi qoyulub. Yəni, inanmıram, şübhəli adamdır kimi qeyd etmişəm. Onunla Facebook dostluğumuzun da 2023-cü ilin noyabrın əvvəlindən başladığını məhkəməyə təqdim etdiyim sənədlərlə sübut etdim. Abdulla Cəlilli xüsusi tapşırıqla Elnur Məmmədovu məhz bu ərəfədə mənə yaxınlaşmağa göndərib.

Mənim əslən gürcüstanlı olduğumu və bu ölkənin keçmiş prezidenti, indi həbsdə olan Saakaşviliyə pozitiv münasibətimin olduğunu bilən hakimiyyət Abdullaya bu nüanslara uyğun saxta cinayət işi quraşdırmaq tapşırıb. Abdulla artıq seytnotda idi, çünki birinci cəhd boşa çıxmışdı. Həbs edilməyimlə bağlı verilmiş vaxt daralırdı. Ona görə də bundan sonra Abdullanın düzüb-qoşduqları cinayət və şərəfsizlik olmaqla yanaşı əsl kütbeyinlik nümunəsidir. Özü də çox parlaq nümunə!

Böyük gürcü yazıçısı Mixail Cavaxaşvili ilə məni mənəvi və ideoloji bağlardan əlavə, həm də coğrafi bağlar bağlayır. Mən Gürcüstanda doğulub boya-başa çatmışam. M.Cavaxaşvilinin bir məşhur “Günahsız Abdulla” əsəri var. Həmin əsərdə Abdulla adlı bir ləyaqətli və dəyanətli Borçalı kişisini necə alçaqcasına şərləyərək çar həbsxanasına göndərilməsindən bəhs edilir. İstəsəniz, bunu böyük yazıçının həmin əsərinə nəzirə kimi də qəbul  edə bilərsiniz. Mən də həbsxana divarları arasında, məhkəmədə “son söz” şəklində  bir “Günahkar Abdulla” əsəri yazdım. Amma bu əsər bədii deyil, faktiki hadisələrin toplandığı bir sənədli əsərdir. Bu əsərdə mən “Günahsız Abdulla”da baş verənlərin tərsini göstərirəm. Buradakı Abdulla xirtdəyinə qədər günahın, cinayətin və şərəfsizliyin içindədir. O, ləyaqətli və dəyanətli bir Borçalı kişisini alçaqcasına, həm də kütbeyincəsinə şərləyib həbsə atır. Yadınızda saxlayın, sizin hamınızın məni şərlərməyə şərəfsizliyiniz və nakişiliyiniz artıqlamasıyla çatsa da, bir ağlabatan, azacıq da doğruya oxşayan cinayət işi düzüb-qoşmağa nə savadınız, nə məntiqiniz, nə də ki, ağlınız çatmaz. Nə sifarişçinin, nə də icraçıların!

Beləliklə, Abdulla əvvəlcə polisin ştatlı üzəduranı Elnur Məmmədovu işə qoşur. Senariyə görə Elnur özünü mənə müxalifyönlü QHT rəhbəri kimi təqdim edəcək, mənimlə əlaqə quracaq, ictimai-siyasi proseslər, həmçinin Saakaşvilinin müdafiəsi ilə bağlı müzakirə üçün kənar və qapalı bir yerdə görüşə dəvət edəcək. Və təbii ki, bunun foto və video görüntülərini də təmin edəcəklərmiş. Sonra Elnur məni inandıracaqdı ki, o, gedib Tiflisdə Saakaşvilinin müdafiəsi ilə bağlı tədbir keçirsə, daha doğru olar. Mən də inanıb, onun xahişi ilə Gürcüstandakı qohumlarımdan onu qarşılamağı, 3-4 gün qonaq saxlamalarını xahiş edəcəkdim və onların telefon nömrələrini verəcəkdim. Bunu burada məhkəməyə təqdim etdiyim materiallarla sübut etdim. Elnurun mənə Whatsapp və Facebook-un Messengeri üzərindən yazdığı mesajların mətnləri, həmçinin də həmin ərəfədə mobil telefonla etdiyim zənglərin smartfon qeydləri sizdədir. Baxın və əmin olun! Elə Elşənin adından viza alındıqdan sonra mənim onu 3-4 günlüyə Gürcüstana göndərəcəyim, qohumlarımın bu müddətdə onu qonaq saxlayacaqları və Almaniyaya yola salacaqları haqqında Abdullanın  uydurduğu əfsanə də məhz buradan qaynaqlanır və bu haqda irəlidə daha ətraflı danışacam. Sonra Elnur Tiflisə gedəcəkdi, 4-5 gündən sonra qayıdanda sərhəd-gömrük məntəqəsində saxlanacaqdı. Üstündə Qərb təşkilatlarından Tofiq Yaqublu üçün “göndərilmiş” külli miqdarda pul tapılacaqdı. Bununla da mənə qarşı ənənəvi olaraq müxalifətçilərin şərləndiyi xaricdən maliyyələşmə və pul qaçaqmalçılığı ittihamı üçün əsas yaratmış olacaqdılar. Bu variant baş tutsaydı, Abdullanın əlində daha çox “sübutlar” olacaqdı. Çünki təşkil edilmiş hallar mənim saxta ittihamı rədd edərkən əl-qolumu xeyli dərəcədə bağlayacaqdı.

Elnurun mənə yazdıqlarını və ona verdiyim cavabları sizə təqdim etdim. Elnurun bütün təkliflərini rədd etməklə “çox ağıllı” Abdullanın bütün planlarını pozdum. 2020-ci ildə də Nizami RPİ-nin planını da beləcə pozmuşdum. Onlar düşünmüşdülər ki, onların ştatlı üzəduranı mənim içində olduğum park halında dayanmış avtomobilimi nümayişkaranə şəkildə qəsdən vuracaq və mən də bu harınlıqdan qeyzlənib avtomobildən düşərək onun üstünə cumacam. Bundan sonra  süni dava-dalaş yaradıb məni təqsirləndirməyə “əsaslı sübutlar” təşkil edəcəkdilər. Onda da siysətçi intiusiyam köməyimə gəldi və maşından düşmədim. Yaxşı xatırlayıram, o vaxt ora toplaşanlardan biri mənim pəncərəmə yaxınlaşıb dedi ki, bir az aralıda bir polis zabiti kiməsə zəng edib deyirmiş ki, “rəis, bu köpəyoğlu maşından düşmədi, indi biz neyləyək?”

Mənə iri məbləğdə pul təklif edən xüsusi öyrədilmilş adamın və sonra da Elnurun təkliflərini rədd etməklə yenə də “maşından düşmədim”, yəni “çox şərəfli” Abdullanın tələsinə düşmədim. Belə bir lətifəni xatırlayıram. Birindən soruşurlar ki, vicdanlı adamı yaxşıca pul verib almaq olarmı? O da deyir ki, vicdanlı adamı yaxşıca pul verib almaq mümkün olmaz, amma onu yaxşıca pula satmaq olar. Baxın, indi bu vicdansızlar  başda “çox ağıllı” Abdulla olmaqqla, məni yaxşı pulla ala bilmədikləri üçün yaxşıca satmağa, yəni şərləməyə girişiblər.

Məhkəmə istintaqı zamanı bu səfehcəsinə və kütbeyincəsinə hazırlanmış ittihamı necə alt-üst etdiyimizi hamınız gördünüz. Saxta cinayət işi o qədər səfehcəsinə kütbeyincəsinə hazırlanıb ki, səmimiyyətimə inanın, onu təcridxanada oxuyarkən dəfələrlə şaqqanaq çəkib gülmüşəm. Abdullanın “çox ağıllı” olması artıq mənim üçün bir bənzətmə vasitəsinə çevrilib. Bir dəfə dustaqlardan biri çox məntiqsiz bir ağ yalan danışdı. Mən qeyri-ixtiyari olaraq ona dedim ki, heç mənim müstəntiqim Abdulla da belə səfeh şey danışmazdı. Yeri gəlmişkən, “çox şərəfli” Abdulla məni həbsə atmaqla, əslində özünün ifşa olunması üçün mənə əla şərait yaratdı. İnanın ki, barəmdə həbs-qətimkan tədbiri seçilməsəydi, istintaq dövrü azadlıqda olsaydım, toplantılar, canlı efirlər, müsahibələr, görüşlər, dost-tanışlarla çayxana oturmaları, toy və yas mərasimləri, dükan-bazar, futbol oynamaq, məişət problemləri, ailə və qohum-qardaş tədbirləri və s. ucbatından ziddiyyətlərlə dolu, “çox şərəfli” Abdulla və onun cinayətkar dəstəsini ifşa edən, mənim özümü isə təmizə çıxaran bu cinayət işini belə diqqətlə oxuyub bütün zibilləri üzə çıxarmağa praktik olaraq imkanım olmayacaqdı.

İstisnasız olaraq bütün cinayətkarlar cinayəti törətməmişdən əvvəl bu işin nə qədər riskli olduğunu dərk edirlər. Ancaq ümid edirlər ki, maksimum ehtiyatlı olacaqlar, iz buraxmayacaqlar və beləliklə, ələ keçməyəcəklər. Bu, elementar məntiqdir. Əgər cinayətkar bilsə ki, mütləq bu işin üstü açılacaq və o ələ keçəcək, heç vaxt bu addımı atmaz. Amma mənə qarşı qaldırılmış bu saxta cinayət işini düzüb-qoşan “çox ağıllı” Abdullanın heç bu elementar məntiqi anlamağa başı çatmayıb. Belə çıxır ki, mən 100% bil-bilə ki, cəmi bir gündən sonra bu cinayətin üstü açılacaq və zərərçəkmiş ya gəlib pulunu tələb edəcək, ya da polisə şikayət edəcək, amma bu cinayəti törətmişəm. Mən Elşənin pullarını necə ələ keçirəcəkdim? Məntiqlə bu vəziyyətdə pulu alandan sonra ya ölkədən qaçmalıydım, ya da ölkə daxilində haralardasa gizlənməliydim. Gördüyünüz kimi 08.12.2023 tariixndən – guya Elşənin pullarını aldıqdan sonra gizlənib eləmirəm, açıq siyasi-ictimai fəaliyyətimi davam etdirirəm. Tutaq ki, saxta itthamlarla əvvəlki məhkumluğuma görə ölkədən çıxışıma qadağa qoyulduğu üçün xaricə qaça bilməzdim, amma heç ölkə daxilində də gizlənmirdim axı. Fikirləşin, mən nəyə ümid edib bu cinayəti törətməliydim? Bu ona bənzəyir ki, təyyarədə uçanda soyğunçuluq məqsədilə dartıb bir qadının bahalı boyunbağını boynundan qoparırısan. Hə, hara qaçacaqsan? Bu saxta cinayət işində də eyni situasiyadır. Mən Elşənin pullarını bir günlük ələ keçirməklə nəyə nail olacaqdım? Ondansa,  mənim Elşənin evinə girərək onun pullarını oğurladığım haqda cinayət işi düzüb-qoşsaydılar, daha məntiqli olardı. Guya ki, pulların üstündə mənim barmaq izlərimi tapmış “çox şərəfli” ekspert Həsən Hüseynov, inid də gəlib pəncərənin dəstəyindən, pulların olduğu mücrünün üstündən və s. yerlərdən barmaq izlərimi “tapardı”. Məmmədov Elnur da mənim pəncərədən Elşənin  evinə girdiyimi gözləri ilə “görmüş” şahid olardı. Dadaşov Amilə də bir rol ayrılardı. Dələduzluğun müxtəlif sahələri var. Məsələn, internet üzərindən kiberdələduzluqla məşğul olan adam hesab edir ki, o, saxta bir adla bu işi gördüyündən onun kimliyi bilinməyəcək. Və yaxud da altından çör-çöp, üstündən də seçmə Ordubad əriyi düzmüş dələduz bazadakı tacirə 15 yeşik sırıyanda, düşünür ki, aradan çıxacaq, bir də oralara ayaq basmayacaq və heç kəsin də onu tanımaması səbəbindən ələ keçməyəcək. Bir də var vəzifəyə düzəltməklə bağlı dələduzluqlar ki, bunlar daha çox yayılmış cinayətlərdir. Ölkədə iri vəzifələrə iri pullar hesabına təyin olunmaq qaydası hamıya məlum aksiomdur. Məsələn, bir dələduz özünün yağlı qurbanını müəyyən etdikdən sonra ona məlumat verir ki, filan rayonun icra başçısı 7 aydan sonra vəzifədən götürüləcək. Əgər o yeri tutmaq istəyirsənsə, 3 milyon manat verməlisən ki, pul indidən PA-na çatsın və həmin yer sənin üçün qeyd edilsin. Tamahkar pulu verir və  7 ay gözləyir. Həmin vəzifəyə təyinat almayanda, vasitəçidən izahat tələb edir. Vasitəçi bu dəfə başqa yalan uydurur. Deyir ki, gələn ilin birinci rübündə 7-8 rayonun icra başçıları kompleks şəkildə dəyişdiriləcək, sənin də məsələn o vaxt həll olunacaq. O vaxt da gəlib çatır, amma iş yenə də düzəlmir. Dələduz vasitəçi bu dəfə deyir ki, yuxarılarda vəziyyət dəyişib, məsələ həll olunmaya bilər. Sənin pulların çox yekə məmurdadır. Ondan birbaşa pul tələb edə bilmirəm, amma ismarlamışam, o da söz verib ki, yaxın vaxtlarda pulları qaytaracaq. Beləliklə də bu minvalla aylar, illər keçir. Dələduz bilir ki, qurbanı cəsarət edib polisə şikayət etməyəcək. Çünki 3 milyon manatın onda haradan olması məsələsi ortaya çıxacaq, üstəlik də onun cinayət yolu ilə vəzifəyə gəlmək istəməsi məsələsi. Düzdür, nadir hallarda elələri tapılır ki, nəyəsə ümid edərək cəsarətlənib şikayət edir və cəmiyyət bundan xəbər tutur. Yəni, bütün hallarda dələduz ümid edir ki, qurbanının pulunu mənimsəyəcək və məsuliyyətdən yayına biləcək. Mən dəfələrlə izah etdim ki, barəmdə uydurulmuş saxta dələduzluq cinayəti bu qəbildən olan cinayətlərin heç bir kateqoriyasına uyğun gəlmir. Bir gündən sonra yüzdə-yüz üstü açılacaq cinayəti heç kəs törətməz.

Baş rolda dahi Yuri Nikulinin oynadığı “Qoca quldurlar” filmində Kolya adlı bir məntiqsiz və səriştəsiz müstəntiq obrazı var. “Çox ağıllı” Abdullanın düzüb-qoşduğu bu saxta cinayət işinə baxanda, düşünürsən ki, Kolya əməlli-başlı Şerlok Holms imiş. Belə bir lətifə var. Biri dükana gəlib soruşur ki, bağışlayın, sizdə 7-ci “B” sinifi üçün məktəbli forması varmı? Bu cinayət işini də “çox ağıllı” Abdulla həmin sadəlövhliklə təşkil edib. Onun Elşən Hüseynova mənim haqqımda polisə yazdırdığı ərizənin mənası belədir:

“Bağışlayın, sizdə Tofiq Yaqublunun boynuna biçilmiş hazır cinayət işi varmı?”

Ümumiyyətlə, bağçada reyhan bitmir. İt inəyi, keçini, quzunu, donuzu və ördəyi bir yerə yığıb deyir ki, kimsə hasarı keçib reyhanı yeyib, bunu kimin etdiyini mütləq araşdırıb tapacam və onun qanadlarını qıracam, lələklərini də yolacam. Bax, “çox ağıllı” Abdulla özünün düzüb-qoşduğu saxta, baş verməmiş cinayətin istintaqına belə başlayıb. Onun yazdıqlarına görə belə mənzərə yaranır ki, 2019-cu ildən sağalmaz xəstəliyə mübtəla olan Elşən Hüseynov ancaq Almaniyada müalicə olunmaq istəyir. Amma nəyə görəsə bu ölkəyə getmək üçün heç bir cəhd etməyib, əlini ağdan qaraya vurmayıb. Ağır xəstəliyinin 4-cü ilində hələ ölməmiş Elşən 2023-cü ildə təsadüfən həmyerlisi Elnur Məmmədovdan öyrənir ki, Tofiq Yaqublu 25 min avro və 10 min manat qarşılığında bu işdə ona yardım edə bilər. Ölümcül xəstə Elşən da deyib ki, razıyam, amma bir şərtlə. Mən pulu verəndən sonra 1 gün ərzində, özü də istirahət günündə Tofiq Yaqublu mənə  Almaniyaya viza və bu ölkənin vətəndaşlığını təşkil etməlidir. Əgər bir günə bu işlər düzəlməsə, polisə şikayət edəcəm. Bunu dəlilərə danışsanız, uğunub gedərlər və bu versiyanı uyduranın dəli olduğunu deyərlər. Bu saxta cinayət işini uyduranın şərəfsizliyini və kütbeyinliyinin səviyyəsini görəndə adam şoka düşür. Onun tapşırığı əsasında Elşən Hüseynov 60 min mantının dələduzluq yolu ilə ələ keçirilməsi haqda 10.12.2023 tarixində 16-cı PB-yə şikayət ərizəsi yazır və DİN-nin 102 xidmətinə zəng vurur. Yeri gəlmişkən, bu saxta cinayət işində Elşən Hüseynovun 102-yə zəng etməsi haqda heç bir sübut və fakt yoxdur. Məhkəmə də bizim bu haqda vəsatətlərimizi təmin etmədi, çünki hakim Elnur Nuriyev də  şərləmə komandasının üzvü olduğundan,  öz imkanları çərçivəsində ifşaların qarşısını almağa çalışır. Elşən Hüseynov 10.12.2023 tarixli şikayət ərizəsində, eyni zamanda 16-cı PB-nin təhqiqatçısı E.Səfərova izahat verərkən, Tofiq Yaqublunun 1 gün ərzində ona viza düzəltməməsindən  və bu işdə vasitəçi olan Elnur Məmmədovun telefonuna zəng çatmadığından aldadıldığını və 60 min manat pulunun mənimsənildiyini anladığını yazır. Ondan sonra Abdullaya verdiyi ifadəsində isə 25 min avro və 10 min manat məbləğində pulunun mənimsənildiyini deyir, ancaq şikayət etməsinə səbəb kimi, onun Almaniya vətəndaşlığı alması üçün Tofiq Yaqublunun saxta sənəd düzəltdiyni göstərib. Adam lap İlham Əliyev kimi dürüst imiş, saxtakarlıqla barışa bilmirmiş. Reyhan yeyənin qanadlarını qırmaq və lələklərini yolmaq eşqi ilə alışıb yanan “çox ağıllı” Abdulla da bu istintaqı həmin it kimi aparıb, yəni bəri başdan məni cinayətkar çıxarmağı qarşısına məqsəd qoyub. Cinayət işinin başladılması üçün səbəbin olmadığı və “şikayətçi”nin fırıldaqçı olduğu açıq-aydın göründüyü halda o, cinayət işi açır və bununla da özünü dolaşdırır. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. 16-cı PB-dəki 60 min manat Nərimanov RPİ-də Abdullaya çatanda, dönüb 25 min avro və 10 min manat olur. Bu, ona görə belə olub ki, Abdulla senaridə dəyişiklik edib və bu işin bir ayağını Avropaya bağlamaq lazım gəlib. Elə ona görə də manat dönüb avro olub. Yoxsa, necə ola bilər ki, adam 16-cı PB-də 60 min manatının mənimsənildiyini desin, amma Nərimanov RPİ-də 25 min avro və 10 min manat haqqında danışsın? Belə çıxır ki, Elşən oradan da BŞBPİ-yə getsəydi, pulun tərkibində funt sterlinq-zad da olacaqdı.

Sİzcə, Elşənin şikayət ərizəsində Elnurun onun  işi ilə 10 gündür məşğul olduğunu deməsi ilə, elə həmin gün ifadə vermiş Elnurun bu işlə Elşənin xahişi ilə okytabr ayından məşğul olduğunu deməsini müstəntiq tutmaya bilərdimi? Bu, qətiyyən mümkün ola bilməzdi. Sadəcə olaraq, şikayətləri də, dindirmə ifadələrini özü yazmış Abdulla istintaq-zad aparmayıb və diqqətsizlik edib, eləcə ittiham üçün tələb olunan saxta formal sənədləri tərtib etməklə məşğul olduğundan, səhvə yol verdiyinin fərqində olmayıb.

Onun ağlı heç ona da çatmayıb ki, mənim Elşənə viza və daha asan variant olan Almaniyada oturum almağa söz verdiyimi uydursun. Yazıb ki, guya mən Elşənə Almaniya vətəndaşlığı düzəltməyə söz vermişəm. Bunu heç İlham Əliyev də bacarmaz. Feodal ailə hakimiyyətinin hökm sürdüyü Azərbaycandan fərqli olaraq Almaniya demokratik, hüquqi dövlətdir. Hətta bu ölkənin federal kansleri Olaf Şolts istəsəydi belə, hansısa əcnəbiyə bir gün ərzində vətəndaşlıq verə bilməzdi. Bu ölkənin vətəndaşlığını almaq üçün qanunla müəyyən edilmiş hüquqi prosedur və müddət nəzərdə tutulur. Həqiqi müxalifətçilər orada illərlə heç oturum hüququ ala bilmirlər və 5-10 ildən sonra deportasiya olunurlarsa, bir gün ərizndə Elşənə vətəndaşlığı necə almaq olar? Və yaxud da 1 günə viza almaq məsələsinə diqqət edək. Şəxsin özü müraciət etmədən, şəxsiyyət vəsiqəsinin və viza üçün vaxtı bitmiş pasportunun kserosurətləri ilə vizanın alınmasının qeyri-mümkünlüyünü və bu versiyanı düşünmüş müstəntiqin əbləhliyini bir tərərfə qoyaq. Tutaq ki, bu texniki problemlər yox idi, hər şey qaydasındaydı. Bu “çox ağıllı” Abdullanın versiysasına görə mən bu işi Fransada yaşayan və hələ də özünə vətəndaşlıq ala bilməyən Qənimət Zahidlə görəcəkdim. Belə çıxır ki, Elşənin pulunu aldıqdan sonra o puldan öz payımı və Elnura çatacaq məbləği götürdükdən sonra qalan hissəsini də Qənimət bəyə göndərəcəkdim. O da öz növbəsində ozünə çatacaq payı götürdükdən sonra yerdə qalan pulları Emannuel Makrona ötürəcəkdi. Makron da o puldan öz payını götürdükdən sonra qalanını Almaniya Federal Kansleri Olaf Şoltsa göndərərək viza haqqında xahiş edəcək və pulun qalan hissəsini onun kartına yükləyəcəkdi. Olaf Şolts artıq pulun onun kartına oturduğunu görəndən sonra daxili hökumət telefonunun dəstəyini qaldırıb xarici işlər naziri Annalena Berboka zəng edib Elşən Hüseynovun viza məsələsini tapşıracaqdı və təbii ki, ona çatmış pullardan müəyyən məbləği də xanıma çatdıracaqdı. Annalena xanım da dərhal dəstəyi götürüb ölkəsinin Azərbaycandakı səfirinə zəng edib Elşən Hüseynova qeyri-iş günündə viza verilməsini tapşıracaqdı. Yəqin ki, o, Berlinə qayıdanda ona çatacaq əmanətin olacağını da deyəcəkdi. Baxın, “çox ağıllı” Abdullanın qurduğu senari məhz belədir və belə bir sarsaq versiyaya görə  mənə qarşı cinayət işi başladıb.

Xaricə mühacirət etmək istəyən adamlar bu məsələ haqqında ciddi maraqlanırlar, informasiya toplayırlar, artıq mühacirət etmiş adamlarla əlaqə qurub hər cür xırda detalları dəqiqləşdirilər. Əgər mən Elşəni aldatmaq istəsəydim, elə davranardım ki, o, məndən şübhələnməsin, mənə inansın və pullarını versin. Mən haradan bilə bilərdim ki, Elşən kiminsə əvəzindən başqasının viza üçün müraciətin mümkün olmadığını bilmir? Mən haradan bilə bilərdim ki, Elşən viza üçün rəngli şəkil və onun da səfirlikdə onların öz avadanlığı ilə çəkilməli olduğunu bilmir? Mən haradan bilə bilərdim ki, Elşən pasportunun və şəxsiyyət vəsiqəsinin kserosurətləri ilə viza verilmədiyini bilməyəcək qədər kütbeyindir və buna görə də pasportun özünü yox, surətini istəmişəm. Mən haradan bilə bilərdim ki, Elşən viza almaq üçün müarciət edilən anda pasportun müddətinin  bitməsinə ən azı 6 ay qalmalı olduğunu bilmir və onun artıq müddəti bitmiş pasportunun surətini qəbul edirdim? Mən haradan bilə bilərdim ki, AB ölkələrinə viza almaq üçün  şəxsin bank hesabında ən azı 3000 avronun olması tələbindən Elşənin xəbəri yoxdur? Mən haradan bilə bilərdim ki, viza müraciəti üçün şəxsin özü onlayn qaydada randevu almalı və bunun üçün də ona təqdim edilən anketi şəxsin özünün doldurmalı olduğunu Elşən bilmir? Mən haradan bilə bilərdim ki, viza almaq üçün müraciət edən şəxsin səyahət sığortasının, gediş-dönüş təyyarə billetlərinin və otel bronunun olmalı olduğunu Elşən bilmir? Mən haradan bilə bilərdim  ki, Elşən Qənimət Zahidin özünün vətəndaşlıq ala bilmədiyini bilmir və onun vasitəsi ilə ona Almaniyada vətəndaşlıq düzəltməyə söz verirdim? Axı Qənimət bəy canlı efirlərdə dəfələrlə bildirib ki, vətəndaşlıq ala bilməyib. Yeri gəlmişkən, bu işə tanınmış jurnalist Qənimət Zahidin adının qatılması da müstəntiq Abdullanın nə qədər yarıtmaz olduğunu bir daha sübut edir. Aydınca görünür ki, o, Qənimət bəyin Almaniyada yaşadığını düşünür, ona görə də Elşənə Almaniya vətəndaşlığı düzəldilməsi məsələsində onu vasitəçi təyin edir. Əks təqdirdə, Abdulla bu saxta cinayət işində Elşənə Qənimət bəyin yaşadığı ölkənin – Fransa vətəndaşlığı söz verdiyimi yazardı ya da bu işdə vasitəçi rolunda Almaniyada yaşayan tanınmış bir müxalifətçi mühacirin adını yazardı. Mən haradan bilə bilərdim ki, Elşən o  qədər kütbeyindir ki, viza üçün müraciətdə mütləq ev ünvanının göstərilməli olduğunu bilmir və ona görə də ev ünvanı göstərilməyən yeni nəsil şəxsiyyət vəsiqəsinin və pasportunun surətini istəyirdim? Mən haradan bilə bilərdim ki, Elşən o qədər kütbeyindir ki, səfirliklərin istirahət günləri işləmədiyini bilmir və cümə günü axşam mənə pul çatdıqdan sonra ertəsi günü – 09.12.2023 – istirahət günündə ona viza düzəldəcəyimi düşünüb? Tofiq Yaqublunun bu cür səfeh, absurd və tərbiyəsiz şəkildə ittiham edildiyi məhkəmə prosesini aparmağa heç utanırsınızmı? Heç xəcalət çəkirsinizmi? Çingiz Abdullayev demiş, heç utanmaqdan ölmürsüz?

Sovet vaxtı bizim kəndin bir balaca dükanı vardı. Dükanı əsl adı Hacıxəlil olan, amma kənddə Axıllı kimi çağırılan bir kişi işlədirdi. Alış-verişin az olması səbəbindən dükan həmişə açıq olmazdı. Kimə lazım olurdusa, gedib Axıllı əmini evindən çağırırdı. O da gəlib dükanı açıb müştərini yola salırdı. Bəlkə Elşən elə fikirləşib ki, istirahət günü gedib səfiri evindən çağıracaqdım ki, durma gəl, Elşən Hüseynov həzrətlərinə təcili viza lazımdır. Oğlum  Rəhim viza ala bilmədiyi üçün ABŞ-a qaçaq yolla gedib və hələ də orada deportasiya təhlükəsi altında yaşayır. Qızım Nigar  Həzi həyat yoldaşı Seymur Həzi ilə bir tədbirə qatılmaq üçün 2019-cu ildə Almaniyaya getməli idilər. Lakin Almaniya səfirliyi onlara viza vermədi. Ailəmizin yaxın dostu, böyük şair Səadət Cahangir ilk nəvəsini görmək üçün Almaniyaya getmək istəyirdi və nə qədər çalışsa da, viza ala bilmədi. Bu hadisələr sosial şəbəkələrdə geniş müzakirə olundu. Mən özüm dəfələrlə canlı yayımlarda bunlar haqda danışmışam. Mən haradan bilə bilərdim ki, Elşən heç mənim ailə üzvlərimə, yaxın dostlarıma viza almaqda kömək edə bilmədiyimi bilmir?

Yeri gəlmişkən, “çox şərəfli” müstəntiqin təşkil etdiyi saxta Whatsapp dialoqunda Elnur Elşənə deyir ki, Tofiq Yaqublunun oğlu Amerikada onun “şotuna” kef edir. Biləsiniz ki, oğlumun hələ də orada oturum hüququ yoxdur və o səbəbdən arzuladığı işdə işləməsi mümkün deyil. Bununla belə, hansısa məhdud hüquqi imkanlardan istfadə edərək, Amerikaya gəlişindən xeyli keçəndən sonra borcla aldığı mopedlə qida kuryerliyi ilə məşğuldur. Bu müddət ərzində iki dəfə mopedi oğurlanıb və tapılmayıb, bir neçə dəfə sındırılıb, Vaşinqtonun kriminal məhəllələrində hücuma məruz qalıb. Orada yaşam xərclərini min-bir əziyyətlə çıxara bilir, üstəlik bu müddət ərzində xeyli borca girib. Korrupsiya və rüşvət pullarınızla Bakıda və xarici ölkələrdə kef çəkən, harınlıq edən sizin övladlarınızdır! Adam nə qədər vicdansız, qanacaqsız  və şərəfsiz  olmalıdır ki, belə sözləri yaza bilsin. Məni şərləyib həbsə atmaqla kifayətlənməyib, hələ müharibə veteranı oğluma da şər atır. Tfu!

Təbii ki, Elşən Hüseynov heç kəsə pul verməyib və xaricə getmək planı da olmayıb. Bu sarsaq senarini “çox ağıllı” Abdulla düzüb-qoşub və rəzil olub. Bu ölkənin ən savadsız və kütbeyin adamına desəm ki, pul ver səni 1 gün ərzində MM-in deputatı  düzəldəcəm, həmin adam bu ölkədə hər şeyin, o cümlədən deputat mandatının da pulla həll olunduğunu bilsə də, bir günə mandat məsələsinə inanmaz. Çünki bunun üçün mütləq formal seçki lazım olduğunu bilməmiş qədər kütbeyin ola bilməz. Yəni, xarici ölkəyə, xüsusən də Avropa Birliyi ölkələrinə viza və burada vətəndaşlıq alınmasının xeyli uzun vaxtaparan, büroktarik proseslər tələb etdiyini hər kəs bilir. Amma Abdulla Cəlilli Almaniyaya viza və bu ölkənin vətəndaşlığının 1 günə, özü də istirahət günündə verilə biləcəyini düşünə biləcək qədər “çox ağıllı” imiş.

Almaniyada vətəndaşlıq kimi absurd bir məsələnin senariyə daxil edilməsinin bir səbəbi var. Azərbaycan Respublikasının CM-ə uyğun olaraq məni daha ağır maddə ilə məhkum etmək üçün guya ələ keçirdiyim pulun məbləği 50 min manatdan çox olmalı idi. Təkcə viza məsələsi ilə bu məbləği düzüb-qoşmaq mümkün olmazdı. Hətta saxta istintaq sənədlərinə görə əsl kütbeyin obrazı yaradılmış Elşən də belə bir viza üçün bu qədər pul verə bilməzdi. Əgər onun problemi təkcə Almaniyaya gedə bilmək olardısa, o, bunu Bakıda yerləşən saysız-hesabsız turizm şirkətlərinin birinə 4-5 min manat pul verməklə həll edə bilərdi. Deməli, “ələ keçiriləcək” pulların məbləğinə uyğun cinayət tərkibi düzəltmək lazım gəlirdi ki, bunu da Abdulla Almaniyada vətəndaşlıq məsələsini senariyə qoşmaqla həll etməyə çalışıb. Özünü də, istifadə etdiyi qulbeçələrini də batırıb. Viza, üstəgəl Almaniyada vətəndaşlıq  məsələsi bilirsiniz nəyə oxşayır? Təsəvvür edin ki, biri hələ məktəb yaşı tamam olmamış övladını birinci sinifə qoymağa çalışır. Məsələni həll etmək üçün bir vasitəçi tapır. Vasitəçi deyir ki, mənə bu qədər pul ver, uşağı birinci sinfə düzəldim və universiteti bitirəndən sonra gömrüyə işə qoyacam. Həmin adam da həmin məbləği verir. Baxın, Almaniyada vətəndaşlıq məsələsi bu qədər absurd məsələdir. Mən haradan bilə bilərdim ki, insanların Avropa ölkələrində vətəndaşlıq alması o yana dursun, oturum hüququ alması üçün onillərlə gözlədiklərini və əksər hallarda buna nail ola bilmədiklərini, Azərbaycana deportasiya edildiklərini Elşən bilmir? Mən haradan bilə bilərdim ki, Almaniyada vətəndaşlıq üçün bir gün o yana dursun, lap min gün desəydim, Elşən bunun mümkün olmadığını anlamaz? Mən haradan bilə bilərdim ki, Avropada , o cümlədən Almaniyada hakimiyyətlərin tez-tez dəyişdiyini, orada Əliyevlər hakimiyyəti kimi əbədi hakimiyyətlərin olmadığını Elşən bilmir? Belə halda mən indidən hansı məmurla danışa bilərdim ki, ona deyim əlahəzrət Elşən Hüseynova tutaq ki, 2045-ci ildə vətəndaşlıq verərsən, buyur, bu da sənin haqqın!

Almaniya qanunlarına görə əcnəbilərin vətəndaşlıq ala bilmələri üçün uzun illər lazımdır. Almaniya vətəndaşlığı almağa rəsmi müraciət üçün mühacir əvvəlcə oturum hüququ almalıdır ki, buna illər lazım olur. Oturum hüququ aldıqdan sonra həmin şəxs ən azı 5 il orada yaşamalıdır, 2 illik iş stajı olmalıdır, alman dilini ən azı B2 səviyyəsində bildiyi haqda sertifikatı olmalı və dövlətdən heç bir gəlir aslılığı olmamalıdır. Yalnız bundan sonra mühacirin vətəndaşlığa rəsmi müraciət hüququ yaranır.  Sonrakı prosesin də nə qədər çəkəcəyini heç kəs bilmir. Məntiqlə, mən düşünməliydim ki, adam mühacirət etməyə qərar veribsə, bu işlərin necə edildiyi haqda soraqlaşaraq geniş məlumat toplayıb. Və nəhayət, bütün bu sadaladıqlarımı vasitəçi Elnurun da bilmədiyini haradan bilə bilərdim? Axı vasitəçi kimi o, bu məqamların hamısını  görürdü və bu şəkildə Elşənin işinin düzəlməsinin qeyri-mümkün olduğunu görüb işi poza bilərdi. Bir özünüz düşünün, əgər mən bu işdə 1 nömrəyəmsə, bu işlə çoxdan məşğul oluramsa, deməli, bu, mənim peşəmdir, bu yolla pul qazanıram. Heç kimi aldatmıram və müraciət edənlərin işini həll edirəm. Onda Elşən Hüseynov mənim növbəti müştərim olmalıydı. Mən də onunla görüşməliydim, tanış olmalıydım, bu işlə bağlı ona suallar verməliydim. Elə isə mən ona  “bir gün ərzində  viza və Almaniya vətəndaşlığı” kimi absurd və irreal vəd verərdimmi? Ondan lazımsız sənəd surətlərini istəyərdimmi? Bunun üçün real addımlar atmazdımmı? Nə etməli olduğunu və hansı sənədləri hazırlamaqla bağlı Elşənə düzgün tapşırıqlar verməzdimmi? Əgər mən mühacirətə getmək istəyənləri beləcə aldadıramsa, onda bu sahədə necə nömrə 1 ola bilərəm? Bir daha deyirəm, adamı şərləmək üçün təkcə şərəfsiz olmaq kifayət deyil, həm də ağıl lazımdır. Bu cür absurd yalanları uydurmaq üçün adam gərək ən kütbeyin uzunqulaq səviyyəsində olsun. Eyni zamanda bu cür sərsəm yalanlara  inanmaq üçün də adam kütbeyin uzunqulaq səviyyəsində olmalıdır. Bütün bunların yalan olduğunu anlaya-anlaya doğru kimi təqdim edib və buna uyğun hökm vermək isə şərəfsizliyin dibidir.

Mənə qarşı qaldırılmış bu cinayət işinin siyasi sifariş olduğunu müstəntiq Abdulla Cəlilli özünün 11.12.2023 tarixli qərarında rəsmən təsdiq edir. Uydurma cinayət işinin lap başında yazır ki, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında müəyyən etdim ki, Elşən Hüseynovun pullarının dələduzluq yolu ilə ələ keçirilməsi cinayəti baş verib. Görəsən, müstəntiq hansı toplanmış sübutlardan danışır? Axı ortada yalnız Elşənin ərizəsi və 16-cı PB-nin tədqiqatçısına verdiyi izahatı var. Hələ heç Elnuru belə dindirməmiş, artıq Elşən Hüseynovu zərərçəkmiş kimi tanıyır. Bu məsələ haqda burada başqa bir fikir bildirmək istəyirəm. Bunun üçün əvvəlcə müstəntiq Abdulla Cəlillinin 11.12.2023 tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərarının bir hissəsini olduğu kimi təqdim edirəm: “… Cinayət işinin başlamasına əsas və səbəb Hüseynov Elşən Cəlal oğlunun pulunun ələ keçirilməsi faktı əsasında toplanmış ilkin araşdırma materialları olmuşdur. İbtidai istintaq zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Məmmədov Elnur Vaqif oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Yaqublu Tofiq Rəşid oğlu  və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Hüseynov Elşən Cəlal oğluna Almaniya Federativ Respublikasında yaşamaq üçün icazə və həmin ölkənin vətəndaşlığını alması məsələsini Tofiq Yaqublunun xaricdə olan yaxın əlaqələri vasitəsi ilə 25 min avro və 10 min manat müqabilində qanuni yolla həll edəcəklərinə dair yalan vəd verib, bu adla 8 dekabr 2023 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən “Gold Gənclik” qızıl univermağının qarşısında Elnur Məmmədov Elşən Hüseynovla görüşərək həmin dövrün məzənnəsi ilə 45827,5 manat təşkil edən 25 min avro və 10 min manat olmaqla, ümumilikdə 55827,5 manat məbləğində külli miqdarda pul vəsaiti alaraq Tofiq Yaqublu ilə öz aralarında bölməklə aldatma yolu ilə ələ keçirmiş …”. Baxın, müstəntiq yazmır ki, Elşən Hüseynov belə iddia edir və mən də iddianın doğru olub-olmadığını müəyyən etmək üçün istintaq aparmaq məqsədi ilə cinayət işinə başlayıram. O, aydınca, fərqli yozula bilməyəcək bir şəkildə artıq qərar verir ki, bu cinayət baş verib və Elşən Hüseynovun pulları ələ keçirilib. Belə çıxır ki, biri gedib şikayət eləsə ki, Abdulla Cəlilli onun pullarını oğurlayıb, dərhal cinayət işi başladıb onu həbsə atmalıdırlar. Elə isə, bir halda ki, mənim Elşənin pullarını mənimsədiyim artıq müəyyən edilib, onda müstəntiq Elşəni dindirəndən dərhal sonra niyə məni həbs etmir və bunu ancaq Elnuru dindirdikdən sonra edir? Bu saxta cinayət işinin təkcə bu hissəsini oxumaq kifayət edir ki, bütün bu həngamənin məni şərləyib həbsə atmaq üçün təşkil edildiyi aydın olsun. Müstəntiq niyə belə tələsib? Formal olaraq, o, bu qənaətə Elnurla məni dindirdikdən və bir-iki formal istintaq hərəkətləri etdikdən sonra gələ bilərdi. Məslənin məhz dediyim kimi olduğunu 13.12.2024 tarixli məhkəmə prosesində hakim Elnur Nuriyev də təsdiqlədi. Həmin gün  sübutların qiymətləndirilməsi məsələsinə baxılırdı. Mən müstəntiqin bu qərarını göstərək bildirdim ki, o, formal olaraq kifayət qədər istintaq hərəkətləri aparmadan dərhal qərəzli şəkildə mənim cinayət edərək Elşən Hüseynovun pullarını mənimsədiyim qənaətinə gəlib. Hakim Elnur Nuriyev prosesdə həmin qərarı oxuyaraq bildirdi ki, buradan mənim dediyim qənaət hasil olmur. Hamınız qərarın o hissəsini eşitdiniz. Sizcə, kim haqlıdır, mən yoxsa Elnur Nuriyev? İndi bircə o qalıb ki, məni doğma dilimizi düzgün anlamamaqda da ittiham etsinlər. İş elə gətirdi ki, növbəti – 29.11.2024 tarixli məhkəmə prosesində yenə də bu məsələyə qayıdıldı. Mən  Avropa Konvensiyasına və AİHM qərarlarına istinad edərək müstəntiqin əsaslı şübhə olmadan və hələ heç bir istintaq hərəkətləri etmədən məni təqsirli bildiyini göstərdim. Hakim Elnur Nuriyev yenə də dirənib müstəntiqin qərarının doğru olduğunu, burada hüquqa, prosessual normalara və məntiqə zidd heç nəyin olmadığını dedi. O, bu dəfə fikirlərini belə izah etdi ki, Elşən Hüseynovun zərərçəkmiş kimi tanınması qərarının müstəntiqin Elnur Məmmədovu dindirməsindən əvvəl verdiyi haqda mənim dediklərim doğru deyil. Müstəntiq Elnuru da dindirdikdən sonra həmin qənaətə gəlib və qərarı da onda verib. Müstəntiq “toplanmış sübutlar” dedikdə, həm də Elnurun ifadəsini nəzərdə tutub, sadəcə olaraq qərarda bunu göstərməyib. Təbii ki, hakim yenə də doğru danışmırdı və cinayətkar müstəntiqin zibillərini ört-basdır etməyə çalışırdı. Baxın, cinayət işi materiallarında Elşənin zərərçəkmiş kimi tanınması 36-cı səhifədə, onun dindirilmə zamanı alınan ifadəsi 45-ci səhifədə, Elnurun ifadəsi isə 81-ci səhifədədir. İndi bu ardıcıllığa nə deyəcəksiniz, hə? Bu sıralamaya görə müstəntiq hətta Elşənin özünü dindirmədən onun artıq zərərçəkmiş kimi tanıyıbmış. Bir daha deyirəm, müstəntiqin Elşən Hüseynovun adından yazdığı şikayət ərizəsi və ifadəsi əsasında iddia edilən cinayətin baş verməsi haqda heç bir əsaslı şübhə olmayıb. İndi sizə əsaslı şübhəyə dair tələblərin nədən ibaraət olması haqda qısaca iki məqamı təqdim edirəm. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulur ki, şəxsin həbsi və tutulması üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhə olması zəruridir. İstənilən şübhə vicdanlı olmaılıdr. AİHM-in qərarına əsasən şübhənin əsaslılığı dedikdə, obyektiv müşahidəçi şəxsi inandıra biləcək fakt və məlumatların mövcudluğu başa düşülür. AİHM-in İlqar Məmmədov Azərbaycana qarşı işində əsaslı şübhəyə anlayış verərkən bildirir:

  • Şübhənin əsaslı olmasına dair tələb özbaşına həbs və saxlamaya qarşı müdafiə mexanizminin vacib hissəsini təşkil edir. Şübhənin yaxşı məram daşıyıcısında yaranması faktı yetərli deyil. “Əsaslı şübhə” sözləri obyektiv müşahidəçidə sözü gedən şəxsin cinayət əməli törətmiş ola bilməsinə dair qənaət yaradan faktların ya da məlumatın mövcudluğu anlamına gəlir.

Əgər müstəntiq “şəxsiyyət vəsiqəmin və pasportumun kserosurətini, üstündə də bir ətək pul verdim ki, bir gün ərzində mənə Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzətsin” deyib şikayət edən adamı elə oradaca tutub Maştağadakı psixiatrik müalicə mərkəzinə göndərmirsə, deməli, özü də dəlidir. Elşən Hüseynovun şikayət ərizəsi ilə verdiyi ifadəni tutuşdurduqda bu adamın yalançı olduğunu, hətta Çeşməgül nənə ilə Qədimalı qağa də anlayardılar. Fərz edək kİ, Abdulla mənim həbsimlə bağlı yuxarıdan tapşırıq almayıb və həqiqətən də Elşən Hüseynovun şikayətini araşdırıb. Müstəntiq onun 16-cı PB-nə yazdığı şikayət ərizəsini və tədqiqatçı E.Səfərova verdiyi izahatını oxumayıb? Onları Elşəni elə həmin gün müstəntiqin özünə verdiyi ifadə ilə tutuşdurmayb? O, birinci halda şikayət ərizəsidə işsizliyə görə birdəfəlik Almaniyaya getmək istədiyini, amma ikinci halda isə xəstəliyi ilə əlaqəli getmək istədiyini deyir. Birinci halda 60 min manat verdiyini deyir, ikinci halda ifadəsində 25 min avro və 10 min manatdan danışır. 16-cı PB-də verdiyi izahatının əvvəlində Elnurun bu işlə 10 gündür ki, məşğul olduğunu desə də, izahatının sonunda bunu noyabr ayı kimi göstərir. Müstəntiqə verdiyi ifadəsində isə həmin tarixi oktyabr ayına aid edir. Biricni halda bu iş üçün mənim ondan 60 min manat istədiyimi, bunu Elnurun ona noyabrda dediyini, amma ifadəsində bu məbləği ona 05.12.2023 tarixində  NRM-nın qarşısında dediyini deyir və s. Ay məni səmimi fadə verməməkdə ittiham edən Abdulla Cəlilli, sən Elşən Hüseynovun bu dediklərini səmimiyyət göstəricisi və əsaslı şübhə üçün yetərli məlumatmı hesab edirsən? Ya kütbeyin, ya da şərçi olduğu etiraf etməlisən. Şikayət ərizəsi verdikdən bir-iki saat sonra ifadə verərək tamamilə fərqli şeylər danışan Elşən Hüseynova müstəntiqin bu gözüyumulu inamı haradan qaynaqlanır? Şikayət ərizəsində Almaniyada oturum hüququ və vətəndaşlıq məsələsində aldadıldığını deyirsə, ifadəsində oturum hüququnu unudur, indi də vizadan danışır. Üstəgəl guya ki, verdiyi pulların məbləği və valyuta tərkibi haqda ziddiyyətlər göz deşir. Burada əsaslı şübhənin mənbəyini mənə göstərin, görüm onu haradan tapıb çıxaracaqsınız. Həmin ziddiyyətlər haqqında bir az sonra ətraflı danışacam. Amma indi bir məqama baxın. Bu saxta cinayət işində dəfələrlə vurğulanır ki, Tofiq Yaqublu ölkədə və xaricdə tanınan çox hörmətli şəxsdir. Bəs onda necə olub ki, müstəntiq Abdulla Elşən Hüseynovun özünün həbsi üçün səbəb olacaq yalan və ziddiyyətlərlə dolu şikayətində və ifadəsində mənim cinayət törətdiyimə əsaslı şübhələr əldə edib? Orasını da deyim ki, bu işdə Elşən “zərərçəkmiş” kimi yox, “xeyirgörmüş” kimi təsbit edilməlidir. Adamın artıq 7 min avrosu və 5500 manatı var. Guya ki, bizim evdə və Elnurun yalançı ofisində axtarış aparılarkən, bu qədər pul tapılıb. Yəni hüquq baxımından pullar ona verilməliidr. Üstəlik də iddia edilən məbləğin yerdə qalan hissəsini almaq şansı da qalır. Bu məqsədlə məhkəmənin gedişində mülki iddia da qaldırıb. Bunun harası zərərçəkmiş olur?  Təbii ki, bunlar kağız üzərində belə görünür, əgər pulları ödəməyə məcbur edilsəm, Elşənə 1 qəpik də verməyəcəklər, hamısını özlərinə götürəcəklər. Məncə, saxta cinayət işinin müstəntiqi, məhkəmə prosesinin hakimləri və prokuroru zərərçəkmiş sayılmalıdırlar. Bu qanunsuz, absurd və tərbiyəsiz prosesdə saxta ittihamı müdafiə etdikləri üçün cəmiyyətdən onların ünvanına gələn tənqid və təhqirlərin qarşısında zərərçəkmiş olmamaq mümkün deyil. Üstəlik də gələcəkdə mühakimə olunmaq perspektivi var. Siz  Elşənin pullarının ələ keçirilmədiyinə və onun zərərçəkən olmadığına dair mənim daşdan keçən, təkzibedilməz sübutlarım olmadan da əmin ola bilərsiniz. Bunun üçün bir az dürüst və səmimi olmağınız kifayətdir. Baxın, Elşən bu məhkəmə prosesinin lap başında ifadə verdikdən sonra bir dəfə də olsun məhkəməyə gəlmədi. Sizcə, 25 min avrosu və 10 min manatı ələ keçirilmiş və məhkəmənin gedişində hələ mülki iddia da qaldırmış kimsə belə edərdimi? Ölkədə pul davaları ilə bağlı çoxlu sayda məhkəmə prosesləri keçirilir. Bircə nümunə göstərin ki, həqiqətən də pulu ələ keçirilmiş zərərçəkən məhkəməyə gəlməsin, prosesi izləməsin, suallar və vəsatətlər verməsin, əlavə arqumentlər səsləndirməsin və s. Təbii ki, bu mümkün deyil. Adamlar dələduzların ələ keçirdiyi hətta xeyli kiçik məbləğ uğrunda da məhkəmə proseslərində əsl savaş verirlər. Amma necə olur ki, pulu verdikdən heç 2 gün keçməmiş, pulu verdiyi adamdan pulunu geri istəməmiş qaçıb polisə şikayət edən Elşən məhkəmə prosesinə gəlmir? Mənzərə kifayət qədər aydındır, adam heç kəsə pul verməyib və heç kim də onun pulu mənimsəməyib. Sadəcə olaraq ştatlı üzəduran olduğundan öz rolunu oynayıb və ortadan əkilib. Bu qondarma məhkəmə prosesində hakimdən çox malalayıcı rolunda çıxış edən Elnur Nuriyev Elşən Hüseynovun məhkəmə proseslərinə gəlməməsinə münasibət bildirsə, bunu Elşən Hüseynovun “xəstəliyi” ilə əlaqələndirməyə çalışmasın. Çünki öyrənmişəm, adam işində-gücündə, biznesinin başındadır. Hətta belə olmuş olsa belə, onda arvadı Sədaqət Hüseynova gələsi deyildimi? Ər-arvad qalsınlar bir yana, bəs onların vəkili məhkəmə proseslərinə niyə gəlmirdi?  Tutaq ki, özləri hansısa səbəbə görə gələ bilmirdilər, bəs 25 min avronun və 10 min manatı geri qaytarmaq üçün pul verib tutduqları vəkili niyə məhkəməyə göndərmirdilər? Niyə ondan məhkəmənin gedişi haqda məlumat almaq istəmirdilər? Bu da sizə daha bir sübut ki, pulları ələ keçirilmiş adam və ailə heç cür belə davrana bilməzdi. Yeri gəlmişkən, Elşənin məhkəməyə polis nəzarətində gətirilməsinə və məhkəmə binasına arxa qapıdan keçirilməsinə nə deyirsiniz? Hansı məhkəmədə və hansı həqiqi zərərçəkmişə belə münasibət olub?

Müstəntiq bu qədər bağıran ziddiyyət və uyğunsuzluqları görüb şikayətçinin özü ilə bağlı tədbir görmək əvəzinə, onları gizlətməyə, malalamağa çalışır. Bu məqsədlə dələduz şikayətçiyə yönəldici suallar verir. Məsələn, götürək Elşənin guya ki, onun ələ keçirilmiş pulları haqqında hətərən-pətərən danışaraq  gah 60 min manat, gah da 25 min avro və 10 min manat deməsini. Müstəntiq bu uyğunsuzluğu malalamaq üçün ona məqsədli şəkildə sual verir, o da deyir ki, elə bilirdim ki, avronun kursu 1=2 manatdır.  Ancaq heç bir malalama “çox ağıllı” Abdullanı xilas edə bilməz. Çünki Elşən deyir ki, 102-yə zəngində də 60 min manat verdiyini deyib. Həm də şikayət ərizəsində də bu məbləği göstərib. Üstəlik, Elnur Məmmədov da ifadəsində Elşənə bu iş üçün 60 min manat lazım olduğunu dediyini deyib. Təbii ki, bu cür təsadüflər ola bilməzdi.

Elşən Hüseynovun arvadı Sədaqət Hüseynova məhkəmədə ifadə verərkən bildirdi ki, ərindən Almaniyaya viza və bu ölkədə vətəndaşlıq alınması üçün pul istəniləndə,  onların evində 25 min avro və 10 min dollar nəğd pul olub. Bu haqda sön sözümün davamında uyğun məqamda ətraflı danışacam. Avronun  və dolların kursu ilə kasıb adamlar,  heç vaxt belə pulları olmamış adamlar maraqlanmaya bilərlər. Amma evdə 25 min nəğd avrosu və 10 min dolları olan, üstəlik də maşın və qızıl alveri ilə məşğul olan adam avronun kursunu Mərkəzi Bankın sədri Taleh Kazımovdan daha diqqətlə izləyir. Digər tərəfdən, məhkəmə araşdırması zamanı sübut olundu ki, Elşən avronun kursunu lap yaxşı bilirmiş və buna görə də ərizəsində guya ki, kursu bilməməsi ucbatından 60 min manat yaza bilməzdi. Sadəcə olaraq, bu əməliyyatın başından məni 60 min manatla şərləmək planlaşdırılıbmış deyə, müstəntiq Abdulla da maşinal olaraq Elşənə ərizədə 60 min manat yazmağı tapşırıb. Lakin sonradan  bu saxta cinayət işinin bir ayağını Avropaya, konkret olaraq Qənimət Zahidə bağlamaq qərarına gəliblər. Düşünüblər ki, bu halda pulun bir hissəsinin avro olması ittihamı daha inandırıcı göstərə bilər. Bu səbəbdən də işə avronu da qatışdırıblar. Bununla da özlərini ifşa ediblər. Son günlərədək əldə etdiyi manatları avroya çevirdiyini məhkəmədə təsdiq edən Elşənin onun kursunu bilməməsi absurddur. Siyasi sifarişi yerinə yetirən müstəntiq bu uyğunsuzluqda Elşəni ifşa etmək  əvəzinə məsələni malalamağa çalışır. Təbii ki, bu da alınmır.Buradan Abdulla Cəlilliyə sual verirəm, əgər evdən ona desələr ki, işdən gələndə 4 kilo qoyun, 3 kilo da mal əti al və o da bunun üçün Elnuru ət dükanına göndərərsə, ona “get bizim evə 7 kilo ət al” şəklində deyə bilərmi? Təbii ki, heç çür bu şəkildə deyə bilməz, çünki evə alınan ətin 4 kilosu qoyun, 3 kilosu isə mal əti olmalıdır və Elnura verilmiş tapşırıq da məhz buna uyğun olmalıdır. Bax, buna görə də guya ki, Elnura bu iş üçün 25 min avro və 10 min manat lazım olduğunu deyəndən sonra o, bunu Elşənə 60 min manat kimi deyə bilməzdi. Nə də guya ki, 25 min avrosu və 10 min manatı mənimsənilmiş Elşən polisə şikayət ərizəsində bunu 60 min manat kimi göstərə bilməzdi. Abdulla Cəlilli saxta cinayət işinin ibtidai istintaqını bitirdikdən sonra tanış  olmağım üçün istintaq materiallarının surətini mənə təqdim etdi. Onları diqqətlə oxumağa başladım. Buradakı ziddiyyətləri, absurdları, məntiqsizlikləri, ağ yalanları və qanunsuzluqları sonradan üzərində işləmək və müdafiəm üçün istifadə etmək məqsədi ilə ayrıca bir dəftərdə siyahıya aldım. Bütün materialları oxuyub qurtarandan sonra siyahıya nəzər saldım. Cinayət işi materiallarındakı yalan və gop haqqında düz 29 qeyd etmişdim. Görünür ki, İlham Əliyev COP29 tədbiri keçirərkən, müstəntiq Abdulla Cəlilli də “GOP29” tədbiri həyata keçirmək istəyib. Məsələyə başqa səmtdən baxaq. Azərbaycanda bütün hakimlər, müstəntiqlər və prokurorlar, o cümlədən düşünürəm ki,  bu zaldakılar da rüşvətxordurlar. Siz bir cinayətkarı azad etmək üçün vasitəçiyə desəniz ki, gedin müttəhimin yaxınlarına deyin ki, 25 min avro və 10 min manat lazımdır, həmin adam gedib məhz sizin dediyiniz kimi deyəcək. Daha həmin məbləği bir valyutaya konvertasiya etməyəcək. Çünki başa düşür ki, ondan məhz bu tərkibdə rüşvət istənilib. Əslində müstəntiq Abdulla Cəlili mənə qarşı quraşdırdığı bu saxta cinayət işi ilə özünə qarşı çox sanballı cinayət işi hazırlayıb və onun istifadə edilməsi zamanı mütləq gələcək.

25 min avro ilə bir məqamı da qeyd edim. Çox gülməli mənzərə yaranır. İlkin versiyaya görə Elşən Hüseynovun evində 25 min avro var imiş, mən də məhz o qədər avro istəmişəm. Müstəntiq Cəlillinin fantaziyası daha ağlabatan versiya düşünməyə yetməyib. Sanki özünün bizim evdə döşəyin altına qoyduğu və sonradan “tapdığı” pullar  kimi, mən də həmin 25 min avronu Elşən Hüseynovun  evinə qoymuşam, sonra da o qədər avro tələb etmişəm. Məşhur tamaşada deyildiyi kimi “Heyvanına şükür, İlahi!”. İnanın ki, “çox ağıllı” Abdullanın ağlına gəlməyib, gəlsəydi, yazardı ki, çatmayan 10 min manatı özünün bu şərləmə prosesinə qoşduğu Amil Dadaşovdan almağı da mən Elnur Məmmədov vasitəsilə Elşənə tövsiyyə etmişəm. Çünki onda maşın satdıqdan sonra istifadəsiz qalmış, artıq 10 min manatın olduğunu da bilirəmmiş. Nə deyəsən? Tfu! Yeri gəlmişkən, Abdulla məni dindirəndə, aylıq gəlirim və sosial vəziyyətim haqqında soruşur, ailəmizin yaşayış xərclərini haradan əldə etdiyimlə maraqlanır. Bunu cinayət işinin materiallarında oxuya bilərsiniz. Amma nədənsə özünü işsiz və xəstə kimi təqdim edən Elşəndən soruşmur ki, heç yerdə işləmirsən, özün də xəstəsən, bu 25 min avronu haradan almışsan? Bu sualı verməmək üçün adam gərək Abdulla olsun, yoxsa o sualı verməmək mümkün olmazdı.

Abdulla Cəlillinin özünün Elşən Hüseynovun adından yazdığı şikayət ərizəsindən sonra da, həm onun, həm də Elnur Məmmədovun adından yazdığı dindirmə ifadələrində kütbeyinlik nümunələrini saymaqla qurtaran deyil. İndi birini də qeyd edim. Elşənin şikayət ərizəsində göstərilir ki, Almaniyaya viza və bu ölkədə vətəndaşlıq alınması məsələsi ilə bağlı Elnur onun xahişi ilə 10 gündür ki, yəni 01.12.2023 tarixindən etibarən məşğul olurmuş. Amma onların hər ikisinin ifadələrində  göstərilir ki, 03.11.2023 tarixində Elnur artıq bu işlə məşğul olurmuş və Elşənin xahişini guya ki, mənə çatdırıbmış. Bu qədər ziddiyyətli məqamlar uydurmaq üçün gərək adam Abdulla qədər “çox ağıllı” olsun, yoxsa başqa kütbeyin bunu edə bilməzdi. Kütbeyinliyin dərəcəsinə baxın ki, adam bu qədər açıq ziddiyətin fərqində deyil və onu avro-manat məsələsində olduğu kimi malalamağa da çalışmır.

Elşənin ərizəsindən dərhal sonra Elnur Məmmədovun, arxasınca da mənim həbs edilməyim bu cinayət işinin siyasi sifariş və saxta olmasının daha bir ciddi sübutudur. Bildiyiniz kimi ölkəni dələduzlar idarə etdiyi üçün dələduzluq cinayətləri geniş yayılmışdır.  Ancaq dələduzluq cinayəti spesifik cinayətdir və buna görə məsələn, terror, qəsddən adamöldürmə, oğurluq, soyğunçuluq və s. cinayətlərdə olduğu kimi dərhal həbsetmələr olmur. Dələduzluğun qurbanı olmuş şəxs əvvəlcə aylarla, illərlə onu aldatmış dələduzun arxasınca sürünür və nəhayət bütün ümidləri kəsildikdə, elə bu qədər müddət də hüquq-mühafizə orqanlarının  qapılarında sürünür. Nəticədə onların cuzi bir hissəsi cinayət törətmiş dələduza qarşı cinayət işinin qaldırılmasına nail olur ki, onların da cuzi bir hissəsi ilə bağlı həbs-qətimkan tədbiri seçilir.

