Dövlət Statistika Komitəsi 2026-cı ilin birinci ayının iqtisadi və sosial inkişaf nəticələrini elan edib.

Proqnozların hazırlandığı və qəbul edildiyi günlərdə qeyd etdiyimiz kimi, bu nəticələr də SOS siqnalı verir. Qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib. İl boyu yerinə yetirilməsi də mümkün deyil. Çünki proqnozda heç bir iqtisadi və sosial göstərici bir-biri ilə uzlaşmır, daim biri digərini inkar edir, sanki hər şey düşmən iqtisadiyyatının çökdürülməsinə hesablanıb.

Sovet dövründəki kimi, vəsait veriləndə material təhcizatı kəsilir, təhcizat veriləndə pul vəsaiti. SSRİ-də heç vaxt kapital qoyuluşları planı yerinə yetirilmirdi, sovet məmurları planlaşmanı elə qururdular ki, nə etsən də, yerinə yetirmək olmurdu.

Azərbaycan iqtisadiyyatının 2026-cı ilin proqnozlarında hər şeyı biri-birini və məntiqi inkar edir. Tarix boyu elə bir iqtisadiyyat olmayıb ki, həm vergiləri artırsın (ciddi surətdə), həm də özü 2.9% böyüsün.

Tarixdə elə bir təcrübə yoxdur ki, ölkənin kapital qoyuluşu həcmində pul-maliyyə resursu daxili dövriyyədən yayındırılsın və eyni zamanda iqtisadi aktivlik təmin edilsin.

2025-ci ildə strateji valyuta ehtiyatları 21 milyard manat həcmində artırıldı və bu vəsaitlər daxili dövriyyədən çıxarılaraq xarici banklara yerləşdirildi. Amma əsas kapitala cəmi 21 milyard manat və ümumi daxili məhsulun cəmi 16%-i həcmində investisiya qoyulub.

Ölkədən qaçan birbaşa investisiyaların həcmi ölkəyə gətirilən investisiyalardan bir neçə dəfə çox olub. Sanki ölkədə bütün iqtisadi tədbirlər ölkədaxili dövriyyənin qıtlaşmasına, iqtisadi aktivliyin zəifləməsinə yönəlib. Müasir dünyada elə bir iqtisadiyyat yoxdur ki, elm xərclərini, elmi işçilərin sayını, elmi tədqiqat institutlarını ciddi surətdə azaltsın və eyni zamanda ciddi iqtisadi irəliləyişə nail olsun.

Bu disproporsiyanın nətisədir ki, 2025-ci ildə ÜDM-in artımı 3.5% nəzərdə tutlduğu halda cəmi 1.4% artıb.

2026-cı ilin yanvar ayında artım 2.9% nəzərdə tutlduğu halda cəmi 1.7% artım olub.

Heç bir resursa, maliyyə ehtiyatlarına malik olmayan Gürcüstan 2025-ci ildə 7.8%, 2026-cı ilin yanvar ayında isə 6.1% arım əldə edib, Ermənistanda bu göstəricilər müvafiq olaraq 5.6% və 4.9% təşkil edib. Qonşu ölkələr ciddi artım yolunu seçiblər və bütün göstəricilər üzrə (valyuta ehtiyatlarından başqa) Azərbaycanı xeyli üstələyirlər, artıma görəsə bir neçə dəfə irəlidədirlər.

Cəmi 10-12 il bundən əvvəl hər iki ölkə adambaşına düşən ÜDM göstəricisinə görə Azərbaycandan az qala iki dəfə geri qalırdı, indi isə xeyli irəlidədir və bu fərq getdikcə artır.

Bu üç ölkədə adambaşına düşən ÜDM göstəricilərinin 2014 və 2025-ci illər üzrə fərqi aşağıdakı kimi olub:

(ABŞ dolları ilə, mənbələr: Dünya Bankı, BVF, Statista)

Azərbaycan –           7,991 (2014)          7,413 (2025)
Gürcüstan  –            4,435 (2014)        10,890 (2025)
Ermənistan –            3,880 (2014)         9,390 (2025)

Bu ölkələrin baza göstəriciləri Azərbaycandan xeyli çoxdur, artım tempi dəfələrlə yüksəkdir. Adambaşına düşən ÜDM həcmindəki fərqlər də ildən-ilə artır.

Azərbaycanda təcili islahat tədbirləri görülməsə, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət gözləyir, hətta Nigeriya, Qabon, Venesuela kimi ölkələrdən daha ağır vəziyyət.

Süni intellekt mənşəli riyazi proqnozlar göstərir ki, son 10-12 ilin baza məlumatlarına və siyasətinə uyğun modelə görə 2050-ci ildə Azərbaycan cəmi 35 milyard dollarlıq ümumi daxili məhsul istehsal edə biləcək, yəni dünyanın 15 ən zəif inkişaf etmiş ölkələri sırasına düşəcək.

Amma hökümət ciddi islahatlara başlaya bilsə (Ölkənin hər cür potensial imkanı var), 2050-ci ildə Azərbaycan ən inkişaf etmiş top 15 ölkə sırasına daxil ola biləcək.

Paradoksa baxın: bu gün yollar ayrılanda üçbucaq kimi xətlər yavaş-yavaş ayrılır deyə ciddi hiss olunmur, amma xətlər ayrıldıqca bucaq böyüyür, nəticə ən geridə qalmış ölkələr sırası-ən inkişaf etmiş ölkələr sırası kimi müxtəlifləşir.

Təbii ki, iqtidarlı-müxalifətli hər bir azərbaycanlı belə vəziyyəti ürək ağrısı ilə qarşılayır. Tarix boyu əlimizə bir şans düşüb, niyə bu bataqlıq labirintindən çıxa bilmirik? Həmişə bu xalqın taleyi belə olub: böyük qələbələr, böyük torpaqlar, böyük uğurlar, amma zirvəyə çatmağa az qalanda tormozlanma gedir. Sanki bu millətin bütün ali məqsədi torpaqları azad etmək idi – buna nail olan kimi tormozlanma başladı.

Qalib ölkə məğlub iqtisadiyyatla ortaya çıxır. Amma o qələbənin dadını hər kəs hiss etmirsə, müvəqqəti olacaq, dayanıqlı sistem qurmaq lazımdır. Bəlkə Ramiz Mehdiyevlər kimilər var ortada…

Kənardan baxanda hər bir iqtisadçı üçün hər şey gün kimi aydın görünür: belə iqtisadi sistem??? Bunu dünyanın ən inkişaf etmiş ölkələri olan İsveçrə və Sinqapura da tətbiq etsəniz, mümkün deyil ki, tab gətirsinlər, Azərbaycan iqtisadiyyatından pis vəziyyətə düşməsinlər…

Saleh Məmmədov
İqtisad elmləri doktoru, professor