Bu haqda danışarkən diqqətinizi indi də məsələnin başqa məqamına çəkmək istəyirəm. Saxta cinayət işindəki protokola görə Abdulla Elşəni dindirməyə saat 15:00-də başlayıb və saat 16:00-da da bitirib. Bundan sonra da bir sıra formalizmlər həyata keçirilməliydi. Məntiqlə, müstəntiq Elnurun saxlanılması haqda qərarı saat 17:00-dan tez verə bilməzdi. Cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı Elşən Hüseynova və Elnur Məmmədova verilmiş sualların cavabına baxdıqda aydın olur ki, Elşən hələ ifadə verərkən, Elnur Məmmədov artıq saxlanılmışdı və Nərimanov RPİ-nin binasındaydı. Sizə bu operativlik şübhəli gəlmirmi və bu cinayət işin təşkil edilmiş qurama iş olduğunu göstərmirmi? Digər tərəfdən, zaman məsələsində Abdullanı biabırcasına ifşa edən bu ziddiyyətlər olmasaydı belə, CPM-in 209-cu maddəsinə görə Elşənin ifadəsindən sonra Elnur Məmmədovun həbsi təxirəsalınmaz tədbirlər sırasına  aid deyil. Əgər, həqiqətən də Elşənin pulları dələduzluqla ələ keçirilmişdisə, müstəntiq bunu araşdırmaq üçün tələsərək özünü oda-alova atası deyildi. Normalda o, Elnuru sonrakı günlərdə, bəlkə də həftədə polis idarəsinə dəvət etməliydi. Amma siz operativliyə fikir verin, sanki Elşən müstəntiqə Elnurun İlham Əliyevə sui-qəsd hazırladığı haqda məlumat vermişdi. Elnurun məhkəmədə verdiyi ifadəyə görə onu 14:30 – 15:00 arasında metronun “Xətai” stansiyasının qarşısında tutublar. Əgər onu evində tutsaydılar, bu, bəlkə də bir az anlaşılan olardı. Amma şübhəlini Bakı boyda meqapolisdə dərhal axtarıb tapmaq üçün DİN-nin bütün müvafiq strukturları həyəcan siqnalı ilə ayağa qaldırılmalıydı. Ümumiyyətlə, bu saxta və sarsaq cinayət işinin məni şərləmək üçün uydurulduğu o qədər göz deşir ki, bunun gizlədilməsi mümkün deyil. Fikir verin, müstəntiq Abdulla Cəlilli məni dindirəndə ona dönə-dönə dedim ki, bütün bunlar uydurmadır və 08.12.2023 tarixində iddia edilən vaxtda Milli Şuranın KM-nin toplantısında olmuşam. Siz deyin, azacıq olsa da insanlıqdan və müstəntiqlikdən payı olan istintaqçı bu məqamı gözardı edə bilərdimi? O, mütləq bu haqda məndən sübutlar istəməli və dediklərimi təsdiq edəcək şahidləri dindirməli deyildimi? Dünyanın ən şərəfsiz və kütbeyin müstəntiqi də bu istintaq hərəkətlərini etməyə bilməzdi. Abdulla bunu etmədi, çünki onun vəzifəsi istintaq aparmaq yox, saxta və tərbiyəsiz ittiham uyduraraq məni şərləmək idi.

Elşən məhkəmədə bildirdi ki, 11.12.2023 tarixində 102-yə şikayət zəngi edib, onu 16-cı PB-yə yönləndiriblər. O, 16-cı PB-yə gedib, tədqiqatçı onu dinləyib, suallar verib və izahat alıb. Bundan sonra o, Nərimanov RPİ-yə gəlib. Elşən məhkəmədə mənim sualıma cavabında dedi ki, Nərimanov RPİ-yə gələndə saat 11 ya da 12 olardı. Müstəntiq Elşənin 102-yə zəngi ilə bağlı heç bir sübut təqdim etmədiyindən, həqiqətən belə bir zəngin olduğundan əmin deyilik. Əgər elə bir zəng olmuşdusa, onun saat neçədə olduğunu da bilmirik. Elşən məhkəmədə ifadə verərkən mənim suallarıma cavab olaraq bildirdi ki, guya dekabrın 11-də Elnurun Whatsappı bağlı olduğuna görə polisə şikayət etməyə gedəndə, yolüstü metronun “Gənclik” stansiyasındakı avtomat telefondan da Elnura zəng edib. Amma istənilən halda adamın 102-yə zəng etdikdən sonra Mərdəkandan “Gənclik” stansiyasına gəlib yeraltı keçiddəki avtomatdan Elnura zəng etməsi, oradan 16-cı PB-yə gedib izahat verməsi və bundan sonra saat 11-ə, ya da 12-yə Nərimanov RPİ-yə çatması heç cür inandırıcı görünmür. Məhkəmə dindirməsi zamanı Elşəndən soruşdum ki, şikayət ərizəsini evdəmi yazıb gətirdin, yoxsa PB-dəmi yazdın? Adam karıxıb qaldı və heç cür cavab verə bilmədi. Təbii ki, o, şikayəti harada yazdığını çox yaxşı bilirdi, sadəcə olaraq, bütün bu oyunları Abdullanın quraşdırdığını bildiyindən, hansı cavabın şərləmə senarisinə uyğun olacağını kəsdirə bilmədiyi üçün cavab verməkdən yayındı. Bunları qoyaq bir kənara. Elnur deyir ki, onu saat 14-15 arası metronun “Xətai” stansiyasının girişində tutublar. Mən Elşənə sual verdim ki, sən Nərimanov RPİ-dən ifadə verəndən sonra çıxıb getdinmi, yoxsa orada qaldınmı? Dedi ki, ifadə verdikdən sonra dərhal çıxıb evinə gedib.  Bir sual da verdim ki, sən ifadə verəndə Elnuru Nərimanov RPİ-də görmüsən, onun əynindəki gödəkcənin rəngi nə idi və başında parik var idimi? O dedi ki, gödəkcənin rəngini xatırlamır, amma başında kepka var idi. Buyurun, bu da sizə daha bir sübut ki, Elşən də, Elnur da Abdullanın ştatlı üzəduranlarıdır və onların hər ikisi 11.12.2023 tarixində eyni vaxtda onun otağında olublar. Elnurun guya, Elşənin ifadəsindən sonra operativlikdə misli görünməmiş cinayət-axtarış əməliyyatı nəticəsində saxlanması cəfəngiyyatdır. İndi buna nə deyəcəksiniz? Bundan sonra özünə zərrə qədər hörmət edən adam Tofiq Yaqublunun həbsinin siyasi sifariş olduğunu və bu qondarma cinayət işinin cəfəngiyyatdan başqa bir şey olmadığını etiraf etməzmi? Amma görün müstəntiq Abdulla Cəlilli ittiham aktında nə yazır? Yazır ki, Tofiq Yaqublunun səmimi ifadə vermədiyi, törətdiyi cinayəti etiraf etmədiyi, özünün müdafiəsi üçün müxtəlif dəlillər gətirdiyi, gətirdiyi dəlillərin əsassız olduğu müəyyən edilib. Bu yerdə xatırladım ki, bioloji olaraq kişi olmaq, cəmiyyətimizdə qəbul edilmiş ləyaqət və şərəf meyarlarına əsasən kişi olmaq anlamına gəlməz.

2020-ci ildə 8-ci km bazarında məni şərləmək üçün tələ qurulan zaman dalbadal 102-yə zəng edib məlumat verirəm ki, mənə hücum ediblər, maşınımı vurublar, həyatıma təhlükə var, iki addımlıqdakı polis bölməsindən hadisə yerinə  35-40 dəqiqəyə gəlib çatırlar, amma Elnuru belə operativ həbs edilər. Üstəlik də o vaxt keçirilən məhkəmədə də məlum olur ki, sən demə, polisi ora mən yox, təxribatda iştirak edən ştatlı üzəduranlar çağırıblar və mənim 102-yə zəngim haqqında heç bir qeyd yox imiş.

Başqa bir nümunə göstərim. 14.12.2023 tarixində mən saxlanıldıqdan sonra Abdulla başının dəstəsi ilə evimizdə axtarış aparıb. Guya ki, evdən tapılmış pullar və istintaq üçün əhəmiyyətli olan bəzi əşyaları protokollaşdıraraq götürüb. Bu zaman Abdulla bizim evimizdən oğurluq edib. O, internet rabitəsinin modem cihazını da özü ilə aparıb, lakin onu protokola əlavə etməyib. O hadisədən sonra həyat yoldaşım Maya Yaqublu evdən modem cihazının oğurlanması və bunun hansı şəraitdə baş verməsi haqda rəsmi şikayət ərizəsi yazıb. Üstündən bir ildən çox vaxt keçir, həmin şikayətə baxan yoxdur. Fərqi görürsünüzmü?  Biz şikayət edəndə hüquq-mühafizə orqanları kor və kar olurlar, amma bizi şərləyəndə ildırım surəti ilə işləyirlər. Görün, necə bir iyrənc sistemdə yaşayırıq.

Bu saxta cinayət işində Elşənin işsiz kimi təqdim edilməsi doğru deyil, o da, Elnur da polisdə üzəduran vəzifəsində işləyirlər və Abdulla həmin gün onların hər ikisini eyni vaxtda polis idarəsinə çağırıb və müvafiq təyinatda istifadə edib. Məsələ həm də burasındadır ki, Elnuru həbs etmək və təqsirləndirmək üçün heç bir formal əsas olmayıb. Cinayət işi materiallarındakı  məlumatlara əsasən Elnurun  Tereza Ana, sülh göyərçini, böyük filantlop, “dostumun ayağına dəyən daş mənim ürəyimə dəysin”  düşüncəsində olan bir adam görürük. “Çox ağıllı” Abdullanın düzüb-qoşduğu bu saxta cinayət işinə görə Elnur yaxşı niyyətlə həmyerlisi Elşən Hüseynova Almaniyaya getməkdə yardımçı olmaq istəyib. Onun kimisə aldatmaq, pul qazanmaq, saxta sənəd düzəltmək və s. kimi niyyəti və əməli olmayıb. Məntiqlə, onu dindirdikdən sonra sərbəst buraxmalı və məni polis idarəsinə çağırmalıydılar. Çünki yazılanlara və deyilənlərə görə bu baş verməmiş cinayəti mən törətmişdim. Uydurulmuş yalanlara baxanda heç Qənimət Zahidin də bir təqsiri görünmür. Elnur Məmmədova “başqasının külli miqdarda pulunu ələ keçirmək məqsədilə başqaları ilə qabaqcadan əlbir olaraq…” maddəsinin tətbiqi təmamilə absurddur. Müstəntiqin heç bir sual vermədiyi, sadəcə CM-nin maddələrinin yalnız nömrələrini elan etməsindən sonra Elnurun etmədiyi bu ağır cinayəti boynuna götürməsi və birnəfəsə 4 səhifəlik ifadə verməsi aydınca sübut edir ki, o, bu saxta cinayət işində rol almışdır. Yoxsa, üzünmüddətli həbsdən təzəcə çıxmış birisi niyə etmədiyi cinayəti həvəslə boynuna götürsün ki? Məhkəmə istintaqı zamanı Elnurdan soruşdum ki, əgər Elşəndən 25 min avro, 10 min manat istənilmişdisə, sən niyə ona 60 min manat demişdin? O, cavabında dedi ki, məbləği tamah məqsədi ilə artıq deyib. Baxın, adam mənim bu saxta cinayət işindəki sənədlərə əsasən Elnurun heç bir təqsirinin olmadığını dediyimdən qorxuya düşərək cani-dildən özünün vəziyyətini ağırlaşdırmağa çalışır və heç olmasa məhkəmədə özünə qarşı heç kimin ağlına gəlməyən yeni cinayət epizodu yaradır. Bu, nonsensdir. Dediyim kimi, saxta cinayət işində adam 60 min manat məsələsini sadəcə kobud yuvarlaqlaşdırma nəticəsində səhvən dediyini deyir, indisə, özünə cinayət ittihamı yaradır. Məgər, müttəhim məhkəmədə azad olmağa və  ya cəzasının yüngülləşdirilməsi üçün çarpışmalı, deyilmi? Bu məqam bir daha sübut edir ki, Elnur Məmmədov Abdulla Cəlilli tərəfindən bu saxta cinayət işində rol almış şəxsdir. Bir öz-özünüzə sual verin, əgər Elşən Hüseynov bu ziddiyyətli şikayəti Nərimanoov RPİ-nin rəisi və ya yenidən deputat təyin edilmiş Səməd Seyidov haqqında etsəydi, müstəntiq Abdulla Cəlilli böhtan atdığına görə onun özünü həbs etməzdimi? Siz bunların şərəfsizliyinə baxın,  dəfələrlə məhkum edilmiş birini islah edib cəmiyyətə qaytarmaq əvəzinə, mənə qarşı saxta cinayətdə rol ayırıb onu yenidən cinayət törətməyə sövq edirlər. İnanmıram ki, Azərbaycanda bu cür şikayət əsasında bu qədər operativ həbslər aparılmış başqa bir nümunə olsun.

Saxta cinayət işində dönə-dönə vurğulanır ki, Tofiq Yaqublu ölkədə və onun kənarında tanınan çox nüfuzlu siyasətçidir və buna görə də Elşən Hüseynov pullarını verməyə razı olub. Bu arqumentlə müstəntiq Abdulla da razılaşır, əks təqdirdə Elşənə sual verərdi ki, nəyə görə Tofiq Yaqublunu nüfuzlu siyasətçi hesab edir? O özü belə düşünmür. Yeri gəlmişkən, Elşənin dilindən özünün yazdığı bu ifadədə Abdulla İlham Əliyevə möhkəmcə sataşıb. Axı o, deyir ki, müxalifətin heç bir nüfuzu yoxdur. Sual yaranır, nəyə görə Abdulla Cəlilli dindirdiyi bu kriminal adamların ölkədə və onun hüdudlarından kənarda tanınan, nüfuzlu bir şəxs haqqında dediklərinə dərhal inanır? Çünki bu saxta cinayət işini özü düzüb-qoşub və dindirdiyi adamlar da polisin sərəncamında olan ştatlı üzəduranlardır. Bu işdə onlara ayrılmış rolu oynayırlar.

“Çox ağıllı” Abdulla məni polis idarəsinə dəvət etmək əvəzinə küçədən həbs etdirir. Mən 14.12.2023 tarixində metronun “Cəfər Cabbarlı” stansiyasına daxil olmaq istəyərkən  5-6 nəfər mülki geyimli, idmançı cüssəli polislər üstümə tökülür, ətrafdakıların gözü qabağında sanki təhlükəli bir terrorçunu tuturlarmış kimi qollarımı burub məni həbs edirlər. Təkcə bu faktın özü kifayətdir ki, burada əvvəlcədən hazırlanmış senarinin həyata keçirildiyi aydın olsun. Məni o cür tutmağa nə ehtiyac var idi? Əgər həmin polislər sakitcə mənə yaxınlaşıb onlarla getməli olduğumu desəydilər, getməyəcəkdim? Mənim arxamca polis göndərməyə nə ehtiyac var idi?  Zəng edərdilər, özüm gələrdim, mən polis idarəsində olanda da aparıb evə pul qoyardılar və sonra da “tapardılar”.

Tutulmağım haqqında danışarkən bəzi məqamları nəzərinizə çatdırım.  Mənim şəxsi avtomobilim var. Onu 2020-ci ildəki şərlənmə həbsindən çıxandan sonra qohumlarımın və dostlarımın yardımı ilə almışdım. Yeri gəlmişkən, həmin dostlarım yenə də xəbər göndəriblər ki, nə vaxt həbsxanadan çıxsam, mənə yeni bir avtomobil hədiyyə edəcəklər. Bir orasını da fikirləşin, nəyə görə şəxsi minik avtomobilim ola-ola metroya minirdim? Səbəbi çox sadədir. Çünki avtomobil hədiyyə edilsə də, onun istismar xərclərini özüm qarşılamalı oluram, bu səbəbdən də  benzin doldurmağa pulum yox idi. Axırıncı dəfə həbsimdən 3 gün əvvəl 10 litr benzin doldurmuşdum və həmin gün yanacaq göstərən cihazın sarı işığı yanırdı. Necə təsəvvür edirsiniz, ayın 8-də Elşənin külli miqdarda pulunu ələ keçirmişəm, amma avtomobilimə benzin tökməyə pulum yoxdur? Həbs edildiyim gün Abdulla üstümdən götürülənlərlə bağlı protokol tərtib edib. Həmin protokola əsasən, üstümdən nə az, nə çox, düz 23 manat pul çıxıb. Evdə o qədər pulum var, amma ondan heç olmasa 50-60 manatını cibimə qoymadan şəhərə çıxıram?  Xatırladım ki, heç o 23 manat da mənim deyildi. Maya xanım tapşırmışdı ki, qayıdanda evimizin yanındakı “Araz” marketdən yuyucu toz və yumurta alım. İndi həmin malların nə qədər tutacağını bilmirəm, amma yadımdadır ki, deyilən şeyləri aldıqdan sonra cibimdə 3-4 manatım qalacaqdı.

Mən həbs olunduğum günlərdə belə bir məsələnin sosial şəbəkələrdə gündəm olduğunu öyrəndim. Deməli, cinayətkar Abdulla bizim evdə “axtarış” apararkən məhləyə qoşun yeridibmiş. Evimiz dörd yandan mühasirəyə alınıb, ora gələn bütün yollar bağlanıb. Məhlə sakinləri əməlli-başlı təşviş içində olublar. Orada elə mənzərə yaranıbmış ki, sanki ABŞ dəniz piyadaları Bin Ladeni tutmağa gəliblərmiş. Abdullanın həmin gün polis ordusunu məhləni işğal etməsindən söz düşmüşkən, sonradan mənə bildirdilər ki, polislər məhlədəki balaca dükanlardan siqaret, su və s. alıblar, amma pulunu verməyiblər, yəni əsl Azərbaycan polisi kimi davranıblar. Nəhayət, Abdulla döşəyin altına qoydurduğu pulları “tapandan”  və rədd olub gedəndən sonra qonşular bizim evə axışıblar. Eşidəndə ki, guya bizim evdən külli miqdarda pul tapılıb, heyrətini gizlədə bilməyən qonşu Səidə xanım deyib ki, necə yəni evdən çoxlu pul tapılıb? Elə dünən Maya xanım məndən borca 50 manat pul aldı. Bəli, Maya xanım ağrıyan dişinə plomb qoydurmaq üçün diş həkiminə getməliydi və evdə pul olmadığına görə qonşudan 50 manat borc pul almışdı. Mənzərəyə fikir verin, mən Elşənin özü ağırlığında pulunu alıb, gətirib evimizdə gizlətmişəm, amma maşına benzin tökməyə, diş həkiminə verməyə pulumuz yoxdur. Görün nə qədər şərəfsiz və iyrəncdirlər.

Bir məsələni də mütləq qeyd etməliyəm. Həbs olunduğum gün üstümdə Qarabağ döyüşlərində iştirakıma görə veteran kimi müavinət aldığım ABB-nin bank kartı da varıydı. Məni həbs etdirmiş adam Moskvada kazinoda qumar oynayanda və bazarda dəri gödəkcə alveri ilə məşğul olanda, mən könüllü olaraq Qarabağ uğrunda döyüşürdüm. Abdulla üstümdəki şeyləri götürəndə dedim ki, bu kartla veteran pulu alıram və onunla pul köçürməklə bağlı heç bir bank əməliyyatı keçirmək mümkün deyil. Dediyimə məhəl qoymadı və o kartı da götürdü. Halbuki ailəmizin dövlətin hər ay dilənçi payı kimi verdiyi 80 manata çox ehtiyacı varıydı. Həmin kartı israrlı tələblərdən sonra, aylar sonra ala bildik.

Ailəmizin maliyyə durumu haqqında danışarkən, bir məsələni də qeyd edim. Müstəntiq Abdulla murdar əlləri ilə bizim evdə göstəbək kimi ora-buranı eşərkən, bir dəftərxana jurnalını da götürmüşdü və onun bütün vərəqlərinin surətini çıxararaq cinayət işinə əlavə edib. Düzdür, orada yazıb ki, bu jurnalda istintaq üçün əhəmiyyətli heç nə tapmayıb. Amma mən hesab edirəm ki, həmin jurnalda istintaqı ifşa edəcək çox ciddi məlumat var. Abdulla dindirmə zamanə Elşənin və Elnurun dilindən dönə-dönə yazır ki, mühacir alveri məsələsində Tofiq Yaqublu nömrə 1-dir və bu işlə çoxdan məşğuldur. Təbii ki, bu, yalandır və bu yalanı burada dediyim kimi anası-bacısı nömrə bir  olanlar uydurublar. “Çox ağıllı” Abdullanın dediyinə inansaq, mən çox varlı bir adam olmalıyam. Təkcə Elşəndən bu qədər pul almışamsa, görün bu işdə nömrə 1 olaraq bu illər ərzində nə qədər sərvət toplamalıydım. Amma həmin jurnal bizim ailənin həmişə ehtiyac içində yaşadığını çox gözəl sübut edir. Məni bağışlayın, sizə bir ailə sirri açacam. Bizim ailənin pul, maliyyə işlərinə Maya xanım baxır və bu, həmişə belə olub. Heç vaxt evdə nə qədər pul olduğundan xəbərim olmayıb. Nə pulum olubsa, gətirib qəpiyinəcən Maya xanıma vermişəm. Sonra da məktəbli uşaqlar valideynlərindən dönər pulu istəyən kimi, ondan xırda-xırda cib xərclikləri almışam. Haqqında danışdığm jurnal Maya xanımındır. O, özü ixtisasca mühasibdir və uzun müddət bu sahədə çalışıb və jurnalda da ailəmizin maliyyə mühasibatını aparıb. Həmin jurnalın vərəqlərinin cinayət işi materiallarında olan surətlərinə baxın. Görün ki, illər boyu ailə olaraq borc alıb, sonra da onu ödəməklə yaşamışıq. Yeri gəlmişkən, Maya xanımı mühasib kimi çalışdığı idarədən işdən çıxarmaq üçün bütövlükdə mühasibat şöbəsini ləğv etdilər ki, guya bu Maya xanımla bağlı deyil.

Bir məsələni də deyim, bizim ailədə heç kəs işləmir. Ancaq qohumlarımızın və dostlarımızın yardımları ilə dolanırıq. Bununla yanaşı həm ölkədə, həm də ölkə xaricində məni dəstəkləyən, müdafiə edən, hətta mənə pərəstiş edən çoxlu sayda imkanlı dostlarım və tanışlarım var. Əgər mənə  pul lazım olsa, üzüm tutub onlara müraciət etsəm, mənim xahişimi yerə salmazlar. Mənim belə imkanlarım ola-ola, cinayət yolu ilə, özü də cəmiyyətin tullantılarından pul almağımı iddia etmək əsl kütbeyinlik və şərəfsizlikdir. Bu yerdə də Abdullanı ifşa edəcək incə bir məqamı qeyd edim. Guya ki, Elşənin 25 min avro və 10 min manat pulundan mənə çatan cəmi 10 min manat olub ki, onun da 3 minini Elnura vermşəm, o da onun üstündən bir manat da götürmədən aparıb “ofisində” gizlədib. Əgər kimsə bu saxta cinayət işində təsvir edilən əcaib cinayəti həqiqətən də törədib və o boyda məbləğdən cəmi 10 min manatı ələ keçirsəydi, onun  da 3 minini bu işdə məqsədi yalnız dostu Elşənə yardım etmək, onu Almaniyaya yola salmaq olan, heç bir məbləğ və faiz tələb etməyən, bu istiqamətdə hər hansı bir şərt qoymayan Elnura verərdimi? 10 mindən 3 mini Elnura vermək çox ciddi disproporsiyadır. Bu halda, Elnura 200-300 manat tula payı verilsəydi, sevincindən 10 dəfə mayallaq aşardı. Bununla onu demək istəyirəm ki, “çox şərəfli” və “çox ağıllı” Abdulla bu saxta cinayət işinin digər məqamlarında olduğu kimi bu məsələdə də reallığa, hətta körpə uşaq fantaziyasına da uyğun gəlməyən versiya yazıb. Görünür məni çox tanınmış və nüfuzlu siyasətçi kimi taqdim edən Abdulla düşünüb ki, məni adi dələduz kimi yox, çox səxavətli dələduz kimi təqdim etsə, daha yaxşı olar. Adam doğrudan da “çox ağıllı” və “çox şərəfli” imiş. Bir daha deyirəm və siz də bir daha fikirləşin. Saxta ittihama görə Elşənin guya ki, Almaniyaya getmək üçün verdiyi 25 min avro və 10 min manatın mənə 7 min manatı çatmalı imiş. Fikirləşin ki, o qədər imkanlar qarşısında cəmi 7 min manata görə məni ömürlük həbsə atacaq cinayətə necə baş vura bilərdim?

Abdullanın ”çox ağılllı” olması təkcə hüquq və məntiq məsələsində üzə çıxmır və məlum olur ki, o, hətta siyasi cəhətdən də kütbeyindir. İlham Əliyevə qarşı çox ağır ittihamlar irəli sürür. O, Elşənin dilindən düzüb-qoşduğu ifadədə Elnura deyir ki, işsizəm, müalicə oluna bilmirəm, dolanışığım çox ağırdır, mənə kömək elə birdəfəlik köçüb Almaniyada yaşayım. İlham Əliyev isə deyir ki, Avropa, o cümlədən Almaniya dağılır, orada xaos hökm sürür, böhrandır, polis özbaşınalığı baş alıb gedir, insanlar zibil konteynerlərindən qida toplayırlar, LGBT geniş yayılıb, böyüyə-kiçiyə hörmət yoxdur, islamofobiya və türk düşmənçiliyi ən yüksək həddədir və s. Elşən də evdəki 25 min avronu üstünə 10 min manat borc alır ki, birtəhər bu ölkəyə gəlib restoranda qabyuyan və ya tualettəmizləyən işləsin. Abdullanın bir az ağlı olsaydı, bir güllə ilə iki dovşan vurardı. Bir halda ki, məni qanunsuz miqrasiya ilə şərləmək lazımıydı, düzüb-qoşardı ki, hansısa almaniyalıya Azərbaycana viza və vətəndaşlıq söz vermişəm. Bu işə qoşmaq üçün o boyda Almaniyada bomj, dələduz, kriminal keçmişli və s. bir üzəduran tapmaq o qədər də çətin olmazdı. Belədə həm də İlham Əliyevin təbliğatına da uyğun gələrdi. Həm də almanların “dağılan” Almaniyadan “çiçəklənən” Azərbaycana can atmalarını göstərən yaxşı təbliğat materialı ola bilərdi.

Xatırladım ki, bu qədər pul ölkə əhalisinin mütləq əksəriyyəti üçün əlçatmaz bir məbləğdir. Bu qədər pulla ölkədə yaxşı biznes qurub, hətta Almaniyadan işçi gətirib işlətmək olar. Bu yalançı ifadəni yazmaqla “çox ağıllı” Abdulla məndən də artıq müxalifətçilik  edir və deyir ki, İlham Əliyev ölkəni yaşanılmaz hala gətirib. Abdulla Cəlillinin bu saxta cinayət işini düzüb-qoşarkən göstərdiyi “çox ağıllılığı” və “çox şərəfliliyi” görəndə, öz-özümə düşünürəm ki, ola bilsin o, bunu bilərəkdən edir. Görür ki, bu ölkədə yuxarı vəzifələrə təyin olunmaq üçün şərəfsizlik və kütbeyinlik başlıca şərtdir. Ona görə də özünü yetkin bir kadr kimi təqdim etmək istəyir. Siz onu diqqətdə saxlayın və görəcəksiniz ki, adamın vəzifəsini və rütbəsini artıracaqlar.

Abdulla Tofiq Yaqublunu mühacir alveri ilə bağlı dələduzluqda ittiham edərək həbs etmək və ona qarşı cinayət işi qaldırmaq haqqında yuxarıdan tapşırıq aldıqdan sonra, özünün “çox şərəfli” və “çox ağıllı” olmasına uyğun olaraq senari yazır. O, bunun üçün ədəbi janrlardan pyes janrını seçib. Sanki tamaşadır və hər şey eyni səhnədə baş verir, sadəcə pərdə enib qalxdıqdan  sonra şəkil dəyişir. Bu cinayət işində də hər şey bir səhnədə – məhkəmənin qabağında baş verir. İndi təsvir edəcəyim ardıcıllığı bir də dinlədikdən sonra hakim gec olsa da, heç olmasa indi prosesi təxirə salıb, rəhbərlikdən baş verən rəzaləti dayandırmağı xahiş etməsə, onun sonda hansı qərarı verəcəyi indidən tam aydın olacaq. Baxın, Almaniyaya getmək üçün çox tələsən Elşən Hüseynov oktyabr ayının ortalarında bu məsələdə ona kömək etməsi üçün həmyerlisi Elnur Məmmədovdan xahiş edəndə, o deyir ki, Tofiq Yaqublu mənim dostumdur, bu işlərlə məşğuldur, onunla danışıb nəticəsini sənə deyərəm. Elnur xaricə getmək üçün çox tələsən Elşənin oktyabrın ortalarında dediyi xahişi mənə təxminən 3 həftə sonra – 03.11.2023 tarixində çatdırır. Niyə həmin gün və ya lap ertəsi gün mənə deməyib? Axı dediyinə görə biz dostuq və yaxın münasibətlərimiz var. Elnur Elşənin xahişini mənə nə vaxt çatdırsa yaxşıdır? Noyabrın 3-də! Harada? Bakı Apellyasiya Məhkəməsinin (BAM) qabağında.  Həmin gün İlham Əliyevin şərləyib həbsə atdığı tanınmış müxalif siyasətçi Qubad İbadoğlunun  şikayətinə baxılırdı. Elnur haradan bilirdi ki, bu tarixdə məhkəmə prosesi olacaq? Xatırladım ki, həmin məhkəmə prosesi bir neçə gün əvvəl Qubad bəyin vəkillərinin Nərimanov Rayon Məhkəməsinə (NRM) verdikləri vəsatətin təmin edilməməsi haqda qərarından verdikləri şikayət üzrə keçirilirdi. Onu da qeyd edim ki, Qubad İbadoğlunun vəsatəti ilə bağlı NRM-də oktyabrın 26-da keçirilən həmin  məhkəmə prosesinə Abdullanın tapşırığı ilə Elnur da gəlmişdi və əlaqə qurmaq məqsədi ilə mənə yaxınlaşmışdı. Baxın, “dostum” Elnur Elşənin “xahişini”həmin məhkəmə zamanı mənə çatdırmır, gözləyib noyabrın 3-dəki məhkəmədə çatdırır. Əgər Elşən Almaniyaya getmək üçün ondan oktyabr ayının ortalarında xahiş etmişdisə, nəyə görə bunu heç olmasa həmin gün NRM qarşısında mənə deməyib? Cavabı çox sadədir. “Çox ağıllı” Abdullanın senarisinə görə məni şərləmək üçün Qubad İbadoğlunun cəmi 3 məhkəmə prosesindən istifadə etmək nəzərdə tutulduğundan, əvvəlki məhkəmə prosesinə əhəmiyyət verməyib. Birinci görüş Elşənin xahişini mənə çatdırmaq, ikinci görüş Qənimət Zahidin razılığını Elnura çatdırmaq, üçüncü görüş isə məbləği ödəməyə razı olmuş Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətlərini mənə verməsi üçün lazım imiş. Aydındır ki, Elnur 03.11.2023 tarixində BAM-də məhkəmə prosesinin olacağını bilə bilməzdi. Digər tərəfdən, haradan bilirdi ki, mən də həmin gün orada olacam? Guya mən orada ona demişəm ki, qoy Qənimət Zahidlə danışım, sənə bir cavab deyəcəm. Sonra Qənimət bəylə danışmışam, onun razılığını almışam və bu iş üçün nə qədər pul lazım olduğunu dəqiqləşdirmişəm. Mən bu məlumatı Elnura nə vaxt çatdırsam yaxşıdır? Düz 13 gün sonra – 16.11.23 tarixində! Harada? Əlbəttə ki, yenə də məhkəmənin qabağında. Yaxşı, bəs mən niyə bu qədər gecikirəm? Niyə elə həmin gün, uzaqbaşı ertəsi günü Qənimət bəylə danışıb onun bu işə razı olduğunu Elnura deməmişəm? Siz işə bir baxın, sanki Elşənin evində 25 min avrosunun olduğunu bilirəm və onu ələ keçirməyə çalşıram. Məntiqlə, mən Qənimət bəylə məsələni razılaşdırdıqdan sonra bu məlumatı tezcə Elnura çatdırmalıydım. Mən də Elnur kimi Qubad bəyin vaxtını heç kəsin bilmədiyi məhkəmə prosesini gözləmişəm? Hətta uzunqulaq da belə absurd versiya qurub özünə hörmətsizlik etməzdi ki, bunu müstəntiq Abdulla edib. Həmin gün NRM-də Qubad bəyin vəkillərinin vəsatəti üzrə məhkəmə prosesi keçirilirdi. Yenə sual yaranır. Elnur haradan bilirdi ki, Qubad bəyin vəkilləri vəsatət verəcəklər, məhkəmə 16.11.2023 tarixinə təyin ediləcək? Haradan bilirdi ki, mən də həmin günü məhkəmə binasının qarşısına gələcəm və o, məlumatı öyrənib Elşənə çatdıracaq? Düzdür, məhkəmə istintaqı zamanı Elnur bu suallara belə cavab verdi ki, guya məhkəmənin vaxtı və yeri haqqında mən ona məlumat verirəmmiş. Burada təqdim etdiyim sənədlərlə, o cümlədən, öz mobil telefonunun Whatsapp məlumatları ilə həm də ittiham aktındakı Elnurun nömrəsinə gəlmiş və getmiş zənglər haqqında mobil rabitə operatorunun arayışı ilə sübut etdim ki, Elnura heç vaxt zəng etməmişəm. Onun isə mənə 29.11.2023 və 30.11.2023 tarixlərində cəmi 2 dəfə zəngi olub, onlar da Saakaşvilinin müdafiəsi ilə bağlı absurd xahişlər olub. Mən sizə sübutlarla göstərdim ki, onun mənə yazdığı mesajlar tamamilə başqa məzmunda olublar və mən onlara ya cavab verməmişəm, ya da başdan etmək üçün smaylik  atmışam. Bəs bu günlərdə Elşən onu zəngləri ilə dəng etmədimi? Tutaq ki, Elnur tələsmirdi və falçı kimi müəyyənləşdirdiyi növbəti məhkəmə prosesini səbrlə gözləyirdi. Bəs, Almaniyaya getmək eşqi ilə alışıb-yanan, səbrsizlənən Elşən bu qədər uzun ara müddətinə niyə səbrlə dözürdü? Bəlkə növbəti məhkəmə  prosesi Qubad bəyin saxta cinayət  işi üzrə məhkəmə hazırlıq iclası olacaqdı ki, bu da bir ildən çox çəkə bilərdi, necə ki, hələ də başlamayıb. Belə də “operativ” cinayət əlaqəsi olar? Bu hələ Abdullanın “çox ağıllı”lığının səviyyəsini tam göstərmir. İndi deyəcəyim məqam adamı lap şoka salır. İnana bilmirsən ki, bu qədər rəzil və “çox ağıllı” adama polis polkovnik-leytenant rütbəsi və ayrıca kabinet verilib. Abdullanın senarisinə görə Elnur Qənimət bəyin bu işə razı olduğunu və məsələnin həlli üçün 25 min avro və 10 min manat lazım olduğu xəbərini guya ki, noyabrın 16-da məndən öyrənəndən sonra Almaniya eşqi ilə Kərəm Əslinin eşqi ilə yanan kimi yanan Elşənə nə vaxt çatdırsa yaxşıdır? Düz 19 gün sonra, 05.12.2023 tarixində! Harada? Əlbəttə ki, yenə də məhkəmə binası qarşısında. Adamın yadına “O olmasın, bu olsun!” filmindəki “adam harada pak olur? Hamamda!” səhnəsi düşür. Təsəvvür  edin, hətta Elşənə “işin düzəldi, muştuluğumu ver” demək üçün də düz 19 gün Qubad bəyin vaxtı hələ heç kəsə bəlli olmayan məhkəməsini gözləyir. Müstəntiqin “çox ağıllı” olmasından adam hövüllənir. Cinayət işi materiallarına görə Elnur Elşənə “işin düzəlir, bu qədər pul lazımdır” məlumatını çatdırmaq üçün ona zəng edib 05.12.2023 tarixində NRM-nin qarşısına dəvət edir. Halbuki həmin məlumatı heç olmasa, həmin zəngi edəndə çatdıra bilərdi. Hələ bu, harasıdır? Özünüzü möhkəm tutun ki, indi deyəcəklərimdən şoka düşməyəsiniz. Abdulla Elşənin və Elnurun adından yazdığı ifadələrdə bu işin mənim, Elnurun və Qənimət bəyin arasında necə və nə vaxt razılaşdırılması haqqında bir sıra yalanlar danışır. Amma uydurduğu yalanlar labirintində yolunu azmış Abdulla Elşənin ifadəsinin bir yerində yazır ki, o, pulların hazır olduğunu Elnura deyəndə, o deyib ki, qoy Tofiq Yaqublu ilə danışım, sonra sənə məlumat verərəm. Və guya ki, bundan sonra mən Qənimət bəylə bu haqda danışmışam, o da bu işi düzəltməyə söz verib. Yalnız bundan sonra Elnur Elşənə deyib ki, Qənimət bəy bu işi düzəltməyə söz verir. Fikir verin, buradan belə çıxır ki, Elşən mənim Qənimət bəylə danışdığımı və onun bu işi düzəltməyə razı olduğunu bilməmişdən əvvəl artıq 25 min avronu və faizlə borc almaqla 10 min manatı hazır edibmiş. Elementar məntiqə görə Elşən pulları yalnız Qənimət Zahid bu işi düəltməyə söz verəndən sonra tədarük etməliydi. O, işinin düzəlib-düzəlməyəcəyini hələ bilmir, amma gedib faizlə borc pul götürür. Hə, nə deyirsiniz, hörmətli Femida zəhmetkeşləri! Abdullanın sizi bu şəkildə ələ salmasından və alçaltmasından çoxmu məmnunsunuz?

Abdulla təkcə Elnurun əli ilə məni şərləməyin alınmadığını görüb, senariyə ikinci oyunçunu – Elşəni qatmaq qərarına gəlib. Elşənə “hazır ol” komandası 02.12.2023 tarixində gəlib. Ona görə də o, istifadə etdiyi 0-55-555-16-82 nömrəsini bağlayır və polislə əlbir işlətdiyi 0-55-240-94-15 nömrəsini aktiv edib, Abdulladan gələcək tapşırığı gözləməyə başlayır. Elşən Hüseynovun bu nömrəsi haqda sizə çox əhəmiyyətli faktlar təqdim edəcəm. Bəri başdan deyim ki, əvvəl də qeyd etdiyim kimi,  nə Elşənə 05.12.2023 tarixində NRM-nin qarşısına gəlmək haqda zəng olub, nə də həmin gün Elşən orada olub. Abdulla bu saxta cinayət işinin bir ayağını Avropaya bağlamaq qərarını həmin gün axşamtərəfi verib. Elə ona görə də Elşənlə Elnur arasında ilk Whatsapp yazışması 05.12.2023 tarixində  saat 21:34-dən başlayır. Abdulla bu tarixdən əvvəl Elnurla Elşən arasında hər hansı zəngləşmənin və mesajlaşmanın olması haqda ortaya bircə dənə də fakt qoya bilmir. Cinayət işində olan həmin yazışmaya baxdıqda ilk “qardaş, necəsən?” mesajından əvvəlki Whatsapp-ın texniki xəbərdarlıq mətni göstərir ki, bu iki şəxs ilk dəfə yazışmağa başlayırlar. Burada bir zəruri qeyd etməyim çox vacibdir. 13.12.2024 tarixli məhkəmə prosesində bu məsələni bir də qaldırdım. Hakim Elnur Nuriyev Abdulla Cəlillinin məni şərləmək üçün təşkil etdiyi Elnurla Elşən arasındakı saxta Whatsapp danışıqlarını əks etdirən şəkilləri təqdim edərkən, məhkəmə ifadəmdə olduğu kimi yenə də ilk mesajdan əvvəl Whatsappın texniki xəbərdarlıq mətninin nə olduğunu izah etdim. Birdirdim ki, bu texniki xəbərdarlıq mətni bu iki şəxs arasında ilk yazışmanın məhz 05.12.2023 tarixində başladığını göstərir. Yəni, oradakı “qardaş, necəsən” mətni onların ilk yazışmasıdır və bununla da Abdullanın düzüb-qoşduğu kimi guya ki, onların 6 aydır ki, Whatsappla yazışdıqlarının yalan olduğu birmənalı şəkildə təsdiq olunur. Bu zaman Elnur yerindən dedi ki, bundan əvvəlki yazışmaları silibmiş. Mən bu məsələni məhkəmədə ifadə verərkən də qaldırmışdım. Onda Elnur bu haqda heç nə demədi. Amma sonrakı proseslərin birində mən bir də bu məsələ haqqında danışanda məhkəməyə ifadə verməkdən imtina etmiş Elnur bu dəfə yerindən replika ataraq bildirdi ki, guya əvvəlki mesajları silibmiş.  Təbii ki, o, bunu ona sonradan verilmiş təlimata əsasən dedi. O, əvvəlki mesajları niyə silməliydi ki? Elnur silibsə, onda Elşən o mesajları göstərsin. Onlar onun Almaniyaya getmək istəməsi və bu məsələdə Elnurun ona  vasitəçilik etdiyini, sonra da aldadıldığını sübut edəcək dəlillərdir və onları telefonunda  göz bəbəyi kimi qorumalıdır. Bəs nə, adam şikayət edib və dəlillər itməməlidir. Bir də ki, əgər Elnur guya mühacir alveri ilə bağlı telefonundakı izləri silmişdisə, onda onun özünü, Elşəni və Abdullanı əzici şəkildə ifşa etmiş 05.12.2023 tarixindən sonrakı mesajları niyə silməyib? Özü də deyir ki, Elşənin 10.12.2023 tarixində saxta sənədlə bağlı zəngindən qorxuya düşübmüş, onda onun bu məsələdə iştirakını sübut edəcək bütün mesajları silməli deyildimi? Bir daha deyirəm, Elnurla Elşənin arasında 05.12.2023 tarixindən əvvəl heç bir yazışma və zəngləşmə olmayıb. Çünki Abdulla onları məhz bu tarixdən əlaqələndirib. Ona görə də Elşənin guya ki, ilk dəfə məhkəmə qarşısına gəlməsi də,  bu iş üçün ondan istənilən məbləği öyrənməsi tarixi də, şikayət ərizəsində Elnurun ona nə vaxtdan kömək etməyə başlaması haqqında dedikləri də ancaq bu tarixə uyğun gəlir.

Bilirsiniz, niyə Abdulla özünün təşkil etdiyi Whatsapp dialoqunu Elnurun adından “qardaş, necəsən?” ifadəsi ilə başlayıb? Çünki onların əvvəlcədən dost olduqaları və bir-bir ilə zəngləşmələrinə, mesajlaşmalarına dair əlində heç bir sübut olmadığından, bununla onların bir-biri ilə tez-tez əlaqə saxlayan adamlar olduğu görüntüsü yaratmağa çalışıb. Halbuki buna ehtiyac yox idi. Əgər onların bundan əvvəl yazışmaları və zəngləşmələri olsaydı, onu təqdim etmək olardı. Elşənin həmin gün orada olmamasının daha bir sübutu cinayət işi materiallarında istinad edilən  “Kanal11 Azerbaijan TV” və “TV8” internet televiziyalarının həmin gün  Qubad bəyin məhkəməsindən hazırladıqları reportajların videoları və şəkilləridir. Həmin materiallarda mən, Elnur və ora toplaşmış Qubad bəyin çoxlu tərəfdarları göründüyü halda Elşən görünmür.

Daha bir sübut odur ki, senarist Abdulla tamaşanın bu səhnəsində bizi görüşdürmür. Guya ki, mənimlə görüşmək istəyən Elşənin yaxınlaşmasına mən icazə verməmişəm ki, burada çoxlu adam var, o yaxınlaşsa, ətrafdakılar şübhələnə bilərlər. “Çox ağıllı” Abdullanın özünü batırdığı epizodlardan biri də bu məqamla bağlıdır. Saxta cinayət işinin materiallarına görə görüşmək üçün Elşəni məhkəmənin önünə dəvət etmişəm. Məgər mən bilmirdim ki, məhkəmənin önündə çoxlu adamlar olacaq və onların gözü qarşısında görüşmək mümükün olmayacaq? Hələ bu harasıdır? Abdulla ittiham aktının 9-cü səhifəsində yazır ki, guya mən Elnura demişəm ki, Elşənlə məhkəmənin qabağında, insanların çox olduğu yerdə görüşsək, daha məqsədəuyğun olar. İndi gəl, koru körpüdən keçir. Özü deyir, özü də təkzib edir. Amma heç inanmıram ki, bu boyda gözdeşən ziddiyyət hakimin və prokurorun  diqqətini çəksin. Onlar ancaq məni cəzalandırmaq haqqında düşünürlər. Bu da kütbeyinliyin daha bir nümunəsi. Elşən mənə yaxınlaşıb salam versəydi, ətrafdakılar  niyə şübhələnməliydi ki? Bu cür tədbirlərdə adamların tanınmış müxalifətçilərə, o cümlədən mənə yaxınlaşıb söhbət etməsi, şəkil çəkdirməsi adidən adi bir haldır. Ora toplaşanların hamısı şəxsən bir-birini tanımasalar da, hamını müxalifətçi Qubad bəyin tərəfdarları kimi qəbul edirdilər. Elşən yaxınlaşsa, nə olacaqdı ki?

Bir məsələni də deyim ki, həqiqi müxalifətçi olmayıb, amma Qərbdə siyasi sığınacaq almaq istəyənlərin bu cür tədbirlərdə girvələyib Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, mən və müxalifətin digər tanınmış siyasətçiləri ilə şəkil çəkdirib özləri üçün dosye toplaması praktikası  çox geniş yayılıb. O məntiqlə Elşən mənə yaxınlaşmalı və  şəkil də çəkdirməliydi. Amma bu baş verməyib, çünki o, həmin gün orada olmayıb. Məntiqlə, adı KİV-lərin kriminal xəbərlər lentlərində keçən, ömrünün əhəmiyyətli hissəsini həbsxanalarda keçirmiş,  kriminal mahiyyətli Elnur Məmmədovun mənə yaxınlaşması ətrafdakılarda  şübhə yarada bilərdi, nəinki Elşənin.

Kütbeyin senarist tamaşanın bu səhnəsini belə qələmə alıb. Guya ki, Elnur yaxınlaşmağına imkan vermədiyim, uzaqda durmuş Elşəni mənə ətrafdakıların hiss etməyəcəyi şəkildə  əli ilə göstərib. Burada da sübut etdim ki, bunu etmək heç cür mümkün deyildi. Biri var ki, Elnur mənə deyəydi ki, məsələn, sağ tərəfimizdəki ağacın altındakı  adamların arasındakı başında lələkli panama olan şəxs Elşəndir, onda bunu qəbul etmək olardı. Amma başqalarının hiss etmədiyi şəkildə barmaqla göstərsəydi, dəfələrlə “onumu deyirsən? Yox! O birisi” şəklində Elnurla mənim aramda dəqiqləşdirici söhbət olmalıydı ki, belədə də oradakıların hamısı bundan xəbərdar olacaqdı. Məhkəmə istintaqı zamanı bunun məhz belə olduğunu əyani şəkildə sizə göstərdim. Zalda oturmuş adamlardan birini barmağımı tuşlayaraq Elnura göstərdim, o isə kimi göstərdiyimi müəyyən edə bilmədi və ona görə də mənə “onumu”  deyərək dalbadal dəqiqləşdirici suallar verməyə məcbur oldu. Bilirsiniz ki, Elşənin 05.12.2023 tarixində NRM-nin qarşısında olmadığını nədən tutdum? Elementar məntiqə görə sübut qıtlığından əziyyət çəkən Abdullanın əlində sübutlar çox olsun deyə, bu fürsəti qaçırmazdı. Orada olsaydı,  Elşən də mənə yaxınlaşacaqdı və təbii ki, şəkil də çəkiləcəkdi. Bu saxta cinayət işinin materiallarını oxuyanda dərhal bu boşluğu tutdum və əlavə dəqiqləşdirmələr apardım.

Ümumiyyətlə, senaristin pyesin bu səhnəsində Elşənlə məni görüşdürməyə çalışması heç cür başa düşülən deyil. Elşən pulunu verib bir gün ərzində vizasını və Almaniya vətəndaşlığını gözləməliydi, mən də pulumu alıb bir gün ərzində bu işləri düzəltməliydim. Yəni, uydurma cinayətin baş verməsi üçün bizim görüşməyimizə heç bir zərurət yox idi. Necə ki, senarist əsərində bu zərurəti göstərməyib. Elşənin 05.12.2023 tarixində NRM qarşısında olmadığının daha bir sübutu məhkəməyə təqdim edilmiş ittiham aktıdır. Orada Elnur Məmmədovun 05.12.2023 tarixində NRM qarşısında olduğunu sübut edən onun istifadə etdiyi  0-55-243-52-42 nömrəli mobil telefonun anten məlumatları var. Bəli, doğrudur, Elnur həmin gün Abdullanın tapşırığı ilə ora gəlmişdi. Bəs cinayət işində Elşənin anten  məlumatları niyə yoxdur? Axı bu cinayət işi onun ərizəsi əsasında, guya pullarının ələ keçirilməsinə görə başlanılmayıbmı? Elnurun və mənim mobil telefonlarımızın anten məlumatları yoxlanıldığı kimi, eyni zərurətdən Elşənin də mobil telefonunun anten məlumatları yoxlanılmalı deyildimi? Abdulla mənim və Elnurun 05.12.2023 tarixində NRM qarşısnda olduğumuzu sübut etmək üçün müstəqil internet televiziyalarının həmin gün Qubad İbadoğlunun məhkəməsindən hazırladıqları və Youtube-da yerləşdirilmiş reportajlarındakı görüntülərə istinad edir. Baxmayaraq ki, cinayət işi materiallarında həmin görüntülərə aid nə bir CD diski var, nə də ki, internet axtarış linki var. Bununla belə, mənim müdafiə komandamın üzvləri Abdullanın istinad etdiyi həmin görüntüləri tapdılar və dönə-dönə araşdırdılar. Həmin görüntülərin heç birində Elşən yoxdur. Təbii ki, həmin gün Elşən orada olmayıb. Elşənin anten məlumatlarının alınmasını Abdulla bilərəkdən “unudub”. Şübhəsiz, ortada bir məkr, hiylə və vələdüznalıq var. Ola bilsin ki, onun anten məlumatları 05.12.2023 tarixində NRM-ə uyğun bir məkanı göstərə bilərdi və bunu dolayısı ilə onun həmin gün orada olması kimi sırımaq olardı. Amma Abdulla bunu etməyib. Sizcə, o, belə bir fürsətdən niyə istifadə etməməliydi? Edə bilmirdi, çünki onda ortaya başqa bir ifşa mənzərəsi çıxacaqdı. Xatrılayırsınızsa, burada “çox şərəfli” Abdullanın cinayətkar olduğunu sübut etmək üçün daha bir ifşa bombası partladım. 13.09.2024 tarixli məhkəmə prosesində vəkilim Aqil Layıc məhkəməyə dəhşətli faktlar təqdim etdi. Saxta cinayət işi materiallarında Elşənin istifadə etdiyi mobil telefon nömrəsi kimi 0-55-240-94-15 göstərilir. Aqil bəy araşdırıb ki, bu nömrə Tinatıyev Ömər adlı bir şəxsə aiddir və o, Nərimanov RPİ-nin istintaqını apardığı bir cinayət işində təqsirləndirilən şəxs olub. Mənim etirablı mənbələrdən aldığım məlumata görə həmin işdə müstəntiq Abdulla Cəlilli olub. Dəhşətli mənzərə yaranır, elə deyilmi? Deməli, Abdulla həbs etdiyi təqsirləndirilən Tinatıyev Ömərin mobil nömrəsini götürüb və özünün yanında ştatlı üzəduran vəzifəsində işləyən Elşənə verib. Elşən də bu nömrədən ancaq polis, prokurorluq və məhkəmə ilə bağlı işlərdəki aldığı rola uyğun olaraq istifadə edib. Onun özünün əsl nömrəsi isə 0-55-555-16-82-dir. Həyatının polis tapşırığından kənar hissəsində bu nömrədən istifadə edir. Elşənin notariat əməliyyatları zamanı qeydə alınan telefon nömrəsi də məhz 0-55-555-16-82 nömrəsidir.

Müstəntiq Abdullanın “parlaq zəka” nümunələri isə sadalamaqla bitməz. Birini də qeyd edim. Yazıb ki, guya Elnur 05.12.2023 tarixində NRM-nin qabağında mənə yaxınlaşıb və Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətini  verib. Buna bədii ifadə ilə arabanı atdan qabağa qoymaq deyirlər. Əgər Elşən ondan istənilən məbləğə razı olduğunu hələ deməyibsə, Elnur onun sənədlərinin surətini niyə mənə verməliydi ki? O, bunu ancaq Elşən deyilən məbləği verməyə razı olduğunu deyəndən sonra edə bilərdi. Və yaxud da Elnur Elşənə “şəxsiyyət vəsiqənin və pasportunun kserosurətini götür, NRM qabağına gəl” deyəndə, o, “məgər Tofiq Yaqublu Qənimət Zahidlə danışıb, mənim işimlə bağlı razılığa gəliblərmi?” deyə, soruşmazdımı? Onda Elnur ona deməyə bilərdimi ki, bəli, razılıq var, bu iş üçün 25 min avro və 10 min manat pul lazımdır. Axı guya mən hələ noyabrın 16-da Elnura bu işi Qənimət bəylə razılaşdırdığımı və tələb olunan məbləği demişdim. Abdullanın senarisinə görə Elnur NRM qarşısında mənə yaxınlaşaraq kserosurətləri mənə verdikdən sonra mənim istədiyim məbləği bizdən uzaqda dayanmış Elşənə çatdırmaq və razı olub-olmadığını öyrənmək üçün onun yanına qayıdıb. Bir daha qeyd edirəm, bu saxta cinayət işinin materiallarına görə Elşənin işi üçün 25 min avro və 10 min manat lazım olduğunu Elnura mən hələ guya 16.11.2023 tarixində NRM-nin qarşısında demişdim. Saxta cinayət işinin materiallarına görə 05.12.2023 tarixndə isə o, Elşənə məhkəmənin qabağında görüşəndə, hələ sənədlərin kserosurətlərini ondan alıb mənə yaxınlaşmamışdan əvvəl deyibmiş ki, Tofiq Yaqublu 60 min manat istəyir. Ona görə də Elnurun 05.12.2023 tarixində NRM-nin qarşısında guya sənədlərin surətini mənə verib, bu iş üçün nə qədər pul istədiyimi yalnız indi bilmək istəməsi absurddur. Sonra da yenidən  Elşənin yanına qayıdıb, ona mənim 25 min avro və 10 min manat pul istədiyimi deməsi onqat absurddur, çünki bunu ona mən guya hələ noyabrın 16-da NRM qarşısında demişdim. Bu cür gözdeşən ziddiyyətin nədən qaynaqlandığını izah edim. Abdulla son anda senaridə edilmiş dəyişikliyə görə 05.12.2023 tarixindən Elşəni də işə qoşub. Çünki Abdullanın ilkin senarisinə görə “hüquq müdafiəçisi” Elnurun əli ilə Saakaşvilinin müdafiəsi adı altında məni tora salmalıydı. Həmin senarini necə iflasa uğratdığmı artıq sizə izah etmişəm. Abdulla özünün uydurduğu rəvayəti unudaraq Elşəni bu işə faktiki olaraq 05.12.2023 tarixindən qoşduğundan, guya ki, istədiyim məbləği ona necə çatdırılmasını çaşıb  mexaniki olaraq bu günə salıb. Ona görə də belə uyğunsuzluq ortaya çıxıb. Yoxsa bu saxta cinayət işinə yazardı ki, nə qədər pul lazım oduğu ona çoxdan deyilibmiş. Sadəcə olaraq bu müddət ərizndə pulları toplamaqla məşğul imiş.

Burada sizə bir ehtimalımı çatdırmaq istəyirəm. Təbii ki, ehtimaldırsa, deməli, o biri hallardan fərqli olaraq ortaya danılmaz sübut qoya bilməyəcəyəm, amma ümid edirəm ki, məhkəmə mənim bu versiyamı haqlı saya bilər. Fikir verin, senarist Abdulla məni Elnurla ancaq Qubad İbadoğlunun məhkəmələrində görüşdürür. Axı bu müddətdə BAM-də və Xətai RM-də şərlənib həbsə atılmış siyasi məhbusların çoxlu sayda məhkəmə prosesləri keçirilib və mən onların hamısında olmasa da mütləq əksəriyyətində iştirak etmişəm. Senarist Abdulla məni Elnurla həmin məhkəmə proseslərində də “görüşdürə” bilərdi. Məncə, məsələ belə olub. Abdullanın müstəntiqlik fəaliyyəti ilə bağlı NRM-nin hakimləri ilə tanışlıq münasibətlərinin yarana bilməsi təmamilə təbiidir. O, bir müstəntiq kimi həbs-qətimkan tədbirləri üçün NRM-nə tez-tez müraciətlər edir və məhkəmədə vəsatəti müstəntiq kimi özü müdafiə edir. Mənim Qubad bəyin NRM-dəki məhkəmələrində ardıcıl iştirak etdiyimi öyrənən Abdulla tanışı hakimdən onun növbəti məhkəmə prosesləri haqqında məlumat alırmış və özünün düzüb-qoşduğu senariyə uyğun olaraq Elnuru mənimlə görüşdürmək üçün ora göndərirmiş. Hesab edirəm ki, bu versiya məntiqlidir və çox güman ki, məhz belə olub.

Qayıdıram yenidən guya Elşənin sənədlərinin surətinin mənə verilməsi məsələsinə. Sizə belə bir sual verim, əgər mən Elşənin dediyim məbləğə razı olub-olmadığını hələ bilmirdimsə, onun sənədlərinin surətini niyə götürməliydim? Elnurun ifadəsində Abdulla yazır ki, mən sənədlərin surətini görən kimi telefonumu çıxardıb elə həmin andaca Qənimət bəyə zəng etmişəm. Bu boyda da zırramalıqmı olar? Adam harası ilə düşünür? Əvvəla, necə olur ki, guya 03.11.2023 tarixində BAM qarşısında Elnur bu məsələ ilə bağlı mənə müraciət etdikdə, telefonumu çıxardıb dərhal Qənimət bəyə zəng etmirəm və Elnura deyirəm ki, onunla bu haqda sonra danışıb sənə məlumat verərəm. Amma bu dəfə  dərhal zəng edirəm. İkincisi də, sənədlərin surəti nə əhəmiyyət kəsb edirmiş ki, mən onları görən kimi dərhal sevincək Qənimət bəyə zəng etmişəm? Hətta risk edib o qədər adamın bilavasitə yanımda olduğu zaman Qənimət bəyə zəng edərdimsə, bunu pulu almış olsaydım, etməliydim. Ya da heç olmasa Elşənin həmin məbləği verməyə razı olduğunu bildikdən sonra edərdim. Bu cür bəsit, hətta uşaq fantaziyasına da sığmayan səfeh cinayət versiyası qurmuş adamın başının içində beyin əvəzinə peyin olduğu şübhəszidir.

Qubad bəyin məhkəmələri günü və ümumiyyətlə, müxalifətçilərin toplaşdıqları bütün tədbirləri DİN və DTX lentə alır. O cümlədən, burada keçirilən mənim əvvəlki məhkəmə proseslərim zamanı, həmçinin bax elə bu dəqiqələrdə bu məhkəmə binası qarşısında toplaşmış müxalifətçi tərəfdarlarımı da lentə alırlar. Onlar bir kənarda durub səbrlə və rahatca tədbiri, yəni ora toplaşanları əvvəldən axıradək çəkirlər. Bu, həmişə belə olur, biz çəkiliş aparıldığını görürük və heç bir reaksiya vermirik. Çünki onlar öz işlərini görürlər və bizim tədbirlərə müdaxilə etmirlər. Bu cür tədbirlərdə çoxlu sayda internet televiziyaları  birbaşa yayım verirlər. Həmin TV-lər məndən canlı yayım  rejimində dalbadal müsahibələr alırlar. Bəzi hallarda elə olur ki, məndən müsahibə almaq üçün, hətta növbə də yaranır. Jurnalistlər və ora toplaşanlar durmadan şəkillər çəkirlər. Belə tədbirlərdə mənim bir saniyə də olsun insanlardan aralı və təkcə dayanmağım mümkün deyil. Həmişə başıma toplaşırlar, suallar verirlər, söhbət edirlər, şəkil çəkdirirlər. Özü də bu insanlar əqidəli, mübariz, gözüaçıq, hər şeyə göz qoyan insanlardır və belə tədbirlərdə tanınmış siyasətçilərin onların diqqətindən kənarda qalması praktik olaraq mümkün deyil. Müstəntiq Abdullanın “zəkası” deyir ki, məni ömürlük həbsə göndərəcək cinayəti həyata keçirmək üçün belə məkan seçmişəm və cinayət kontaktlarını məhz orada həyata keçirmişəm. İnanın ki, əgər ondan mənim həbsimi tezləşdirməyi tələb etməsəydilər, bu oyun hələ bir az da davam etsəydi, Abdulla pyesin növbəti pərdəsində yazacaqdı ki, mən Elnurdan pulları da məhkəmənin qabağında hamının gözü qarşısında sayıb götürmüşəm! Siz axtarışda olan iki 2 narkotik tacirinin hər dəfə DİN-in binası qarşısında görüşərək narkotik dolu kisələri təhvil verib və pulu almalarını təsəvvür edə bilərsinizmi? Əlbəttə ki, yox! Çünki belə şey normal məntiqə ziddir. Amma müstəntiq Abdulla düşünür ki, burada məntiqsiz heç nə yoxdur, axtarışda olan narkotik tacirləri, ancaq belə edərlər. Yazıq Vətən, səni nə günə qoydular!

Bilirsiniz niyə müstəntiq bu qədər ziddiyətli, məntiqsiz, absurd, gülünc və özünü ifşa edən cinayət işi senarisi yazıb? Tofiq Yaqublunun həbsinin sifarişinin birbaşa İlham Əliyevdən gəldiyini bilir və onu da bilir ki, eyni sifariş məhkəməyə də veriləcək. İşi “şərəf” və “peşəkar”lıqda onun tayı olan bir məhkəmə heyətinə tapşıracaqlar və həmin məhkəmə bu absurd ittihamı təsdiq edərək hökm oxuyacaq. Əks təqdirdə ortaya belə cəfəngiyyat çıxarmazdı. Ay məni mühakimə edənlər, əgər bir yemək məclisində gətirib qabağınıza tükləri o qədər də təmizlənməmiş toyuq qoysalar, özünüzü təhqir olunmuş hesab edərsiniz, buna sərt reaksiya verərsiniz. Amma Abdulla bu cür absurd və ziddiyyətli cinayət işi ilə sizin qabağınıza nəinki yaxşı təmizlənməmiş, heç bir tükünə də əl vurulmamış lələkli bir toyuq qoyub. O əmindir ki, siz nəinki buna etiraz etməyəcəksiniz, əksinə, o toyuğu tüklü-tüklü basıb yeyəcəksiniz. Çünki başqa əlacınız yoxdur.

Bizim Şerlok Holms bu  saxta cinayət işini ziddiyyət, absurd və cəfəngiyyatlarla yanaşı, həm də səfehliklərlə bəzəyib. Elnur birinci dəfə verdiyi 4 səhifəlik ifadəsində deyir ki, 05.12.2023- tarixində Nərimanov RM qarşısında Elşənin sənədlərinin surətini mənə verəndə, mən eynəyimi özümə xas şəkildə çıxardıb gözümə taxmışam. Onun 2 gün sonra və 5 ay sonra verdiyi ifadələrinin sonradan malalamaq hissəsi əlavə edilməklə tamamilə eyni olduğunu demişdim və o üzdən həmin ifadələr onlarda da təkrarlanır. Bütün bunlar azmış kimi,  həmin ifadəni ağıllı müstəntiq ittiham aktına da köçürüb. Aydınca görünür ki, müstəntiqin cinayət işini mümkün qədər şişirtmək, yəni istintaq araşdırmasının həcmini artırmaq qayğısı olub və ona səfeh şeylər əlavə edib. Mənim eynəyimi cibimdən necə çıxarmağımın və onun gözümə necə taxmağımın hansı istintaq-kriminalistik əhəmiyyəti var ki, müstəntiq onu belə dönə-dönə vurğulayıb? Təbii ki, heç bir əhəmiyyəti yoxdur.  Baxın, Ronaldo qol vuranda onu bir cür özünə xas qaydada, Arda Gülər bir cür, bir başqası da bir başqa cür özünə xas qaydada qeyd edir. Bəs, mən gözlüyü cibimdən özümə xas qaydada çıxarıb gözümə necə taxmışam? Məgər mən gözlüyü gözümə taxmamışdan əvvəl salto vururam, karate jesti edirəm və ya “istefa” qışqırıram? Bu məhkəmə prosesində dəfələrlə gözlüyümü çıxarıb taxmışam. Onu başqalarından fərqli şəkildə etdiyimi gördünüzmü? Belə səfeh ifadəni saxta cinayət işinə yazan və onu 4 dəfə təkrarlayan adamın ağlının yerində olması sizdə şübhə yaratmırmı? Hamısı ona görədir ki, iddia edilən bu cinayət baş verməyib, ona görə də yazı-pozu üçün material çatışmır. Maraqlı burasıdır ki, mənim eynəyi özümə xas şəkildə çıxarmağım olub, amma özümün yox, başqasının cibindən. İnanmıram ki, Abdulla mənim ölkə mətbuatında dəfələrlə dərc olunmuş döyüş gündəliklərimi oxumuş olsun. Başqasının cibindən eynəyi necə çıxardığımı orada yazmışam. Burada demişdim axı, biriləri Moskvada kef çəkəndə, mən iki körpə balamı uçuq bir daxmada qoyub Vətən uğrunda döyüşə qatılmışdım. Onda Madagiz adlanan, indiki Suqovuşanın ətrafındakı dağları aşaraq, bir gecə yol gedib düşmənin lap dərinliklərinə qədər irəlilədim. Meşə-dağ yolunun kənarında pusqu qurub saatlarla gözlədim və işğalçı ordunun içində 5 hərbiçisi olan UAZ-ını dəlmə-deşik etdim. Maşına yaxınlaşıb ölmüş hərbiçilərin silahlarını, gecəgörmə cihazını, zabitin tapançasını, içi sənədlə dolu hərbi planşet-çantasını götürdüm. Həm sübut, həm də bizim kəşfiyyat üçün əhəmiyyətli olacağını nəzərə alıb, düşmən podpolkovnikinin sənədlərini də götürməyi qərara aldım. Əlimi qoltuq cibinə salanda, məhkəmədə ifadə verərkən sizə göstərdiyim eynək gəldi əlimə. Onda bir əlimdəki avtomatla artıq atışma səsini eşidib köməyə qaçan düşmən əsgərlərinə güllə yağdırırdım. Bax, budur özünə xas şəkildə eynək çıxartmaq. Məhz həmin şücaətimə görə mən rəsmən Milli Qəhərman adına təqdim edilmişəm. İndi görün bu şərəfsizlər kimi kimin əliylə şərləyib həbsə atıblar! Tfu sizə! Yaxşı, tutaq ki, Elnur haqqında guya həqiqətən baş vermiş hadisəni detallı danışan adam təsəvvürü yaratmaq üçün bu gözlük məsələsini senariya əlavə etmisən, heç olmasa bunu sadəcə “cibindən eynəyini çıxardıb gözünə taxdı” şəklində yazmaq olardı ki, buna da Abdullanın başı çatmayıb.

Götürək Abdullanın guya ki, Elşənə 10 min manat borc vermiş Amil Dadaşovun adından yazdığı ifadəni. Orada deyir ki, o, bu işi düzəldənin çox nüfuzlu və tanınmış şəxs olan Tofiq Yaqublunun olduğunu biləndə, razılaşıb və pulları verib. Amil niyə onun sözünə inanmalıydı ki? Elşən onu aldada bilərdi və mənim adımı yalandan demiş olardı. Məntiqlə, Amil məndən soruşmalıydı və Elşənin dediklərini təsdiqləsəydim, onda pulu verməyə razılaşardı. Belə çıxır ki, Elşən ona bu işin arxasında Səməd Seyidov durur desəydi, onda da inanıb pulu verməliydi. İnsafən, Elşən Amil Dadaşova Səməd Seyidovun adını versəydi, onun belə işlərlə məşğul olduğuna daha rahat inanardı. 2001-ci ildən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bu illər ərzində oradakı deputatları ələ almaq üçün çamadanlarla pul və kürü daşımıış o adam bu işə çox uyğun gələrdi. Onun rəhbərlik etdiyi nümayəndə heyətindən rüşvət aldıqlarına görə italiyalı Luka Volentinin məhkum olunduğunu, ispaniyalı Pedro Aqramuntun istintaqının  hələ də davam etdiyini, almaniyalı Karen Ştrensin rüşvət aldığının üstü açıldığını eşidəndə təyyarədə infarkt keçirib öldüyünü, bu günlərdə Münhendə Bundestaqın deputatları Axel Fişerin (XDS) və Eduard Linderin (SDS) məhkəmə prosesinin başlandığını və s. bu kimi halları bütün dünya bilir. Ancaq bununla belə, Amil bu məsələni kürüdaşıyan Səmədlə dəqiqləşdirmədən “imkansız və kasıb” Elşənin dediklərinə inanmazdı. Digər tərəfdən Amil Dadaşov pullarının 2 aydan sonra qaytarılacağından narahat idisə, onun nəyinə lazımdır ki, Elşənə vizanı kim düzəldəcək? Ona pulların qaytarılmasına zəmanət lazımdır axı. Gördüyünüz kimi “çox ağıllı” Abdullanın quraşdırdığı borcvermə prosesində Amil heç bir zəmanət almır. Məntiqlə, Amil “imkansız və kasıb” Elşənə deməliydi ki, yaxşı, tutaq ki, Tofiq Yaqublu sənə viza və vətəndaşlıq düzəltdi və sən də getdin Almaniyaya. Axı sən ora işləməyə yox, müalicə almağa gedirsən və getmək üçün də məndən borc alırsan. Sənin tibbi sığortan yoxdur, Almaniyada da səhiyyə xidmətləri çox bahadır, sən hansı pulla müalicə olunacaqsan və mənim pullarımı necə qaytaracaqsan? Məgər Almaniyada pul göydən yağır, ya ağaclarda yarpaq əvəzinə avro olur? Abdullanın istintaq materiallarına görə Elşən kasıbın, yazığıın və xəstənin biridir axı. Bir daha əmin oldunuzmu ki, Abdulla “çox ağıllı”dır?

Və yaxud da götürək 05.12.2023 tarixində Nərimanov RM qarşısında Elşənin özünü kasıb adlandırması və buna görə məbləğdə bir az güzəşt edilməsini istəməsi məsələsini.  Abdulla bunu belə rəvayət edir ki, həmin gün Elşən Elnura deyəndə ki, Tofiq Yaqublu 60 min  manat istəyir, o deyib ki, kasıb adamam,  bunu nəzərə alaraq bir az güzəşt etsin. Amma bu məsələdə də Abdulla özünü əməlli-başlı dolaşdırıb. O, ifadələri elə yazmalıydı ki, Elnur mənə məbləği azaltmaq xahişi ilə yaxınlaşıb və mən də bunun mümkün olub-olmadığı haqda cavab vermişəm. O isə yazır, guya ki, Elnur mənə yaxınlaşıb Elşənin kasıb adam olmasını nəzərə alaraq məbləği azaltmağımı xahiş edir və mən də bu iş üçün guya əvvəl dediyim kimi 25 min avro və 10 min manat istədiyimi deyirəm. Axı bu cavab Elşənin xahişinin mahiyyətinə uyğun cavab deyil. Məntiqlə, Elnur Elşənin yanına qayıdıb ona deməliydi ki, Tofiq Yaqublu deyir ki, bir qəpik də güzəşt imkanı yoxdur və ya Elşənin kasıb olduğunu nəzərə alıb, filan qədər güzəşt edirəm. Amma o, Elşənə onun güzəşt xahişinin nəticəsinin nə olduğunu demir, sadəcə olaraq bu iş üçün ondan nə qədər pul istənildiyi haqda ilk dəfə məlumat verir. Görürsünüzmü, Abdulla bu, olmayan hadisəni təsvir edəndə, kələfin ucunu itirib, elə dolaşıqlıq yaradıb ki, Elşənin ondan istənilən məbləğ haqqında necə məlumatlandırılmasını aydın bir şəklini ortaya qoya bilmir. Hamısı bu şərləmə senarisindəki 60 min manatı 25 min avro və 10 min manata çevirmək dəyişikliyinin fəsadlarıdır. Cinayət işinin materiallarında da görünür  və mənim sizə detallı izahımdan da aydın olur ki, “çox ağıllı” Abdulla 60 min manatın sonradan 25 min avro və 10 min manata çevrildiyini heç cür məntiqli izah edə bilmir. Baxmayaraq ki, uyğunsuzluğu malalamaq üçün guya dindirdiyi adamlara sual verir və onların əvəzindən də cavab yazır, bununla da məsələni daha da qəlizləşdirib özünü ifşa edir

Şişirtmədən deyirəm, müstəntiqin indi sizə təqdim edəcəyim səfehliyi adamın qanını dondurur. Belə bir senari uydurub yazmaq üçün adamın nə qədər ağılsız olmasının gərəkliyini düşünəndə, adamın ağlı qarışır. Nə bilim, bəlkə ağıllı müstəntiqlər ancaq filmlərdə olur, bütün müstəntiqlər də elə Abdulla kimidir. Çünki əvvəlki “cinayət işlərim”də də eyni mənzərə ilə üzləşmişəm. Bu qədər təsadüf ola bilməz axı. Aldulla Elşənin dilindən yazdığı ifadədə deyir ki, sonradan öyrəndim ki, bu işlər  10-15 min manata düzəlirmiş. Sən demə, adətən pul atmaq, dələduzluq və digər fırıldaqlarla assosasiya olunan maşın və qızıl alveri ilə məşğul olan Elşən Elnurun kriminal keçmişli, dəfələrlə həbsdə yatmış bir dələduz olduğunu  da sonradan, yəni 25 min avrosunun və 10 min manatının ələ keçirildiyini biləndən sonra öyrənibmiş. Belə bir sarsaq versiyanı yazmaqla, Abdulla məni şərləməklə yanaşı, həm də məhkəməni təhqir edib. Çünki o düşünür ki, məhkəmə bu cür cəfəngiyyata “inanmağa” məhkumdur. Tutaq ki, biri Masazırda fərdi ev tikmək üçün  torpaq sahəsi almaq istəyir. O, həmin qəsəbədə torpağın bir sotunun qiymətini öyrənmədən, alınmış torpağın necə rəsmiləşdiriləcəyini dəqiqləşdirmədən, orada  qaz, su, işıq və yol infrasturukturunun vəziyyətini bilmədən və s. qarşısına çıxmış ilk torpaq dəllalının ona təklif etdiyi torpaq sahəsini onun dediyi qiymətə alarmı? Və yaxud da tutaq ki, biri “Sədərək” ticarət mərkəzində dükan almaq istəyir, o, oradakı vəziyyəti kifayət qədər öyrənmədən qarşısına çıxmış ilk dəllalın təklif etdiyi dükanı bir ətək pul verib alarmı? Bu qədər absurd versiyanı yazmaq üçün gərək adamın başının içi Toriçelli boşluğu olsun. Əminliklə deyirəm ki, Elşən bazarı fırlanıb  qarpızın qiymətinin öyrənmədən, qarşısına çıxmış ilk qarpızsatandan 3 kiloluq bir qarpız da almaz.

Orasını artıq qeyd etdim ki, bir ildir ki, mühacirətə getməyə çalışan adam bu sahədə işlərin necə olduğunu müxtəlif mənbələrdən dönə-dönə dəqiqləşdirməyə bilməzdi. Abdullanın versiyasına gəldikdə isə Elşən ən azı pulu Elnura verməmişdən öncə bu işlərlə ətraflı maraqlanmalıydı. Eyni mənzərə Elşənin Elnurun kim olmasını sonradan öyərnməsində də yaranır. Deyir ki, sonradan internetdən Elnurun kim olduğunu öyrənibmiş. Baxın, pulu hazırlamaq tapşırığını o, Elnurdan guya 05.12.2023 tarixində alıbmış, pulları isə ona 08.12.2023 tarixində veribmiş. Əgər,  adam heç olmasa bu 3 gündə bir ətək pul verəcəyi adamın kim olması ilə maraqlanmayıbsa, o, normal adam deyil, onun yeri dəlixanadır, ya da bunu uydurmuş adam dəlixanalıqdır.

İndi qeyd edəcəyim məqama xüsusilə diqqət edin. Məncə, bu da kütbeyinlik üçün bir etalon sayıla bilər. Guya ki, mən Elşənə saxta AND sənədi düzəltmişəm. Əgər bu sənəd Elşənə Avropada lazım olacaqdısa və onun oradakı işlərini Qənimət Zahid qaydaya salacaqdısa, mən burada Qənimət bəyin adından niyə saxta sənəd düzəltməliydim? Qənimət bəy AND-ın sədridir, təşkilatın möhürü və blankları da ondadır. Əgər Elşənə AND adından hər hansısa saxta sənəd lazım olacaqdısa, bunu guya ki, məndən 25 min avro almış Qənimət bəy orijinal möhürlə və blankla edərdi. Mən saxta AND sənədini niyə Elşənin qoltuğuna verib Qənimət Zahidin yanına göndərməliydim ki? Bir özünüz fikirləşin, mən Elşənin külli miqdarda pulunu mənimsəyirəm və bilirəm ki, bir gündən sonra ifşa olunacam və “zərərçəkmişin” şikayəti əsasında cinayət məsuliyyətinə cəlb ediləcəm. Bu halda nəyə görə məndən istənilmədiyi, buna ehtiyac olmadığı halda saxta sənəd düzəldib bu həqiqi cinayətkarlara verirəm ki, sonra da mənə CM-nin əlavə bir maddəsi ilə ittiham irəli sürülsün. Kütbeyinliyin səviyyəsini görürsünüzmü? Abdullanın uydurduğu yalana görə mən saxta sənədin saxta surətini düzəltmişəm. Məşhur filmdə deyildiyi kimi “beləsinə nə ad vermək olar?”. Sizə deyim ki, hakimiyyət bu cür sarsaq və absurd cinayət işinə görə Abdullanı cəzalandıra da bilər. Əgər bu, baş versə, onu suçsuz bir adamı şərlədiyinə görə yox, hakimiyyətin torbatikmə tapşırığını yaxşı yerinə yetirə bilmədiyinə, hakimiyyətin özünü torbaya saldığına görə olacaq.

Digər tərəfdən guya ki, Elşən 10.12.2023 tarixində sənədləri Elnurdan Whatsapp vasitəsi ilə alandan sonra, onların saxta olduğunu görüb və şəkillə kifayətlənməyib, saxta sənədin özünü istəyir. Bu da bir absurdluq və kütbeyinlik nümunəsi. Elşən görür ki, şəkildəki sənəd saxtadır, bundan sonra saxta sənədin özü onun nəyinə lazımdır ki? Aydınca görünür ki, Abdulla özünün mövzu və tezislərini tərtib etdiyi Elşənlə Elnurun Whatsapp yazışmalarında qanunsuz sənəd mövzusunu açmaq üçün səfeh şeylər fikirləşib. Fikir verin, həmin yazışmada Elşən israrla şəkildə gördüyü saxta sənədin özünü tələb edir. Məntiqlə, “Almaniyaya ancaq qanuni yolla getmək istəyən” sənədlərin qanuni olmadığını görüb aldanıldığnı başa düşən adam pullarını tələb etməliydi, elə deyilmi? Adam bir ətək pulunu tələb etmir, saxta sənədin özünü tələb edir. “Çox şərəfli” Abdulla bu saxta sənəd məsələsində əslində özünün təhsilinin, diplomunun saxta olduğunu sübut edib. Yoxsa, ali hüquq təhsili almış adam belə əcaib və məntiqsiz versiyalar uydurmazdı. Mən Elşənə o vaxt sənədlər göndərərdim ki, vizanı da, Almaniya vətəndaşlığını da o, özü düzəltməli olaydı, mən isə ona bu iş üçün lazım olan saxta sənədlər təşkil edəydim.   Bu cinayət işi başdan-başa palavradır. Zatən onun bundan artığına başı çatmazdı. Mən deməyim, siz deyin, bu qədər səfehliyə yol vermiş adamı normal adam saymaq olarmı? Sizə Elşənin Almaniyada guya ki, ancaq qanuni yolla vətəndaşlıq almaq istəməsi haqqında Abdullanın uydurmasının nə qədər səfeh və məntiqsiz olduğunu bir az da izah edim. İzaha başlamazdan əvvəl bir daha xatırlatmalıyam ki, Almaniyaya Elşənin xəstəliyinə görə və ancaq qanuni yolla getmək istəməsi variantını Abdulla senariyə son anda daxil edib. Səbəbini də izah etdim ki, Abdulla birdən anlayıb ki, əgər Elşən təkcə işini düzəzltmədiyimə görə şikayət etmiş olsa, onda pul verib “mənim düzəltdiyim saxta sənədlər” əsasında Almaniyada vətəndaşlıq almağa çalışmasına görə o da məsuliyyət daşıyır. Ona görə də Elşənin Almaniyada ancaq qanuni yolla vətəndaşlıq almaq istəməsi variantı ortaya atılıb. Saxta cinayət işində Elnur Məmmədovun 3 ifadəsi var. Üzləşmə protokolundakı ifadəsi ilə birlikdə 4 uzun-uzadı ifadəsi var. Bu uzun-uzadı ifadələrin heç bir yerində Elşən üçün AImaniyaya vizanın və bu ölkənin vətəndaşlığı məsələsinin qanuni yolla düzəldilməsi şərti və ya tələbi haqda bircə heca da yoxdur. Elşənin də ifadəsini oxuyanda görürük ki, guya o, Elnurla görüşüb, mənim vasitəmlə Almaniyada vətəndaşlıq almaq məsələsini müzakirə etdikləri zaman heç bir yerdə “qanuni yol” şərtini qoymur və ümumiyyətlə, bu haqda söhbət belə getmir. O, yalnız ifadəsinin sonunda şikayət etməsinin səbəbi kimi qanunsuz sənəd haqqında danışır və bunu da guya ki, Elnurdan Whatsapp vasitəsi ilə saxta sənədlərin fotosurətlərini görməsi ilə əlaqələndirir. Onu da deyim ki, “saxta sənədləri görüb, aldanıldığımı başa düşdüm” şikayəti, həm də ki, bir gün – özü də istirahət günləri ərzində “mənə Almaniyaya viza və bu ölkənin vətəndaşlığı düzəldilmədiyi üçün şikayət etdim” kimi hipersarsaqlığı və hiperzırramalığı aradan qaldırmaq üçün düşünülüb. Görürsünüzmü, Abdulla senariyə “saxta sənəd” korrektəsi etdikdən sonra yalnız mənim həbsim ərəfəsində bu məsələ ortaya atılır. Əli Vəlidən soruşur ki, gətirib qapınızın poçt qutusuna atdığm məktubu görüb oxudunmu? Vəli deyir, səndən borc aldığım pulu qaytarmaq haqqında yazdığın məktubumu deyirsən? Əli deyir, bəli, həmin məktubu deyirəm. Vəli deyir, o məktubu nə görmüşəm, nə də oxumuşam. Bu absurd tamaşanın senari müəllifinin saxta sənəd haqqında düzüb-qoşduğu saxta Whatsapp dialoqunda mənzərə bu lətifədəki kimidir. Guya ki, Elşənin qanuni yolla Almaniyaya viza və bu ölkədə vətəndaşlıq alması üçün aramızda vasitəçilik edən Elnurun 10.12.2023 tarixində saat 12:42-də göndərdiyi ismarıca diqqət edək. Həmin mesaj Elşənin hələ saxta sənədi aşkarlamasından öncə göndərilib. Orada Elnur işinin düzələcəyi ilə bağlı Elşənə inam aşılayır və artıq onun görmüş olduğu sənədlərə işarə edərək deyir ki, görmürsən, bəy o boyda Respublika Prokurorluğu  və AND təşkilatı adından sənədlər düzəldib, deməli iş gedir və hər şey yaxşı olacaq. Elşən də 12:43-də ona səs ataraq “qadan alım” deyib, ona təşəkkür edir və deyir ki, olsun təki işim düzəlsin. Bu da sizə Almaniyaya ancaq qanuni yolla getmək istəyən ali təhsilli hüquqşünas Elşənin cavabı! Adam saxta sənədi görüb, işim düzəlir deyə sevinir və üstəlik də bu saxta sənədi ona göndərmiş Elnurun qadasını da alır. İndi bundan sonra da “Tofiq Yaqublu istintaqa səmimi ifadə vermədi və özünü müdafiə üçün əsassız dəlillər gətirdi” deyən Abdullanın cinayət işi adı altında ortaya qoyduğu bu sərsəmləmələri müdafiə edəcəksiniz? İndi sizə bu saxta cinayət işindəki saxta Whatsapp dialoqundan saxta sənəd söhbətinə aid daha bir parçanı təqdm edirəm. Guya ki, Elşən Respublika Prokurorluğu adından onun barəsində verilmiş saxta arayışı görəndən sonra Elnurdan bunun nə demək olduğunu soruşur. Bu soruşma 10.12.2023 tarixində saat 17:32-də baş verir. PA-dan Tofiq Yaqublunu şərləyib həbs etməklə bağlı verilşmiş tapşırığa əsasən müəyyən edilmiş müddət başa çatmaq üzrə olduğundan seytnot vəziyyətində çalışan Abdullada artıq sağlam məntiqin izi-tozu da qalmamışdı. Bu dəmdə anlayıb ki, indiyədək düzüb-qoşduğu şərləmə versiyasına görə pul verib qeyri-qanuni yolla Almaniyaya getmək istəyən Elşənin də cinayət məsuliyyəti yaranır. Eyni zamanda bu boyda ciddi məsələni cəmi bir günə, özü də istirahət günü ərzində həll edilmədiyinə görə adamın özünü aldadılmış sayması olduqca absurddur. Ona görə də düşünüb ki, senariyə bir korrektə eləməlidir ki, Elşənin tezcə polisə şikayət etməsi üçün daha ağlabatan səbəb yaranmış olsun, həm də onun özü məsuliyyətdən kənarda qalsın. Beləliklə də saxta sənəd məsələsini ortaya atır. Bu ana qədər onlar  öz aralarında bir dəfə də olsun saxta sənəd və qanuni yol haqqında danışmayıblar. Baxmayaraq ki, dekabrın 5-dən başlayaraq Abdullanın verdiyi tezis və mövzularla bağlı bir qalın romanlıq söhbət ediblər. Elnur Elşənin həmin səsli mesajına saat 17:36-da cavab verir. Aldı, görək, Elnur nə dedi: “Qardaş, belə bu işlər belə həll olunur da, bu cür olunur da, yəni onlar inandırırlar ki, birinci səfər döyül kü, bunu hazırlıyırlar. Bu təcrübə var ki, bu bir neçə variantnan həmişə eliyirlər ki, hansı tutdu onun üstündə işləyirlər yanı onu təkrar eliyirlər, onu təcrübədən keçirirlər. Hasan başa gəlmir kİ, vətəndaşlıq məsələləri, bu cür eliyirlər də, sən təzyiqlərə məruz qalmısan, ölkədən niyə qaçıb gedirsən ki? Onu mən bayaq sənə ona görə dedim ki, onu heç kimə vermə, heç kimə göstərmə, heç kimə göndərmə ki, başın ağrımasın da sənin. Onu elə düzəldib veriblər, onu fiktivni düzəldib qoyurlar onun içinə, onlar, almanlar, nə bilim ingilislər gəlib nəyisə yoxlamırlar ki, bu düzdür, səhvdir, nə döy. Yanı sakit ol, gözlə gününü, get ancaq günlərini say, sən günləri, saatları say, başqa şey yox. Nömrə bir, vsyo, kifayət eliyir”. Sizcə, işləri mənim qanuni yolla düzəldəcəyimə söz vermiş vasitəçi Elnur “saxtakarlıq faktı” ortaya çıxdıqdan sonra Elşənə bu cür cavab verə bilərdimi? O deməliydi ki, qadaş, sən öl, səni qəbrə qoyum ki, bu sənədlərin saxta olduğunu bilməmişəm, deməli, Tofiq Yaqublu bizi aldadıb, elə bu dəqiqə ondan pulları geri istəyəcəm. Görürsünüzmü, saxta Whatsapp dialoq ilə guya ki, mənim cinayət törətdiyimi sübut etmək üçün “dəlillər” təşkil edən Abdulla şərəfdən olduğu kimi, adi məntiqdən də məhrumdur. Bu səsli ismarıcda bir məqama da diqqət edin. Burada da Elnur Elşəni Almaniya vətəndaşlığı ala biləcəyinə inandırmağa çalışır və narahat olmamağa çağırır. Ona ümid verərkən demir ki, narahat olma, “nömrə bir” sənin işini düzəldəcək, sən də gedib müalicə olunub sağ-salamat qayıdarsan. Bu da Elşənin guya ki, müalicə üçün Almaniyaya getmək istəməsi haqqında Abdullanın uydurduğu yalanın daha bir ifşası. İndi isə bu səsli ismarıcın başqa bir nüansına diqqət yetirək. Baxın, vasitəçi Elnur qanunsuz miqrant alverinin bütün incəliklərini bilirmiş. Sizcə, guya ki, Elşən yaşamaq üçün Almaniyaya getmək istədiyini ilk dəfə Elnura deyəndə və ona kömək etməyi xahiş edəndə, bu cür işlərin necə həll olunduğunu ona deməyə bilərdimi? Və yaxud da Elşən ondan bu işlərin necə “həll ediləcəyini” soruşmaya bilərdimi? Hər iki halda bu, qətiyyən mümkün deyil. Əgər Almaniyada vətəndaşlıq almağın qanuni yolla həlli varsa, həmin qanuni yolla niyə özün həll etmirsən, ay ali təhsilli hüquqşünas, ay polisin ştatlı üzəduranı? Ya da bir iş ki, qanuni yolla həll edilir, yəni niyə ona özün ağırlığında pul verirsən? O necə qanuni işdir ki, rüşvətlə, özü də almanlarla həll edilir. Qayıdıram yenə bayaqkı saxta Whatsapp dialoquna. Fikir verin, Elnur yuxarıda dediyi kimi bu işlərin ancaq saxta sənədlər yolu ilə “həll olunduğu”nu bilirmişsə, Elşənə qanuni yolla Almaniya vətəndaşlığı sözünü necə verə bilərdi? Adam deyir ki, Tofiq Yaqublu bu işdə nömrə birdir, yəni qanunsuz miqrant alverinin başında durur və hamının işini bu üsulla düzəldir.  Deməli, “çox şərəfli” Abdullada olmayan elementar məntiqə görə Elnur Elşənə mənim ona Almaniya vətəndaşlığı almağa kömək edəcəyimi deyəndə, bu işlərin necə düzələcəyini ona mütləq deməliydi, başqa cür mümkün deyil. Maşın və qızıl alverçisinin də bu qədər əhəmiyyətli və bahalı işin necə düzələcəyi ilə maraqlanmadığına inanmaq adamın özünün uzunqulaq olduğunu etiraf etməsi kimi bir şeydir. Diqqət edin, saxta cinayət işinə görə də və həqiqətdə də Elşənin mənimlə heç bir kontaktı olmayıb. Elə isə o, Almaniyaya viza və bu ölkədə vətəndaşlıq məsələsinin qanuni yolla həllini məndən necə rica edə bilərdi? Təbii ki, ancaq Elnurun vasitəsi ilə. Yəni, Elnur mənə deməliydi ki, bu iş ancaq qanuni yolla düzəlməlidir. Onada mən ona bu işi qanuni yolla düzəldəcəyimə söz verməzdim. Deyərdim ki, bu işlər ancaq qanunsuz yolla düzəlir. Axı bu işdə nömrə1-əm və hamının işini məhz belə düzəldirəm. Bu variant sizi qane edirsə, işə başlayaq. Ya da yalandan söz verməliydim ki, ancaq qanuni olacaq, təki siz pulları verin. Əgər mən bu işi qanuni yolla yox, qanunsuz yolla düzəltsəydim, bunu ona deməzdim, çünki onda sövdəmiz baş tutmayacaqdı və Elşən də pulları verməyəcəkdi. Tutaq ki, bəri başdan Elşəni aldatmaq niyyətim var idi. Əgər mən düzəltdiyim saxta sənədlərin köməyi ilə yalnız Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətləri əsasında ona Almaniyada vətəndaşlıq düzəldə bilirdimsə, bu halda məndən heç bir sənəd istəməmiş və bu işlərin ancaq qanuni yolla düzəlməsini istəyən Elşənə bu işi pozacaq saxta sənədləri niyə göndərirdim? Sanki metroya minən narkotik alverçisi polisin ona heç əhəmiyyət vermədiyi halda içində narkotik olan çantanı uzadır ki, al bunu yoxla! Yox, əgər Almaniyada vətəndaşlıq məsələsinin qeyri-mümkün olduğunu bildiyimdən sadəcə olaraq Elşəni aldadıb onun pullarını ələ keçirmək niyyətim olsaydı belə, yenə də mən saxta sənədləri bu işi qanuni yolla həll edəcəyimə söz verdiyim Elşənə göndərə bilməzdim. Digər tərəfdən, Elşənə o sənədlər lazım deyildi axı. O, o sənədləri neyləyəcəkdi ki? Axı saxta cinayət işinin materiallarına görə bu işdə onun vəzifəsi şəxsiyyət vəsiqəsinin, pasportunun kserosurətlərini və pulları verdikdən sonra oturub bir gün ərzində Almaniyaya viza  və bu ölkənin vətəndaşlığının pasportunu gözləməliydi. İndi isə Elnurun ilkin istintaqa verdiyi çoxsaylı ifadələrindən birinə diqqət edək. O deyir ki, guya ki, 08.12.2023 tarxində pulları mənə verəndə, mən ona AND təşkilatı və Respublika Prokurorluğu adından sənədlər vermişəm. O, həmin sənədlərə baxıb, onları oxuyub və sonra da telefonla şəkillərini çəkərək Whatsappla Elşənə göndərib. Elnur ifadələrində Respublika Prokurorluğu adından verilmiş guya Elşənin istintaqa çağırılması haqqında saxta sənəd barədə danışarkən deyir ki, mən Elşənin heç vaxt prokurorluğa çağırılmadığnı bilirdim. Elə isə sual yaranır. Əgər o, Elşən üçün ancaq qanuni yolla Almaniya vətəndaşlığını xahiş etmişdisə, Respublika Prokurorluğu adından saxta sənədi görəndə buna etiraz etməli deyildimi? Və ya həmin gün sənədlərin fotosunu Elşənə göndərənda, bu haqda ona deməli deyildimi? İfadəsinin bir yerində Elnur deyir ki,  belə işlərin ancaq bu yolla düzəldiyini guya ona  mən demişəm. Ona görə də Elşən saxta sənədi görüb etiraz edəndə, ona o cür izahat verib. İndi  sizə Abdullanın bu yalanının da nə qədər absurd olduğunu izah edim. Elnur ilkin istintaqda da, üzləşmədə də və məhkəmədə də bildirdi ki, o, mənimlə sonuncu dəfə 08.12.2023 tarixində, guya ki, pulları mənə verdiyi gün görüşüb. Həmçinin guya sonuncu Whatsapp əlaqəsi də görüş yerini müəyyənləşdirmək üçün həmin gün olub, ondan sonra mənimlə heç bir kontaktı olmayıb. Elə isə guya ayın 10-da sənədlərin saxta olduğu “aşkar olunanda”, bu işlərin anacq belə düzəldiyini Elnura necə deyə bilərdim? Görürsünüzmü, “çox ağıllı” və “çox şərəfli” Abdullanı nə günə qoyuram. Hər yalanını, şərini, böhtanını fərqli-fərqli rakuslardan necə öldürücü şəkildə ifşa edirəm. Bütün bu tərbiyəsiz uydurmaları və əclaflıqları sanki 3D formatında qabağınıza qoyuram. Bu işi sifariş verənlərə və düzüb-qoşanlara bir daha deyirəm ki, məni şərləmək üçün şərəfsizliyiniz və nakişiliyiniz yetərincə olsa da, ağlınız və məntiqiniz buna çatmaz. Hələ bu, guya ki, saxta sənədin üzə çıxması haqda Whatsapp sərsəmləməsinin hamısı deyil. Elşənin həmin sənədi guya ki, hələ dekabrın 8-də gördüyünü burada sübut etmişəm. Bir daha xatırladıram, Elnur deyir ki, ayın 8-də guya pulları mənə verəndə, mən ona saxta sənədləri vermişəm, o da elə oradanca onların şəklini çəkib Elşənə göndərib. Onların hər ikisi məhkəmədə bunu təsdiqlədilər. Elşən o zaman saxta sənədə etiraz etməyib. Amma saxta Whatsapp dialoqunda Elşənin saxta sənədləri ilk dəfə görməsinin bir versiyası da belədir ki, o, onları 10 dekabr tarixində saat 12:34-də görübmüş. Amma saxta sənədə etirazını bundan 5 saat 16 dəqiqə  keçəndən sonra, 17:50-də edir. İndi buna nə deyəcəksiniz? Almaniyaya ancaq qanuni yolla getmək istəyən ali təhsilli hüququşunas Elşən bu müddətdə çorta getmişdi? Səbəbi çox sadədir, suflyor Abdulladan “saxta sənədə” etiraz etmək barədə göstərişi geç alıbmış.

Burada bir xatırlatma çox yerinə düşər. Səhv etmirəmsə, 2017-ci ildə Respublika Prokurorluğu qanunsuz miqrant biznesi ilə məşğul olan bir şəbəkəni ifşa etdi. Axtarış zamanı onların evlərindən və iş yerlərindən Respublika Prokurorluğu, DİN, Müsavat Partiyası, AND və AXCP adından düzəldilmiş çoxlu sayda saxta möhürlər, ştamplar və blanklar ələ keçirilmişdi. Bu cinayət işi üzrə xeyli adam cinayət məsuliyyətinə cəlb olundu və bəziləri halhazırda məhkumluq həyatı yaşayırlar. Mənim həbsim birbaşa İlham Əliyevin sifarişi  olduğundan təbii ki, prokurorluq da bu işə cəlb olunub və o həmin saxta möhür, ştamp və blankları istifadə etmək üçün müstəntiq Abdullaya verib. O da onlardan özünü ifşa edəcək şəkildə istifadə edib. Burada bir dəhşətli məqamı qeyd etmək istəyirəm. Stalinin repressiya illərindən danışan köhnə kişilər deyirdilər ki, suçsuz adamı tutub güllələyirdilər, sonra da gəlib onun ailəsindən 3 manat məbləğində “güllə pulu” alırdılar.  Mahiyyətcə mənə qarşı da eyni cür davranılır. Dövlət resurslarından istifadə edərək, bu dövlətin qurulması və onun ərazilərinin qorunması üçün mübarizə aparmış, vuruşmuş mənim adımdan saxta sənəd düzəldirlər, sonra da bir yalançı ekspertiza keçirib həmin sənədlərin saxta olduğunu sübut edirlər və ekspertiza xərclərini “güllə pulu” kimi özümə ödətdirirlər. Bu xalqın on milyardlarla sərvətini oğurlamış, amma qazisinə dilənçi payı kimi cəmi 80 manat müavinət verən bu hakimiyyət ekspertiza xərcləri üçün məndən yüzlərlə manat pul tələb edir. Güllədən söz düşmüşkən, nənəmin dilindən düşməyən bir qarğışı varıydı. Deyərdi, görüm mərdimazarı qızıl gülləyə tuş gəlsin! Burada baş verənləri görəndə, heç kimin içində heç nə tərpənmirmi, azacıq da olsa bir qımıldanma da hiss etmirsinizmi? Belə getsə, bir azdan bu zaldakı cansız mebellər və digər avadanlıqlar bu boyda haqsızlığa dözməyərək sizin əvəzinizdən etiraz edib, hayqıracaqlar. Amma bununla yanaşı mən əminəm ki, məhkəmə istintaqı prosesində , eyni zamanda  son sözümdə üzə çıxardığım ziddiyətləri, cəfəngiyyatları, həmçinin mənə bəraət verilməsi üçün təqdim etdiyim alibiləri gördükcə elə bugünkü prosesdəcə imkan tapıb yuxarıdakılara  “biabır olduq”, “bu işi Abdullaya həvalə edənin evi yıxılsın”, “Abdulla kimi müstəntiqin başına daş düşsün, işi batırıb” və s. tipli mesajlar göndərirsiniz.

İndi də guya ki, sənədin qanuni olmadığını görən Elşənin şikayət etməsi məsələsinə gələk. Burası əsl komediyadır. Ali hüquq təhsili almış “Getcontact”a görə bəzilərinin vəkil kimi tanıdığı Elşən, sən demə, düşünürmüş ki, onun kimisinin Almaniyada vətəndaşlıq almağının qanuni yolu varıymış! Bu, ona bənzəyir ki, mən hüquqşunas Elşənə qanuni yolla narkotik, silah və insan alveri, həmçinin terror təşkilatında fəaliyyət göstərməsi üçün imkan yaratmağa söz vermişəm, o da buna inanıb. Bir daha deyirəm, Elşənin nə Almaniya getmək niyyəti olub, nə bu məqsədlə heç kimdən borc pul almayıb, nə də ki, Elnura pul verməyib. Avropada sığınacaq almaq üçün ölkədəki siyasi repressiya və təqiblərdən qaçaraq pənah gətirdiyini deməlisən və sübut etməlisən. Bunu hətta uzunqulaqlar da bilir və təbii ki, mühacirətə getmək planı olmayan ali təhsilli hüquqşünas Elşən də bilirdi. Kimsə durub desə ki, Elşən bunu bilməyə bilərdi, elə o da onun tayıdır. Təbii ki, son anda “bir günə viza və Almaniya vətəndaşlığı” məsələsindən “saxta sənədə” niyə keçildiyi haqda mənim  versiyalarım var, amma bunlar ancaq mülahizə olduğundan o haqda danışmaq istəmirəm və buna heç ehtiyac da yoxdur. Amma onlardan birini mütləq qeyd etmək istəyirəm. Senarist Elşənin mühacirətə ancaq “qanuni yolla” getmək istəməsi məsələsini pyesin senarisinə həm də ona görə daxil edib ki, onu cinayət məsuliyyəti altına salmasın. Abdulla şərləməyi əvvəlcə “pulu alıb işi düzəltməmək” variantı ilə planlaşdırırdısa, dekabrın 7-də saxta sənəd versiyasına keçib. Ona görə də 07.12.2023 tarixindəki saxta Whatsapp dialoqunda Elşəni sənəd haqqında ilk dəfə danışdırıb. Əgər məsələni təkcə Elşənin pulunun mənimsənilməsi versiyası üzərində qursaydılar, onda mühacirətə getmək üçün pul verib saxta sənədlər almış Elşənin də məsuliyyəti yaranacaqdı. Hər ehtimala qarşı bu “aydan arı, sudan duru” adamı riskə soxmamağa qərar verilib

Görünən odur ki, Elşən şikayət edəndə bir səbəb göstərir, ifadə verəndə də başqa. Əsas məsələ odur ki, bu saxta sənəd məsələsində də bunu düzüb-qoşmuş Abdulla yenə özünü batırıb, özü də sözün bütün mənalarında. Abdullanın versiyasına görə Elşən AND adından ingiliscə yazılmış sənəddə olan “saxtakarlığı” başa düşməyib, hərçənd ki, bu da puç versiyadır. Çünki orada başa düşüləsi heç nə yoxdur. Adam latın qrafikası ilə oxuya bilir və görməliydi ki, bu sənədin ona dəxli yoxdur, orada yazılanlar saxta məlumatdır. İngilis dili müəllimi ailəsində böyümüş, ingilis dilindən qəbul imtahanı verib universitetdə ali hüquq təhsili almış Elşənin “member of AND organization” ifadəsini anlamaması çox da inandırıcı deyil. Bunu qoyaq bir kənara. Abdullanın düzüb-qoşduğu  10.12.2023 tarixli Whatsapp dialoqunda saat 12:34-də Elnur Elşənə deyir ki, indi sənə sənədlər göndərdim, ondan əvvəl də göndərmişdim və bir hissəsini də göndərəcəm. Stop! Abdulla düzüb-qoşduğu saxta cinayət işində yalnız bir dəfə göndərilmiş  AND və Respublika Prokurorluğu adından olan sənədlərdən danışır. Bəs, ondan əvvəl göndərilmiş sənədlər hansılardır? Onlar niyə Elşənin telefonun qalareyasından və ya Elnurun “ofisindən” çıxmayıb? Sonra göndərəcəyim sənədlər nə haqda olmalıydı? Yalançının yaddaşı olmur axı. Yoxsa həmin sənədlər qanuni olub, ona görə də Abdulla onlarla maraqlanmayıb, onu ancaq “saxta”  sənədlər maraqlandırırmış? Görün, bir dürüst adamı şərləmək üçün necə yaramazlıqlar və şərəfsizliklər edirlər. Hələ bundan əvvəl 09.12.2023 tarixli saxta Whatsapp dialoqunda saat 18:27-də Elnur Elşənə deyir: “Qardaş, sənin də axşamın xeyir, hər vaxtın xeyir olsun, dünənnəri o amanatı verdim, sənədlərin bəzilərini verdi, bəziləri də qaldı. İndi onları da götürmüşəm, verəcəm sizə”. Baxın, burada da Elnur deyir ki, guya o, hansısa sənədləri məndən artıq götürübmüş. Onun ilkin istintaqda və məhkəmədə verdiyi ifadələrinə görə həmin saxta sənədləri guya ayın 8-də pulu alanda Elnura vermişəm. Ayın 9-da göndərdiyi bayaqkı səsli mesajda bəzilərini də indi götürdüyünü deyirsə, deməli, biz onunla ayın 9-da da görüşmüş oluruq. Elnur ilkin istintaqa və məhkəməyə verdyi ifadələrində deyir ki, pulların və sənədlərin alınıb-verilməsi üçün mənimlə ancaq 08.12.2023 tarixində, yəni bircə dəfə görüşüb. Görürsünüzmü, “çox şərəfli” və “çox ağıllı” Abdulla işi əsl həftəbecərə çevirib. Heç nə uyğun gəlmir, heç nə yerinə oturmur. Əvvəla, saxta cinayət işinin materiallarına görə  mən Elşənə heç bir sənəd verəsi deyildim. Guya sadəcə olaraq onun şəxsiyyət vəsiqəsinin, pasportunun kserosurətlərini və pulu aldıqdan sonra bir gün ərzində həmin sənədlər əsasında ona Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzəltməliydim. Artıq izah etmişəm ki, saxta sənəd məsələsini Abdulla ona görə sonradan bu saxta cianyət işinə əlavə edib ki, Elşənə də cinayət məsuliyyəti yaranmasın. Çünki xaricə getmək üçün bilə-bilə saxta sənədə pul verməyin özü də cinayət tərkibi yaradır. Yəni, pulu verdikdən sonra bir gün ərzində viza və Almaniya vətəndaşlığı məsələsinin  həllini gözləyib. Bundan əlavə, saxta Whatsapp dialoqunda 10.12.2023 tarixində saat 12:30-da Elşən Elnura səs atıb deyir ki, at o sənədləri mənə, bir baxım görüm nə var, nə yox. Görürsünüzmü, senaridə edilmiş dəyişiklikdən sonra Elşənin şikayət etməsinə “səbəb” yaratmaqdan ötrü saxta sənəd məsələsini ortaya atmaq üçün necə meymunluq edirlər və nəticədə “yalançının yaddaşı olmaz” qızıl qaydasına görə gülünc vəziyyətə düşürlər. Təsəvvür edin ki, biri məclisdə yanındakılarla söhbət edir. Söhbət tamamilə başqa mövzudadır, amma ona çox lazımdır ki, dünən axşam evdə oturub futbola baxdığını desin. Birdən-birə futbol mövzusuna keçmək onun işinə yaramır. Adamlar duyuq düşə bilər və qurduğu plan pozula bilər. Ona görə də o, guya təsadüfən gözünə sataşdı kimi davranaraq, xeyli aralıda otumuş bir nəfəri göstərir ki, o adam necə də “Qarabağ”ın  baş məşqçisi Qurban Qurbanova oxşayır. Bundan sonra söhbəti futbolun üstünə gətirmək çox rahat və təbii olur. Bax, saxta Whatsapp dialoqundakı sənəd-mənəd söhbəti senaridə edilmiş dəyişikliyə uyğun olaraq saxta sənəd söhbətini ortaya çıxartmaq üçündür.

Elnurun nə bir QHT-si olub, nə də ki, ofisi. Bu dəqiqə Elnuru buradan buraxıb desək ki, bizi ofisinə apar, ofis o yana dursun, heç o ərazini tapa bilməz. Orada cəmi bir dəfə olub, o da ki, guya orada axtarış aparılanda. Yalançı ofisə pulları və sənədləri Abdulla özü qoyub və sonra da “tapıb”. Bəli, Abdulla çaşıb. O, məni şərləmək üçün əvvəlcədən pul və saxta sənədlər tədarük edib, sonra onlardan istifadə edəndə diqqətsizlik edib. O, Elnurun yalançı ofisinə  özü ilə gətirdiyi pullardan başqa, saxta sənədləri, çaşıb həm də Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətlərini qoyub və beləliklə, özünü yandırıb. Bu haqda ətraflı məlumat verəcəm.

İndi deyəcəyim məqamları məhkəmə istintaqı zamanı xüsusilə araşdırdıq. Təkcə bu fakt kifayətdir ki, hakim Abdulla Cəlilli, guya ki, pulların üstündə mənim barmaq izlərimi tapmış ekspert Hüseyn Həsənov, Elşən Hüseynov, Sədaqət Hüseynova və Amil Dadaşov haqqında cinayət işinin başlanması, Elnur Məmmədovun isə ittiham olunduğu maddələrin  dəyişdirilməsi haqda qərar versin. Təbii ki, bu baş verə bilməz, çünki mahiyyətcə müstəntiqlə hakim eyni adamdırlar. Saxta cinayət işinin materiallarına görə guya 05.12.2023 tarixində Elşən şəxsiyyət vəsiqəsinin və pasportunun surətini NRM qarşısına gətirib, onu orada Elnura verib, o da mənə verib. Burada Abdullanı cinayət üstündə yaxalayırıq. Qeyd edim ki, yeni nəsil şəxsiyyət vəsiqələrində və ümumvətəndaşlıq pasportlarında ünvan göstərilmir. Guya ki, Elşənin prokurorluğa çağırılması haqqında düzəltdiyim  saxta sənəddə onun ev ünvanı gösətirilir. Məhkəmə istintaqı zamanı da üzəduranlar təsdiqlədilər ki, nə Elşən Elnura, nə də ki, Elnur mənə başqa sənəd verməyib. Bəs buna nə deyəcəksiniz? Mənə bəraət verməmək üçün hansı hoqqalardan çıxacaqsınız? Mən onun ev ünvanını haradan bilə bilərdim? Məsələ aydındır, sənədi Abdulla özü tərtib edib, çünki o, Elşənin ünvanını ya onun özündən, ya da DİN-in müvafiq sistemindən istifadə edərək öyrənib. Buna sözünüz nədir? Bu boyda faktdan sonra hansı üzlə və vicdanla mənə bəraət verməyəcəksiniz? Bunu etməmək üçün insan əvvəlcə şərəfsiz olduğunu uca səslə boynuna almalıdır. Hələ bu harasıdır? Əgər Elnur Elşəndən sənədlərin surətini alıb mənə vermişdisə, o sənədlər onun qondarma ofisindən necə çıxa bilərdi? Məhkəmə istintaqı zamanı Elnur dönə-dönə və qətiyyətlə təsdiqlədi ki, o, Elşəndən ancaq şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətlərini alıb və 05.12.2023 tarixində NRM-nin qarşısında guya mənə verib. O, Elşənin verdiyi sənədlərə heç nə əlavə etməyib, onların arasından da heç nə götürməyib. Elşən də təsdiqlədi ki, o iki kserosurətdən əlavə ona heç bir sənəd və ya kserosurət verməyib.

İndi isə 08.05.2024 tarixində Elnurdan 3-cü dəfə ifadə almaq zərurətnin yaranma səbəbini izah edim. İttiham aktını hazırlayarkən, sənədlərə göz gəzdirən Abdulla görüb ki, Elnur 30.12.2023 tarixində Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində müayinədən keçəndə, ondan ittiham olunduğu əməl barəsində soruşularkən, o deyib ki, Elşəndən 25 min avro və min manat alıb, Tofiq Yaqubluya verib.  Abdullanın senarisinə görə isə Elnur “min” yox, “10 min manat” deməliydi. Elnur Elşəndən pul almadığı və mənə də pul vermədiyi, həm də onun dilindən yazılmış ifadələri Abdullanın özü hazırlayıb, sadəcə olaraq ona oxumadan qol çəkdirdiyi üçün ona deyilmiş rəqəmləri unudub. “10 min” onun yadında “min” kimi qalıb. Beləliklə, 08.05.2024 tarixində “çox ağıllı” Abdulla Elnurdan 3-cü dəfə ifadə alır.  Daha doğrusu, 3-cü dəfə onun adından ifadə yazır. Elnur da sanki Zəlimxan Yaqub kimi sinədəftərcəsinə 11.12.2023 və 13.12..2023 tarixlərində verdiyi 4 səhifəlik ifadəsini 3-cü dəfə də olduğu kimi təkrarlayıb. Sadəcə olaraq Abdulla sonradan aldığı ifadənin sonuna malalama hissəsini əlavə edib. Məşqçi üç təkanla tullanan idmançını rekord üçün 18m məsafəyə tullanmağa hazırlayır. İdmançı hər dəfə bir sıçrayışla 18m məsafəyə tullanır. Axırda əsəbləşmiş məşqçi deyir: “Ay zırrama, bunu birdəfəyə yox, 3 yerə bölərək tullan”. Abdullanın Elnurun adından yazdığı ifadə də həmin lətifədəki vəziyyətdir. Heç olmasa, o ifadələri 3 yerə bölüb ayrı-ayrı və yeni ifadə kimi sırımaq olardı. İfadəyə edilmiş əlavələrdə “çox ağıllı” Abdulla Elnurun dilindən yazır ki, guya 08.12.2023 tarixində Elşənin pullarını mənə verəndə, mən onun şəxsiyyət vəsiqəsinin və pasportunun surətini ona qaytarmışam. Yəqin ki, hamınız bu boyda absurdun olmasından şoka düşdünüz. Məgər mən həmin kserosurətlər əsasında etrəsi günü gedib Almaniya səfirliyindən Elşənə viza və bu ölkənin vətəndaşlığnı alası deyildimmi? Onları niyə geri qaytarmalydım ki? Tam ciddi deyirəm, bu qədər sarsaq versiyanı yazmış adamı mütləq psixiatrik müalicəyə göndərmək lazımdır. O kserosurətlər mənə niyə verilmişdi və mən onları niyə geri qaytarmalıydım? Adam bu dərəcədə sarsaqlığı təsvir etmək üçün ifadə tapa bilmir. Bunun niyə baş verdiyini izah edim. Bu saxta cinayət işində Elnurla Tofiq Yaqublunun zəngləşmələri və yazışmaları yer almırsa, mobil rabitə operatorlarının işdə keçən telefon nömrələri ilə bağlı istintaq üçün çox əhəmiyyətli zənglər və dislokasiya məlumatları yoxdursa və s. bu, o deməkdir ki, Abdulla törətdiy cinayətin üzə çıxamamsı, gözə çarpmaması üçün sənədlərlə ciddi manipuliyasiya edib. Təbii ki, o, Elnurun adından yazdığı birinci ifadədə Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətlərini ona “qaytardığımı” yaza bilməzdi. O, Elnurun ifadəsini aldıqdan sonra, guya ki, onun ofisində axtarış aparıb və orada 3 min manat və saxta sənədlərlə yanaşı, həm də Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun  kserosurətlərini “tapıb”. O, sadəcə olaraq çaşıb və məni şərləmək üçün tədarük etdiyi pul və saxta sənədlərlə yanaşı, hamısı bir qovluqda saxlandığından kserosurətləri də “tapmaq” üçün ofisə qoyub. Sonra ayılıb ki, ciddi səhvə yol verib, kserosurətlər orada olmamalıydı. Vəziyyəti düzəltmək üçün Elnurun yalançı ofisində yenidən axtarış aparılması səhnələşdirilməli və bu dəfə kserosurətlərin oradan “tapılmış” sənədlərin içində olmaması lazım gəlirdi. Abdullanın bunu etmək imkanı varıydımı? Çox çətin məsələdir. Axı yenidən rəsinin adına ərizə yazıb, axtarış aparmaq məqsədi ilə Elnuru və Müvəqqəti Saxlama Yerindən çıxarmağa icazə almaq lazım gəlirdi. Təbii ki, Abdulla bunu yaza bilməzdi. Çünki bu biabırçı səhvə görə rəisin qəzəbinə tuş gələ bilərdi. Digər tərəfdən, əvvəlki axtarışda iştirak etmiş adamları yenidən toplamaq, yeni şəkillər çəkmək, yeni mətndə protokol yazmaq, imzalatmaq və s. lazım gəlirdi. Abdulla isə peşəkar saxtakar kimi çox asan yol seçib. Elnurun adından yazdığı ifadəni yenidən yazaraq guya ki,  08.12.2023 tarixində pulları mənə verdikdə, mənim də Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətlərini ona “qaytarmağım” haqda bir cümlə artırıb və yenidən imzalatdırıb. Abdulla həmin kserosurətlərin Elnurun “ofis”ində tapılması üçün zəmin hazırlamaq istəyib. Kserosurətlər məsələsində Abdullanı heç bir variant xilas etmir. Onları mən Elnura “qaytarmış” olanda da fiaskodur, özümdə “saxlayanda” da. Buna görə də Abdullanın vəziyyəti bir nağıldakı ovçunun düşdüyü vəziyyətlə eynidir. Nağılda quş gənc ovçuya deyir ki, məni vursan atan öləcək, vurmasan anan. Bax, Abdulla özünün saxtakarlığı ilə özünü belə girinc qoyub. Bu da sizə şərin və yalanın adamı necə gicbəsər vəziyyətə salmasının əyani sübutu. 11.12.2024 tarixindən sonra Elnurdan alınmış ifadələrin bir məqsədi olub. Abdulla buraxdığı səhvləri malalamaq üçün əvvəlki ifadəni nöqtə-vergülünə toxunmadan, olduğu kimi saxlayıb malalama üçün lazım olan hissəni mətnin sonuna əlavə edib. Elnurdan aldığı 08.05.2024 tarixli  İfadənin sonunda da Abdulla onun psixiatrik ekspertiza zamanı “10 min” əvəzinə “min” deməsini də malalamağa girişir, niyə belə dediyinin səbəbini soruşur. O da deyir ki, ola bilsin ki, fikirli olduğumdan belə demişəm, ya da ekspert texniki səhv edib. Hə, ay Femida zəhmətkeşləri, indi də siz baş sındırın ki, bu biabırçılığı necə malalayacaqsınız? Burada sizə bir xatırlatma edim, bəzən olur ki, futbol hakimi epizodu dəqiq görə bilmədiyi üçün yanılaraq vicdanlı səhv qərar verir. Bu zaman tribunalardakı onminlərlə tərəfdar, ekran qarşısındakı yüzmilyonlarla tamaşaçı onu lənətləyib, söyüşə qərq edir. Halbuki bu sadəcə olaraq bir oyundur. Amma sizlər bilə-bilə insanların həyatını məhv edəcək səhv və ədalətsiz qərarlar çıxarırsınız. Özü də bilə-bilə ki, cəmiyyət sizin bu “qəhrəmanlığınızı” necə dəyərləndirəcək. Hələ bunun gələcəkdə mütləq qaydada qanun qarşısında cavab vermək perspektivi də durur. Fikirləşin, görün, bunu kimdən ötrü edirsiniz və buna dəyərmi? Burada bir məsələni qeyd edim ki, məntiqlə “çox ağıllı” Abdulla Elnurdan yox, məndən bir neçə dəfə ifadə almalıydı. Axı mən “cinayətimi” etiraf etmirəm və Elşənin pullarının qalan hissəsinin yerini demirəm. Yeri gəlmişkən, “çox şərəfli” Abdullanın bir dəfə də olsun mənə pulların qalan hissəsi haqda sual verməməsi, onları qaytarmağı tələb etməməsi də sübut edir ki, o bilir ki, bu cinayət baş verməyib, Elşən heç kəsə pul verməyib və bütün bunlar özünün uydurmasıdır, 7 min avronu və 2500 manatı da özü bizim evə qoyub. Adam Elşənin 25 min avrosunu və 10 min manatını axtarırsa, bu istiqamətdə çalışmalı deyildimi?

Yadınızdadır, birinci məhkəmə iclasında israrla tələb etdim ki, mənə 1 faizlik ədalətli məhkəmə qurun, bu, mənə yetər. İndi o sözlərimi geri götürürəm. 1 faiz sizin üçün çox ağır olar, elə mənə də o qədər lazım deyil. 0,1 faizlik ədalətli məhkəmə mənim üçün yetərlidir. Əgər sizdə insanlıqdan, şərəfdən, ləyaqətdən, ədalətdən və cəsarətdən 0,1 faiz pay varsa, bəraət alaram. Bilirəm ki, burada baş verənlər haqqında yuxarılara ətraflı məlumat çatır. Bununla belə mənə hökm oxunmasında israrlıdırlar. Bax, ölkə bu cür insanlarla, bu cür düşüncə ilə idarə olunduğuna görə biz müxalifətdəyik. Siz isə belə bir antiinsani və antixalq rejiminin öz qanunsuz və cinayətkar hakimiyyətini davam etdirməsi üçün onun əlində təqsirsiz, ədalətli və cəsarətli insanlarını cəzalandırmaq üçün kötək rolundasınız. Sizin müstəqil qərar vermək imkanınız yoxdur. Parklarda yəqin ki, uşaq qatarlarını görmüsünüz. O qatarlar əyri-üyrü relslərdə qapalı bir dövrə üzrə hərəkət edirlər. Həmin qatardakı vaqonlarda simvolik sükanlar quraşdırılıb və hər döngəyə çatanda uşaqlar həvəslə sükanı döngəyə uyğun fırladırlar və bundan çox xoşbəxt olurlar. Elə bilirlər ki, qatarı onlar idarə edirlər. Azərbaycan məhkəmələri də məhz bu uşaq qatarları kimidir və uşaqlardan fərqli olaraq hakimlər bilirlər ki, bu cür siyasi məhkəmə proseslərini onların əvəzindən yuxarıdan idarə edirlər. Rəzalət burasıdır ki, hakimlər buna heç kimin inanmadığını bilə-bilə özlərini elə aparırlar ki, guya prosesi onlar idarə edirlər. Nə qədər çalışsanız da, mənim burada mühakimə olunmağımın hüquqi məhkəmə prosesi yox, bir siyasi cəza tədbiri olduğunu gizlədə bilməzsiniz. Bu, hətta adi prosedur və reqlament baxımından da aydınca görünür. Baxın, hakim olduğunu əyninə geyindiyi mantiya və oturduğu kürsü ilə sübut etməyə çalışan Elnur Nuriyev dəfələrlə israrla tələb etməyimə baxmayaraq, ilk iki  prosesdən sonra jurnalistlərin video və audio qeydlər etməsinə imkan vermədi. Hər dəfə tələb etdikdə, heç zərrə qədər utanıb-çəkinmədən bunun üçün jurnalistlərin akreditasiyadan keçməli olduqlarını bildirdi. Nə qədər tələb etdimsə, bu tələbin harada yazıldığını demədi. Təbii ki, deyə də bilməzdi, çünki belə bir norma yoxdur. Əgər video və audio qeydlər aparmaq üçün jurnalistlərin akreditasiyası tələb olunursa, ilk iki prosesdə jurnalıistlərin akreditasiya olmadan video və audio çəkilişlərinə niyə icazə verdi? Axı onda da heç bir jurnalist akreditasiyadan keçməmişdi. Mən istintaq təcridxanasında hər gün müxtəlif telekanalların xəbərlər proqramında kriminal xəbərlər bölümünü də izləyirəm. Bu zalda hakim mantiyası geyinib oturmuş şəxslər teleulduza çevriliblər. Onların apardıqları müxtəlif məhkəmə proseslərindən telekanallar geniş reportajlar verirlər və təbii ki, oradan reportaj hazırlayan jurnalistlər heç bir akreditasiyadan keçmirlər. Yeri gəlmişkən, ölkə televiziyalarının bu məhkəmə prosesinə diqqət ayırmamaları da bunun siyasi sifariş əsasında keçirilən bir proses olduğunun və mənim təqsirsizliyimin göstəricisidir. Necə olur ki, arvadını öldürənin, mal-qara oğurlayanın, qanunsuz torpaq satmış bələdiyyə sədrinin və s. məhkəmə prosesləri haqqında cəmiyyətə məlumat vermək lazım bilinir, amma demokratik müxalifətin rəhbərlərindən birinin məhkəməsi haqqında cəmiyyətə informasiya çatdırılmasına ehtiyac duyulmur? Əmin olun, əgər bu proses bir siyasi repressiya tədbiri olmasaydı və mən həqiqətən də cinayət işləmiş olsaydım, iqtidarın bütün televiziyaları bütün proseslərdə akreditasiyasız-filansız iştirak edəcəkdilər, geniş reportaj verəcəkdilər. Hakimiyyət bu faktdan istifadə edərək, bütövlükdə demokratik müxalifəti gözdən salmaq fürsətini heç əldən qaçırardımı?

Baxın, ilk məhkəmə proseslərindən sonrakı bütün məhkəmə prosesləri 2-3 həftədən bir olmaqla iş gününün qurtarmasına bir saat və ya saat yarım qalmış vaxta təyin edilirdi. Bu, o deməkdir ki, PA-dan gəlmiş göstəriş əsasında məhkəmə prosesini mümkün qədər uzatmaq lazım gəlirdi. “Azərbaycanda məhkəmə müstəqildir və onun işinə heç kim müdaxilə edə bilməz” deyən yalançı və riyakar hakimiyyət sifarişli siyasi məhkəmə proseslərini beynəlxalq konyukturaya uyğun olaraq tənzimləyir. Bunun çox parlaq sübutu 18 oktyabrdakı məhkəmə prosesindən sonrakı prosesin qeyri-müəyyən vaxta qədər təxirə salınmasıdır. Həmin dövrdə davam edən digər siyasi məhkəmə prosesləri ilə də bağlı eyni cür qərar qəbul edilmişdi. Çünki COP29 öncəsi Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hakimiyyətə beynəlxalq təzyiqlər artmışdı və qarşıda ABŞ-dakı prezident seçkiləri dururdu. Hakimiyyət durumu axıradək təhlil edə bilmirdi və siyasi məhkəmələrin gedişatı ilə bağlı çaşqınlıq içində idi. Növbəti məhkəmə prosesinin noyabrın 29-na təyin edilməsi bilirsiniz nə vaxt baş verdi?  Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin ertəsi günü. PA-da hansısa arqumentlə qərara gəlmişdilər ki, siyasi məhkəmə prosesləri davam etdirilsin. Nə bilim, bəlkə də noyabrın 29-dək yaranmış fasilədə sizi boş oturmağa qoymayıblar. COP29 tədbirlərində demokratik Fransaya qarşı qarayaxma kampaniyasına qoşularaq Yeni Koledoniyada aborogenlərin hüquqlarının pozulması haqda çıxışlar etmisiniz. Bir hüquqşünas kimi bundan çox narahat olduğunuzu dilə gətirmisiniz, Makronu da yaxşıca söymüsünüz, üstündən də “cənnət görmək istəyən Azərbaycana gəlsin” nəğməsi oxumusunuz. Sizdən nə desən çıxar. Görünən odur ki, Azərbaycan insan hüquqları və məhkəmənin müstəqilliyi sahəsində anoloqu olmayan “inkişafa” nail olub. Bəlkə bir az yavaşlayasınız? Amma 14.02.2025 tarixli məhkəmə prosesində vəziyyət qəfildən dəyişdi. PA-dan hansısa konyuktr səbəblərdən Tofiq Yaqublunun məhkəmə prosesini tez yekunlaşdırmaq tapşırığı verilmişdi deyə, adətən 2-3 həftədən bir, özü də iş gününün sonuna yaxın məhkəmə prosesi təyin edən hakim Elnur Nuruyev bu dəfə növbəti məhkəmə prosesinin başlama vaxtını da xeyli ertəyə çəkməklə cəmi 5 gün sonraya-fevralın 19-na təyin etdi. Fevralın 19-dakı məhkəmə prosesində hələ sübutların qiymətləndirilməsi davam edəcəkdi. Çünki mən bildirmişdim ki, növbəti məhkəmə prosesində sübutlarımı təqdim edəcəm. Yəni heç kim, o cümlədən prokuror həmin sübutları dinləməmiş və təhlil etməmiş yekun qərara gələ bilməzdi. Amma mən sübutlarımın təqdimatını bitirən kimi hakim prokurora söz verdi. Prokuror hazırlaşmaq üçün vaxt istəmədən, həmişə dərsə hazır gələn əlaçı şagirdlər kimi dərhal çıxışa hazır olduğunu bildirdi və çıxışa başladı. Təbii ki, çıxışını yazıb gətirdiyi hazır mətndən oxudu. Onun çıxışından əvvəl mən məhkəməyə onlarla sənədli sübutlarımı təqdim etmişdim. Dünyada heç bir mərifətsizin və əclafın dana bilməyəcəyi həmin sübutları təqdim etdikcə, onlar barədə geniş izahat verdim və bu, uzun vaxt çəkdi. Bəs prokuror bu sübutları niyə nəzərə almadı? Onun heç olmasa ağlı ona çatmadı ki, məhkəmə imitasiyası yaratmaq üçün hazırlaşmağa hakimdən bir-iki gün vaxt istəsin. Mən əminəm  ki, əgər məndən sonra Elnur Məmmədov hər şeyi etiraf etsəydi və bu cinayət hadisəsinin baş vermədiyini desəydi belə, prokuror yenə həmin o hazır mətni oxuyacaqdı. Yalandan, şərdən və əxlaqsızlıqdan ibarət saxta ittihamı müdafiə edərək mənə 10 il azadlıqdan məhrumetmə cəzası istədi. Prokuror haqqında çıxışımın davamında fikirlərimi bildirəcəm. Bu dediklərimlə sübut etmək istəyirəm ki, məni məhkum etmək üçün hakim təyin edilmiş Elnur Nuruyev heç məhkəmə proseslərinin vaxtını özünün təyin edə biləcəyi qədər də müstəqil deyildi, qalmışdı ki, İlham Əliyevin şəxsən sifariş verib  tutudurduğu Tofiq Yaqublu haqqında ədalətli qərar versin. Yeri gəlmişkən, 19.02.2025 tarixindəki məhkəmə prosesində növbəti məhkəmə prosesinin başlama vaxtı da qabağa çəkilməklə cəmi bir həftə sonraya, Xocalı soyqırımı gününə – fevralın 26-na, mənə hökm oxunacaq məhkəmə prosesini də cəmi bir həftə sonraya – martın 5-nə təyin edilməsi mənim dediklərimi təsdiq edir.  Amma məsələ bununla da bitmədi. Martın 5-də mən son sözümü bitirə bilmədim deyə, Elnur Nuruyevin hökm oxumağa vaxtı qalmadı və sonuncu məhkəmə prosesini martın 12-nə təyin etdi. Tofiq Yaqubluya cəza verilməsini tələb edən PA hesab etdi ki, hökm daha tez oxunmalıdır. Ona görə də hakimi məcbur etdilər ki, sonuncu məhkəmə prosesini qabağa çəkərək bu günə – martın 10-na dəyişdirsin.

Bir daha deyirəm, bu məhkəmə prosessinin vəkillərdən başqa bütün subyektləri saxtadır. Nə hakim hakimdir, nə prokuror prokurordur, nə mən cinayətkaram, nə Elşən Hüseynov zərərçəkmişdir, nə də ki, Elnur Məmmədov ona qarşı sürülmüş maddələr üzrə müqəssirdir. Bəli, Elnur cinayətkardır və Abdulla ilə qabaqcadan əlbir olaraq məni şərlədiyinə görə mühakimə olunmalıdır. Bunu hakim məndən də yaxşı bilir, amma bəla burasındadır ki, məhkəmə iclasında hər kəsə hüquq və vəzifələrini izah edən hakim özü öz vəzifələrini icra etməyə qadir deyil.

İndisə, sizin “çox ağıllı” Abdullanın düzüb-qoşduğu saxta cinayət işindən daha bir şedevr məqamla tanış edim. Abdulla Elşənin əvəzindən yazdığı ifadədə qeyd edir ki, guya mən vizanı düzəltdikdən sonra Elşəni Gürcüstana yola salacaqdım, orada onu mənim qohumlarım qarşılayıb 3-4 gün qonaq saxlayacaqdılar və sonra oradan Almaniyaya yola salacaqdılar. İnanın ki, belə absurd və sarsaq senari yazmaq üçün adamın əlində rəsmi dəlilik kağızı olmalıdır. Fərz edək ki, mən  Elşənə viza düzəltmişdim, onu niyə Tiflisə göndərməliydim? Odur Binə aeroportu, min təyyarəyə, rədd ol get də Almaniyaya! “Əhməd haradadır?” filmindəki “odur taksi, min get” səhnəsində olduğu kimi. Əgər Bakıdan Almaniyaya reys olmasaydı, Tiflisdən uçmaq zərurəti yaransaydı belə, yenə də qohumlarımın Elşəni 3-4 gün qonaq saxlamalı olmaları versiyası dəhşətli dərəcədə absurddur. Kimdir axı bu Elşən? Qohumlar 3-4 gün onu niyə müftə yedirdib-içirtməliydilər? Bakıdan reys yox idisə, o, Bakı-Tiflis-Almaniya marşrutu ilə bilet alıb bir günə uça bilərdi. Bakıdan Almaniyaya müntəzəm aviareyslərin olduğu isə hamımıza bəllidir. “Çox ağıllı” və “çox şərəfli” Abdulla Elşənlə Elnurun Whatsapp dialoqunda Elşənin çox tələsdiyini, bir gün ərzində viza alıb Almaniya getmək istədiyini yazır, burada isə onu Tiflisdə 3-4 gün yubadır. Bu məntiqsiz və səfeh senarinin yazılma səbəbini məncə, siz də bilirsiniz. Sadəcə olaraq bu tamaşanın əvvəlki pərdəsində Elnurla bağlı qurduğu senarini inersiya ilə indi də Elşənlə bağlı qurur. Abdullanın tapşırığı ilə guya Saakaşvilinin hüquqularını müdafiə etmək üçün mənim onu Tiflisə yola salmağımı və qohumlarımın onu 3-4 gün evlərində qonaq saxlamalarını xahiş etməsini xatırlayırsınızmı? Bax, Abdulla həmin oyundan çıxa bilmir, düşünür ki Elnurla bağlı qurduğu səhnənin dekorasiyasını dəyişməyə ehtiyac yoxdur, personajı dəyişməklə tamaşanı davam etdirmək lazımdır. Lütfən, kimsə “bu qədər də əbləhlik olmaz” deyə, düşünməsin. Əgər o, 11.12.2023 tarixində Elnurun adından yazdığı 4 səhifəlik İfadəni 13.12.23  tarixində nöqtəsinə-vergülünə toxunmadan olduğu kimi təkrarlayırsa, hələ bu azmış kimi 5 ay sonra – 08.05.2024 tarixindəki ifadəni də yenə olduğu kimi təkrarlayırsa, ondan daha da çox əbləhlik gözləməyə ciddi əsas var. Və yaxud da götürək Elşənin ifadəsində guya Elnurla görüşdə mənim vasitəmlə onun Almaniyaya getmək məsələsini ilk dəfə müzakirə etdikləri məqamı. Elnur ona deyib ki, Tofiq Yaqublu bu işlərdə nömrə birdir, sənin işlərini düzəldəcək, sonra da Gürcüstandakı qohumlarının yanına göndərəcək, onlar da səni evlərində 3-4 gün qonaq saxladıqdan sonra Almaniyaya yola salacaqlar. Məntiqlə, Elşən Elnurdan soruşmalı deyildimi, tutaq ki, sən Tofiq Yaqublu ilə hələ mənim məsələmi danışmadan bu işi yüz faiz həll edəcəyinə əminsən. Bəs işlər düzələndən sonra onun məni Gürcüstana qohumlarının yanına göndərəcəyini, onların da məni evlərində 3-4 gün qonaq saxlayıb sonra da Almaniyaya yola salacaqlarını indidən haradan bilirsən? Təbii ki, bu ifadəni Elşənə Abdulla yazdırıb və əhvalatı özündən uydurduğundan baş verən hadisələrin ardıcıllığını qarışdırıb. İndi mən deməyim, siz deyin, belə sarsaq şeylər uydurmuş adama kütbeyin demək onun üçün şərəf olmazmı?

Saakaşvili məsələsində də Abdulla özünü batırıb. Guya ki, Elnur Məmmədovun  rəhbəri olduğu Vətəndaş Hüquqlarının Müdafiəsi (VHM) adında bir QHT-si var imiş. Dəfələrlə məhkum edilmiş, qatı cinayətkar, tüfeyli və üstəlik də polisin ştatlı üzəduranının insan haqlarının müdafiəsi yönündə QHT yaradıb fəaliyyət göstərməsini uyduran adamın və buna inananların  insanlıqda payı ola bilməz. Belə bir QHT mövcud olmayıb, nizamnaməsi yazılmayıb, qeydiyyat üçün ƏN-nə müraciət edilməyib və fəaliyyətə başlaması haqda ictimaiyyətə məlumat verilməyib. QHT və hüquq müdafiəçisi variantı mənim Elnura etimad göstərməyim üçün düşünülmüş səfeh bir variant idi. Eyni zamanda “çox şərəfli” Abdullanın insan hüquqlarının müdafiəsi sahəsindən də heç bir anlayışının olmadığını göstərir. Vətəndaşın hüquqlarının qorunması üzrə Azərbaycanda yaradılmış QHT, ölkəmizin vətəndalarının pozulmuş hüquqlarını qorumaqla məşğul olmaldır. Hüquqları pozulmuş hansısa Azərbaycan vətəndaşı haqqında Elnurun bir bəyanatını, etirazını eşidən olubmu? Ölkə zindanları cinayətkar rejimin şərləyib həbsə atdığı siyasi məhbuslarla doludur. Elnur onlardan hansını müdafiə edib, hansının məhkəməsinə gedib? Amma Abdulla nə edir? O, Elnur Məmmədovu cinayətkar Əliyev rejiminin repressiyasına məruz qalmış saysız-hesabsız vətəndaşlarımızı burada qoyub, gedib demokratik Gürcüstanın vətəndaşını qorumaq vəzifəsilə görəvləndirir. Özü də öz ölkəsində, dünya səviyyəsində çox güclü müdafiəyə və dəstəyə sahib eks-prezident Saakaşvilini. Həm də Elnur Saakaşvilini müdafiə etmək istədiyini mənə harada desə yaxşıdır? Hüquqları tərbiyəsizcəsinə və cinayətkarcasına pozulmuş Qubad İbadoğlunun məhkəməsində. Ona deyəndə ki, əgər hüququ qoruyansansa, elə Qubad bəyin hüquqlarını qoru, cavab verdi ki, indi Saakaşvilinin müdafiəyə daha çox ehtiyacı var.

Burada sizə Elnurun guya ki, VHM-in Saakaşvilinin hüquqlarının qorunması ilə bağlı keçirdiyi “mətbuat konfransı”ndan şəkil təqdim etdim. Həmin uydurma mətbuat konfransını Abdulla səhnələşdirib və məkanı da özü seçib. Burada Elnuru dindirərkən “mətbuat konfransı”nı harada keçirdiyini soruşdum, dedi ki, restoranların birində. Yəqin ki, bu bəşəriyyət tarixində restoranda mətbuat konfransı keçirilməsi kimi ilk hadisə sayılmalıdır. Həmin restoranın adını və yerini soruşduqda tutuldu və xatırlamıram dedi. Hakim onu növbəti ifşalardan qurtarmaq üçün “sənin cavab verməmək hüququn var” deyərək yönləndirdi. O da bundan sonra ümumiyyətlə, cavab verməkdən imtina etdi. Özünüz fikirləşin, ibtidai istintaq zamanı müstəntiqin ona heç bir sual vermədiyinə baxmayaraq, ancaq nədə ittiham olunduğu maddələrin nömrələrini elan edincə, guya baş vermiş cinayət haqqında birnəfəsə 4 səhifəlik cəfəngiyyat danışan, üstəlik də məhkəmə istintaqı zamanı heç kəsin ağlına gəlmədiyi halda özünün əlavə bir cinayət əməli haqqında yalan uyduran Elnur birdən-birə ifadə verməkdən niyə imtina etsin ki? Təbii ki, onu əyninə hakim mantiyasi geyinmiş Elnur Nuriyev durdurdu. Məntiqlə, hakim hər bir proses iştirakçısının bütün suallara cavab verməsində, sərbəst və detallı danışmasında maraqlı olmalıdır, həm də ona çalışmalıdır. Hərgah kimsə özü ifadə verməmək qərarına gəlsə, hakim onun belə hüququnun olduğunu təsdiqləyər. Hərçənd ki, bu, onun işinə yaramaz. Çünki o, sonda doğru qərar vermək üçün işdə qaranlıq məqamların qalmasını istəməz. Amma ifadə verənin belə bir niyyəti olmadığı halda, ona belə bir hüququn olduğunu xatırlatmaq və buna təhrik etmək əlbəttə ki, saxta ittihamların qarşısını almaq cəhdindən başqa bir şey deyil. Xeyri yoxdur, mənim o qədər təkzibedilməz alibilərim və sübutlarım var ki, Elnur Nuriyevin hakimlik ömrünün sonunadək artıqlaması ilə bəs edər. Özünüz fikirləşin, adam ömründə bir dəfə,  özü də yaxın keçmişdə keçirdiyi mətbuat konfransının yerini xatırlamaya bilərmi? Və ya adam həmin yeri niyə deməsin ki? Sadəcə olaraq xatırlamır ki, Abdulla onu yanına salıb hara aparmışdı. Bəlkə də Nərimanov RPİ-nin iki addımlığındakı restoranın bir otağı olub. Əyninə hakim manitiyası geyinmiş və bununla da özünü hakim kimi qələmə verən Elnur Nuriyev əgər doğrudan da hakim olsaydı, bu məqamda Elnur Məmmədova onun cavab verməmək hüqunun olduğunu xatırlatmaq əvəzinə, “əgər sənin ofisin varıydısa, niyə mətbuat konfransını hansısa restoranın inzibati otağında keçirirdin?” deyə, soruşmazdımı? Bu faktın özü də bir daha sübut edir ki, Elnur Məmmədovun ofisi-zadı olmayıb və bütün bunları Abdulla özündən uydurub. Ofis məsələsi Elnur üçün o qədər yad və təsəvvüredilməzdir ki, hətta ağlına da gəlmir yalandan desin ki, mətbuat konfransını Xırdalandakı ofisimdə keçirdim. Mirzə Cəlil sağ olsaydı, “Dəli yığıncağı”nı təzədən yazardı. Özü də Abdulla Cəlillinin uydurduğu bu cinayət işinin materailları əsasında. Baxın, biri evdə 10 min dolları ola-ola gedib faizlə 10 min manat borc alır, o biri də ofisi ola-ola gedib restorana pul verib otaq kirayələyib mətbuat konfrası keçirir. Belə baxanda  əsl dəli yığıncağıdır ki, var. Yeri gəlmişkən, Elnur QHT-sinin ofisi məsələsində Abdullanı növbəti cinayət üstündə yaxaladıq. Saxta cinayət işinin materiallarına, o cümlədən oradakı şəkillərə görə, guya ki, Elnurun  QHT-nin ofisi Xırdalan şəhəri, Heydər Əliyev küçəsi 28-ci məhəllə ünvanında yerləşən “Yeraz” kafesindəymiş. Elnur isə məhkəmədə dindirilərkən bildirdi ki, onun ofisi “Yeraz” kafesində olmayıb. Üzü həmin kafeyə doğru duranda, sol tərəfdə başqa bir tikilidə olub. İndi buna nə deyəcəksiniz? Bunu necə malalayacaqsınız? Abdulla isə sənədlərdə və şəkillərdə deyir ki, ofis “Yeraz” kafesində olub, 3 min manat və saxta sənədlər də oradan tapılıb. “Yeraz” kafesi əfsanəsi ilə bağlı sizə bəzi həqiqətləri izah edim. Görəcəksiniz ki, “Yeraz” kafesi məsələsini ortaya atmış adamın başında ağıl üçün yer azdır. Sizcə, Elnur “ofis”inin “Yeraz” kafesində yerləşdiyini niyə təsdiqləmədi və yaxud da onun bu versiyanı təsdiqləməmək lüksü varıydımı? Adam tamaşanın bir yerində bunadək həvəslə oynadığı rolu ifa etməkdən niyə imtina etsin ki? Niyə Abdullanı pis vəziyyətdə qoyaraq onun saxtakarlığını ifşa etsin ki? Təbii ki, Elnurun nə Abdullanı ifşa etmək, nə də ki, ofisdən imtina etmək niyyəti olmayıb. Onu maşına basıb “Yeraz” kafesinə gətiriblər, maşından düşürüb içəri aparanda heç başını qaldırıb o tikilinin üstündə nə yazıldığına fikir də verməyib.  Abdullanın da heç ağlına gəlməyib ki, Elnur hara gətirildiyinə fikir verməyə bilər. Guya ki, ofisdən pullar və saxta sənədlər tapıldıqdan və protokollaşdırıldıqdan sonra çölə çıxıblar. Çölə çıxanda arxası “Yeraz” kafesinə, üzü polis maşınına tərəf duraraq şəkil çəkilib və bu səbəbdən o, yenə də kafenin adını oxuya bilməyib. Biz burada ona “Yeraz” kafesi haqda sual verəndə, onun ağlına avtomatik olaraq içəridə stolların düzüldüyü və müştərilərin yemək yediyi kafe mənzərəsi gəlib. O əmin idi ki, onu elə bir yerə aparmamışdılar. Onun yadında həqiqətən də gördüyü üstündə kompüterin monitoru qoyulmuş ofis stolu olan, yarıboş otaq qalıb. Ona görə də israrla dedi ki, onun ofisi “Yeraz” kafesində olmayıb və hər ehtimala qarşı dedi ki, ofisi oraya yaxın yerdə olub. Heç xəbəri də olmayıb ki, Abdulla onun QHT-si üçün üstündə “Yeraz” kafesi yazılmış, lakin istifadə olunmayan yarıboş tikilini “kirayələyib”. Yeri gəlmişkən, 13 dekabr 2024 tarixli sübutların qiymətləndirilməsi prosesində saxta cinayət işindəki Elnurun ofisi kimi təqdim edilən “Yeraz” kafesinin şəklini göstərərək yuxarıdakı fikirlərimi bir də təkrarladım. Bu zaman Elnur yerindən dedi ki, ofisi həmin kafedə olub, sadəcə olaraq girişi başqa yerdən olub. İki qarışqa gəzsə, bir-biriləri ilə toqquşacaq qədər balaca bir komada guya ki, həm kafe fəaliyyət göstərirmiş, həm də Elnurun QHT-sinin ofisi. Həmin “ofis”də aparılmış axtarışın protokolunda göstərilir ki, həmin tikili bir otaqdan və bir də tualetdən ibarət olub. Belə isə, təbii ki, kafe otaqda fəaliyyət göstərirmiş. Onda belə çıxır ki, Elnurun ofisi tualetdə yerləşirmiş. O, ölkədə insan hüquqlarının pozulmasıyla bağlı hesabatlarını unitazın üstündə oturub yazırmış. Yəqin ki, məlumatları da başını unitazın içinə soxaraq oradan toplayırmış. Bu daha inandırıcıdır. Çünki ölkədə insan hüquqlarının vəziyyəti su axıdılmamış unitazın içi kimidir. Elə isə,  Abdulla Cəlillinin axtarış zamanı siyirtməsindən saxta sənədlər və 3 min manat çıxmış masanı, həm də kompüterin monitorunu tualetin harasında yerləşdiribmiş? Görürsünüzmü, küncə sıxışdırılmış siçovul vəziyyətində qalmış Yalıncıq indi də hansı absurd yalanları uydurur. Baxarsınız, bir də soruşulsa, Elnur indi də deyəcək ki, onun ofisi otaqda olub, kafe də tualetdə fəaliyyət göstərirmiş. Təbii ki, bu qədər nəhəng ağ yalanı və uyğunsuzluğu ört-basdır etmək mümkün deyil. Bilirsiniz ki, şəkildə də göründüyü kimi həmin budka boyda tikilinin bircə giriş qapısı var, o da ön tərəfdəndir. Üstəlik də mənim adamlarım gedib onu yerində yoxlayıblar. Burada bir məqama xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Mən həmin prosesdə çıxışım zamanı Elnurun məhkəmə istintaqındakı ifadəsini xatırladıb onun “üzü “Yeraz” kafesinə tərəf duranda, ondan sol tərəfdə ayrıca bir tikili olub” dediyini xatırlatdım. Bu zaman hakim nə desə yaxşıdır? Dedi ki, o, elə demir, deyir ki, ofisi “Yeraz” kafesində olub, ya yandan, ya da arxa tərəfdən ayrıca girişi olub. Yəni, o da düşünür ki, Elnurun ofisi tualetdə yerləşirmiş. Fikri verin, Yalıncıqları xilas etmək və məni şərləmək üçün necə də dəridən-qabıqdan çıxırlar. Bax belə, çox hörmətli Femida zəhmətkeşləri, görürsünüzmü, nə əcaib mənzərə alınır? Odur ki, yaxşı-yaxşı fikirləşin. Bu, cinayətin ifşa edilməsidir və təkcə bu fakta görə Abdullaya cinayət işi qaldırılmalıdır. Xatırladım ki, ölkədə çoxlu sayda real fəaliyyət göstərən, xeyli sayda əməkdaşları olan, kifayət qədər tanınmış və hətta ƏN-də rəsmi qeydiyyatdan keçmiş QHT-lər var ki, ofisləri yoxdur. Hələ mən ofissiz olan siyasi partiyaları demirəm. Adətən, bu cür fəaliyyət üçün bir smartfon və evdə internetə çıxışı olan bir noutbukun olması kifayət edir. Hətta Elnur doğrudan da QHT yaratmış olsaydı, onun ofis kirayələməsi ağlabatan deyil. Qrant almayan, heç yerdə işləməyən və həbsdən təzəcə çıxmış birisi ofisin icarə haqqını necə ödəyəcəkdi? Əgər, hətta fəaliyyət göstərmək istəsəydi belə, bir smartfon və noutbukun olması kifayət edərdi. Bir də ki, Bakının Xətai rayonunda yaşayan Elnur öz QHT-si üçün ofisi niyə başqa şəhərdə – Xırdalanda tutmalıydı? Xətai rayonunda nə qədər istəsən “Yeraz” tipli obyekt tapmaq olardı. Əgər o, Xırdalan şəhərində yaşayıb, Bakıda ofis tutsaydı, hardasa bunu anlamaq olardı. Amma Bakıda yaşayan “hüquq müdafiəçisi”nin gedib Xırdalanda ofis kirələməsi heç cür ağlabatan deyil. Əldə etdiyim məlumatlara görə 2023-cü ilin noyabr ayının sonlarında Nərimanov RPİ əməliyyat keçirərək “Yeraz” kafesini icarəyə götürmüş iki nəfəri cinayət əməllərinə görə həbs edib. Həmin cinayət işini də Abdulla Cəlillininmi apardığını dəqiqləşdirə bilmədik, amma həmin kafenin o vaxtdan bağlanması və bir müddət Nərimanov RPİ-nin əlində qalması faktdır. Xətai Rayonu Mirzə Davud küçəsi ev 187 ünvanında yaşayan Elnur Məmmədovun öz QHT-si üçün niyə Xırdalan şəhərindəki “Yeraz” kafesini “kirələməsinin” səbəbləri də məhz bu faktla bağlıdır. Bir daha deyirəm, Elnurun heç bir ofisi-zadı olmayıb. Həmin “ofisi”  mənə qarşı qaldırılmış saxta cinayət işinin senarisinə uyğun olaraq Abdulla özü təşkil edib. Məni Elnurun hüquq müdafiəçisi olduğuna inandırmaq üçün Abdulla senariyə QHT və Saakaşvilinin müdafiəsi ilə bağlı mətbuat konfransı detallarını əlavə edib. Sonra da guya ki, Elnurun məndən aldığı pulları saxlamaq yeri kimi olmayan QHT-sinin olmayan ofisini göstərmək qərarına gəlib. Əgər Elnurun həqiqətən də ofisi olsaydı, heç bir halda onun yeri haqda mənim üçün alibi sayılacaq bu ziddiyyətlər ortaya çıxmazdı. Xatırlayırsınızsa, Elnur qondarma ofisi nə vaxt, neçəyə və kimdən icarəyə götürdüyü haqda suallarıma da cavab verə bilmədi. Şəklə diqqətlə baxın, guya ki, həmin qondarma mətbuat konfransında junalist kimi iştirak edənlərin üzləri görünmür. Onlar jurnalist yox, istifadə üçün Abdullanın əlinin altında olan adamlardır. Əgər, həqiqi mətbuat konfransı olsaydı, orada həqiqi KİV-lərin həqiqi nümayəndələri olmalıydı. Məni Elnurun həqiqətən də hüquq müdafiəçisi olduğuna inandırmaq lazım idi. Bunun üçün də onun bu yöndə fəaliyyətinə dəlalət edən “mətbuat konfransı”na ehtiyac yaranmışdı. Bir halda ki, “mətbuat konfransı” keçirilir, daha inandırıcı görünməsi üçün onun haqqında KİV-də məlumat getməlidir axı. Deməli, buradan da həmin “mətbuat konfransı” haqqında internetdə məlumat getməsi zərurəti yaranırdı. İnternetdə gedəcək məlumat da həqiqi jurnalistlərin qabağına çıxacaqdı deyə, həmin qondarma mətbuat konfransındakı “jurnalist”lərin üzünü gizlətmək zərurəti də yaranırdı. Abdulla fikirləşib ki, bu görüntü ilə kimisə aldada biləcək. Heç vaxt parik taxmadığını deyən, eynəkdən istifadə etməyən Elnurun həmin qondarma mətbuat konfransında parikdə və eynəkdə olmasına diqqət yetirin. Yeri gəlmişkən, üzləşmədə də, məhkəmədə ifadə verəndə də heç vaxt parik taxmadığını deyən Elnurun “Yeraz” kafesində axtarış aparılarkən çəkilmiş şəkillərinə baxın. Qalın, sıx və qapqara, şəvə kimi saçlardır. Həmin şəklin çəkilməsindən təxminən 4 ay keçəndən sonra məhkəmənin ilk iclasında Elnurun saçları indi zalda gördüyünüz kimiydi. İndi də o, məhkəmədə ifadə verərkən ona mənimlə üzləşmə zamanı niyə parikdə olduğunu soruşduğumu xatırlayın. O dedi ki, parikdə olmayıb, öz saçları olub, heç vaxt parikdən istifadə etməyib, sadəcə olaraq bu müddət ərzində saçları tökülüb. İndi özünüzü bu yalana da mı inandırmış kimi göstərəcəksiniz? 4 ay içində adamın saçı hətta başını xlorla yusaydı belə, heç cür bu qədər tökülə bilməzdi. Üstəlik, saçlarının rəngi də başqadır. Şəkildəki saçlar qapqara olduğu halda indi gördüyünüz kimi başındakı saçlarının rəngi qonurdur. İnsanın saçının rəngi qan qrupu dəyişmədiyi kimi heç vaxt dəyişə bilməz, yalnız ağara bilər. Bunula da adamın fırıldaqçı olduğu və mənə qarşı şərləmə əməliyyatında yer aldığını görməmək mümkün deyil. Bunu görməmək üçün gərək adamın vicdanı Elnurun pariki kimi qapqara olsun. Elnurun telefonuna gələn və gedən zənglərlə bağlı mobil rabitə operatorundan alınmış siyahıda 0-70-455-02-11 nömrəsi var. Elnur həmin nömrə ilə danışıb. Zəngin tarixi 15.11.2023 saat 18:21 göstərilir. Həmin nömrəni araşdırdıq və ortaya nə çıxsa yaxşıdır? “Parik satan”, “Protez saç dükanı” və s. Hə, bu da bir sübut! Bunu neyləyəcəksiniz? Elnur Abdullanın tapşırığı ilə mümkün qədər xarici görünüşünü dəyişdirməyə çalışıb. Elnuru təğyiri-libas etməkdə Abdullanın ciddi bir məqsədi olub. O, çox haqlı olaraq düşünüb ki, Elnur üzdən tanınmamalıdır. Abdulla fikirləşib ki, sosial şəbəkələrdə,  KİV-in, xüsusən də televiziyaların kriminal xəbərlərində Elnurun törətdiyi cinayətlər haqda məlumatlar mənim, jurnalistlər də daxil olmaqla Qubad bəyin məhkəməsinə toplaşanların qarşısına  da çıxmış ola bilər və onu görən kimi tanıya bilərik. Bununla da onu mənə hüququ müdasfiəçisi kimi sırımaq olmaz. Üstəlik də, qarşıda saxta mətbuat konfransı keçirib, onu internetdə yerləşdirmək planı da var idi. İndi də bu parik məsələsində son nöqtəni qoyum. Sizcə, parikdə olduğu heç cür gizlədilə bilmədiyi halda Elnur bunu niyə dandı? O qədər parik qoyan, saçını boyayan kişilər var ki. Bir çox kişilər başının keçəl görünməyini, saçlarının ağardığını gizlətməyə çalışırlar və bu tamamilə normaldır. Burada nə var k? Parik qoymağına çox normal, ağlabatan və qəbuledilən səbəb göstərmək imkanı olduğu halda Elnur bunu niyə danmalıdır? Məsələn, deyə bilərdi ki, sevdiyim bir qadın var, ona yaraşıqlı görünmək istəyirdim. Üstündən də “xalxa nə borcdur, belə düzdürmüşəm, yarım deyibdir belə düzdürmüşəm” oxuyardı. Məsələ belədir, ona pariki Abdulla geyindirib. Killerin üzündə maska olduğu kimi, məni şərləmə əməliyyatında iştirak edən Elnurun başında da parik olub. Buna görə də cani istifadə etdiyi alətdən – parikdən imtina etməklə mənə qarşı təşkil edilmiş cinayətdə iştirakını danmağa çalışır. Ancaq xeyri yoxdur, heç nə alınmayacaq. Məni şərləmə əməliyyatına cəlb olunmuş hər kəsin nə dərəcədə cinayətkar və şərəfsiz odluğunu artıq təkzibedilməz sübutlarla ortaya qoymuşam.

Abdullanın Elnuru mənə kamufulyajda təqdim etmək tədbirləri bunlarla bitməyib. O, Elnurun Facebookdakı mövcud “Elnur Vaqifoğlu” profilindən istifadə etməyi lazım bilməyib. Çünki anlayıb ki, həmin profildən mənə dostluq göndərib özünün hüququ müdafiəçisi kimi təqdim edə bilməyəcək. Onun profilinə ani nəzər yetirdikdə hüquq müdafiəçisi olmadığı aydınca görünəcək. Ona görə də Elnurun vasitəsi ilə mənə tələ qurmaq planlarının ilk addımları kimi ona özünə yeni Facebook profili yaratmağı tapşırır və beləliklə, 23.10.2023 tarixində “Elnur Azərsoy” profili yaradılır. Əminəm ki, “Azərsoy” təxəllüsünü də şəxsən Abdulla özü fikirləşib. Düşünüb ki, patriotik, millətsevər və pozitiv təsir bağışlayan belə ad məndə etimad yarada bilərdi. Elnurun Facebook profilindən söz düşmüşkən, Abdullanın bir daha “çox ağıllı” olmasının və saxtakarlığının üstü açılır. Elşən və Elnurun müstəntiqə verdikləri ifadələrdə deyiblər ki, bir-biri ilə təxminən 6 ay əvvəl Facebook vasitəsi ilə tanış olublar və onun Messenger-i ilə yazışıblar. Bunu məhkəmə istintaqı zamanı da təsdiqlədilər. Amma Elşən Hüseynov nə “Elnur Vaqifoğlu”, nə də “Elnur Azərsoy” profillərinin dostluğunda olmayıb. Həyatda yaxın dost olub, amma Facebook dostluğu olmayan adamların onun Messenger-i ilə yazışdıqlarına kim inanar? Məhkəmə dindirməsi zamanı Elşən Hüseynov Elnurun Facebook profilinin adını deyə bilmədi. Ona təklif etdim ki, telefonunda baxıb desin. Dedi ki, telefonumda Facebook proqramı ümumiyyətlə yoxdur. Siz Facebook-da hesabı olan adamın onu istifadə etdiyi smartfona yükləməməsinə inana bilərsinizmi? Heç vaxt belə olmur. Elşən Elnurla Facebook dostluğu olmadığına görə belə cavab verməyə məcbur olmuşdu. Soruşdum ki, hər hansı cihazdan bunu edə bilərsənmi? Yenə də mənfi cavab verdi. Sual yarana bilər, axı niyə Abdulla heç olmasa onların Facebook-da dost olmalarını təmin etməyib? Bir daha deyirəm, Abdulla Elşəni bu şərləmə prosesinə 2023-cü ilin dekabrın 2-də, mənim həbsim ərəfəsində qoşub və deməli, ən yaxşı halda onların Facebook dostluğunun tarixi də həmin gündən başlaya bilərdi. Belə olduqda isə guya ki, onların 6 ay əvvəl Facebook üzərindən tanış olmaları yalanı ifşa olunacaqdı. Ona görə də Abdulla bunu etməyib və ümid edib ki, bu məqam bizim diqqətimizdən yayınar. Baxın və görün suçsuz bir adamı şərləmək üçün hansı vicdansızlığa və şərəfsizliyə baş vururlar.

Stalin repressiyasından yazan tədqiqatçılar deyirlər ki, Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Salman Mümtazı və s. ziyalılarımızı şərləyib həbs edən müstəntiqlər, üzəduranlar, onlara hökm oxuyan hakimlər bizim xalqa nifrət edən millətlərin nümayəndləri olublar. Bəs indi bunu edənlər kimlərdir? Onları kimin ayağına yazacaqsınız? Bəzən fikirləşirəm ki, ola bilsin ki, Abdulla ləyaqətli və vətənpərvər insandır, mənə yardım etmək üçün cinayət işində bu qədər absurdlara, ziddiyyətlərə və mənim üçün alibilərə yol verib. Dərhal da bu fikrimin üstündən qalın bir xətt çəkirəm. Çünki Abdulla bilir ki, məhkəmədə hakim mənim arqumentlərimə, sübutlarıma, faktlarıma və alibilərimə məhəl qoymayacaq və yuxarıdan gəlmiş tapşırığı cani-dildən yerinə yetirərək cəza hökmü çıxaracaq. Necə ki, bunu dövlət ittihamçısı Tural Yaqubov etdi.

Məhkəməyə təqdim edilmiş ittiham aktında 08.12.2023 tarixində Elnurun və mənim istifadə etdiyim mobil telefonların anten məlumatları var. Təkcə o məlumatlara baxmaq kifayətdir ki, mənə bəraət verilsin, müstəntiqə və onun ştatlı üzəduranlar komandasına isə cinayət işi başlansın. Həmin məlumata görə biz Elnurla 08.12.2023 tarixində görüşməmişik və heç cür də görüşə bilməzdik. Əgər, biz hüququ dövlətdə yaşasaydıq və bura da həqiqi məhkəmə olsaydı, mənim əlavə sübutlar, faktlar, şahidlər və arqumentlər axtarmağıma ehtiyac qalmazdı.  Bu alibini aşkarlayan kimi rahatca durub məhkəmənin qərarını gözləyərdim ki, bəraətimi alım, dövlət də qanunsuz həbsimə görə mənə təzminat ödəsin və bu cinayətdə iştirak etmiş şəxsləri cəzalandırsın. Əfsus ki, biz hüquqi dövlət rejimində yox, mafiya idarəetməsi rejimində yaşayırıq. Mənim ifadəmdə dediyim, həm də çox hörmətli şahidlərin təsdiqlədiyi kimi həmin gün Pirşağı qəsəbəsində Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısnda olmuşam. Həmin anten məlumatları mənim Elnurla həmin gün nəzəri də olsa görüşməyimi istisna edir. Siz mənim telefonumun anten məlumatlarını təqdim etmiş “çox şərəfli” Abdullanın düşüklüyünə bir baxın. İttiham aktnda həmin günə aid anten məlumatlarının yalnız 17:15-dən sonrakı hissəsi göstərilir, özü də təxminən cəmi bir saatlıq müddəti. Niyə? Çünki Abdulla bilir ki, anten məlumatları həmin gün təxminən saat 14:30-dan ta saat 18-dən keçənədək fasiləsiz olaraq Pirşağı qəsəbəsində olduğumu göstərir. Bu da ki, mənim həmin müddətdə MŞ-nın KM-nin toplantısında olduğumu təsdiqləyir. Belə olduqda isə mənim Elnurla həmin gün nə vaxtsa Zabrat qəsəbəsində görüşməyimə yer qalmır. Üstəlik də Elnurla Elşən arasıındakı saxta Whatsapp dialoquna görə mən Elnurla Zabratda saat 16:30-dan tez görüşə bilməzdim. Yəni, həmin gün saat 14:30-dan 18:30-dək Pirşağı qəsəbəsində hörmətli Vidadi Mirkamalın bağ evində MŞ-nın KM-nin toplantısında olduğum təkzib edilməsi mümükün olmayan fakt və alibimdir. Həm də bu müddətdə nə Whatsapp, nə də ki, adi mobil rabitə ilə heç kəslə danışmadığımı da təkzibedilməz sübut və sənədlərlə sizə isbat etdim. İclasda olduğum müddətdə digər üzvlər kimi mənim də telefonum söndürülüb və iclas otağından ayrı bir otaqda olub. Həmin anten məlumatlarına görə Elnur Zabrat-1 qəsəbəsinə gəlib və bu qəsəbənin bu başından daxil olub, o biri başından çıxması müxtəlif anten göstəricilərinə aid olmaqla cəmi 7 dəqiqə çəkib, sonra da Bakıxanov qəsəbəsinə doğru gedib. Onun “Zabrat-1” anten koordinatında olması cəmi 31 saniyə çəkib. Bu müddət 17:13:38-dən 17:14:01-adək və ondan sonra 17:14:09-adəkdir. 17:17:10-da artıq anten məlumatı “Zabrat qəsəbəsi, şəhər şossesi, 50 saylı binanın damı” kimi göstərilir. 17:18:14-də artıq “Çay evi”, 17:25:11-də isə “Ocaq YDS” Bakıxanov qəsəbəsi” göstərilir. Anten məlumatları üzrə vaxt göstəricilərinə diqqətlə baxın. Elnur qeyd edilən anten ərazilərində ümumuyyətlə, maşınını saxlamayıb. Abdullanın tapşırığına əsasən qeydə düşmək üçün Elnur sadəcə olaraq həmin yoldan keçib. Həmin anten məlumatlarına görə həmin vaxt mən deyilən yerdən təxminən 10-15 km aralıda – Pirşağı qəsəbəsində olmuşam. Məsələni sizə aydınlaşdırım. 08.12.2023 tarixində təxminən saat 13:50-də öz avtomobilimlə Qaraçuxur qəsəbəsində yerləşən evimizdən çıxmışam. AXCP üzvü Kənan Zeynalov da mənimlə olub.  Yeri gəlmişkən, Elnur həm üzləşmə, həm də məhkəmə istintaqı zamanı 08.12.2023 tarixində guya, mənə pul verərkən maşınımda bir nəfər kişinin olduğunu təsdiqləmişdi. 18.10.2024 tarixli məhkəmə iclası zamanı şahid Kənan Zeynalov ifadə verərkən, dövlət ittihamçısı Elnurdan həmin gün maşınımda başqa bir kəsin olub-olmadığını soruşduqda, o, qətiyyətlə bildirdi ki, yanımda heç kəs olmayıb və mən tək olmuşam. Həmin prosesdə yan hakim Azər Tağıyev Kənan Zeynalovdan mobil telefonunun nömrəsini soruşdu. Düşündüm ki, bundan sonra hakim Kənan bəyin doğru danışıb-danışmadığına əmin olmaq üçün mobil rabitə operatorundan 08.12.2023 tarixə onun mobil nömrəsinin dislokasiyasını alacaq. Amma o, bunu etmədi, yoxsa, 08.12.2023 tarixində təxminən 13:50-dən 20-dək Kənan Zeynalovun mobil telefon nömrəsinin dislokasiya göstəricilərinin mənin dislokasiya göstəricilərimlə yüzdə-yüz üst-üstə düşdüyü görünəcəkdi. Kənan Zeynalov da ifadə verərkən həmin gün saat 13:50-dən ta Milli Şuranın KM-nin iclasından evə qayıdanadək mənimlə bir maşında olduğunu təsdiqlədi. Lakin sonradan bizim vəsatətimizə əsasən məhkəmə Kənan Zeynalovun mobil telefon nömrəsinin anten məlumatlarını aldı və bununla da mənim dediklərim yüzdə-yüz təsdiq olundu. 08.12.2023 tarixinə aid həmin məlumatlara baxanda ayıdnca görünür ki, mən evdən çıxıb Milli Şuranın KM-nin Pirşağı qəsəbəsində keçirilən toplantısına gedib-qayıtdığm vaxt ərzində hər ikimizin dislokasiya göstəricilərimiz tam üst-üstə düşür. Bu da sizə ittiham tərəfinin dediklərinin tamamilə yalan, şər-böthan, mənim dediklərimin isə mütləq həqiqət olduğunun daha bir parlaq, mötəbər sübutu! Daha nə qədər sübut istəyirsiniz? Bu qədər təkzibedilməz sübut kifayət etmir? Bir kişi məşuqəsi ilə görüşdən evə gec saatlarda gəlir. Arvadı onu qapının ağzında qarşılayaraq deyir ki, əzizim, bilirəm bu gün işiniz çox gec qurtarıb, yəqin ki, çox yorulmusam. O, ərinin paltosunu çıxartmağa kömək edir. Paltonun üstündə uzun qadın saçını görüb deyir, bilirəm sizin işdə çoxlu  qadınlar var, yəqin liftdə onlardan hansınınsa saçı ilişib qalıb. Paltonu və şərfi çıxaranda kişinin boğazında, boynunda pomadalı dodaq izləri görünür. Qadın deyir, əzizim, bilirəm ki, metroda  çox basabas olur, adamlar bir-birinə pərçimlənmiş vəziyyətdə gedirlər. Yəqin özü də hiss etmədən qatardakı qadınların dodağı toxunub. Pencəyi çıxardanda kişinin əynində səhv  salıb geyindiyi məşuqəsinin koftası görünür. Qadın duruxur. Kişi deyir, əzizim, sən çox ağıllı qadınsan, buna da bir şey fikirləş, nolar. Müstəntiq Abdulla saxta cinayət işini o qədər absurdlarla doldurub ki, nəinki siz, o “ağıllı qadın” da gəlsə, bu yalanlara bir don geyindirə bilməyəcəksiniz. Ay məni mühakimə edənlər, bu yerdə sizə bir sual verim. Niyə Abdulla Elnurdan dekabrın 8-də pulu konkret olaraq harada və saat neçədə verdiyini soruşmur? Niyə, axı niyə? Normalda bu sual heç cür verilməyə bilıməzdi. Mütəntiq “pulları Tofiq Yaqubluya ayın 8-də Zabratdan Kürdəxanıya gedən yolun kənarında verdim” deyən Elnura bunun konkret olaraq harada və saat neçədə baş verməsini araşdırmırsa, onda onun ağlının yerində olub-olmaması mütləq araşdırılmalıdır. Təbii ki, onun niyə bu sualları verməməsinin səbəbini siz yaxşı bilirsiniz. Deyilən hadisənin baş vermədiyini də yaxşı bilirsiniz. Sadəcə olaraq məni şərləmə senarisini yazmış Abdulla bu məqamı konkretləşdirməkdə çətinlik çəkir, yer və saat seçə bilmir, qorxur ki, bu məqamlar konkret göstərilsə, daha asan ifşa oluna bilər. Həm də gedişatda vəziyyətə uyğun olaraq Elnurun ifadəsini dəyişdirtmək mümkün olmaz. Ona görə də mənzərəni ümumi və yayğın şəkildə təqdim etməklə vəziyyətdən çıxamağa çalışır.

Həmin günü Milli Şuranın KM-nin saat 15-də Pirşağı qəsəbəsində toplantısı təyin edilmişdi. Kənan Zeynalovla bizim məhlədən mənim avtomobilimdə təxminən saat 13:50-də çıxdıq. Bakıxanov stansiyasına çatmağa təxminən 300-400 m qalmış Kənan bəy dedi ki, arxamızca bir qara sedan maşın düşüb. Onun dediyinə görə həmin maşın biz məhəlləmizdən çıxanda arxamızca düşüb və o, ona göz qoyurmuş. Mən yan güzgüdən həmin avtomobili görməyə çalışdım. Kənan bəy dedi ki, bizi izləyən maşın bizdən 4-5 maşın sonra gəlir, özü onu diqqətdə saxlayacaq, mən isə diqqətimi yola yönəldim. Zabrat-1 qəsəbəsinə yaxınlaşanda, Kənan bəy dedi ki, həmin maşın yenə də arxamızca gəlir. Birinci svetafora yaxınlaşırdıq və yaşıl işıq yanıb-sönürdü. Biz yolun ikinci zolağı ilə gedirdik. Bizdən sağda isə TIR deyilən çox iri bir yük maşını gedirdi. Mən bizi izləyən avtomobili çaşdırmaq üçün sağa dönmə işarəsini yandırıb həmin yük maşının qabağına keçib svetafora çatıb dayandım. Yük maşını görüntünün qabağını kəsdiyindən, 4-5 maşın arxada gələn bizi izləyən avtomobil svetaforun yaşıl işığı yananda, bizim düzünəmi, yoxsa sağamı getdiyimizi görə bilməzdi. Biz düzünə – Pirşağıya doğru getdik və həmin svetafordan xeyli aralanandan sonra Kənan bəy dedi ki, həmin maşın daha görünmür. Fəndim baş tutmuşdu, hərif elə bilib ki, biz svetafordan sağa dönüb Zabratın məhlələrinə daxil olmuşuq. Deməli, o, svetafordan sağa dönüb, oradakı məhlədaxili labirint yollarda xeyli vurnuxub. Bizi tapa bilməyəndə düşünüb ki, kiminsə evinə gəlmişik və maşını onun həyətinə sürmüşük. Bundan sonra Abdullaya məlumat verilib ki, mən Zabrat-1 qəsəbəsindəyəm. O da Elnura tapşırıb ki, öz maşınında həmin  qəsəbəyə getsin və qayıtsın. Abdulla düşünüb ki, Elnurun mobil telefonu mobil operatorların anten qeydiyyatına düşəcək və ona verilmiş məlumata görə  mən də Zabrat-1 qəsəbəsində olduğum üçün mənim də mobil telefonum həmin yerdə anten qeydiyyatına düşəcək. Sonradan həmin məlumatları tutuşduraraq, həmin gün mənim  Elnurla görüşdüyümün sübutu kimi təqdim edəcək. Hətta təsadüfən Elnurla mənim mobil telefonlarımızın məlumatları üst-üstə düşsəydi belə, bu, mənim onunla görüşdüyümün sübutu ola bilməzdi. “Çox şərəfli” Abdullanın quraşdırdığı saxta Whatsapp dialoqunda Elnurun dediyinə görə o, təxminən saat 16-da “Gold Gəncliy”in qarşısında Elşəndən pulu aldıqdan sonra mənimlə görüşmək üçün metronun “Koroğlu” stansiyası ərazisindən keçən yolla Zabrat qəsəbəsinə gəlib. Amma anten məlumatlarından görünür ki, Elnur Zabrata əks tərəfdən, Binəqədi – Mehdiabad – Goradil yolu ilə gəlib və təbii ki, Abdulladan anten qeydiyyatına düşmək üçün “Zabrata get” tapşırığı aldıqdan sonra. İttiham aktındakı həmin cədvələ diqqət edin və görün ki, Elnur heç maşını saxlamayıb. Onun “Zabrat-1” anteninin əhatə dairəsinə daxil olması saat 17:13-dür, saat 17:25-də artıq Bakıxanov qəsəbəsindəki “Ocaq” yanacaqdoldurma məntəqəsinin yanındadır. Bu sənədi təqdim edən ittiham tərəfidir və həmin sənədə görə mən tam təqsirsizəm. Kifayət etmirsə, daha bir alibi deyim. İttiham aktında Elşənlə Elnur arasında Whatsapp dialoqu var. Həmin dialoqda görünür ki, 08.12.2023 tarixində guya  Elşən “Gənclik”dəki “Gold Gənclik” dükanı qarşısında Elnurla görüşüb və bu, Elşənin 25 min avronu və 10 min manatı Elnura verməsini təsdiqləmək üçün Abdulla tərəfindən təşkil edilib. Həmin dialoqa görə onlar bir-iki dəqiqəlik xəta ilə saat 16-da görüşüblər. Çünki Elnur saat 15:45-də göndərdiyi mesajda deyir ki, “Drujba”nın yanındayam, indi üzü “Gəncliyə” dönmüşəm və ora gəlirəm. Bundan sonra o, “Gənclik” ərazisinə oradakı yol qovşağının tuneli ilə daxil olacaqdısa, bir də keçmiş İnqilab küçəsinə çıxacaqdı ki, orada maşın saxlamağa icazə verilmir. Deməli, Elnur maşınını park edib “Gold Gənclik” dükanının qabağına getmək üçün tunelə daxil olmadan sağ yolla getməli, “Gənclik Mall”un qabağından keçərək İdman Akademiyasının yanındakı körpüdən dönüb “Gəncliy”ə gəlməli idi. Bunun üçün minimum 10, maksimum 15 dəqiqə lazım gələcəkdi. İndi də ittiham aktındakı mobil rabitə operatorunun Elnura məxsus 0-55-243-52-02 lokasiya cədvəlinin 573/516 səhifəsinə baxaq. Həmin cədvələ görə Elnur 15:51-də Mehdiabad qəsəbəsi, 28 May küçəsində olub. Saat 16:44-də isə Goradil qəsəbəsi Fatmayi bağları lokasiyasında olub. “Bura məhkəmədir, mən də hakiməm” deyən Elnur Nuriyev, hə, buyur, göstər ki, bura məhkəmədir, sən də hakimsən! İndin siz də müstəntiqdən nümunə götürüb “rəqəmsal texnologiyanın səmimi məlumat vermədiyi, onun təqdim etdiyi faktların heç bir əsası olmadığı müəyyən olundu” deyib, bu təkzibolunmaz alibimi kənara atacaqsınız? Molla Nəsrəddin arvadına deyir ki, köpək qızı, səhər inəyi necə pis bağlamısansa, səndən sonra üç dəfə də özüm bağlamışam, amma yenə açılır. Yəqin ki, siz də deyəcəksiniz Tofiq Yaqublunun həbsi ilə bağlı siyasi sifariş o qədər sərt və qəti olub ki, nə qədər çalışsaq da, vəziyyətdən çıxa bilmədik. Bu yerdə Abdullanın başına daha bir ifşa qapazını vurmağın əsl vaxtıdır. Adam Elnurun mobil telefonunun anten məlumatlarına baxanda görüb ki, onun məkan göstəriciləri ilə özünün Whatsapp dialoqunda təsvir elədiyi yerlərlə uyğun gəlmir. Ona görə də peşəkar bir saxtakar kimi davranaraq ittiham aktında Elnurun saat 15:21-də Mirəli Qaşqay küçəsi 43 ünvanında olduğu məlumatdan sonra aradakı məlumatları buraxarır və növbəti məkanı “saat 17:13 Zabrat-1 qəsəbəsi” kimi göstərir. “Saat 15:51-də Mehdiabad qəsəbəsi” və “saat !6:44 Goradil, Fatmayi bağları” məlumatlarını isə göstərmir. Niyə? Təbii ki, bu, bir texniki xəta deyil. Abdulla Elnurla Elşənin həmin gün “Gənclik”də görüşmədiklərinin üzə çıxmasının qarşısını bu ucuz və şərəfsiz saxtakarlıqla  almağa çalışıb. İndi bundan sonra özünüzü hakim və prokuror kimi aparın, görüm apara bilərsinizmi?

Taksi bir tində dayanıb sərnişin gözləyirmiş. Birdən arxa qapı açılır və tamamilə çılpaq olan bir nəfər arxa oturacağa oturaraq filan ünvana gedəcəyini deyir. Yolboyu taksi sürücüsü tez-tez çevrilib arxadakı çılpaq sərnişinə baxır. Sərnişin “nə var, çılpaq adam görməmisən?” deyərək sürücüyə bozarır. Sürücü deyir ki, ona görə baxmıram, sadəcə olaraq fikir məni götürüb ki, sən pulu harandan çıxarıb verəcəksən? Məni də fikir götürüb ki, hakim mənə necə bəraət verməyə biləcək, cəza hökmünü haradan çıxarıb oxuyacaq? Az oldusa, daha bir təkzibedilməz sübut təqdim edim. Elnur deyir ki, aldığı 3 min manatı Xırdalan qəsəbəsindəki ofisinə qoyubmuş. Ddüzdür, müstəntiq ona senariyə uyğun olmayan heç bir sual verməyib, məsələn, 3 min manatı Xırdalandakı “ofisinə” nə vaxt gətirib qoyduğunu soruşmayıb. Amma mən ona bəzi suallar verdim. Üzləşmə zamanı Elnurdan soruşdum ki, sən 3 min manatı evə aparmışdınsa, üstündən 1 manat da götürmədən onu niyə sonradan aparıb ofisə qoydun? O dedi ki, pulu evə aparmayıb, elə məndən ayrılandan sonra etibarlı olsun deyə,  birbaşa gətirib ofisə qoyub. Elnur hakim adaşı Elnur Nuriyevin təhriki ilə məhkəmədə ifadə verməkdən imtina etməsinə baxmayaraq, sonrakı proseslərdə aradabir yerindən replika verərək mənim dediklərimə münasibət bildirirdi və bəzi sualarıma cavab da verirdi. Proseslərin birində ondan pulları Xırdalandakı “ofis”inə nə vaxt apardığını bir dəfə də soruşdum. O, bu dəfə dedi ki, pulları dekabrın 9-da, guya məndən aldığının ertəsi günü aparıb ora qoyubmuş. Bu yerdə yenə “çox şərəfli” müstəntiq Abdulla Cəlillinin düzüb-qoşduğu bu saxta cinayət işindəki əlahəzrət mobil rabitə operatorunun təqdim etdiyi lokasiya cədvəlinə baxaq. Həmin cədvəl deyir ki, nə 08.12.2023, nə də ki, 09.12.2023 tarixlərində Elnur Xırdalan şəhərinə ümumiyyətlə, ayaq basmayıb. Abdullanın təqdim etdiyi anten məlumatları isə ancaq 09.12.2023 tarixinədək olan dövrü əhatə edirdi. O, bunu məqsədli şəkildə etmişdi kİ, Elnurun pulları guya ki, sonrakı günlərdə aparıb ofisə qoyduğu ehtimalına əsas yaransın. Bizim vəsatətlərimizdən sonra nəhayət ki, məhkəmə Elnurun mobil telefonunun onun həbs olunduğu günə – 11.12.2023 tarixinədək olan dövrə aid anten məlumatların alınmasını təmin etdi. Həmin məlumatlar artıq bizim əlimizdədir və oradan görünür ki, hər şey dediyimiz kimidir. Elnur sonrakı günlərdə də – nə 10.12.2023 tarixində, nə də ki, 11.12.2023 tarixində – saxlanıldığı anadək Xırdalana ayaq basıb. Bu səbəbdən də guya ki, 08.12.2023 tarixində məndən aldığı 3 min manatı aparıb bu şəhərdəki “ofis”ində gizlədə bilməzdi. Hə, hörmətli Femida zəhmətkeşləri, bunu necə malalayacaqsınız? Belə bir rüsvayçı, absurd və özünüifşa ittiham aktı hazırlamış müstəntiqə 10 baş qoyun otarmağı da etibar etmək olmaz. Bundan sonra Abdullanın “çox ağıllı” olması qəbul etməyən adamın özünün “çox ağıllı” olduğuna heç bir şübhə qalmayacaq.

Nə 08.12.2023 tarixində, nə də hansısa başqa bir vaxtda Elnur Whatsapp-la mənə zəng etməyib. Mən telefonumdakı 08.12.2023 tarixində gəlmiş və getmiş Whatsapp zənglərinin siyahısını təqdim etdim. Orada Elnurun zəngi haqda heç bir qeyd yoxdur. İstifadə etdiyim mobil telefon nömrəmlə 08.12.2023 tarixində cəmi bir adi mobil rabitə zəngi olub ki, o da saat 20:21-də 0-50-590-22-44 nömrəsiylə dostum Rafiq İsmayılla 72 saniyə danışmışam. Zatən mənim bunu sübut etməyə texniki imkanım olmasaydı belə, müstəntiq mənimlə Elnur arasında Whatsapp əlaqəsinin olub-olmamasını bilərəkdən araşdırmamaqla bu işi mənim əvəzimdən görmüşdü. Çünki belə bir əlaqə olsaydı, o, bu faktdan ikiəlli yapışardı. İndi də məhkəməyə təqdim etdiyim siyahı üzrə 08.12.2023 tarixindəki Whatsapp danışıqlarımı incələyək. Həmingünkü danışıqların siyahısı: 1. Nigar Həzi; 2. Nemət Kərimli; 3. Kənan Basqal; 4. Nemət Kərimli; 5. Rafiq İsmayıl; 6. Rəhim Yaqublu; 7. İlham Hüseynli; 8. İlham Hüseynli. Gün ərzində 6 adamla 8 dəfə danışığım olub. Bu adamların arasında Elnur Məmmədov yoxdur.  Halbuki “çox şərəfli” Abdulla deyir ki, guya o, görüş yerini müəyyyənləşdirmək üçün dekabrın 8-də metronun  “Koroğlu” stansiyasının ərazisindən mənə zəng edib. İndi də sənədlə təqdim etdiyim zənglərin vaxtına diqqət edək. İlk 3 zəng günün birinci yarısında olub. Günün birinci yarısındakı 3 zəngdən sonuncu zəng 13:34-də Kənan Basqalla (Zeynalov) olub. Kənan da, mən də ifadəmizdə demişik ki, 08.12.2023 tarixində MŞ-nın KM-nin növbədənkənar toplantısına getmək üçün təxminən 13:50-də bizim evin yanında görüşüb yola çıxmışıq. Bu zəngi də görüşdən əvvəl Kənanın gəlib-gəlmədiyini, bir problemin olub-olmadığını dəqiqləşdirmək üçün etmişəm. Bu zəngdən sonra həmin gün növbəti Whatsapp danışığım 18:07-də Nemət Kərimli ilə olub. Bu aralıqda  mənim nə Whatsapp, nə də ki, adi mobil rabitə nömrəsi ilə danışığım olmayıb. Bayaq qeyd etdiyim kimi həmin müddətdə mobil rabitə nömrəsi ilə də danışığımın olmamasını müstəntiqin saxta cinayət işinə mənim mobil nömrəmin danışıq və lokasiya məlumatları haqqqında əlavə etdiyi sənəd sübut edir. MŞ-nın KM-nin toplantısında olduğumdan telefonum bağlı olub. Deməli, “çox şərəfli” Abdullanın guya ki, həmin gün Elnura onun mənə zəng etməsi haqda yazdırdıqları və dedirtdikləri cəfəngiyyatdan və şərəfsizlikdən başqa bir şey deyil. Görürsünüzmü, mənim dediklərim, arqumentlərim və faktlarım necə uyğun gəlir və daşlar tamamilə yerinə oturur! Burada bir məqamı da mütləq qeyd etməliyəm. Mənim şahidim Kənan Zeynalov ifadə verərkən bildirdi ki, 08.12.2023 tarixində MŞ-nın KM-nin iclası saat 19-dan tez bitməyib. Kənan bəy vicdanlı yanılaraq həmin gün iclasın bitmə vaxtını  səhv dedi. Adi qrafik üzrə keçirilən həftəlik toplantılarımız bir qayda olaraq saat 19-dan tez bitmir, amma ortaya çıxmış qəfil bir məsələ ilə bağlı həmin gün növbədənkənar toplantımız olduğu üçün bu dəfə iclasımız xeyli tez bitmişdi. Görünür ki, Kənan bəyin yanılmasına ənənəvi iclas qrafiki təsir edib və o, mexaniki olaraq həmin gün də iclasımızın ən azından saat 19-dək çəkdiyini dedi. Digər şahid Vidadi Mirkamal da dedi ki, həmin gün növbədənkənar toplantımız olduğundan iclasımızı xeyli tez bitirdik. Səhv etmirəmsə, Vidadi bəy iclasımızın təxminən saat 18-dən keçmiş yekunlaşdığını dedi. Vidadi bəy də eynən Kənan Zeynalov kimi eyni səbəblərdən vicdanlı yanılaraq iclasımızın bitmə vaxtını azca xəta ilə dedi və bu da tamamilə başa düşüləndir, çünki üstündən 1 il keçmiş hadisənin dəqiq vaxtını yadda saxlamaq çətindir. Şəxsən mən özüm də düşünürdüm ki, həmin gün iclasımız vaxtından tez bitməsinə rəğmən, ən azından saat 18-dək davam edib. Lakin sonradan öz mobil telefonumun anten məlumatlarına baxdıqda müəyyən etdim ki, həmin gün iclasımız təxminən 17:30-da bitib. Amma bu texniki xətalar məsələnin mahiyyətini dəyişdirmir. Əsas odur ki, onların hər ikisi həmin gün mənim Milli Şuranın KM-nin saat 15-də başlamış iclasında iştirak etdiyimi və iclas başlayandan ta bitənədək telefonumun bağlı vəziyyətdə, iclas otağından kənarda – başqa bir otaqda olduğunu təsdiqlədilər. Deməli, həmin gün Elnurun saat 16-dan 15-20 dəqiqə keçmiş mənə zəng etməsi yalandır. İddia edilən zəngin heç bir sübutu yoxdur, əksinə deyilən zəngin olmadığı haqda mənim təkzib edilməsi mümkün olmayan sənədli sübutlarım var. Digər texniki məsələləri isə Elnurun və mənim mobil telefonlarımızın anten məlumatları təsdiqləyirlər. Onlar əyani şəkildə göstərirlər ki, həmin gün bizim Zabrat qəsəbəsində görüşməyimiz mümkün deyildi. İndi də təqdim etdiyim sənəddə günün ikinci yarısındakı ilk Whatsapp danışığının vaxtına baxın. Həmin zəng həmin günün ümumi siyahısında 4-cü zəngdir. Saat 18:07-də Nemət Kərimli ilə danışmışam. Yəni, artıq iclas bitib, telefonlarımızı açmışıq və onda Nemət Kərimli ilə danışmışam. Belədir həqiqət! Belədir dürüstlük! Belədir əsl fakt! Təəssüf ki, əlimdə bu qədər alibilərim, sübutlarım və faktlarım olmasına baxmayaraq, hakimdən və dövlət itthamçısndan qanuni və ədalətli qərar gözləmirəm. Dövlət ittihamçısı bu qədər alibi və sübutlarıma rəğmən mənə 10 il azadlıqdan məhrumetmə cəzası istəməklə Abdullanın komandasındakı Elşən və Elnurdan aşağı pillədə yer tutuduğunu təsdiqlədi. Çünki Macarıstanın  baş naziri Viktor Orban formal olaraq ədalətli dünya sisteminin içində olsa da, faktiki olaraq neofaşist, işğalçı Putinin yanında olduğu kimi, siz də formal olaraq dövlətin hüquq və ədalət sisteminə daxil olsanız da, faktiki olaraq cinayətkar ailə hakimiyyətinin yaratdığı mütəşəkkil cinayətkar dəstənin tərkibindəsiniz. Baxın, saxta cinayət işinin materiallarında Elşənin telefonundan götürülmüş onunla Elnur arasındakı Whatsapp zənglərinin və yazışmalarının təfsilatı verilib. Hətta səsli mesajların yazılı mətnləri də verilib. Müstəntiq elə də ciddi bir istintaq zərurəti olmadığı halda niyə “zərərçəkən”lə cinayətini etiraf edən cinayətkar arasındakı zəngləri və mesajları araşdırır, amma ciddi istintaq zərurəti olduğu halda cinayətini etiraf edən cinayətkarla cinayətini etiraf etməyən Tofiq Yaqublu arasındakı zəngləri və mesajları araşdırmır? Axı istintaq üçün sonuncu daha vacibdir. Elnurun telefonu əlində ola-ola mənə qarşı ittihamı əsaslandırmaq üçün oradakı məlumatlardan niyə istifadə etmirsən, ay Abdulla Cəlilli? Səbəbi çox sadədir, çünki belə bir məlumat mövcud deyil. Yoxsa bu qədər də sarsaqlıq olarmı? Abdulla Cəlilli telefonumdakı məlumatlara niyə baxmaq istəməyib? Mənim Elnurla olan zənglərimi və yazışmalarımı dəqiqləşdirmək üçün niyə məndən telefonumu açmaq istəməyib? Bunu ki, elementar məntiq tələb edirdi. Niyə o, Elnurun guya ki, bir-birimizlə zəngləşdiyimiz və mesajlaşdığımız haqda dedikləri sözlərə inanır, amma onların doğruluğunu təsdiqləmək üçün nə mənim, nə də onun telefonuna baxmağa ehtiyac duymur? Fikir verin, qızım Nigar Həzi həbsimdən 6 ay sonra, 10 iyun 2024 tarixində müstəntiq Abdulla Cəlillidən telefonumu təhvil alanda, onun şarjı doluymuş. 6 ay istifadəsiz qalmış telefonun şarjı dolu qala bilərdimi? Deməli, bu müddət ərzində şarj edirlərmiş ki, onun üzərində işləyə bilsinlər. Üstəlik də Nigar deyir ki, elə polis idarəsindən çıxan kimi parolu daxil edib, telefonu açmaq istəyib. Bu zaman telefona bildiriş gəlir ki, səhv parolla çoxsaylı giriş cəhdi olduğuna görə siz ancaq 3 saatdan sonra cəhd edə bilərsiniz. Həmin bildirişin ekran skrinini sübut kimi məhkəməyə təqdim etdim. Görürsünüzmü, son dəqiqələrədək telefonumun parolunu sındırmağa çalışıblar. Təbii ki, onlara mənim Elnurla yazışıb-yazışmadığımı öyrənmək lazım deyildi. Çünki belə bir şeyin olmadığını çox gözəl bilirdilər. Onlara müxalif siyasətçinin telefonunda ola biləcək məlumatlar lazım idi. Məncə, nə qədər çalışsalar da, bunu bacarmayıblar. Bu yerdə Apple şirkətinə belə mükəmməl cihaz yaratdıqları üçün dərin təşəkkürümü və bu şirkətin yardıcısı Stiv Cobsun xatirəsinə sayğılarımı bildirirəm. Ancaq Abdullanın cinayət yolu ilə mənim şəxsi məlumatlarımı ələ keçirmək cəhdi təkcə bu deyil. O, dekabrın 14-də məni həbs edəndə üstümdən götürülmüş əşya və pul vəsaiti haqqında protokol tərtib edib. Həmin protokol bu saxta cinayət işinin içindədir. Həmin gün üstümdə olan şəxsiyyət vəsiqəm də götürülüb və bu, protokolda qeyd edilib. Həbsimdən 5 gün sonra dekabrın 19-da Facebook hesabımın ələ keçirilməsinə cəhd olunub və bunun üçün şəxsiyyət vəsiqəmdən istifadə olunub. Ayın 19-da isə mənim şəxsiyyət vəsiqəm Abdullada olub. Deməli, ya şəxsən onun özü, ya da bu işə cəlb etdiyi başqaları ilə birlikdə Facebook hesabımı ələ keçirməyə çalışıblar, özü də bir neçə mərhələni də keçə biliblər. Yalnz telefonumu geri alandan sonra dostlarım artıq ələ keçirilmiş Facebook profilimi geri qaytara biliblər və onun müdafiəsini daha da gücləndiriblər. Bu da sizə Abdullanın həm də kibercinayətkar olması barədə ciddi bir sübut. İndi görüm hakim və prokurorun bununla bağlı qanunda nəzərdə tutulmuş addımları atmağa cəsarətləri çatacaqmı? Dediyim hər iki faktla bağlı sübutları məhkəməyə təqdim etmişəm və siz artıq onlarla tanışsınız. Yeri gəlmişkən, görünür Abdullanın həbs etdiyi insanlarla belə davranmaq şakəri var. Onun vaxtı ilə həbs etdiyi Ömər Tinatiyev adlı bir təqsirləndirilən şəxsin 0-55-240-94-15 nömrəli mobil telefonunun sim kartını Elşənə Hüseynova verdiyini, onun da bu şərləmə əməliyyatında məhz həmin nömrədən istifadə etdiyini burada bir daha xatırlatmaq yerinə düşür.

Bir məqama xüsusi diqqət yetirməyinizi xahiş edirəm. İlkin istintaqda da, məhkəmədə də, ifadəmdə qətiyyətlə bildirmişəm ki, nə 08.12.2023 tarixində, nə də başqa bir vaxtda Elnur mənə Whatsappla zəng etməyib. Necə düşürsünüz, əgər Elnur mənə zəng etmiş olsaydı, həmin zəngin və ya zənglərin qeydiyyatı onun və mənim telefonumda qalmayacaqdı? Mən zəng faktını necə dana bilərdim? Tutaq ki, mənim telefonumun parolunu sındıra bilmədilər və oradakı qeydləri götürmək mümkün olmadı, bəs Elnurun telefonunda bu qeydlər görünməyəcəkdi? Mənə Elnurdan zəng gəldiyini necə dana bilərdim?  Rəqəmsal texnologiya ilə təsdiq olunan zəngi danmaqla mən dolayısıyla cinayətimi təsdiq etmiş olmazdımmı? Əgər həqiqətən mənə Elnurdan zəng gəlmiş olsaydı, bunu danmaq şansım olmazdı. Onda mənə zəng olunduğunu, amma baqşqa şeylər haqqında danşdığımızı deməliydim. Amma mən ilk gündən hayqırıram ki, bu iş quramadır və Elnur mənə zəng etməyib. Bir azca başınızı və əgər varsa, vicdanınızı işə salın və bu tərbiyəsizliyə son qoyun. Bəxtim gətirib ki, “çox şərəfli” Abdulla həmin gün Elnura mənə zəng etməyi tapşırmayıb. Əgər o, həmin gün mənə zəng edib Saakaşvili və ya hansısa ictimai-siyasi məsələ haqqında  bir bəhanə sualı versəydi, yəqin ki, onu başımdan edib telefonu söndürənədək 30-40 saniyə vaxt  keçəcəkdi və bu zəng həm Elnurun, həm də mənim telefonumun zənglər qeydinə düşəcəkdi. Təbii ki, Abdulla bunu pulu vermək məqsədi ilə görüş yerini və vaxtını müəyyənləşdirmək üçün edilmiş zəng kimi təqdim edəcəkdi. Gəl, bundan sonra bu həyasızların yalan danışdıqlarını sübut elə, görüm, necə edirsən. Bundan sonra Abdullanın heç torba tikməyi də bacarmayan kütbeyin birisi olduğuna şübhəniz qaldımı? Elementar məntiqə görə cinayətin baş verdiyini sübut etmək üçün müstəntiq mənimlə Elnur  arasındakı zəng və yazışmaları mütləq araşıdrmalıydı, amma bunu etməyib. Bunun çox sadə bir izahı var. O da odur ki, mənimlə Elnur arasında 08.12.2023 tarixində heç bir telefon danışığı və yazışması olmayıb. Bu qədər sadə! Hərgah həmin gün Elnur mənə zəng etmiş olsaydı, heç Abdulla onu boş buraxardımı? Müstəntiq Abdulla məni dindirərkən özü dedi ki, Elnurun telefonuna baxış keçirib. Elnur da məhkəmədə dindirilərkən təsdiqlədi ki, Abdulla onun iştirakı ilə telefonuna baxış keçirib. Burada sizə sübut təqdim etdim ki, Elnur mənə cəmi 1 dəfə Whatsapp-la mesaj gondərib. 09.12.2023 tarixində 8 Noyabr Zəfər Bayramı münasibəti ilə təbrik göndərib və Whatsappın təbrik mətnindən əvvəlki texniki xəbərdarlıq yazısı həmin mesajın ilk yazışma olduğu aydın görünür. Əvvəlcə həmin mesajın mətnini olduğu kimi diqqətinizə çatdırım: “Tofiq bəy Salam, bayramınız mübarək olsun. Sizin daxili insani keyfiyyətləriniz müsbet siyasi reputasiya qazanmağiniza da böyük təsiri olmuşdur. Siz məndən də bunu gözel bilirsiniz ki, tek mübarizə aparmaq kifayət etmir insanların onu sevməsinə, rəğbət bəsləməsinə. Həm də onun insan olaraq kamilliyi, şəxsiyyəti də önəmli olur. Hələ Hafiz Hacıyev cəbhəçi olduğu dövrdə də heç sevilmirdi. Bunun kimi yüzlərcə misal çəkmək olar. Götürək Əli bəyi; Əbülfəz Elçibəy AXCP sədri olduğu dövrdə onun tək müavini Əli Kərimli deyildi axı, digərləri hardadır? Onların yerini heç kim bilmir, tarixin arxivində! Əli bəy AXCP-də müavin olduğu dövrdə,  rəhmətlik bəy sədr olsa belə, Əli bəyin nüfuzu nəinki digər müavinlərdən yüksəkdə idi, hətta bəzən Onu partiya başqanı görənlər də olurdu. Xalqın gözü tərəzidir, sözü heç də boşuna deyilməyibdir!

Sizə, bütövlükdə AXCP ailəsinə uğurlar diləyirəm.

Tanrı Sizinlə olsun. Amin!

Sayqilarla:

Elnur Azərsoy”

 

Əslində bayramı bəhanə edərək mənə yaxınlaşmağa cəhd edib. Ona görə də yazdığı uzun mətndə təbrikdən çox mənim və AXCP sədri Əli Kərimlinin Əliyevin cinayətkar rejiminə qarşı necə effektli mübarizə apardığımıza heyran olmasından yazıb. Mən də başımdan etmək üçün qısaca təşəkkür etməklə kifayətlənmişəm. Yəni, Elnurun 08.12.2023 tarixində metronun “Koroğlu” stansiyası həndəvərindən mənə zəng etməsi uydurmadır. Yeri gəlmişkən, cinayət işində olan mobil rabitə operatorunun Elnurun mobil telefonunun 08.12.2023 tarixində metronun “Koroğlu” stansiyası həndəvərində olması ilə bağlı heç bir lokasiya qeydi yoxdur. İbtidai istintaq zamanı Elnur 08.12.2023 tarixində mənə cəmi 1 dəfə zəng etdiyini və onda da görüşüb pulu vermək üçün hara gəlməli olduğu soruşduğunu deyir. Məhkəmədə də Elnur həmin gün mənə guya ki, bir dəfə zəng etmiş olduğunu təsdiqləmiş oldu. Mənim “ondan sonra da zəng etdinmi?” sualıma belə cavab verdi: “Xatırlamıram, 99% deyirəm ki, sonradan zəng etmədim. Həmin uydurma zəngin saat neçədə olduğunu Abdulla soruşmayıb, halbuki bu, istintaq zərurətiydi. Ona görə də saxta cinayət işində bu haqda heç bir məlumat yoxdur. Elşən məhkəmədə bildirdi ki, zəngin vaxtını xatırlamır. Amma mən həmin vaxtı 5 dəqiqəlik xəta ilə müəyyən edə bilərəm. Cinayət işinin materiallarında Elşənlə Elnur arasındakı qondarma Whatsappa dialoqunun mətni var. Oradakı məlumata görə guya Elnur Elşəndən pulu saat 16-da metronun  “Gənclik”dəki “Gold Gənclik” mağazasının qabağında götürüb və orada heç dayanmadan mənimlə görüşə tələsib. “Gənclik”dən “Koroğlu”ya avtomobillə maksimum 10-15 dəqiqəlik yol olar. Belə çıxır ki, Elnur mənə təxminən 16:15-də zəng edib. Sizə təqdim etdiyim sübutlar və burada dindirilmiş çox ləyaqətli insanlar olan şahidlər də təsdiq etdilər ki, həmin vaxt mənim telefonum bağlı olub, özüm də həmin vaxt MŞ KM-nin toplantısında olmuşam. Üstəlik bunu cinayət işindəki anten məlumatları və öz telefonumdakı zəng qeydləri ilə də təsdiq etdim. Bu uydurulmuş versiyanın yalan olmasıyla yanaşı, eyni zamandan Abdullanın gerizəkalı olduğunun daha bir parlaq sübutudur. Elnur pulu Elşəndən “Gənclik”də alandan sonra niyə metronun “Koroğlu” stansiyasına tərəfə getməliydi ki? Bəlkə mən Yasamalda, Biləcəridə və ya elə “Gənclik” stansiyasının lap yaxınlığındaydım. Məntiqlə, Elnur Elşəndən pulu alan kimi elə oradaca mənə zəng etməliydi ki, mənim harada olduğumu və ya harada görüşə biləcəyimizi dəqiqləşdirsin. Sadəcə olaraq həmin gün bizi izləmiş qara maşından alınmış informasiyaya istinadən Abdullanın düzüb-qoşduğu saxta cinayət senarisinə görə biz Elnurla Zabratda görüşə bilərdik deyə, mexaniki olaraq hadisəni qabaqlayıb və onu Zabrata tərəf yönləndirib və düşünüb ki, o, “Koroğlu”dan keçəcək. Elnurun məhkəmədə müdafiə tərəfinin verdiyi suallara ibtidai istintaqa verdiyi ifadələrinə zidd cavablar verməsi bir yana dursun, hər dəfə küncə sıxışdırılanda,  məhkəmədə verdiyi ifadələrini də dəfələrlə dəyişdirdiyinə hamınız şahidsiniz. 19.02.2025 tarixli məhkəmə prosesində əvvəlki məhkəmə prosesində olduğu kimi bu suallarla Elnuru küncə sıxışdırdıq. O, tamamilə çaşıb qaldı, indiyədək məhkəmədə dediklərini danaraq dedi ki, o, metronun “Koroğlu” stansiyasından keçməyib və orada olmayıb. Sadəcə olaraq ora yaxınlaşanda sükan arxasında telefonda internetə baxaraq öyrənib ki, Zabrat yolunda tıxacdır və geri qayıdaraq 8-ci mikrorayondan keçərək Binəqədi qəsəbəsinə, oradan da Mehdiabad-Goradil yolu ilə Zabrata gəlib. Görürsünüzmü, Elnur ona tabe olduğunuzu bildiyindən sizi necə ələ salır? Bilir ki, ağlına nə gələrsə, onu da danışa  bilər və siz də onu mötəbər sübut kimi qəbul etməyə məcbursunuz. O, budəfəki yalanı onun anten göstəricilərində “Koroğlu” metrostansiyasının olmadığını gizlətmək üçün danışır. Amma unudur ki, əgər “Gənclik”dən gələrkən “Koroğlu” stansiyasına istər keçmiş Moskva prospekti, istərsə də el arasında “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospelti ilə  yaxınlaşanda geri qayıdılsa, yenə də  “Koroğlu” stansiyasınadək gedib, oradan fırlanıb qayıtmalıydı və bu da anten məlumatlarına düşməliydi. Əvvəllər mən dəfələrlə bildirmişdim, vəkilim Aqil Layıc da elə həmin məhkəmə prosesində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saytına daxil olub sübut etdi ki, həmin gün metronun “Koroğlu” stansiyasından üzü Zabrata qəsəbəsinə gedən yolda heç bir tıxac olmayıb. Adam həm ibtidai istintaqda, həm də məhkəmədə bildirdi ki, 08.12.2023 tarixində mənə cəmi bir dəfə zəng edib, o da görüş yerini müəyyənləşdirmək üçün olub. Yaxşı, əgər o, tıxaca görə yolunu dəyişirdisə, bu da kifayət qədər çox vaxt aparacaqdısa, mənə zəng edib deməli deyildimi ki, tıxaca görə yolu dəyişəsi oldum və xeyli gecikəcəm? Və yaxud da mən saatlarla Zabrat qəsəbəsində onu gözləyirəm, amma ona zəng edib soruşmuram ki, harda qaldın? Bu küncə sıxılmış Elnurun necə həyasızcasına və sizləri ələ salaraq yalanlar danışmasını bir ayrı rakusdan da göstərim. Abdullanın Elşənlə Elnur arasında təşkil etdiyi saxta Whatsapp dialoqundakı 08.12.2023 tarixli bölümünə bir də qayıdaq. Abdulla Elnura saat 15:45-də “mən “Drujba”nın yanındayam” dedirdəndən sonra onların arasındakı siçan-pişik oyununu qəfil dayandırır və saat 16:32-də Elşənə “qardaş, çatdınmı? Hər şey qaydasındadırmı?” şəklində növbəti mesajı göndərtdirir. Həmin siçan-pişik oyununun nə olduğunu bir azdan ətraflı izah edəcəm. Abdulla 16:32 vaxtını təsadüfən seçməmişdi. Onun hesablamasına görə 15:45-də “Drujba”nın yanında olan Elnur “Gold Gənclik” dükanının qabağına gəlib Elşəndən pulları “götürər” və saat 16:32-də artıq Zabratda mənimlə “görüşmüş” ola bilər. Elnur da Elşənin sonuncu mesajına cavbında deyir ki, hər şey qaydasındadır, papağını yan qoy və kef elə. Bu yerdə sual yaranır, əgər doğrudan da “Koroğlu”dan Zabrata gedən yolda tıxac var idisə və Elnur yoldan geri qayıdıb Binəqədi – Mehdiabad – Goradil – Kürdəxanı yolu ilə gəlməli olmuşdusa, Elşənə niyə demir ki, yox hələ çatıb görüşə bilməmişəm, yolda tıxac var, yoldan geri qayıdası oldum, xeyli gecikirəm?  Görürsünüzmü, adam sizi necə aşağılayır? Əgər o, sizi zərrə qədər hakim, prokuror, hətta adam yerinə qoysaydı, bu cür sarsaq şeylər danışmazdı. Amma siz onun bu həqarətlərini bal kimi udursunuz. Baxın, görün kimlərin əlində qalmışıq. Bu boyda da qanmazlıq olar? Qanmazlıqlar isə davam edir.  Guya ki, Elnur mənə “Koroğlu”dan zəng edəndə mən ona Zabrat-1 qəsəbəsi istiqamətinə gəl demişəm. Belə də görüş yeri təyin etmək olar? Özü də külli miqdarda pulu götürmək üçün. Siz kiminsə görüş təyin edəndə “Günəşli istiqamətinə gəl”, “Yasamal istiqamətinə gəl”, “Qaraçuxur istiqamətinə gəl” və s. şəklində görüş yeri təyin etməsini təsəvvür edə bilərsinizm? Sanki adam meşədə azıb, mən də ona demişəm ki, üzü təpələrə doğru gəl. Bayaq dedim, bir də deyirəm  müstəntiq də ona konkret olaraq harada və saat neçədə görüşdüyümüz haqda sual vermir. Belə istintaq olar? Bunu necə soruşmamaq olar axı? Məsələ aydındır, müstəntiq bütün bunların özünün uydurduğu yalanlar olduğunu bildiyindən əlavə suallara ehtiyac duymur. Digər tərəfdən, konkret məkan və vaxt göstərilsə, mənim alibilərimin ola biləcəyini ehtimal edərək, ümumi sözlərlə kifayətlənir və ümidini bütün bunların diqqət çəkməməsinə  bağlayır. Fikir verin, mən guya, Elnura Zabrat 1 qəsəbəsinə tərəf gəl demişəm, o isə deyir ki, Zabratdan Kürdəxanıya gedən yola gəlib, mənimlə görüşüb və pulları küçədə sayaraq mənə verib. Mən ki ona Zabrat-1 qəsəbəsi tərəfə gəl demişəm, o, niyə Kürdəxanıya gedən yola gəlir? Ondan konkret görüş  yerini soruşanda, “Kürdəxanıya gedən istiqamətdə yola gəldim” cavabını verir. Heç bu şəkildə görüş yeri ola bilərmi? Əgər ona konkret yer, məsələn, dükan, restoran, benzin stansiyası və s. deməmişəmsə və yaxud da konum atmamışamsa, o, məni necə tapdı? Mən ifadəmdə də dedim ki, şahid Kənan Zeynalov da təsdiqlədi ki, həmin gün evdən çıxıb Pirşağıya gedəndə  də və Pirşağıdan evə qayıdanda da maşını heç yerdə saxlamamışam. Əgər elə bir hal olsaydı, müstəntiq yol kameraları ilə bunu çox rahatca sübut edə bilərdi. Həmin yolda addımbaşı radarlar və kameralar var. Abdulla göstərə bilərdi ki, hansısa 2 kamera arasındakı 2-3 dəqiqəlik yolu yağışlı havada, küçədə 25 min avronu və 10 min manatı sayıb götürəcək müddətdə keçmişəm. Bu, yolda dayandığımın sübutu olardı. Müstəntiq yol polisindən nə mənim, nə də Elnurun avtomobilinin həmin günə və həmin əraziyə aid videogörüntülərini almayıb, çünki özünü ifşa etmiş olardı. Sizlər də şəhərin harasındasa kiminləsə görüş təyin edirsiniz, bu cür görüş yeri və vaxtı təyin etməklə bir-birinizi tapa bilərsinizmi? Yoxsa özünüzü bu cəfəngiyyata inanırmış kimi göstərməyə hazırlaşırsınız? 18.10.2023 tarixli məhkəmə prosesində şahid Kənan Zeynalov dindirilərkən, yan hakim Azər Tağıyev Elnurdan 08.12.2023 tarixində mənimlə harada görüşdüyünü bir də soruşdu. Bu dəfə isə o dedi ki, Zabratın “kruq”u ilə Balaxanıya dönən yol arasında bir yerdə görüşmüşük. Xatırladım ki, bu iki məntəqə arasında məsafə kilometrlərlə ölçülür və bu ifadə qətiyyən konkret bir məkanı göstərmir. 4-cü sinifdə oxuyanda kəndimizin qəbirstanlığına gedən yolda qaratikan kolunun dibindən 1 SSRİ rublu tapmışdım. Bu günədək həmin yeri dəqiqliklə xatırlayıram və hər dəfə oradan keçəndə, yenə də həmin kolun dibinə baxıram. Baxın, guya ki, adam mənə bir ətək pul verib, amma onu harada verdiyini dəqiq xatırlamır. Gah deyir ki, Zabratdan Kürdəxanıya gedəndə yolun sağında,  tikililər olmayan bir yerdə, gah deyir ki, Zabratdan üzü şəhərə gedəndə Balaxanıya dünən yolun yanında, gah da deyir ki, Zabratın “kruq”u ilə Balaxanıya dönən yolun arasında bir yerdə. Bu adamın abırsız yalançı və ştatlı üzəduran olduğunu qəbul etməniz üçün sizə daha nə qədər sübut lazımdır? Gözləyirsiniz ki, mənim həbsimi sifariş vermiş adam özü gəlib burada hər şeyi açıb danışsın?

Burada bir zəruri və çox vacib izahata ehtiyac var. Sizcə, Abdulla niyə Elşənin o qədər pulu Elnura saymadan verməsi haqda çox absurd səhnə düzəldib? Bilirik ki, praktikada belə şey olmur, illah da ki, maşın və qızıl alverçisinin bunu etməsi nonsensdir. Sadəcə olaraq, Abdulla buna məcbur olub. İzah edim niyə? Deməli, o, 08.12.2023 tarixində qara maşınla məni izlətdirərkən, digər tərəfdən, Elnuru mənimlə mobil rabitə operatorunun anten dislokasiyası illə uyğun bir yerdə və vaxtda “görüşdürmək” üçün Elşənlə onu saxta Whatsapp dilaloqu ilə sözdə şəhərdə siçan-pişik oynamağa məcbur edirdi. Məni izləyən qara maşın Zabratda məhəllələrə döndüyümü düşünərək, məni oralarda axtarmağa başlayıb. Abdulla orada konkret harada olduğum haqda dəqiq məlumat gözləyirdi. Qara maşın məni xeyli axtarsa da, konkret olaraq hansı həyətdə olduğumu müəyyənləşdirə bilmirdi və bu haqda Abdullanı tez-tez məlumatlandırırdı. Birdən Abdulla ayılıb ki, artıq xeyli vaxt keçib, amma qara maşın hələ də məni tapa bilməyib. Deməli, mən oradayamsa, ora gəlişimdən artıq xeyli vaxt keçib və hər an oranı tərk edə bilərəm və yaxud da artıq oranı tərk etmiş ola bilərdim, qara maşın isə nə bunu görməyə bilər. Onda qərara alıb ki, yubanmadan Elnuru mənim “mövcud olduğum” anten dairəsinə uyğun olaraq Zabrata göndərsin. Fikir verin, qondarma Whatsapp dialoqundan Elnur axırıncı dəfə 15:45-də Elşənə səs atır ki, “Drujba”nın yanındayam, gəlirəm “Gəncliy”ə. Bundan sonra onların görüşüb bir-birini tapmaları haqqında heç bir mesajları yoxdur. Elnurun bu sonuncu mesajından sonra Elşənin 16:32-də göndədiyi “Qardaş, çatmısan? Açdın baxdın, məbləğə baxdın, hər şey qaydasındadırmı? Maa denən” məzmunlu mesajı gəlir. Yəni, artıq Abdulla Elnuru “Gəncliy”ə çatıb Elşənlə görüşməyə yox,  Zabrata tələsdirir. Onun dislokasiya məlumatlarına baxanda görünür ki, o, Zabrata saxta cinayət işində yazıldığı kimi “Koroğlu” stansiyası tərəfdən yox, Goradildən gəlib. Mən sizə sübut etdim axı Abdullanın quraşdırdığı yalançı Whatsapp dialoqunda Elşənin və Elnurun olduğu yerlərə aid məlumatlar saxtadır və Elnur onların guya ki, “Gənclik”də görüşdükləri vaxtda Mediabadda, sonra da Goradildə olub. Baxın, Elşənin o boyda pulu saymadan Elnura “verməsi”nin səbəbini də burada axtarmaq lazımdır. Ciddi seytnotda olan Abdulla Elşənlə Elnurun “Gold Gənclik” dükanının qarşısında görüşüb pulu sayaraq alıb-vermələri səhnəsinə vaxt qalmadığını başa düşüb. Abdulla fikriləşib  ki, nə qədər ki, mən oradayam və ya oradan çox uzaqlaşmamışam təcili Elnuru mənimlə Zabratda “görüşdürməlidir”. Ona görə də Abdulla dialoqun şəhərdə siçan-pişik oynama mövzusunu birdən-birə dəyişməyə məcbur olub. Əgər o, saxta dialoq vasitəsi ilə  sözdə onları görüşdürsəydi və Elşən də o qədər pulu sayıb Elnura versəydi, bu, xeyli vaxt aparacaqdı. Ona qədər də mən Zabratı “tərk edə” bilərdim. Abdulla qorxurdu ki, bir halda ki, qara maşın məni gözdən itirib, deməli, o məhəllədən nə vaxt çıxb hara getdiyimi də qaçıra bilərdi. Ona görə də Elnurun adından yazılmış hər 3 ifadədə və üzləşmə protokolunda mənimlə 08.12.2023 tarixində Zabratdan Kürdəxanıya gedən yolda “görüşdüyü” və pulları orada mənə “verdiyi” yazılır. Yəni, Abdulla yerimi tam dəqiq bilmədiyi üçün görüş yerini Zabratla bağlı konkret olmayan bir məkana təyin edir. Elnur məhkəmədə verdiyi ifadəsində isə dedi ki, o, mənimlə Zabratdan üzü şəhərə doğru gedəndə, Balaxanıya dönən yolun yaxınlığında görüşüb. Bu korrektə Abdulladan gəlib. O, sonradan öyrənib ki, mən həmin gün MŞ-nın Koordinasiya Mərkəzinin toplantısında olmuşam və məhkəmə müdafiə tərəfinin şahidlərlə bağlı vasatətini təmin etsə, o toplantıda iştirak etmiş çox tanınmış və hörmətli insanlar bunu təsdiqləyəcəklər. Ona görə də görüş yerimizi yenə də Zabrata bağlamaqla, amma əks istiqamətə, mənim MŞ KM-nin toplantısından çıxıb evə qayıtdığım istiqamətə təyin edir. Baxın, Abdullanın bütün foks-mokusunun mahiyyəti bundan ibarətdir. Məhkəmə iclası zamanı dövlət ittihamçısı Elnura sual verdi ki, sən pulları Tofiq Yaqubluya verəndə saydınmı? O da cavab verdi ki, pulları saymadan, bağlı şəkildə verib. Fikir verin, saxta cinayət işi materiallarında xüsusi olaraq vurğulanır ki, Elşən pulu Elnura saymadan verib, amma Elnur pulu mənə “verəndə” onun sayılıb-sayılmadığı haqda heç bir qeyd edilmir. Niyə? Çünki bunu xüsusi olaraq qeyd etməyə ehtiyac yoxdur. Əlbəttə ki, o qədər pul verilib-alınarkən sayılmalıdır. Amma pulun sayılmaması qeyri-adi hal olduğundan, Elşənin pulları saymadan verdiyini xüsusi vurğulamaq lazım gəlmişdi. 15.12.2023 tarixində Abdulla Cəlillinin otağında vəkil Aqil Layıcın iştirakı ilə Elnurla üzləşmə keçirildi. Yeri gəlmişkən, mən üzləşmə protokolunda ancaq özümün ifadəmi oxuyub altından imza atmışam. Elnurun ifadəsini isə  istintaq təcridxanasında saxta cinayət işinin materialları ilə tanış olanda oxudum. Məlum oldu ki, Abdulla onun suallarına Elnurun verdiyi cavabları protokola olduğu kimi yox, özünün lazım bildiyi şəkildə yazıb. Əgər o, Elnurun ona dediklərini olduğu kimi yazsaydı, oradan da çoxlu ifşa materialları çıxacaqdı. Üzləşmə zamanı mən Elnuru kepkasız görən kimi onun başında təbii saç yox, parik olması dərhal gözümə sataşdı və niyə parikdə olduğunu soruşdum. O isə əlini uzadıb, parikini ehmalca dartışdırıb dedi ki, parik deyil, öz saçlarımdır. Bu yerdə Abdulla rəsmi üzləşməni başlamağı bir az yubadaraq, bizim danışmağımız üçün şərait yaratdı. Bu, ona çox lazım idi. Bilmək istəyirdi ki, mən bu mövzuda nə danışa bilərəm. Həmin bilgilər ona sonrakı mərhələdə məni daha ağlabatan şəkildə şərləməyə imkan verərdi. Təbii ki, mən onun məqsədini başa düşürdüm, ona görə də onun bu məkrdə istifadə edə biləcəyi heç bir fikir demədən, Elnurla danışmağı davam etdirdim. Çünki mənə də onların düşüncəsində nə olduğunu öyrənmək lazım idi. Elnur həyasızlıqla sözlə üstümə cumdu ki, o pulları niyə mənimsədin, məni də zibilə saldın? Bilsəydim ki, sən fırıldaqçısan, o pulları alıb sənə verməzdim, öz başıma da bəla açmazdım. Bax, həmin məqamda harada və saat neçədə görüşdüyümüzü soruşdum. Dedi ki, vaxtı dəqiq xatırlamıram, günün işıqlı vaxtı idi, Zabratdan Kürdəxanı istiqamətində gedəndə, yolun sağında, tikililər olmayan yerdə görüşdük. Sən də pulları alıb maşının sağ tərəfinə çəkilib, onları saydın, üstündən 3 min manat mənə verib, qalanını götürdün. Hətta Abdullanın bu absurd və sarsaq versiyasını qəbul etsək belə, istənilən halda guya, Elnura verdiyim 3 min manatı mütləq saymalıydım. Çünki ilkin istintaqa Abdullanın onun adından yazdığı ifadələrində 3 min manatı əvvəlcədən sayıb götürdüyünü desə də, məhkəmə istintaqında dedi ki, Tofiq Yaqublu pulları məndən alanda, üstündən 3 minini götürüb mənə verdi. Əks təqdirdə saymadan 10 min manatdan 3 minini necə ayırıb Elnura verə bilərdim? Bəlkə Abdulla elə düşünür ki, müəllifi yazıçı Anar olan, Azərbaycan televiziya tamaşası şedevrlərindən sayılacaq “Evləri köndələn yar” tamaşasındakı bazarkom Nadir kimi 3 min manatı əlimi tərəzi kimi istifadə edərək, çəkisi ilə müəyyən etmişəm? İstənilən halda mənim o qədər pulu istər Elnur olsun, istərsə də bir başqası saymadan götürməyim tam absurddur. Əks təqdirdə ortaya sual çıxır ki, Elşənin pullarında nə sehr var ki, nə alanda, nə də verəndə heç kəs onu saymır? Adam, hətta bankdan pul götürəndə də, baxmayaraq ki, pulsayan maşın və bank işçisi onun  gözü qarşısında onu təkrar-təkrar sayırlar, amma yenə də pulu əlinə alan kimi bir dəfə də özü yenidən sayır. Bir ailənin üzvü, qohumu, dostu, biznes ortağı və s. olmasından asılı olmayaraq adamlar bir-birilərinə, xüsusən də iri məbləğdə pul verəndə onu mütləq sayırlar,  başqa cür mümkün deyil. İnsanlar bir-birinə pul verərkən, qarşı tərəfin onu aldada biləcəyi ehtimalı ilə  yanaşı, həm də bilmədən texniki səhv edə biləcəyinə görə də mütləq sayırlar. Ona görə də mənim Elnurdan pulları saymadan “götürməyim” versiyası da bu cinayət işinin qondarma və şərləmə olmasının daha bir ciddi sübutudur. Elnur 08.12.2023 tarixində guya mənə pul verərkən, sayaraq verdiyini saxta Whatsapp dialoqu da təsdiq edir. 08.12.2023 tarixində saat 16:32-də Elşən Elnura səs atıb deyir: “Qardaş, çatmısan, açdın baxdın, məbləğə baxdın, hər şey qaydasındadır? Maa denən”. 16:30-da Elnur ona cavab verir: “A qardaş, say nədir, mən yerdən pulu tapanda da sayıram, atalar misalı var e, deyir yerdən pulu tapanda da say. Əlbəttə saymışam, deyilən kimidir, 25 min avro, 10 min manat, nətər danışılmışdı, elə də verdin də. Nətər olmalıdır bə? Sən narahat olma, papağını qoy böyrü üstə, yan üstə, vsyo! Görürsən də məllim, bəy nətər adamdır? Bilirsən də nömrə birdir bu işdə, bu işlərdə bir nömrədir. Demək artıqdır da, hər şey deyilib, nağaraq, otur gözlə, həll olunacaq”. Buradan da aydın olur ki, Elnurun pulları yolda sayması istisna olunur. Çünki Elşən verdiyi məbləğin doğru olduğunu Elnurun təsdiq etməsini istəsəydi, onda pulu ona sayıb verməliydi. Burada Elşəni maraqlandıran məsələ guya ki, Elnur pulları mənə verərkən məbləğlə bağlı bir problemin çıxıb-cxmadığını öyrənməkdir. Əvvəl də qeyd etdiyim kimi əgər Elnur pulları mənə “verənədək” saymalıydısa, o bunu ancaq onları Elşəndən alanda etməliydi. Elnur bütün ifadələrində Elşənə inandığı üçün pulları alarkən saymağa ehtiyac duymadığını deyib. Ona görə də onun pulları yolda guya mənimlə görüşənədək sayması tam məntiqsizdir. Deməli, pulların ancaq onlar mənə “verilərkən“ sayılmalıydı. Başqa bir nəzəri variant Elnurun mənimlə “görüş” yerinə məndən tez gəlməsi halında mümükün olardı. Maşında mənim gəlib çatmağımı gözləyərkən, hər ehtimala qarşı pulları saya bilərdi. Amma Elnur həm ilkin istintaqda, həm də məhkəmədə verdiyi bütün ifadələrdə bildirir ki, “görüş” yerinə mən ondan qabaq gəlmişəm. Onun Whatsapp cavabına bir də diqqət edin. O demir ki, pulları yolda saydım. “Çox ağıllı” Abdullanın senarisinə görə pullar mənə verilərkən sayılmalı olduğundan, o, Elşənin dili ilə əvvəlcə soruşur ki, çatmısanmı, yəni Tofiq Yaqublu ilə görüşdünmü, sonra isə pulun məbləğini yoxlayıb-yoxlamadığını soruşur. Nə qədər çətin olsa da bir anlığa fərz edək ki, bu cinayət hadisəsi həqiqətən də baş verib və Elnur pulları Elşəndən saymadan götürüb, saymadan da mənə verib. Mən sonradan zəng edib desəydim ki, pulları evdə saydım, 5 min avro əskik gəldi, onda o, nə edəcəkdi? Belə alınacaqdı ki, pulları Elşən də sayıb, mən də saymışam, bunu etməyən təkcə Elnurdur. Bu halda onun nə Elşənə, nə də mənə irad bildirməyə imkanı olmayacqdı və pulları onun götürdüyü mənzərəsi yaranacaqdı. İki nəfər arasındakı sövdələşmədə məbləğin razılaşdırılmasında birbaşa iştirak etmiş, sonra da həmin pulları birindən alaraq digərinə çatdırmış adamın onları alanda da, verəndə də saymaması mümkün deyil, çünki əskiklik çıxacağı təqdirdə onun yaxasından yapışılacaqdı. Yəni, pullar istər alınanda olsun, istərsə də veriləndə sayılmalıydı. Bu qədər aydın, bu qədər məntiqli izah! Buyurun, malalayın, görüm neə malalayacaqsınız?

Hələ bu, Elnurun guya pulları mənə verərkən saydığının sübutlarının hamısı deyil. Demişdim axı, üzləşmə zamanı, hələ protokollaşdırma başlamadan əvvəl Elnurla dialoqumuz oldu və o, pulları küçədə sayaraq götürdüyümü dedi. İndi də saxta cinayət işindəki üzləşmə protokoluna diqqqət yetirək. Həmin protokolda Elnur deyir: “Hər ikimiz maşından düşdük və mən KÜÇƏDƏ Elşən Hüseynovdan sizə vermək üçün aldığım 25 min avro və 10 min manatdan 3 min manatı özümə götürdüm, 25 min avro və 7 min manat pulu, Tofiq bəy, sənə verdim”. Baxın, bu da növbəti parlaq ifşa! Deməli, hər ikimiz maşından düşüb görüşmüşük və o, pulları mənə verərkən üstündən 3 min manatı küçədə sayaraq götürübmüş. Düzdür, bayaq qeyd etdiyim kimi protokollaşdırma başlamamışdan əvvəl o, 3 min manatı sayaraq pulların üstündən mənim götürüb ona verdiyimi demişdi, amma protokolda özü götürdüyü yazılıb. Olsun, bu, məsələnin mahiyyətini dəyişdirmir. Təsdiqlənir ki, Elnur guya mənim yanımda ən azı 3 min manatı sayıbmış. Onda da necə ola bilər ki, o, özünə götürdüyü pulları sayır, amma mənə verdiyi hissəsini sayıb təhvil vermir? Təbii ki, mənə pul verilsəydi, onu hər ikimiz saymalıydıq. Başqa cür mümkün deyil. Özünüz təsəvvür edin, Tofiq Yaqublu yolun kənarında, günün işıqlı vaxtında, ətrafdakıların, oradan keçənlərin gözləri qarşısında cinayət yolu ilə əldə etdiyi pulların sayılması tamaşası qurubmuş. Təsəvvür edə bildiniz? Necə olur ki, guya ki, NRM-nin qarşısında “adamlarda şübhə yarana bilər” deyib, Elşəni mənə yaxınlaşmağa qoymuram, amma burada cinayət yolu ilə əldə etdiyim pulları hamının gözü qarşısında, küçənin ortasında sayıram? Təsəvvür edə bilərsinizmi? Təsəvvür etmək sizin üçün asan olsun deyə, başqa bir variant təklif edirəm. Təsəvvür edin ki, hansısa hakim və ya prokuror cinayətkarı məsuliyyətdən azad etmək üçün onun yaxınlarından aldığı, məsələn, 40-50 min manatı yolun kənarında, hamının gözü qarşısında sayıb götürür. Təbii ki, təsəvvür edə bilməzsiniz, çünki heç bir halda belə etməzsiniz. Onda deyin görək, hansı uzunqulaq mənə qarşı bu səfeh ittihama inanar? Yeri gəlmişkən, həmin üzləşmə protokolunda da Elnur pulları mənə Zabratdan Kürdəxanıya gedən yolun kənarında, günün işıqlı vaxtında verdiyini deyir, bu da sizə növbəti HİMARS mərmisi, alın gəldi! Pulu sayıb-saymamaq məsələsində Elnur 19.02.2025 tarixli məhkəmə prosesində sizi yenidən təhqir edərək barmağına doladı. Adam sizin hansı vəziyyətə salındığınızdan o qədər əmindir ki, ağlına gələn səfeh nağılları rahatca danışır. Bilir ki, onları qəbul etməmək şansınız yoxdur. Həmin gün dövlət ittihamçısı ondan soruşdu ki, sən Elşən Hüseynovdan pulları alanda saydınmı? O da cavabında dedi ki, saydım. Bu məqamda ondan soruşdum ki, ibtidai istintaqda və indiyədək  məhkəmədə verdiyi ifadələrində pulu alanda saymadığıını demisən, indi niyə belə deyirsən? Hərif birdən ayıldı ki, Abdullanın uydurduğu yalana zidd danışıb, ona görə dedi ki, o, pul “paçkalarını” sayıbmış. Hərçənd ki, 3 “paçkadan” ibarət pulu saymaq olmaz. Onları eləcə görmək kifayətdir ki, sayını biləsən. Pul “paçkaları” ən azı 5 və daha çox olmalıdır ki, onları saymaq zərurəti yaransın.

Bir çox hallarda proses iştirakçıları ilkin istintaqa verdikləri ifadədən imtina edirlər və ya onları ciddi şəkildə dəyişirlər. Səbəbini də bu ifadələrin onlardan təhdid, zor, şantaj və işgəncə altında alınması ilə izah edirlər. Baxın, Elşənin də, Elnurun da ilkin istintaqa verdikləri ifadələri ilə məhkəmədə verdikləri ifadələr üst-üstə düşmür, təzadlıdır və bir-birini təkzib edir. Sədaqət Hüseynovanın və Amil Dadaşovun ifadələri də eynən. Bəzi hallarda isə elə şeylər danışırlar ki, məntiq “error” verir. Amma ştatlı Yalıncıqlardan heç biri demədi ki, o, ilkin istintaqa təzyiq altında ifadə verib. Onları məhkəmədə bu qədər diametral fərqli, bir-birini inkar edən, özlərini və Abdullanı gülünc vəziyyətdə qoyan absurd ifadələr verməyə məcbur edən nədir? Həmin nəsnənin adı belədir: YALAN! Çünki Abdullanın olmamış bir hadisə haqqında uydurduğu çoxepizodlu yalanı mənim və vəkillərimin sərrast, həm də dəmir məntiqli suallarımız qarşısında heç Şerlok Holms müdafiə edə bilməzdi, qalmışdı ki, bu tiplər. Amma mənim və şahidlərimin dediklərində bir dənə də uyğunsuzluq, ziddiyyət və məntiqə zidd olan məqam tapa bilməzsiniz. Bunu isə səbəbi çox sadədir. Çünki biz həqiqəti deyirik və yalanı ifşa edirik. Burada bir məqama xüsusi diqqət yetirməyinizi istəyirəm. Nə hakim, nə də ki, prokuror bu adamların heç birinə niyə məhkəmədə ilkin istintaqa verdikləri ifadədən diametral fərqli ifadə verdiklərinin səbəbini bir dəfə də olsun soruşmadılar. İfadələrdəki ziddiyyətləri istisnasız olaraq hər dəfə mən göstərirdim. Hakim isə ifşa etdiyim məqamları malalamaları üçün ştatlı üzəduranlara yönləndirici suallar verməklə məşğul olurdu.

Baxın, Elnur ilkin ifadəsində deyir ki, pulları heç kəsin tanımadığı Elşəndən alanda küçədə saymayıb ki, kənardakılar görməsinlər. Amma çox tanınmış Tofiq Yaqubluya pulu küçədə sayaraq veribmiş. Elnur məhkəmədə pulu verdiyi yeri fərqli göstərməsi tam absurddur. Guya ki, Zabrat qəsəbəsindən üzü şəhərə tərəf gedəndə Balaxanıya dönən yolun yaxınlığında bir yerdə görüşmüşük. Sizcə, o, istintaqa verdiyi ifadəsində cəmi 3 gün əvvəl mənə böyük miqdarda pul verdiyi yeri unuda və ya səhv sala bilərdimi? Əlbəttə ki, yox! Müstəntiqin heç bir sual vermədiyi, sadəcə olaraq ittiham olunduğu CM maddələrinin nömrələrini deməklə, guya ki, baş vermiş cinayəti başdan- ayağa birnəfəsə danışan adam görüş yerini niyə səhv göstərsin ki? Bundan təxminən 5 ay sonra 08.05.2024 tarixində dindirilərkən, Elnur yenə də mənimlə Kürdəxanıya gedən yolda görüşdüyümüzü deyir. Bunun səbəbi çox sadədir. Abdulla mobil operatorun anten məlumatlarına sonradan əldə etdiyi üçün oradakı məlumatlarla çox gec tanış olub. Buna qədərsə Elnura bütün ifadələrində guya mənimlə Zabratda, üzü Kürdəxanıya gedən yolun sağında görüşdüyümüzü dedirtmişdi. Anten məlumatlarına baxanda görüb ki, oradakı heç bir yeri bizim “görüş” yerimiz kimi qələmə vermək mümkün olmur, illah da ki, Zabratdan üzü Kürdəxanıya gedəndə yolun sağ tərəfini. Ona elə gəlib ki, uyğun gəlməsə də, arsızlığa və qanmazlığa salıb Zabratdan üzü şəhərə doğru gedəndə Balaxanıya dönən yolun həndəvərini görüş yeri kimi göstərmək olar. Bundan sonra Elnura müvafiq göstəriş verilir və o, məhkəmədə ilkin istintaqda verdiyi ifadələri danaraq, guya mənimlə orada görüşdüyünü dedi. Elnur üzləşmə zamanı onu da təsdiqlədi ki, avtomobilimdə ön oturacaqda oturmuş bir kişi də olub. Abdullaya bu məlumat həmin gün bizi izləyən qara maşından verilib və o da bunu Elnurun beyninə yeridib. Söhbət təbii ki, Kənan Zeynalovdan gedir. İndi mənzərəni gözünüzün önünə gətirin, görün “bu qədər də axmaqlıq olmaz” deyib, heyrətdən içinizi çəkməyə bilirsinizmi? Tutaq ki, mən Elnurla Pirşağıdan qayıdan baş görüşmüşəm. Bayaq sübut etdim ki, Elnurun metronun “Koroğlu” stansiyası yaxınlığından etdiyi uydurma zəng təxminən 16:15-də olub və guya ki, mən də ona “Zabrat-1 qəsəbəsi tərəfə gəl” demişəm. Elnur burada dindirilən zaman dedi ki, biz görüşəndə avtomobillərimiz Zabratdan üzü şəhər istiqamətinə gedəndə Balaxanıya dönən yolun yaxınlığında yolun sağ tərəfində dal-qabaq dayanmışdı. Xatırladım ki, həmin gün həmin saatlarda orada leysan yağış yağırdı. Qaranlıq havada, leysan yağışda, saat 16:15-də edilmiş bir zəng əsasında şəhərdən öz avtomobili ilə Zabrat-1 istiqamətinə gələn Elnurla öz avtomobilimdə üzü şəhərə doğru gedən mən necə rastlaşıb bir-birimizlə görüşə bilərdik? Hələ bu harasıdır, sən demə, mən yolun kənarında, maşının farasının işığında, küləkli leysan yağış altında 25 min avronu və 10 min manatı sayırammış. Özü də cinayət yolu ilə əldə etdiyim pulları maşında oturmuş Kənan Zeynalovun və yanımızdan ötən maşınlardakı adamların gözləri qarşısında sayırammış. 25 min avronu və 10 min manatı saymaq, həm də onların saxta olub-olmadığını yoxlamaq üçün işıqlı otaq şəraitində stol arxasında oturmaq, pulları saydıqca və yoxladıqca stolun bir tərəfindən digər tərəfinə yığmaq lazım gələrdi.  Bu da öz növbəsində xeyli vaxt aparardı. “Çox ağıllı” Abbdulla gərək senariyə burada da eynəyimi özümə xas şəkildə cibimdən çıxarıb gözümə taxaraq pulları saymağa başladığımı yazardı. Yağışlı havada damcıların eynəyin şüşələrinə düşməsi səbəbindən görməyin mümkün olmadığını nəzərə alaraq Elnurun başımın üstündə çətir tutduğunu da əlavə edərdi. Onun ağlı heç ona da çatmayıb ki, pulları Elnurun maşınında sayıb götürdüyümü yazsın. Yeri gəlmişkən, şahid hörmətli Vidadi Mirkamal hakimin sualına cavab olaraq bildirdi ki, həmin gün yağış yağmırdı, amma mən ifadəmdə demişəm ki, həmin gün iclasdan evə qayıdarkən Zabrat ərazisində güclü yağış yağırdı. Şahid Kənan Zeynalov da həmin vaxt yağış yağdığını təsdiqlədi. İlk baxışdan burada bir uyğunsuzluq görünür. Əslində isə heç bir uyğunsuzluq yoxdur. Məhkəməyə təqdim etdiyim, həmin günə dair hava haqqında məlumatda deyilir ki, Bakıda və Abşeron yarmadasında səhər və axşam bəzi yerlərdə yağış yağacaq. Zabratla Vidadi bəyin yaşadığı Pirşağı qəsəbəsi arasında kilometrlərlə məsafə var. Olsun ki, həmin gün Pirşağıya yağmayıb, amma Zabrata yağıb. Adamlar leysan yağışda “Neftçilər” stansiyasında metroya minirlər, “Gənclik”də çıxanda görürlər ki, burada yağışdan əsər-əlamət yoxdur. Qətiyyətlə bildirirəm ki, həmin vaxt Zabratda güclü yağış yağırdı və avtomobilimin şüşəsiləni sürətli rejimdə işləyirdi.

Belə bir absurd versiyanı yazan adamı və ya buna inanacaq adamları adam adlandırmağın özü səfehlikdir. Guya ki, Elnurdan NRM qarşısında Elşənin sənədlərini götürəndə eynəyimi cibimdən  özümə xas qaydada çıxardığım haqda yalanı, guya istintaq üçün vacib sübutedici əhəmiyyəti varmış kimi Elnurun 3 ifadəsində də təkrarladan və onu hətta sonradan ittiham aktına da əlavə edən müstəntiqin səviyyəsizliyi sizi üşəndirmirmi? Əgər Elnurla Elşən onun ştatlı üzəduranları olmasaydı və bu saxta cinayət işini özü düzüb-qoşmasaydı, Abdulla bircə dəqiqənin içində mənim cinayət törədib-törətmədiyimi dəqiqləşdirə bilərdi. Elnuru dindirərkən ona öz Whatsapp nömrəsindən mənə zəng etdirib, Elşənin vizası və Almaniya vətəndaşlığı ilə bağlı verdiyi pullar haqqında, təbii ki, səsimin yazılması şərti ilə suallar verdirə bilərdi və ona verdiyim cavabdan hər şey aydın olardı. Təsəvvür edin ki, mən Elnurun haradan və hansı şəraitdə zəng etdiyini bilmirəm və ondan zəng gəlir. Guya ki, günlərlə haqqında danışdığımız Elşənin vizası və Almaniya vətəndaşlığı ilə bağlı pulları haqqında nəsə soruşur. Mən ona nə cavab verəcəkdim? Təbii ki, ittihamda dedikləri kimi doğrudan da mən Elşənə viza düzəltməklə məşğul idimsə, o yöndə bir olumlu cavab verərdim. Məsələn, “düzəlir, narahat olmayın”, “artıq Qənimət Zahidin pullarını çatdırmışam”, “bir-iki gün gecikir, amma düzələcək” və s. tipli cavablar verəsiydim. Abdulla bilir ki, deyilən cinayət hadisəsi baş verməyib və bütün bunlar onun özünün uydurmasıdır, ona görə də belə zəng təşkil etməyib. Yoxsa elə bir zəng olsaydı, mən “nə vizası”, “Elşən kimdir?”, “pul nədir, hansı pullar? Nə gic-gic danışırsan?” və s. tipli cavablar verəcəkdim. Bu da bu cinayətin tamamilə uydurma olması haqda daha bir sübut! Sizə daha nə lazımdır? Əgər normal bir məhkəmə olsaydı, təqdim etdiyim bircə alibim və ya ittiham tərəfinin təqdim etdiyi sübutlardakı bircə ziddiyyət kifayət etməli idi ki, təqsirsizliyim sübut olunsun. Amma neylək ki, bura cinayətkar bir rejimin idarə etdiyi Azərbaycandır. Təqsirsiz olmağım haqda alibilərim, ittiham tərəfinin sübutlarındakı ziddiyyətlər və absurdlar o qədər çoxdur ki, onların hamısını qeyd etmək və sistemləşdirib ortaya qoymaq çox ağır və əziyyətli işdir. Bunu nə dərəcədə keyfiyyətli və uğurlu edəcəyimə əmin deyiləm. Götürək guya ki, Elşənin müalicə üçün Almaniyaya getmək istəməsi məsələsini. Bu, Abdullanın özünü yandırdığı növbəti bir epizoddur. Uydurduğu sarsaq senariyə görə Elşənin həyat yoldaşı Sədaqət Hüseynovanı və dostu Amil Dadaşovu da bu cinayətə qatdı və gələcəkdə onlar da cinayəyət məsuliyyətinə cəlb ediləcəklər. Sədaqət xanım məhkəmədə ilkin istintaqa verdiyi ifadəsini təsdiqlədi. Onun ifadəsinə görə əri Elşən hələ bir il əvvəl Almaniyaya köçüb orada yaşamaq istəyirmiş. Yəni, onun mühacirət planları xəstəlik və müalicə problemləri ilə bağlı deyilmiş. Məhkəmədə isə bildirdi ki, əri müalicə olunmaq üçün Almaniyaya getmək istəyirmiş. Elşən isə şikayət ərizəsində xəstəliyi və müalicə ehtiyacı haqda heç nə demir. O, işsiz olduğu üçün Almaniyaya getmək istədiyini qeyd edir və şikayət edir ki, ona bir gün ərzində viza və Almaniyada vətəndaşlıq təşkil edilmədiyi üçün özünü aldadılmış hesab edir. Sual olunur, əgər sən Almaniyaya müalicə üçün gedirsənsə, vətəndaşlığı neyləyirsən?

Ümumiyyətlə, Almaniyaya getmək istəyi və planı olmayan Elşənin sağalmaz xəstəlikdən müalicə almaq üçün bu ölkəyə getmək istəməsi Abdullanın senaridə dəyişiklik etməsi ilə bağlıdır. Bu dəyişiklik lap son günlərdə edilib. Əvvəlcədən plan onun guya ki, birdəfəlik Almaniya köçüb orada yaşamaq istəməsi variantı üzərində qurulub, sonra isə müəyyən səbəblərə görə onu müalicəyə getmək variantı ilə əvəzləyiblər. Bayaq qeyd etdim ki, Səadət Hüseynova ilkin istintaqa verdiyi ifadəsində deyir ki, əri hələ bir il bundan əvvəl Almaniyaya köçüb orada yaşamaq istəyirdi. Bunun başqa bir sübutu saxta cinayət işindəki saxta Whatsapp dialoqudur. Orada 10.12.2023 tarixində 12:42 Elnur Elşənə səsli ismarıc göndərib deyir ki, heç narahat olma, sənin işin düzələcək və sən Almaniyaya gedəcəksən. Həmin mesajın son hissəsini olduğu kimi təqdim edirəm: “… sözümüz sözdür a, qonaqlıq məsələsində, getməmişdən provodunu da eliyərsən, qonaqlığında da başda mən oturaram”. Baxın, heç bir kəlmə də demir ki, gedərsən, müalicə olunarsan, sağ-salamat evinə qayıdarsan. Bizim hamımız Azərbaycanda müalicə oluna bilmədiyi üçün şəfa dalınca İsrailə, Almaniyaya, Türkiyəyə, Rusiyaya, İrana və s. ölkələrə getmiş çoxlu adamlar tanıyırıq. Onlardan kim getməmişdən əvvəl yolasalma ziyafəti təşkil edib? Az qala sağalmaz xəstəlikdən müalicəyə gedən adam niyə yolasalma ziyafəti təşkil etsin ki? Ziyafəti müalicədən qayıdan şəfa tapmış insanlar təşkil edərlər. Ay Abdulla, bu nə şadyanaqlıdır? Hala tələsirsən? Qoy, getsin, müalicə olunub gəlsin də. Bəlkə heç sağalmadı, elə orada da öldü. Amma mən “Green card” udaraq ABŞ-a yaşamağa gedən adamların yolasalma ziyafətləri təşkil etdiklərini bilirəm. İnsanlar sevinirlər ki, ədalətin olmadığı, repressiyaçı Əliyevlər rejiminin viran qoyduğu bu ölkədən qurtulub, məhkəmələrin müstəqil olduğu, azad və demokratik bir ölkədə yaşayacaqlar. Bu da sizə Elşənin guya ki, Almaniyaya müalicəyə getmək istəməsi və bu işdə ona yardımçı olmağıma görə mənə pul verməsi haqqında həyasızcasına uydurulmuş uğursuz və məntiqsiz bir yalanın ifşası.

Siz Elşənin məhkəmə istintaqı zamanı hər hansı bir suala konkret, tərəddüdsüz və ittihamı təsdiqləyəcək bir cavabını eşitdinizmi? Eşidə də bilməzdiniz. İntellekti ilə orata səviyyəyə yaxınlaşmayan birisinin özündən daha aşağı intellektlidən “Tofiq Yaqublunun üzünə dur ki, mənim Almaniyaya gedə bilməyim üçün viza və o ölkənin vətəndaşlığının alınması üçün Elnur Məmmədov adlı birisinin vasitəsi ilə ona 25 min avro və 10 min manat pul vermişəm” tapşırığını yerinə yetirmək çox asan görünüb. Abdulla onu inandırıb ki, burada sənin üçün təhlükəli bir şey yoxdur, həm də ifşa olunmağın mümkün deyil. Sən deyərsən ki, Almaniyaya getmək üçün vasitəçi Elnurla danışdım, o da bu işi filan məbləğ qarşılığında Tofiq Yaqublunun köməkliyi ilə düzəldəcəyinə söz verdi. Mən  də inanıb pulu ona vermişdim. Elnur səndən pulu aldığını etiraf edəcək və bundan sonrasının sənə dəxli olmayacaq. Elnur etiraf etdiyinə görə sən sorğulanmayacaqsan. Sorğu-suala çəkiləcək Tofiq Yaqublu ilə Elnur Məmmədov olacaq. O da inanıb razılaşıb. Bu yerdə diqqətinizi vacib bir məsələyə yönəltmək istəyirəm. “Getcontact” proqramı ilə Elşənə məxsun 0-55-555-16-82 nömrəsini axtarışa verəndə “Elşən Xəzər Polisi Şahid”, “Elşən Polisdə İş Həlledən”, “Elşən Agdamlı Yahudi”, “Elşən Polisə İşləyən”, “Elshen polisin ishvereni” və s. kimi adlar çıxır. İnsanların öz telefonunda onun adını belə qeyd etməsi də onun polisə bağlı adam və dələduz olduğunun əlavə sübutudur. Adam məhkəmə istintaqı zamanı müdafiə tərəfinin, həmçinin dövlət ittihamçısının sualları qarşısında çaşıb qaldı. O kəsdirə bilmirdi ki, verilən  suallara hansı cavabı versin ki, ifşa olunmasın. Ona görə də mətləbə heç bir dəxli olmayan “mən ziyana düşmüşəm və pullarımı istəyirəm” cavabı verməklə suallardan yayınırdı. Lap “Evləri köndələn yar” tamaşasındakı tamada Surxayzadə dolaşığa düşəndə “bir tuş, bir tuş” deyib vəziyyətdə çıxmağa  çalışdığı kimi. Əlbəttə ki, bunun əsas səbəbi təkcə onun intellektinin zəif olması ilə bağlı deyil, həm də belə bir  əhvalatın olmaması və bütün deyilənlərin hakimiyyətdən “Tofiq Yaqublunu şərləyib həbs  et!” tapşırığı almış müstəntiq Abdulla Cəlillinin uydurmalarının məntiqsiz olması ilə bağlıdır. Elşənin xəstəliyinin Azərbaycanda mümkün olmaması, yalnız İsraildə, Belarusda və Almaniyada  mümkün olması haqda dedikləri əfsanədən başqa bir şey deyil. Azərbaycan səhiyyəsi bu cür xəstəlik qarşısında aciz deyil və minlərlə  bu cür xəstələr öz klinikalarımızda müalicə olunurlar. Bədə-bəddə İrana və Türkiyəyə getmək olardı. Məlum oldu ki, adam son illərdə xəstəliyinin müalicəsi ilə yox, bizneslə məşğul olub. O, məhkəmədə didnirlərkən əsasən də maşın və qızıl alveri ilə məşğul olduğunu və yaxşı pullar qazandığını dedi. Elşənin və xanımı Sədaqət Hüseynovanın məhkəmədə verdikləri ifadələrdən məlum oldu ki, bu ailənin pul problemi yoxdur. Bəs nəyə görə Elşən müalicə olunmaq üçün Belarusa getməyib? Bu ölkəyə getmək üçün viza tələb olunmur və üstəlik də müalicə xərcləri İsraildəkindən və Almaniyadakından qat-qat azdır. Niyə o, gedə bilmək şansı bir lotereya uduşu şansından da az olan Almaniya variantını seçir? Üstəlik də məlum oldu kİ, 2019-cu ildən bu xəstəlik səbəbindən guya ölümlə çarpışan Elşən Almaniyaya getmək üçün əlini ağdan qaraya vurmayıb, soraqlaşmayıb, heç kimə və heç yerə müraciət etməyib, ta guya ki, Facebook üzərindən təsadüfən tanış olduğu Elnurun, tanışlıqlarından təxminən 5 ay sonra təsdüfən bu işdə ona yardım edə biləcəyini deməsinədək. Burada bir daha xatırlatmaq yerinə düşər ki, Elşən 16-cı PB-də yazdığı izahatında da bildirir ki, o, işsizliyə görə Almaniyaya getmək istəyib və Elnur da bu işdə ona Tofiq Yaqublunun vasitəsi ilə kömək edəcəyinə söz verib.  Xəstəlik-məstəlik sonradan Abdullanın senaridə etdiyi dəyişikliyə görə ortaya atılıb. Həqiqətən də xəstəsənsə, öləcəyindən qorxursansa və ancaq Almaniyada müalicə olunmaq istəyirsənsə, hələ bir özün bu ölkənin səfirliyinə viza üçün müraciət elə, verməsələr, başqalarından kömək istə də! Demirsənmi Elnurun kimliyini pul verəndən sonra internetdən öyrəndim, elə o internetdən də müalicə üçün Almaniyaya necə getməyi, bu ölkəyə necə viza almağı öyrənərdin də! Adam heç olmasa, işi ilə əlaqədar həmişə təmasda olduğu Almaniyadan maşın gətirib satanlardan bu ölkəyə necə viza almağı öyrənə bilərdi, onlardan kömək istəyərdi. Siz necə düşünürsünüz, ağdamlı maşın və qızıl alverçisi, eyni zamanda başqa sahələrdə də çox uğurlu ağdamlı tacir Elşən ağdamlı Elnurun kim  olduğunu öyrənmədən, cikini-bikini, yeddi arxa dönənini ələk-vələk etməmiş bir ətək pulu ona verərdimi? Təbii ki, belə bir şey mümkün olmazdı. Yaxşı, Belarus variantını qoyaq bir kənara, İsrail variantına nə deyirsiniz? Məhkəmə istintaqı zamanı Elşənə sual verdim ki,  nə vaxtsa hansısa ölkəyə viza alıb getmisənmi? Qətiyyətlə dedi ki, heç vaxt hansısa ölkəyə viza almamışam. Sonradan mənim təqdim etdiyim sübbutlardan sonra İsrailə qəhrəman oğlu ilə görüşməyə getdiyini etiraf etdi. Sizcə, o, bu faktı niyə danmalıydı ki? Çünki ifşa olunurdu, yəni adam vizanın necə alındığını, həmin prosedurun necə olduğunu yaxşıca bilirmiş. Bundan sonra “çox ağıllı” Abdullanın uydurduğu “şəxsiyyət vəsiqəmin və pasportumun kserosurətini verdim ki, Tofiq Yaqublu bir gün ərzində mənə Almaniyaya viza və həmin ölkənin vətəndaşlığını təşkil etsin” sərsəmləməsi əsasında verdiyi şikayətin məsuliyyəti ortaya çıxır axı! Burada bir məqamı da qeyd edim. Mən nə vaxtsa İsraildə olması barədə sualı verəndə, Elşən tutuldu və cavab verə bilmədi. Bu zaman onun vəkili prosessual qaydaları pozaraq dedi ki, “həyat yoldaşımdan utandım”  de. Zalda oturanları yerdən danışdıqları üçün dərhal cəzalandıran hakim isə vəkilə heç bir irad bildirmədi. Amma vəkilin dedikləri də Elşəni xilas etmədi, çünki çox əsassız bəhanə idi. Əvvəla, Elşən dindirilərkən onun xanımı zalda yox idi ki, ondan utanaydı. Digər tərəfdən, Elşən İsraildə yaşayan və qəhrəmanlıq göstərmiş oğlu ilə bağlı mətbuatda müsahibə verib və İsraildə çəkilmiş birgə şəkillərini təqdim edib. Yəni, onun indiki həyat yoldaşından əvvəl başqa nikahda olmasını gizlətmədiyi faktdır. Üstəlik də, indiki həyat yoldaşı Sədaqət xanım ifadə verərkən, ərinin əvvəllər başqa qadınla evli olduğunu bildiyini təsdiqlədi. İsraillə bağlı digər məlumatlar isə Elşənin Almaniyada müalicə almaq istəməsi haqda dediklərinin həyasızlıqdan başqa bir şey olmadığını göstərir. Məhkəməyə təqdim etdiyim sübutlarda göstərdim ki, Elşən Hüseynovun oğlu Cəlal Hüseynov İsraildə yaşayır. O, İsrail vətəndaşıdır və bu ölkənin ordusunda xidmət edir. Terrorizmə qarşı keçirilən bir əməliyyatda şücaət göstərdiyinə görə ölkə prezidenti İshak Hersoq şəxsən özü ona mükafat təqdim edib və bu təqdimetmə mərasimində onun anası da iştirak edib. 2023-cü ilin yayında Elşən Hüseynov da oğlu ilə görüşmək üçün İsrailə gedib. Xatırladım ki, Elşən Hüseynovun İsraildə ikinci oğlu və başqa qohumları da yaşayır. İndi deyin görüm, adam əgər ciddi xəstədirsə, bu cür gözəl müalicə imkanından niyə istifadə etməyib? Bunun bir izahı ola bilərmi? İstintaqın təqdim etdiyi variantda müalicə üçün məhz Almaniya variantının seçilməsi ona bənzəyir ki, birinin evi yanır, o, vedrələri götürüb su dalınca yaxınlıqdakı gölə qaçır, amma suyu sahildəncə doldurmaq əvəzinə, bata-bata gölün o biri sahilinə gedib oradan doldurmaq istəyir. Deməli, bu cür adamın psixi xəstəliyi daha şiddətlidir və müalicəyə daha çox ehtiyacı var. Elşən məhkəmədə ifadə verərkən demədimi ki, onun xəstəliyinin müalicəsi ancaq Belarusda, Almaniyada və İsraildə mümkündür. Şəkililər demişkən, İsaril ha budur, ağzının içindədir, daha nə istəyirsən? İsrail səhiyyəsinin möcüzələr yaratdığını bütün dünya qəbul edir. Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev sui-qəsd nəticəsində ölümcül yaralanmışdı, həyatda qala biləcəyi ciddi sual altındaydı. O, hakimiyyətin qurduğu sistemli korrupsiya idarəçiliyində ölkədə ən çox varlanmış məmurlardan biri idi və ailəsinin onu müalicə üçün dünyanın istənilən ölkəsinə aparmaq imkanı var idi. O ailə də məhz İsraili seçdi və Elmar Vəliyev sağaldı. Olsun ki, İsrail hökuməti oğlunun xidmətlərini nəzərə alaraq Elşəni pulsuz müalicə edərdi, ya da ki, güzətli qiymətlərlə. Yəni, adam 25 min avronu və 10 min manatı və yəqin ki, bundan da xeyli çox olacaq müalicə xərclərini ödəməkdə niyə maraqlı olsun ki? Real və ucuz, bəlkə də pulsuz müalicə variantını qoyub, adam niyə çox bahalı və heç cür real görünməyən variantı seçsin ki? Elşən pulunun və canının qənimidir? Məsələ çox sadədir, Elşənin nə müalicə üçün, nə də hətta turist kimi Almaniyaya getmək istəyi və planı olmayıb. Sadəcə olaraq, “çox ağıllı” Abdullanın Tofiq Yaqublunu şərləmək üçün qurduğu səfeh senarinin qurbanına çevrilib. Sədaqət Hüseynovaya sual verildi ki, niyə əri üçün İsraildə müalicə olunmağı seçməyiblər? Dedi ki, əgər orada müalicə olsaydı, ona baxım lazım gələcəkdi, ona görə də bu variant məqbul olmayıb. Olduqca absurd bəhanə idi. Məgər, Almaniyada müalicə olunsaydı, ona baxım lazım olmayacaqdı? İkincisi də, əgər Elşən müalicə olunanda baxım üçün xanımı da onun yanında olmalıydısa, onun Almaniyaya viza alması asan olardı, yoxsa artıq gedib-gəldikləri, ailə üzvlərinin və qohumlarının yaşadığı İsrailə? Baxın, evin xanımını da cinayətə qoşmaq hüquqi məsuliyyətdən başqa, onu necə gülünc vəziyyətə salır. Onu da deyim ki, çağdaş dövrün klinikalarında baxım üçün xəstənin yaxınlarının onun yanında qalmasına icazə verilmir və hər şeyi tibb personalı edir. 31.01.2025 tarixində məhkəmə istintaqı yekunlaşdığı ərəfədə Elşən Hüseynovun pasportunun məhkəməyə gətirilməsi və araşdırılması haqqında məhkəməyə vəsatət verdim. Məsələ belədir, elə bu ərəfədə sən demə Elşən Hüseynovun Almaniyaya vizasının olduğunu və maşın gətirib satmaq üçün zaman-zaman bu ölkəyə gedib-gəldiyi haqda dəqiq məlumat aldım və vəsatəti də buna görə verdim. Almaniyaya viza düzəldilməsi üçün onun guya ki,  mənə pul verməsi ittihamının səfeh və tərbiyəsiz bir uydurma olduğuna dair daha bir sübuta məhz bu vəsatətimlə nail olduq. Əgər Elşən Hüseynovun pasportunun məhkəmədə araşdırılması növbəti bir ifşa bombasının partlaması olmayacaqdısa, ədalətli məhkəmə görüntüsü yaratmaq problemindən əziyyət çəkən Elnur Nuruyev heç bu fürsəti əldən verərdimi? Onun bu narahatlığı olmasaydı, mütləq həmin vəsatəti təmin edəcəkdi. Nə etsəniz də xeyri yoxdur, siz artıq tam ifşa olmusunuz və bundan xilas olmanız mümkün deyil.

Ümumiyyətlə, Elşən Hüseynovun istər istintaqa, istərsə də məhkəməyə verdiyi bütün ifadələri mənə qarşı ittihamı alt-üst edir, özünün və Abdulla Cəlillinin birləşərək mənə qarşı şərləmə təşkil etdiklərini göstərir. İndi bir məqama diqqət edin. Saxta cinayət işində yazıldığına görə guya ki, saxta sənədə görə aldanıldığını başa düşən Elşən 10.12.2023 tarixində saat 19:30-dan 21:30-dək Whatsappla zənglər edir və mesajlar göndərir, Elnurun telefonu bağlı olduğuna görə onunla əlaqə qura bilmir. Şikayət ərizəsində də göstərir ki, Elnurun telefonunun bağlı olmasından da başa düşüb ki, aldadılıb. Bəlkə, telefonunun batareyası boşalıbmış, internet paketi bitibmiş, yolu keçəndə özünü maşın vurub öldürübmüş, üstündən maşın keçəndə cibindəki telefon sınıbmış və ya hansısa başqa bir texniki səbəbə görə telefonu bağlıymış. Əgər Elnurun telefonu günlərlə bağlı olsaydı, onda onun gizlənməsindən şübhələnmək olardı. Burada isə telefonun cəmi 2 saat bağlı olmasından söhbət gedir. Tutaq ki, Elşən səmimi olaraq telefonun 2 saat bağlı olmasına görə aldanıldığı qənaətinə gəlibmiş, elə isə adam Elnuru axtarmağa davam etməli və tapıb pulunu tələb etməməliydimi? Əgər artıq Elnurun səni aldatdığı qənaətinə gəlmisənsə, ikiniz də ağdamlısınız, ortaq tanışlardan, qohum-qardaşdan, tanış-bilişdən onu soraqlamaq, yaşadığı yeri müəyyənləşdirib qapısına getmək lazım deyildimi? Saat 21:30-dan sonra niyə zəng etmir? Yoxsa televizorda uşaqlar üçün “Gecəniz xeyrə qalsın, balalar” verilişinə baxıb, sonra da yatağına girib yatıb? Siz özü ağırlığında pulu ələ keçirilmiş adamdakı arxayınlığın böyüklüyünə baxın bir! Bu dediklərim saxta cinayət işindəki səfeh versiyanı darmadağın etmək üçün idi. İndisə bu məqamla bağlı başqa bir ifşa bombası partladıram. Həmin vaxt Elnurun telefonunun bağlı olması versiyası Abdullanın uğursuz uydurmasından başqa bir şey deyil. Elşən 19:30-da Elnura Whatsappla zəng edib və o, telefonu açmayıb. Bundan sonra Elşən ona səsli mesaj göndərir ki, telefonu niyə açmırsan? Yəni, Elnurun telefonu bağlı deyilmiş, sadəcə olaraq açmırmış. Bundan sonra Elşən ta 21:30-dək ona bir neçə səsli ismarıclar göndərir, bir dəfə də olsun zəng etmir. Kim belə edərdi? Adam dəfələrlə zəng etməliydi, elə deyilmi? Külli miqdarda pulunun ələ keçirilməsindən narahat olan adam həm mobildən, həm Whatsappdan zəngi zəng dalınca etməzdimi? İstisnasız olaraq bütün insanlar vacib bir məsələ haqqında kiməsə mesaj göndərəndə, onun mesajı oxunmadığını görüb mütləq birbaşa zəng edirlər. Amma siz bir Elşənin davranışına fikir verin. 25 min avrosunu və 10 min manatını ələ keçirmiş adama bir-iki mesaj göndərir və cavab vermədiyini görüb yıxılıb yatır. Ona zəng etmək heç ağlına gəlmir. Görürsünüzmü, bu cür sarsaq versiya ilə Abdulla özünü necə axırıncı yola qoyub. Bütün bu iyrənc və məntiqsiz uydurmalar Elşənin polisə tələsik şikayət etməsi üçün “əsas” yaratmaq üçün düşünülmüş səfehlikdən başqa bir şey deyil. Bununla həm də “Elnurun telefonu bağlı olduğuna görə Elşən məcbur qalıb polisə şikayət edib” versiyası təmamilə darmadağın olur. Bu, hələ guya ki, Elnurun telefonunun qapalı olması ilə bağlı yalanın ifşasının hamısı deyil. Mən 16-cı PB-nin tədqiqatçısını qoyuram bir kənara. Təsəvvür edin ki, “çox ağıllı” müstəntiq Abdulla vasitəçi Elnurun telefonu bağlı olduğuna görə polisə şikayət etmiş Elşəni dindirir və ondan soruşmur ki, axırıncı dəfə ona nə vaxt zəng etmisən? Bunu necə soruşmamaq olardı axı? Niyə demir ki, sən axırıncı dəfə ona dünən saat 19:30-da zəng etmisən, bəlkə artıq telefonu açıqdır? Və niyə demir ki, elə indi mənim yanımda ona zəng elə, bəlkə telefonu açıb deyəcək ki, Tofiq Yaqublu artıq qanuni yolla sənə Almaniyaya viza və bu ölkənin vətəndaşlığını təşkil edib, hazırlaş gedirsən? Və yaxud da Abdullanın özü Elnura niyə zəng etməyib? Elşənin ifadəsindən sonra onsuz da Elnuru dindirmək zərurəti yaranmışdı və onu polis idarəsinə dəvət etmək lazım idi. Abdulla elə onda götürüb, Elnura zəng etməli deyildimi? Bununla da həm də onun telefonunun bağlı olması haqqında Elşənin dediklərinin doğru olub-olmadığını da yoxlamış olardı. İnanın ki, Elşən bu şikayətlə Çeşməgül nənənin yanına gəlsəydi, o, məhz belə edərdi. Amma “çox şərəfli” Abdulla belə etmir, çünki bu məntiqsiz və sarsaq versiyanı özü düzüb-qoşub, Elşən də onun yazdıqlarını deməyə məcbur edilmiş polisin ştatlı üzəduranıdır. Bu, ona bənzəyir ki, xəstə gəlib öz fəhmi ilə həkimə deyir ki, böyrəyimin biri işləmir, onu kəsib götürmək lazımdır. Həkim də heç bir müayinə aparmadan, analizlər götürmədən, müvafiq aparatlardan keçirmədən, onun sözü əsasında neştəri götürüb böyrəyini kəsib atır. Bax belə, ay ədalətli və hüquq keşikçiləri! Cinayət işinin materiallarından görünür ki, heç ertəsi gün də 102-yə zəng etməmişdən və polisə yazılı şikayət verməmişdən əvvəl də Elnura zəng etməyib. Pulunun ələ keçirilməsindən narahat olan adam pulu verdiyi adamı heç olmasa səhər yuxudan oyanandan sonra tapıb məsələni aydınlaşdırmağa niyə çalışmır? Səhər açılan kimi dabanına tüpürüb polis idarəsinə qaçır. Mən ona sual verdim ki, ertəsi gün polisə getməmişdən əvvəl niyə Elnura bir də zəng etməyib? Hərif bilir ki, Whatsapp zənglərinin çıxarışı istintaq materiallarında var və yenə də Whatsapp-la zəng etdim  demək mümkün deyil. Ona görə dedi ki, Elnurun Whatsapp-ı bağlı olduğundan polisə gedərkən düşüb metronun “Gənclik” stansiyasının yeraltı keçidindəki avtomatdan da zəng edib, lakin Elnura zəng çatmayıb. Bununla da özünü yenə də tora saldı. Əgər sən səhər yenidən Elnura Whatspp-la zəng etməmisənsə, onun Whatsapp-nın yenə də bağlı olduğunu haradan bilirdin? Yox, əgər zəng etmisənsə, həmin zəng telefonunda niyə göünmür? Nə qədər çətin olsa da bir anlığa təsəvvür edək ki, ali təhsilli hüquqşünas Elşənin Almaniyaya vizanı və bu ölkənin vətəndaşlığını ancaq qanuni yolla almaq istəməsi haqda bu sarsaq versiya doğrudur. Elə isə Elşənin guya ki, onun üçün düzəltdiyim sənədlərin saxta olduğunu görəndən  sonra polisə şikayət etməsi çox absurddur. Bu halda o, Elnura deməliydi ki, danışmışıq axı, mən ancaq qanuni yolla getmək istəyirəm, qanuni yolla düzəldə bilirsinizsə, düzəldin, əks halda pullarımı geri qaytarın. Normalda ancaq belə ola bilərdi. Yəni, adam əvvəlcə pulunu tələb etməliydi, əgər onu geri ala bilməsəydi, onda polisə şikayət etməliydi. Saxta sənəd və Elnurun telefonunun bağlı olması söhbətinin Elşənin guya ki, pulu verdikdən sonra iki gün keçməmiş şikayət etməsinə əsas yaradılması üçün ortaya atıldığı o qədər aydın görünür ki, bunu görməmək üçün adamın didəsi ovulmuş olmalıdır. Mənim “niyə məhz Nərimanov RPİ-yə müraciət etdin?” sualıma dəqiq bir cavab verə bilməyən Elşən digər sualıma cavab olaraq bildirdi ki, 102 xidmətinin yönləndirməsinə əsasən 16-cı polis bölməsinə şikayət ərizəsi vermək üçün Mərdəkandakı evindən öz avtomobilində gəlib. 16-cı PB aeroport yolu ilə şəhərə gedəndə Ağa Nemətulla küçəsini təxminən 200-300 metr keçdikdən sonra yolun solundadır. Belə çıxır ki, Elşən  Elnura avtomatdan zəng etmək üçün Nərimanov RPİ-nin və 16-cı PB-nın  yanından keçərək düz “Gənclik” stansiyasına gəlib, avtomobilini pullu dayanacaqda park edib, şiddətli ağrıyan ayaqlarla  yeraltı keçidə düşüb və avtomatdan Elnura zəng edib. Görürsünüzmü, Aldulla Elşəni necə gic vəziyyətdə qoyub. Adam o qədər sarsaq şeylər danışır ki, hətta sayıqlayan adam da belə şeylər danışmaz. Bütün bunlar “bir yalanı ört-basdır etmək üçün daha iki yalan danışmalısan, həmin iki yalanın hər biri üçün sonradan daha iki yalan danışmalısan və beləliklə, yalanların sayı həndəsi silsilə ilə artır” məntiqinə görə baş verir. Bizim tərəflərdə Abdulla adlı bir kişi varıydı. Təbii ki, borçalılar onu “Avdılla” deyərək çağırırdılar. Adam camaatın və kolxozun sahələrində oğurluq edirdi. Kənd çamaatı onun əlindən təngə gəlmişdi, di gəl ki, heç nəyi boynuna qoya bilmirdilər. Avdılla müstəntiq Abdulla kimi həyasızlığına salıb oğurluğunu gözüylə görmüş adamların onun haqqında yalan yaydıqlarını deyirdi. Bir dəfə 5-6 kəndli onu birinin qarğıdalısını oğurlayanda, əlində kisə ilə sahənin içindəcə tuturlar. Adamlar düşünürlər ki, o, ta bu dəfə həyasızlıq etməyəcək və suçunu boynuna alacaq. Amma Avdılla onlara nə desə yaxşıdır? Deyib ki, hə, nə var, indi gedin bunu da bir söz eləyin! Qorxuram ki, təqdim etdiyim bu faktdan sonra Elnur müəllim mənə desin ki, hə, nə var, indi bunu da bir söz edəcəksən?

Düzdür, Abdulla elə sarsaq senari yazıb ki, hər bir epizodu araşdıranda Elşən başdanxarab vəziyyətinə düşür. Amma bu senaridə elə məqam var ki, Abdulla Elşənə lütfkarlıq edərək onu Vanqa qarı kimi, Nostradamus kimi öncəgörənlərin səviyyəsinə qaldırır. Elşən təsdiq edir  ki, o, pulunun ələ keçirilməsindən  təxminən 6 ay əvvəl Elnurla Facebook üzərindən tanış olub. Burada bir daha qeyd edim ki, Elnur Məmmədova aid “Elnur Vaqifoğlu” və “Elnur Azərsoy” Facebook profillərinin heç birinin Elşən Hüseynovla dostluğu olmayıb. Guya ki, bir yerli kimi tanış olduqdan sonra vaxtaşırı bir-biri ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, hal-əhval tutublar. Mən məhkəmədə Elşənə sual verdim  ki, bir-birinizə telefon nömrəsini verdikdən sonra Elnurun telefona yazdığın adını sonradan dəyişdirmədin ki? Bildirdi ki, tanış olanda onun adını necə yazmışdısa, eləcə də saxlayıb. Cinayət işində Elşənlə Elnurun Whatsapp danışıqlarını əks etdirən fotoşəkillər var. Orada – Elşənin telefonunda Elnurun adı “Elnur Almaniya Oturum Duzelden” şəklində yazılıb. Kütbeyin müstəntiq düşünüb ki, bu cür saxtakarlıqla mənim əleyhimə sübut yarada biləcək. Amma mən müstəntiqin bu saxtakarlığından istifadə edərək onun özünü ifşa edəcəm və pis günə qoyacam. Ortaya belə bir sual çıxır. Elşən onun adını niyə elə yazmalıydı? Axı Abdullanın senarisinə görə Elşən bu tanışlıqdan təxminən 5 ay sonra təsadüfən biləcəkdi ki, Elnur onu Almaniyaya göndərə bilər. Digər tərəfdən, məntiqlə, Elşən telefonunda Elnurun adını “Elnur Almaniya Oturum Duzelden” şəklində yox, “Elnur Almaniya Mualiceye Viza Duzelden” kimi yazmalıydı. Abdullanın yadından çıxıb ki, senaridə dəyişiklik edib və Elşənin Almaniyaya müalicə məqsədi ilə getmək istədiyini yazıb. Həyasız yalançıların yaddaşı olmur axı. İttiham aktına görə də, Elşənin məhkəməyə verdiyi ifadəyə görə də ilk gündən Elnur ona müalicə üçün Almaniyaya getməsinə kömək edəcəyinə söz veribmiş. Bu da kütbeyin müstəntiqə növbəti ifşa qapazı. Bu da sizə daha bir sübut! Bu cinayət işinin qondarma olmasını qəbul etməniz üçün kifayət etmirmi? Belə görünür ki, etməyəcək. Hətta Abdullanın, Elşənin, Elnurun, Sədaqətin və Amilin vicdanı oyanıb, bu işin qurama olduğunu etiraf etsələr belə, xeyri olmayacaq, yuxarıdan gələn göstəriş əsas tutulacaq. İnanın ki, əgər Elşənin telefonunun texniki imkanı olsaydı, Abdulla orada Elnurun adını “Elnur, Tofiq Yaqublu və Qənimət Zahid vasitəsi ilə Almaniyada vətəndaşlıq düzəldən +Makron+Şolts” şəklində yazardı. “Çox ağıllı” Abdulla guya ki, belə fəndlərlə mənim cinayətimlə bağlı sübutlar təşkil edib. Məgər Elşən Vanqa qarı və ya Nostradamusdur ki, Elnurla tanış olanda bilib ki, 5 ay sonra o, Almaniyaya getməkdə ona yardımçı ola biləcəyini deyəcək. Bu, ona bənzəyir ki, hakim  Elnur müəllim  telefonunun nömrəsini indi mənə verir, mən də onun adını 5 ay bundan sonra hakim kimi təyinat alacağı hansısa cinayət işində adı keçən, məsələn, Beydullayev Zahirin adına istinad edərək “Elnur, Beydullayev Zahirin məhkəmə prosesini aparan hakim” şəklində yazıram. Çox absurd və gülməli deyilmi? El içində “bişmiş toyuğun gülməyi gəlir”  deyimi var. Abdulla düzüb-qoşduğu bu saxta cinayət işinə elə şeylər yazıb ki, bişmiş toyuq oxusa, nəinki gülməyi gələr, lap gülməkdən qəşş edər. Yeri gəlmişkən, mən bu haqda məhkəmədə Elşənə sual verəndə, çaşıb qaldı və vəziyyətdən çıxmaq üçün dedi ki, əvvəlki nömrəsi yanıbmış, yeni nömrə almalı olub və Elnurla bir neçə nömrə ilə danışıb. Lakin istintaqa verdiyi ifadəsində deyir ki, Elnurla, ancaq 0-55-240-94-15 nömrəmlə əlaqə saxlamışam. İstintaq materiallarına görə Elşən Elnuru yaxşı tanımırmış, yalnız pul əldən çıxandan sonra internetdə axtarış verib və onun dəfələrlə məhkum olunmuş dələduz olduğunu öyrənib. Maşın və qızıl alveri ilə məşğul olan birisinin tanımadığı adama 25 min avro və 10 min manat pul verməsinə kim inanar? Özü də necə? Küçədə və saymadan. Bundan sonra Abdullanın adekvat olmadığı qənaətinə gəlməyəcəksiniz? Düşünəndə ki, belə ağlın yiyəsinin tabel silahı da var, adam dəhşətə gəlir. Və yaxud da, götürək Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətini Elnura verməsi səhnəsini. Guya ki, Elşən surətləri evdən NRM qarşısına gətirib və orada Elnura verib, o da onları bir qovluğa qoyub mənə verib. İlk baxışda bu epizodda Abdullanın hər şeyi məntiqli düzüb-qoşduğu təsəvvürü yarana bilər. Amma elə deyil. Əgər o kserosurətlər mənə qovluqda verilməliydisə, onda Elşən onları məhkəmənin qabağına qovluqda gətirməliydi. Yoxsa Elnur haradan bilirdi ki, Elşən həmin kserosurətləri açıq vərəq şəklində gətirəcək, o da özü ilə məhkəmənin qabağına hazır qovluq gətirirdi ki, onları içinə qoysun. Görünür ki, Abdulla Elnurun xətrinə dəyməmək üçün bu dəfə Nostradamus rolunda onu təqdim edib.

İndi sizə Abdullanın və Elşənin suç üstündə yaxalanmalarını göstərən növbəti epizodu təqdim edim. Elşən guya ki, pulları Elnura 08.12.2023 tarixində saat təxminən 16-da verib. İlkin istintaq sənədlərinə görə Almaniyaya getməyi səbirsizliklə gözləyən və bu gözləmə müddətində həyəcan keçirən Elşən Elnurdan onun mənimlə görüşə bilib-bilmədiyini,  pulu verib-vermədiyini nə vaxt öyrənsə yaxşıdır? Düz 1 sutka 2 saat yarımdan sonra! 09.12.2023 tarixində saat 18:26-da Elnura aşağıdakı məzmunda mesaj göndərir: “Salam, qardaş, axşamın xeyir. Nətərsən? Noldu,səndən bir səs-soraq çıxmadı, neylədin, amanatı verdinmi dostumuza? Maa bir xəbər denən”. Bıyy, bəs bir gün əvvəl sən 16:33-də Elnura səsli mesaj göndərib onun Tofiq Yaqublu ilə görüşə bilib-bilmədiyini və pulların sayını soruşmuşdun axı. O da 16:36-da sənə səs atmışdı ki, hər şey qaydasındadır, papağını yan qoy gəz”. Bu boyda məntiqsiz və ziddiyyətli yalanları uydurmuş adamın bədənində “beyin” deyilən bir orqanın olduğuna kim inanar? Əgər həqiqətən də Elşən deyilən məqsədlə Elnura pul vermiş  olsaydı, üstündən 10-15 dəqiqə keçəndən sonra ona zənglər etməyə başlayacaqdı. Adam verdiyi bir ətək pulun taleyinə belə biganə yanaşa bilməzdi. Sadəcə olaraq sübut toplamaq qayğısına görə başını itirmiş Abdulla düşünüb ki, həqiqətən də Elşənin Elnura pul verdiyini sübut etmək üçün əlavə dəlillər yaratmalıdır. Bunun üçün quraşdırdığı saxta Whatsapp dialoqu Abdullanın bədii təxəyyülünün və məntiq qabiliyyətinin məhsuludur, guya ki, bununla mənə qarşı sübut yaradır. Elnur ilkin istintaqa verdiyi ifadəsində də, məhkəmədə mənim sualıma verdiyi cavabında da bildirdi ki, 08.12.2023 tarixində pulları mənə verdikdən sonra dərhal Elşənə zəng edib və pulları mənə verdiyini ona deyib. Elşən də məhkəmədə mənim sualıma cavabında Elnurun həmin gün ona zəng edib pulları verdiyini dediyini təsdiqlədi. Yaxşı, əgər Elşən ayın 8-də artıq Elnurun pulları mənə verdiyini bilirdisə, niyə 1 sutka 2 saat yarımdan sonra Elnura zəng edib pulları verib-vermədiyini soruşur? Bu da sizə daha bir ifşa! Bu işin qurama olduğunu etiraf etməniz üçün daha nə qədər təkzibedilməz sübutlar lazımdır? Söz verirəm, mən sizi bu təkzibedilməz sübutlar və alibilər dənizində boğacam. Davam edək!

Bu məqamda təqdim edəcəyim alibi ilə Abdullanın başına bir “HİMARS” mərmisi endirim, siz də baxın. İttiham aktında mobil rabitə operatorundan alınmış Elnura məxsus 0-55-243-52-02 nömrəli telefonun zənglər və anten məlumatları var. Həmin sənədin 588/519 səhifəsində 08.12.2023 tarixində Elnurun saat 15:51-də Mehdiabad qəsəbəsində, saat 16:44-də isə Fatmai qəsəbəsində olduğu göstərilir. Abdullanın tərtib etdiyi Whatsapp dialoquna görə Elşənlə Elnur həmin gün saat 16-da “Gold Gənclik” marketinin qarşısında görüşüblər. Məhz həmin vaxtda və həmin yerdə Elşən pulu Elnura verib, o da pulu götürüb mənimlə görüşməyə gedib. Hə, buna nə deyirsiniz? Yoxsa, rəqəmsal texnologiyanı da şərləyəcəksiniz? İttiham aktında “Tofiq Yaqublu səmimi ifadə verməyib” yazan “çox şərəfli” Abdulla kimi, siz də “İT texnologiyası səmimi məlumat vermir” yazıb bu faktı kənara qoyacaqsınız? Bilin, mən burada özümün təqsirsiz olduğumu sübut etməklə yanaşı, buranın məhkəmə, özünü hakim kimi təqdim edənin hakim, prokuror kimi təqdim edənin isə prokuror olmadığını da sübut edirəm.  Sübut edirəm ki, siz də Elnur və Elşən kimi polisin tabeliyində olan ştatlı üzəduran və işverənsiniz. Siz mənəviyyatca onlarla eyni adamlarsınız.

 

İndi də “çox şərəfli” Abdullanın necə klounluq etdiyini sizə göstərim. Bunun üçün əvvəlcə Elşənlə Elnur arasındakı 08.12.2023 tarixli qondarma Whatsapp dialoqunu olduğu kimi sizə təqdim etməliyəm:

“Elnur (12:33): Qardaş, mən bir az gecikirəm, zəhmət olmasa bir 15 dəqiqəyə şey eliyək, görüşək də, harada görüşə bilərik, Gəncliyin harasında?

Elşən (12:34): Qardaş, mən gəlmişəm, “Gənclik Moldayam” indi cıxajam, hara deyirsiniz ora gəlim görüşək.

Elnur (12:39): Qardaş, elə 15-20 dəqiqə elə “Mc Donald`s” Nərimanovda “Mc Donald`s” var e, elə onun yaxınlığında ol, mən də elə gələcəm, elə o tərəfə görüm maşını harda ona yaxın yerdə saxlayıb sənə xəbər edəcəm.

Elşən (12:40): Ə di qardaş bəyaxdan burda gözdüyürəm mən keçmişdim o taya siqaret almağa, hə, yaxşı gəlirəm, gəlirəm o tərəfə

Elşən (13:08): Qardaş, mən burdayam, bu “MADO”nun yanında, “PANDA KIDS”in yanındayam, hansı tərəfdəsən, ta zulumnan gəldim çıxdım bura, hardasan sən

Elnur (13:09): Hə, heş nə, heş nə, elə orada dayan gəlləm, gəlləm, narahatçılıq yoxdur gəlləm, yaxınlıqda elə bura Nərimanov baş ayağı nə boyda yerdir ki, tez ol, bəyaxdan elə gözlüyürdüm ki, niyə gəlmədi, mənim də işim-gücüm var, gözdə görüm gəlləm.

Elşən (14:40): Qardaş.indi alındı, bir az gejikmişdim, bir maksimum yarım saata olajam 28-də, 28-ə gələ bilərsənmi, orda görüşək

Elnur(14:56): Qardaş, mən vasmoy mikrorayondayam, sedmoy, vasmoy mikrorayonda, şeynən Kəmalə-Nərmin restoranınnan qabağa şey var e köhnə “Oazis”-nən arasında o “Azəri-Rüya” şadlıq evi-zadı var e, burda bizim qaçqınlar qalan yer var e, Mədəni-Marif Texnikumu tərəf, bax mən ordayam qardaş, deməli, burdan mən gəlirəm mən, oldumu qardaş, gəlirəm ora dediyin yerə, 28-ə dedin hə, yanı yollarda maşınnan gəlirəm də. İnşallah çataram, tez çataram, indi 20 dəyqə, yarım saata özün bilirsən yollar tıxacdır, üzrlü hesab elə, bir az geciksəm yanı tıxacdır.

Elşən (15:07): Gəl qardaş, gözdüyürəm.

Elşən (15:22): Ay qardaş, bəs sən harda qaldın, mənim başqa işlərim də varıydı, mən onda gəlirəm, mən görürəm sən gej gələssən. Gəlirəm 28-ə qastinsinin qabağı tərəfdə astanovka var gəlləm o tərəfə elə ordan gəl ora, saa daha yaxındı, gəl Gəncliyə, köhnə qastinin qabağına tərəf.

Elnur (15:25): Qardaş, 28-də qastinsası haradadır ki, o Səməd Vurğun bağı tərəfdə olan vardı e qabağ Bakı qastinsasıydı nəydi oranı deyirsən? Yoxsa haranı deyirsən, 28-ə gəl 28-ə qastinsanın qabağına səsində deyirsən

Elşən (15:26): 28-də yox e, Gənclikdə, Gənclikdə qastinsanın qabağı

Elnur (15:26): Ə yox e sən 28-də demişdin, yəqin karıxmışam, fikirləşirəm 28-də qastinsa hardadır, yaxşı

Eşən (15:07): Yo, yo səhv demişəm e 28 yox, 28-dən mən ora gəlləm Gəncliyə tərəf , Gənclik qastinsasının qabağına, Gənclik qastinsasının qabağına köhnə, ora gəl ordan rahat çatassan sən də

Elşən (15:44): konum atır

Elşən (15:44): Qardaş, haradasan? Mən düz Gənclik qastinsasının qabağındayam, o köhnə qastinsanın qabağında, konum da atdım saa. Bir az tez gəl, qadan alım, ağrıyıram e mən uje ayaqlarım dözmür.

Elnur (15:44): Qardaş, mən qastinsanı tanıyıram da tanıyıram, Gənclikdə demədin qastinsanın qabağı, yeri dəyişdin ki sən?

Elşən (15:44): Hə də hə, düz ordayam “Gold Gənclik” zad yazılıb onun qabağında

Elnur (15:45): Yaxşı qadan alım, yaxşı gəlləm. Yaxınlaşıram e yoldayam, prosta bilirsən də şəhərin vəziyyətini. Ürəyim partdıyır, ürəyim qısılır, elə yaxşı ki, sən dəyişdin, yoxsa Allah bilir bir saata gəlib 28-ə çatardım, yaxşı ki, elə gəldin Gəncliyə burdan-bura “Drujba”nın yanındayam

Elşən (15:46): Qardaş oldu, sən Allah, bir az tez gəl, qadan alım

Elşən (16:32): Qardaş çatmısan, açdın baxdın, hər şey qaydasındadır? Ma denən.

Elşən (16:33): Say mənə de qardaş

Elşən (16:33) Mən özüm saymışam, prosta sən də de arxayın olum.

Elnur (16:36): A qardaş say nədir, mən yerdən pul tapanda da sayıram, atalar misalı var e, yerdən pul tapanda da say. Əlbətdə saymışam, deyilən kimidir. 25 min avro və 10 min manat, nətər danışılmışdı elə də verdin də, nətər olmalıdır bə, sən narahat olma, papağını qoy böyrü üstə, yan üstdə vsyo, görürsən də məllim, bəy nətər adamdır, bilirsən də nömrə birdir də bu işdə, bu işlərdə bir nömrədir, demək artıqdır, hər şey deyilib, nağaraq , otur gözdə həll olunacaq”.

Hə, indi də keçək ”çox ağıllı” Abdullanın tərəflərin danışması üçün mövzu və tezislər verməklə təşkil etdiyi Elşənlə Elnur arasında bu Whatsapp dialoqunun səfehlik və əllaləməlikdən başqa bir sey olmadığını göstərməyə. İndi bir daha əmin olacaqsınız ki, Elşənlə Elnur 08.12.2023 tarixində görüşməyiblər, deyilənlərin hamısı həyasızcasına və sarsaqcasına uydurulmuşdur. Bu yerdə bir zəruri, həm də çox əhəmiyyətli qeydi sizə deyim. Fikir verin, Abdulla Elşənlə Elnuru zənglə yox, ancaq səsli mesajla danışdırır. Ola bilməzdi ki, iki dost günlərdir ki, mühüm məsələ haqda ancaq səsli mesajla müzakirə aparsınlar, ancaq bircə dəfə də zəng edib danışmasınlar. Abdulla bunu məqsədli şəkildə edib. Əgər o, ştatlı üzəduranları ancaq Whatsapp zəngləri ilə danışdırsaydı, onda mənim əleyhimə “sübutlar” əldə edə bilməyəcəkdi. Ona görə də onları Whatsappda səsli mesajla danışdırır. Təbii ki, danışıqların mövzusunu və mətnini də Abdulla özü onlara diktə edir. Beləliklə, onların saxta Whatsapp dialoqunda tez-tez “Tofiq Yaqublu mühacir alverində nömrə 1-dir”, “25 min avro və 10 min manatı verdim”, “Tofiq Yaqqublu verdiyi sənədləri götürdüm” və s. tipli ifadələr işlədirlir. Guya ki, bununla mənim cinayət törətməyim haqqda sübutlar yaranmış olur. Ay siz öləsiniz, indi görün başınıza necə od ələyəcəm! Əsas detallara keçməzdən əvvəl bu saxta Whatsapp dialoqundakı müraciət ifadələri ilə bağlı bəzi fikirlərimi deyim. Bir-birinə “qaşdaş” deyə müraciət edən cəmiyyətin tullantıları bu adamların həm də “siz” deyə müraciət etdiklərini təsəvvür edə bilərsinizmi? Əlbəttə ki, yox! Belə ola bilməzdi axı. Bu saxta dialoq üzərində yüngülcə linqvistik təhlil aparaq. Dialoqun bəzi yerlərində Elnur Elşənə “siz” deyərək müraciət edir. O, saxta Whatsapp dialoqunda 09.12.2023 tarixində saat 12:34-də, 18:27-də və 10.12.2023 tarixində saat 12:42-də “siz” müraciət formasından istifadə edir. Elnur həmin səsli ismarıcları Abdullanın yanından, ondan alınmış təlimat əsasında göndərib. Təbii ki, Abdulla onu saxta Whatsapp dialoqunda mənim “cinayətimi” sübut edəcək ifadələr işlətmək üçün yanına təlimata çağırıbmış. Sözsüz ki, Abdullanın qabağında büzüşmüş və itaətkarcasına quyruğunu bulayan Elnur onunla ancaq “siz”lə danışmalıydı. Bax, elə bu psixoloji aurada, guya ki, 6 ay əvvəl tanış olduğu, yaxından dostlaşdığı və həmişə “qardaş” deyə müraciət etdiyi Elşənə çaşıb arada “siz”lə müraciət edir. Bu qədər bəsit. Həmin dialoqa görə 07.12.2023 tarixində Elşənlə Elnur razılaşırlar ki, pulu vermək üçün ertəsi günü – 08.12.2023 tarixində saat 12-də “Gənclik” metrostansiyasının çıxışında görüşsünlər. İndi də 08.12.2023 tarixli dialoqun ilk ismarıcına diqqət edək. Elnur 12:33-də mesaj yazıb soruşur ki, “Gəncliyin” harasında görüşə bilərik? Fikir verin, saat 12-dən 33 dəqiqə keçib, amma məsələnin həll olunmasına çox tələsən və gözləməkdən hövsələsi çox daralmış Elşən hələ də Elnura zəng edib soruşmayıb ki, səni gözləyirəm, saat 12-yə danışmışdıq axı, harada qaldın? Sizcə, belə hal mümkün ola bilərdimi? Bizim hər birimiz gündəlik həyatımızda görüş yeri və vaxtı təyin edirik. Bir qayda olaraq heç görüş vaxtı çatmamışdan telefona sarılmırıqmı? “Mən buradayam, çatırsanmı?” məzmunlu zənglər edib, ismarıclar göndərmirikmi? Amma həyati vacib məsələnin həlli üçün gəlmiş və ayağı ağrıdığından ayaq üstə zorla dayanan, üstündə də 25 min avro və 10 min manat olan Elşən deyilən vaxtdan 33 dəqiqə keçməsinə baxmayaraq, Elnura zəng edib, niyə gəlmədiyini soruşmur. Absurddur, elə deyilmi? Elşən 12:34-də ona cavab verir ki, “Gənclik Mall”dayam, hara deyirsiniz ora gəlim. Əgər adam həyatını dəyişdirəcək bu görüşü həyəcanla gözləyirsə, o “Gənclik Mall”a niyə getməlidir ki? O, dünəndən razılaşdırdıqları metro çıxışında durub, dörd gözlə Elnuru gözləməli deyildimi? Elnur 12:39 da səs  atır ki, 15-20 dəqiqəyə “Nərimanov”dakı “McDonald`s”ın yanında olacam, ora gəl.  Bu, nə sarsaqlıqdır axı? Əgər siz dünəndən “Gəncliy”ə danışmışdınızsa və Elşən də oradadırsa, indi onu niyə başqa yerə çağırırsan? Axı dünən sən saat 20:20-də Elşənə deyirsən ki, gəl “Gənclik”də görüşək, çünki mənim sabah Ayna Sultanovanın heykəlinin yanında işim var, elə oradan gələrəm. İndi sən Ayna Sultanovanın yanından dünən danışdığınız kimi iki addımlıqdakı “Gəncliy”ə niyə gəlmirsən ki, səni orada gözləyən və ayağı ağrıdığından ayaq üstə dura bilməyən Elşəni “Nərimanov”a göndərirsən? Özü də “Nərimanov”a getmək üçün özünün də “Gənclik”dən keçməli olduğun halda. Elşən 12:40 da yazır ki, o taya keçmişdim siqaret almağa, indi dediyin yerə gələrəm. Siz bir əllaləməliyin dərəcəsinə baxın, Elşənin ayağı ağrıyır, yeriyə bilmir, elə bunun üçün də Almaniyaya müalicəyə getmək istəyir, amma siqareti yanındakı köşklərin birindən yox, metronun yeraltı keçidindən keçməklə,  özü də xeyli pilləkanları əvvəlcə aşağı düşməklə, sonra da yuxarı qalxmaqla o biri taya keçərək alır, üstündə də “bir ətək pul”. Özü də Elnura bircə kəlmə də demir ki, bu “Nərimanov” haradan çıxdı, “Gəncliy”ə danışmışdıq, mən də buradayam, ora gedincə, Ayna Sultanovadan elə buraya gəl də? Bu səsli mesajda daha bir ciddi məqam var. Dekabrın 7-nə aid Whatsapp dialoqunda onlar sabah, yəni ayın 8-də saat 12-də “Gənclik”  metrosunun çıxışında görüşməyi qərara alırlar. Amma onlar metronun hansı çıxışında görüşməyi dəqiqləşdirmirlər. Bilirsiniz ki, adamlar çoxçıxışlı metro stansiyasına görüş təyin edəndə, hansı çıxışda görüşəcəklərini mütləq dəqiqləşdirirlər. Abdula özü senaridə onları “Gold Gənclik” univermağının qabağında görüşdürməyi nəzərdə tutuduğundan ağlına gəlməyib ki, həmin yeri saxta Whatsapp dialoqunda tərəflərin dili ilə də müəyyənləşdirsin. Yeri gəlmişkən, Elşən ilkin istintaqa verdiyi ifadəsində isə  deyir ki, pulların hazır olduğunu 07.12.2023 tarixində Whatsappla Elnura desə də, nə vaxt və harada görüşmək haqda danışmayıblar. O, yalnız ayın 8-də gündüz vaxtı zəng edərək ondan nə vaxt və harada görüşə biləcəklərini öyrənib. İndi isə haqqında danışdığımız mesajda Elşənin dediyinə diqqət edək. O deyir: “O taya keçmişdim siqaret almağa”. Adam o taya “Gənclik Mall”a keçibsə, deməli, bayaq bu tayda “Gold Gəncliy”in, həm də “köhnə qastinsanın” yanındaymış. Yəni, Abdulla guya ki, pulun mənə verildiyi günə aid Whatsapp yazışmalarının elə başlanğıcındaca artıq Elşəni əvvəlcədən senaridə nəzərdə tutduğu yerə gətiribmiş. Sadəcə olaraq həmin vaxtlarda məni izləyən qara maşından harada olmağım haqında konkret məlumat gələnədək onları saxta Whatsapp dialoqunda sözdə olaraq şəhərdə gəzdirir. Yalnız qara maşından gəlmiş son məlumatdan sonra onları məhz həmin yerdə görüşdürür. Elşən 13:08-də yazır ki, “Nərimanov”da “PANDA KİDS”in yanındayam, zülmlə gəlib çıxmışam. Bu ifadəyə də diqqət edin. Whastapp-da bu sözlər deyilən vaxt şəhərədə avtomobillərin və ictimai nəqliyyatın ən seyrək hərəkəti olan, tıxaclar olmayan vaxta düşür. Belə bir vaxtda Elşən “Gənclik”dən “Nərimanov”a niyə zülmlə gedib çıxmalıdır ki? Aydınca görünür ki, suflyor Abdulla məni izləyən qara maşından olduğum yer haqda məlumat gələnədək aradakı vaxt boşluğunu mənasız və ziddiyyətli sözlərdən ibarət Whatsapp dialoqu ilə doldurmağa çalışıb. Buradan həm də belə sual yaranır, Elnur sənə “McDonald`s”ın yanına gəl deyibsə, sən niyə “PANDA KİDS”in yanına gedirsən ki? Elnur 13:09-da yazır ki, mən də bayaqdan gözləyirəm ki, niyə gəlib çıxmadın. Yəni, Elnur artıq onu “McDonald`s”ın yanında gözləyirmiş. Amma həmin mesajın davamında yazır ki, gözlə görüm, gələcəm. “McDonald`s”la “PANDA KİDS”  yan-yanadır axı, onlar artıq bir-birini görməli deyildilərmi? Amma görün nə baş verir? Bu yerdə bir məqamı da qeyd edim ki, belə hallarda adamlar artıq gəlib çatdıqları görüş yerində bir-birini görmək üçün mesajlaşmırlar, canlı zəng edib, telefon qulağında ətrafa göz gəzdirirlər. Bu mesajın bir yerində Elnur Elşənə “mənim də işim-gücüm var” deyib guya ki, gecikdiyinə görə onu qınayır. Buyurun, bu da sizə daha bir parlaq zırramalıq nümunəsi! Suflyor Abdulla artıq kələfin ucunu itirib  və bu absurd Whatsapp tamaşasındakı aktyorlarına sarsaq şeylər dedirdir. Onun yazdığı senariyə  görə Elnur Elşənin pulunu mənə çatdıranda, ona 3 min manat verməliydim. Bütün nəslini 3 manata satmağa hazır olan bu ştatlı üzəduranın həmin gün bundan vacib nə işi ola bilərdi ki, “əşi, mənim də işim-gücüm var” deyir? Sanki o, Elşənə onda qalmış dırnaqtutanı qaytarmaq üçün görüşməliymiş, işinin-gücünün dalınca getsəydi, 20-30 min pul qazanacaqmış. Bu yerdə bu saxta Whatsapp dialoqunun daha bir desert ifşasını təqdim edim. 13:09 mesajından sonra 13:11-də onların arasında 9 saniyəlik danışıq qeydə alınıb. Çox güman ki, səhvən əli düyməyə toxunub, zəng gedib və suflyordan zəng haqqında heç bir göstəriş olmadığından dərhal  söndürüb. Neçə saatdır ki, bir-biri ilə səsli mesajla danışanların birdən-birə arada 9 saniyəlik zəng danışığı real görünmür. Bu səhvən düymənin basılması ilə  getmiş zəngdən sonra saat 14:40-dək düz bir saat 31 dəqiqəlik fasilə yaranır. Bayaqdan dəqiqəbaşı mesaj göndərərək guya ki, bir-birini axtaran bu adamlardan səs çıxmır, sanki qurbağa gölünə daş atmısan. Belə çıxır ki, ayağı ağrıyan və bu səbəbdən ayaqüstə dura bilməyən, üstündə 25 min avro və 10 min manat olan Elşən “zülmlə” gəlib çıxdığı “Nərimanov”dakı “PANDA KİNDS” in yanında Elnuru gözləyir, amma bircə dəfə də ona zəng edib soruşmur ki, harada qaldın, niyə gəlib çıxmırsan? Belə bir mənzərəni təsəvvür edə bilirsinizmi? Əminəm ki, təsəvvür edə bilməyəcəksiniz. Çünki heç cür belə ola bilməzdi. Abdullanın özünü və ştatlı qulbeçələrini niyə belə sarsaq vəziyyətə salmasının səbəbini izah edim. O, bu fasilə zamanı qara maşını yaşadığım ünvana göndərməklə və evdən çıxdıqdan sonra məni izləmək üçün təlimatlandırmaqla məşğul olduğundan ştatlı üzəduranlara suflyor xidməti göstərməyi unudub. Yəqin ki, belə komediya səhnələrini sizlər də görmüsünüz.  Həkim xəstəyə dərindən nəfəs almağı və saxlamağı dedikdən sonra başı müəyyən müayinə prosedurlarına qarışır və xəstəyə normal nəfəs almağı deməyi unudur. Bir az keçir, gömgöy göyərmiş xəstə huşunu itirib tir-tap yerə yıxılır. Abdulla da məhz həmin həkim kimi davranıb. Bir də onda ayılıb ki, Elşən “PANDA KİDS”in yanında 1 saat 31 dəqiqədir ki, dərindən nəfəs alıb və hələ də buraxmayıb. Bundan sonra tələsik özünün suflyorluq funksiyasına başlayır, gömgöy göyərmiş  Elşəni həyata qaytarır və ona indi hansı məzmunda mesaj göndərməli olduğunu deyir. Bu müddət ərzində Elnur da dərindən nəfəs alıb saxlayır və ancaq Elşəndən mesaj gələndən sonra buraxır. Hə, ay mənim gözəl, yaraşıqlı ədalət keşikçilərim, görün buna bir izah tapa bilərsinizmi? Ay tapdınız ha!  Elşən 14:40 da yazır ki, bir az gecikmişdim, yarım saata 28 Mayda olacam. Ora gələ bilərsənmi? Bu boyda zırramalığı və əbləhliyi təsvir etməkdə mənə kömək edin, nolar? Adamlar artıq bir yerdədirlər, bəlkə də çiyinləri də bir-birinə toxunur, amma birdən Elşən deyir ki, gəl 28 Mayda görüşək. Bir də ki, Elşən gecikmədiyi halda nəyə görə gecikdiyini deyir? Bundan əvvəlki mesajda deməmişdimi ki, artıq Elnurun “Nərimanov”da dediyi yerə gəlib və artıq onu orada gözləyir. Siz bu sarsaqlığa əsaslanaraq, məni cəzalandıracaqsınız? Elnur 14:56 da yazır ki, 8-ci mikrarayondakı “Azəri-Röya” şadlıq evinin yanındayam, indi maşında gəlirəm 28 Maya.  Heyrətdən adamın başı gicəllənir. O anda Elnur artıq gəlmiş olduğu “Nərimanov”da “McDonald`s”ın yanında Elşəni gözləyəsi deyildimi? Birdən-birə oradan niyə 8-ci mikrorayona getdi? 8-ci mikrorayonda nə iti azıb? Elşən də heç soruşmur da ki, ikimiz də “Nərimanov”daykən, sən niyə 28 Maya getdin? O, 15:07-də Elnura deyir ki, 28 Maya gəl, gözləyirəm.

Baxın, bu söhbətlərdə 28 Mayın harasına gəlmək, harasında görüşmək haqqında bir-birinə bircə kəlmə də demirlər. Bütün bakılılar yaxşı bilirlər ki, “28 May” deyiləndə, şəhərin mərkəzində böyük bir ərazi nəzərdə tutulur. Bu mesajdan düz 15-dəqiqə sonra 15:22-də Elşən daha bir ismarıc göndərərək əsəbi şəkildə deyir ki, harada qaldın, mən gedirəm “Gəncliy”ə, ora gəl. Baxın, səhər görüş vaxtından 33 dəqiqə keçməsinə baxmayaraq, “harda qaldın?” deyə, Elnura zəng edib axtarmayan Elşən, cəmi 15 dəqiqədən sonra  bu müddətdə 8-ci mikrorayondan 28 Maya niyə niyə gəlib çatmadığına görə qınayır. Bir deyin görək, 8-ci mikrorayondakı “Azəri-Röya” şadlıq evinin yanından maşınla 15-dəqiqəyə 28 Maya getmək mümkündürmü? Təbii ki, heç cür mümkün deyil. Heç soruşmur da hardasan, nə vaxta çatarsan. Deyir ki, baxıram sən gec gələcəksən ona görə də gedirəm “Gəncliy”ə, sən də ora gəl. Nə bilirsən ki, gec çatacaq? Bir soruş, gör haradadır da! Bəlkə artıq çatıbmış, sənin iki addımlığındaymış. Bu da sizə növbəti sarsaqlıq nümunəsi! Mən bu bölümün sonunda izah edəcəm ki, “çox ağıllı” və “çox şərəfli” Abdulla Elşənlə Elnur arasındakı bu absurd siçan-pişik, gizlənpaç oyununu niyə təşkil edib? Davam edək. 15:25 də Elnur cavab mesajı göndərir və heç demir ki, indi özü haradadır, 8-ci mikrorayondan 28 Maya tərəf nə qədər yol gəlmişdim, niyə gözləmədin, gəlib çatırdım və. s. O, 28 Mayda hansı “qastinsa”nın yanında olduğunu soruşur, baxmayaraq ki, Elşən artıq ona deyib ki, “Gəncliy”ə gedib. Elşən 15:44 də “Gənclik”dən Elnura məkan xəritəsi göndərib. Abdulla burada əsl klounluq edib. “Gənclik”də görüşmək üçün niyə məkan xəritəsi göndərilsin ki? Deyirsən “Gənclik”dəki “Gold Gənclik” dükanının qabağına gəl, vəssalam! Onsuz da məkan xəritəsi böyük bir radiusu əhatə edən ərazini göstərəcək. Bir var ki, deyəsən ki, Rəsulzadə qəsəbəsi Zahid Qənbərov 9 ünvanındayam və məkan xəritəsi göndərəsən, bu, başqa məsələdir. Çünki bu cür ünvanları nabələd adamlar çətinliklə tapırlar, ona görə də məkan xəritəsi göndərmək lazımdır. Amma “Gənclik”üçün buna ehtiyac yoxdur. Adam sadəcə olaraq “Gənclik”dəki konkret yerin adını deməlidir, vəssalam! Elnur 15:45 də mesaj yazır ki, “Drujba”nın yanındadır, 28 Maya gedəsi olsaydı bir saata çata bilərdi. Fikir verin, guya ki, 8-ci mikrorayondan 14:56 da çıxıb 28 Maya gedən Elnur 51 dəqiqəyə ancaq “Drujba”ya qədər yol gedə bilib, amma guya ki, 28 Mayda  onu gözləyən Elşən onun yola çıxmasından cəmi 15 dəqiqə sonra səs atır ki, harada qaldın? Bu mesajın bir yerinə xüsusi diqqət yetirin. Elnur guya ki, “Drujba”nın yanından göndərdiyi mesajda deyir ki, 28 Maya gedəsi olsaydım, burdan ora bir saata çatardım. Burada ya bu ştatlı üzəduran aktyorlar, ya da elə suflyor Abdullanın özü senaridəki mətnlərin yerini səhv salıblar. Bir azca yuxarıda Elşənin saat 15:22-də göndərdiyi mesajı qeyd etmişdim. O, orada deyir ki, belə görürəm sən gec gələcəksən, mən gedirəm “Gəncliy”ə. Əgər həriflər senaridə nəzərdə tutulmuş mətnlərin yerini səhv salmasaydılar, əvvəlcə Elnur deməliydi ki, mən “Drujba”nın yanından 28 Maya bir saata çata bilərəm. Elşən də cavabında deməliydi ki, baxıram gec gələcəksən, ona görə də “Gəncliy”ə gedirəm, sən də ora gəl. Bu yerdə dahi rus yazıçısı, məhşur “Qurd və quzu” təmsilinin müəllifi İvan Krılov Abdullanın bu “istedad”ına həsəd aparardı. Nə qədər əcaib və ürəkbulandıran yalan və saxtakarlıq. Bu cür alçaqlığı necə də özlərinə rəva bilirlər? Dialoqun bundan sonrakı hissəsi daha da absurd və iyrəncdir. Abdualla bu yerdə nəhayət ki, onların bir-birlərini tapdıqlarına və görüşdüklərinə işarə edən hər hansı mesajı təşkil etməyi lazım bilməyib. Artıq Elşən 16-32 də Elnura səs atır ki, çatmısan, açdın baxdın, pulun sayı düzdürmü? Yəni, artıq onlar “Gold Gənclik” qarşısında görüşüblər və Elnur guya “pulu götürüb”, mənimlə görüşməyə gedir.  Buradan başlayaraq ta guya ki, Elnurun mənimlə “görüşüb, pulları verməsi”nədək Abdullanın təşkil etdiyi senarinin necə absurd və sarsaq olduğunu artıq sizə izah etmişəm. İndi isə söz verdiyim kimi  08.12.2023 tarixində görüşmək üçün Abdullanın Elnurla Elşəni niyə siçan-pişik, gizlənpaç oynatdığının səbəbini izah edim. Məsələ belə olub. Məni həbs etmək artıq üçün düyməyə basılmışdı. Bildirdiyim kimi izlənməm artmışdı və evimiz daha ciddi nəzarətə götürülmüşdü. Bunlar Elnurun guya ki, mənə pul verdiyini düzüb-qoşmaq üçün planlar qururdular. Ayın 8-də təxminən 13-50 də evdən çıxdığımı ora qoyulmuş nəzarətçilər Abdullaya xəbər veriblər. Yəni, Abdulla bizim “görüşümüzü” bundan sonrakı vaxta salmağa məcbur idi. Məhz ona görə də Musa peyğəmbər yəhudiləri qırx il səhrada gəzdirdiyi və ya şassisi açılmayan təyyarənin pilotu qəza enişində baş verə biləcək güclü yanğın qorxusundan çənlərindəki yanacağı xərcləmək üçün havada dövrələr vurduğu kimi saat 12-də “Gənclik”də görüşməli olan Elnurla Elşəni bizim kamerada işıq yananda tarakanlar ora-bura qaçışan kimi, ora-bura qaçırırdı.  Nəhayət ki, bizi izləyən qara maşından Abdullaya məlumat gəlir ki, Tofiq Yaqublu Zabrat-1 qəsəbəsində məhəllələrin  birinə dönüb. Abdulla ona tapşırıq verir ki, məni güdsün və oradan hara gedəcəyimi desin. Mən isə sizə izah elədim ki, Zabrat-1 qəsəbəsində bizi izləyən qara maşını necə aldadıb, svetafordan sağa dönüb, məhləyə daxil olmağa məcbur etdim. Qara maşın xeyli gözləsə də məni həmin məhəllədə görə bilmir və düşünür ki, hansısa həyətdəyəm. Yalnız bundan sonra Abdulla qərara alır ki, kifayətdir, görüş yeri  Zabrat kimi müəyyən edilməli və səhərdən şəhərdə gizlənpaç oynayan ştatlı üzəduranların oyunlarını bitirmək lazmdır. Bax, budur həqiqət. Təbii ki, Elnurla Elşənin həmin gün şəhəri dörd dolanmaları faktiki olaraq baş verməyib, bütün bunları Abdulla “Whatsapp” dialoqunda sözdə yaradıb. Burada mobil rabitə operatorunun istintaqa təqdim etdiyi dislokasiya məlumatlarına əsasən sübut etdim ki, guya ki, 08.12.2023 tarixində saat təxminən 16 radələrində “Gənclik”də Elşənlə görüşmüş Elnur həmin vaxt Mehdiabad qəsəbəsində olub. İndi görün DİN-in cinayət-axtarış fəaliyyəti necə bərbad gündədir. Heç torba tikməyi də bacarmayan bu xidmətə necə etimad göstərmək olar? Tam səmimi deyirəm, birinci sinif şagirdinə tapşırsaydılar, o, Abdulladan daha inandırıcı, ağlabatan və sanballı şərləmə senarisi hazırlayardı. Hə, nə deyirsiniz, hörmətli Femida zəhmətkeşləri?  Mənə qarşı saxta ittihamın əsasını təşkil edən bədnam Whatsapp dialoqu haqqında danışarkən, “çox ağıllı” Abdullanın düzüb-qoşduğu ifadələrdən birini sizə təqdim edirəm. 07.12.2023 tarixində saat 20:29-da Elnur Elşənə belə deyir: “A qardaş, sən görmürsən ki, o prostoy adam döyül, zəif adam deyil, oğlun Amerikaya göndərmiş adamdır, oğlu Amerikada kef eləyir onun şotuna, hamısı belə şeylərdəndir. Elə-belə döyül, deməli, güclü əlaqələri var ki, Qənimətlə nətəri danışdı sənin yanında. Qənimət elə belə döyül ki, Azərbaycan siyasətinin liderləridir onlar, arxayın ol, əlini qoy qulağının dibinə, verənnən sonra haqq-hesabı, vsyo. Əlimə çatsın sabah, problem yoxdur”. Və yaxud da 09.12.2023 tarixində saat 18:28-də yenə də Elnur deyir: “Narahat olma, qardaş, işdən də narhatlıq keçirmə, birinci səfər döyül ki, onlar iş görürlər, onlar bütün bilmirsən Qənimət bəylə danışdı sənin yanında, səsi düşürdü, sən guya eşitmirdin? Bu boyda nəhəng adamlardır, Azərbaycan siyasətin reqilovka edən nömrə birdirlər. Sən bilmirsən ki, guya yoldan keçən siyasətçi deyillər? Papka siyasətçilər, nə bilim sonra avtobus siyasətçiləri deyillər, onlar əjdahadırlar”. Bir də 10.12.2023 tarixində saat 12:42-da Elnur deyir: “Qardaş, narahat olma da, arxayın ol, ürəyini buz kimi saxla, o boyda sənədləri görmüsən, o boyda prokurorluq, o boyda təşkilatlar, nə danışırsan? Sən o boyda müxalifəti sən elə-belə bilirsən ha? Bütün Azərbaycanın hamısı dostlarıdır e onların hamısı, Qərbin, Avropanın bilmirsən sən guya onları? Dostuyam da , elə-belə adam döyül kü, narahat olma. Bunların hamısı sənə dəfələrlə niyə səsdə deyirəm, hər dəfə deyirən, oğlun göndərdi Amerikaya, iki vur ikidir, elə-belə döyül Amerikaya getmək. Gör kimsə gedə bilir, gör? Cibinə 100 min qoysun getsin, görüm viza verirlər ona?  Yox. Onları mən bilirsən niyə xatırladıram? Sən məni buna məcbur edirsən, hər dəfə soruşursan, narahat şəkildə soruşursan. Soruş e, soruşmalısan da, burada qeyri-adi nə var ki? İşini soruşursan, narahat şəkildə soruşursan, narahatçılığa əsas yoxdur, adamı səninlə görüşdürdüm. O boyda kişi görüşdü sizlə. Sonra nə oldu sizin yanınızda? Qənimət bəylə danışdı o, səsi düşürdü, o boyda Qənimət bəylə danışdı, uzun illə “Azadlıq” qəzetinin baş redaktoru, indi orada oturub Avropanı idarə edən  adamlardan biridir. Narhat olma, yaxşı olacaq, tam ürəyin arxayın ol, sözümüz sözdür a, qonaqlıq məsələsini də getməmişdən provodunu da eləyərsən. Qonaqlıqda başda mən oturacam”. Qondarma Whatsapp dialoqunun bu iyrənc, ürəkbulandıran mətnini düzüb-qoşmaq üçün son dərəcədə murdar və iyrənc adam olmaq lazımdır ki, bunu da Abdulla edib. Amma məsələ təkcə bu qondarma dialoqun iyrənc olmasında deyil, burada həm də Abdullaya qarşı təkzibedilməz və parlaq ifşa materialları var. Baxın, həm ilkin istintaqda, həm də məhkəmə istintaqında Elnur da, Elşən də qətiyyətlə təsdiqləyirlər ki, 05.12.2023 tarixində NRM qarşısında Elnur sənədlərin kserosutərlərini mənə verəndə, Elşənlə mənim görüşüm alınmayıb. Guya mən demişəm ki, ətrafda adam çoxdur, onların gözü qarşısında görüşmək risklidir və ona görə də Elnur bizi görüşdürə bilməyib. Sizə sübut edim ki, həmin gün Elşən ümumiyyətlə, orada olmayıb. Abdulla öz senarisində həmin gün Elşənlə məni orada “görüşdürməməsinin” səbəbi də, onun mobil telefonunun anten məlumatlarının alınmaması da bununla bağlıdır. Ona görə də məsələni guya ki, Elşən uzaqda dayanıb mənə yaxınlaşmayıb variantı ilə malalamağa çalışıb. Amma 10.12.2023 tarixinə aid saxta Whatsapp dialoqunda saat 12:42-də Elnur Elşənə bizi məhkəmə qarşısında görüşdürdüyünü deyir. Elşən ona demir ki, nə danışırsan, biz görüşmədik axı? Onun cavablarından aydın olur ki, bizim guya ki, görüşdüyümüzü olmuş bir fakt kimi qəbul edir. İndi buna nə deyəcəksiniz? Bu boyda faktı hara soxub gizlədəcəksiniz? Məni səmimi ifadə verməməkdə ittiham edən Abdullanı yenə də mi normal adam sayacaqsınız? Yoxsa bunlar Fransa istintaqının Yeni Koledoniyada yaşayan aborigeni şərlənməsi materiallarında götürülüb? Baxın, Elşən məhkəmədə də dedi ki, 05.12.2023 tarixində NRM qarşısında bizdən uzaqda dayanıbmış. Elnur mənə yaxınlaşandan sonra mənim kiməsə zəng edib danışdığımı uzaqdan görüb, amma kiminlə danışdığımı bilməyib, nə danışdığımı eşitməyib. Amma saxta Whatsapp dialoqunun 10.12.2023 tarixində saat 12:42-də Elnur deyir ki, guya həmin gün mən Qənimət bəylə danışanda Elşən yanımızda dayanıbmış və hətta Qənimət bəyin səsini də eşidirmiş. Bundan əlavə 07.12.2023 tarixli qondarma Whatsapp dialoqunda saat 20:29-da Elnur Elşənə “görmədin Qənimətlə nətəri danışdı sənin yanında” deyir. Ay zaldakı divarlar, ay kürsülər, ay mebellər, ay elektron avadanlıqlar, bu qədər sübut bəs etmirmi sizə? Cansız əşya, cism olmaq olar, amma bu qədər də yox da!

Elnur məhkəmə istintaqında, həm də ibtidai istintaqa verdiyi ifadəsilə təsdiqləyir ki, guya 08.12.2023 tarixində pulu mənə verdikdən dərhal sonra bu haqda Whatsappla Elşənə məlumat verib. Mən pulu götürüb getdikdən dərhal sonra oradanca ona verdiyim AND təşkilatına və Respublika Prokurorluğuna aid saxta sənədlərin şəklini çəkib Elşənə göndərib. Elşən də məhkəmədə onun dediyini təsdiqlədi. Yəni, Elşən saxta sənədləri ayın 8-də görmüşdü. Bəs onda o, sənədlərin saxta olduğunu görmədi? AND adından ingilis dilində olan sənədi qoyaq bir kənara, bəs öz şirin-şəkər türkcəmizdə Respublika Prokurorluğu adından onun barəsində yazılmış sənədin saxta olduğunu görmədi? Niyə onda etiraz etmədi? Elə isə nəyə görə o, iki  sutka sonra, ayın 10-da saat 12:30-da Elnura səs atır ki, bir o sənədləri mənə at, onlara baxım. Bir daha deyirəm, bu ziddiyyətlər və absurdlar ona görə ortaya çıxır ki, mənə qarşı irəli sürülmüş ittiham qondarmadır və bu qondarma işə inandırıcılıq qatmaq üçün Abdulla özündən xəyali səhnələr düzəldir, sonra da diqqətsizlik edərək kələfin ucunu itirir, bununla da hər şeyi qatıb-qarışdırır. Bu saxta sənəd şəkli ilə bağlı daha bir ifşaedici məqamı diqqətinizə çatdırım. Kütbeyin senaristin yazdığına görə Elşən ayın 10-da saat 12:30-da “bir o sənədləri mənə at, onlara baxım”  mesajını göndərdikdən dərhal sonra Elnur həmin şəkilləri ona göndərir. Artıq şəkilləri qəbul etmiş və görmüş Elşən 12:38-də mesaj göndərir ki, şəkilləri alıb və baxıb. Amma nədənsə Elşən saxta sənədə etirazını bundan düz 5 saat 16 dəqiqədən sonra, saat 17:40-da edib. Əgər o, saxta sənədi 5 saat 16 dəqiqə əvvəl görmüşdüsə, özü də Azərbaycanda “dürüstlük və şərəflilik” etalonu olan bir adam niyə buna dərhal etiraz etməyib? Məsələ kifayət qədər sadədir. Həmin dialoqun mövzusunu tərəflərə verən Abdulladır. Artıq izah etdiyim kimi Elşənin özünü cinayət məsuliyyətindən azad etmək üçün ortaya “saxta sənəd” məsələsini atmaq Abdullanın ağlına gec gəlib və buna görə də bu mesajın sözlərini Elşənə təxminən 5 saat gec verib. Ona görə də hər şey baş-ayaq alınıb. Saxta Whatsapp dialoqu zəmnində ifşalar bununla bitmir. Guya ki, 08.12.2023 tarixində saat təxminən 16-da “Gənclik”də pulları Elşəndən almış Elnur, hətta pulları saymağa vaxtı olmadığından mənimlə görüşmək üçün Zabrat qəsəbəsinə tələsib. Həmin yol təxminən maksimum 30 dəqiqə çəkə bilərdi. Deməli, Elnur həmin gün saat 16:30-dək pulları mənə çatdırmış olmalıydı. İndi də baxaq saxta Whatsapp dialoqunda ağıl dəryası olan Abdulla nə yazır? 16:33-də Elşəndən Elnura mesaj göndərilir. Sizcə, həmin mesajda Elşən nə deyə bilərdi? Sözsüz ki, bu zalda oturanların hamısı düşünəcək ki, Elşən Elnurdan  soruşub ki, Tofiq Yaqubluyla görüşüb pulları ona verdinmi? Təbii ki, sizi belə düşünməyə elementar məntiq məcbur edir, amma Abdulla başqa cür düşünür. Onun yazdığı senariyə görə Elşən Elnurdan ancaq pulları sayıb-saymadığını soruşur. Əgər Elnur yolda maşını saxlayıb pulları sayacaqdısa, elə bunu sənin yanında edərdi də. İstər sənin yanında, istərsə də yolda pulların sayılması üçün eyni vaxt sərf olunacaqdı. Birdən Elnur desəydi ki, saydım, 2 min avro əskik  gəldi, onda nə edəcəkdin? Elementar məntiqlə Elşən 16:33-də Elnurdan Tofiq Yaqubluyla görüşüb pulları verib-vermədiyini soruşmalıydı. Yalnız bu konteksdə ondan soruşardı ki, ”pulu” verəndə sayı düz gəldimi, problem çıxmadı ki? Əgər elementar məntiqdən danışırıqsa, deməli, burada “çox ağıllı” Abdullalıq bir şey yoxdur. Bir az diqqətli olsaq, görərik ki, əslində həmin mesaj məhz Elnurun mənimlə görüşüb pulları verdiyini öyrənmək üçün göndərilib. Həmin mesajın linqvistik təhlili də bunu təsdiq edir. Dediyim odur ki, əgər Elşən həmin günü mənə çatdırmaq üçün Elnura pul vermiş olsaydı, bunu indi qeyd etdiyim mesajdakı kimi qarğa dilində yox, adam dilində aydn və konkret şəkildə soruşardı. Sadəcə olaraq həmin hadisə olmadığından və deyiləcək sözlər suflyor Abdulladan gəldiyi üçün ortaya belə sarsaq mənzərə çıxır. Amma “yalnış da bir naxışdır” deyirlər. Abdulla Whatsapp dialoqunda özünü yandırsa da, Azərbaycan folklor ədəbiyyatı üçün böyük xidmət göstərib. O, folklorşünas alimlərimizin də bilmədikləri bir atalar sözünü xalqımıza bəxş eləyib. Sən demə, atalarımızın belə bir məsəli varmış: “Yerdən pul tapanda da say”. Bu atalar sözünün fəlsəfəsi belədir ki, bir qayda olaraq insanlar yerdən pul tapanda onu saymırlar, amma sən say. Dünyada elə bir adam ola bilərmi ki, yerdən pul tapsın, amma onu saymasın. İndi mən sizə izah edim ki, Elşənin pulu Elnura saymadan verməsi, sonra zəng edib “pulu saydınmı, düzdürmü?”, deyə soruşması və ortaya folklorşünaslığa məlum olmayan yeni atalar sözünün çıxması hoqqabazlığı Abdullanın nəyinə lazımmış. Adam bir güllə ilə iki dovşan vurmaq istəyib. Elşənin pulu saymadan Elnura verməsi versiyasını iki səbəbə görə uydurmalı olub. Birinci səbəb o idi ki, məni izləyən qara maşından Zabratda olmağım haqda məlumat daxil olduğundan Abdulla onların Whatsappdakı siçan-pişik oynunu qəfil dayandırıb, vaxt azlığı ucbatından heç onları görüşdürmədən Elnuru mənimlə “görüşə” qovub. Digər tərəfdən, Elşənin kor-koranə ona inandığı məzərəsini yaratmaq istəyib. Çünki Abdulla özü fərqindədir ki, maşın və qızıl alverçisinin yaxından tanımadığı bir adama “bir günə Almaniyaya viza və həmin ölkənin vətəndaşlığı” kimi absurd bir vədə görə özü ağırlığında pul verməsi heç cür inandırıcı görünmür. Bunun üçün ona kor-koranə inanmaq lazım gəlir. Elə ona görə də məhkəmə istintaqı zamanı mənim “yaxşı tanımadığın birisinə o qədər pulu niyə verirdin?” və “Elnura pulu verəndə niyə sayıb vermədin?” suallarıma Elşənin cavabı “ona çox inanmışdım” şəklində oldu. Abdulla Elnurun pulu aldıqdan sonra onu hər halda axır ki, sayması və deyilən məbləğdə olması versiyasını isə həqiqətən də mənə 25 min avro və 10 min manat verildiyini təsdiqləmək üçün düşünüb.  Onu da yerdən pul tapmaq saymaq haqqında “yeni” bir atalar sözü ilə təsdiqləyib. O anda Abdullanın ilhamı bir az da güc gəlsəydi, məsələni Elnurun dilindən atalar sözü ilə yox, bayatı ilə bağlayardı. Məsələn,

Əzizinəm çay pulu,

Şəkər pulu, çay pulu,

Alanda lazım deyil,

Sən verəndə say pulu.

 

Amilin, guya ki, Elşənə 10 min manat borc verməsi əhvalatındakı ziddiyyətlər mənə bəraət verilməsinə, Abdulla, Elnur, Elşən, Sədaqət  və Amildən ibarət cinayətkar dəstənin üzvlərinə qarşı cinayət işi qaldırılması üçün 10 dəfə kifayət edir. Dinləyin! Guya ki, 05.12.2023 tarixində NRM qarşısında kserosurətləri Elşən Elnura verib və qiymətdə mənimlə razılaşdıqdan sonra öz aralarında danışıblar ki, vaxt itirmək olmaz, pulları təcili tədarük etmək lazımdır. Elşən məhkəmədə bildirdi ki, dostu Amildə pul olduğunu bilirdi, ona görə də ona müraciət edib. Amma istintaqa verdiyi ifadəsində isə bildirir ki, evə gəlib və xanımı Sədaqətlə kimdən borc almaq haqqında müzakirə apardıqdan sonra Amildən borc almaq qərarına gəliblər. Sədaqət xanım da təsdiqlədi ki, həqiqətən Amillə ailəvi dostdurlar və get-gəlləri var. Burada bir daha qeyd edim ki, saxta cinayət işi materiallarında Elşən Almaniyaya viza və bu ölkədə vətəndaşlıq almaq üçün çox tələsir, hətta Elnura yalvarır ki, bu işi mümkün qədər tez həll etsin. Sual yaranır, əgər Amil Elşənlə yaxın dostdurlarsa, onun pulu olduğunu bilirdisə və həddən artıq tələsirdisə, 05.12.2023 tarixində NRM qarşısında tələb olunan məbləği öyrənmişdisə,  elə oradanca və ya evə gedərkən yolda Amilə zəng etməzdimi? Elşən isə belə etmir, axşam evə gedir və kimdən 10 min manat borc almaq haqda ailədə müzakirə təşkil edir. İndi bundan sonrakına diqqət edin, bişmiş toyuğun qəşş eləyəcəyi məqam gəlir. Sədaqət xanım evdə 25 min avrodan əlavə 10 min ABŞ dolları olduğunu da bildirdi. Evdə 10 min dollar ola-ola kimdənsə 10 min manat borc, özü də faizlə almağı müzakirə edən ailəni təsəvvür edirsinizmi? Cinayət işi materiallarındakı Whatsapp dialoqunda 10.12.2023 tarixində saat 21:08-də səsli mesajında Elşən Elnura pulu Amildən faizlə götürdüyünü və onun da bunu bildiyini deyir. Bu ölkədə yeganə ödəniş valyutası Azərbaycan manatıdır. Bütün alış-veriş, o cümlədən maşın və qızıl alqı-satqısı, dükan-bazar, kommunal ödənişlər, pos-terminal əməliyyatları, poçt xidməti, notarius xidmətləri, klinikalarda müayinə və müalicə xərcləri və s. ancaq manatla aparılır. Necə təsəvvür edirsiniz, ailə evdə 25 min avro, 10 min dollar saxlayır, amma heç olmasa 2-3 min manat saxlamır və buna görə də ehtiyac yaranmış 10 min manatın hamısını faizlə borc almalı olur. Sədaqət xanıma sual verdim ki, gündəlik xərcləri qarşılamaq üçün manatı necə əldə edirsiniz? Dedi ki, dolları xırdalayırıq, ya da qızılı manata çeviririk. Görürsünüzmü, bir absurd şərləmə əməliyyatında rol almaq adamı necə gülünc vəziyyətə salır. Əlbəttə ki, imkanlı iş adamı Elşənin 10 min manatı da evdən verdiyini yazmaq olardı, amma Abdulla bu saxta cinayət işində mənə qarşı şahidlərin sayını artırmaq üçün senaridə əlavə bir obraz da yaradıb və hər şeyi absurda gətirib çıxarıb. Abdullanın bundan sonra yazdıqları daha da  gülüncdür. Onun yazdığına görə ailə müşavirəsindən sonra qərara alınır ki, 10 min manatı Amildən istəsinlər. Yaxşı, bu qərardan sonra Elşənin məhkəmədə dediyi kimi ailənin yaxın dostu, onun hər gün telefonla danışdığı, tez-tez görüşüb çörək yediyi Amilə zəng edib 10 min manatı borc istəmək lazım deyildimi?  Yooox, Abdullanın bu absurd tamaşasında yaratdığı Elşən obrazı başqa yol seçir. O, ertəsi gün Mərdəkandan təxminən 30-35 km , bəlkə də daha çox yol qət edərək Amilin yaşadığı Masazır qəsəbəsinə gəlib onunla görüşür və ondan borca 10 min manat verməsini xahiş edir. Yəni, o boyda yolu sadəcə olaraq ona pul lazım olduğunu deməyə gəlir və yenə də ağlına gəlmir ki, bunu evdən zəng edib desin. Elşən məhkəmədəki ifadəsində dedi ki, Amilin o ərəfələrdə maşın satdığını və evdə pulu olduğunu bilirmiş. Guya ki, Elşən Masazıra gəlib Amillə görüşür, o da pulu 1-2 günə düzəldib verəcəyini deyir. Baxın, xaricə getməyə çox tələsən, gözləməyə səbri çatmayan və vaxt itirməyin yolverilməz olduğunu deyən Elşən, Amilin “bir-iki günə düzəldib verərəm” sözündən sonra qayıdıb evdə onun pulu düzəltməsini gözləyir. Axı oun maşın satdığını və evdə pulu olduğunu bilirsən. Nə yaxın dostu Amil demir ki, pul evdədir, gedək evdən verim, nə də Elşən ona demir ki, bilirəm maşını satmısan, pul da evdədir, verəcəksənsə, elə indi ver. Görürsünüzmü ki, təkcə Elşənin Amildən 2 aylığa 10 min manat borc alması epizodunda nə qədər ziddiyyətlər və məntiqsizliklər var. Hamısı Abdullanın “ağlının çoxluğunun” yaratdığı problemlərdir. Eyni zamanda onu qınamıram. Çoxlu iştirakçıları olan baş verməmiş bir hadisəni xronoloji qaydada təsvir etməyə heç Şerlok Holmsun da hünəri çatmazdı, qalmışdı ki, “çox ağıllı” Abdulla ola. Elşənin Amilin pulunu qaytarması da eynən bu cür ziddiyyətlərlə və absurdlarla doludur. Dinləyin! Elşən məhkəmədə dindirilərkən bildirdi ki, təxminən 2 aydan sonra Amildən aldığı 10 min manatı özünə qaytarıb. Borc aldığı pulu Amilə harada verdiyini soruşduqda dedi ki, o, Mərdəkandakı evimizə gəldi, pulu ona evdə verdim. Amil isə bu suala cavab verərkən dedi ki, Elşən onun 10 min manatını gətirib Masazırda qaytarıb. Sədaqət Hüseynova da dedi ki, Elşən Amilin pulunu evlərində yox, onunla haradasa görüşərək qaytarıb. Bu ifadələr Elşənin Amildən 10 min manat borc alması məsələsinin Abdullanın uydurduğu həyasız yalan olduğunu danılmaz şəkildə təsdiqləyir. Təbii ki, əgər həqiqətən də Amil Elşənə pul vermiş olsaydı, onun alınıb-verilməsi məkanı ilə bağlı bu ziddiyyətlər ortaya çıxamazdı. Mən Elşənə sual verdim ki, Amildən 10 min manat borc almışdın ki, Almaniyaya gedəndən sonra 2 ay müddətinə qaytaracaqsan. Amma guya ki, həmin pulların dələduzluqla ələ keçirildi, bəs 2 aydan sonra Amilin 10 min manatını necə qaytardın, pulu haradan tapdın? Dedi ki, tanışlarımın birindən alıb verdim. Həmin tanışının kim olduğunu və nə vaxt aldığını soruşanda, hakim bu sualın məhkəmə istintaqı üçün heç bir əhəmiyyətinin olmadıığını dedi və Elşənin cavab verməsinə imkan vermədi. Necə yəni bu sualın məhkəmə istintaqı üçün əhəmiyyəti yoxdur? Əksinə, olduqca əhəmiyyətli sual idi. Məlum olacaqdı ki, Elşən yalan danışır, ümumiyyətlə, Elnura pul vermədiyi, Amildən pul almadığı kimi, Amilin borcunu qaytarmaq üçün də heç kəsdən pul almayıb. Sadəcə olaraq, ittiham tərəfinin tabeçiliyində olan hakim daha bir rüsvayçı ifşanın yaşanmasına imkan vermədi. Bununla belə yenə də Elşən Amilin borcunu qaytarmaq məsələsində özünü ifşa etdi. Çünki həm özü, həm də xanımı Sədaqət Hüseynova dəfələrlə bildirdilər ki, ciddi biznesləri var, şəhərin müxtəlif yerlərində dükanlar işlədirlər, yaxşıca qazanırlar, evlərində xarici valyuta ilə bərabər yığım vasitəsi kimi qızıl da saxlayırlar. Hələ üstəlik də evlərində 10 min dollarları da varıymış. Belə bir adamın kimdənsə 10 min manat  borc alması da, həmin borcu qaytarmaq üçün yenidən kimdənsə bəlkə yenə də faizlə olmaqla borc alması Abdullanın səfeh uydurmasıdır. 10 minlik borcun  ifşasını davam etdirək. Amil müstəntiqə verdiyi ifadəsini məhkəmədə də təsdiq etdi. Həm Elşənin, həm də Amilin ilkin və məhkəmə istintaqı zamanı verdikləri ifadəyə görə Amil 2 aylığa verdiyi borcun vaxtı tamam olanda, Elşənə zəng edib pulu istəyib. Bu zaman Elşən ona deyib ki, başına iş gəlib, pulları dələduzlar ələ keçiriblər. Həmin zəngin üstündən təxminən 20 gün keçdikdən sonra onun pullarını qaytarıb. Digər tərəfdən, Elşən məhkəmədə dedi ki, Amillə yaxın dostdur, onunla az qala hər gün telefonla danışır, tez-yez görüşüb çörək yeyirlər, ailəliklə get-gəlləri var. Mən Amildən doğrudanmı az qala hər gün Elşənlə zəngləşib hal-əhval tutduqlarını soruşduqda, o da bunu təsdiqlədi. Test üçün sual verdim ki, Yeni il bayramında zəng edib onu təbrik etdinmi? Dedi ki, bəli, zəng edib təbrik etmişəm. Onda ortaya Abdullanın başı çatmayacaq bir sual çıxır. Əgər Amil hər gün Elşənlə telefonla danışırdısa, tez-tez görüşüb çörək yeyirdisə, onun işinin alınmadığını  və Almaniyaya gedə bilməyib hələ də Bakıda olduğunu bilməyə bilərdimi? Bunu yalnız 2 aylıq borcun vaxtı bitəndə pulunu istəmək üçün zəng edəndə bilməsi bişmiş toyuğun qəşş eləməsinə səbəb olmazmı? İndi mənə deyin, bütün bunların Tofiq Yaqublunu şərləmək üçün uydurulmuş absurd və gülünc yalanlar olduğunu necə təsdiq etməyəcəksiniz? Yeri gəlmişkən, müstəntiq Abdulla nə Elşəndən, nə də Amildən pulu alıb verəndə harada və nə vaxt görüşdükləri haqda heç bir sual vermir. Elşənin pulu zəngmi edərək, yoxsa görüşərəkmi istədiyini dəqiqləşdirmir, Amilin pulu Elşənin ondan istədiyi günmü, yoxsa sonrakı günlərdə verdiyinə aydınlıq gətirmir. Amma biz məhkəmədə onlara bu sualları verdik və bütün hallarda ziddiyyətli, bir-birini inkar edən cavablar aldıq. Bununla da onları tamamilə ifşa etdik və hər ikisinin həyasız yalançı olduğunu ortaya qoyduq. Sizcə, Abdulla bu labüd sualları onlara niyə verməmişdi? Təbii ki, mənim bu sualım ritorikdir və siz Abdullanın həmin sualları verməməsinin səbəbini çox gözəl bilirsiniz.

Həbs olunduğum gün evimizdə axtarış aparılması haqda çıxışımın əvvəlki hissəsində qısaca danışmışdım. İndi isə bu haqda daha ətraflı danışacam. Həmin axtarış bu saxta cinayət işinin ifşası baxımından çox önəmli olmaqla yanaşı, misli görünməmiş əxlaq və nakişilik hadisəsidir. Bu ölkədə, o cümlədən bu məhkəmədə hüquq sistemi işləmədiyindən, dəlillərin və alibilərin heç bir əhəmiyyəti olmadığından,  guya ki, bizim evdən tapılmış 7 min avro və 2500 manat haqqında əvvəlcə bunları deyirəm: O pulları bizim evə gətirən də, onları döşəyin altına qoyan və qoyduranlar da, həmçinin bu açıq-aydın yalanlara inananlar və özlərini inanmış kimi göstərənlər başqa kişilərin döşəyindən əmələ gələnlərdir, bütün nəsli ilə, ölüsü-dirisilə şərəfsiz və əxlaqsızdırlar. Yeri gəlmişkən, bu uzun saxta məhkəmə prosesi zamanı dəfələrlə bildirmişəm ki, yalanı, böhtanı mdüafiə edən, suçsuz insanı şərləyən hər kəs əhli-əyalı və bütün nəsli ilə birlikdə əxlaqsız və şərəfsizdir. Artıq bu sözləri haqq etmiş və onları bal kimi udmuş birini gördünüz, prosesin sonunda digərlərini də görəcəksiniz. İndi isə bu yalanları və şəri bənd-bənd ifşa etməyə başlayım. Mən 14.12.2023 tarixində saxlanılaraq, Nərimanov RPİ-yə gətiriləndən sonra bir neçə saat Nərimanov RPİ istintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəkir Qarayevin otağında gözlədim. Sonra məni müstəntiq Abdulla Cəlillinin otağına apardılar. Onu görən kimi sifəti mənə tanış gəldi. Nə qədər fikirləşdimsə, harada gördüyümü xatırlaya bilmədim. O, mənə qarşı şikayət olduğunu və başqasının külli miqdarda pulunu dələlduzluq yolu ilə ələ keçirmiş şübhəli şəxs kimi saxlanıldığımı bildirdi. İşin detallarını bilməsəm də, heç bir cinayət törətmədiyimi və siyasi fəaliyyətimə görə saxlanıldığımı bildirdim. Mən hələ onda bilmirdim ki, evimizdə axtarış aparılıb və guya ki, 7 min avro və 2500 manat pul tapılıb. Bunu mənə bir az sorğu-sualdan sonra Abdulla Cəlilli dedi. İnanın, o, bu sözləri mənə deyən anda, onun sifətinin haradan tanış gəldiyini dərhal xatırladım. Yaşlı nəslin demək olar ki, hamısının baxdığı və çox bəyəndiyi “Zita və Gita” adlı bir hind filmi var. O filmi mən də bəyənirəm və dəfələrlə baxmışam. Filmdə Raci adlı bir alçaq və şərəfsiz gədə obrazı var. O, məsum Zitanı şərləmək üçün öz pulqabını onun balışının altına qoyur, sonra yalandan deyir ki, kimsə onun pulqabını oğurlayıb. Zitanın otağında yalandan bir-iki yerə baxandan sonra balışı qaldırır və pulqabını hamıya göstərərək oğurluğun sübut olunduğunu deyir. Mənə inanmırsınızsa, internet vasitəsilə özünüz də o filmə baxa bilərsiniz. Əgər Abdullanın rəngini bir az qaraltsaq və bığ qoysaq, görərik ki, düz həmin alçaq və şərəfsiz Racinin özüdür. Özləri də oxşayır, əməlləri də. Mən qətiyyətlə bildirdim ki, bizim evdən o pullar tapıla bilməzdi, onları özünüz qoymusunuz. “Çox şərəfli” Abdulla nə desə yaxşıdır? Guya ki, Maya xanım o pulların bizə aid olduğunu deyib və pulları vermək istəmirmiş. Təbii ki, mən onun yalan danışdığını və Maya xanımın elə söz deməsinin mümkün olmadığını dedim. Xatırladım ki, müstəntiqin təqsirləndirilən şəxsə yalançı sübutlar təqdim etməsi, fikirlər söyləməsi CPM-ə görə yolverilməzdir. CPM-də bu cür şərəfsizliyin və əxlaqsızlığın təsnifatı verilməsə də, cəmiyyət belə əməllərin sahiblərini uyğun ifadələr və frazalarla yaxşıca dəyərləndirir.  Nə qədər çətin olsa da  fərz edək ki, mən Elşən Hüseynovun pullarını ələ keçirmişdim. Baxın, ölkədə tuthatutdur, AbzasMedianın, Kanal-13-ün əməkdaşlarını dalbadal tutub həbsə atırlar və guya ki, onların da evlərində pullar tapılır. Ondan əvvəl Qubad İbadoğlunu həbs edirlər və ondan da pul “tapırlar”. Mən onların məhkəmələrinə gedirəm, orada toplaşan müxalifətçilərə deyriəm ki, bizim çoxumuzu həbs edəcəklər. Mən ölkədə yeni repressiya dalğasının başladığını görüb, 21.11.2023 tarixində özümün Facebook profilimdə bir analitik yazı yazıb bildirirəm ki, tezliklə hamımızı həbs edəcəklər. Burada xatırladım ki, həmin analitik yazının surətini məhkəməyə təqdim etmişəm:  “Hakimiyyətin planlarının konturları aydın görünməyə başlayıb. Qərbə qarşı davamlı hücum və  qarayaxma kampaniyası o deməkdir ki, dünyada gedən proseslər nəticəsində  Cənubi Qafqazın bütövlükdə demokratikləşməsinin qaçılmaz olduğunu görən iqtidar,  Qərblə bütün əlaqələri kəsərək Azərbaycanı Belarusa çevirmək istəyir. Təbii ki, o, bunun nə qədər riskli olduğunu da bilməmiş deyil, amma bütün riskləri  göz altına alaraq bu siyasəti seçib.   Bundan sonra ölkədəki müxalifətçilərin, ictimai fəalların,  müstəqil tənqidçilərin və jurnalistlərin hamısı  həbs ediləcək və ya ölkədən didərgin salınacaqlar. Daha sonra isə  heç bir blans siyasətinə, imitasiyalara ehtiyac qalmır və “harda qırıldı, qırıldı” düşüncəsi ilə Putinin ətəyindən yapışaraq hakimiyyəti  davam etdirirsən. Ülvi Həsənlinin və Sevinc Vaqifqızının həbsi də bu konsepsiyaya əsaslanır. Ümid edirəm ki, bacarmayacaqlar…” Bütün bunlara rəğmən, yəni həbs olunacağımı bilə-bilə cinayətə baş vuraraq pul əldə edirəm və ələ keçirdiyim pulları evdə saxlayıram. Buna necə inanmaq olar? “Çox şərəfli” Abdullanın senarisinə görə mən bu pulları yaxın münasibətdə olduğum Elnur Məmmədov vasitəsi ilə ələ keçirmişəm. Elnur 11.12.2023 tarixində həbs edilib və telefonuna zəng çatmır. Təbii ki, mən “cinayət ortağı”mın ortalıqda olmamasından və telefonuna zəng çatmamasından artıq onun tutulduğunu anlayacaqdım. Necə düşünürsünüz, bilə-bilə ki, artıq “cinayət ortağım” ələ keçib, mən pulları yenə də evdə saxlayardımmı? Siz 2-3 yaşlı uşaqların necə gizlənpaç oynadıqlarını çox görmüş olarsınız. Onların oynuna baxanda adam uğunub gedir. Körpələrin gizlənmək yeri seçərkən ağılları və fantaziyaları çox bəsit olur. Gizlənmə növbəsi olan körpə hər dəfə, məsələn, stolun altında gizlənir, başqa yerdə gizlənmək ağlına gəlmir. Abdulla da pulu bizim evdə döşəyin altına 2-3 yaşlı körpənin ağlına uyğun qoyub. Guya ki, pulların tapıldığı həmin otağın sahəsi maksimum 13-14 kv metr olar. Otaq çox balaca olduğundan çarpayı və qarderob güclə yerləşdirilib. Həmin otağa daxil olanda, çarpayı qapıdan sol tərəfdədir və qapı ilə onun arasında maksimum yarım metr məsafə olar. Abdulla başının quldurları ilə evə soxulanda, Maya xanım evdə tək olub. Abdulla bir neçə polis ilə onu qonşu otağa baxmağa dəvət edib və bu zaman quldurlardan biri Abdullanın ona verdiyi bağlamanı döşəyin altına qoyub. Həmin otağın qısa videosu vəkilimdə var, istəsəniz, baxa bilərsiniz, Quldurlardan birinin bircə ayağını içəri qoyması kifayət idi ki, pulu döşəyin altına qoya bilsin. Necə düşünürsünüz, mən cinayət yolu ilə əldə etdiyim pulları evdə gizlətmək üçün bir münasib yer tapa bilmədimmi? Mən də mi 2-3 yaşlı körpə və Abdulla kimi yer seçməkdə bu qədər acizəm? Abdullanın versiyasına görə mən 08.12.2023 tarixində götürdüyüm pulları bir həftədir ki, döşəyin altında saxlayıram və üstündə yatırammış. Maya xanım  burada ifadə verərkən bildirdi ki, evdən “tapılmış” pulların içində çoxlu dollarlar olubmuş, amma onları protokollaşdırmayıblar. Görünür polis idarəsində şərləmə məqsədi ilə saxlanılan pullar olur. Evdən ancaq avro və manat “tapmalı” olan Abdulla səhlənkarlıq edərək özü ilə götürdüyü pul bağlamasının içini yoxlamayıb. Gərək idi ki, polis idarəsində dollarları çıxarıb seyfə qoyaydı. Burada bir məqamı da deməliyəm. Qeyd etmişdim ki, İlham Əliyevin COP29-dan ilham alan Abdulla Cəlilli mənə qarşı “GOP29” şərləmə əməliyyatı keçirib. Bizim evdə axtarış aparılarkən, guya ki, döşəyin altından tapılmış pulların içindəki dollarların sənədləşdirilməməsi də bunu sübut edir. Fikir verin, COP29-la bağlı yaşıllıqların qorunması və zibillənməməsi yönündə təbliğat kampaniyası aparılır. Yəqin ki, siz də bilirsiniz ki, dolların rəngi yaşıldır və bir çox hallarda adamlar onu sadəcə “yaşıl” adlandırırlar. Yəqin buna görə də Abdulla Cəllili COP29-un yaşıllıqla bağlı şüarlarına və məramlarına uyğun olaraq yaşıl dolları qorumaq, onu zibilə salmamaq qərarına gəlib və dollarları sənədləşdirməyib. Adam özünü burada lap təbiət vurğunu, yaşıllığın qoruyucusu kimi aparııb. İndi isə 7 min avro, 2500 manat və xeyli də dollarların bir bağlama halında hansı həcmdə ola biləcəyini təsəvvür edin. Bu qədər əskinas bağlaması bir inşaat kərpici deməkdir. Belə çıxır ki, bir həftə imiş ki, kərpicin üstün də yatırammış. Siz döşəyinizin altına bir kibrit qutusu qoyun, görün yata bilərsinizmi? Abdulla bir yandan deyir ki, mən ölkədə və dünyada nüfuzlu adamam, Azərbaycan siyasətini “reqilovka” edirəm, eyni zamanda mühacir alverində 1 nömrəyəm, amma bir həftədir ki, pulu gizlətməyi bacarmıram. Burada Qarabağ uğrunda döyüşlərdə göstərdiyim bir şücaətim haqqında artıq danışmışam. Baxın, belə çıxır ki, düşmən snayperlərinin, keşikçilərinin və səngərdəki əsgərlərinin gözündən ustalıqla yayınaraq dörd gözlə nəzarətdə saxladıqları döyüş xəttini keçərək, onların arxasına sızıb düşmənin hərbi maşınına pusqu quraraq məhv etməyi bacaran Tofiq Yaqublu “cinayət yolu ilə əldə etdiyi pulları” bir həftədir ki, evdə bir etibarlı yerdə gizlədə bilmir. Bu qədər zırramalığı necə qəbul edirsiniz? Varlı və ya kasıb olmasından asılı olmayaraq bütün evlərdə, pulların və zinyət əşyaların saxlanılması üçün bir gizli, həm də etibarlı saxlanc yeri olur. Bir qayda olaraq bu yerləri evin xanımları müəyyən edirlər. Həmin yerin müəyyən olunmasında əsas meyar “evə oğru girərsə, tapa bilməsin” düşüncəsi olur. Amma heç bir halda həmin yer otağa ayaq basan kimi az qala ayağının ilişdiyi çarpayının üstündəki döşəyin altı ola bilməz. Abdulla ona görə ora qoydurub ki, onunla gəlmiş quldur bir göz qırpımında əməliyyatı yekunlaşdıra bilsin. Əgər həmin quldur otağa daxil olub, ağlabatan bir yer axtarsaydı, bu müddət ərzində Maya xanım qonşu otaqdan qəfil  dönə və ya eləcə çevrilib geriyə baxa bilərdi. Çağdaş zamanda çarpayıların altında evdəki əşyalları yığmaq üçün boş tutum düzəldirlər. İnanıram ki, “çox şərəfli” Abdullanın və onunla gəlmiş quldurların  evində də belədir. Maya xanım məhkəmədə verdiyi ifadəsində bildirdi ki, Abdulla döşəyi qaldırıb pul bağlamasını göstərəndə şok keçirdim, baxmayaraq ki, bilirdim ki, onlar evdən nəsə “tapmaq” üçün gəliblər. Mən tək, onlar çox olduğundan onların hərəkətlərini nəzarətdə saxlamaq mümkün deyildi. Həmin pul bağlamasını döşəyin altından çıxarandan sonra oradakı polislərdən biri dedi ki, çarpayını qaldırıb altındakı saxlanc yerinə də baxaq. Bərk qorxdum, düşündüm ki, oradan da ya silah, ya da narkotik “tapacaqlar”. Amma Abdulla dedi ki, lazım deyil. Sual yaranır, niyə çarpayının altındakı saxlanc yerinə baxmırsan? Sən bu evə 25 min avronu və 7 min manatı axtarmağa gəlməmisənmi? Bəlkə pulların qalanı, hətta o biri “müştərilərimdən” də aldığım pullar da çıxacaqdı oradan? Mən burada çarpayının altındakı saxlanc yerinin şəkillərini təqdim etdim. Görün orada nə qədər çantalar, portfellər, qutular və s. var. Əsl pul gizlədiləsi yer deyilmi? Sadəcə olaraq “çox şərəfli” Abdulla özü ilə gətirdiyi pulları qoyduğu yerdən götürdükdən sonra daha pul axtarmağa ehtiyac duymayıb və formallıq üçün o biri otaqlara keçib, bir-iki əşyanı o üz-bu üzə çevirərək baxıb, bir otağın heç qapısını da açmayıb, bir otağa isə eləcə qapını açıb baxmaqla kifayətlənib, sonra bununla da axtarışı bitirib. Məgər o, pulların qalan hissəsini axtarmalı, deyildimi? Çünki Abdulla yaxşıca bilir ki, o, bizim evdə özünün gətirib döşəyin altına qoyduğu 7 min avronu və 2500 manatı “tapmalıdır”. Ondan sonra axtarış aparmağa ehtiyac qalmırdı. Məhz buna görə də heç bir düz-əməlli axtarış imitasiyasına ehtiyac duymayıb. Bu məqamda ortaya daha bir uyğunsuzluq çıxır. Tutaq ki, “çox şərəfli” Abdulla evdən cəmi 2500 manat tapılmasını belə izah etdi ki, mənə çatası 10 min manatdan 3 minini Elnura vermişəm, 4500-nü xərcləmişəm, qalan 2500-nü də döşəyin altında gizlətmişəm. Bəs, döşəyin altından cəmi 7 min avronun “tapılmasını” necə izah edər? Belə çıxır ki, mən Qənimət Zahidə cəmi 18 min avro göndərmişəm. Əlinizə yaxşı fürsət düşüb, Qənimət Zahidi də “aldatdığım” üçün mənə əlavə ittihamlar irəli sürün, axı onun da pullarını “mənimsəmişəm”. Maya xanım onu da deyir ki, evə polis formasında çoxlu sayda maskalı və maskasız quldur soxulmuşdu. Bayırda da çoxlu quldurlar olub və məhləyə gələn bütün yollar bağlanıb. Qızım Nigar Həzi və onun həyat yoldaşı Seymur Həzi nə qədər tələb etsələr də, onları evə buraxmayıblar. Ay şərəfsiz,  əgər sən evdə həqiqətən axtarış aparmaq istəyirsənsə, bunu etibarlı şahidlərin gözü qarşısında etməli deyilsən? Özünlə ştatlı üzəduran şahid gətirdinsə, icazə ver ev yiyəsinin də şahidi olsun. Bu, Azərbaycanda keçirilən seçkilərin prototipi olan axtarış və şahidlikdir. Seçkilərdə bütün komissiya üzvləri və müşahidəçilər iqtidarın təyin etdiyi adamlar olurlar. “Çox şərəfli” Abdulla bizim evdə döşəyin altından  pul çıxarıb protokollaşdıran kimi, onlar da qutudan İlham Əliyevi çıxarıb protokollaşdırırlar. Maya xanım axtarışı telefon vasaitəsi ilə çəkmək istəyib, şığıyıb onun qolunu burub telefonunu əlindən alıblar. Ay özünə hakim və prokuror deyənlər, buna sözünüz nədir? Telefonun kamerasından dəqiq, qərəzsiz və obyektiv şahidmi var? Əgər “çox şərəfli” Abdulla həqiqi axtarışa gəlmişdisə, Maya xanıma imkan yaratmalıydı ki, axtarışı lentə alsın. Çünki Abdulla qorxub ki, pulun qoyulması momenti kameraya düşə bilər və ya quldurlardan biri hansısa elə ifadə işlədər ki, bu, onların ifşasına səbəb olar. Xain xoflu olar axı. Cinayət işinin materiallarından da görünür ki, Maya xanımın telefonu da protokollaşdırılaraq götürülüb. Niyə götürməliydiniz axı onun telefonunu? Onun istintaq üçün nə əhəmiyyəti var idi? Abdulla qorxurdu ki, telefonu onun əlindən alınanadək Maya xanım nələrisə artıq çəkmiş ola bilərdi. Bu yerdə onu da xatırladım ki, Maya xanımın telefonunun qanunsuz götürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişik. Düzdür, bu şikayətin düzgün araşdırılması ilə bağlı heç bir illiüziyaya qapılmırıq, amma bunun AİHM və gələcəkdə ölkədə şərait dəyişəndə lazım olacağı perspektivini real sayırıq.

Bizim evin qapısı birbaşa küçəyə açılır və qıfılla  yanaşı, arxadan cəftə ilə də bağlanır. Yəni, açarla açsan da, cəftəni sürüşdürməsən, qapını açmaq mümkün deyil. O qapını yalnız hamımız evdən gedəndə qıfılla bağlayırıq. Gecələr arxadan cəftə ilə bağlayır, səhərləri isə açırıq və beləcə həmin qapı yayda bütün günü açıq, qışda isə kilidlənmədən sadəcə örtülü olur. Baxın, Maya xanım burada ifadə verərkən dedi ki, həmin gün “çox şərəfli” Abdulla qapını döyərək polisdən gəldiklərini deyib və o da qapını dərhal açıb. Maya xanım onu da bidlirdi ki, polislər gələndə evin qapısı  nə qıfılla, nə də ki, cəftə ilə bağlanmayıb. Mənim və yan hakim Azər Tağıyevin suallarımıza cavabında dedi ki, qapını döyərək polisdən gəldiklərini deyəndə, onu cəftə ilə bağlamaq imkanı var idi, amma o, bunu etməyib. Özünüz fikirləşin, sıx izləmələr, evin yanında güdükçülərin sayının artması, üstəlik də ölkədə siyasi həbslərin sürətlə çoxalması səbəbindən ərinin hər an həbs edilə biləcəyini düşünən qadın evində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul ola-ola evin bayır qapısını açıq qoyardımı? Bəlli olur ki, polislər qapını döyməyib, eləcə qapının dəstəyini burmaqla qapını açıb birbaşa evə daxil ola bilərdilər. Bu məqam da artıqlaması ilə sübut edir ki, o pullar bizim evdə olmayıb, onları Abdulla özü ilə gətirib. Yoxsa, Maya xanımın əziz qonağı gəlibmiş kimi qapını dərhal açardımı? Ya ümumiyyətlə, açmazdı, ya da “bir az gözləyin, üst-başımı düzəldib açaram” deyib, qaçıb pulları daha etibarlı yerdə və ya üstündə gizlədə bilməzdimi? Maya xanımın tərəddüdsüz qapını açması kimin necə şərəfli, kimin də necə şərəfsiz olduğunu çox parlaq şəkildə göstərir. Sizə  13.12.2023 tarixində, yəni evimizdə axtarış aparılandan bir gün qabaq Milli Şuranın KM-nin Whatsapp qrupuna yazdığım bir məlumatı təqdim etdim. Orada yazıram ki, evimizin yanında hərkətlilik var. Bir 77 CF 439 nömrəli metallik rəngdə Mercedes E Class maşını keşik çəkir. Təbii ki, bu mesajdan əlavə dostlara son günlər daha çox izlənildiyimi və evimizin dörd bir tərəfdən nəzarətə götürüldüyünü deyirəm. Evdə hər gün mənim növbəti həbsimə hazırlıq getdiyini və bunun hər an baş verəcəyi haqda danışırıq. Bacılarım lap həyəcanlanıblar, hətta bacım Solmaz həyəcandan evlərində qala bilməyib, gəlib bizdə gecələyir. Təsəvvür edin, belə bir vəziyyətdə hələ də Elşəndən aldığım pulları ən etibarlı yer kimi döşəyin altında saxlayırıq, onun yerini dəyişdirməyi, qonşulara, qohumlara, dostlara və digər uyğun adamlara ötürməyi düşünmürük. Bu rəvayətə kim inanırsa, inansın, amma heç uzunqulaq da buna inanmaz. Bununla yanaşı, “çox şərəfli” Abdulla evdən özümüzün olan 200 avro və 100 dollar tapıb və utanmadan onları da protokollaşdıraraq götürüb. Doğrudanmı, nakişiliyin, tərbiyəsizliyin hüdudu olmur? İzah edim onlar nə pulları olub. Uzun zamandır Maya xanımın protez dişlərə ehtiyacı var, amma bizim ailə büdcəmizə görə çox baha olduğu üçün bunu daha əlverişli vaxtadək təxirə salırdıq. O ilin yayında Maya xanımın Rusiyada yaşayan bacısı Zərxanım xanım bizə qonaq gəlmişdi. Maya xanımın diş protezi ilə bağlı problemini bildiyi üçün gedəndə ona 200 avro və 100 dollar vermişdi. Mən nə o pulları görmüşəm, nə də ki, toxunmuşam. Sadəcə olaraq evdə deyildi ki, bu qədər pul verilib. Amma evdən götürülmüş pulların daktiloskopik ekspertizasını aparmış ekspert Hüseyn Həsənov verdiyi rəydə yazıb ki, guya həm Abdullanın özü ilə gətirdiyi 7 min avro və 2500 manatı təşkil edən əskinaslarda, həm də həmin 200 avro və 100 dollarda Tofiq Yaqublunun barmaq izləri tapılıb. Belə tərbiyəsizliyi ancaq  qanında  başqa kişilərin genlərinin izi olan bicin biri yaza bilərdi. Bir daha deyirəm, bioloji cəhətədən kişi cinsinə aid olmaq, hələ kişi olmaq anlamına gəlməz! Bizim evdə axtarış aparılması və guya ki, cinayət yolu ilə əldə edilmiş pulların tapılması rəzaləti təkcə yuxarıda sadaladıqlarımla bitmir. İndi sizə daktiloskopik ekspertiza hoqqabazlığını, məzhəkəsini, tərbiyəsizliyini və onun “çox şərəfli” Abdullanı necə ifşa etdiyini təqdim edim. Möhtəşəm ifşa olacaq, odur ki, hazır olun, həm də maksimum diqqətli olun. Əvvəlcə daktiloskopik ekspertizanın guya ki, Elnurun Xırdalandakı “ofisində” “tapılmış“ saxta sənədlərlə bağlı rəyinə diqqət yetirək. Rəydə deyilir ki, orada “tapılmış”, guya ki, mənim Elnura AND təşkilatı və Respublika Prokurorluğu adından verdiyim sənədlərin üstündə həm mənim, həm də Elnurun barmaq izləri “müəyyən” edilib. Bu saxta rəy həmin sənədləri Elnura doğrudan da mənim verdiyimi sübut etmək üçün uydurulub. Olsun, davam edirik. Üstündə daktiloskopik ekspertiza “aparılmış” növbəti sənəd Elşənin şəxsiyyət vəsiqəsinin surətidir. Bu yerdə bir daha qeyd etməliyəm ki, Elşənin şəxsiyyət vəsiqəsinin surətinin Elnurun “ofisində” peyda olması tam absurddur. Əvvəl də sizə izah etdim ki, Abdulla məni şərləmək üçün tədarük etdiyi saxta sənədləri Elnurun qondarma ofisinə qoymağa aparanda, çaşıb Elşənin şəxsiyyət vəsiqəsinin surətini onların arasından götürməyib. Beləliklə, həmin sənəd də o biri sənədlərlə birlikdə “tapılıb”, şahidlərin imzası ilə protokollaşdırılıb və müvafiq fotolar çəkilib. Abdulla səhv etdiyini başa düşəndə artıq gec olub. Elnurun qondarma ofisində yenidən axtarış aparılmasının və protokolların dəyişdirilməsinin mümkün olmayacağını başa düşüb. Ona görə də Elnurun ifadəsində  “8 dekabrda pulları Tofiq Yaqubluya verəndə, o, Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətini mənə qaytardı” şəklində əlavə edib. Bu, Elnurun ifadəsini oxuyanda dərhal gözə çarpır. Saxta cinayət işindəki ifadəsində o deyir ki, 08.12.2023 tarixində o, pulu mənə verəndə, mən də ona AND təşkilatına və Respublika Prokurorluğuna aid 2 saxta sənəd vermişəm. O, ifadənin bu yerindən sonra başqa yalanlar danışır. İfadəsinin lap sonunda sənəd məsələsinə dəxli olmayan yalanlar danışdığı yerdə, birdən deyir ki, Tofiq Yaqqublu Elşənin şəxsiyyət vəsiqəsinin və pasportunun kserosurətlərini mənə qaytardı. Abdulla çaşıb bu əlavəni Elnurun adından yazdığı ifadənin yalnış yerinə qoyub və ona görə də ifadəsinin o hissində qara paltara ağ yamaq kimi görünür. Həmin əlavədən sonra belə çıxırdı ki, guya mən Elnurdan pulu alanda ona 4 sənəd vermişəm. Ona görə də o, mənin verdiyim sənədlər haqqında danışarkən, onların 4-ü haqqında da eyni zamanda danışmalıydı. İkisi haqqında ifadəsinin əvvəlində, ikisi haqında isə ifadəsinin sonunda danışmamalıydı.

Daktiloskopik ekspertizanın rəyinə görə Elnurun qondarma ofisində “tapılmış” Elşənin şəxsiyyət vəsiqəsinin surətinin üstündə ancaq Elnurun barmaq izləri tapılıb. Axı, saxta cinayət işinə görə həmin sənəddə AND təşkilatı və Respublika Prokurorlıuğu adından verilmiş saxta sənədlərdə olduğu kimi mənim də barmaq izlərim olmalıydı. Hə, necədir sizin üçün, hörmətli ədalət keşikçiləri? Bilirsiniz, bu məsələdə Abdullanın çaşmasının səbəbi nədir? Çünki özünün əvvəlcədən yazdığı senariyə görə mən Elnura 2 saxta sənəd – AND təşkilatı və Respublika Prokurorluğu adından – verməliydim. Ona görə də o, şərəfdə özünün əkiz qardaşı olan daktiloskopiya eksperti Hüseyn Həsənova maşınal olaraq bu 2 sənədin üstündən mənim barmaq izlərimi “tapmağı” tapşırıb. Senaridə nəzərdə tutulmadığı halda Elşənin şəxsiyyət vəsiqəsinin surətinin Elnurun “ofisində” tapılması oratılığı əməlli-başlı qarışdırıb. Bax, belə!

Hələ bu harasıdır? Görün, indi nələr baş verəcək. Gələk guya ki, bizim evdən döşəyin altından “tapılmış” pulların daktiloskopik ekspertizasına. Ekspertizanın rəyində deyilir ki, araşdırma aparmaq üçün həmin pulların içindən  C69151128 və C50443092 nömrəli iki ədəd 100 manatlıq, UA9868000008 nömrəli bir ədəd 50 avroluq və RB7073593853 nömrəli bir ədəd 100 avroluq əskinaslar götürülüb. Ekspertin rəyinə görə həmin əskinasların üstündə guya ki, mənim barmaq izlərim aşkar edilib. Onlarda nə Elnurun, nə də ki, Elşənin barmaq izləri tapılmayıb. Belə isə, guya ki, bizim evdə “tapılmış” pulların Elşənin Elnurun vasitəsi ilə mənə verdiyin pulların olması nə ilə sübut olunur? Ekspertiza deyir ki, o pulların nə Elşənə, nə də ki, Elnura dəxli yoxdur. Əgər döşəyin altına 25 min avro və 7 min manat qoyub, sonra onları “tapsaydılar”, onda bu pulları Elşənin pulları olmasına dolayı və nəzəri bir ehtimal yaratmış olardılar. Burada manatı niyə “10 min” yox, “7 min” deməyim sizi çaşdırmasın. Guya ki, mənə çatacaq 10 mindən Elnura verdiyim 3 min manatı çıxmışam axı. Deyərdilər ki, necə ki, Elnur guya məndən aldığı 3 min manatın üstündən 1 manat da götürmədən gətirib “ofisində” gizlədib, mən də 25 min avronun və 7 min manatın üstündən bir qəpik də götürmədən gətirib döşəyin altında gizlətmişəmmiş və 1 həftədir ki, üstündə yatırammış. Abduılla özünün şərəf dostu daktiloskopiya eksperti Hüseyn Həsənovla birlikdə rəsmən təsdiqləyir ki, guya bizim evdən tapılmış pullar Elşənin pulları deyil. Deməli, həmin pullar mənim özümün pullarımdır. Nədir, Azərbaycan vətəndaşının evində 7 min avro və 2500 manat olmasını mümkün hesab etmirsinizmi? Yəni, bu cinayətkar rejim ölkəni elə günə qoyub ki, vətəndaşların evində ancaq çörək pulu olmalıdır? Hətta bizim evdən deyilən pullar tapılsaydı, mən onların mənbəyini çox rahatca və çox əsaslı şəkildə izah edə bilərdim. Sizə dedim ki, bu illər ərzində Azərbaycandakı bircə məhkəməni uda bilməsəm də, AİHM-də artıq 7 iş udmuşam. Hökumət AİHM-in qərarlarına əsasən müxtəlif vaxtlarda mənə iri məbləğlərdə təzminat ödəməli olub, özü də avro ilə. AİHM-in qərarlarını və bank çıxarışlarını da qoyardım qabağınıza. Bir daha deyirəm, axtarış aparılan gün bizim ailənin Maya xanım diş protezi üçün saxladığı 200 avro və 100 dollar, həkimə getmək üçün onun qonşudan aldığı 50 manat və saxlanan zaman mənim üstümdən götürülmüş 23 manatdan başqa pul olmayıb. Deyilən pulları Abdulla özü ilə gətirib döşəyin altına qoyub və “tapıb”. Sonra da “gopskopik” ekspert Hüseyn Həsənova həmin pulların üstündən mənim barmaq izlərimi “tapmağı” tapşırıb. Görürsünüzmü, bu, Abdullanın neçənci səhvidir ki, özünün ifşasına, mənim isə təqsirsizliyimin sübut olunmasına səbəb olur. Əlbəttə ki, o, bir az diqqətli olsaydı və həmin pulların üstündə həm də Elnurun barmaq izlərinin “tapılması” tapşırığını versəydi, “şərəfli” Hüseyn Həsənov həmin pulların üstündə hər ikimizin barmaq izlərini “tapacaqdı”.

İndi deyəcəyim məqam da şərəfsizlik və nakişilik incilərindən biri sayıla bilır. “Çox şərəfli” Abdulla bizim evdə guya ki, axtarış zamanı tapılmış pullar haqda protokol yazıb və orada qeyd edib ki, Maya Yaqublu heç bir əsas göstərmədən protokolu imzalamaqdan imtina edib. Maya xanım onda da deyib ki, burada da dedi ki, o pulları özləri qoyduqları üçün imzalamadım və bunu Abdullaya dedim. Buna nə ad verəsən? Məgər bu, əsaslı səbəb deyil? Mən bilmirəm Abdullanın özünü şərəfli insan sayması üçün hansısa əsasları varmı, amma protokolu imzalamamaq üçün Maya xanımın göstərdiyi səbəb həlledici əsasdır. Yeri gəlmişkən, eyni tərbiyəszilik mənə qarşı da  edilib. İstintaq zamanı Abdulla mənə bir sıra sənədlər təqdim edib, mən də həbsimin siyasi sifariş olduğunu və təqdim edilən sənədlərin həqiqətlə heç bir əlaqəsi olmadığını əsas gətirərərk onları imzalamaqdan imtina etmişəm. Bunlar hamısı vəkilim Aqil layıcın iştirakı ilə baş verib. Amma “çox şərəfli” Abdulla ittiham aktında yazıb ki, Tofiq Yaqublu heç bir səbəb göstərmədən sənədləri imzalamaqdan imtina etdi. Təkcə saxta cianyət işi materiallarındakı 14.12.2023 tarixli dindirmə protokoluna diqqət yetirsək, müstəntiqin nə qədər tərbiyəsiz saxtakar olduğunu aydınca görərik. Həmin protokolun imza yerində belə yazmışam: “Mənə qarşı çox absurd və qondarma cinayət işi qaldırıldığına görə suala cavab verməkdən imtina edirəm. Növbəti suallara da həmçinin cavab vermirəm və ümumiyyətlə, ifadə verməkdən imtina edirəm”. Baxın, belə bir adam mənə və Maya xanıma həyasızcasına böhtan atır, hələ məni səmimi olmamaqda da ittiham edir. Heyhat, siz belə bir adamın bu saxta cinayət işindəki cızma-qaralamalarına əsasən məni məhkum edəcəksiniz. Mən sizdən imdad diləmirəm, mən sizdən cəmi-cümlətanı 0,1 faizlik ədalət, ləyaqət, şərəf və vicdan tələb edirəm. Bilirəm bu, sizin üçün çox böyük rəqəmdir, amma neyləyək, bundan aşağı rəqəm də təklif etmək imkanım yoxdur. Tam əminəm ki, yüzlərlə təqsirsiz insanı siyasi sifariş əsasında həbsə atmış polislər, müstəntiqlər, hakimlər, o cümlədən siz tam ədalətli məhkəmə qarşısında haqq etdiyiniz cəzanı alacaqsınız.

İndi də bizim evimizdə aparılmış axtarışın nəticələri haqqında müstəntiq Abdulla Cəlillinin özünün tərtib etdiyi akt əsasında onun necə saxtakarlıq etdiyini sübut edim. Aktda göstərilir ki, axtarış 14.12.2023 tarixində saat 17:50-dən 19:20-dək davam edib. Yəni, axtarış 1 saat 30 dəqiqə çəkib. Belə çıxır ki, bu müddət ərzində polislər özlərini təqdim etdikdən sonra evin birinci qatındakı 3 otağı, bir mətbəxi, məişət əşyaları yığılmış rəfxananı, dəhlizi və sanitar qovşağını, sonra da ikinci qatdakı 2 otağı, dəhlizi və məişət əşyaları yığılmış ayrıca bir otağı, rəfxananı və sonda da evin çardağını didik-didik axtarıblar. Xatırladım ki, onlar bizim evdə soyuducu, paltaryuyan maşın, qarderob və kamod və s. kimi iri əşyalar axtarmırdılar ki, otaqlara göz gəzdirməklə həmin predmetin orada olub-olmadığını müəyyən edə biləydilər. Elementar məntiqə görə onlar evdə pulun gizlədilə biləcəyi hər yerə baxmalıydılar. Bunun üçün onlara ən azı 5-6 saat lazım gələrdi. Abdulla özünün tərtib etdiyi axtarış və götürmə haqqında aktda özü təsdiq edir ki, bizim evdə axtarış aparmayıb, sadəcə olaraq onun parodik imitasiyası ilə məşğul olub. Akta görə evimizin ikinci qatındakı otaqların ancaq birində axtarış aparıldığı göstərilir. İkinci otaq və digər yerlər haqda heç bir qeyd yoxdur. Həmin otağa və digər yerlərə Abdulla niyə baxmayıb? Yoxsa ekstrasens qabiliyyətindən istifadə edərək eləcə otağın divarına baxmaqla orada istintaq üçün əhəmiyyətli heç nəyin olmadığını müəyyən edib? Bəlkə də onun itlərdə olduğu kimi güclu iybilmə qabiliyyəti varıymış, bunun hesabına otağa daxil olmadan içəridə nələrin olduğu müəyyən edib. Düzü, Abdullanın mənəvi keyfiyyətlərini və xislətini nəzərə aldıqda bu versiyanı mümkün saymaq olar. Siz işə bir baxın, axtarış başlayan kimi elə ilk baxdıqları yerdən 7 min avro və 2500 manat “tapırlar”. Özü də guya cinayət yolu ilə əldə edilmiş pulların gizlədilməsi üçün ən az ehtimal edilən yerdən. Dünyanın ən məşhur ektrasensləri yığışıb gəlsəydilər belə və hətta o pullar bizim evimizdə olmuş olsaydı belə onları birinci cəhddən tapa bilməzdilər. Mən tam əminəm ki, əgər ev 1000 otaqdan ibarət olsaydı da Abdulla o pulları elə birinci dəfə baxdığı yerdəncə “tapacaqdı”. Axtarış zamanı görüntü yaratmaq üçün Abdulla evdən başqa  əşyalar da götürüb. Bura Maya xanımın iki ədəd telefonu, notbuk, müxtəlif dəftərlər, qazi oğlum Rəhimin müharibədən xatirə kimi gətirdiyi boş gilizlər və s. daxildir. Təsəvvür edin ki, evdən götürülmüş bütün əşyalar ayrı-ayrı zərflərə qoyulur və hər zərfdə olan əşyalar haqqında ayrıca içərik siyahısı tərtib edilir. Bundan sonra da guya ki, evdən tapılmış 7 min avro və 2500 manatı aktlaşdırırlar. Bu məbləğ 50 ədəd 100 avroluq, 40 ədəd 50 avroluq və 25 ədəd 100 manatlıq olmaqla 115 əskinasdan ibarətdir. İndi təsəvvür edin, bütün bu əskinasların seriya və nömrələri çox dəqiq olmaqla, yəni hər dəfə yazıldıqdan sonra tutuşdurularaq bir-bir yazılmaqla akta qeyd edilir. Bundan əlavə akta hal şahidlərinin dəqiq ünvanları, doğum tarixləri göstərilməklə adı, atasının adı və soyadı daxil edilib. Həmçinin axtarışda iştirak etmiş inspektor kriminalistin adı, atasının adı və soyadı, iş yeri, vəzifəsi və rütbəsi də akta qeyd edilir. Bütün bunlardan əlavə ev sahibəsi Maya Yaqublunun da müvafiq məlumatları aktda yazılır. Beləliklə, 5 səhifə yarımdan ibarət bir akt alınıb. Belə şəraitdə bir saat 30 dəqiqə ərzində axtarış aparmaq və onun nəticələrini aktlaşdırmaq qətiyyən mümkün deyil. Həmin akt Nərimanov Polis İdarəsində yazılıb. Maya Yaqubluya imzalamaq üçün təklif edilən sənəd guya ki, bizim evdən tapılan pullar qoyulmuş zərfin içərik sənədi olub. Bayaq müstəntiq Abdulla Cəlillinin guya ki, Maya xanımın heç bir səbəb göstərmədən aktı imzalamaqdan imtina etməsi haqqındakı tərbiyəsiziliyi barədə məlumat verdim. Bu məqamla bağlı bir az daha geniş danışmaq istəyirəm. Abdulla aktda yazır ki, guya Maya xanım evimizdən “tapılmış” pulların bizim ailəyə aid olduğunu və onların övladımızın toyundan qaldığını deyib. Eyni zamanda aktda qeyd edir ki, Maya Yaqublu götürülmüş digər əşyalar qoyulmuş zərflərə aid içərik sənədini imzalasa da pulların qoyulduğu zərfin içərik sənədini imzalamaqdan imtina edib. Bu sözləri yazmaqla adam özünün nə qədər “şərəfli və ağıllı” olduğunu təsdiq edib. Əgər Maya xanım o pulların bizim ailəyə aid olduğunu demişdisə, onların götürülməsiylə bağlı sənədi imzalamaqdan niyə imtina etməliydi? Əksinə, əgər həmin pullar haqqında akt yazılmasaydı, Maya xanın onun yazılmasını tələb edəcəkdi və imzalayacaqdı ki, sonra pullarını geri tələb etsin, həm də məbləğini dəyişdirməsinlər. İndi də bu aktdakı başqa bir ifşa məqamını diqqətinizə çatdırım. Bayaq qeyd etdim ki, evin ikinci qatında iki balaca otaq var. O otaqlar qonaqlar üçün yataq otaqları kimi nəzərdə tutulub və gündəlik həyatımızda onlardan istifadə etmirik. Abdulla Cəlilli başının 40 quldur dəstəsi ilə evimizə soxulanda Maya Yaqublu mobil telefonu ilə Nigar Həziyə, Seymur Həziyə və bəzi dostlara zəng edib, sonra da quldurların apardıqları “axtarışı” telefonu ilə çəkməyə başlayanda qolunu burub telefonunu əlindən alıblar. Abdulla Cəlilli axtarış-götürmə aktında evdən iki ədəd “Samsung” markalı telefonun götürüldüyünü qeyd edir. Bu yerdə bir daha qeyd edim ki, əgər bizim evdə cinayət yolu ilə ələ keçirlimiş pullar axtarılırdısa, Maya xanımın telefonlarının götürülməsinin heç bir hüquqi və məntiqi izahı yoxdur. Abdulla çox yaxşı bilirdi ki, həmin telefonların istintaq üçün heç bir əhəmiyyəti yoxdur. O, sadəcə olaraq qorxurdu ki, telefonu Maya xanımın əlindən zorakılıqla alanadək o, nələrisə artıq çəkmiş ola bilərdi. Buna görə də onun özünün icazəsi olmadan polis idarəsində telefonunun parolunu sındıraraq şəxsi məlumatlarına baxmışdılar. Aktda göstərilir ki, evin ikinci qatındakı otaqdakı kamodun üstündən “Samsung Galaxy A10” və “Samsunga Galaxy A105” mobil telefonları götürülüb. Həmin telefonların birinin həmin yerdə olması doğrudur. Maya xanım çoxdan istifadə etmədiyi və nasaz olan telefonunu nadir hallarda qalxdığı otaqda kamodun üstünə lazımsız bir əşya kimi atmışdı. Bəs Maya xanımın  işlətdiyi əsas telefonu orada necə ola bilərdi? Abdulla Maya xanımın telefonunun cinayət yolu ilə əlindən alınmasını gizlətmək üçün elə yazıb ki, guya hər iki telefonu evin ikinci qatındakı otaqdakı kamodun üstündən götürüblərmiş. Görürsünüzmü, necə şərəfsizlik ediblər? Həmin aktda Abdullanı ifşa edən daha bir məqam axtarış zamanı fotoşəkillərin çəkilməsi ilə bağlıdır. Aktda belə bir cümlə var: “Axtarış və götürmə” istintaq hərəkəti zamanı inspektor kriminalist tərəfindən “Canon” markalı fotoaparatdan istifadə olundu. İstintaq hərəkətinin video kamera ilə yox, fotoaparatla çəkilməsi bunun açıq-aşkar saxtakarlıq məqsədi ilə edildiyini göstərir. Rəqəmsal texnologiyanın inkişafının indiki dövründə bu cür istintaq hərəkəti mütləq videoçəkilişlə aparılmalıdır, amma bu, qətiyyən Abdullaya sərf etmirdi. Belə olmasaydı, Maya xanımın çəkiliş aparmasının da qarşısını almazdılar. Axı şəkillər danışmırlar, onlar laldırlar, amma video çəkilsəydi, ən azından Maya xanımın etiraz olaraq dediklərini və aktı niyə imzalamadığının səbəbini gizlətmək mümkün olmayacaqdı. Ona görə də Abdulla belə ucuz və rəzil hiyləyə əl atıb. Bu yerdə Abdullanın cinayət işində Maya xanımın heç bir səbəb göstərmədən axtarış-götürmə aktını imzalamaması haqqında yazdıqlarına bir də qayıdıram. Bu, nakişiliyin və ləyaqətsizliyin zirvəsidir. Fikir verin, Abdulla məni şərləmək üçün özü ilə gətirdiyi pulları döşəyin altından “tapır” və istəyir ki, Maya xanım bunu təsdiqləsin. Yəni, istəyir ki, Maya xanım da onlara qoşulub öz həyat yoldaşını şərləsin. Maya xanım imtina etdikdə, onu aldatmağa çalışır. Aktda belə bir cümlə var: “Axtarış zamanı Maya Yaqublu aşkar edilərək götürülmüş maddi sübutların qablaşdırıldığı zərflərə heç bir əsas səbəb gətirmədən imza etməkdən imtina etdi. Maya Yaqubluya tərəfimizdən bir daha axtarış götürmə zamanı AR CPM ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsinə baxmayaraq, o, maddi sübutlar olan zərflərə imza etməyəcəyini bildirdi”. Məgər AR CPM-də vətəndaşlara saxta sənədləri imzalamağı məcburi edən maddə var? Məsələ başqa cürdür, Abdulla düşünüb ki, adi vətəndaşların hüquqi savadı olmadığından Maya xanıma qanundan, CM-dən, CPM-dən və s. bir-iki qəliz şey danışıb onu təqdim edilən sənədi nə yazılmasından asılı olmayaraq imzalamalı olduğuna inandıra bilər. Bu həpəndin ağlı kəsmir ki, Maya xanımın az qala onun yaşı qədər siyasi məhbusun xanımı olmaq stajı var. İşin qandonduran tərəfi odur ki, Abdulla Maya xanımı öz həyat yoldaşını şərləməyə məcbur edə bilmədikdə, onun özünü şərləməyə girişir. Bir çox hallarda müxalifətçiləri şərləməyə məcbur edilmiş müstəntiqlər bu işi çox könülsüz və utana-utana icra edirlər, amma “çox şərəfli” Abdulla məni şərləmək tapşırığı alandan sonra sanki qol-qanad açıb. Adam elə canfəşanlıq edir ki, sanarsan ki, ana balasını xilas etmək üçün özünü oda atır. Axtarış-götürmə aktı üzrə Abdullanın ifşasını davam etdirək. Mənim yaşadığım  Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 15/11 ünvanı sıx-sıx tikilmiş fərdi evlərdə ibarət məhəllədir. Evimizin qabağından dar bir məhəllədaxili yol keçərək dalana dirənir. Oradan ictimai nəqliyyat və yük maşınları keçmir. Bu dalan məhəllədə bir qayda olaraq ancaq yerli sakinləri görmək olar. Abdulla bizim evdə axtarış aparanda qaydalara əsasən hal şahidi kimi evimizin qabağındakı dar yoldan keçən təsadüfi adamları dəvət etməli idi. İndi də Abdullanın tərtib etdiyi axtarış-götürmə aktındakı hal şahidlərinin kimliyinə baxaq. Birinci şahid: Şəki rayonu Baş Zəyzid kəndinin sakini Məmmədov Rüfət Kamil oğlu. İkinci şahid: Bərdə rayonu Qaradolaq kəndinin sakini Nəbiyev Murad Bəxtiyar oğlu.  Belə təsadüfə kim inanar? Təbii ki, Abdulla evimizin yanından keçən adamlardan iki nəfərə onlara şahidlik xidməti göstərməyi xahiş etsəydi, bu adamlar bizim məhəllənin sakinlərindən olmalı idi. Üstəlik də Abdulla bizim məhəlləyə qoşun yeritdikdən sonra o, ətrafı tamamilə mühasirəyə almışdı və ondan sonra bizim qapıya yaxınlaşmışdı. Ora nəinki kənar adamların, heç qonşuların da keçməsinə icazə verməmişdi. Qızım Nigar və kürəkənim Seymur Həzi nə qədər israr etsələr də polis mühasirəsini yarıb bizim evə, eyni zamanda həm də öz evlərinə keçə bilmirlərsə, aktda şahid kimi göstərilən adamların təsadüfən oradan keçməsi Abdullanın başının içi kimi boş versiyadır. Odur ki, şahid kimi göstərilən, yaşayış yerləri Bakıdan 300-400 km uzaqda yerləşən həmin adamlar Məmmədov Elnur və Hüseynov Elşən kimi polisin ştatlı üzəduranlarıdırlar və onları Abdulla özü ilə bizim evə gətirib. Məhz elə buna görə də müdafiə tərəfinin həmin şahidləri məhkəməyə çağırılması haqqında vəsatəti təmin edilmədi. Çünki hakim Elnur Nuriyev və dövlət ittihamçısı Tural Yaqubov Elşən Hüseynov, Elnur Məmmədov, Sədaqət Hüseynova və Amil Dadaşov dindirilərkən saxta ittihamı necə alt-üst etdiyimizi, bu qurama işi tamamilə ifşa etdiyimizi görmüşdülər. Bilirdilər ki, həmin şəxslər də məhkəmədə dindirilsə, rüsvayçılıq daha da böyüyəcək və ona görə də bizim çox haqlı, həm də çox zəruri vəsatətimizi rədd etdilər.

Bir az yuxarıda 1 saat 30 dəqiqə ərzində bizim evdə axtarış-götürmə əməliyyatının aparılmasının və onun nəticələrinin 5 səhifəlik aktda qeyd olunmasının texniki baxımdan mümkün olmadığını sübut etdim. İndi də Abdullanın bu tipli digər saxtakarlıqlarını təqdim edirəm. 14.12.2023 tarixində Abdulla məni dindirməyə saat 20:35-də başladı və 21:50-də bitirdi. Bu, 1 saat 15 dəqiqə deməkdir. Abdulla bunu saat 21:00-dan 21:50-dək kimi göstərib. Vaxt dəqiq yadımdadır, çünki dindirmə başlayanda saatı vəkilim Aqil Layıcdan soruşmuşdum. Saxta cinayət işinin materialları ilə tanış olanda bu məqam dərhal mənim gözümə sataşdı və əvvəlcə bunun bir texniki xəta olduğunu düşündüm. Sonradan işin vaxtla bağlı bütün hallarında uyğunsuzluqların ortaya çıxdığını görüb, bunların məqsədli şəkildə edildiyinə əmin olduqdan sonra Elnurla Elşəndən alınmış ifadələrin vaxtlarını da yoxladım. Dindirilmə qaydasını siz yaxşı bilirsiniz. Müstəntiq sual verir və bu sualı kompüterdə yığır, sonra ifadə verən suala cavab verir və müstəntiq bu cavabı da kompüterdə yığır. Sorğu-sual bitdikdən sonra oxuyub imzalaması üçün ifadənin bütöv mətnini ifadə verənə verir. O, mətndəki verdiyi cavabları yoxlayır, nələr düzgün qeyd edilməyibsə, onları qeyd edir. Müstəntiq mətndə həmin qeydlərə uyğun düzəlişlər edir və mətni yenidən ifadə verənə verir. İfadə verən mətni bir də oxuyur, müstəntiqin onun düzəlişlərini qeyd edib-etmədiyni yoxlayır və bütövlükdə mətnin onun verdiyi cavablara uyğun olduğuna əmin olduqdan sonra onu imzalayır. “Çox şərəfli” müstəntiq Abdulla Elşən Hüseynovdan 11.12.2023 tarixində ifadə alıb. Həmin protokolda göstərilir ki, dindirmə saat 15:00-da başlayıb və saat 16:00-da bitib. Yəni, düz 1 saat. Bu dindirmə protokolunun sual-cavab hissəsi düz 5 səhifə yarım təşkil edir. İndi deyin görüm, 1 saat ərzində bu qədər işi görmək mümkün idimi? Əlbəttə ki, yox. Hələ onu da nəzərə almaq lazımdır ki, sual-cavaba başlamamışdan əvvəl Elşən guya ki, bu baş vermiş hadisəni başdan ayağa müstəntiqə danışmalıydı. Təkcə bu nəqletmənin özü xeyli vaxt aparmalı idi. Deməli, Abdulla dindirmə protokolunu əvvəlcədən hazırlayıb və sonra da özünün yanında ştatlı üzəduran vəzifəsində işləyən Elşənə imzalatdırıb. İndi də Abdullanın digər ştatlı üzəduran Elnurdan aldığı ifadənin protokoluna nəzər salaq. İfadə 11.12.2023 tarixində alınıb. Dindirmə saat 19:40 başlayıb və saat 21:10-da bitib. Yəni, 1 saat 30 dəqiqə çəkib və o, cəmi 4 səhifədən ibarətdir. İndi müqayisə edin, Elşəndən 5 səhifə yarımlıq ifadə alınır və bu, cəmi 1 saat çəkir. Amma Elnurdan 4 səhifəlik ifadə alınır buna isə 1 saat 30 dəqiqə sərf olunub. Məndən alınmış ifadənin həcmi 2 səhifə yarımdan bir az da çox olmaqla ona sərf edilən vaxt 1 saat 15 dəqiqə təşkil edir. Disbalansı görürsünüzmü? Əgər Abdulla məndən aldığı kimi Elşəndən də real ifadə almış olsaydı, bunun üçün minimum 2 saat yarım vaxt lazım olacadı. İndi bildinizmi, Abdulla məndən ifadənin alınmasının başlama vaxtını niyə saat 21:00 kimi göstərib? O, ifadələrə sərf olunmuş vaxt arasındakı dispraporsiyanı ört-basdır etmək üçün bu saxtakarlığı edib. Başqa sözlə desək, ortaya bir möhtəşəm GOP-29 sənədi qoyub.

El məsəli var, deyərlər ki, kor atın da kor nalbəndi olar. Yəni, bu cür müstəntiqin tərtib etdiyi saxta ittihamın əsasında keçirilən məhkəmə prosesinin hakimi də ona münasib olmalıydı. Əvvəl də dedim ki, Elnur Nuruyevin bu məhkəmə prosesinə hakim təyin edilməsi cari-texniki hadisə deyil. Tural Yaqubovun prokuror təyin edilməsi də həmçinin. Onları xüsusi olaraq seçərək təyin ediblər. Çünki Tofiq Yaqublunu şərləyib məkhum edəcək adamlar müstəsna “keyfiyyət”lərə malik olmalıdır ki, bunu da əyani olaraq gördük. Ölkədə seçki keçirməyi bacarmayan hakimiyyətin bu işdə çox uğurlu seçim etməyi bacardığı göz önündədir. Bir dəfə üzümü zaldakılara tutub çıxış edirdim, hakim mənə irad bildirdi ki, hakimə arxa çevirib danışmaq olmaz. Təbii ki, normal və qanuni məhkəmə prosesi keçirilsəydi, belə olmayacaqdı və mən də üzümü yalnız hakimə tutaraq danışacaqdım. Amma əyninə hakim mantiyası geyinib, Konstitusiyaya, qanunlara, beynəlxalq normalara, alibilərə, faktlara, sübutlara, vicdana və s. universal dəyərlərə arxa çevirmiş Elnur Nuruyevin məndən bunun tələb etməyə haqqı varmı? O, məhkəmə prosesləri zamanı məndən dəfələrlərlə tələb edib ki, danışarkən ittihamdan kənara çıxmayım. Baxmayaraq ki, bu ittihamın tamamilə saxta və məni cəzalandırmaq üçün hakimiyyətin sifarişi olduğunu adı kimi bilir. Hakimiyyətin məni cəzalandırmaq sifarişini yerinə yetirməklə o, özü konstitusiyadan, qanunlardan, mənəviyyatdan və insanlıqdan çıxırsa, məndən saxta ittihamın predmetindən kənara çıxmamağı tələb etməsi çox gülüncdür. Dediklərimi əsaslandırmaq üçün 14.02.2025 tarixində verdiyim bir vəsatətimi olduğu kimi diqqətinizə çatdırıram.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi                                                                                                                                   Elnur Nuruyevə Tofiq Yaqublu tərəfindən

VƏSATƏT:

Sizin 165 ailənin milyonlarla vəsaitini mənimsəmiş Pənah Kərimovun barəsində həbs qəti-imkan tədbirini ev dustaqlığı qəti-imkan tədbiri ilə əvəz etmənizdən sonra 17.01.2025 tarixində mənim barəmdəki qanunsuz həbs qəti-imkan tədbirini ev dustaqlığı qəti-imkan tədbiri ilə əvəz edilməsi haqda vəsatət vermişdim. Həmin vəsatəti rədd etdiniz. Bu günlərdə həmin qərarı qanunsuz olaraq saxlanıldığım istintaq təcridxanasında mənə təqdim etdilər. Qərarı oxuyanda sizin hakimliyinizlə bağlı ehtimallarımın tamamilə doğrulduğunu gördüm. Həmin qərarı hüquqi dildən məişət dilinə çevirsək, orada sanki deyilir ki, təkzibedilməz alibi və sübutlara fikir vermədən, mən müstəntiqin Tofiq Yaqublu haqqında uydurduğu absurd və tərbiyəsiz ittihamı gözüyumulu şəkildə müdafiə edəcəm. Qərarda deyirlir: “Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirlən şəxs Yaqublu Tofiq Rəşid oğlunun ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyatını təsdiq edən kifayət qədər maddi, habelə Azərbaycan Respublikasının CPM-nin 155.1-155.3 maddələri ilə müəyyən edilmiş prosesual əsaslar var”. Bu, nə deməkdir? Bunları hansı üzlə yazmaq olar? Təxminən 9 aydır ki, gedən bu qanunsuz məhkəmə prosesində mən hətta dünyada heç bir yalançının və şərəfsizin dana bilməyəcəyi şəkildə ittihamın təmamilə yalan və uydurma olduğunu sübuta yetirmədimmi? Bu saxta ittihamı həm hüquq müstəvisində, həm milli-mental düşüncə şərtləri mütəvisində darmadağın etmədimmi? Bu qədər sübut və alibilərim hara getdi? Onda mənə izah edin ki, təqsirsizliyimi daha hansı müstəvidə və necə etməliyəm? Ümumiyyətlə, “sübut, fakt və alibi” dedikdə siz nəyi nəzərdə tutursunuz? Deməli, bu qanunsuz məhkəmə prosesinin sonunda elə bu “dürüstlük və ləyqətlə” mənə hökm oxuyacaqsınız. Elə isə bu yalançı məhkəmə məzhəkəsi nəyə lazımdır? Qərarın bir hissəsində deyilir ki, Tofiq Yaqublu barəsində həbs qəti-imkan tədbirinin seçilməsinə əsas olmuş maddi və prosessual hüquqi əsaslar hələ də mövcuddur və aradan qalxmamışdır. Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın mənim barəmdə çıxardığı həbs qəti-imkan tədbiri haqqında qərarında deyilir: “Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Yaqublu Tofiq Rəşid oğlunun azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyini, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə ibtidai istintaqın normal gedişinə mane olacağını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədəcəyini və cəmiyyət üçün təhlükə yaradacağını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəb olmadan gəlməyəcəyini ehtimal etməyə kifayət qədər əsaslar olmasını, eləcə də təqsirləndirlən şəxsə istinad edilən əməlin ağırlıq dərəcəsini və xarakterini nəzərə alaraq, hesab edir ki, Yaqublu Tofiq  Rəşid oğlunun barəsində həbs qismində qəti-imkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməlidir”. Bu qərarın nə qədər iyrənc və yalan olmasını qoyuram bir kənara. Onun qanunsuz olduğuna da toxunmuram. İndi dediklərimə fikir verin.

  1. Artıq ibtidai istintaq başa çatıb və mənim ondan qaçıb gizlənə biləcəyim haqda uydurma əsas aradan qalxıb.
  2. Mən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə artıq bitmiş istintaqın gedişinə necə mane ola bilərəm? Digər tərəfdən, mənim istintaqdan gizlədə biləcəyim hansı materiallar var və onlara harada istinad edilib?
  3. Cinayətkar rejimin idarəçiliyi ucbatından təhlükə içərisində olan cəmiyyətin xilası üçün mübarizə aparan Tofiq Yaqublu ona hansı təhlükəni yarada bilər?
  4. Mənim üzrlü səbəb olmadan cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlməyəcəyim haqda sizdə kifayət qədər əsaslar haradandır? Mən ev dustaqlığında olsam, qaçıb gizlənəcəm? Çox yaxşı bilirsiniz ki, bu məhkəmədə hamıdan çox mən maraqlıyam. Çünki uydurma və tərbiyəsiz ittihamı, onu müdafiə edənləri parlaq şəkildə ifşa edirəm və bundan xüsusi zövq alıram. Təqsirsizliyimi və cinayət işinin şərləmə akt olduğunu təsdiq edən sübutların, faktların və alibilərin bolluğundan əziyyət çəkdiyim halda, indi cinayət təqibini həyata keçirən məhkəmədən niyə gizlənməliyəm ki? İstintaqdan gizlənsəm, cinayət törətdiyimi etiraf etmiş olmarammı? Yeri gəlmişkən, 1998-ci iləd Səbail Rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə barəmdə bir şərləmə ittihamı ilə bağlı məhkəmə prosesi keçirilirdi. Onda barəmdə həbs qəti-imkan tədbiri seçilməmişdi. Aylarla davam edən həmin məhkəmə prosesinin bütün iclaslarına intizamlı şəkildə qatıldım. Beləliklə, bu qeyd etdiklərimlə sübut etdim ki, mənim həbsim üçün Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın əsas gətirdiyi uydurma və formal səbəblərin heç biri indiki halda mövcud deyil, siz isə yazırsınız ki, gözəl və yaraşıqlı hakim Gültəkin Əsədovanın verdiyi o ifritə və tərbiyəsiz qərarda göstərdiyi səbəblər aradan qalxmayıb. Barəmdəki qanunsuz həbs qəti-imkan tədbrininin qüvvədə saxlanılması üçün heç bir formal və uydurma səbəb qalmadığından onu ev dustaqlığı qəti-imkan tədbiri ilə əvəz etmənizi tələb edirəm.

 

İmza: Tofiq Yaqublu

Tarix: 14.02.2025

Guya ki, hakim həmin vəsatəti rədd etməmişdən əvvəl müzakirə otağına gedib yan hakimlərlə mənim vəsatətimi müzakirə ediblər və sonra da bu qərara gəlib. Əslində isə onlar müzakirə otağına keçəndə çox güman ki, hərəsi bir fincan kofe içiblər, sonra da Elnur Nuruyev məhkəmə proseslərində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlərin rədd edilməsi üçün kompüterindəki şablon qərar mətninə mənim adımı əlavə edib və zala qayıtdıqdan sonra onu elan edib.

Elnur Nuruyevin təmin etmədiyi çoxsaylı vəsatətlərdən biri də müstəntiq Abdulla Cəlillinin məhkəməyə çağırılmasıyla bağlı verdiyim vəsatət idi. İnanın ki, bu vəsatətin təmin edilməməsi üçün hakimin qanunlara və ləyaqətə münasibətinin hansı səviyyədə olduğunu təsəvvür etməyə söz tapa bilmirəm. Ən adekvat sözləri burada ifadə etmək mümkün deyil. Aylarla davam edən məhkəmə prosesində ortaya müstəntiq Abdulla Cəlilinin məhkəmədə dindirilməsini qaçılmaz edən onlarla hal çıxdı. Abdulla Cəlilli məhkəməyə çağırılsaydı, ona verəcəyimiz sualların həcmi indi sizə təqdim etdiyim söz sözümün həcmindən çox olardı ki, az olmazdı. Düzüb-qoşduğu saxta cinayət işində bu qədər uyğunsuzluqlar, ziddiyyətlər, saxtakarlıqlar, tərbiyəsizliklər və s. gözdeşən şəkildə ortaya çıxdığı halda, bütün bunları yazmış müstəntiqi məhkəməyə necə çağırmamaq olar axı? Baxın, mən də daxil olmaqla bütün siyasi məhbuslar necə dəhşətli qanunsuzluqla və tərbiyəsizliklə üz-üzə qalmışıq. Bilin, biz təslim olmaycağıq, qalib gələcəyik və sizə ədalətli məhkəmə quracağıq. Bu yerdə hakim Elnur Nuruyevin dırnaqarası ədalətli mövqeyi haqda da xatırlatma edim. Hamınız şahid oldunuz ki, mən bu qanunsuz məhkəmə prosesi boyu yalan ifadə verənin, yalan ittiham aktı tərtib edənin, təqsirsizliyimi danılmaz şəkildə sübut etdiyim halda, yalanı müdafiə edərək mənə cəza tələb edənin və məhkumetmə hökmü çıxaranın əhli-əyalı, bütün nəsli ilə şərəfsiz və əxalqsız olduğunu dəfələrlə demişəm. Bir sıra hallarda isə “yalançının…” şəklindəki şərti ucadan səsləndirmişəm və yaxud da kağıza yazaraq məhkəmə zalındakılara göstərmişəm. Elnur Nuruyev hər dəfə buna görə mənə irad bildirib. Dediklərimi kiminsə təhqir olunması kimi dəyərləndirərək, bunun məsuliyyət yaratdığını xatırladıb. Bilmirəm, o, üç nöqtəni necə deşifrə edirdi, amma ona qarşı daha kəskin reaksiya verirdi. İndi sual edirəm, məgər siz yalan ifadə verənin, yalan ittiham aktı tərtib edənin, bütün bunların yalan olduğunu bilə-bilə mənə ağır cəza tələb edənin və bütün bunların əsasında cəza hökmü çıxaranın bu ifadələrə layiq olmadığınımı düşünürsünüz? Soğan yeməmisinizsə, içiniz niyə göynəyir? Belə etiraz etməklə mənə qarşı ədalətli olmadığınızı etiraf etmiş olmursunuzmu? bir də ki, sözləri  bu balaca məhkəmə zalında dedim, ya demədim, onsuz da cəmiyyət o kateqoriyaya daxil olan insanlar haqqında mənim dediklərimdən min qat artığını və kəskinini deyir. Əgər mənim həmin ifadələrimdə cinayət tərkibi varsa, mən hazıram, buyurun ədalətli məhkəmə keçirin, bu saxta ittihama görə mənə bəraət verin və təhqir hesab etdiyiniz sözlərə görə də cəzalandırın. Hə, buna nədir sözünüz? Bir dəfə Elnur Nuruyev hansısa ifadəmdən dolayı nəticə çıxararaq dedi ki, heç kəsin ailəsinin qadınını təhqir etmək olmaz. Mən burada konkret olaraq heç bir kəsin ailəsindəki qadını təhqir etməmişəm. Məsələ belə oldu ki, hakim Elnur Nuruyev bundan əvvəlki məhkəmə prosesində artıq çıxışların bitdiyini və mənim son söz deməli olduğumu dedi. Mən isə son sözə hazırlaşmaq üçün iki həftə vaxta ehtiyacım olduğunu bildirdim. Bu qədər  vaxtın həm də daha yaxşı müdafiə məqsədi ilə yeni bir vəkil tutmaq üçün lazım olduğunu dedim. Öyrəndim ki, CPM məhkəmə prosesinin bu mərhələsində də vəkil tutumağa imkan verir. Ona görə dedim ki, bu müddət ərzində BDU-nun “Cinayət prosesi” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor və Azərbaycan Vəkillər Kollegiyasının Xırdalan Şəhər Vəkil Bürosunun üzvü Firuzə Abbasova ilə müqavilə bağlamağa çalışacam. Dedim ki, o xanım sizə hüquq elmini öyrədib, qoy gəlib görsün ki, onun dərs verdiyi insanlar hüququn anasını necə ağladırlar. Amma bütün çalışmalarımıza baxmayaraq hörmətli Firuzə xanım Abbasova ilə müqavilə bağlaya bilmədik. Nəzərinizə çatdırım ki, hörmətli Firuzə xanım həm də bu prosesdə dövlət iithamçısı kimi iştirak edən Tural Yaqubovun anasıdır. Bilmirəm Elnur Nuruyev mənim bu sözlərimdə hansı təhqir elementləri tapıb və necə tapıb? Onun məntiqinə görə kiminsə ailsəinin qadın üzvünün adının çəkilməsi avtomatik olaraq təhqir sayılır və bunu etmək olmaz. Amma Yaqublular ailəsinin kişisini şərləyib həbsə atmaq olar, hə? Xanımımın qolunu burub telefonunu zorla əlindən almaq, “axtarış protokoluna heç bir səbəb gətirmədən imza atmadı” deyib şərləmək, onun məhkəməyə verdiyi doğru ifadələri heçə sayıb və beləliklə də yalan ifadə verməkdə suçlamaq olar, hə? Pah, əxlaq  və ləyaqət mücəssəməsi imişlər bunlar. Keçmiş hakimlərin, müstəntiqlərin və prokurorların sonradan vəkilliklə məşğul olması praktikası geniş yayılıb. Bir anlığa təsəvvür edin ki, sizlərdən biri mənim vəkilim idi və belə bir rüsvayçı məhkəmə keçirilirdi. Onda özünüzü necə hiss edərdiniz? Siz də gözgörəsi şərəfsizlik edən proses iştirakçıları haqda mənim kimi düşünməzdinizmi? Qanun və hüququn ayaqlar altına atıldığını hayqırmazdınızmı?

Fikir verin, son söz çıxışımı kəsərək hakim Elnur Nuruyev dedi ki, indi dediklərimi məhkəmə istintaqı zamanı demişəm və onları təkrarlamağa ehtiyac yoxdur. Əvvəla, çıxışımın əvvəlində bildirdim ki, son sözümdə yeni ifşa faktları var. Onlar əvvəlki ifşa məqamlarındakı faktlara əlavə edilərək onları daha da genişləndirir və möhkəmləndirir. Buna görə də son sözümün mətnini tam oxumağım çox vacibdir. Hakimin son sözümü kəsməsi, həcmi böyük olduğuna görə onu ixtisar etməyi tələb etməsi tamamilə qanunsuzdur. Digər tərəfdən, hakim bu tələbində həm də haqlıdır. O, bununla demək istəyir ki, bu məhkəmə prosesi ərzində təqsirsiz olduğunu dünyada heç bir nadanın, cahilin, nakişinin və şərəfsizin dana bilməyəcəyi şəkildə sübut etdiyinə baxmayaraq, prokuror saxta ittihamı müdafiə edərək sənə 10 il azadlıqdan məhrumetmə cəzası tələb etmədimi? Yəni, özünü yorma, burada nə danışılmasının, ortaya hansı alibi və sübutların qoyulmasının heç bir əhəmiyyəti yoxdur və mən də Tural Yaqubovun yolunu gedəcəm. Tural Yaqubovun hansı yolla getdiyini də burada dəfələrlə demişəm.

Azərbaycan cəmiyyəti DİN-i bu nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyatçısı, adam oğurluqları və silsilə qətllər törətmiş, həbsdə olanda intihar etmiş polis polkovniki Hacı Məmmədovla assosasiya edir. O, məhkəmədə demişdi ki, mən DİN-dəki osminoqun bir ayağıyam, onun qalan ayaqları və bədəni iş başındadır. Cəmiyyətimiz çox haqlı və əsaslı şəkildə DİN-in bir cinayət yuvası olduğunu düşünür. Bu DİN-in polkovnik leytenantı Abdulla Cəlilli ittiham aktını tərtib edəndə onu bu sözlərlə başlayır: “Bu ittiham aktını Bakı Şəhəri Nərimanov Rayonu, Hacı Məmmədov küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində başladım”. Həmin küçə tarzən Hacı Məmmədovun adı ilə adlandırılsa da, Azərbaycan polisinin, o cümlədən osminoqun bədəninin bir hissəsi olan Nərimanov Rayon Polis Şöbəsinin gördüyü işlərə baxdıqda qanqster Hacı Məmmədovun adını daşıdığını düşünmək olar. Səhv etmirəmsə, Hacı Məmmədovun öldürdüyü adamların sayı 9 idi. Buna görə də Hacı Məmmədov 9 küçəsi çox simvolik görünür. Abdulla Cəlillinin yazdığı yalan, böhtan və şərəfsizlik etalonu sayılacaq barəmdəki ittiham akıtını bu ünvanda yazması da çox simvolikdir. Onun yazdığı parlaq bir şərnamədir. Baxın, Abdullanın məni şərləmək həvəsi gözünü o qədər örtüb ki, şərnamədə barəmdə ağırlaşdırıcı halları sadalasa da yazır ki, Tofiq Yaqublu barəsində heç bir yüngülləşdirici hal yoxdur. Bunu barəmdə hökm çıxarılarkən nəzərə almaq üçün demirəm. Mən təqsirsizəm və bunu dünyanın ən şərəfsiz adamı dana bilməyəcəyi şəkildə sübut etmişəm. Nə qədər bacarırsınızsa, o qədər də ağır cəza verin, qoy cəmiyyət sizləri lap yaxşı tanısın və dəyərləndirsin. Amma mənin Qarabağ uğrunda könüllü olaraq qəhrəmancasına döyüşdüyümü qeyd etmir. Niyə? Məgər vətən uğrunda döyüşmək yüngülləşdirici hal sayılmırmı? Sizə demişdim axı, bu, mənə qarşı siyasi sifariş əsasında qaldırılmış 4-cü cinayət işidir. Bundan əvvəlki ittihamlar da indiki kimi absurd və tərbiyəsiz yalanlardan ibarət olmuşdu, onları da indiki kimi elə ibtidai istintaqdaca darmadığın etmişdim və bu yalanları uydurmuş müstəntiqlərin nə dərəcədə şərəfsiz olduqlarını ortaya qoymuşdum. Amma onda müstəntiqlərin heç olmasa mənim vətən uğrunda döyüşdüyümü yüngülləşdirici hal kimi təqdim etməyə qanacaqları çatmışdı. Məlum olur, Abdulla Cəlilli şərəf məsələsində onlardan da aşağıdır. Bayaq qeyd etdiyim kimi mən sizdən imdad diləmirəm və bu yüngülləşdirici halı da nəzərə almamağınızı tələb edirəm. Sadəcə olaraq göstərdim ki, yuxarıdan suçsuz insanları şərləmək komandası almış adamlar necə də mənfur və layaqətsiz olurlar. Bu  cür tiplər üçün zərrə qədər fərqi yoxdur ki, məhkum etdikləri insanların həyatlarını oğurlayırlar və qatildirlər. İnsan min, iki min il yaşamır ki, onun 10-15 ilini həbsxanada keçirməsi o qədər də faciəvi görünməsin. İnsanlarımız ortalama 70-75 il yaşayırlar və bunun da 10-15 ilini təqsirsiz olaraq və şərlənərək həbsdə yaşamasının nə olduğunu anlamaq üçün insanın neandertal səviyyədə olması yetərlidir. Evlərində saxladıqları itin yemək və ya gəzinti vaxtı keçəndə narahat olub ciddi təlaş keçirən bu tiplər suçsuz insanları bir oğru və cinayətkar hakimiyyətin sifarişi ilə uzun illərə azadlıqdan məhrum edirlər. Mən əminəm ki, mən qanunsuz cəzamı ölməyib çəkib qurtara bilsəm və ya bir möcüzə baş versə, bununla azadlığa çıxsam, bu cinayətkar rejim məndən əl çəkməyəcək. Bu dəfə daha ağır cinayətdə, məsələn, adam öldürməkdə ittiham edəcəklər. Onda da  belə saxta ibtidai və məhkəmə istintaqı təşkil edib yenidən həbsə atacaqlar. Ya da qəzadan-zaddan səhnələşdirib özümü öldürəcəklər. Bütün bunlara rəğmən buradan bəyan edirəm,  heç bir cəza, işgəncə, təhdid və s. məni mənsub olduğum demokratik müxalifət düşərgəsindəki əqidədaşlarımla birlikdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə idealarının qalib gəlməsi, ölkəmizin demokratikləşərək çağdaş demokratik ölkələr sırasına qoşulması uğrunda mübarizədən çəkindirə bilməz. Son sözümün sonunda məhkəmədən tələbimi bildirirəm. Bir daha xatırladıram ki, hamınızın şahidliyinizlə, gözünüzün önündə mənə qarşı siyasi sifariş əsasında qaldırılmış bu saxta və tərbiyəsiz ittihamı heç bir şərəfsiz və tərbiyəsizin dana bilməyəcəyi şəkildə ifşa etdim. Hətta, hər hansı bir səbəbdən məcbur qalıb bu saxta ittihamı qəbul etsəydim belə, məhkəmənin mənə bəraət verməkdən başqa yolu yoxdur. Çünki müstəntiqin uydurduğu bu saxta cinayət işində mənə bəraət vermək üçün o qədər fakt, sübut, ziddiyyət, alibi və s. var ki, təqsirsizliyimi sübut etmək üçün bu günədək burada təqdim etdiyim sübutlara da ehtiyac qalmır. Sadəcə qərar verənlərdə 0,1 fazi şərəfin olması və o qədər də qanuna hörmət göstərməsi kifayətdir. Sübut etdim ki, hakimiyyət məni şərləyib həbsə atmaq üçün mütəşəkkil dəstə yaradıb. Onun üzvlərini təqdim edirəm:

  1. Yaqubov Tural Qaraxan oğlu – dövlət ittihamçısı
  2. Cəlilli Abdulla Sahib oğlu – müstəntiq
  3. Məmmədov Elnur Vaqif oğlu – “təqsirləndirilən” şəxs
  4. Hüseynov Elşən Cəlal oğlu – “zərərçəkmiş”
  5. Hüseynova Sədaqət Elman qızı – şahid
  6. Dadaşov Amil Gündüz oğlu – şahid
  7. Orucov İsa Vüqar oğlu – şahid, polis əməkdaşı
  8. Müstafazadə Fərid Rövşən oğlu – şahid, polis əməkdaşı
  9. Allahverdiyev Rəşad Şaiq oğlu – hal şahidi
  10. Həsənov Elşən Məmməd oğlu-hal şahidi
  11. Məmmədov Ülfət Kamil oğlu – hal şahidi
  12. Nəbiyev Murad Bəxtiyar oğlu – hal şahidi
  13. Vəliyev Hikmət Mübariz oğlu – şahid, polis əməkdaşı
  14. Əsədova Gültəkin Akif qızı – NRM-nın hakimi
  15. Kamranov Hafiz Eldar oğlu – NRM-nın hakimi
  16. Hidayət Nurəlibəyov – Nərimanov Rayon prokuroru
  17. Hüseynov Hamlet İmran oğlu – Nərimanov Rayon prokuror köməkçisi
  18. Şirinov Ziya Allahverdi oğlu – Bakı AM-nın hakimi
  19. İbarhimov Anar Firdovsi oğlu – Bakı AM-nın hakimi
  • Məmmədov Murad Akif oğlu – Bakı AM-nın hakimi
  1. Əyyubov Fərid İlham oğlu – Bakı AM-nın hakimi

Bu insanların hamısı tamamilə suçsuz olduğumu və mənə qarşı qaldırılmış cinayət işinin bütünlüklə saxta olduğunu bilə-bilə şərlənib həbsə atılmağımda konkret cinayət məsuliyyəti yaradacaq şəklildə iştirakçı olublar. Həmin şəxslərə qarşı CM-nin uyğun maddələri ilə cinayət işi qaldırılmasını, mənə dəymiş maddi və mənəvi ziyana görə dövlətin 1 (bir) milyon manat təzminat ödəməsini tələb edirəm. Bu tələbimin tamamilə qanuni və ədalətli olduğuna tam əminəm. Lakin indiki reallıqda bunun heç bir halda mümkün olmayacağının fərqindəyəm. Çünki Azərbaycan məhkəməsinin ölkədə mövcud siyasi hakimiyyət kimi qeyri-legitim və cinayətkar mahiyyətli olduğunu yaxşı bilirəm. Hakimlər Elnur Nuruyevin, Azər Kazımovun və Kamran Muxtarovun adlarının yuxarıdakı 21 nəfər cinayətkarın adları arasında olmaması sırf formal, texniki səbəblə bağlıdır. Təbii ki, mənə hökm  oxunduqdan sonra onlar da avtomatik olaraq həmin şəxslərin siyahısına daxil olacaqlar. Bununla belə, bu tələbimi həm tarix üçün yazıram, həm də inanıram ki, ölkədə hüquqi dövlət qurulduqdan sonra bu tələbim real hüquqi vasitəyə çevriləcək.

Adamlar bir şey planlaşdıranda “Allah qoysa” deyirlər. Bizim ailədə uzun illərdir ki, bu ifadə “İlham qoysa” şəklində deyilir. Çünki hər an uydurma bir ittihamla həbs oluna bilərəm və bu reallığı uzun illərin acı təcrübəsi təkzibedilməz şəkildə təsdiq edir. Həm ailəm, həm də yaxın qohumlarım yaxın və uzaq gələcəkdə mənim iştirakımla bağlı heç bir tədbir planlaşdıra bilmirik. Məsələn, biz “gələn ay filan yerə gedək” şəklində  ailə planı qura bilmirik. Çünki o vaxta qədər həbs olunmayacağıma əmin deyilik. Evimin qarşısında polis postu qurulub, kamera quraşdırılıb. Artıq qonşularımız da bu vəziyyətə alışıblar və bunlara adi bir şey kimi baxırlar. Orasını deyim ki, bu polis postu dükan işlədən qonşuların işlərinə yarayır. Onlar maşından düşüb dükandan siqaret, tum, sərinləşdirici içkilər və s. alırlar. Piyada və ya avtomobillə hara gedirəmsə, arxamca düşüb izləyirlər. Avtomobilimi izləyən avtomobillərin videolarını və şəkillərini dostlarıma göndərirəm. Bir neçə dəfə də sosial şəbəkələrdə də paylaşmışam. Evimizin yanında keşik çəkən 32-ci PB-nin polisləri ilə hətta dostlaşmışıq da. Mən evdən çıxanda onların oturduqları maşından gülümsəyərək mənə baxdıqlarını görüb başımla salam da verirəm.

Baxın, bizim ailədə qısa aradan sonra yenidən həbs ediləcəyimə o qədər inam var ki, indi söyləyəcəyim hadisə bunu çox parlaq sübut edəcək. Xeyli əvvəl evə plastik qabda İsmayıllı pendiri almışdıq. Pendir qurtaranda yoldaşım Maya xanım tamamilə maşinal olaraq dedi: “Yaxşı qabdır, atmayın, Tofiqə həbsxanaya yemək apararıq”. Və indi də həmin qablarda mənə həbsxanaya yemək gətirirlər.  Bu hadisə bu cinayətkar rejimin bizim haqqsevər, ədalət və demokratiya uğrunda mübarizə aparan ailəmizə münasibətini olduqca aydın izah edir və əlavə şərhə yer qoymur.

Maya xanım istisna olmaqla, ailəmizin digər 4 üzvünün hamısı dəfələrlə saxlanılıblar, polis bölmələrində və idarələrində olublar. Maya xanım da daxil olmaqla hamımız polis zorakılığına məruz qalmışıq. Hakimiyyət İsmayıllıda 2013-cü ildə baş vermiş hadisələrlə əlaqədar məni absurdcasına şərləyib həbs etmişdi və saxta məhkəmə prosesi Şəkidə keçirilirdi. Ailə üzvlərim hər həftə məhkəməyə gəlirdilər. Belə səfərlərin birində dəhşətli qəzaya düşdülər. Qızım Nərgiz ciddi xəsarətlər aldı, Maya xanım isə ölümcül yaralandı. Sonradan illər uzunu onun müalicəsi ilə məşğul olduq. Mənim həbslərimin coğrafiyasına fikir verin. Mən hər birində aylarla olmaqla Kürdəxanı, Şüvəlan, Gəncə və Şəki istintaq təcridxanalarında, hətta Mingəçevirin və Yevlağın  polis idarələrinin müvəqqəti saxlanma yerlərində saxlanılmışam. Bakının əksər polis idarələrində və bölmələrində saxlanılmışam və onların da əksəriyyətinin döşəmələrinə, divarlarına və mebellərinə başımın, alnımın və üz-gözümün qanı tökülüb.

Milli Şuranın 19 oktyabr 2019-cü il tarixli sanksiyalaşdırılmamış etitaz aksiyasında məni tutub Nəsimi RPİ-nə gətirmişdilər. Məndən sonra oğlum Rəhimi də tutub ora gətirdilər. Bizə qonşu otaqlarda işgəncə verirdilər. Ata-bala bir-birimizin çığırtılarını eşidirdik. İndi kimsə durub desə ki, Azərbaycanda faşizim, stalinizm, Polpot və s. rejimlərindən fərqli olaraq insani idarəçilik var, o, haqlı olaraq riyakar və şərəfsiz sayılmazmı? Bu cür qanunsuz təqiblər və həbslər ucbatından şəxsən mən və bizim ailə elə mənəvi faciələr yaşayıb ki, onunla müqayisədə azadlıqdan məhrumolunma o qədər də dəhşətli deyil. Bəli, oğru və saxtakar bir ailə dövlətin resurslarından istfadə edərək Yaqublular ailəsinə divan tutur və ölkəmizdə bu qədər zülmə məruz qalmış ikinci bir ailə tanımıram.

Qızım Nigarla bərabər Kürdəxanı təcridxanasında aylarla məhbusluq həyatı yaşadıq. Ailəmizin davamlı olaraq təqib edilməsi və mənim sistemli şəkildə ardıcıl həbs olunmağım səbəbindən Nigar təhsilini davam etdirə bilmədi və indiyədək bakalavr dərəcəsində qalır. Oğlum Rəhim həyatına hakimiyyətdən gələn real təhlükə ucbatından ölkəni tərk etməyə məcbur oldu, halbuki onun bizim yanımızda olmasına ailə olaraq çox ehtiyacımız var.

Baxın, bu hakimiyyət gözəl, əqidəli, mübariz və mələk balam Nərgizin həyatının son günlərində mənə onun yanında olmağa imkan vermədi. Anam həmişə deyərdi ki, 5 övladından ən çox məni istəyir. Ölənə qədər yolumu gözlədi və son nəfəsində “Tofiq, Tofiq” deyib bu həyatdan köçdü. Nə xəstə olaraq ömrünün son günlərini yaşayanda baş çəkməyə, nə də ki, öləndə dəfnində iştirak etməyə icazə verdilər. Anamın ölümündən bir il sonra atam vəfat etdi, onun da dəfnində iştrak etməyə icazə vermədilər. Anam nəvələrindən isə ən çox oğlum Rəhimi çox istədiyini deyirdi. Rəhim döyüşdə olanda onun necə narahatlıq və təlaş keçirdiyi qohum-əqrabaya məlumdur və yəqin ki, siz də təsəvvür edə bilərsiniz. Müharibə bitəndən sonra Rəhim ordudan tərxis olunanda anamın həyatının son günləri idi. O, evə gələn kimi nənəsini görməyə tələsdi. Quru yollar əsassız olaraq bağlı olduğundan təyyarəyə bilet aldı. Lakin o uça bilmədi və aeroportdan geri qaytardılar. Dedilər ki, ölkədən çıxışına stop qoyublar. Səbəb də bilirsiniz nə imiş? Guya ki, Rəhim ordudan tərxis olunanda avtomat silahını təhvil verməyibmiş. Yalanın və şərəfsizliyin səviyyəsini görürsünüzmü? Əsgər silahını təhvil verməyə bilərmi? Tam əminliklə deyirəm Azərbaycan tarixində Yaqublular ailəsi də, Əliyevlər ailəsi də öz haqq etdikləri yeri dövlət səviyyəsində rəsmi qaydada tutacaqlar. Onsuz da xalqa hər şey aydındır.

Hakimiyyətin bu qanunsuz basqısı və təqibi təkcə mənə və ailə üzvlərimə problem yaratmır. Bir çox qohumlarım bizə gəlməkdən, mənə zəng etməkdən, bizi evlərinə dəvət etməkdən və bu kimi sair kontaktlardan qorxurlar. Onlarla yalnız yas yerlərində görüşürük, o da cəsarət edib yaxınlaşa bilsələr. Məncə, bu hakimiyyətin Yaqublular ailəsinə, xüsusən də mənə münasibəti haqda sizdə təsəvvür yarada bildim. Hərçənd ki, bu istiqamətdə daha çox danışa bilərdim. Düşünürəm ki, dediklərim kifayətdir. Əgər birinə daşı da dilləndirəcək bu qədər söz, sübutlar təsir etmirsə, vicdanını oyatmırsa, bundan sonra “Səfillər” romanındakı qədər söz desəm də heç bir xeyri olmayacaq.

İndi də gələk bugünkü məhkəmə prosesinə. Beləliklə, son sözümü bitirərkən bir daha vurğulayıram ki, aylarla davam edən saxta məhkəmə prosesində təqsirsizliyimlə yanaşı sizlərin də kim olduğunuzu parlaq şəkildə sübut etdim. Rədd olsun şərəfsizlik, rədd olsun korrupsiya, rədd olsun diktatura, rədd olsun repressiya! Yaşasın demokratiya, yaşasın dürüstlük, yaşasın ədalət! Mübarizəyə davam!

 

 

İmza:                  Tofiq Yaqublu

Tarix:                  10.03.2025